Qərib Məmmədov


§ 116. Subtropik qurşağın torpaq örtüyü



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə52/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   44   45   46   47   48   49   50   51   52
§ 116. Subtropik qurşağın torpaq örtüyü 
 
Tropiklərdən fərqli olaraq subtropik qurşağın düzən ərazilərdə sahəsi (1820 mln.ha) azdır. Bu qurşaq həm 
Cənub, həm də  Şimal yarımkürəsində yayılmışdır. Onu çox vaxt kserotermal, yəni quru və isti adlandırırlar. 
Doğrudan da,  bu qurşaq daxilində rütubətli meşə vilayətləri yalnız 20% ərazini tutur. Qalan ərazilər kserofit-
meşə  və kolluqlu-bozqır (30%-dən çox) və yarımsəhra və  səhra (təqribən 50%) vilayətlərinin payına düşür. 
Subtrtopik ərazilərin əksər hissəsində subtropik kənd təsərrüfatı bitkilərindən (düyü və s.) ildə iki dəfə məhsul 
götürmək mümkündür. Bu zaman kserofit-meşə  və kolluqlu-bozqır vilayətlərdə ikinci səpin, yarımsəhra və 
səhra vilayətlərində isə hər iki səpin suvarma tələb edir. 
Subtropik rütubətli-meşə vilayətləri təqribən 370 mln.ha ərazini əhatə edir. Onlar bir qayda olaraq yay 
dövründə və payızda külli miqdarda yağıntıların (2000 mm və daha çox) düşdüyü materiklərin rütubətli musson 
iqliminə malik şərq kənarlarında yayılmışdır. Materiklərin torpaq örtüyünə görə, dörd subtropik rütubətli-meşə 
vilayəti ayrılır. Onlardan ikisi, ərazisinə görə bir qədər böyük olanları,  şimal yarımkürəsində yerləşmişdir; 
birincisi, ABŞ-ın cənub-şərq  ştatlarını  əhatə edən  Şimali-Amerika vilayəti, ikincisi, Çinin cənub-şərq 
vilayətlərini, Tayvan və Yapon adalarını  əhatə edən  Şərqi-Asiya vilayətidir. Bundan başqa ayrı-ayrı rütubətli 
subtropik rayonlar Azərbaycan, Gürcüstan, Türkiyə, Mərakeş  və digər  ərazilərdə  də müşahidə olunur. Cənub 
yarımkürəsində rütubətli subtropiklərin sahəsi nisbətən kiçikdir. Burada da iki vilayət ayrılır – Braziliyanın 
cənubunu, Paraqvay və Uruqvayın bir hissəsini  əhatə edən  Cənubi Amerika  və Avstraliya materikinin Sakit 

 
372
okean sahillərini və Yeni Zelandiyanın şimal adasını əhatə edən Avstraliya vilayətləri
Subtropik rütubətli-meşə vilayətlərinin torpaq örtüyündə sarı və qırmızı torpaqlar üstünlük təşkil edir. Bu 
vilayətlərin bəzilərinin yalnız qərb kənarlarında, quru subtropiklərlə  sərhəddə, quru dövrün bir qədər sürəkli 
olduğu yerlərdə meridian istiqamətində subtropik prerilərin qırmızımtıl-qara torpaqlar zonası yayılmışdır. Bu 
zonalar Cənibi və Şimali Amerika vilayətlərində özünü daha aydın göstərir. 
Sarı  və  qırmızı torpaqlar yağıntıların 1000-2500 mm və 10
0
C-dən yuxarı temperaturların 4000-8000
0

arasında dəyişdiyi  rütubətli subtropik meşələr altında formalaşmışdır. Bu torpaqlar üçün ferralit və ya sialit-
ferralit tərkib və bütün torpaq kütləsində, xüsusən də lil fraksiyasında  SiO
2
:Al
2
O
3
-nin dar nisbətdə (2-4) 
dəyişməsi səciyyəvidir. Bu cəhət onları rütubətli tropik meşələrin qırmızı-sarı torpaqlarına yaxınlaşdırır. Lakin 
sarı və qırmızı torpaqlarda ilkin minerallar az parçalanmaya məruz qalmış, dəmirli konkresiyaların miqdarı az 
olub, onlar əsasən yarımhidromorf  şəraitdə müşahidə olunur. Bu torpaqlarda başdan-başa laterit horizontlar 
müşahidə olunmur. 
Sarı və qırmızı torpaqların su rejimi – tam yuyulma rejimindədir. Torpaq məhlulunun reaksiyası turş olub 
(pH 4,5-5,5), dərinliyə getdikcə turşuluğun azalması qeyd olunur. Bu torpaqlarda udma tutumu kiçikdir, bu da 
törəmə mineralların (kaolinit, illit və s.) xarakteri ilə  əlaqədardır. Doymama dərəcəsi 80-85%-ə çatır; uducu 
kompleksdə udulmuş hidrogenlə yanaşı, mübadilə olunan alüminium da üstünlük təşkil edir. 
Torpağın səthinə külli miqdarda üzvi qalıqların daxil olmasına baxmayaraq, üzvi maddələrin sürətli 
minerallaşması səbəbindən humus horizontunun qalınlığı azdır. 
Dərin qatlarla müqayisədə üst horizontlarda lil hissəciklərinin miqdarı azdır və bu horizontların rəngi bir 
qədər açıqdır.  Bu  da  onların podzallaşmaya məruz qaldığını söyləməyə  əsas verir, lakin bu xüsusiyyətlərin 
yaranmasını  şərtləndirən proseslərin təbiəti hələ aydın deyildir. Rəngi açıqlaşmış horizontlar müvəqqəti səthi 
izafi rütubətlənməyə məruz qalmış torpaqlarda daha aydın müşahidə olunur. 
Sarı və qırmızı torpaqların Yer kürəsində ümumi sahəsi 200 mln.hektardır. Amerika torpaqşünasları onlara 
bir torpaq – qırmızı-sarı subtropik torpaqlar kimi baxırlar.  
Yağıntıların bir qədər az  (800-1000 mm) və quru mövsümün bir qədər sürəkli olduğu quru subtropiklərə 
keçid zolağında rütubətli kölgəli subtropik meşələri mezofil otmüxtəliflikli-taxıllı bitkilərdən ibarət prerilər əvəz 
edir. Burada subtropik prerilərin qırmızımtıl-qara torpaqları formalaşmışdır. Qırmızımtıl-qara torpaqlarda 
rütubətli tropik vilayətlər üçün səciyyəvi olan torpaq kütləsinin ferralitləşməsi prosesi zəifləmiş  və humus 
toplanmanın intensivliyi əksinə güclənmiş  şəkildə özünü göstərir. Bu torpaqlarda qalın (50-60 sm), dənəvər 
strukturlu tünd humus horizontu formalaşmışdır. Onun miqdarı  bəzən 10 %-ə çatır. Ferralitləşmə torpağın  
bütün profilində, xüsusən də aşağı horizontlarda qırmızımtıl çalarlar şəklində özünü göstərir. Qırmızımtıl-qara 
torpaqlar, adətən, ağır qranulometrik tərkibə malik olur. “B” horizontunda qleyləşmə prosesi yaxşı ifadə 
olunmuşdur. Torpaq profilinin bütün horizontları turş reaksiyaya (pH 4,2-4,8) malikdir, humus əsasən fulvat 
tərkiblidir. Burada yuma su rejimi ilə  əlaqədar illüvial-karbonatlı horizont yoxdur. Bu xüsusiyyəti, həmçinin 
istilik rejimi qırmızımtıl-qara torpaqları qaratorpaqlardan fərqləndirir. 
Subtropik prerilərin qırmızımtıl-qara torpaqlarının ümumi sahəsi sarı  və  qırmızı torpaqlarla müqayisədə 
azdır (50 mln.ha). Onların əsas massivi Braziliyanın cənubunda və Uruqvayda yerləşmişdir. Xarici tədqiqatçılar, 
D.L.Bramao və R.B.Simonson onları “rubrozem” adlandırmağı  təklif etmişlər. Qırmızımtıl-qara torpaqların 
müəyyən hissəsi ABŞ-da (Oklaxoma, Texas) qırmızı, sarı  və  qəhvəyi torpaqların sərhədində meridian 
istiqamətində zona yaratmışdır. Bu torpaqlara həmçinin Avstraliyada da təsadüf olunur. 
Təsvir olunan  zonal torpaqlardan başqa, rütubətli subtropiklərdə sarı-qleyli, subtropik çəmən və  bataqlıq 
(təqribən 40 mln.ha) və allüvial (təqribən 70 mln.ha)  torpaqlar da yayılmışdır.  
Subtropik rütubətli-meşə vilayətlərində  kənd təsərrüfatında istifadə olunan torpaqların ümumi sahəsi 80 
mln.ha-dır; bu vilayətlərin orta kənd təsərrüfatı mənimsənilməsi təqribən 23% təşkil edir. Qara və qonur meşə 
torpaqlarından sonra sarı, qırmızı  və    prerilərin qırmızımtıl-qara torpaqları  ən çox mənimsənilən torpaqlardır. 
Əsas kənd təsərrüfatı bitkiləri – düyü, buğda, qarğıdalı, çay, sitrus, üzüm, tunq və digərləridir. Meyvə 
bitkilərinin tərkibi daha zəngindir. Düyü
 
əkinləri ilə əlaqadar təqribən 10 mln.ha torpaq sahəsi suvarılır. İntensiv 
əkinçiliklə əlaqədar torpaqlar gübrələmə tələb edir. 
Əkinçiliyin sonrakı inkişafı eroziya əleyhinə  tədbirlər gördükdən sonra yamaclarda terraslar salmaqla 
sahələrin genişləndirilməsini tələb edir. Bu zonada meşə təsərrüfatının inkişafı üçün də geniş imkanlar vardır. 
Subtropik kserofit-meşə  və kolluqlu-bozqır vilayətlər  təqribən 560 mln.ha ərazini tutur. Bu vilayətlər 
bütün materiklərdə yayılmışdır.  Əsasən 6 subtropik kserofit-meşə  və kolluqlu-bozqır vilayət ayrılmışdır: üçü 
Şimal, üçü isə Cənub yarımkürəsində. 
Şimal yarımkürəsində ilk növbədə geniş əraziləri, Aralıq dənizi sahilidəki ölkələri, Yaxın və Ön Asiyanı, 
Cənubi Qafqazı (o cümlədən Azərbaycanı) əhatə edən Aralıq dənizi vilayətini qeyd etmək lazımdır. Hindistan, 
Pakistan, Birmanın şimal hissəsini, Çinin böyük ərazilərini əhatə edən Şərqi Asiya vilayəti sahəsinə görə ikinci 
yerdə durur. 
Şimali-Amerika kserofit-meşə  və kolluqlu-bozqır vilayəti ABŞ-ın cənub-qərb  ştatlarını (Texas, Yeni-
Meksika, Arizona, Kaliforniya), Meksika ərazisinin çox hissəsini tutaraq şimal, şərq və cənubdan Koliforniya 

 
373
səhrasını əhatə edir. 
Cənub yarımkürəsində Avstraliya materikinin cənub sahil zolağını və Avstraliya dağlarının qərb yamacını 
əhatə edən  Avstraliya  kserofit-meşə  və kolluqlu-bozqır vilayəti yerləşmişdir. Cənub yarımkürəsində Kalaxari 
səhrasını  cənubdan  əhatələyən  Cənubi Afrika vilayəti, Paraqvay və Uruqvayın rütubətli subtropikləri ilə And 
dağlarının yarımsəhraları arasında yerləşmiş Cənubi Amerika vilayətini göstərə bilərik. 
Qeyd edilən vilayətlərin torpaq örtüyündə iki torpaq zonasını göstərə bilərik: qəhvəyi və boz-qəhvəyi; hər 
iki zonanın daxilində subtropik qara torpaqlar yayılmışdır. 
Kserofit meşələrin qəhvəyi torpaqlarının genetik xüsusiyyətləri bir sıra tədqiqatçılar (L.İ.Prasolov, 
S.A.Zaxarov, İ.P.Gerasimov, H.Ə.Əliyev, E.M.Salayev, Ş.G.Həsənov) tərəfindən öyrənilmişdir. 
Qəhvəyi torpaqlar dəyişkən-rütubətli,  əsasən də yayı quru və  qışı rütubətli keçən subtropik iqlim və 
yuyulmayan su rejimi şəraitində formalaşmışdır. Səciyyəvi bitki örtüyü xüsusi subtropik bitkilərdən, palıd, 
ardıc, püstə və s. ibarət alçaq boylu kserofit meşələrdir. Əgər bu meşələrdə həmişəyaşıl ağaclar üstünlük təşkil 
edirsə, onları makvis, yarpağı tökən bitkilər təşkil edirsə, şiblək adlandırırlar. Bu seyrək meşələrdə həmişə taxıllı 
tərkibli ot bitkiləri inkişaf etmiş olur. Torpağa daxil olan  üzvi qalıqların əsas hissəsi onların hesabınadır. 
Qəhvəyi torpaqlarda ilin rütubətli dövründə illitli-montmorillonitli törəmə mineralların yaranması ilə 
müşahidə olunan aşınma prosesi baş verir. Bu zaman əmələ  gəlmiş asan həll olan duzlar tamamilə profildən 
kənar olduğu halda kalsium və maqnezium karbonatları illüvial-karbonatlı horizont əmələ gətirir. 
Qəhvəyi torpaqlarda humus horizontunun qalınlığı 40-45 sm, humusun miqdarı isə 4-7% -dir. Humusun 
tərkibində humat birləşmələri üstünlük təşkil edir. Humus horizontu tünd-qəhvəyi və ya qəhvəyi rəngdədir; 
onun təbiəti axıra kimi öyrənilməmişdir. Bütün qəhvəyi torpaqlar ağır gillicəlidir. Lil fraksiyaları profil boyunca 
ya bərabər  şəkildə paylanmış, ya da 20-40 sm-dən etibarən tədricən artır.
 
Torpaq profilinin ortasında lil 
hissəciklərinin bu cür artımı podzollaşma və lessivaj prosesi ilə əlaqədar olmayıb, nəmliyin profil boyu bərabər 
paylanması səbəbindən torpaqdaxili aşınmanın intensiv getməsi ilə bağlıdır. Qəhvəyi torpaqların ümumi sahəsi 
160 mln.ha olub, bu torpaqlar düzən və dağlıq ərazilərdə yayılmışlar. 
Boz-qəhvəyi torpaqlar sərbəst tip kimi ilk dəfə A.N.Rozanov tərəfindən ayrılmışdır. Əvvəllər bu torpaqları 
şabalıdı torpaqlarla eyniləşdirirdilər. Halbuki onlar şabalıdı torpaqlardan kəskin şəkildə fərqlənir. 
Boz-qəhvəyi torpaqlar da qəhvəyi torpaqlar kimi dəyişkən-rütubətlənmə, lakin bir qədər quru və 
yağıntıların az düşdüyü  şəraitdə formalaşır. Bitki örtüyünün vegetasiya dövrü qış-yaz dövrünə  təsadüf edən 
kolluqlu subtropik bozqırlarla təmsil olunmuşdur. Belə ki, bu zonada qış nisbətən isti, adətən, qarsız, yay isə 
sürəkli, isti və quru olur. 
Maksimal yağıntılar qış vaxtı düşür və bu zaman torpaq profili tamam islanır və asan həll olan duzlardan 
yuyulur. Kalsium və maqnezium karbonatları, əksinə, torpağın bütün horizontlarında olub, bəzən aşağı qatlarda 
konkresiyalar  əmələ  gətirir. Boz-qəhvəyi torpaqların uducu kompleksi kalsium və maqnezium ilə  zəngindir, 
udulmuş natriuma nadir hallarda təsadüf olunur, şorakətləşmə bu torpaqlarda adətən müşahidə olunmur. 
Hazırda boz-qəhvəyi torpaqlara subtropik torpaqəmələgəlmə sırasında olan qəhvəyi torpaqlarla boz torpaq 
arasında keçid torpaq kimi baxılır. Bununla da onun adı müəyyən edilir. Bu torpaqlarda humusun miqdarı 
qəhvəyi torpaqlarla müqayisədə azdır (2-4%). Humus horizontunun qalınlığı da azdır (30-40 sm). Qəhvəyi 
torpaqlarda olduğu kimi, lakin bir qədər zəif formada  boz-qəhvəyi torpaqlarda da ilin rütubətli mövsümündə 
gilli sialit aşınması baş verir. 
Bütün bu morfogenetik xüsusiyyətləri, həmçinin fərqli istilik rejimi, qış dövrünün yağıntıları  və ildə iki 
dəfə məhsul almaq imkanı boz-qəhvəyi torpaqları subboreal qurşağın şabalıdı torpaqlarından fərqləndirir. Boz-
qəhvəyi torpaqların düzən ərazilərdə ümumi sahəsi 270 mln.ha-dır. 
Rütubətli vilayətlərə keçid ərazilər üçün səciyyəvi cəhət burada subtropik qaratorpaqların inkişaf 
etməsidir. Bu torpaqlar müxtəlif ölkələrdə müxtəlif adlar daşıyır: Mərakeşdə “tirslər”, Cənubi Amerikada “terra-
neqra”. Qara subtropik torpaqların ümumi sahəsi çox olmasa da (50 mln.ha), onların kənd təsərrüfatı əhəmiyyəti 
böyükdür. 
Subtropik qaratorpaqlar qələvi süxurların aşınma və çökmə məhsulları üzərində, həmçinin qrunt sularının 
torpaq-qələvi elementlərlə zənginləşdiyi rayonlarda formalaşmışdır.  
Bir sıra tədqiqatçılar hesab edir ki, əksər subtropik qaratorpaqlar öz inkişafında  hidromorfizm fazasını 
yaşamışdır. Bununla belə bu torpaqlar avtomorf şəraitdə bazalt, trapp və  hətta, qranit süxurlar üzərində  də 
yayılmışdır.  
Humus qatında humusun toplanması, yuyulmayan su rejimi və profildə illüvial-karbonatlı qatın olması bu 
torpaqları qara torpaqlara yaxınlaşdırır. Lakin intensiv gilləşmə, torpağın tərkibində böyük miqdarda udulmuş 
maqneziumun olması  və torpaq profilinin kipləşməsi, həmçinin özünəməxsus istilik rejimi bu torpaqları qara 
torpaqlardan  əsaslı  şəkildə  fərqləndirir. Ona görə  də bu torpaqlara xüsusi aqrotexnikanın tətbiqini tələb edən 
ayrıca genetik tip kimi baxılmalıdır. Bərkimiş subtropik qara torpaqlar ilin quru dövründə kipləşmiş şəklə düşür 
və profildə  dərin çatlar yaranır, ilin rütubətli dövründə,  əksinə,  şişir. Avstraliyanın boz-qəhvəyi torpaqları 
içərisində kiçik sahələri tutan subtropik şorakətlərə təsadüf olunur.  
Əkinçilikdə qaratorpaqlardan sonra qəhvəyi və boz-qəhvəyi torpaqlardan geniş istifadə olunur. Dünyanın 

 
374
bir sıra regionlarında qəhvəyi və boz-qəhvəyi torpaqlar daşlı olduğuna görə şum işlərini çətinləşdirir və əlavə 
meliorasiya –təmizləmə işlərinin aparılmasını tələb edir. 
Nəzərdən keçirilən vilayətlərin kənd təsərrüfatında qəhvəyi və boz-qəhvəyi torpaqlarla yanaşı,  allüvial 
(təqribən 60 mln.ha), çəmən-qəhvəyi  və  çəmən-boz-qəhvəyi  torpaqlar  əhəmiyyətli rol oynayır. Kənd 
təsərrüfatında istifadə olunan torpaqların ümumi sahəsi 70 mln.ha və ya vilayətlərin ümumi sahəsinin 15% –ni 
təşkil edir.  
Bu vilayətlərdə buğda, pambıq, zeytun, əncir, üzüm, sitrus bitkiləri, mantar palıdı, qoz, həmçinin çoxillik 
subtropik bitkilər yetişdirilir.  Əkinçilikdə istifadə olunan torpaqların təqribən yarısı suvarılır. Aralıq dənizi 
vilayətinin  şimal-şərq və  Şərqi Asiya vilayətinin  şimal  əraziləri Sibir antisiklonunun soyuducu təsirinə  məruz 
qaldığına görə çoxillik subtropik bitkiləri daim şaxta vurma qorxusu altında yalnız örtük altında yetişdirilir. Ona 
görə  də bu ərazilərdə birillik subtropik bitkilərin yetişdirilməsinə daha çox üstünlük verilir. Bu vilayətlərdə 
torpaqların münbitliyinin artırılması onların suvarma və gübrə ilə təmin olunmasına, eroziya ilə mübarizəyə və 
yamaclarda eroziya əleyhinə tədbirlər görməklə intensiv əkinçiliyin tətbiqinə əsaslanır. 
Subtropik yarımsəhra və səhra vilayətləri subtropik qurşaqda ərazinin yarısını əhatə edir (890 mln.ha). 
Qurunun səthində bir neçə subtropik yarımsəhra və  səhra vilayəti ayrılmışdır. Onlar içərisində sahəsinə görə 
böyük olanı Afrika-Asiya subtropik yarımsəhra və səhra vilayətidir. Bu vilayət Saxara səhrasının şimal hissəsini, 
Ərəbistan yarımadasının şimalını və Ön Asiyanı əhatə edir. Sahəsinə görə ikinci yerdə materikin cənub hissəsini 
əhatə edən  Avstraliya,  Çilinin mərkəzi hissəsini tutan Cənubi Amerika, sahəsi kiçik olan Şimali Amerika 
(Kaliforniya rayonu) və Cənubi Afrika (Kalaxarinin cənubu) yarımsəhra və səhra vilayətləri gəlir. 
Bu vilayətlərdə subtropik səhraların zəif inkişaf etmiş və primitiv torpaqlar zonası (təqribən 75%) və boz 
torpaqlar zonası hakimdir. 
Boz torpaqların tipik nümunələri Azərbaycan və Orta Asiya ərazisində geniş yayılmış və əvvəlki fəsillərdə 
onların geniş səciyyəsi verilmişdir. Dünyanın başqa nöqtələrində də bu torpaqlara təsadüf etmək mümkündür. 
Düzən ərazilərdə boz torpaqların ümumi sahəsi 180 mln.ha təşkil edir. Boz torpaqlar zonasında boz torpaqlarla 
yanaşı çəmən-boz torpaqlar və takırlar da yayılmışdır. 
Subtropik səhraların torpaqları başqa səhraların torpaqları ilə müqayisədə geniş fiziki aşınma prosesi və duz 
qaysaqlarının əmələ gəlməsi ilə səciyyələnir. Bioloji proseslər demək olar ki, hər yerdə kəsilmişdir. Bu havanın 
nisbi rütubətinin azlığı  və yay dövründə gündüz vaxtlarında torpağın temperaturunun həddən artıq qızması, 
həmçinin subtropik qurşaqda geoloji tarixin son dövrləri  ərzində  səhra
 
landşaftının böyük dayanıqlığı    ilə 
əlaqədardır. Havanın  ən yüksək temperaturu məhz subtropik vilayətlərin səhralarında (Saxarada) müşahidə 
olunmuşdur. 
Subtropik yarımsəhra və səhralar vilayətində daşlı və daşlı-gilli səhralar daha böyük sahəyə malikdir (440 
mln.ha). 
Bu səhralarda ilkin torpaqəmələgəlmənin elementləri “səhra yanığı” və ya səhraların “qoruyucu qabığı” 
formasında təmsil olunmuşdur. Səhra “yanığı” torpağın səthindəki daş qalıqlarının üzərini örtən tünd və ya qara 
rəngli nazik (təqribən 0,5-5 mm) təbəqədən ibarətdir. Bu tünd qabıqda dəmir və manqan oksidləri toplanır. 
“Yanıqların” yaranmasını  bəzi alimlər soyuq gecə saatlarında  süxur çatlarında nəmliyin kondensasiyası  və 
səthin gündüz saatlarında güclü qızması ilə əlaqədar pərdə suyunun qalxan hərəkəti ilə izah edirlər.  
Ehtimal ki,  duz qaysağının yaranması da bütün torpaq qatını  əhatə edən pərdə suyunun hərəkəti ilə 
əlaqədardır. Nəmliyin kondensasiyası torpaqlarda soyuq qış dövründə  də davam edir. Bu proses nəticəsində 
torpağın çat və məsamələrində, hətta  daşların da üzərində duzların toplanması baş verir. Daş qabığın örtmədiyi 
yerlərdə, duzların torpağın səthində toplanması müşahidə edilir. Duzlar torpaq kütləsini sementləyir və bununla 
da qalınlığı bir neçə santimetrdən 1,5 m-ə kimi olan duz qabığı formalaşır. 
Duz qabığının yaranması prosesi subtropik səhralar üçün səciyyəvidir, halbuki bunu başqa səhra 
vilayətlərində də müşahidə etmək mümkündür. Qış dövründə leysan yağışları vasitəsilə yuyulmuş duzlar, yay 
müddətində pərdə suları vasitəsilə tədricən geriyə qayıdır. 
Qumlu subtropik səhralar böyük əraziləri (180 mln.ha) əhatə edir. Qumluqlar adətən, sovrulduğundan 
torpaq örtüyündən məhrumdur.  Ərazinin müəyyən hissəsini subtropik şoranlar tutur. Subtropik şoranlar qrunt 
suyunun torpaq səthinə yaxın yerləşdiyi sahələrdə formalaşmışdır. Onlar üçün səciyyəvi xüsusiyyət duzların 
torpaq profilində deyil, torpaq səthində toplanmasıdır. Subtropik yarımsəhra və  səhra vilayətlərində  kənd 
təsərrüfatı baxımından subtropik allüvial torpaqlar  və vahə torpaqları daha böyük əhəmiyyət kəsb edir. Bu 
torpaqlar Nil, Dəclə, Fərat və Hind caylarının vadilərində geniş yayılmışdır. 
Subtropik səhra və yarımsəhralarda kənd təsərrüfatında istifadə olunan torpaqların ümumi sahəsi 30 mln.ha-
dır. Burada əsasən, pambıq və digər istiliksevər bitkilər yetişdirilir. Taxılçılığın daha böyük əhəmiyyəti vardır. 
Vahələrdə torpağın yüksək duzluluğuna davamlı xurma palması yetişdirilir. Güman olunur ki, subtropik 
yarımsəhra və səhra vilayətlərində çay və artezian sularından tam istifadə etməklə suvarılan sahələri daha 30-40 
mln.ha artırmaq mümkündür. 
 
§ 117. Subboreal (mülayim) qurşağın torpaq örtüyü 

 
375
 
Subboreal torpaq-iqlim qurşağı  əsasən  Şimal yarımkürəsində, Avrasiya və  Şimali Amerikada inkişaf 
etmişdir. Cənub yarımkürəsində bu qurşağa yalnız kiçik ərazi aid edilir.  
Subboreal qurşağın düzən ərazilərinin ümumi sahəsi subtropikdən bir qədər azdır (təqribən 1530 mln ha). 
Bu qurşaqda da həmçinin quraq və quru vilayətlər üstünlük təşkil edir; bozqır vilayətləri  ərazinin - 45%-ni, 
yarımsəhra və səhra – 31% -ni, meşə -24%-ni əhatə edir. 
Dünyanını  əkinçilikdə istifadə olunan torpaqlarının demək olar ki, yarısı subboreal qurşağın  ərazisində 
yerləşmişdir. Subtropik qurşaqla müqayisədə becərilən kənd təsərrüfatı bitkilərinin sayı azdır. İqlim şəraiti ildə 
yalnız bir məhsul almağa imkan verir. Təkrar əkinlər, əsasən də yem bitkiləri əkini bəzi cənub və bir qədər isti 
rayonlarda mümkündür. 
Subboreal meşə vilayətləri bütün materiklərin okean sahillərində yerləşmişdir. Onlar sahəsinə görə böyük 
deyildir, meridian istiqamətində uzanaraq daxili bozqır vilayətlərini okean sahilindən ayırırlar. 
Şimal yarımkürəsində sahəsinə görə Qərbi və Mərkəzi Avropanı, qismən Şərqi Avropanı əhatə edən Qərbi 
Avropa vilayətləri və ABŞ-ın şimal-şərq ştatlarını əhatə edən Şərqi Şimali Amerika vilayəti seçilir. Əkinçilikdə 
istifadə olunan torpaqların böyük hissəsi məhz bu vilayətlərdə cəmlənmişdir. 
Əvvəlki vilayətlərdən fərqli olaraq Şərqi Asiya (Rusiyanın Priamurye və Primorye əraziləri,  Şimali 
Yaponiya,  Şimal  Şərqi Çin) və  Qərbi  Şimali Amerika (Sakit Okean sahili) vilayətləri dağlıq  ərazilərdən 
ibarətdir. 
Cənub yarımkürəsində  Cənubi Amerika subboreal rütubətli-meşə vilayəti (Çilinin cənubi) və  Avstraliya 
(Yeni Zelandiyanın cənub adası) vilayəti ayrılır. 
Subboreal meşə vilayətlərinin ümumi sahəsi təqribən 362 mln.ha-ya bərabərdir. Torpaq örtüyündə 
enliyarpaq meşələr, dərindən yuyulma və gilli siallitli aşınmanın hiqroslyudo-illitli tipi şəraitində formalaşmış 
qonur meşə torpaqları hakimdir (248 mln.ha). Qonur meşə torpaqların yayıldığı zonalarda səth sularının 
zəiflədiyi və durğunluğu şəraitində qonur dağ meşə qleyli torpaqlar yayılmışdır. Bu torpaqlar üçün səciyyəvi 
cəhət bilavasitə humus horizontu altında qleyli-podzol horizontun formalaşmasıdır. Qərbi Avropada bu 
torpaqlar “psevdoqley” adlandırılmışdır. Rus alimi İ.P.Gerasimov rəngi açıqlaşmış elüvial horizontun 
yaranmasını  həm qleyləşmə, həm də lessivaj prosesi ilə  əlaqələndirərək, həmin torpaqlara 
“psevdopodzollaşmış” adını vermişdir. Qleyli qonur meşə torpaqlarının ümumi sahəsi 35 mln.ha  olub, bu da 
qonur meşə torpaqları zonasının 10%-ni təşkil edir. Karbonatlı süxurların səthə  çıxdığı yerlərdə qonur meşə 
torpaqları arasında  qonur rendzin torpaqlar formalaşmışdır. Qonur rendzin torpaqlar boreal qurşağın çimli-
karbonatlı torpaqlarından rənginə, humusun azlığına və hidrotermik rejiminə görə fərqlənir. 
Nəzərdən keçirilən əksər vilayətlərin torpaqları bir qonur meşə torpaqları zonası ilə təmsil olunmuşdur və 
yalnız  Şərqi  Şimali Amerika (Atlantik sahili) və  Şərqi Asiya (Uzaq Şərq) vilayətlərində bozqır vilayətləri ilə 
sərhəddə meridian istiqamətdə enli olmayan zolaqda prerilərin qaramtıl torpaqları yayılmışdır. Bu torpaqlar 
meşə örtüyündən məhrumdurlar və  zəngin ot örtüyü altında formalaşır və qara torpaqlar kimi humuslu 
horizontlara malikdirlər. Lakin qaramtıl torpaqlar qara torpaqlardan yuyulma su rejimi, torpaq məhlulunun turş 
reaksiyası, humusun əsasən fulvatlı  tərkibi, qonur meşə torpaqlara oxşar gil aşınması, uducu kompleksin zəif 
doyması  və illüvial-karbonatlı horizontun olmaması ilə  fərqlənir. Bu
 
torpaqların yuyulmuş qara torpaqlarla 
sərhədi adətən torpaq profilində illüvial-karbonatlı horizonta əsasən müəyyən edilir. ABŞ-da bu torpaqları 
“brunizem” (Brunizm) adlandırırlar. 
Prerilərin qaramtıl torpaqlarının ümumi sahəsi təqribi hesablamalara görə 55 mln.ha-dır. Bu torpaqların 
əksəriyyəti hamar və təbii drenliyi olmayan relyef və qrunt suyunun səthə yaxın olduğu şəraitdə (ABŞ, Ayova 
ştatı) formalaşmışdır. 
Rusiyanın Zeya-Bureya düzənliyində inkişaf etmiş prerilərin qaramtıl torpaqları bu tipin ən soyuq yarımtipi 
hesab olunur və onlar ABŞ-la Kanada sərhədində yayılmış qaramtıl torpaqlarla müqayisə edilə bilər. Nəzərdən 
keçirilən vilayətlərin kənd təsərrüfatında allüvial torpaqların da böyük əhəmiyyəti vardır. Allüvial torpaqların 
ümumi sahəsi 20 mln.ha-dır. 
Subboreal vilayətlərin düzən əraziləri kənd təsərrüfatı baxımından daha çox
 
mənimsənilmiş hesab olunur. 
Burada yüksək  əkinçilik mədəniyyəti  şəraitində tarla və meyvə bitkiləri becərilir. Yüksək məhsuldar meşə 
təsərrüfatı da bu vilayərtlərdə böyük əhəmiyyət kəsb edir. 
Şumlanmış torpaqların ümumi sahəsi təqribən 130 mln.ha olub, qonur-meşə vilayətlərinin 37%-ni təşkil 
edir. Torpaqların 10 mln.hektarı qurudulmuşdur. Kənd təsərrüfatında istifadə olunan qonur meşə torpaqları 
mütəmadi gübrə verilməsini və torpaq turşuluğunun neytrallaşdırılmasını  tələb edir. Bu torpaqlar 
mikrogübrələrə də tələbkardır. 
Subboreal bozqır vilayətləri. Yer kürəsində qara və  şabalıdı torpaqlardan ibarət 3 subboreal bozqır 
vilayəti ayrılmışdır. Onlar içərisində böyüklüyünə görə Rusiya və Ukrayna ərazilərinin bir hissəsini tutan, 
kənarları qismən Qərbi Avropanın içərisinə girən, Çin və Monqolustan ərazilərinə kimi uzanan Avrasiya 
vilayətidir. Rusiyanın torpaq rayonlaşdırılmasında bu vilayət Mərkəzi meşə-bozqır və bozqır vilayəti 
adlandırılmışdır. İkinci yerdə Şimali-Amerika subboreal bozqır vilayəti gəlir ki, o, ABŞ-ın orta qərb ştatlarını və 

 
376
Kanadanın cənub əyalətlərini əhatə etməklə meridian istiqamətdə uzanmış torpaq zonalarından ibarətdir.  
Amerikanın  qara  və  şabalıdı torpaqları torpaq profilinin quruluşuna və xassələrinə görə Avrasiya 
vilayətinin uyğun torpaqlarına oxşardır. Qara torpaqlar daxilində yuyulmuş, adi və  cənub qaratorpaqları 
yarımzonası ayrılır. Amerika qaratorpaqları Ukrayna qaratorpaqları kimi böyük qalınlığa malik olmasa da, Sibir 
qaratorpaqları kimi yuxa qaratorpaqlar burada müşahidə olunmur. Əksər Amerika qara torpaqları isti fatsiyaya 
aid edilir və istilik rejiminə görə Şimali Qafqaz və Azovətrafı qaratorpaqlarla müqayisə edilə bilər. Lakin fəsli 
yağıntıların fərqli paylanması  səbəbindən burada karbonatlılıq qabarıq  şəkildə müşahidə olunmur. Kanada 
qaratorpaqları mülayim isti və mülayim fatsiyalara aid edilir və Volqaboyu qaratorpaqlarla müqayisə edilə bilər. 
Amerikanın şabalıdı torpaqları arasında iki yarımzona ayırırlar: tünd-şabalıdı (Dark Brown) və açıq-şabalıdı 
(Brown). Sonuncular əksər hallarda yarımsəhraların qonur torpaqları ilə eyniləşdirilir. Qaratorpaqlar zonasında 
həmçinin çəmən-qara torpaqlar, şorakətləşmiş qaratorpaqlar və qaratorpaq şorakətlər yayılmışdır. Eynilə 
şabalıdı torpaqlar zonasında da şorakətləşmiş şabalıdı və şabalıdı şorakətlər ləkələr şəklində müşahidə olunur. 
Cənubi Amerika subboreal bozqır vilayəti sahəsinə görə üçüncü yerdə durur. O, Argentinanın cənubunu və 
Çilinin  ən cənub dağətəyi rayonlarını  əhatə edir. Bu vilayətdə  şabalıdı torpaqlar üstünlük təşkil edir və qara 
torpaqlar materikin cənubunda And dağlarının ətəklərində yayılmışdır. 
Subboreal bozqır vilayətlərinin ümumi sahəsi təqribən 704 mln.ha-dır. Bunun 704 mln.ha-ı 
qaratorpaqların, 258 mln.ha-ı isə  şabalıdı  torpaqların payına düşür, çəmən-qara torpaqlar və  çəmən-şabalıdı 
torpaqlar 40 mln.ha, şorakətlər 28 mln.ha, allüvial torpaqlar  təqribən 30 mln.ha-dır. Bu vilayətlər dünyanın 
başlıca olaraq taxılçılıq rayonlarıdır.  Əkinlərdə yazlıq və payızlıq buğda, qarğıdalı, arpa, günəbaxan,  şəkər 
çuğunduru üstünlük təşkil edir. Qara torpaqlar zonasında  əkinçilikdə istifadə edilən torpaqlar 260 mln.ha, 
şabalıdı torpaqlarda 110 mln.ha təşkil edir. Qaratorpaqların və  çəmən-qara torpaqların kənd təsərrüfatı 
mənimsənilməsi 52%, şabalıdı torpaqlarınkı isə təqribən 22%-dir. 
Bu vilayətlərdə  əkinçiliyin gələcək genişlənməsi  şabalıdı torpaqların suvarılması  və  şorakətlərin 
meliorasiyası hesabına mümkündür. Qara torpaqlar zonasında  ən yaxşı sahələr tamamilə  mənimsənilmişdir, 
burada çoxlu sayda şəhər, qəsəbə və kənd tipli məntəqələr salınmışdır. Yamaclarda yerləşmiş torpaqlar eroziya 
əleyhinə  tədbirlərin görülməsini tələb edir. Qara torpaqlarda münbitliyin artırılması  tədbirləri ilk növbədə 
onların su balansının yaxşılaşdırılmasına, gübrələrin tətbiqi ilə qida rejiminin optimallaşdırılmasına yönəlmişdir. 
Subboreal yarımsəhra və səhra vilayətləriMərkəsi Asiya yarımsəhra və səhra vilayəti  Mərkəzi Asiya, 
Monqolustan və Çinin bir hissəsini əhatə edir. Bu vilayətin torpaq örtüyü qonur yarımsəhraboz-qonur səhra, 
qumluqlartakır və şoranlıqlardan ibarətdir.  
Oxşar torpaqlar Şimali Amerikada Kordilyer dağlarında dağlararası çökəkliklərdə (Duzlu göl ətrafında) rast 
gəlinir. Lakin Amerikada bu ərazilər xüsusi vilayət təşkil etmir.  
Bu vilayətin torpaqları  əsasən köçəri heyvandarlıqda istifadə olunur. Ona görə  də otlaqların 
yaxşılaşdırılması və  su ilə təminatı birinci dərəcəli hesab olunur. 
Əkinçilikdə istifadə olunan torpaqların sahəsi azdır. Suvarılmayan əkinçilik su ilə təmin olunmamışdır və 
olduqca davamsızdır. Quraqlığa davamlı bitkilərdən bir neçə ildə bir dəfə  məhsul yığmaq mümkündür. 
Suvarmanın olduğu şəraitdə qonşu subboreal bozqırlarda əkilən bitkilərin yetişdirilməsi mümkündür. 
 
§118. Boreal (soyuq-mülayim) qurşağın torpaq örtüyü 
 
Boreal torpaq-iqlim qurşağı yalnız Şimal yarımkürəsində yaxşı inkişaf etmişdir. Bu qurşağın bir qədər isti 
(10
0
- dən yuxarı temperaturların cəmi 2200
0
 –yə qədər olan) subboreal qurşaqla həmsərhəd rayonlarında bu cür 
temperatur  şəraitini tələb edən kənd təsərrüfatı bitkilərinin becərilməsi mümkündür. Şimala doğru hərəkət 
etdikcə bitkilərin çeşidi azalır, orta yetişən sortları tez yetişən sortlar əvəz edir, taxılkimilərdən yalnız çovdar, 
vələmir  və arpa, bəzi tərəvəz və yem bitkiləri, kartof qalır.  
Boreal qurşağın ümumi sahəsi 1560 mln ha-dır. Burada bitki və torpaq örtüyü kifayət qədər nəmlik alsa da, 
istilik çatmır. Ona görə  də qurşağın aqrotorpaq rayonlarına bölünməsini təkcə  nəmlik deyil, torpağın istilik 
rejimi də müəyyən edir. Ona görə də podzol, çimli-podzol və boz meşə torpaq örtüyünə malik nisbətən isti və 
rütubətli tayqa-meşə vilayəti (ərazinin 74%-ni əhatə edən), donuşlu-tayqa (kriogen) torpaqlara malik daha 
soyuq, kontinental və az rütubətli donuşlu-tayqa vilayətindən fərqləndirilir (ərazinin 26%-ni əhatə edir). 
Boreal tayqa-meşə vilayətləri. Boreal tayqa-meşə vilayətlərinin ümumi sahəsi 1150 mln ha-dır. Onların ən 
böyüyü Avrasiya tayqa-meşə vilayəti hesab olunur. Bu vilayət Qərbi Avropa və Rusiya Federasiyasının şimal, 
tundra zonasına qədər olan hissəsini əhatə edir. İkinci yerdə Kanada və Alyaskanın böyük hissəsini, həmçinin 
tundra ilə sərhəd hissəsini əhatə edən Şimali Amerika tayqa-meşə vilayətidir. Bəzi tədqiqatçılar tərəfindən Qorn 
burnu yaxınlığında Odlu Torpaq adasını əhatə edən daha bir vilayət Odlutorpaq boreal meşə vilayəti ayırırlar. 
Bu vilayət sahəcə balaca olub, onun torpaq örtüyü kifayət qədər öyrənilməmişdir. 
Tayqa-meşə vilayətlərinin torpaq örtüyündə  podzol və çimli-podzol torpaqlar hakimdir (790 mln ha). 
Onların içərisində qleyli-podzol və illivial-humuslu torpaqlar 88 mln ha, podzol torpaqlar 357 mln ha, çimli-
podzol torpaqlar 318 mln ha sahəni əhatə edir. Bu torpaqlar bataqlaşmış podzol (85 mln ha) və bataqlıq (109 

 
377
mln ha) torpaqlar, həmçinin çimli-qleyli və çimli-karbonatlı torpaqlarla birgə podzol torpaqların geniş torpaq 
zonasını yaradır. Hər iki şimal vilayətlərinin bu zonalarından cənubda boz meşə torpaqları (76 mln ha) və qleyli 
boz meşə torpaqları (18 mln ha) yayılmışdır. Bu torpaqlar da nazik, tez-tez qırılan zona yaradaraq,  bəzi 
ərazilərdə ayrı-ayrı massivlər şəklində qonşu bozqır vilayətlərinin içərisinə daxil olurlar. 
Avrasiya tayqa-meşə vilayətinin torpaq örtüyü hazırki kursun əvvəlki fəsillərində  ətraflı  təhlil edilmişdir. 
Şimali Amerika tayqa-meşə vilayətində çimli-podzol torpaqlar yarımvilayəti daha yaxşı inkişaf etmişdir. Bu 
yarım vilayət üç fatsiyaya bölünür. Atlantiksahili fatsiyasında Grey Broun Podzolic torpaqları inkişaf etmişdir. 
Sonra adi çimli-podzol torpaqlar fatsiyası  gəlir və  nəhayət Kordilyer dağlarının  ətəklərində, qitənin daxilində 
Grey Wooded torpaqları inkişaf etmişdir. Bu torpaqlarda humuslu qat bir qədər çox, podzol qatı isə bir qədər 
zəif inkişaf etmişdir. Ona görə  də  bəzən bu torpaqlara müstəqil yarımtip kimi də baxırlar. Podzol torpaqlar 
yarımzonası  zəif inkişaf etmiş, qleyli-podzol torpaqlar yarımzonası isə çox yerdə donuşlu-tayqa torpaqlarına 
qarışmışdır. 
Boreal donuşlu-tayqa vilayətləri.  Bu vəlayətlərin ümumi sahəsi 410 mln ha-dır. Onların içərisində  ən 
böyüyü Rusiya ərazisindəki Şərqi Sibir donuşlu-tayqa vilayətidir. Bu vilayət daxilində şimali tayqa və orta tayqa 
yarımzonaları  və  hər bir yarımzona daxilində iki fatsiya sahəsi ayrılır – kontinental və ekstrakontinental. 
Ekstrakontinental fatsiyaya şimal yarımkürəsində  ən soyuq qış temperaturlarının müşahidə edildiyi Mərkəzi 
Yakutiya və Oymakon və Verxoyanski çökəklikləri daxildir. Şərqi Sibir vilayətinin torpaq örtüyünə yuxarıda 
baxılmışdır. 
Şimali Amerika donuşlu –tayqa vilayəti sahəsinə görə kiçikdir. O, şimali tayqa yarımzonasında yerləşir. 
Onun torpaq örtüyü müxtəlif deyildir. Bu vilayətdə
 
daha quru və soyuq rayonlar (ekstrakontinental)  Alyaskanın 
hüdudları daxilində yerləşmişdir. Amerika torpaqşünasları burada dərindən donmuş podzollaşma  əlamətləri 
olmayan turş qonur torpaqları ayırırlar. Donuşlu-tayqa vilayətlərinin  əsas istifadə forması – meşə  təsərrüfatı, 
maralçılıq, ovçuluq, xəzlik heyvan yetişdirilməsidir. Əkinçilikdə istifadə edilən ən iri torpaq sahələri iri yaşayış 
məntəqələrinin  ətrafındadır.  Şimal tayqa yarımzonasında tərəvəz bitkiləri, kartof, yem bitkiləri, orta tayqa 
yarımzonasında vələmir, arpa, darı yetişdirilir.  Burada aqrotexniki tədbirlər ilk növbədə torpaqların istilik və 
qida rejiminin yaxşılaşdırılmasına yönəlmişdir. 
 
§ 119. Qütb (soyuq) qurşağının torpaq örtüyü 
 
Qurşağın ümumi sahəsi, materik buzlaqlarını çıxmaqla təqribən 466 mln.hektardır. Antraktida, Qrenlandiya 
və başqa adaların buz qalxanları təqribən 210 mln hektar təşkil edir.  
Şimal yarımkürəsində iki qütb vilayəti ayrılmışdır:  Avrasiya və  Şimali Amerika. Cənub yarımkürəsində 
Antarktidada buzlaqlarla örtülməmiş bir neçə kiçik ərazi vardır. 
Arktika və tundra torpaq zonalarından ibarət olan Avrasiyanın qütb vilayətinin torpaq örtüyü əvvəlki fəsildə 
təsvir edilmişdir. 
Şimali Amerika qütb vilayəti şimala doğru  xeyli uzanmışdır, lakin o, Labrador yarımadası və Aleut adaları 
rayonunda soyuq cərəyanların təsiri altında cənuba 55
0
 şimal en dairəsinə enir. Bu vilayətin torpaq örtüyü daha 
müxtəlifdir. Burada tundra və Arktika zonalarından başqa, Qrenlandiya və Aleut adalarının cənubunda cilli-
taxıllı bitki örtüyü altında özünəməxsus turş çimli- çürüntülü –qleyli torpaqların yayıldığı rayonlar vardır. 
Cilli bataqlıqlarda torftoplanma daha yaxşı görünür. Bütün bunlar tundra üçün daha səciyyəvidir və ola 
bilsin ki, göstərilən rayonlar boreal qurşağa aid edilməlidir. Qrenlandiyanın  şimalında və ona yaxın adalarda 
buzla örtülməmiş sahələrdə quru Arktika səhralarının karbonatların və başqa duzların toplandığı  zəif inkişaf 
etmiş torpaqları müşahidə olunur. Bu landşaftlar, lakin bir qədər də quru və soyuq formada Antraktidanın buz 
örtüyündən məhrum rayonları üçün də səciyyəvidir.  
Tundra zonasının cənub hissəsində açıq qruntda əkinçiliyin mümkünlüyünə yuxarıda baxılmışdır. Qütb 
qurşağının qalan geniş sahələrində maralçılıq və ovçuluq yayılmışdır. 
§ 120. Dünyanın torpaq ehtiyatları 
 
Yer kürəsinin torpaq ehtiyatları  həm sahəsinə, həm də keyfiyyətinə görə  məhduddur. Bundan başqa 
topraqların çox böyük hissəsi kənd təsərrüfatı məhsullarının istehsalından ötrü ya yararsız, ya da az yararlı hesab 
olunur. 
Bununla belə, torpaq örtüyündən düzgün istifadə edilməsi, yeni yaşayış məskənlərinin salınması, yolların 
və digər kommunikasiya xəttlərinin çəkilməsi onun dağılmasına, münbitliyinin itirilməsinə  və  böyük torpaq 
sahələrinin kənd təsərrüfatı istehsalından kənarlaşdırılmasına gətirib çıxarır. Nəticədə dünyanın hər yerində 
adambaşına düşən torpaq sahələrinin kəskin azalması müşahidə edilir. Bu isə torpaq ehtiyatlarından səmərəli 
istifadənin vacibliyini bir daha göstərir. 
Torpaq resurslarından səmərəli istifadənin vacib problemi torpaqların mühafizəsidir. 
Məhsuldar torpaqların və onların münbitliyinin itirilməsi eroziya, suvarılan torpaqların təkrar şorlaşması, 
su anbarlarının tikilməsi səbəbindən subasma, bataqlaşma, yeraltı sərvətlərin istismarı, yaşayış məskənlərinin, 

 
378
yolların, kommunikasiya xətlərinin salınması, sənaye müəssisələrinin tikilməsi, həmçinin müxtəlif zərərli 
maddələrlə çirklənməsi ilə bağlıdır
Torpaq ehtiyatlarının səmərəli istifadəsi və  mühafizəsi bəşəriyyət qarşısında duran ən aktual problemlərdən 
biridir. Torpaq hələ yaxın gələcəkdə ərzaq məhsullarının alındığı əsas mənbə olaraq qalacaqdır. Orta hesabla bir 
nəfər planet sakini üçün ərzaq istehsalından ötrü 0,3- 0,5 ha, ev, yol və s. ötrü isə 0,07- 0,09 ha torpaq sahəsi 
tələb olunur. Hazırda sahəsi 13392,0 mln. ha olan planetimizin torpaq fondundan 4055 mln.ha, yəni üçdə birdən 
az hissəsini kənd təsərrüfatına yararlı sahələr təşkil edir. Kənd təsərrüfatına yararlı torpaqların 1507 mln. 
hektarını  və ya bütün torpaq fondunun 11,2% -i becərilən torpaqlar (əkin, bağ, plantasiyalar), qalan hissəsini 
çəmən və otlaqlar təşkil edir. 
Yer kürəsinin əhalisinin sayı proqnozlara görə 2010-cu ildə təqribən 7,0 mlrd. nəfərə çatacaq. Bu, təbii ki, 
adam başına düşən  əkinə yararlı torpaqların azalmasına gətirib çıxaracaq. Torpaq ehtiyatlarının məhdudluğu 
şəraitində əhalinin yüksək artımı və torpaqların bir hissəsinin, zəruriyyətdən irəli gələrək, qeyri-kənd təsərrüfatı 
məqsədlərindən ötrü əkin dövriyyəsindən çıxarılması torpaqlardan səmərəli istifadə  məsələlərini və mühafizə 
problemlərini daha da kəskinləşdirir. 
Bu problemin həllində birinci yol əkin sahələrinin genişləndirilməsi, həmçinin hər hektar sahənin 
məhsuldarlığını artırmaqdan ibarətdir.  İkinci yol müasir dövrdə daha əsasdır. Onun həyata keçirilməsi 
əkinçiliyin intensivləşdirilməsi, kənd təsərrüfatı istehsalında elmi və texniki yeniliklərin geniş  tətbiqi və bu 
əsasda torpaq münbitliyinin yüksəldilməsi ilə bağlıdır.  
Yeni torpaq sahələrinin kənd təsərrüfatı istifadəsinə verilməsi də böyük əhəmiyyət kəsb edir. Son illər 
dünyanın hər yerində əkin sahələrinin fasiləsisiz genişlənməsi də bunu sübut edir. Lakin bu cür genişlənmənin 
sonu varmı və ya
 
onun imkanları nə qədərdir?  
Dünyanın bir sıra torpaqşünaslarının fikrincə, becərilən torpaqların genişləndirilməsinin planet üzrə 
potensial imkanları 2,7-3,0 mlrd, bəzi mənbələrdə isə 3,2-3,4 mlrd ha olduğu bildirilir.  
Əkin sahələrinin genişləndirilməsinin  əsas ehtiyatları tropik və subtropik vilayətlərdə ferralit qırmızı  və 
sarı-qırmızı, qəhvəyi-qırmızı və qırmızı-qonur, subtropik qəhvəyi və boz-qəhvəyi torpaqların hesabınadır. Lakin 
bu zaman rütubətli tropik meşələrin planetimizin iqlimi üçün əhəmiyyəti də yaddan çıxarılmamalıdır. 
Quru tropiklərdə müxtəlif  əkinçilik sistemlərinin tətbiqi vasitəsilə, o cümlədən, suqoruyucu 
texnologiyalardan istifadə etməklə torpaq ehtiyatlarından istifadə etmək mümkündür. 
Rütubətli subtropik meşələr zonasında, qırmızı  və sarı torpaqlarda əkin sahələrinin genişləndirilməsi 
imkanları olduqca məhduddur. Bunun səbəbləri aşağıdakılardır:  əvvəla,  bu torpaqların böyük massivləri son 
100-150 il ərzində intensiv formada mənimsənilmiş və  kənd təsərrüfatı bitkiləri altında istifadəyə verilmişdir, 
ikincisi, hazırda mövcud torpaq fondu  torpaq və suqoruyucu, ekoloji əhəmiyyət kəsb edən meşələr altındadır. 
Burada kənd təsərrüfatının inkişafı istifadə olunan torpaqların məhsuldarlığını artırmaq hesabına mümkündür. 
Bununla belə, bu zona daxilində prerilərin qırmızı-qara və rubrozem torpaqları hesabına  əkin sahələrinin 
genişləndirilməsi imkanları az da olsa vardır. Tropik və subtropik səhra və yarımsəhra zonalarının qeyri-məhdud 
torpaq sahələri yalnız su mənbələrinin tapılması və istifadəyə cəlb edilməsi hesabına mümkündür. 
Subboreal qurşaqda  əkin sahələrinin genişləndirilməsi imkanları demək olar ki, qalmamışdır. Burada 
əkinəyararlı bütün torpaq sahələrindən intensiv şəkildə istifadə olunur. 
Boreal qurşaqda torpaq sahələrinin  əkinçilikdə istifadəyə  cəlb olunması meşə  və az məhsuldar otlaqaltı 
çimli-podzol və boz meşə torpaqların mədəniləşdirilməsi və istifadəsi ilə bağlıdır. 
 Yeni torpaq sahələrinin əkin altında istifadəyə verilməsi külli miqdarda vəsait və əmək tələb edir. Lakin 
burada ən böyük problem onların istifadəsi ilə əlaqədar ekoloji riskin olmasıdır. Ona görə də dünyanın torpaq 
ehtiyatlarından istifadə təbii ehtiyatların hərtərəfli öyrənilməsini, elmi əsaslandırılmış lahiyələrin hazırlanmasını 
və ilk növbədə ekoloji prioritetlərin gözlənilməsini tələb edir. 

 
379
 
 
 
 
 
ƏDƏBİYYAT SİYAHISI 
 
1.
 
Abdullaev M.A., Aliev Dj.A. Miqraüiə iskusstvennıx i estestvennıx radionukleidov v sisteme 
poçva-rasteniə. Baku, 1988. 
2.
 
Alekperov K.A. Poçvenno-grozionnaə karta i oxrana zemelğ. M., 1980. 
3.
 
Aliev Q.A., Qasanov Ş.Q.,  İskenderov  İ.Ş., Babaev M.P., Mamedov Q.Ş. Poçvennaə karta 
Azerbaydjanskoy SSR (1:600000 m). M., 1990. 
4.
 
Aliev Q.A. Poçvı Bolğşoqo Kavkaza (Tom 2), «Glm»,1994, 430 s.   
5.
 
Aliev B.Q., Aliev İ.N. Problemı grozii v Azerbaydjane i puti ee reşeniə. Baku, 2000, 120 s.  
6.
 
Valğkov V.F., Kazeev K.Ş., Kolesnikov S.İ. Poçvovedenie. M., 2006. 
7.
 
Vernadskiy V.İ. Ximiçeskoe stroenie biosferı zemli i ee okrujeniə. Moskva, 1965. 374 s.  
8.
 
Volobuev V.R.Poçvı i klimat. Baku, 1953, 319 s. 
9.
 
Volobuev V.R. Gkoloqo-qenetiçeskiy analiz poçvennoqo pokrova Azerbaydjana. Baku, İzd-vo 
AN Az.SSR, 1962, 75 s. 
10.
 
Volobuev V.R. Gkoloqiə poçv. Baku, 1963, 259 s. 
11.
 
Volobuev V.R. Poçvennıe obhnosti i zonalğnaə struktura poçvennoqo pokrova. Poçvennıe 
kombinaüii i ix qenezis. M, Nauka, 1972, s.32-40. 
12.
 
Volobuev V.R. Mamedov Q.Ş. Karta plastiki relğefa Azerbaydjanskoy SSR (1:200000), Baku, 
1984. 
13.
 
Qavrilök F.Ə. Bonitirovka poçv. M., 1974,  
14.
 
Qasanov B.İ. O jelto-burnıx poçvax umerenno-vlajnıx subtropikov Azerbaydjana. Poçvovedenie, 
1968, №7, s. 19-25. 
15.
 
Qasanov B.İ. Burozemoobrazovanie v lesnıx poçvax Azerbaydjana. Baku, Glm, 1983, 178 s. 
16.
 
Qasanov  Ş.Q. Prirodno-qenetiçeskie osobennosti i bonitirovka poçv öqo-zapadnoqo 
Azerbaydjana. Baku, 1972, 220 s. 
17.
 
Qasanov  Ş.Q. Qenetiçeskie osobennosti i bonitirovka poçv öqo-zapadnoqo Azerbaydjana. Baku, 
«Glm», 1978, 220 s.  
18.
 
Kovalev R.V. Poçvı Lenkoranskoy oblasti. Baku: İzd. AN Az SSR, 1966, 372 s. 
19.
 
Kovda V.A. Osnovı uçeniə o poçvax. T.1, M., 1973. 447 s.  
20.
 
Mamedov Q.Ş. Aqrogkoloqiçeskie osobennosti i bonitirovka poçv Azerbaydjana. Baku, «Glm», 
1990, 172 s. 
21.
 
Mamedov Q.Ş. Gkoloqiçeskaə oüenka poçv Azerbaydjana. Baku, «Glm», 1997, 282 s. 
22.
 
Mamedov R.Q. Aqrofiziçeskie svoystva poçv Azerbaydjanskoy SSR. Baku, «Glm», 1988, 244 s. 
23.
 
Muxa V.D., Kartamışev N.İ. Aqropoçvovedenie. M., 2004. 
24.
 
Poçvovedenie. Ç.1 i 2 /pod red. V.A.Kovda i B.Q.Rozanova. M., 1988. 
25.
 
Poçvovedenie.  /pod red. İ.S.Kauriçeva. M., 1989. 
26.
 
Rozanov B.Q.Morfoloqiə poçv. M.,MQU, 1983. 
27.
 
Salaev M.G. Poçvı Maloqo Kavkaza. Baku, 1966, s. 329. 
28.
 
Salaev M.G. Diaqnostika i klassifikaüiə poçv v Azerbaydjane. Baku, 1991, 239 s. 
29.
 
Sibirüev N.M. İzbr. soç. M.: Selğxozqiz. 1953, t. 1-2.  
30.
 
Tömenüev N.F. Suhnostğ bonitirovki poçv na qenetiko-proizvodstvennoy osnove. M., Nauka, 
1975, 141 s.  
31.
 
Göbov A.A. Aqroklimatiçeskoe rayonirovanie Azerbaydjanskoy SSR. Baku, «Glm», 1968, str. 

 
380
188. 
32.
 
Göbov A.A. Bonitirovka klimata Azerbaydjanskoy SSR. Baku, 1975,    s. 148. 
33.
 
Babayev A.H. Azərbaycanın bəzi torpaq-iqlim bölgələrində torpaq proseslərinin və torpaqların 
münbitliyinin modelləşdirilməsi və proqnozlaşdırılması. Kənd təsərrüfatı elmləri doktoru alimlik 
dərəcəsi almaq üçün dissertasiyanın avtoreferatı. Bakı, 1995, 34 s. 
34.
 
Babayev M.P. Azərbaycanın təməl torpaq təsnifatının nümunəvi biomorfogenetik diaqnostikası. 
Bakı, 2001, s.40. 
35.
 
Babayev M.P., Həsənov V.N. Azərbaycan torpaqlarının müasir təsnifatı  və nomenklaturasının 
nəzəri əsasları ( metodik tövsiyə). Bakı, 2001, 32 s. 
36.
 
Babayev M.P. Azərbaycanda torpaqşünaslıq və aqrokimya elminin inkişaf tarixi, nailiyyətləri və 
perspektivləri. Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsərləri, XVI cild, Bakı, 2004.  
37.
 
Cəfərov M.İ. Torpaqşünaslıq (I hissə), Bakı, «Maarif», 1982. 221 s. 
38.
 
Cəfərov M.İ. Torpaqşünaslıqdan praktikum. Bakı, «Maarif», 1984.    
39.
 
Cəfərov M.İ.,Quliyev R.M. Torpaq fondu və ondan səmərəli istifadə. «Elm», Bakı, 1997. səh.452. 
40.
 
Cəfərov M.İ. Torpaqşünaslıq. «Elm», 2005, 460 s.  
41.
 
Əliyev A. H., Hüseynov A.Ə. Torpaq coğrafiyası. Torpaqşünaslığın əsasları ilə. Bakı, 1995. 
42.
 
Əzizov Q.Z.,Quliyev Ə.G. Azərbaycanın  şorlaşmış torpaqları, onların meliorasiyası  və 
münbitliyinin artırılması. Bakı, 1999. 
43.
 
Həsənov  Ş.G. redaktorluğu ilə Azərbaycan torpaqlarının morfo-genetik profili. Bakı, «Elm», 
2004, 203 s. 
44.
 
Məmmədov Q.Ş., Cəfərov A.B., Cəfərov F.Ç., Torpaların bonitirovkası.Bakı, «Elm», 1997. 
45.
 
Məmmədov Q.Ş. Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi. Bakı, «Elm», 1998. 
46.
 
Məmmədov Q.Ş. Azərbaycanın torpaq ehtiyatları. Bakı, «Elm», 2002, 132s. 
47.
 
Məmmədov Q.Ş. Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər. Bakı, «Elm», 
2002, 412 s. 
48.
 
Məmmədov Q.Ş., Babayev M.P., İsmayılov A.İ. Azərbaycan torpaq təsnifatının WRB sistemi ilə 
korrelyasiyası. Bakı, «Elm», 2002, 252 s.  
49.
 
Məmmədov Q.Ş. Azərbaycanın dövlət torpaq kadastrı: hüquqi, elmi və praktiki məsələləri. Bakı, 
2003. 
50.
 
Məmmədov Q.Ş., Babayev M.P., Həsənov  Ş.G. Redaktorluğu ilə Azərbaycan Dövlət torpaq 
xəritəsinin legendası. «Elm», 2003, 67 s.  
51.
 
Məmmədov Q.Ş. Azərbaycanın ekoetik problemləri: elmi, hüquqi, mənəvi aspektlər. Bakı, 
«Elm», 2004, 380 s.  
52.
 
Məmmədov Q.Ş. Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadənin sosial-iqtisadi və 
ekoloji əsasları. Bakı, «Elm», 2007, 856 s.  
53.
 
Məmmədov Q.Ş. rəhbərliyi və redaktəsi ilə Azərbaycan Respublikası torpaq atlası. Bakı, 2007, 
127 s.   
54.
 
Məmmədova S.Z. Lənkəran vilayətinin torpaq ehtiyatları  və bonitirovkası. Bakı, «Elm», 2003, 
116 s.  
55.
 
Məmmədova S.Z. Azərbaycanın Lənkəran vilayəti torpaqlarının ekoloji qiymətləndirilməsi və 
monitorinqi. Bakı, 2006, 372 s.  
56.
 
Mustafayev X.M. Torpaq eroziyası və ona qarşı mübarizə tədbirləri. Bakı, 1974, 128 s.   
 

 
381
 
 
 
MƏMMƏDOV QƏRİB ŞAMİL oğlu 
 
1947-ci il yanvar ayının 6-da Ermənistan Respublikası, Amasiya rayonunun Yeniyol kəndində anadan 
olub. Azərbaycan MEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru, professor, ölkəmizdə  və dünyada 
torpaqşünaslıq, ekologiya, təbiəti mühafizə sahəsində tanınmış alimdir. Q.Ş.Məmmədov 450-dən çox elmi 
əsərin, o cümlədən 26 monoqrafiya və kitabın, 28 metodik tövsiyə  və kitabçanın, Azərbaycanın torpaq və 
torpaqların ekoloji qiymətləndirilməsi xəritələrinin, 26 müəllif  şəhadətnaməsinin və 4 səmərələşdirici təklifin, 
Azərbaycan Respublikasının ekoloji problemlərinin sistem halında öyrənilməsi konsepsiyasının müəllifidir. 
Onun rəhbərliyi altında 40-a qədər elmlər namizədi və elmlər doktoru yetişmişdir.  
1997-ci il 25 iyul tarixindən Dövlət Torpaq Komitəsinin, 2001-ci il 18 aprel tarixindən isə Dövlət Torpaq 
və  Xəritəçəkmə Komitəsinin sədridir. 1-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı 
seçilmişdir.   
 

 
382
 
 
Qərib Məmmədov 
 
TORPAQŞÜNASLIQ VƏ  
TORPAQ COĞRAFİYASININ ƏSASLARI 
 
«Elm» nəşriyyatı 
Bakı – 2007 
 
 
 
 
 
 
 
 
 
__________________________________________ 
 
Mətbəənin direktoru: Ələkbər Məmmədov 
Çap sexinin müdiri: Elşən Cəbrayılov 
Kompüter dizaynı: Rza Səttarov 
 
 

 
383
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmişdir: 01.06.2007 
Çapa imzalanıb: 03.09.2007 
Formatı: 70x100 
1
/
16
.
 
Həcmi 41 ç.v. 
Tirajı: 3000. Qiyməti müqavilə ilə. 
 
 
 
 
 
«Təknur» MMC-nin mətbəəsində çap olunmuşdur. 
Ünvan: H.Cavid pr-ti 31. 

Document Outline

  • §47. Torpağın istilik rejimi

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin