Göz almasının quruluşu. Göz alması 3 qişadan ibarətdir:
1) xarici qişa 2) orta damarlı qişa 3) damarlı torlu qişa.
Xarici qişa öz möhkəmliyinə görə göz almasına müəyyən bir forma verir, onun daxili qişalarını xarici mühitin təsirindən qoruyur. Bu qişa öz növbəsində buynuz qişa və ağlı qişadan ibarətdir. Buynuz qişa göz almasının ön tərəfində yerləşib xarici qişanın 1/6 hissəsini təşkil edir. Buynuz qişa şəffaf olub bir qədər önə doğru qabarıqdır, şaqulu və üfüqü meridianları 10-12 mm-ə bərabərdir. Normal buynuz qişa damarsızdır bu da onun şəffaflığını təmin edir. Buynuz qişa öz quruluşuna görə yüksək şüasındırma qabiliyyətinə malikdir və göz önündə pəncərə vəzifəsini yerini yetirir. Buynuz qişanın şüasındırma qabiliyyəti 40-44 D-dir. O eyni zamanda müdafiə funksiyasına da malikdir. Buynuz qişa daima gözyaşı ilə nəmlənir, odur ki, səthi olduqca hamar və parlaqdır. Buynuz qişanın sinir lifləri nəinki onun həssaslığını təmin edir, həm də maddələr mübadiləsini də tənzimləyir. Göz yarığı açıq olduqda buynuz qişanın temperaturu 18-20 dərəcədir. Buynuz qişanın böyüməsi onun nazikləşməsi hesabına baş verir. Buynuz qişanınn ön səthinin qabarıqlığı getdikcə azalır və buna müvafiq olaraq şüşəsındırma qabiliyyəti də azalır. Arxada buynuz qişa qeyri şəffaf hissə olan ağlı qişaya keçir. Bu iki hissə arasında yarı şəffaf haşiyə əmələ gətirir ki, buna da buynuz qişanın haşiyəsi deyilir. O cəmi 1 mm enindədir. Ağlı qişa birləşdirici toxumadan ibarət olub, ağ rəngdədir, əsas hissəsi göz yuvasının içərisində yerləşir, öndə buynuz qişanın yan tərəflərində üçbucaq şəklində görünür.