Təşkilatçılıq qabiliyyətləri – müəllimin özünün və tələbələrin, habelə tələbə kollektivinin fəaliyyətini təşkil edib istiqamətləndirməklə bağlı qabiliyyətlərdir. Bu qabiliyyətlər pedaqoji fəaliyyət üçün çox böyük əhəmiyyətə malikdir, çünki bütöv- lükdə pedaqoji fəaliyyət təşkilatçılıq xarakteri daşıyır.
Perseptiv qabiliyyətlər – tələbənin daxili aləminə nüfuz etmək, psixi halını duymaq bacarıqlarıdır. O özündə bir neçə bacarığı birləşdirir: pedaqoji müşahidəçi- lik, başqalarının halına acımaq, pedaqoji intuisiya.
Pedaqoji müşahidəçilik tələbənin, eləcə də kollektivin zahiri əlamətləri, dav- ranışı əsasında onun daxili vəziyyəti, psixi halı, inkişafı (bilik və davranışdakı kəsir- lər, yaxud müsbət dəyişikliklər) haqqında informasiyalar əldə etmək bacarığıdır. Bu isə müəllimə öz işini düzgün qarmaqda kömək edə bilər.
Müşahidəçilik başqa bir bacarıqla – empatiya (adamları başa düşmək, onların
dərdinə şərik olmaq) bacarığı ilə sıx bağlıdır. Adamların daxili aləmini qavramaq (o cümlədən mimika ilə), onların sevinc və kədərini bölüşdürmək hər cür ünsiyyətdə, xüsusən pedaqoji ünsiyyətdə mühüm əhəmiyyət kəsb edir. Bu bacarığın tətbiqi üçün müəllim özünü tələbənin yerində qoymalı, onun maraq və qayğıları ilə bölüşməyə çalışmalıdır.
Müşahidəcilik və təcrübə insanda intuisiya qabiliyyətinin inkişafına əsas verir. Müəllimin fəaliyyətində intuisiya həm də pedaqoji fəhmdə ifadə olunur. Usta müəllim pedaqoji prosesin və ya konkret insanın inkişafının gedişini qabaqcadan duyur, buna müvafiq olaraq profilaktik tədbirlər görür.
Nəzərdən keçirilən qabiliyyətlərə mükəmməl yiyələnən müəllim düzgün ün- siyyət qurmaqla təlim-tərbiyə işində yüksək nəticələr əldə edir.
Pedaqoji qabiliyyətlər müəllimin şəxsi keyfiyyətləri ilə sıx bağlıdır.
Müəllimin şəxsi keyfiyyətləri və pedaqoji ustalığı
Müəllimin pedaqoji fəaliyyəti onun şəxsi keyfiyyətlərindən ayrılmazdır. Başqa peşə sahələrindən fərqli olaraq müəllimin şəxsiyyəti onun işinə – pedaqoji prosesə bilavasitə təsir göstərir. Müəllim, ilk növbədə öz şəxsiyyəti ilə tərbiyə edir. Buna görə də o, əsl mənada şəxsiyyət olmalı, kamil şəxsiyyət səviyyəsinə yüksəlməlidir.
Müəllimin şəxsi keyfiyyətləri çoxdur. Onları bir neçə qrupda birləşdirmək olar:
Müəllimin ideya-vətəndaşlıq keyfiyyətləri. Buraya müəllimin ideya inamı, məslək və əqidəsi, vətəndaşlıq yetkinliyi, siyasi şüurluluğu, elmi dünyagörüşü, sosial fəallığı, yüksək ziyalılığı kimi keyfiyyətlər daxildir. Müəllim yüksək əqidə, məslək sahibi, müəllim-Vətəndaş olmalıdır. O, xalqın, vətənin problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir.
Müəllimin peşə keyfiyyətləri. Buraya müəllimin dərin zehni biliklərə malik olması, yüksək ixtisas və peşə hazırlığı, pedaqoji-psixoloji və metodik ustalığı, təlim-tər- biyə işini yüksək səviyyədə həyata keçirmək bacarığı, nikbinlik, tələbkarlıq, məsuliyyət hissi, pedaqoji mərifət, tələbə psixologiyasına bələdlik, onlarla düzgün qarşılıqlı mü- nasibətlər qurmaq bacarığı, tələbələrdə tədris etdiyi elmə və seçilən ixtisasa maraq ya-
ratmaq bacarığı və s. daxildir. Müəllimin ən başlıca keyfiyyəti öz elmini dərindən bil- məsi və sevməsidir.
Təcrübə göstərir ki, sevilən fənn bir neçə dəfə tez və möhkəm mənimsənilir. Tə- ləbələrin əksəriyyətinin ümumi rəyinə görə, öz elmini dərindən bilən, sevən və böyük həvəslə tələbələrə öyrədən müəllimlərə – nüfuzlu alimlərə məşğələlərdə “bilmirəm” de- məyə adam utanır.
Pedaqoji peşəkarlıq müəllimdən bir sıra peşə keyfiyyətləri tələb edir: Ünsiyyətçilik – tələbənin daxili aləminə nüfuz etməyə imkan verir;
Özünü ələ almaq bacarığı – müəllimə öz hisslərini idarə etməyə, özünə nəzarət etməyə imkan verir;
Təkidlilik – qarşıya qoyulmuş məqsədə çatmağa, prinsipial olmağa kömək edir;
Qarşılıqlı anlaşma – müəllim və tələbə bir-birini başa düşməyəndə ünsiyyətdə soyuqluq, bəzən də münaqişə yaranır;
Qayğıkeşlik – gənclərin qəlbinə qayğı ilə yanaşdıqca onlar tərbiyəçi üçün açıq olur; yalnız özünü sevər eqoist müəllim yaxşı tərbiyəçi ola bilməz;
Nikbinlik və yumor hissi – kollektivdə nikbin, şən ovqat yaratmağa imkan verir. Bu keyfiyyətlərlə yanaşı peşəkar müəllim yeni pedaqoji təfəkkürə yiyələnməli, idrak və praktik məsələlərin həllinə yaradıcı şəkildə yanaşmağı bacarmalıdır, tələbə-
lərdə müstəqil, tənqidi, yaradıcı, dialektik təfəkkürün inkişafı qeydinə qalmalıdır.
Müəllimin şəxsi-mənəvi keyfiyyətləri. Buraya ədalətlilik, xeyirxahlıq, huma- nizm, düzlük, doğruçuluq, sadəlik, təvazökarlıq, vicdanlılıq, məsuliyyətlilik, mədəni- lik, pedaqoji etika və b. keyfiyyətlər daxildir. Müəllimin şəxsi keyfiyyətləri onun tə- lim-tərbiyə işinə təsirsiz qalmır. Yaxşı müəllim, hər şeydən əvvəl, yaxşı tərbiyəçidir, nəcib, alicənab, mədəni insandır.
Müəllimlik humanist peşədir. Tərbiyənin məqsədi – insanlıq, vasitəsi isə - insa- na qayğı, hörmət və sevgidir. Humanizm xeyirxahlıqla, ədalətliliklə, tələbkarlıqla vəhdət təşkil edir. Ədalət – pedaqoji mədəniyyətin əsasıdır: “Ədalət insan qəlbini nə- cibləşdirir, ədalətsizlik isə kobudlaşdırır, qəddarlıq doğurur” (V.A.Suxomlinski). Buna görə də ədalət ruhu hər sahədə, xüsusın pedaqoji işdə hakim olmalıdır.
Müəllim əxlaqi saflıq nümunəsi olmalıdır, çünki bunsuz tərbiyəçi kimi fəaliyyət göstərməyə onun mənəvi haqqı çatmaz. Əxlaqi cəhətdən səbatsız insana gənc nəslin tərbiyəsi kimi çox məsuliyyətli işi tapşırmaq olmaz, çünki müəllim özündə olmayan keyfiyyətləri başqalarına verə bilməz. Buna görə də müəllim tərbiyə işinə özündən başlamalı, müntəzəm olaraq özünütərbiyə ilə məşğul olmalıdır. Müəllim yüksək mə- dəniyyəti və mənəviyyatı ilə gəncləri nəcib şəxsiyyətlər kimi yetişdirə bilər. O, özün- də zahiri və daxili mədəniyyəti, müsbət əxlaqi keyfiyyətləri (düzlük, doğruçuluq, sadəlik, xeyirxahlıq və b.) cəmləşdirməli, kamil şəxsiyyət olmalıdır.
Müəllimin iradi-emosional keyfiyyətləri. Pedaqoji fəaliyyətin və ünsiyyətin səmərəsi müəllimin iradi-emosional keyfiyyətlərindən də çox asılıdır. Müəllim ira- dəli, səbrli, təmkinli olmalı, öz hissi-emosional halını idarə etməyi bacarmalıdır. Müxtəlif xarakterli, müxtəlif səviyyəli tələbələrlə işləmək nə qədər çətin olsa da müəllim öz hisslərinə, danışığına, hərəkətlərinə nəzarət etməli, hər şeydən ötrü əsəbi- ləşib özündən çıxmamalıdır. Əsəbilik, hay-küy, qışqırıq, hədə-qorxu, cəza müəllimin pedaqoji səriştəsizliyinin göstəricisidir: qışqırıq, hay-küy olan yerdə kobudluq, anlaşılmazlıq, emosional gönüqalınlıq olur. Kobudluq kobudluq doğurur.
Müəllim üçün vacib keyfiyyətlərdən biri də tələbələr yanında nüfuza malik olma- sıdır. Dərin bilik, mədənilik və mənəviyyat nümunəsi olan müəllimin nüfuzu da yüksək olur. Nüfuzu qazanmaq çətin, itirmək isə asandır: yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər. Buna görə də hər bir müəllim sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşmalı, öz nüfuzunun keşiyində durmalıdır.
Dostları ilə paylaş: |