Surdopedaqogika: Kar uşaqların təlimində taktil–vibrasiya duyğularından çox böyük uğurla istifadə edilə bilər və onlardan istifadə sözlü nitqin anlaşıqlı olmasına təsir edə bilər. Təlim prosesində eşitmə qalığının iunkişaf etdirilməsi ilə eyni vaxtda taktil – vibrasiya duyğularının fəallaşdırılması üzərində iş kar uşaqların sözlü nitqinin formalaşdırılmasında böyük əhəmiyyət daşıyır. Lakin bunu da demək lazımdır ki, kar uşaqların sözlü nitqinin formalaşdırılması üzrə pedaqoji prosesi təkcə taktil – vibrasiya duyğu və qavrayışlarının inkişaf etdirilməsi üzərində qurmaq olmaz. Müasir dövrdə texnikanın sürətlə inkişafı və aparılan texniki eksperementlər duyğulardan (görmə, hərəkət, eşitmə qalığı və taktil – vibrasiya) kompleks şəkildə istifadə etməklə kar uşağın nitqini formalaşdırmağa və inkişaf etdirməyə nail olmaq mümkündür. Yalnız nitq duyğu və qavrayışların differensasiyasına, dərinləşməsinə və dəqiqləşdirilməsinə imkan yaradır.
İnsanın həyat fəaliyyətində və psixi inkişafında görmənin rolu
İnikasın ən ali forması yalnız insana məxsusdur. Məhz göz insana ətraf aləmi elə forma və məzmunda əks etdirməyə imkan verir ki, o, əşya və hadisələrin mahiyyətini, onlar arasında obyektiv əlaqə və münasibətlərin qanunauyğunluqlarını dərk edə bilsin. Ətraf aləmin hissi əks edilməsində görmə xüsusi rol oynayır. İnsan gözünün imkanları praktiki olaraq çox genişdir. Buna görə də o, dərk etmə və praktik fəaliyyət üçün çox böyük məna kəsb edir. Görmənin bu və ya digər dərəcədə itirilməsi psixi inkişafın gedişinə mənfi təsir göstərir və çatışmazlıqlara gətirib çıxarır. Başqa sözlə desək, görmənin pozulması təkcə sensor (görmə) çatışmazlığına deyil, həm də emosional, sosial çatışmazlıqlara da səbəb olur. Tam və ya qismən itirilmiş görmə həmçinin fiziki çatışmazlıqları, məkanda bələdləşmə hərəkət məhdudluğu kimi çatışmazlıqların yaranmasını da şərtləndirir. Az hərəkətlilik, yerişin, qamətin, hərəkət aktivliyinin pozulmasına, daxili orqanların disfunksiyasına gətirib çıxarır. Tiflopsixologiya və tiflopedaqogikada görmə qüsurlarını: kor, sonradan korlaşan və zəif görən uşaqlar kimi təsnif edirlər. Korluq və ya görmənin tam itirilməsi zamanı görmə ilə ətraf aləmin dərk edilməsi qeyri mümkün olur. Psixikanın inkişafı üçün korluğun baş vermə zamanı böyük rol oynayır. Zamana görə anadankor doğulmuşlara və korlaşanlara ayrılırlar. Birinci qrupa görməni nitqin inkişafından öncə, yəni 3 yaşına qədər itirmişlər və görmə təsəvvürləri olmayanlar, ikinci qrupa isə həyatın müəyyən mərhələsində korlaşmış və görmə təsəvvürlərini hafizələrində bu və ya digər dərəcədə mühafizə edib saxlamış şəxslər aid edilirlər. Zəif görmə normal görmə ilə korluq arasında aralıq vəziyyətdir. Buna görə də zəif görənlər psixi fəaliyyətin bir çox hallarında praktik olaraq normadan fərqlənmirlər.