Sizə isə yoldaş Mişina, afərin!
Düşmənlə mübarizədə sayıqlıq çox mühüm silahdır! Təəssüf ki, bunu heç də hamı başa düşmür.
Sayıqlıq və ayıqlıq. Ayıqlıq və sayıqlıq! Çünki düşmənin hər yerdə gözləri və qulaqları var. Siz
heç təsəvvür edə bilməzsiniz onun gözləri, qulaqları necə itidir!
– Deməli, mən on gündən sonra gəlim? – Lida I hissə rəisinin sözünü kəsib soruşur. – Dəqiq,
ayın neçəsində?
– Əbəs yerə vaxtı uzatmaq nəyə lazım? – Sənədlərinizin hamısı qaydasındadır. Layihə rəisi
razılığını verib, elə bu gündən işə 7 3başlayın. – Rəis onları qapıyadək ötürür. – Ancaq yoldaşlar,
sizin hamınızdan rica edirəm, şüşələr məsələsindəki anlaşılmazlıq barədə heç kəsə bir kəlmə də
söz deməyin. Başlayacaqlar küncdəbucaqda xosunlaşmağa. Ölkə üçün indiki ağır şəraitdə isə
lüzumsuz söz-söhbət işə yalnız ziyan vura bilər. Sözümüz sözdür?! – Son sözləri rəis əvvəlki
nəsihətcil, ağayana əda ilə söyləyir.
Tehran. Küçələrdə atışma səsləri kəsilir. İran ordusunun əsgərləri Almaniya səfirinin maşınını bir
neçə dəfə saxlayıb, sənədləri yoxlayırlar. Şəhər kənarındakı kiçik aerodromda səfirin “Mersedes”
i və onu müşayiət edən maşınlar sürətlərini azaltmadan uçuş meydançasına – zəif işıqlandırılan
yeganə uçuş zolağına çatıb, artıq motorları işə salınmış bombardmançı təyyarənin yanında
dayanırlar.
– Sabah şah taxt-tacdan imtina edəcək, – deyə səfir dillənir.
– İranda oyunu uduzduq, ancaq Allah bilir ki, Bunda mənim günahım yoxdur.
– Berlində uğurla yerə enmənizi arzulayıram, – deyə Şults təyyarənin pilləkəni yanında səfirin
əlini sıxır. – Hər şey başqa cür ola bilərdi, əgər... – o, səfirin narahat halda mühafizə dəstəsi
zabitinə tərəf boylandığını görüb susur. – Mən bir-iki gün Pəhləvidə ləngiyəcəyəm.
Orada işlərimi görüb qurtarmalıyam, həm də bəzi “borclarım” var, onları qaytarmalıyam.
58
Şults hərbi-dəniz bazasındakı zabit kafesində, bomboş bar piştaxtası qarşısındakı hündür kətildə
– vaxtilə Fərzaninin oturduğu yerdə əyləşib. Reproduktordan təxliyə komandaları eşidilir,
qulluqçular adbaad çağırırlar.
– Bu bütün günü işləyir? – o, reproduktora işarə ilə soruşur.
– Gecə-gündüz, – deyə barmen təsdiqləyir.
Şults telefon dəstəyini qaldırır:
– Danışan Şultsdur. 2-ci şöbədən kapitan Krankeni göndərin.
Sonra barmenə müraciətlə:
– Bir stəkan konyak süz, – deyir.
– Üzr istəyirəm, cənab polkovnik, hər şeyi yığıb qablaşdırmışıq.
Şərab təklif edə bilərəm, indicə bir qutu şampan gətiriblər.
Şults şampandan qurtum-qurtum alaraq, nə barədəsə ciddi düşünür. Fərzani ilə birlikdə bazaya
gəldiyi günün bütün anlarını bircə-bircə gözü önündə canlandırır. “Yuxulamış” Fərzaninin üzü-
74 nün ifadəsi, bardakı içkilərin çeşidi barədə deyilənlər – bütün bunlar Səbanın-Şultsun gözü
qarşısında kino lenti kimi keçir.
Rabitə zabiti iti addımlarla kafeyə girir.
– Hayl Hitler!
Şults döş cibindən bloknotunu çıxarır, nə isə yazıb, vərəqi cıraraq zabitə uzadır:
– Bu telefonla bütün danışıqları izləyin.
Kapitan qeyri-ixtiyari əlini uzadıb, vərəqi alır, ancaq üzündə heyrət ifadəsi görünür.
– Mənim şöbəm üç saatdan sonra təxliyə olunmaq barədə əmr almışdır, – cəld saatına baxıb
düzəliş verir: – İki saat qırx beş dəqiqədən sonra.
– Əmr ləğv olunur. Siz və sizin adamlar ləngiməli olacaqsınız.
Biz hamımız iki gündən sonra birlikdə uçacağıq.
Tehran. Əmiraslanovun maşını İran kəşfiyyat idarəsinin binasına yaxınlaşır. Əmiraslanov
kabinetlərdən birinə daxil olur.
– Siz İran Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsini tutursunuz.
Özünüz də ciddi-cəhdlə inandırmağa çalışırsınız ki, Şults “Mersedes- Benz”in Tehran filialına
başçılıq edirmiş və başqa heç nə ilə məşğul olmurmuş? Mən də sizə inanmalıyam, eləmi? –
əynində sovet forması olan cavan müstəntiq soruşur.
59
– Sizin inanıb-inanmamağınız məni az maraqlandırır. Mən sizin bir neçə sualınıza yalnız və
yalnız nəzakət xatirinə cavab verməyə razı oldum. Mən əsir deyiləm, siz də istintaq aparmırsınız.
Sizin qoşunlar buraya müqaviləyə uyğun olaraq gəliblər və müvəqqəti qalacaqlar. Xahiş edirəm,
bunu unutmayasınız. Bu gün səhər əlahəzrət Rza şah Pəhləvi İran taxtına çıxıb. Allah onun
köməyində dursun. Mən də ən yüksək rütbəli zabit kimi yalnız onun qarşısında hesabat
verməliyəm, – iranlı bu sözləri xüsusi təkəbbürlə söyləyir.
Əmiraslanov söhbətə müdaxilə edir:
– Əlahəzrət İran şahı hələ çox gənc və təcrübəsizdir. Taxta çıxdığı ilk gündən onu çirkin işlərə
qatmağa dəyərmi?
O, hələ də qapının qabağında durub. İranlı geri çevrilib, əynində mülki geyim olan bu naməlum
şəxsə sınayıcı nəzərlərlə baxır.
Əmiraslanov stola yaxınlaşır:
– İndi siz mənimlə razılaşacaqsınız ki, onu bu işlərə qatmağa dəyməz.
O, iranlının qarşısına bir şəkil qoyur:
– Bu şəxs – Britaniya səfirliyinin birinci müşaviri Aleksander Uolter, rəsmi məlumata görə iki il
əvvəl dənizdə çimərkən suda batmışdır. Ancaq məlum olur ki, batmayıbmış. Budur, baxın: onu –
Aleksandr Uolteri çılpaq, işgəncələrə məruz qalmış halda qollarını burub, tavandan asmışlar. Bəs
aşağıda dayanan kimdir?.. Bağışlayın, mən unutdum ki, siz yalnız İran şahının suallarına cavab
verirsiniz.
Buna görə də suala özüm cavab verəcəyəm. Bu sizsiniz. Yad ölkə səfirliyinin müşavirini ən ağır
işgəncələr verməklə dindirirsiniz.
Yəqin artıq başa düşdünüz ki, şəkil Şultsun əmri ilə çəkilmişdir.
İranlı qaşqabaqlı halda başı ilə təsdiq edir.
– Peşəkarla işləmək olduqca xoşdur: hər şeyi dərhal başa düşür, – deyə Əmiraslanov təqdiredici
tərzdə dillənir. – Odur ki, sizə bir təklifim, daha doğrusu, məsləhətim var. Sizə məsləhət
görürəm, mənim suallarıma cavab verərkən özünüzdən asılı olan hər şeyi edin ki, sizə etibar
eləyim, daha yaxşı olar ki, özünüzə qarşı rəğbət oyadasınız. Əgər məndə belə qənaət hasil olsa
ki, lazım olan bütün məsələləri vicdanla və düzgün danışmamısınız, dindirmədən dərhal sonra
əmr edəcəyəm sizi həbs etsinlər və siz bu həftə beynəlxalq tribunal qarşısında cavab
verəcəksiniz. Bəlkə də məhkəmədə siz hakimləri inandıra biləcəksiniz ki, cinayətləri keçmiş
şahın əmri ilə törətmisiniz. Belə olsa, bir neçə illik katorqa cəzası ilə yaxanızı qurtararsınız.
– Şirnikdirici təklifdir, – iranlı istehza ilə qımışır. – Bəs əgər cavab verməkdən imtina etsəm
necə?
– Pəncərəyə yaxınlaşın. Yaxınlaşın, yaxınlaşın... Küçədə nə görürsünüz?
– Əsgərləri.
– Hansı əsgərləri?
60
– Sovet, ingilis.
– Hə, deməli belə, əgər siz məndə rəğbət oyatmasanız, mən ikinci, yenə də qanuni yolu
seçəcəyəm. Özü də bunu, təkrar edirəm, dərhal həyata keçirəcəyəm. Bu şəkli də, o biriləri də
rastıma çıxan ilk ingilis patruluna verib xahiş edəcəyəm ki, sizi buradan üç məhəllə aralıda
yerləşən Britaniya səfirliyinə aparsınlar. Sizcə, sonra nə olacaq? Yəqin elə bilirsiniz ki, sizi
güllələyəcəklər?
Çətin. Çox güman ki, sizi asarlar. Və məncə, bu, çox ədalətli olar.
Beləliklə, birinci sualımız: Şults haradadır?
– Pəhləvidə. – İranlı əlüstü cavab verir.
– Pəhləvidə deyil, mənə deyiblər ki, o, Tehranda gizlənir. Məni inandırın ki, Pəhləvidədir.
– Dünən gecə o, Almaniya səfiri ilə bir yerdə Tehrandan alman hərbi aerodromuna getdi. Hətta
ən inanılmış adamlara da xəbər verilmişdi ki, Şults Berlinə uçur. Səfirin təyyarəsi havaya
qalxdıqdan doqquz dəqiqə sonra Şults təyyarə ilə Pəhləviyə uçmuşdur. Bu gün səhər hələ orada
idi. Şübhə etməyə bilərsiniz.
Bakı yaxınlığında kimsəsiz dəniz sahili. Kiçik Duvannı buxtası.
Onun cizgiləri də Bakı buxtasını xatırladır. Bura da alçaq təpəliklərlə dövrələnib. Ətrafda
insanların olduğunu göstərən yeganə əlamət yığma evciklər və hərbçilərin çadırlarıdır. Rabitəçi
əsgərlərlə elektriklər göz işlədikcə uzanan bu sahildə qızğın iş görür, planla tutuşduraraq,
torpağın üstü ilə kabellər çəkirlər. Həmin kabellərdən müəyyən məsafələrdə naqillər ayrılır.
Onların üzərinə lampalar bərkidilib. Bütün maili sahil və ona bitişik təpələrin yamacları artıq
hörümçək toru kimi naqillərlə örtülüb. Axşamüstü mühafizəçilərin müşayiəti ilə Bağırovun
maşını yaxınlaşır.
Bir polkovnik işləyənlərdən ayrılıb Bağırova raport verir:
– Bütün işləri başa çatdırmışıq. Qaranlıq düşən kimi işə sala bilərik!
– İşi müəyyən edilmiş vaxtda başa çatdırmağınız öz-özlüyündə çox yaxşıdır. Buna görə sağ olun.
Mənzərə yetərincə inandırıcı təsir bağışlayır, – o, saatına baxır. – Təxminən qırx dəqiqədən sonra
hava qaralmağa başlayacaq. Baxaq, görək bütün bunlar gecə nə cür görünəcək. Bəs layihə
müəllifi nə fikirdədir? – Bağırov özü ilə bir maşında gəlmiş Əlövsət Rəhimova müraciət edir.
– Deyəsən, bütün işlər plana müvafiq qaydada görülüb, yoldaş Bağırov, – deyə Rəhimov sözə
başlayır. – Buna görə də ümid edə bilərik ki, istədiyimiz effekti əldə edəcəyik. İndi tədbirin
uğuru bizim onu sirr kimi saxlayıb-saxlaya bilməyəcəyimizdən asılıdır.
Bu, birincisi. İkincisi isə, bundan heç də az əhəmiyyətli olmayan cəhət Bakıda işıq
“maskalanmasını” tam təmin etməkdir.
Bağırov onları qarşılayanlardan birinə – yəqin ki, obyektin mühafizəsi üçün məsul olan şəxsə
sarı dönür. O, izahat verir.
61
– Yaxınlıqda heç bir yaşayış məntəqəsinin olmaması işimizi xeyli asanlaşdırdı. Bu obyektin
bütün ərazisi çox etibarlı mühafizə 77 olunur. Bakıda işıq “maskalanmasına” gəldikdə isə, bu
sahədə işlər hələlik qənaətbəxş deyil, yoldaş Bağırov, daha doğrusu, pisdir.
Şüursuz vətəndaşlar tərəfindən maskalanma rejiminin çoxsaylı, daha dəqiq desək, kütləvi surətdə
pozulması halları özünü göstərir.
– Dəqiq müəyyən edilmiş vaxtda tam qaranlıq gərəkdir, – Bağırov qaşqabaqlı halda dillənir. –
Yaxın bir neçə gün ərzində buna nail olmaq zəruridir. Nə təklifiniz var?
– Ən etibarlı variant qaranlıq düşəndən ta səhərədək elektrik enerjisini kəsməkdir.
– Bu, həqiqətən çox etibarlı üsuldur, afərin! – Bağırov vəcdlə dillənir. – Yaman yaxşı
fikirləşmisən. Əcəbdir! Deməli, ağır iş günündən sonra evə dönən adamlar qaranlıqda
oturmalıdır? Və sən heç bir başqa çıxış yolu görmürsən, eləmi?
– Dəfələrlə radio ilə müraciət etmişik, qəzetlərdə yazmışıq, bütün müəssisələrdə izahat işi
aparmışıq. Heç bir köməyi yoxdur, – mühafizə üçün məsul olan şəxs pörtmüş halda özünə bəraət
qazandırır – hər gecə yüzlərcə qanunu pozma halları olur. Bunu kimin qəsdən, kiminsə təsadüfən
etdiyini müəyyənləşdirmək qətiyyən mümkün deyil. Yeganə çıxış yolu ciddiliyi bir az da
artırmaqdır.
Əks təqdirdə layihənin uğuru təhlükə altında qalacaq.
– Ciddiliyi artırmaq nə deməkdir?
– Yəni misal üçün, birinci dəfə cərimə, ikinci dəfə isə... məhkəməyə də vermək olar! Müharibə
dövrünün qanunları belə tələb edir.
Bağırov cavab verməyə macal tapmır. Arıq bir yabının tərkində on-on iki yaşlı bir oğlan uşağı
yaxınlaşır.
– Burada Bağırov kimdir?
– Mənəm.
– Sizi telefona çağırırlar.
– Kim?
– Ya Əmir Aslanovdur, ya da Aslan Əmirov. Başa düşmədim ciddi danışır, yoxsa zarafat edir.
Elə bil qulağımın dibində danışır, amma deyir ki, Tehrandan zəng vururam. Guya sərhədin o
tayından bizə zəng etmək olar! O, zarafat eləyir?
– Məncə, yox. Şəxsən mən Əmiraslanovun zarafat etdiyini görməmişəm, – deyə Bağırov cavab
verir. – Bəs o dediyin telefon haradadır?
– Bizim budkada. Buradan 3 km aralıda. Odey...
– Məgər sən burada işləyirsən? – Bağırov təəccüblə soruşur.
– Yox. Anam işləyir. Mən isə elə-belə yaşayıram burda, həm də kömək eləyirəm anama.
62
– Keşikçi budkasında yaşayırsan?
– Hə də. Ona izah elədim ki, keşikçi evdə yoxdur, rəisləri qarşılamağa çağırıblar. Mənə də əmr
olunub ki, evdə oturum. O isə elə dediyini deyir.
– Bəs atan haradadır?
– Cəbhədə, – oğlan dalğın halda cavab verib, bir anlıq fikrə gedir. Əgər Tehran məsələsində
zarafat eləmirsə, bəlkə fanarı da doğrudan vəd edib?! Nə bilmək olar! – deyə balaca keşikçi
fikrinə gələni dilinə gətirir. – Həmin o Əmirov...
– Əmiraslanov, – deyə Bağırov düzəliş verir, – hər ehtimala qarşı onun adını yadında saxla. Hə,
fanar barədə sənə nə dedi?
– Mən budkadan çıxmaq istəməyəndə, məni dilə tutdu. Əvvəl bir az söyüb-söyləndi, sonra söz
verdi ki, mənə elektrik fanarı bağışlayacaq. Dedi ki, əgər mənə inanmırsansa, Bağırovu tap. O ki,
Tehranda deyil, haradasa budkanın yaxınlığındadır. Tapan kimi sənə o saat fanar da verəcək,
üstəlik isti bublik də. Xahiş elədi çatdırım ki, on beş dəqiqədən sonra bir də zəng vuracaq. Sizcə,
o düz deyib, zarafat eləməyib mənimlə?
Bağırov başı ilə təsdiq edir. Ətrafdakıların adət etmədiyi qəribə bir təbəssümlə gülümsəyərək,
atdan düşməyən oğlanın yanından ötüb, maşına yaxınlaşır.
– Bəlkə buradan gedənəcən fanar tapa bilərik? – O, konkret heç kəsə müraciət etmədən soruşur.
Əlövsət Rəhimov cibindən öz fanarını çıxarır:
– Götür! – deyə Bağırov oğlana müraciət edir. – Amma bubliki borclu qalıram sənə.
– Bublik nə olan şeydir? – Balaca keşikçi batareyaların güclü işığını heyranlıqla seyr edir. Bu,
müharibə dövrü hələm-hələm ələ düşən şey deyil. – Görəsən, niyə o, isti olur?
Əbülfəz səkkiz övladının hamısını yanına salıb, şəhər “tolkuçka” sına – “kubinka”ya girir.
Xırda-xuruş satan təkgöz kişi ilə salamlaşıb, Davudu tapmasını xahiş edir. Tariyel gəlincə
Əbülfəz təkköz qasidin girdiyi evin eyvanının altında kölgəlik tapıb, yeşiyin 79 üstündə əyləşir
və gözünü qıyaraq, “kubinka”nın qaynar həyatına tamaşa edir. “Qasid” qayıdana qədər o, cəmi
iki dəfə ətrafa marağını büruzə verir. Birinci dəfə onun yanından: “Tərtəmiz təmizləyir, par-par
parıldadır! Potaş! Potaş! İstəyirsən ağları yu, istəyirsən ya evdə çim, ya dənizdə. Tərtəmiz,
köpüksüz, canınız üçün zərərsiz!” – deyə fil kimi böyürən bir qoca keçir. Reklam etdiyi
məhsullar qabağınca sürdüyü arabacıqdadır. “Sinka, istiot, soda, sinka, istiot, soda!” – Sabun
var? – Əbülfəz pıçıltı ilə soruşur.
– Nə sabun? Sabun nə gəzir? – deyə bayaqdan fil kimi böyürən kişi normal adam səsi ilə cavab
verir. – Potaş al. Sabun olmayacaq.
Müharibə qurtarınca sabundan gözünü çək!
– Bəs birdən olsa, burada onu neçəyə satardılar?
63
– Bir milyona! İki milyona, üç milyona! On manat alıb sabunu iyləməyə vermək olar! Şəxsən
mən özüm 50 manat verməyə razıyam, – qoca coşub, bayaqkı kimi, uca səslə çığırır. – Sən bircə
sabunu göstər!
– Tapsam, göstərərəm. İstəyirsən iylə, istəyirsən dişlə – özü də havayı.
Həmsöhbətinin adamı əsəbiləşdirən ədalarına baxmayaraq, Əbülfəz apardığı kommersiya
kəşfiyyatının nəticələrindən razı qalır.
– Bilsəydin ki, səni bu gün kim gözləyirdi, indi oturub zarafat etməzdin! – Qoca təzədən adam
səsinə keçib, məşum pıçıltı ilə xəbər verir və arabacığını sürüb uzaqlaşır.
Acıdil qocanın bu düşük “nömrəsi” Əbülfəzin əhvalını korlamasa da, ancaq hər halda, izsiz də
keçmədi. Çünki bir-iki dəqiqədən sonra səkkiz dənə taxtalı “xoruz” konfeti alanda Əbülfəz
qiyməti saldırmaqçün adətinin ziddinə olaraq, çənə-boğaz eləməyi unutdu. Yalnız “xoruz”ları
uşaqlara paylayandan sonra ağızucu:
– Diri xoruz bundan ucuzdur. Camaatda insaf-mürvət qalmayıb!
Davud özünü yetirdi. Cəld Əbülfəzi darvaza arxasına çəkib, tez-tez küçəyə boylana-boylana
portfeli açdı. Əbülfəzə elə gəldi ki, altı tikə sabunu görəndə Davudun gözləri işıldadı. Əbülfəz
pulları sayıb, təzədən dinməzcə əlini açdı.
– Nədir, azdır? – Davud heyrətləndi.
– Axmaq-axmaq suallar vermə, – sən ki, ağıllı adamsan, – deyə Əbülfəz quru tərzdə cavab verdi.
Hər iki tərəf üçün qarşılıqlı faydalı mübadilə başa çatandan sonra Davud soruşdu:
– Bəs sən deyirdin az qala iki çamadan gətirəcəksən?
– Gətirəcəyəm. Hər şey hazırdır, ancaq çox qiymətli bir maddə var, onsuz sabun bişirmək olmaz.
Zəhrimar yaman bahadır! Gərək onu tapaq.
– Adını de, bəlkə mən tapdım?!
– Bağışla, qədeş, deyə bilmərəm, – Əbülfəz yazıq-yazıq dodaqlarını büzüb cavab verdi. – Eşidib-
bilsələr ki, sirri açmışam, dərimə saman təpərlər. Sən o adamları tanımırsan.
Kol-kosu, otları saralıb-solmuş çöllük.
Neftdaşıma limanına çevrilmiş yük limanının ətrafı. Boş qalmış saysız-hesabsız anbarlar. Bu
liman indi dəniz yolu ilə yanacaq göndərilməsi üçün yükboşaltma məntəqəsinə çevrilmişdir.
Dolu sisternlərdən ibarət qatarlar gətirdikləri mayeni tankerlərin anbarlarına boşaltmaq üçün
limana yaxınlaşır. Uzaqdan baxana elə gəlir ki, Əbülfəzlə onun uşaqları göbələk yığırlar.
Əbülfəz kibrit qutusunun yarısı boyda ağ qəlpəni uşaqlara göstərir:
– Görürsünüz, bu kaustik sodadır. Görsəniz ki, yaşdır, özünüz əl vurmayın, o saat məni çağırın.
Yaş əllə ona toxunmaq olmaz, barmaqlarınızı yandırar. İndi biz bir-birimizə mane olmamaq
üçün ayrılıq, yavaş-yavaş dəmiryoluna tərəf gedək, bax, o platformanı görürsünüz? Hamımız
orada görüşəcəyik. Diqqətlə axtarın, orabura fikriniz yayınmasın. Bir azdan hava qaralacaq,
64
gərək o vaxtacan iki kilo soda yığaq. Daha indi sirr də olsa, demişəm sizə, bu sodadan babanız
üçün çox vacib bir dərman düzəldirlər. Əgər istəmirsinizsə babanız vaxtından əvvəl ölsün, gərək
var qüvvənizlə çalışasınız. Kim hamıdan çox yığsa, deməli, babasını lap çox istəyir.
Kim bu qabı doldursa, babasını çox sevdiyinə görə ona yarım banka şirin süd düşür, az yığana
isə yarım qutu yumurta paraşoku.
Əbülfəz alaq otları və zirzibilin arasında adda-budda gözünə sataşan kaustik soda parçalarını
əyilib yerdən yığa-yığa anbarların arası ilə irəliləyir. Qəflətən anbarlardan birinin yarıaçıq
qapısına gözü sataşır. Boylanıb baxır, orada əyinlərində yağa-neftə bulaşmış kombinezon olan
iki nəfər liman fəhləsinin hansısa kiçicik bir cihaza naqil birləşdirdiyini görür. Yanlarındaca –
döşəmədə təzəcə qazılmış 81 bir çala var. Əbülfəz alnını qırışdırıb, onların nə iş gördüyünü
anlamağa çalışır. Bu zaman fəhlələrdən biri cihazın açarını burur və həmin anda limanda
qüvvətli partlayış gurlayır. Əbülfəz qorxmuş halda üzüquyulu özünü torpağın üstünə atır. Ancaq
görünür, uşaqları xatırlayıb dərhal yerindən sıçrayır. Onların yanına qaçmaq istəyir, lakin
qəflətən beyninə nə fikir gəlirsə, bir anlıq dayanıb, sonra üzərində dəmirbarmaqlıqlı xırdaca
nəfəslik olan metal qapının cəftəsini vurur. Bir kənarda atılıb qalmış paslı arabanı zor-bəla ilə
yerindən qaldırıb, qapının ağzına aparır. Sonra atalıq instinktinin təsiri altında balalarını
axtarmağa yüyürür. Onları sağ-salamat görüb, yaxınlıqdakı anbar tikililərindən birinə yığır və
sakitcə oturmalarını tapşırır. Vəd edir ki, sözə baxsalar, hərəsinə bir banka şirin süd verəcək.
– Bu da sizə pendir-çörək. Bu saat qayıdıram. Kim başını bayıra çıxarsa, mənə deyərsiniz. Onun
südünü də sizə verərəm.
Əbülfəz ucadan fit çala-çala bağladığı qapıya tərəf qayıdır.
O yaxınlaşan kimi qapının arxasında səs-səmir kəsilir. Əbülfəz yarıuçulmuş səkinin üstündə
oturur. Tələsmədən portfelindən pendirçörək, pomidor və soğan çıxarır. Baş soğanı yumruğu ilə
əzib, liman tərəfdən eşidilən hay-küyə əhəmiyyət vermədən yeməyə başlayır.
– Ey, ay kişi! – Qapının arxasından onu səsləyirlər, – Qapını sən bağlamısan?
– Ağıllı adamsan, ancaq çox axmaq sual verirsən, – deyə Əbülfəz tələsmədən yeməyini çeynəyib
udduqdan sonra cavab verir.
– Sən də ağıllı ol, bizi buradan burax. Peşman olmazsan!
– Mən burada təsadüfi adamam, yoldan keçənəm. Nə bilim, sizi buraxmaq olar, ya yox. Bir az
gözləyək, işçilərdən biri gələr, məsləhət bilsə, sizi buraxar.
– Onda gec olacaq! Sən gəl aç qapını, biz tələsirik. Nə dilbilməz adamsan!
– Dilbilməz niyə oluram? – Əbülfəz inciyir. – Nə qədər ki, limanda camaat bir-birinə dəyib, siz
də özünüzü ora yetirmək istəyirsiniz.
Qorxursunuz kimsə bilər ki, ikiniz birlikdə harayasa əkilibsiniz.
Anasının əmcəyini kəsən adam o qədərdi ki...
– Bəs onda burax da... Bizim işimizin pis olmağından sənə nə fayda? Ancaq kömək eləsən,
xəcalətindən çıxarıq. Atamın qəbrinə and olsun, ömrünün axırınacan tək özünə yox, bütün ailənə
bəs edər. Tez ol!
65
– Bilirsən, pul yaxşı şeydir! – Əbülfəz ah çəkir. – Ürəkdən təklif edəndə adam boyun qaçırmaq
istəmir... Ver gəlsin.
– Hərif özünsən, əvvəl burax, sonra pulu al.
– Məsləhət sizindir, – Əbülfəz yerindən tərpənmir.
Qısa məşvərətdən sonra nəfəsliyin barmaqlığı arasından bir əl uzanıb, pul bükülüsünü çölə atır.
Əbülfəz iməkləyə-iməkləyə cəld pulları qapıb, dərhal sayır.
– Elə bu? – deyə istehza ilə soruşur.
– Üstümüzdə bundan artıq yoxdur. Buraxarsan, ondan yüzqat artıq verərik! Cəld ol, vaxt keçir! Dostları ilə paylaş: |