Qərib Məmmədov



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə33/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   29   30   31   32   33   34   35   36   ...   52
§ 80. Deflyasiya 
 
Deflyasiya toz (qara) fırtınası və yerli (gündəlik) külək eroziyası şəklində olur. Toz fırtınaları geniş əraziləri 
əhatə edir və vaxtaşırı təkrarlanır. Külək torpağın üst horizontunu dağıdır və ayrılmış torpaq hissəciklərini hava 
axınlarına qataraq eroziya mənbəyindən müxtəlif məsafələrə aparır.  İri hissəciklər adətən, kiçik məsafəyə 
hərəkət edir və tez bir zamanda müxtəlif maneələr tərəfindən tutulub saxlanılır. 
Torpağın daha kiçik hissəcikləri (<0,1 və <0,001 mm) hava suspenziyası şəklində sovrulma mənbəyindən 
on, yüz və hətta min kilometr məsafəyə aparılır. 
Bitki örtüyündən məhrum olmuş torpaqlarda deflyasiyanın inkişafı küləyin gücündən, torpağın 
qranulometrik tərkibindən və strukturluğundan asılıdır. Deflyasiya torpağın qranulometrik tərkibindən və 
strukturluqdan asılı olaraq küləyin müxtəlif sürətində yaranır. Məsələn, yüngül torpaqlarda külək 6 m/s, ağır 
torpaqlarda isə 10 m/s və daha çox sürəti defliyasiya törədir. 
Torpaqda lil və gil hissəciklərinin miqdarı nə qədər az olarsa, onun deflyasiyaya qarşı müqaviməti də bir o 
qədər az olacaqdır. Yuxarıda qeyd edildiyi kimi qumlu, qumsal və yüngül gillicəli torpaqlar deflyasiyaya daha 
çox məruz qalırlar. 
Ağır torpaqlar üçün strukturluğun böyük əhəmiyyəti vardır. Aqreqatlarının ölçüləri 1 mm-dən böyük olan 
torpaqlar defliyasiyaya demək olar ki, məruz qalmır. 
Deflyasiya torpağın  şumlandığı, lakin bitki örtüyünün hələ olmadığı yaz fəslində daha tez-tez baş verir. 
Deflyasiya torpaq hissəcikləri ilə yanaşı, torpaqdan özünü hələ yaxşı bərkitməmiş toxumları da aparır. Yayda 
deflyasiyaya təmiz herik sahələri və cərgələrarası şumlanmış sahələr məruz qalır. 
 
§ 81. Eroziyaya qarşı mübarizə tədbirləri 
 
Torpaqların eroziyadan mühafizəsinə  aşağıdakı eroziya əleyhinə  tədbirlər sistemi daxildir: təşkilati-
təsərrüfat, aqrotexniki, meşəmeliorativ və hidrotexniki. 
Təşkilati-təsərrüfat tədbirləri eroziya əleyhinə  tədbirlər planının  əsaslandırılmasını,  tərtibini və onun 
həyata keçirilməsinin təmin edilməsini nəzərdə tutur. Burada ən  əhəmiyyətli iş  ərazinin eroziya əleyhinə 
dayanıqlığını müəyyən edən materialların – torpaq xəritələrinin və eroziya kartoqramlarının, relyef və süxur 
xəritələrinin hazırlanmasıdır. Bu materialların ümumiləşdirilməsi əsasında ərazinin eroziya əleyhinə təşkili planı 
hazırlanır. Planda torpaqlar eroziyanın təzahür dərəcəsinə görə kateqoriyalara bölünməklə eroziya əleyhinə 
konkret tədbirlər sisteminin həyata keçirilməsi nəzərdə tutulur: 
A.Əkinçilikdə intensiv istifadə olunan torpaqlar
1-ci  kateqoriya – eroziyaya məruz qalmamış torpaqlar; 
2-ci kateqoriya – eroziyaya zəif məruz qalmış; 
3-cü kateqoriya – eroziyaya orta dərəcədə məruz qalmış; 
Bu kateqoriyalardan olan torpaqlardan əkin dövriyyəsində istifadə edilir. 
4-cü kateqoriya – eroziyaya şiddətli dərəcədə  məruz qalmış torpaqlar. Xüsusi torpaqqoruyucu əkin 
dövriyyəsi sistemində istifadə olunur. 
B.Məhdud becərilməyə yararlı torpaqlar: 
5-ci kateqoriya – çox şiddətli eroziyaya məruz qalmış torpaqlar; biçənək, örüş və ya torpaqqoruyucu əkin 
dövriyyəsi (1-2 taxıl tarlası, 5-10 çoxillik otlar) altında istifadəyə verilir. 
C. Becərilməyə yaramayan torpaqlar (qobu-yarğan şəbəkəsi): 
6 və 7-ci kateqoriyalar – torpaqqoruyucu əkin dövriyyəsində istifadəyə yararsızdır; məhdud otarma 
şəraitində biçənək və örüş altında istifadə olunur, səthi yaxşılaşdırma tədbirləri tələb olunur. 
8-ci kateqoriya - əkinçilikdə istifadəyə yararsız, lakin meşələşdirmə işlərində yararlı torpaqlar. 
9-cu kateqoriya – “yararsız” torpaqlar – qaya, daş yığınları, sıldırım dərələr və s. 
Aqrotexniki tədbirlərə birillik və çoxillik ot bitkilərinin torpaqqoruyucu xassələrindən istifadə etmək, 

 
238
torpaqların eroziya əleyhinə becərmə qaydalarının tətbiqi, qarın süni surətdə tarlada saxlanması və qarərimənin 
tənzimlənməsi, eroziyaya məruz qalmış torpaqların münbitliyinin artırılmasının aqrokimyəvi vasitələri daxildir. 
Kənd Təsərrüfatı  məqsədləri üçün istifadə edilən torpaqlar eroziya proseslərinə qarşı daha həssasdır. 
Respublikamızda bu təyinatdan olan torpaqlar eroziyaya qarşı aşağıdakı tədbirlərin görülməsini tələb edir:  
a. kənd təsərrüfatı yerlərinin eroziyaya qarşı  təşkili düzgün həyata keçirilməli, meylliyi 16
0
-dən çox olan 
yamaclar əkin və örüş altında istifadədən çıxarılmalı, xüsusi tədbirlərdən (kontur-meliorativ, terraslaşdırma və 
s.) sonra çoxillik əkinlər, meyvə bağları, üzümlüklər və meşəliklərin salınması üçün istifadə edilməlidir; 
b. tarla və tarlaqoruyucu əkin dövriyyəsi sistemlərinə üstünlük verilməli, bu zaman payızlıq dənli və 
çoxillik ot bitkiləri üstünlük təşkil etməli,  əkinlər yüksək normada gübrələnməli, herikdən istifadə 
məhdudlaşdırılmalı və ya tamamilə dövriyyədən çıxarılmalıdır; 
c. səthi su axınının və torpağın yuyulmasının qarşısını almaq, habelə torpağın münbitliyini mühafizə etmək 
üçün yamaclarda şum, kultivasiya işləri yamacın eni istiqamətində və ya sahənin horizontları üzrə aparılmalı, 
yuyulmanı azaltmaq və rütubəti saxlamaq üçün tirələr və şırımlar çəkilməlidir. Dik yamaclarda eroziya prosesini 
zəiflətmək üçün şumlamada balansir və ya korpusu çevrilən xüsusi dağ kotanlarından istifadə edilməli,  şum 
yamacın aşağı hissəsindən başlamaqla birtərəfli aparılmalı  və laylar yamacın aşağı  tərəfinə doğru çevrilməli, 
zolaqlarla dərindən şumlanmaya üstünlük verilməlidir.     
Meşəmeliorativ tədbirlər müxtəlif təyinatlı meşə  əkmələrinin (küləkkəsici, tarlaqoruyucu, yarğan 
bərkidən, suqoruyucu və s.) yaradılmasını nəzərdə tutur. Bu tədbirlər Dövlət meşə fondundan kənarda qalmış 
ərazilərdə aparılmalıdır. Bu sahələrin respublika üzrə ümumi sahəsi 289,5 min hektardır. Onlar dövlət, 
bələdiyyə və xüsusi torpaq mülkiyyətçilərinin torpaq sahələrində həyata keçirilə bilər. Bu tədbirlərə daxildir:  
a. vaxtilə mövcud olmuş tarlaqoruyucu meşə zolaqlarının bərpa olunması; 
b. dəmir və avtomobil yolları, su anbarları və sututarları, suvarma və kollektor-drenaj şəbəkəsi, iri və kiçik 
çayların sahili boyunca meşə zolaqlarının salınması;  
c. eroziyaya məruz qalmış çoxmeylli (
>15
0
) yamacların, hərəkət edən qum təpələrinin (Xəzər sahili 
zolaqda), qobu və yarğanların yaşıllaşdırılması (ot, kol, ağac bitkilərinin  əkilməsi), bərkidilməsi, 
terraslaşdırılması və digər tədbirlərin görülməsi; 
d. meyilli yamaclarda vaxtilə mövcud olmuş çay və üzüm plantasiyalarının bərpa edilməsi və yenilərinin 
salınması. 
Hidrotexniki tədbirlər eroziya əleyhinə başqa tədbirlərin eroziya proseslərinin qarşısını almaq imkanı 
olmayan zaman tətbiq edilir. Bura yamac axınlarının qarşısını alan və  tənzimləyən hidrotexniki qurğuların 
tikilməsi, terrasların, bəndlərin salınması, xəndəklərin çəkilməsi,  və s.aid edilir. 
Torpaqqoruyucu tədbirlər sistemi əkinçiliyin zonal xüsusiyyətləri və eroziya təzahürlərinin təbii  şəraiti 
nəzərə alınmaqla aparılmalıdır. 
Eroziya  əleyhinə  tədbirlərin konkret tərkibi  ərazinin nəmlənmə xüsusiyyətləri, vegetasiya dövrünün 
uzunluğu, relyef şəraiti, eroziyanın növü və torpaqdan istifadənin istiqaməti ilə müəyyən olunur. Belə ki, 
rütubətlənmənin yüksək olduğu zonalarda aqromeliorativ torpaqqoruyucu tədbirlər sistemində  əsas rol 
fitomeliorativ tədbirlərə - çoxillik otların səpilməsi, bufer zolağının yaradılmasına, həmçinin izafi nəmliyi 
sahədən təhlükəsiz kənarlaşdırılmasına xidmət edən becərmə qaydalarına və hidromeliorativ tədbirlərə 
məxsusdur. 
Nəmliyin çatışmadığı zonalarda torpaqqoruyucu tədbirlər sistemində  nəmliyin torpaqda maksimal 
toplanmasına xidmət edən, onun qeyri-istehsal buxarlanmasının qarşısını alan, mikroiqlimi yaxşılaşdıran 
tədbirlərin daha böyük əhəmiyyəti vardır. 
 
 

 
239
ALTINCI  HİSSƏ 
 
DÖVLƏT TORPAQ KADASTRI 
 
XXV FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT TORPAQ KADASTRI 
 
§ 82. Dövlət torpaq kadastrının mahiyyəti 
 
Respublikamızda mülkiyyət növündən, kateqoriyasından, məqsədli təyinatından və hüquqi rejimindən asılı 
olmayaraq ölkə hüdudları daxilində yerləşmiş bütün torpaqlar dövlət kadastrının obyekti hesab edilir. Dövlət 
torpaq kadastrı Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, 
müstəqil və vahid sistem üzrə aparılır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında 
Azərbaycan Respublikasının Qanunu”nda deyilir:   
Torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, 
bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. 
Dövlət torpaq kadastrı aparılarkən torpaq ehtiyatlarının elmi əsaslarla hüquqi, təbii və təsərrüfat baxımından 
öyrənilməsi bir sıra prinsiplərin gözlənilməsini tələb edir. Bu prinsiplər aşağıdakılardan ibarətdir: 
Torpaq kadastrının vahidliyi prinsipi - dövlət torpaq kadastr tədbirlərinin bütün ölkə ərazisini əhatə etməklə 
vahid sistem əsasında aparılmasıdır. Bu prinsip vahid torpaq fondunun vəziyyətini və paylanmasını düzgün 
analiz etməyə  və müxtəlif  ərazi vahidləri daxilində torpaq ehtiyatlarından səmərəli istifadənin yollarını 
planlaşdırmağa imkan verir. Lakin dövlət torpaq kadastrının vahidliyi bütün torpaq kateqoriyaları  və torpaq 
mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün torpaq kadastr məlumatlarının eyni cür detallaşdırılması demək 
deyildir. Torpaq kadastr məlumatlarının detallaşma dərəcəsi və dolğunluğu, yuxarıda qeyd edildiyi kimi, 
torpağın istehsalat və digər fəaliyyət sahələrində  əhəmiyyəti və  həmçinin dövlət, bələdiyyə  və xüsusi 
mülkiyyətçilərin ona olan tələbi ilə ölçülür. Ona görə də torpaq kadastrında kənd təsərrüfatı təyinatlı torpaqlar, 
yaşayış  məskənləri və meşə fondu torpaqları haqqında daha dolğun və  dəqiq məlumatların toplanmasına 
üstünlük verilir. Sənaye, nəqliyyat və digər qeyri-kənd təsərrüfatı torpaqları ümumi şəkildə  və 
detallaşdırılmadan səciyyələndirilir. 
Torpaq kadastrının qanuniliyi prinsipi. Dövlət torpaq kadastrı aparılarkən bütün mülkiyyət növlərinin 
keşiyində duran qanunilik prinsipinin gözlənilməsi məsələsinə xüsusi diqqət yetirilir. Bu prinsipin yerinə 
yetirilməsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyi vasitəsilə  həyata keçirilir. Dövlət torpaq 
kadastrının qanuni fəaliyyətini təmin edən hüquqi sənədlərə “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi”, 
“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Qanun”, “Torpaq islahatı haqqında 
Qanun” və başqaları daxildir. 
Torpaq kadastrının fasiləsizliyi prinsipi. Dövlət torpaq kadastrı fasiləsizlik prinsipi əsasında fəaliyyət 
göstərməlidir, yəni o, vahid torpaq fondunda baş verən istənilən dəyişikliklər haqqında daim məlumat 
verməlidir. Bu o deməkdir ki, torpaq kadastr məlumatları torpaq örtüyünün təbii, təsərrüfat və hüquqi 
vəziyyətində baş verən bütün dəyişiklikləri əks etdirməklə mütəmadi olaraq dəqiqləşdirilməlidir. Torpaq kadastr 
məlumatlarını  həm müasir səviyyədə saxlamaq, həm də eyni zamanda bu məlumatların müəyyən müddət 
ərzində sabitliyinə nail olmaqdan ötrü dəyişikliklər və  əlavələr torpaq kadastrı  sənədlərinə ildə bir dəfə  əlavə 
edilir. 
Torpaq kadastrının obyektivliyi prinsipi. Dövlət torpaq kadastrı obyektiv, torpaq kadastr sənədlərinin 
göstəriciləri isə dürüst və  həqiqətə tam uyğun olmalıdır. Kənd təsərrüfatı yerləri haqqında məlumat onların 
faktiki vəziyyətini əks etdirməlidir. Yalnız torpağın hüquqi rejiminə, təbii vəziyyətinə və təsərrüfat istifadəsinə 
dair obyektiv məlumatlar ölkənin vahid torpaq fondunun idarə edilməsində  və ondan istifadə ilə bağlı 
məsələlərdə uğurla istifadə edilə bilər. Ona görə də torpaq kadastr sənədlərinin ilkin doldurulması və həmçinin 
cari dəyişikliklərin sənədlərə daxil edilməsi dəyişiklikləri təsdiq edən sənədlər  əsasında həyata keçirilir. 
Bununla da torpaq kadastr məlumatlarının mötəbərliyi və onların torpaqdan istifadənin faktiki vəziyyətinə tam 
uyğunluğu əldə edilir. 
Torpaq kadastrının  əyanəliyi və sadəliyi prinsipi. Torpaq kadastr məlumatlarından gündəlik istehsalat 
fəaliyyətində geniş istifadə etməkdən ötrü o, kənd təsərrüfatı mütəxəssisləri üçün kifayət qədər  əyani və sadə 
şəkildə verilməli, əlavə göstəricilərdən, torpaqdan istifadəyə dair lüzumsuz qaydalardan və nəzarət sistemindən 
azad olmalıdır. Mürəkkəb torpaq kadastrı torpaq fondundan istifadəyə operativ rəhbərlikdə və nəzarətdə marağı 
olan dövlət təşkilatlarının, hüquqi və fiziki şəxslərin tələbinə cavab vermir, onların işini,  əksinə, bir qədər də 
çətinləşdirərək təsərrüfatsızlıq halları  və sui-istifadələr üçün şərait yaradır. Digər tərəfdən, lüzumsuz 
məlumatlarla yüklənmiş torpaq kadastrı torpaq kadastr xidməti  ştatının böyüməsinə  və  xərclərin artmasına 
gətirib çıxarır. 
Yalnız qeyd edilən prinsiplərin gözlənilməsi torpaq kadastrının düzgün aparılmasını və torpaqdan istifadəyə 
nəzarəti təmin edə bilər. Torpaq kadastrının məzmunundan və aparılma qaydasından asılı olaraq iki növü vardır: 

 
240
əsas və cari.  
Əsas torpaq kadastrının vəzifəsi torpaqların hüquqi, təsərrüfat və təbii vəziyyəti haqqında ilkin məlumatları 
toplamaq və yaxud mövcud olanları  dəqiqləşdirmək və onları torpaq kadastr sənədləri üzərinə keçirməkdən 
ibarətdir.  Əsas torpaq kadastrında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin sərancamında olan 
torpaqların ümumi sahəsi, kənd təsərrüfatı yerlərinin tərkibi, torpaqların keyfiyyəti, torpaqların bonitirovkası və 
iqtisadi qiymətləndirilməsi haqqında məlumatlardan ibarət sənədlər və materiallar toplanılır, təhlil edilir və 
sistemləşdirilir. 
Cari torpaq kadastrının  vəzifəsi  əsas torpaq kadastrı aparıldıqdan sonra torpaqdan istifadədə baş verən 
bütün dəyişiklikləri üzə  çıxarmaqdan və onları torpaq-kadastr sənədlərinə daxil etməkdən ibarətdir. Bundan 
başqa ilkin məlumatlarda buraxılmış səhvlərin götürülməsi və yeni tələblərə uyğun yeni göstəricilərin kadastr 
sənədlərinə daxil edilməsi cari torpaq kadastrının  əsas vəzifələrindən biridir. Bununla da, cari kadastr torpaq 
kadastr məlumatlarının lazımi səviyyəsini təmin edir. Cari torpaq kadastrı  əsas torpaq kadastrı kimi torpaq 
qanunçuluğuna uyğun olaraq torpaqların dövlət, bələdiyyə  və xüsusi mülkiyyətə bölünməsi prinsipi əsasında 
formalaşmış torpaq münasibətlərini qoruyur və  tənzimləyir, torpaq ehtiyatlarından səmərəli istifadəyə  nəzarət 
edir. 
Əsas və cari torpaq kadastrı dövlət torpaq kadastrının bir-birilə qarşılıqlı əlaqədə olan mərhələləridir. Əsas 
torpaq kadastrı cari torpaq kadastrının aparılmasından ötrü əsas yaradır və onun təsir dairəsini müəyyən edir. 
Cari torpaq kadastrı isə  əsas torpaq kadastrındakı  məlumatları  təzələmək və onlara əlavələr etməklə, torpaq 
haqqında məlumatların sistemli şəkildə müasir səviyyəyə uyğun saxlanmasına köməklik edir. Ona görə də cari 
torpaq kadastrı əsas torpaq kadastrı tədbirləri başa çatdığı vaxtdan etibarən öz işinə başlamalıdır. 
 
§ 83. Torpaq sahələri üzərində hüquqların  dövlət qeydiyyatı 
 
Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı dövlət torpaq kadastrının hüquqi tərəfidir. O, 
Azərbaycan Respublikasının sərhədləri daxilində mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və 
icarəçilərinin torpaq üzərində hüquqlarının qorunması prinsipini təmin edir. 
Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 
həyata keçirilən hüquqi akt olub, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə  və icarəçilərinə torpaqla bağlı 
vəzifələrinin yerinə yetirilməsində yardım edir. Bu tədbir torpaq münasibətlərinin iştirakçılarının dövlət 
orqanlarının, bələdiyyələrin, Azərbaycan Respublikası  vətəndaşlarının və hüquqi şəxslərin, habelə  əcnəbilərin 
və vətəndaşlığı olmayan şəxslərin, beynəlxalq birliklərin və təşkilatların Azərbaycanın vahid torpaq fondundan 
istifadəsinin qanuniliyinin gözlənilməsinə xidmət edir. 
Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və 
icarəçilərinin hüquqlarını müxtəlif qanun pozuntularından qorumaqla yanaşı, onlar tərəfindən törədilə biləcək 
istənilən qanuna zidd hərəkətin qarşısını alır. Bu tədbir torpaq sahələrindən onların hüquqi rejiminə  və 
təyinatına uyğun olaraq istifadəsinə dövlətin nəzarəti hesab edilir. 
Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının uçot-qeydiyyat vahidi kimi torpaq sahəsi 
götürülür. Torpaq sahəsinin uçot-qeydiyyat vahidi kimi götürülməsi onun torpaq mülkiyyətçiləri, istifadəçiləri 
və icarəçiləri üçün həm torpaqdan istifadə hüququnun obyekti, həm də  təsərrüfat və digər fəaliyyət növünün 
obyekti kimi çıxış etməsi ilə əlaqədardır. 
Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı 
sənədlərində  sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı  və digər göstəriciləri  əks 
etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə 
(naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. 
Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn formasını 
(mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni 
(məhdudiyyətləri) əhatə edir. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, torpaq sahələri və onların 
üzərində hüquqlar, habelə torpaq sahəsi ilə bağlı daşınmaz  əmlak (torpaq qatı, sututarlar, meşələr, çoxillik 
əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) dövriyyədə ayrılmaz şəkildə iştirak edirlər. 
Torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədi və 
təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq 
sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz 
məqsədli və  təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Torpaqların 
həddindən artıq bölünməsinin qarşısını almaq məqsədilə dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin 
minimum həddinin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 
müəyyənləşdirilir. Azərbaycan Respublikasında 1 m
2
 torpaq sahəsi Dövlət Torpaq kadastrında hüquqi 
qeydiyyata alına bilər. 
Torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və 
bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət 

 
241
torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına 
alınması məcburi hesab edilir. 
Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı torpaq sahəsinin yerləşdiyi ərazi üzrə dövlət reyestrinə 
aşağıdakı məlumatların daxil edilməsi ilə aparılır: 
torpaq sahəsi üzərində hüququ əldə edən şəxs barədə məlumat; 
torpaq sahəsinin təsviri (torpağın kateqoriyası, istifadə məqsədi, torpaq uqodiyasının növü, torpaq sahəsinin 
ölçüsü, sərhədləri, kadastr nömrəsi və digər səciyyəvi xüsusiyyətləri göstərilməklə); 
torpaq sahəsinin mülkiyyətə, istifadəyə  və icarəyə verilməsi haqqında müqavilənin  şərtləri, sahənin 
istifadəsində müəyyən edilmiş servitutlar, öhdəliklər və məhdudiyyətlər haqqında məlumatlar; 
torpaq sahəsi barədə sərəncam verilməsinə dair əqdlərin bağlanması və digər fəaliyyət barədə məlumatlar; 
torpaq sahəsinə dair əqdlərin bağlanmasına qadağanlar müəyyən edilməsinə dair məlumatlar; 
torpaq sahəsinin dövlət və bələdiyyə ehtiyacları üçün özgəninkiləşdirilməsi barədə qərarların tarixi, nömrəsi 
və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar. 
Torpaq sahəsinə dair əqdlərin dövlət qeydiyyatı  həmin  əqdlərin predmeti sayılan torpaq sahəsinin planı 
olduqda həyata keçirilir. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması barədə qeydiyyatın 
tarixi və nömrəsi, habelə qeydiyyat aparan orqan haqqında məlumatlar göstərilməklə torpaq mülkiyyətçilərinə, 
istifadəçilərinə və icarəçilərinə qanunvericiliklə müəyyən olunmuş hüquqi sənədlər verilir. 
 
§ 84. Torpaqların kəmiyyət və keyfiyyətcə uçotu 
 
Topraq sahələri üzərində hüquqların dövlət qeydiyyatı, dövlət torpaq kadastrının tərkib hissəsi kimi, 
torpaqların hüquqi baxımdan öyrənilməsini təmin edir. Lakin Azərbaycan dövləti bütün cəmiyyətin maraqlarına 
uyğun olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı ilə yanaşı, həmin torpaqlardan torpaq 
mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin düzgün istifadəsinə və nəzarəti həyata keçirir. Ona görə də 
torpaq ehtiyatlarının təkcə hüquqi baxımdan deyil, həm də təbiət və təsərrüfat baxımından da öyrənilməsi dövlət 
torpaq kadastrının  əsas vəzifələrindən biri hesab olunur. Əslində torpaq sahələri üzərində hüquqların dövlət 
qeydiyyatı  və torpaqların dövlət uçotu eyni vaxtda aparılır. Bu, qeydiyyat və uçot əməliyyatlarının və 
sənədlərinin vəhdəti hesabına  əldə edilir. Belə ki,inzibati rayonların dövlət torpaq kadastr kitablarında həm 
bütün torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin dövlət qeydiyyatı, həm də bu subyektlərin 
ixtiyarında olan kənd təsərrüfatı yerlərinin (uqodiyalarının) tərkibinə  və keyfiyyətinə dair uçot məlumatları 
verilir. 
Torpaqların kəmiyyət və keyfiyyətcə uçotu torpaq ehtiyatlarının miqdarı, yerləşməsi və təsərrüfat istifadəsi 
haqqında geniş məlumatların toplanması, sistemləşdirilməsi və təhlili ilə bağlı dövlət torpaq kadastr tədbiridir. 
O, dövlət torpaq kadastrının tərkib hissəsi kimi, torpaqların təbiət və təsərrüfat baxımından ilkin öyrənilməsini 
təmin edir. 
Torpaq cəmiyyətdə istehsal prosesinin ümumi bazisini təşkil edir, ona görə  də torpaqların kəmiyyət və 
keyfiyyətcə uçotu vahid torpaq fondunun əsas kateqoriyalarını  əhatə etməklə iqtisadiyyatın bütün sahələrində 
aparılmalıdır. 
Uçot tədbirinin  əsas vəzifəsi vahid torpaq fondunun respublika tabeli şəhər, inzibati rayon və muxtar 
inzibati-ərazi vahidləri (Naxçıvan MR və Dağlıq Qarabağ) daxilində kənd təsərrüfatı yerlərinin (uqodiyaların) 
və onun tərkib hissələrinin (növlərinin) qəbul olunmuş  təsnifata uyğun olaraq torpaq mülkiyyət formaları 
(dövlət, bələdiyyə, xüsusi) üzrə  səciyyəsini verməkdir. Torpaqların dövlət uçotu kənd təsərrüfatı yerlərinin 
(uqodiyaların) faktiki vəziyyətinə görə keyfiyyəti  şübhə doğurmayan plan –xəritə materialları  və qrafiki 
üsullarla aşkar edilmiş cari dəyişikliklərin qeydiyyat məlumatları əsasında aparılır. 
Torpaqların kəmiyyət və keyfiyyətcə uçotunun dəqiqlik dərəcəsi torpaqlardan istifadənin xarakterindən və 
torpaq resurslarının potensial imkanlarından asılıdır. Kənd təsərrüfatında əsas istehsal vasitəsi kimi çıxış edən 
kənd təsərrüfatı  təyinatlı torpaqlar, dövlət meşə fondu torpaqları, ehtiyat fondu torpaqları, həmçinin  şəhər, 
qəsəbə, kəndlərin hüdudları daxilində yerləşmiş yaşayış, mədəni-məişət, inzibati və digər əhəmiyyətli bina, tikili 
və qurğular altındakı torpaqlar daha dəqiq uçota alınırlar. Sənaye, nəqliyyat, rabitə, müdafiə  və  təhlükəsizlik, 
təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya), tarix-mədəniyyət və digər qeyri-kənd təsərrüfatı  təyinatlı 
olub, sənaye müəssisələrinin, rabitə və nəqliyyat yollarının, istirahət zonalarının yerləşdirilməsindən ötrü məkan 
bazisi kimi istifadə olunan torpaqlar müfəssəl formada uçota alına bilər, su səthi altında qalmış su fondu 
torpaqlarının da dəqiq uçotuna ehtiyac yoxdur. 
Kənd təsərrüfatı yerlərinin (uqodiyaların) uçotu torpaq örtüyünə, torpaqların təbii daxili diaqnostik əlamət 
və xassələrinə, meliorativ vəziyyətinə, ot durumunun tərkibinə  və başqa xassələrinə görə aparılır. Bu zaman 
əkin, dincə qoyulmuş torpaqlar, çoxillik əkmələr, biçənəklər və örüş yerlərinin keyfiyyəti səciyyələndirilir. 
Torpaqların keyfiyyəti iri  miqyaslı xüsusi torpaq, aqrokimyəvi, geobotaniki, meliorativ tədqiqatlar vasitəsilə 
öyrənilir. 
Torpaq örtüyünün səciyyəsi torpaq növmüxtəliflikləri üzrə torpağın qranulometrik tərkibinə, 

 
242
torpaqda humus, azot, fosfor, kaliumun miqdarına, udulmuş  əsasların cəminə, torpaq mühitinin 
reaksiyasına (pH), suvarılan torpaqlarda əlavə olaraq suda həll olan duzların tərkibinə,  şorlaşmanın 
dərinliyinə görə verilir. Tədqiqatlar nəticəsində əldə edilmiş göstəricilər əsasında xassə və əlamətlərinə 
görə yaxın olan torpaqlar keyfiyyət qruplarında birləşdirilir. Azot, fosfor, kalium (NPK) və digər qida 
maddələri ilə  təmin olunmasına görə  də torpaqların xüsusi (aşağı, orta, yüksək) qruplaşdırılması 
mövcuddur. 
Təbii yem sahələrinin (yay və  qış otlaqları) uçotu ot örtüyünün tərkibinə  və keyfiyyətinə görə 
aparılır. Burada torpaq tədqiqatları ilə yanaşı, geobotaniki tədqiqatlara da geniş yer verilir. 
Torpaqların meliorativ vəziyyəti qrunt suyunun dərinliyinə  və minerallaşmasına görə müəyyən 
edilir. Bu torpaqlar içərisində hidrotexniki, aqrotexniki və digər meliorativ tədbirlərə ehtiyacı olan 
torpaqlar ayrıca qeyd edilir. Şoranlıqlar, daşlı torpaqlar, kolluqlar, eroziyaya məruz qalmış torpaqlar, 
həmçinin suqoruyucu və tarlaqoruyucu əkmələr ayrıca uçota alınır. Torpaqların kəmiyyət və 
keyfiyyətcə uçotu zamanı suvarılan torpaqlara xüsusi diqqət yetirilir. Bu torpaqlarda təkcə  kənd 
təsərrüfatı yerlərinin (uqodiyaların) faktiki vəziyyəti deyil, suvarmanın dərəcəsi (intensiv, qismən), 
üsulları (selləmə, çiləmə və s.) suvarma və kollektor-drenaj şəbəkəsinin vəziyyəti də nəzərə alınır. 
Torpaqların keyfiyyət uçotu təkcə torpaqların deyil, torpaq yerinin də təsnifatını nəzərdə tutur.  
Torpaqşünaslıq elmində torpaq-quru səthinin torpaqəmələgətirən amillərin təsiri altında 
formalaşmış, münbitlik xassəsi olan yuxarı, yumşaq bitki bitən üst qatı hesab edilir.  
Torpaqəmələgətirən amillərin məkan-zaman dəyişikliyindən asılı olaraq torpaqların şaquli və üfüqi 
zonallığı qanunu mövcuddur. Torpaqların təsnifatı onların genezisinə və inkişafına görə tərtib edilir. 
 “Torpaq” anlayışından fərqli olaraq, “torpaq yeri” anlayışı daha geniş məfhumdur. “Torpaq yeri” 
konkret torpaq örtüyü, relyef, iqlim şəraiti, təbii bitki örtüyü, müəyyən qrup kənd təsərrüfatı 
bitkilərinin becərilməsindən ötrü yararlılığı, meliorativ vəziyyəti ilə  səciyyələnir. Torpaq torpaq yeri 
sisteminin yalnız bir elementidir. O, torpaq yerinin digər şəraitləri ilə birgə torpaqdan istifadəyə əsaslı 
şəkildə təsir göstərir. Ona görə də torpaq yerinin təsnifatında torpaqla yanaşı, digər şəraitlər də nəzərə 
alınmalıdır. 
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin