Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə26/34
tarix02.12.2016
ölçüsü3,51 Mb.
#622
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

1914 

 

Bazar ertəsi, 6 yanvar. ...Saat onda Hüseynlə “Auditori-



ya”dan çıxdıq. Tində Rzaya rast gəldik. Bu görüş çox gözlə-

nilmədən oldu, çünki biz məktəbdəki tətil müddətində Naxçıvana 

getmiş Rzanı sabah gözləyirdik və Hüseynlə danışmışdıq ki, 

sabah vağzala gedib, o, gəldiyi qatarı qarşılayaq. Rza bu gün 

Naxçıvandan gəlib, iki dəfə mənim mənzilimə getdiyini və məni 

tapmadığını söylədi. O, əmimin Naxçıvandan yazdığı məktubunu 

mənə verib, bizi öz mənzilinə Naxçıvan nemətlərini dadmağa 

dəvət elədi. Danışa-danışa, gülə-gülə getdik. Gecəyarıya qədər 

Rzanın mənzilində oturduq. O, səbətdən Naxçıvan üzümü, suçuq, 

bazar halvası  çıxardı. Biz söhbət edə-edə daraşdıq, nə daraşdıq. 

Bu ikihəftəlik qış tətilinin təzə xəbərlərindən bir-birimizə müfəs-

səl nəql elədik, doyunca yeyəndən sonra durduq. Rza Hüseyn 

üçün və  mənim üçün qəzetə üzüm və halva bükdü. Biz də öz 

payımızı qoltuğumuza vurub, Rza ilə vidalaşdıq. Gecə çox gözəl, 

isti və qaranlıq idi. Mən Hüseyni Şeytanbazar meydanına qədər 

yola saldım. Yolda ona nəsihət verirdim ki, özündən yaxşı 

muğayat olsun, çünki bir az kefsiz idi. Meydanda dostumun əlini 

sıxıb evə getdim. 



Tək günü, 7 yanvar. Axşam saat altıda Hüseyn gəldi. Hələ 

dünən biz danışmışdıq ki, bu gün axşam projektora gedək. 

Hüseyn gələndə mən məsləhət gördüm ki, bu palçıqda projektora 


Úàâèäè õàòûðëàðêÿí 

438 


gedincə, evdəcə oturub söhbət edək. Hüseyn razı oldu. Mən Lev 

Tolstoy və Leonid Andreyevin əsərlərinin əlifba siyahısını başdan 

axıra qədər gözdən keçirdim və bütün oxuduğum  əsərlərin 

altından cızıq çəkdim. Hüseyn Andreyevin dramlarından oxumaq 

üçün məndən istədi. Mən Andreyevin “Anatema”, “Anfisa”, 

“Qaudeamus” və “Həyatımızın günləri” dramlarını ona verdim. 

Sonra söhbətə başladıq. Hüseyn mənim məsləhətimlə  təzədən 

düzəldib yazdığı “Maral” dramı haqqında danışdı... 



Cümə axşamı, 9 yanvar. ...Nahardan sonra Rzanın yanına 

getdim. O da mənim yanıma gəlməyə hazırlaşırmış... Nəhayət, biz 

Hüseynin yanına getməyi qərara aldıq. Axşam saat 7 idi. Söhbət 

edə-edə yola düşdük. Hüseyn Şeytanbazarda Surp-Sarkis küçə-

sində yaşayırdı, ancaq biz onun ünvanını bilmir, evini tanımırdıq. 

İsmayıl Həqqinin kantoruna girdik ki, ordan bir adam bizə 

bələdçilik eləsin. Kantorda İsmayılın kiçik qardaşı Qasımdan 

başqa heç kəs yox idi. O bizi Hüseyn Cavidin mənzilinə apardı. 

Cavid ağlagəlməyən bir şəraitdə yaşayırmış.  Əvvəla, onun 

otağına dırmaşmaq üçün çox ehtiyatla hərəkət etmək lazımdır ki, 

qıçın sınmasın, özün də  kəlləmayallaq yerə  gəlməyəsən; içəri 

girəndə ikiqat əyilməlisən ki, başın qapının yuxarı taxtasına dəyib 

parçalanmasın – otağa aparan pillələr o qədər çürüyüb laxlamış, 

qapı isə o qədər alçaqdır ki, allah göstərməsin! 

Cavid evdəydi. Biz səs-küylə içəri girdik. Otaq çox isti və 

papiros tüstüsü ilə doluydu. Otaq da nə otaq. Dar bir daxmacıq! O 

qədər balacaydı ki, içəridəki taxt, balaca miz, dəmir soba və üç 

sınaq-salxaq kürsüdən başqa bura artıq heç nə yerləşməzdi. Səqf o 

qədər alçaq idi ki, əlimiz ona çatırdı. Divarların kağızı köhnə olsa 

da, təmiz idi. Səqf və  fərş  şirsiz taxtadan idi. Mizin qabağında 

divardakı  mıxa balaca, yeddilik neft çırağı vurulmuşdu. Çırağın 

şüşəsinə abajur əvəzinə  məktəbli dəftərinin göy qabıq vərəqi 

keçirilmişdi. Pəncərənin  şüşələri eninə-uzununa bir qarış da 

olmazdı. Qapı o qədər dar idi ki, bir kürsü keçirmək üçün onun iki 

tayının ikisini də açmaq lazım idi. Hüseyn, əynində arxalıq və 

başında qırmızı fəs, mizin başında oturub, nə isə yazırdı.  



Úàâèäè õàòûðëàðêÿí 

439 


O bizi böyük sevinc və minnətdarlıqla qarşıladı, çünkn bizim 

kəlişimiz gözlənilməz və nagahaniydi. Şairin otağını gözdən 

keçirdik, gülüşdük, zarafatlaşdıq, Hüseynin təklif elədiyi armud-

dan yedik. Nəhayət, onun yazısı ilə maraqlandıq. Təzə poema-

sının son misralarını yazırmış. Yazdığını oxumağı xahiş elədik. 

Biz susduq, Hüseyn oxumağa başladı. Dəftərin vərəqləri eninə-

uzununa şeir misraları ilə dolmuşdu. 

Şeir nə  qədər də qüdrətli olarmış! Hüseyn oxuduqca sanki 

daxmanın divarları aralanıb uzaqlaşır, başımızın üstündən asılan 

səqf haraya isə qalxıb yüksəlir və qaranlıq, tüstülü daxma nurla 

dolub, qəribə bir aləmə çevrilir. Şeir, gözəl, ahəngdar, mənalı 

şeirlər misra-misra axır, qulaqlarımızı oxşayırdı. Cavidin gözlə-

rindən sanki qığılcım yağır, səsi gurlayırdı. Poemanın adı “Bir 

xatirə” idi. 

Cavid qurtardı. Rza ilə  mən lal olmuş kimi mat və  məbhut 

oturmuşduq. Qəlbimizdə izah edilə bilməyən hisslər təlatümə 

gəlmiş  dəniz kimi qaynayıb çoşurdu. Biz öz təəssüratımızı ifadə 

edə biləcək söz tapa bilmirdik. Poema hələ bitməmişdi... 

“Bir qədər oturub söhbət edəndən sonra hamımız “Audito-

riya”ya getmək üçün qalxdıq. Auditoriyada heç kəs yox idi  - 

artistlər sonuncu məşqi aparmaq üçün gürcü teatrına getmişdilər. 

Onda biz məqsədsiz bir halda Tiflis küçələrini ölçməyə başladıq... 

Muxran körpüsünə çatanda mən təklif elədim ki, bizə gedək, bu 

günlərdə Naxçıvandan bibim oğlu  İbrahim Nəsirbəyovun gön-

dərdiyi bazar halvasını dadaq. 

Getdik. Mənim otağımda oturub söhbət elədik, halvadan ye-

dik. Dostlarım musiqi dinləmək istədilər. Mən skripkamı götür-

düm. Nə çaldığımı özüm də bilmirdim, amma onların xoşuna 

gəlirdi. Burdaca uydurduğum mahnıları çala-çala mən hərdənbir 

“Dərd-sitəm! Qüssəvü qəm!» deyir və daxili həyəcanlarımı giz-

lədib, özümü şad və laübali göstərmək üçün gülürdüm. Rza da 

mənim bu halıma gülür və  səhnədə olduğu kimi, oyunbazlıq 

edirdi. 

Mən onları aparıb yola salanda gecədən xeyli keçmişdi...” 



Úàâèäè õàòûðëàðêÿí 

440 


Burada haqqında danışılan “Bir xatirə”nin dolğun adı bir 

beytdən ibarətdir: 

“İştə bir divanədən bir xatirə,  

Sən nəsən, kimsən deyən ariflərə”. 

Bu şeir ilk dəfə 1917-ci ildə Bakıda çap edilmiş “Bahar şəb-

nəmləri” kitabçasının 41-55-ci səhifələrində  dərc edilmişdir, 

lakin, nədənsə, şeirin yazılış tarixi bu kitabçada səhv olaraq 1912-

ci il göstərilmişdir. 

Hüseyn Cavidlə bizim yoldaşlıq və dostluğumuz tarixində 

əlamətdar olan bu gecədən sonra biz yenə gah Ərəblinskinin ver-

diyi teatr tamaşalarında, gah da “Auditoriya”da apardığı  məşq-

lərdə görüşürdük. Bu gecə şairin öz ağzından eşitdiyimiz poema 

bizə o qədər dərin təsir bağışlamışdı ki, biz sonralar da onu tez-tez 

yada salır və haqqında danışırdıq. Məsələn, bir neçə gün sonra 

gündəliyimdə belə bir qeydə rast gəlirik: 

Bazar, 12 yanvar. ...Səhər Rza gəlmişdi. Biz Hüseyn Cavid-

dən, onun son poemasından və öz təəssürat və fikirlərimizdən 

danışırdıq...” 

Gündəliyimdə Hüseyn Cavidin adı çəkilən o biri qeydlərdən 

bəzilərini bura köçürürəm: 

Cümə, 17 yanvar. ...Axşam Hüseyn gəlmişdi. Nə isə çox 

xoşhal və kefi saz idi. Söhbət elədik. Saat 8-də getdi. 



Cümə, 24 yanvar. ...Axşam teatrda, Mehdi bəy Hacınskinin 

“Sultan  Əbdüləziz” dramının tamaşasında Rza ilə  aşağı enib 

Hüseyni tapdıq və bizi unutduğu üçün məzəmmət elədik. Hüseyn 

Andreyevin “Anatema” və “Həyatımızın günləri” dramlarını 

oxuduğunu və bu iki əsərdən “Anatema”nı daha çox bəyəndiyini 

dedi. Mən müəllifin bu əsərdə  nə kimi ideyanı irəli sürdüyünü 

soruşdum. Hüseynin fikrincə, müəllif burada tərki-dünyalıq 

fəlsəfəsini tənqid və  rədd edir. O deyirdi: “Əgər mən Tolstoyun 

fəlsəfəsinə qarşı çıxmaq istəsəydim, məhz belə bir əsər yazardım. 

Andreyev isbat edir ki, özündən əl çəkməklə insan özünü də məhv 

edir,  ətrafındakıları da”. Bu barədə  mən hələ düşünməmişəm və 

dostumun haqlı olub-olmadığını deyə bilmərəm. Ümumiyyətlə, 

Andreyev haqqında deyilən rəylər çox müxtəlif və ziddiyyətlidir”. 


Úàâèäè õàòûðëàðêÿí 

441 


Qeyd etməliyəm ki, o zaman mən Andreyevin əsərlərini bö-

yük maraqla və dönə-dönə oxuyub düzgün anlamağa çalışırdım. 

Məni  ən artıq düşündürən “Anatema” dramı idi ki, onu mən az 

qala on dəfə oxumuş  və  hər oxuyanda məni çaşdıran təzə-təzə 

müəmmalar tapmışdım. Bu əsər haqqında mən  əlimə kecən 

tənqidi məqalələri də diqqətlə oxuyur, ədəbiyyat müəllimimizin 

rəyini də soruşur, bu əsərlə tanış olan yoldaşlarımla da söhbət 

edirdim, yenə  də  əsərin  əsl mənasını özüm üçün aydınlaşdıra 

bilmirdim. Hüseyn Cavidin də bu fikri mənim üçün çox maraqlı 

idi ki, onu gündəliyimdə də qeyd etmişdim. 

Cümə, 31 yanvar. ...Saat üçdə Hüseyn gəldi və Andreyevin 

kitabını  gətirdi. Onun gəlişi məni çox sevindirdi, çünki onu 

çoxdan görmürdüm. Sevincimizdən bir neçə  dəfə öpüşdük. O 

oxuduğu  əsərlərdən aldığı  təəssüratdan danışdı. Bu barədə biz 

xeyli söhbət elədik... 

Bazar ertəsi, 17 fevral. ...Nahardan sonra Hüseyn gəldi. Mən 

sevindim. “Probujdeniye” jurnalındakı bir şəkli ona göstərdim. 

Biz “Veruyu, qospodi” adlı şəklə baxdıq. Doğrudan da rəssam o 

qədər  şairanə, o qədər gözəl bir əsər yaratmışdır ki, qızın göz-

lərində bütün təbiət, həqiqət, ilahi bir ülviyyət, tanrı görün-

məkdədir... 



Cümə, 28 fevral. ...Axşam saat 7-də Hüseyn gəldi.  Ədəbiy-

yatımızı  hərtərəfli müzakirə elədik. Gələcəkdə onunla birlikdə 

xüsusi  ədəbi jurnal nəşr etmək niyyətimizdən danışdıq. Mən 

ədəbiyyatla çox maraqlanıram, çox mütaliə edirəm və deyəsən, 

ədəbi əsərləri düz başa düşə bilirəm, onların qayə və məzmununu 

təhlil və  tənqid etməyi bacarıram. Mənim fikrimcə, indiki halda 

Qafqazda  əsl poeziya örnəkləri yaradan şairlərimiz varsa, onlar-

dan biri Hüseyn Caviddir. Gələcəkdə onun nələr yaradacağını 

allah bilir. Onun böyük şair olacağına  şübhə yoxdur. Bunun 

əlamətləri indidən görünür. Saat 8-də o, gürcü teatrına “Əbül-üla” 

tamaşasına getdi...” 

Bu qeyddən görünür ki, hələ o zaman mən Hüseyn Cavidin 

gələcəkdə böyük şair olacağına inanır, hətta onunla birlikdə xüsu-


Úàâèäè õàòûðëàðêÿí 

442 


si ədəbi jurnal nəşr etməyi belə nəzərdə tuturdum. Mən Hüseynin 

şairliyinə inandığım kimi, o da mənim  ədəbi–bədii zövqümə 

etibar edir və çox zaman təzə  əsərlərini mənə oxumağa verir, 

mənim məsləhətlərimlə maraqlanır, rəyimlə hesablaşırdı. Gənc-

liyə məxsus olan hərarət və cəsarətlə mən o zaman özümü gələ-

cəkdə mütləq ədəbiyyat aləmində yaşayacaq, ədəbiyyat məsələləri 

ilə  məşğul olacaq bir ədəbiyyatçı, mütəxəssis tənqidçi hesab 

edirdim, çünki istər altıncı sinfə  qədər gimnaznyada, istərsə  də 

sonra kommersiya məktəbində  ədəbiyyat dərslərində  mən daima 

birinci hesab olunar və yazı  işlərimə beşdən aşağı qiymət 

almazdım. 

Mən rus və  Qərb yazıçılarının  əsərlərini çox oxuyar, rus 

klassik və müasir ədəbiyyatını az-çox bilər, hərdən özüm də gah 

şeir, gah hekayə, gah da ədəbi-tənqidi məqalə yazar, amma çapa 

verməzdim. Hüseyn bunu bilir və  mənimlə  ədəbiyyat haqqında 

söhbət etməyi sevirdi. Mən də onun türk və ümumiyyətlə  Şərq 

ədəbiyyatı  və  ədibləri haqqında söhbətlərini dərin maraqla 

dinləyirdim. Bu barədə gündəliyimdə belə bir qeyd vardır: 

Bazar ertəsi, 3 mart. ...Axşam Hüseyn gəlmişdi.  Ədəbiy-

yatdan söhbət başlandı. O, türk yazıçıları Namiq Kamal, Əhməd 

Hikmət,  Əbdülhəqq Hamid və başqalarından mənə  nəql edirdi. 

Hüseyn hamıdan artıq Əbdülhəqq Hamidi sevirdi. Sonra Rzadan 

söz düşdü. Mən aramızın dəydiyini dedim. Özüm də görürəm ki, 

bizim küsməyimizin heç bir ciddi səbəbi yoxdur və büsbütün 

uşaqlıqdır, çünki, hər necə olsa, Rza o birilərdən yüksəkdədir. 

Mən öz fikrimi Hüseynə deyəndə o güldü və zarafatla dedi ki, bir-

birimizdən küsməkdə biz allah yolu ilə yox, bəndə yolu ilə 

getmişik...” 

Gündəliyimdəki bu sözlər mənim o zaman dördillik stajı olan 

tolstoyçu olduğumu xatırladır. Mən Tolstoyun. bədii  əsərlərini 

dönə-dönə oxuduğum kimi, onun fəlsəfi və publisist əsərlərini də 

diqqətlə oxuyub yaxşı öyrənmişdim, hətta onun vaxtı ilə çox 

bəyəndiyim “Boq odin u vsex” (“Hamının allahı birdir”) adlı 

fəlsəfi hekayəsini azərbaycancaya çevirmişdim. Bir müddət mən 



Úàâèäè õàòûðëàðêÿí 

443 


bu nəhəng insanın güclü təsiri altındaydım, onun öyrətdiyi kimi 

yaşamağa və düşünməyə, evdə, məktəbdə, cəmiyyətdə dolanma-

ğa, yoldaşlarımla və ümumiyyətlə, inisanlarla rəftar etməyə 

çalışardım. Bir müddət, hələ gimnaziyada oxuyarkən  ət də ye-

məzdim, çünki Tolstoy kimi özümü vegetarian elan etmişdim. Bu 

münasibətlə tolstoyçuluğuma görə, çox zaman dostlarım mənə 

gülər və sataşardılar, çünki mən həmişə “bəndə yolu” ilə yox, 

“allah yolu” ilə hərəkət eləməyə çalışardım. Xülasə!.. 

Gündəliyimin sonrakı səhifələrində Novruz bayramına aid bir 

qeyddə oxuyuram ki, mart ayının 10-da səhər saat onda İsmayıl 

Həqqinin bayram görüşünə gedərkən yolda Hüseyn Cavidə 

dəydim, ancaq o hələ yatırdı, görünür, gecə yenə  şeir yazırmış. 

Oradan dostların evlərini gəzə-gəzə, nəhayət, böyük bir dəstə ilə 

“Molla Nəsrəddin” redaksiyasına yollandıq və orada Hüseyn 

Cavidin mənimlə Rzaya vaxtilə oxuduğu və indi Bakı  qəzetində 

çap edilməyə başlamış “Bir xatirə” poemasının başlanğıcını oxu-

duq. Sonrakı gündə isə Hüseyn Cavidin özü haqqında gün-

dəliyimdə yazılmışdır: 



Tək günü, 11 mart.  Mən evə qayıdanda saat ikiydi. Pal-

tarımı dəyişdim və bir az dincələndən sonra gündəliyimi yazmağa 

başlayanda Hüseyn gəldi. Biz salamlaşdıq, bayram münasibətilə 

öpüşdük. Mən dünən onun poemasının qəzetdə çap olunmuş 

başlanğıcını oxuduğumuzu ona xəbər verdim. Bir az bu barədə 

danışdıq. Sonra mən təzəcə cildlədiyim kitablarımı göstərdim. 

Tolstoy və Dostoyevskidən söhbətə başladıq. Mən bu iki nəhəng 

yazıçının yaradıcılığı haqqında Hüseynə danışdım. Mənə belə 

gəlir ki, insan qəlbini, insan ruhunu Dostoyevski Tolstoydan daha 

yaxşı, daha dərin aça bilir. Saat üçdə  məni nahara çağırdılar. 

Hüseyn gedəndə mən İsmayıl Həqqinin bu gün axşam saat altıya 

bizi nahara dəvət etdiyini xəbər verdim...” 

Həmin gün axşam saat altıda Hüseyn Cavidlə  İsmayıl Həq-

qigildə görüşdük və o biri qonaqlarla gecəyarıya qədər çalıb-

oynadıq, əziz bayramımızı keçirdik. Bayramdan sonra biz Hüseyn 

Cavidlə bir-iki dəfə görüşmüşdüksə  də, bu barədə gündəliyimdə 



Úàâèäè õàòûðëàðêÿí 

444 


heç bir diqqətəlayiq təfsilat yazılmamışdır. Lakin çərşənbə günü 

martın 26-da oxuyuruq: 

“Nahardan sonra Hüseyn gəldi və “Rəqs” adlı şeiri dərc edil-

miş qəzet nömrəsini gətirdi. Şeiri mənə özü oxudu. Yaxşı şeirdir. 

Mən şeiri təriflədim. Sonra həyat, ölüm, məhəbbət ətrafında söh-

bətə başladıq. Söhbətimiz uzandı. Mən tarix dərsimi hələ öyrən-

məmişdim. Mənə mane olmamaq üçün Hüseyn mənim qonşulu-

ğumda yaşayan Əpişin yanına getdi ki, saat 8-də yenə qayıtsın və 

bir yerdə dövləti “Kazyonnı” teatrdakı konsertə gedək...” 

Bu günə  məxsus qeydin sonunda məşhur  İran xanəndəsi 

Əbulhəsən xanın və onun musiqi dəstəsinin konserti haqqında 

mufəssəl məlumat verilir.  

Bir neçə gündən sonra gündəliyimdə Hüseyn Cavidlə  təzə 

görüşümüz haqqında yazılmışdır:  

Çərşənbə, 2 aprel. ...Axşam Hüseyn gəlmişdi. Söhbətə baş-

ladıq. Mən ondan öz gələcəyimi soruşdum. Mənim sualıma o, 

müfəssəl çavab verməyə, mənim gələcəyimi müəyyənləşdirməyə 

başladı və ən nəhayət, mənim yazıçı, romanist olacağımı dedi. Biz 

onun bu sözlərinə güldük. Söhbətimiz başqa məsələlərə keçdi. 

Mən onun əsərlərini təhlil edirdim. Sonra Cek Londonun təzəcə 

oxuduğum “Martin İden”, “Belı klık” (“Ağ diş”) adlı romanları-

nın məzmununu ona nəql elədim. Bundan da sonra Andreyevdən 

danışdıq...” 

Əziz dostum Hüseyn Cavidin təxminən altmış il bundan əvvəl 

mənim gələcəkdə yazıçı-romanist olacağım barədə söylədiyi 

sözləri indi, həyatımın sonunda oxuyanda da mən o günkü kimi 

yenə özümü gülməkdən saxlaya bilmirəm.  Şair dostum mənim 

romanist olmağımı arzu etdiyi üçün də mənim gələcəkdə romanist 

olacağımı deyirmiş. Lakin belə olmadı.  İnsanın gələçəyini təyin 

etmək nə qədər də çətin imiş! Hətta böyük şair üçün də! 

Bazar ertəsi, 7 aprel. ...Nahardan sonra evdə oturub 

“Probujdeniye” jurnalında Seretelinin “Babale” və Boqdanovun 

“Şəfəqli sima” hekayələrini oxudum. Axşam çayından sonra 

İsmayıl Şeyxov, onun dalınca da Hüseyn gəldilər. Onlar üçün bir 



Úàâèäè õàòûðëàðêÿí 

445 


az skripka çaldım. Jurnalı və onunla aldığım əlavələri göstərdim. 

Hüseyn bir yerdə oxumaq üçün Nitsşenin “Zərdüşt belə deyirdi” 

əsərini tapmağı  məndən xahiş elədi. Mən söz verdim... Sonra 

Əbdürrəhimbəy Haqverdiyevin “Ağa Məhəmməd  şah Qacar” 

əsərindən  əzbərlədiyim  əsas monoloqları artistvari ifa elədim. 

Onlar axşam saat 10-da getdilər”. 

Yadıma gəlir ki, o zaman Hüseyn Çavid tez-tez mənə Rza 

Tofiqin fəlsəfi görüşlərindən, mürtəce alman filosofu idealist 

Artur  Şopenhauerin (1788-1860) və mürtəce ingilis filosofu və 

sosioloqu Herbert Spenserin (1820-1903) nəzəriyyəsindən söhbət 

edərdi. Ümumiyyətlə, o zaman burjua ziyalıları arasında istər Şo-

penhauerin, istərsə Spenser və Nitsşenin (1844-1900) volüntarist 

nəzəriyyələri geniş yayılmışdı. Mən Cavidin Şopenhauer, Spenser 

və Nitsşenin nəzəriyyəsi ilə nə dərəcədə tanış olduğunu bilmirəm, 

ancaq belə güman edirəm ki, bu mürtəce burjua-idealist filosof-

larının  əsərləri haqqında az-çox Rza Tofiqdən eşitmiş olardı  və 

onları tanısaydı da, uzaqdan-uzağa tanıyardı. Mən özüm də Nits-

şenin o zaman şöhrət tapmış “Zərdüşt belə deyirdi” əsəri haqqında 

çox eşitmiş, lakin özünü oxumamışdım.  İki gün sonra gündə-

liyimdə oxuyuruq: 

Çərşənbə, 9 aprel. ...Axşam Hüseyn gəldi. O, bir qəzetdə 

Əli Nəzminin ona həsr etdiyi şeirini mənə oxudu. Bu barədə  də 

bir az danışdıq. Sonra bu gün gürcü teatrında göstərilən “Leyli və 

Məcnun” operasından danışdıq. Hüseyn teatra getdi. Bir azdan 

sonra mən də ora getdim”. 

Qəribədir ki, bir gün sonra haman teatrda verilən “Əsli və 

Kərəm” tamaşası haqqındakı qeyddə Hüseyn Cavidin adı çəkilmir 

və ümumiyyətlə, may ayının 6-na qədər Hüseyn haqqında gün-

dəliyimdə heç bir şey yazılmamışdır. Çox ola bilər ki, bu vaxt 

imtahanlara hazırlaşdığım üçün dostumla tez-tez görüşməyə 

mənim vaxtım olmurdu: aprelin 26-dan biz məktəbdə dərslərimizi 

qurtarmış  və imtahanların cədvəlini alıb hazırlaşmağa başlamış-

dıq. Bütün may ayında imtahanlar aparılırdı, mən də gah öz 

mənzilimdə, gah da yoldaşlarımın mənzilində məşğul olurdum. 



Úàâèäè õàòûðëàðêÿí 

446 


Mayın 6-da evə qayıdanda mən Cavidin yazıb qoyduğu kağız 

parçasını tapdım.  Şair dostum yazmışdı: “Salaməleyküm. A 

balam, hardasan? Bə-ə-ə-li, böylə, Hüseyn”. Bu kağız parçasını 

mən gündəliyimin arasına qoyub saxladım.  İndi də zarafatla 

yazılmış bu maraqlı avtoqraf məndə durur. 

İmtahanların qızğın vaxtında biz Hüseynlə mayın 8-də görüşə 

bilmişdik. Bu görüş haqqında gündəliyimdə bu sətirlər qalmışdır: 

Cümə axşamı, 8 may. ...Axşam bir nəfər gənc türk yoldaşı 

ilə Hüseyn gəldi. Bərk göy gurultusu, şimşəklə yağış başlandı. 

Qonaqlarım saat doqquza qədər oturdular. Yağış kəsdi. Mən onla-

ra imtahan verdiyim elmlərdən danışdım. Sonra Leonid Andre-

yevdən söhbət elədik...” 

Bir gün sonra: 

Cümə, 9 may. ...Mən alman dilinin imtahanına hazırlaşırdım 

ki, Hüseyn gəldi və Andreyevin kitabını  gətirdi. Saat üçə  qədər 

söhbət elədik...” 

On gün sonra yenə Hüseyn gəlmişdi. 

Bazar ertəsi, 19 may. ...Axşam Hüseyn gəldi. Bu günlərdə 

qəzetdə çap olunmuş gözəl  şeirini mənə oxudu. Mən qəzetdən 

kəsilib götürülmüş bu şeiri ondan alıb gündəliyimə əlavə edirəm. 

Şeir mənim çox xoşuma gəldi. Mən də onu xeyli təriflədim. Sonra 

o, gələcəkdə yazmaq istədiyi “Şeyx Sənan” adlı poemasının 

məzmununu nəql elədi və mənim rəyimi soyuşdu. Bu barədə xeyli 

danışdıq. Sonra başqa məsələlərə – bizim dilimiz, dinimiz, 

qadınlarımız barədə söhbətə keçdik. Nəhayət, bu qərara gəldik ki, 

bu məsələləri həll etmək üçün onlarca ağıllı qafa lazımdır...” 

Bu sətirlər nə  qədər maraqlı olsa da, bu gün təəssüf edirəm 

kn, o zaman Çavidlə söhbətlərimizin məzmununu müfəssəl 

yazmamışam.  Əlbəttə, indi bu yazılar çox qiymətli olardı. Bu 

sətirlərdən görünür ki, 1914-cü ilin mayında Cavid “Şeyx Sənan” 

əsərini ancaq düşünürmüş, hətta onun dram şəklindəmi, ya poema 

şəklində yazacağını özü üçün təyin etməmiş imiş. 

O günlər qəzetdə dərç edilmiş “Şeyx Sənan” isə doqquz beyt-

dən ibarət balaca, lakin son dərəcə gözəl və incə bir qəzəl idi və 



Úàâèäè õàòûðëàðêÿí 

447 


bu başlıqla çap edilmişdi: “Ədəbiyyat”. “Bahar şəbnəmləri”ndən 

bir yapraq. “Şeyx Sənan türbəsi önündə”. Bu münasibətlə yalnız 

bunu demək olar ki, Şeyx Sənan mövzusu ilə Hüseyn Cavid 

1914-cü ilin birinci yarısından etibarən maraqlanmağa başlamışdı. 

Bu görüşdən bir neçə gün sonra, mayın 23-də yenə Hüseyn 

Cavid mənim mənzilimə  gəlmiş  və  təzə yazdığı  şeirini mənə 

oxumuşdu. Çox təəssüf ki, şeir haqqında gündəliyimdə heç bir 

məlumat verilməmişdir. Bu gəlişdə onun şeirini oxuyandan sonra 

biz Lev Tolstoydan, poeziyadan və sairədən söhbət etmişdik və 

axşam saat 9-un yarısında Hüseyn getmişdi. 

May ayında imtahanlar qurtarmışdı. Mən məktəbin sonuncu – 

8-ci sinfinə keçmişdim və yay tətilində Gürcaaniyə getməyə 

hazırlaşırdım. Bu günlərdə Cavidlə bizim son görüşümüz olmuş-

du ki, bu barədə gündəliyimdə bu sətirlər vardır: 

1914-cü il yayını, iyunun 7-dən avqustun 18-inədək mən 

Gürcaanidə öz ailəmlə keçirmişdim. Bu günlər birinci cahan 

müharibəsinin başlanıb qızışdığı günlər idi və bu barədə gündə-

liyimdə maraqlı sətirlər varsa da, burda onları canlandırmaq istə-

mirəm. Bu fəsildə mən yenə də yalnız Hüseyn Cavidə aid günlər 

və sətirlər üzərində dayanacağam. 

1914-cü il avqustun 18-də Tiflisə qayıdandan sonra mən 

özümə  həmişəlik otaq tapınca bir neçə gün Şeytanbazarda 

“Azərbaycan” mehmanxanasında yaşamalı oldum. Mehmanxa-

nada yerləşən kimi öz dostlarımı axtarmağa başladım. Məlum 

oldu ki, Hüseyn Cavid də  həmin mən yaşadığım “Azərbaycan” 

mehmanxanasında yaşayır, məktəb yoldaşlarım  Əpiş Seyidov və 

İsmayıl Şeyxov isə qonşuluqdakı “İran” mehmanxanasındadırlar. 

Gələn gün Hüseyn Cavidlə görüşmək mümkün olmamışdı –mən 

bütün gün yol gəlib yorğun olduğum üçün çox otura bilməmiş-

dim, o isə mənzilinə gecə gec qayıtmışdı. Odur ki, biz o biri gün 

görüşə bilmişdik ki, bu barədə gündəliyimdə oxuyuruq: 

Tək günü, 19 avqust. ...Mən səhər saat ona qədər yatmış-

dım. Durub əl-üzümü yuduğum yerdə Hüseyn Cavid ev paltarında 

mənim nömrəmə girdi. Mən özümdən və ailəmdən ona məlumat 



Úàâèäè õàòûðëàðêÿí 

448 


verdim, o da özündən – o, iki ay Qocordaymış. Sonra siyasətdən 

danışmağa başladıq...” 

Bu ilk görüşdən sonra biz Hüseyn Cavidlə birgə yaşadığımız 

mehmanxanada hər gün, bəzən də gündə bir neçə  dəfə görü-

şürdük. Mən bu görüşlər haqqında gündəliyimdəki yazıları buraya 

köçürüb, hərdən, lazım olan yerdə izahat verməklə kifayətlənmək 

istəyirəm. 

Çərşənbə, 20 avqust. ...Poçtamtın yanında Əhməd Pepeino-

va rast gəldim. Bu il o, beşinci gimnaziyanı qızıl medalla qurtar-

mışdır. İndi o, müharibəyə aid teleqramları almağa gedirdi. Mən 

də ona qoşuldum. Teleqramları aldıq, burdaca, küçədə oxuduq. 

Çoxlu təzə xəbər vardı... 

...Birinci gimnaziyada oxuyan erməni dostumla mənim mən-

zilimə getdik. Naharı mehmanxanada sifariş eləmişdim. Hüseyn 

hələ gəlməmişdi. Qonşu restorandan plov gələndə Hüseyn də özü-

nü yetirdi – o öz nömrəsində yatmış imiş. Hüseyn ilə mənim dos-

tumun arasında müharibə  ətrafında qızğın mübahisə başlandı. 

Hüseyn rusca lap yaxşı danışırdı. Halbuki əvvəllər o, iki söz qu-

raşdırıb deməkdə  çətinlik çəkirdi. Mübahisədə  mən də  iştirak 

edirdim. Cəbhələrdə gedən qanlı vuruşmalardan, ümumiyyətlə, 

müharibənin gələcəyindən və bir çox başqa məsələlərdən söhbət 

edirdik... 

...Gecə mən oturub gündəliyimi yazanda Hüseyn projektordan 

gəldi. Gecə saat bir idi. Biz saat üçün yarısına kimi oturub, hər 

şeydən və xüsusilə  ədəbiyyatdan və yazıçılardan söhbət elədik. 

Mən 1910-cu ildə azərbaycanca yazdığım balaca hekayəmi ona 

oxudum. Axırda söhbət mənim atama, onun ədəbi görüşlərinə və 

ümumiyyətlə, onun dünyagörüşünə, xasiyyətinə gəlib çıxdı. Saat 

üçün yarısında o, yatmağa getdi. Biz sabah bir yerdə nahar etməyi 

qərara aldıq. Nahardan sonra da o, öz “Maral” dramını  mənə 

oxuyacaqdı... 

Cümə axşamı, 21 avqust.  Səhər məni Huseyn oyatdı. Dur-

dum. Saat on birə  işləmişdi. Samovar sifariş edib, birlikdə çay 

içdik. Ordan-burdan söhbət edirdik. Mən cari hadisələr haqqında 



Úàâèäè õàòûðëàðêÿí 

449 


atama müfəssəl məktub yazdım. Sonra Hüseyn təzədən düzəldib 

işlədiyi “Maral” pyesini oxumağı  təklif elədi. Mən razı oldum. 

Hüseyn əsəri gətirdi və biz onu oxumağa başladıq. Mən qabaqca 

da bu əsəri oxumuş, tənqid etmiş, bir çox yerlərini düzəltməyi 

məsləhət görmüşdüm. Hüseyn əsəri düzəldib, bir çox yerini 

kökündən dəyişmişdi, əsər də indi çox gözəl çıxmışdı. Dram dörd 

məclisdən ibarətdir və o qədər təsirli yazılmışdır ki, üçüncü və 

dördüncü pərdələrdə  mən az qaldım ağlayam...  Əsəri oxuyub 

qurtaranda saat üç idi. Mən onu təriflədim və yenə  dəyişilməli 

olan bir neçə yerini göstərdim. “Sənin təsirin olmasaydı, əsər zəif 

olacaqdı”, - deyə Hüseyn məndən razılıq elədi. 

Qulluqçu masanı nahar üçün hazırlayınca, Hüseyn öz şeirlər 

məcmuəsini gətirdi. Hüseyn bütün şeirlərini “Bahar şəbnəmləri” 

adı ilə çap etdirmək istəyir. Bu məçmuədə  mənim tanış olmadı-

ğım şeirləri Hüseyn mənə oxudu. Bunların içində yaxşıları da var, 

zəifləri də. Hər şeir haqqında mən öz rəyimi deyirdim. Nahardan 

sonra mən bir az skripka çaldım. Göy üzünü buludlar tutdu. 

Küçədə güclü külək başlandı. Ürəyim bərk sıxılırdı, sanki məni 

həbsxanaya qatmışdılar. Yağış başlandı. Mən yatağıma uzandım. 

Hüseyn mənim yanımda oturdu. Söhbət insanları bir-birindən 

ayıran və azad məhəbbətə mane olan dinlərdən düşdü. Mən bütün 

dinlərə və onları icad edən Musaya, İsaya, Məhəmmədə qarşı öz 

nifrətimi bildirdim. İnsanları  bədbəxt edən dinlər nəyə lazım 

imiş? Mən bir eşqin faciəsini Hüseynə nəql elədim. 

Bir erməni qızı bir nəfər müsəlman zabitini sevirmiş. Oğlan 

da qıza aşiq imiş, ancaq qızın ata-anası onların evlənməsinə razı 

olmur, oğlandan xristianlığa keçməyi tələb edirmişlər. Zabit buna 

da razı imiş, lakin qohumlarının təhriki ilə xristianlığı  qəbul 

etməkdən qorxub çəkinmişdi. Bir azdan sonra qız bir rus zabitinə 

ərə getmişdi, müsəlman zabit isə özünə ölüm axtara-axtara 

quldur-qaçaqlarla vuruşmada öldürülmüşdü. 

Mən peyğəmbərlərin bəşəriyyət qarşısında nə qədər müqəssir 

və günahkar olduqları haqqında deyirdim, o isə etiraz edir, 

dinlərin insanlara lazım olduğunu isbata çalışırdı. Mən yalnız bir 



Úàâèäè õàòûðëàðêÿí 

450 


dini qəbul edirdim: bütün olana inanmaq, olmayanı isə  rədd 

etmək. Bütun əsrlərin filosofları allahın varlığını  təsdiq edirlər. 

Lakin doğrudandamı allah var, ya bəlkə allah səfil insanların 

özlərini yüksəltmək, öz əhəmiyyətini artırmaq qəsdi ilə uydur-

duğu əfsanədir? Bəlkə onlar demək istəyirlər ki, biz öz ağlımızın 

gücü ilə belə bir vücudun olduğunu bilirik, siz, başqa canlılar isə, 

şüursuz olduğunuz üçün bunu bilmirsiniz? Beləliklə, mən bircə 

günün içində təzədən dönüb ateist oldum. 

Nə isə, qəribə hisslər məni çulğamışdı. Otaqda o yan-bu yana 

qaçır, hərarətlə dinlərə hücum edirdim. Eyvana çıxdım. Bir az 

sərinlədim və otağa girəndə, plaşımı çiynimə atıb, güya Otellonun 

rolunu oynaya-oynaya onun əzbər bildiyim rusca monoloqla-

rından “Qoy hər bir əsgər...” sözləri ilə başlanan məşhur monolo-

qunu deməyə başladım. Mən monoloqu hərarətlə deyir, bu rolda 

gördüyüm rus artisti Şorşteyni təqlid etməyə çalışırdım. Monolo-

qun sonunda “Otellonun yolu bitdi...” sözlərini deyib, diz üstə 

çökdüm, əllərimlə üzümü örtdüm.  

Heyrətlə mənim bu dəli hərəkətlərimi süzən Hüseyn:  

– Dadaş, deyəsən, səndə bir sirr var, axı! – deyə diqqətlə və 

fikirli–fikirli mənim üzümə baxdı... 

Ortalığa samovar gəldi. Biz Nitsşenin təsadüfən mənim  ələ 

keçirdiyim “Zərdüşt belə deyirdi” kitabını oxumağa başladıq, an-

caq bu mütaliə uzun çəkmədi. Mənim  əhvali-ruhiyyəm Hüseynə 

də sirayət elədi. Heç bilmirəm iki saat necə  gəlib keçdi. Biz 

bildiyimiz dram əsərlərindən ayrı-ayrı  səhnələri ifa edir və  sə-

simiz gəldikcə bağırırdıq. Çığıra-çığıra operalardan ayrı-ayrı ha-

vaları oxuyurduq. Hərdən qulaqbatırıcı  qəhqəhə ilə bütün meh-

manxananı  səsləndirirdik. Bir tərəfdən, ciddi şair və mütəfəkkir 

Hüseyn Cavid, o biri tərəfdən də mən, ağlı başında tələbə, sanki 

dəli olmuşduq. Biz növbə ilə  hərəmiz öz bildiyimiz nömrəni ifa 

edir, sonra da qəhqəhə ilə otaqda qaçışır, ya da çarpayıya 

yıxılırdıq. 

Mən divanəsayağı Otellonun “Budur səbəb, ürəyim!..” mono-

loqunu qışqırır, sonra güya Dezdemonanı öldürür və  nəhayət, 



Úàâèäè õàòûðëàðêÿí 

451 


özümü xəncərlə vururdum. Bu səhnədə gülməli heç bir şey yox 

idi. Yaqonun fitnələri ilə aldanmış bu alicənab, vəhşi  ərəbin 

Dezdemonanı boğandan sonra çəkdiyi əzabı mən dərindən-dərinə, 

bütün varlığımla anlayır, duyur, özüm də Otello ağladığı kimi 

ağlayırdım. “Öpə-öpə  səni öldürdüm, indi də öpə-öpə  sənin 

yanında ölürəm!” sözlərindən sonra mən xəyal aləmində təsəvvür 

elədiyim Dezdemonanın yastığına  əyilib, bir an sonra qalxanda 

Hüseynin gözlərini yaşarmış gördüm. Lakin biz heç də  kədərə 

təslim olmaq istəmirdik, ikimiz də  əllərimizlə qarnımızı tutub, 

otaqda qaçışır, uçadan çığırır, qəhqəhə ilə gülüb səs salırdıq. 

Biz sərxoş kimi idik. Dəli-divanə  hərəkətlərimizdən yoru-

landa oturub dincəlir, susub çay içirdik. O zaman da anlaşılmaz 

kədər bizi öz soyuq qanadları arasına alır, qəlbimizi dondurur, 

şüurumuzu buza döndərirdi. Bizim bu əhvali-ruhiyyəmizi izah 

etmək çətin idi. Tutaq ki, mənim bu cür hərəkət etməyimin səbəbi 

yox deyildi, bəs Hüseyn? Yoxsa mənim əhvali-ruhiyyəm incə şair 

qəlbinə  təsir etmişdi? Mənə  əzab verən duyğularımın sirrini 

Hüseynə açmaq, iztirablarımın səbəbini ona demək, ondan bir 

məsləhət eşitmək istəyirdimsə də, hansı bir qüvvə isə buna mane 

olurdu. Sanki zaman dayanmışdı. 

Çığırıb-bağırmaqdan boğazım ağrıyırdı. Öskürək məni boğur-

du. Amma yenə  də biz sakit olmurduq ki, olmurduq. Oxuduğu-

muz havalardan biri xüsusilə bizi tutmuşdu və hər nə oxusaydıq, 

yenə axırda bu havaya keçirdik: “Bir evdə ki bir əhli-dil olmaya, 

ayna kimi divara işıq salmaya...a...a... çalpapaq...» və sairə. Biz 

tez-tez bu havanı oxuyur, sonra “O olmasın, bu olsun” operet-

tasından oxumağa başlayırdıq və təzə dil açmış bəbələr kimi, “r”, 

“ş”, “k” və sair səsləri təhrif edə-edə oxuyurduq. Bu da çox 

gülməli çıxırdı. Öz ixtiyarımıza sevinir kimi, atılıb-düşür, otaqda 

çapır, çığırıb-bağırırdıq. 

Nəhayət, biz tamam əldən düşdük. Deyəsən, yavaş-yavaş 

ağlımız başımıza gəlməyə başladı. Saat doqquz idi. Sakitləşib 

fikirləşməyə başladıq: hara gedək? –Bilmirdik. Nə edək? – 

Bilmirdik. Gedəsi bir yerimiz, ediləsi bir işimiz yox idi. Nəhayət, 



Úàâèäè õàòûðëàðêÿí 

452 


qonşuluğumuzdakı  “İran” mehmanxanasına düşmüş  Əpiş ilə 

İsmayılın yanına getməyi qərara aldıq.  İsmayıl axşam imtaha-

nından təzəcə  gəlmişdi.  Əpiş isə  hələ yox idi. Bir az İsmayıl ilə 

oturduq. Mən mandolina çaldım, Hüseynlə bir-iki mahnı oxuduq. 

İsmayıl sabahkı tarix imtahanına hazırlaşır, bizim əyləncələrimizə 

qarışmırdı. Onun məşğələlərinə mane olmamaq üçün çıxdıq. Öz 

mehmanxanamıza qayıtdıq. Yenə dərin bir kədər qəlbimi sıxdı. 

Nəhayət, ikimiz də yorulduq. Sakit-farağat söhbətə başladıq. 

Söz bizim nağılçılarımızdan düşdü. Biz Naxçıvanda yaşayan 

Kalba Abbas adlı bir dərviş-nağılçını xatırladıq. Nağılları ilə o hər 

kəsi valeh edə bilir. Bu adam öz sənətinin ustası, böyük artistdir. 

“Şahnamə”dən və xalq nağıllarından elə hərarətlə danışır ki, çox 

zaman şəhər meydançasında yüzlərcə tamaşaçı və dinləyici onun 

ətrafına doluşur. Hüseyn onu yamsılayır, həm də çox gözəl 

yamsılayırdı. Gülüşürdük. 

Hüseyn artıq öz otağına getdi. Saat on birin yarısı idi. Mən 

qapını bağlayıb, gündəliyimi yazmağa başladım. Bir səhifə ancaq 

yazmışdım ki, Hüseyn qapını döydü. Mən açdım. Hüseyn bir 

qovun gətirmişdi. Çəngəl-bıçaq gətirtdik, qovunu kəsdik, yedik. 

Gedəndə Hüseyn ciddiyyətlə mənim üzümə baxıb, nəsihət tərzin-

də hissə qapılmamağı, sabahdan kimya imtahanına hazırlaşmağı 

və otaq axtarmağı mənə məsləhət gördü...” 

Təxminən altmış il bundan əvvəl yazılmış gündəliyimdən bu 

sətirləri olduğu kimi, nə bir söz artırıb, nə bir söz dəyişdirmədən 

buraya köçürərkən, mən bunu da nəzərə alıram ki, məşhur şairi-

miz Hüseyn Cavid haqqında yazılmış bu sətirləri bu gün 

oxuyanda bəzi oxucular bəlkə  də inanmadı, bunları uydurma 

hesab elədi. Onlara haqq vermək lazımdır. Doğrusu, mən özüm də 

bu gün bu sətirləri çapa hazırlayarkən, az qalıram onların doğru-

luğuna şübhə edəm. Ancaq burada heç şübhə yeri yoxdur, çünki 

bu sətirlər o zaman, həmin gün, həmin gecə yazılmış gündə-

likdəki sətirlərdir. Mən buna acıyıram ki, şair dostum bu gün sağ 

deyildir, yoxsa onunla birlikdə bu sətirləri oxuyar, gəncliyimiz-


Úàâèäè õàòûðëàðêÿí 

453 


dəki dəliliklərimizi xatırlayar və  zəmanənin pozulmaz qanununu 

bir daha dərk edərdik. 

Burada bütün təfərrüatı və təfsilatı ilə təsvir edilmiş o gün – 

1914-cü il 21 avqust günü – bu gün də xatirimdə canlanır. Mən 

fikirləşirəm ki, bizim o günkü dəli-divanə  hərəkətlərimiz heç də 

bizim doğrudan da dəli-divanə, ya ağılsız – yelbeyin olduğumuzu 

göstərmir, çünki insan həyatında hər dövrün özünəməxsus qanunu 

var. O zaman Hüseynin 32, mənim isə 19 yaşım var idi. Bizim bu 

cür dəlilik etməyimiz qanuni idi, təbii idi. Yazıq o adamdır ki, 

19–30 yaşında ikən 60–70 yaşlı müdrik qoca kimi ola və yaxud 

60-70 yaşını yaşamış bir baba gənc “dəliqanlı” (Hüseyn Cavidin 

təbirilə!) kimi hərəkət edə, çünki bu, qanuni və  təbii olmadığı 

üçün gülməli ola bilər. 

Bu mülahizə  və  bəyanatdan sonra yenə gündəliyimin 

səhifələrinə müraciət edirəm. 

Cümə, 22 avqust. Saat onda Hüseyn məni oyatdı. Saat 12-də 

Həqqinin yanına getdik. Özünü görə bilmədik. Mən ancaq bu gün 

bildim ki, bir ay əvvəl onun oğlu olub, adını da Niyazi qoyublar. 

Hüseynlə  bərabər Voronsov meydanına, mənim saqqallı  çəkdir-

diyim fotoşəklimi almağa getdik. Foto mənim xoşuma gəlmədi, 

amma duruşum və baxışım Hüseynin xoşuna gəldi. Ordan mənə 

otaq tapmaq üçün küçələri gəzdik. Mənə yarayan bir otaq tapa 

bilmədik. Bir küçədə alman qadınının bir otağı var idi. Otaq çox 

təmtəraqlı idi, amma qiyməti... ayda əlli manat! Keçdik. Hara 

gedəcəyimizi bilmirdik. Getdik bizim məktəbə, ancaq içəri 

girmədik. Burada Nağı Bağırova rast gəldik. Əlində təzə teleqraf 

xəbərləri var idi. Oxuduq. Paris təhlükədədir. Hökumət Bordo 

şəhərinə köçmüşdür. Rus qoşunları Qaliçdə böyük sahəni, Qaliç 

və Lvov şəhərlərini almışlar. 

Geri qayıdanda Hüseynlə yenə  Həqqinin kantoruna girdik. 

Həqqiyə gözaydınlığı verdik. İsmayıl çox şad idi. Bir az siyasət-

dən danışdıq. Bakıda çıxan “Sədayi-həqq” qəzetində çox maraqlı 

bir felyetonu oxuduq. Saat üçdə Hüseyn nahara getdi, mən də öz 

işlərimə... 



Úàâèäè õàòûðëàðêÿí 

454 


...Mən mehmanxanaya qayıdanda gecə saat bir idi. Hüseyn 

hələ yatmamışdı, oturub “Maral” pyesini təzədən düzəldirdi. Mən 

harada olduğumu söylədim. Söhbət başlandı  və  səhər saat dördə 

qədər uzandı. Söhbətimizin təfsilatı yadımda qalmayıb, ancaq bu 

yadımdadır ki, mənim gələcək fəaliyyətimdən də danışırdıq: ədə-

biyyatçı olsam, dolanacağım çətin olacaq, korluq çəkəcəyəm. 

Hüseyn Türkiyəyə getməyi məsləhət görürdü, ancaq mən buna 

etiraz edirdim. Təbibliyi mən sevmirəm, bu iş  əlimdən gəlməz. 

Tacir olmaq da mənim işim deyil, bir də bu iş üçün kapital lazım-

dır. Mühəndislik xoşuma gəlmir, amma yaxşı işdir. Mən bu işi ən 

əlverişli hesab edirdim, çünki bu işdə adam müəyyən dərəcədə 

müstəqil olur. Mühəndis hər yerdə mühəndisdir. Türkiyədən danı-

şırdıq. Hüseynin dediyinə görə, Türkiyədə maarif işi çox irəlidir. 

Bircə  İstambulda otuz dörd dövləti və xüsusi gimnaziya vardır. 

Hüseyn ali təhsili  İstambulda alıb,  ədəbiyyatçı olmağı  məsləhət 

görürdü... Zarafat edə-edə, gülə-gülə söhbətimizi edirdik. Saat 

dörddə ayrıldıq. Öz otağımda mən gündəliyimi yazmağa başla-

dım.  İndi səhər saat yeddidir. Daha nə yatmaq? Gərək imtahana 

gedəm. Bu gün kimyadan payız imtahanını verməliyəm...” 

Həmin gün məktəbdə kimyadan payız imtahanını müvəffə-

qiyyətlə verib, səhər saat doqquzda azad oldum. Günün davamını 

gündəliyimdən köçürürəm: 

Şənbə, 23 avqust. ...İmtahandan sonra evə qayıtdım. 

Hüseyn hələ yatırdı. Qapısını döyüb durğuzdum. Mənim nöm-

rəmdə birlikdə çay içdik. Mən gecəni yatmayıb, səhər imtahana 

getdiyimi və imtahanı necə verdiyimi nəql elədim. Nə isə özümü 

yorğun hiss edirdim. Bir az skripka çaldım. Saat 12-də Hüseyn öz 

işlərinə getdi, mən də paltarlı çarpayıya uzanıb yuxladım. Saat 

ikidə Hüseyn məni dümsükləyib durğuzdu. Yamanca yuxum 

gəlirdi. Naharı  gətirincə bir az Nitsşedən danışdıq. Bu gün Hü-

seyn ondan bir az oxumuş imiş. Nitsşenin onu qane etmədiyindən 

deyirdi. Nahardan sonra Hüseyn öz otağına yatmağa getdi, mən 

də Nitsşeni oxumağa başladım. Ancaq müqəddiməni və birinci 

fəsli oxuya bildim. Hələ ki, bir o qədər də maraqlı deyil... 



Úàâèäè õàòûðëàðêÿí 

455 


...Gecə saat 11-də Hüseyn mənim nömrəmə  gəldi. Söhbət 

taledən və həyatdan başlandı. Bütün bizim həyatımızı idarə edən 

taledir, təsadüfdür. Bunlara qarşı biz acizik. Mən Kuprinin 

“Axşam qonağı” və “Razyezd”də hekayələrinin məzmununu 

Hüseynə nəql elədim. Özümün allaha inanmadığımı, ateist oldu-

ğumu dedim. O isə müxtəlif misallarla dinin bütün tarixini mənə 

nəql elədi. 

Gecəyarı Hüseyn yatmağa getdi... 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin