“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
547
Qardaşım susdu, gözünü bir nöqtəyə zilləyib durdu, sağ əlini pencəyinin cibinə salıb siqaret
çıxardı...
...Onlar qayıdanda gün Bayıl təpələrinin arxasında gözdən itmişdi. Anam küçə balkonunda durub
gözləyirdi, onlar tini dönəndə tez içəri keçdi. Tindən qapıyacan olan kiçik yolu yarım saata
gəldilər. Atam qardaşıma nə isə izah edir, hərdən bağlamaları yerə qoyur, danışır, sonra yenə
dayanırdılar. Atam ağaca qonmuş sərçəni göstərib gülürdü. Qardaşım da hələ uçmağı
bacarmayan sərçə balasına baxıb gülürdü. Nəhayət, qapıya çatdılar. Atam əlindəki qutuları,
bağlamaları oğluna verib, onu evə doğru itələdi...
- Başa düşürsən, mən o topu götürüb həyətə düşməyə tələsirdim. Hələ hava qaralmamışdı, yəqin,
uşaqlar həyətdəydilər. Mən, axı, hardan bileydim ki, atamı axırıncı dəfə görürəm!..
...Yazıq atam, hara gedirdi? Haralarda, hansı uzaq ölkələrdə dinclik, sakit həyat axtarıb tapmaq
ümidindəydi? O, xalamın qəddar, qansız ərinin tuşladığı güllədən gizlənməyə cəhd edirdi...
SON SÖZ ƏVƏZĠ
Bəlkə, ona görə anam belə tez öldü?!
Bəyəm, bu illər ərzində o yaşayırdı?
Məgər o ərə gedəndə belə həyat arzulamışdı? Ümumiyyətlə, bir xoş gün gördümü o?
Ömrü boyu həyəcan, göz yaşı. 1929-cu ildə atam onu Allah, insanlar, əri qarşısında könüllü
götürdüyü məsuliyyətdən azad edib getdi. Ancaq ömrünün son günlərinəcən anamın heç ağlına
da gəlmədi ki, həyatının axarını dəyişsin, başqa, yeni bir həyat qursun...
Türkiyə, İtaliya, Fransa,.. İran. Atamı bu həyatda hər şeylə bağlayan bağlar burada qırıldı.
* * *
- Yadındadı, mən sənə əllinci illərin ortalarında bizim idarədə kadrlar işinə baxan o kişidən -
Nəsir dayıdan danışmışdım. Çətin adamdı, ancaq mən onu tez-tez xatırlayıram. Özü də yaxşılığa.
Həyat belə gətirmişdi. Kimin ağlına gələrdi ki, hər şey belə qəmli qurtaracaq?!
Mən bu adamla üç, ya dörd il işlədim. Demişdim sənə, bir otaqda otururduq. Gözümün
qabağında dəyişirdi. Məsələn, dünən diqqətcil, sənin ən kiçik xahişini də həvəslə yerinə
yetirməyə hazır olan bu adam, səhər par-par parıldayan uzunboğaz çəkmədə, qabardin
gimnastyorkada, düzdü, paqonsuz, salamsız-kalamsız keçib otururdu stol arxasında, özü də elə
bir amiranə tonla danışırdı ki mənimlə...
Hər şeyin bir sonu varmış. Nəsir dayının da çapalayıb vurnuxmalarının sonu gəldi. Bir dəfə işə
gecikmişdi, gələn kimi stula çökdü, stolunun siyirtmələrini eşələdi, sonra başını stula söykəyib
salamlaşdı. Başa düşdüm ki, nə isə fikirləşib, nəsə eləmək qərarına gəlib, dinmədim. Vaxtı
gələndə, özü hər şeyi açıb söyləyəcək.Və bir azdan vaxtı gəldi...
Biz siqaret çəkirdik. Hiss olunurdu ki, çətin nəfəs alır, bir-iki ağız öskürdü də, ancaq siqaretini
atmadı.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
548
- Ürəyimə damıb, mənə nəsə olacaq. Sözümü kəsmə. Dünya belə qurulub: dünən mən, bu gün
məni... hi... hi... hi... Nə isə... Oğul, bax gör, bəlkə, qızların çayı ola, kak raz...
Bir böyük fincan çay içib özünə gəldi...
- Mən çoxdan sənə demək istəyirdim... ancaq bilmirdim, necə başlayım. Deyəcəyim sənin atan
haqqındadır, kak raz... Mən onun haqqında bəzi şeylər bilirəm; kədərli xəbər olsa da, hər halda,
sən bilməlisən bunu... Xülasə, qırx ikinci ildə bizimkilər orda olanda (başını qeyri-müəyyən
tərzdə pəncərəyə sarı qovzadı) bir cavan oğlana çox mürəkkəb bir tapşırıq vermişdilər. O,
Təbrizdə bizim başqa bir adamımıza çatmalıydı; həmin adam bir saat əvvəl tapşırıq alıb getmişdi
yerinə yetirməyə. Başa düşürsən, biz, kak raz, nadir hallarda səhv edirik, ancaq bu işdə səhv
olmuşdu. Kimsə yaxşı başa düşməmişdi, bir saat əvvəl yola düşmüş adama bir tapşırıq vermişdi:
get filan küçəyə, filan evi tap... orda bu familiyada bir nəfər olacaq. Və sizin familiyanı demişdi.
Sən də Azadxanovsan da, elə deyil...
O adam da silahı qoltuğuna qoyub... Nə isə...
O biri, ikinci adam sonra mənə danışmışdı ki, kak raz, o, yarım saat gecikibmiş. Deyirdi ki: - Evə
girib, lazım olan otağı tapdım. Amma nə olsun....artıq gec idi... Gördüm ki, bir nəfər oturmuş
vəziyyətdə üzüqoylu stolun üstünə yıxılıb, qolları yanına sallanıb, qanı hələ də xalçaya damır.
...Sonra o adam dedi ki, ona heç nə ilə kömək etmək mümkün deyildi, artıq gec idi, odur ki,
toxunmadım. Otağa göz gəzdirdim. Balaca bir otaq idi, kəllə tərəfdə yataq otağına qapı açılırdı.
Orda, üzbəüz divarda, kak raz, dörd-beş yaşlı bir oğlan uşağının şəkli asılmışdı. Əynində də
matros köynəyi...
SON
TƏRCÜMƏÇĠDƏN
Cığatay Şıxzamanov - 1925 - ci ildə Gəncədə qulluqçu ailəsində anadan olub. Bakıda təhsil alıb,
19 yaşında Sovet ordusu sıralarına gedib və altı il, ta 51 - ci ilə kimi əsgəri xidmətdə olub. Tərxis
olunduqdan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb (1951 -
1956).
Tələbəlik illərindən “Molodyoj Azerbaydjana” qəzetində jurnalist kimi fəaliyyətə başlayan
Cığatay sonralar Azərbaycan Dövlət Televiziya Verilişləri Komitəsində böyük redaktor, baş
redaktor və, nəhayət, sədr müavini işləyib. Daha sonra düz yeddi il SSRİ Dövlət Teleradio
Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri, “Bakinski raboçi” qəzetinin redaktor müavini,
1983-1992-ci illərdə isə “Azərinform”un direktor müavini vəzifələrində çalışıb. C. Şıxzamanov
tanınmış bir jurnalist, ictimai xadim olmaqla yanaşı, həm də Azərbaycan ədəbiyyatından rus
dilinə xeyli bədii əsər tərcümə edib. Onun ssenariləri əsasında çoxlu sənədli filmlər çəkilib.
Ailə vəziyyəti və səhhəti ilə bağlı 1992- ci ildən ömrünün sonunadək mühacirətdə yaşayıb.
“Qardaşlar” povesti Cığatayın Azərbaycanda kifayət qədər tanınmış Şeyxzamanovlar nəslinin
XX əsrdə keçdikləri həyat yolundan bəhs edir. Əsər bir trilogiya kimi düşünülsə də, amansız
ölüm müəllifə bu arzusunu həyata keçirməyə imkan vermədi.
Cığatay Şıxzamanov 2011-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
549
Herman Hesse
Yalquzaq
Roman
Tərcümə edəni: Vilayət Hacıyev
Herman Hesse – Nobel mükafatı laureatı, “Muncuq oyunu”, “Yalquzaq” kimi məşhur
romanların, “Nərgiz və Qoldmund”, “Demian” və s. povestlərin müəllifidir.
“Yalquzaq” əsəri sanki ümidsizlik içində vurnuxan bir kişinin gündəliyindən cırılmış vərəqlərdir.
Ürəyinin dərinliklərində yaşamaq istəyə-istəyə intihara əl atan bir insanın təxəyyül uydurmaları.
Özünü tanıyan və varlığının bir qara qəpiyə dəymədiyini görən hər bir insan bu və ya digər
yollarla həyatının hansısa bir dövründə dünyaya üsyan qaldırır: kimisi sərgərdan həyat tərzini
seçir, kimisi intihara (maddi) əl atır, kimisi başqasının intiharına (maddi və mənəvi) səbəb olur…
Daxildə baş verən üsyanlar da olur. Heç kimin xəbər tutmadığı, amma sənin hər gün onlara
mübarizə apardığın üsyanlar. Güclülər və cəsarətlilər bu mübarizənin öhdəsindən gəlir.
Gəlməyənləri və gələ bilməyənləri isə intihar gözləyir, bədbəxtlik gözləyir… Bu acizliyin səbəbi
ya ümidsizlikdir, ya uğursuzluq, ya da təkrarlanan uğursuzluqdan doğan ümidsizlik. Harridə
(əsərin əsas qəhrəmanı) üçüncüdür. Ola bilmək istədiyi ilə ola bildiyinin davası. Nəticədə elə
Harrinin özünün uduzacağı dava. İçində olan canavardır onu davaya sürükləyən. Arzularına,
istəklərinə çatmadığına görə Harrini sorğu-suala tutan bir canavar (onun peşmanlıqları ilə vicdan
səsinin təcəssümü).
Əslində hamının içində bir heyvan oturur. Təəssüf ki, bu heyvan həmişə canavar olmur.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
550
YALQUZAQ
NAġĠRĠN ÖN SÖZÜ
Bu kitab Yalquzaq adlandırdığımız o kişidən qalma qeydlərdən ibarətdir. Həmin ifadəni özü də
tez-tez işlədərdi. Əlyazmasının ön sözə ehtiyacı olub-olmadığını demək çətindir, ancaq, hər
halda, Yalquzağın yazılarına onunla bağlı bəzi xatirələrimi də əlavə etməyi vacib sayıram.
Əslinə baxsan, həmin adam haqqında məlumatım azdır, kimliyi-nəçiliyi, ümumiyyətlə, bütün
keçmişi hələ indiyəcən də mənim üçün qaranlıq qalıb. Ancaq bunlara baxmayaraq, deyərdim ki,
şəxsiyyəti məndə dərin və xoş bir iz buraxıb.
Yalquzaq yaşı əllini haqlamış bir kişi idi. O zamanlar mebelli otaq sorağı ilə xalamgilə gəlib
çıxmışdı. Evin damındakı çardağı, ona bitişik balaca yataq otağını kirələyib getdi, bir neçə
gündən sonra iki çamadan və bir qalaq kitabla qayıtdı. Doqquz, ya on ay bizdə qaldı. Həddən
artıq sakit, qapalı yaşayırdı. Yataq otaqlarımız yanaşı olduğuna görə hərdənbir pilləkəndə, ya da
dəhlizdə rastlaşmasaydıq, yəqin, bir-birimizi heç tanımazdıq da. Çünki heç adamayovuşan
deyildi və mən də ömrümdə beləsini görməmişdim. Doğrudan da, hərdən özünün dediyi kimi,
lap yalquzağa dönürdü.
Başdan-ayağa qəribə, çılğın, həm də son dərəcə hürkək olan bu məxluq, sanki, başqa dünyadan
gəlmişdi. Taleyinə, bəxtinə düşən yalqızlığa necə öyrəşdiyini, tənha həyatı qisməti kimi qəsdən
qəbul etdiyini həmin qeydlərdən bildim. Bununla belə, onları oxuyana qədər də təsadüfi
görüşlərimizdən, qısa söhbətlərdən ona az-çox bələd idim. Yazdıqlarından aldığım təəssüratsa
şəxsi tanışlıqdan yaranmış dumanlı, alayarımçıq təsəvvürlərimi daha da tamamladı.
Yalquzaq ilk dəfə bizə gəlib mənzil kirələyəndə, təsadüfən mən də evdəydim. Nahar zamanı idi,
qab-qacaq yığışdırılmamışdı və mənim də işə getməyimə hələ yarım saat vardı. İlk baxışda
ondan aldığım qəribə, ikili təəssürat hələ də yadımdadır. Zəngi çalaraq şüşəli qapıdan içəri girdi.
Alaqaranlıq dəhlizdə xalam qabağına çıxıb nə istədiyini soruşdu. Ancaq Yalquzaq cavab
vermək, özünü təqdim etmək əvəzinə, qısa vurulmuş saçları biz-biz duran başını irəli uzadaraq
yan-yörəsini qoxladı:
– Oh, buradan nə yaxşı iy gəlir, – deyib gülümsədi. Mehriban xalam da gülümsədi. Ancaq bu
cür salamlaşmaq mənə qəribə göründü və nədənsə heç xoşuma gəlmədi.
– Hə, – dedi, – kirəyə verdiyiniz otaq üçün gəlmişəm.
Yalnız üçümüz də pilləkənlə artırmaya qalxanda ona əməlli-başlı baxa bildim. Boyca o qədər də
hündür deyildi, amma yerişi, ədası ucaboy adamlar kimiydi. Əynində son dəbdə tikilmiş rahat
qış paltosu vardı, ləyaqətli adama oxşayırdı, lakin çox səliqəsiz geyinmişdi. Üzünü tərtəmiz
qırxmış, addabudda dən düşmüş saçlarını çox qısa vurdurmuşdu. İlk baxışda yerişi xoşuma
gəlmədi. Nəsə bir yorğunluq, qətiyyətsizlik duyulurdu, ciddi, zəhmli görkəminə, iti, kəskin
danışığına heç uyuşmurdu.
Ancaq sonralar bildim ki, xəstə imiş, ona görə də yeriyəndə əziyyət çəkirmiş. Özünəməxsus bir
təbəssümlə – heç bu da ürəyimcə deyildi – pilləkənə, divarlara, pəncərələrə, duracaqdakı
qədimi, hündür dolablara baxdı və deyəsən, hamısı həm xoşuna gəldi, həm də bir az qəribə təsir
bağışladı.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
551
Kənardan baxan adamda elə təsəvvür yaranırdı ki, özgə bir planetdən, ya da lap okeanın o
tayındakı ölkələrdən təşrif gətirib: hər şey xoşuna gəlir, ancaq azca da gülməli görünür. İnsafən,
nəzakətli, mehriban adama oxşayırdı. Evi də, mənzili də bəyəndi. Çənə döymədən, kirə və səhər
yeməyinin haqqı ilə o dəqiqə razılaşdı. Lakin bunlara baxmayaraq, mənə elə gəlirdi ki, onun
bütün varlığında nəsə bir qəribəlik, bədlik, qərəzlik gizlənib. Mənzili kirələdi, üstəlik, yataq
otağını da götürdü. Qızdırıcı, su,
əlavə xidmətlər, evin qayda-qanunları barədə suallar yağdırdı, cavabları diqqətlə dinlədi, hamısı
ilə razılaşdı. Üstəlik, beh də verdi. Ancaq bütün bunları, sanki, qeyri-ixtiyari edir, hərəkətləri
özünə də əcaib görünürdü. Sanki, hamısı zarafatdı. Elə bil, öz aləmində başqa işlə məşğul ola-ola
gəlib mənzil kirələməsi, adamlarla almanca danışması özünə də qəribə gəlirdi. Mənim ilk
təəssüratım təxminən belə idi. Əgər ayrı-ayrı müsbət cizgilər bu təəssürata qarışıb onu
yumşaltmasaydı, yəqin ki, beləcə pis də qalacaqdı. İlk baxışdan könlümə yatan sifəti oldu.
Üzündəki anlaşılmaz ifadəyə baxmayaraq, xoşuma gəldi. Bəlkə də, nisbətən qeyri-adiydi,
kədərliydi, ancaq eyni zamanda da, canlı, ifadəli, düşüncəli və şövqlü sifətdi. Bir də özünü,
çətinliklə olsa da, nəzakətli, mehriban göstərməyə çalışması məni azca yumşaltdı. Ancaq
bunların heç birini özünü çəkmək, ya göstərmək üçün eləmirdi, əksinə, hər hərəkətində, az qala
adamın ürəyini yerindən oynadan bir yazıqlıq vardı. Düzdür, bunun səbəbini sonralar öyrəndim,
ancaq ilk baxışda məni ona bağlayan da elə həmin hərəkətləri oldu.
Otaqların ikisinə də baxıb, bəzi məsələləri müzakirə edənə kimi mənim nahar fasiləm qurtardı və
işə gedəsi oldum. Vidalaşıb, onu xalamın öhdəsinə buraxdım. Axşam qayıdanda xalam dedi ki,
həmin yad adam mənzili kirələdi, yaxınlarda köçünü gətirəcək. Amma xahiş eləyib ki, burada
qalacağını polisə bildirməyək, çünki xəstə adamdır, artıq formalizmə, polis idarəsinin get-gəlinə,
yazışmalarına dözəmməz. Bir də dəqiq yadımdadır ki, bu xəbər məni heç açmadı, xalama dedim
ki, cəncəl işdir, razı olma. Polisdən çəkinməyi onun qəribəliyinə, qeyri-adiliyinə çox uyğun
gəlirdi və məni şübhələndirən də bu oldu. Xalamı başa saldım ki, tanımadığı-bilmədiyi bir
adamın belə sırtıq təklifinə qol qoymasın, axırı pis qurtara bilər. Ancaq məlum oldu ki, xalam
artıq razılaşıb. Sözün qısası, bu yad adam arvadı lap ovsunlayıb, ağlını başından alıb, nə
etdiyindən heç özü də xəbər tutmayıb. Axı xalam ürəyinə yatmayan, ona qarşı özündə nəsə bir
doğmalıq, daha doğrusu, analıq qayğısı hiss etmədiyi adama ömründə ev verməzdi və əvvəlki
kirəkeşlər də bundan geninə-boluna istifadə edirdilər. Həqiqətən də, iş elə gətirdi ki, ilk həftələr
təzə kirəkeşdə bəzi xoşagəlməz cəhətlər tapdım, lakin xalam hər dəfə xüsusi bir canıyananlıqla
onu müdafiə elədi. Polisdən gizlənməsi xoşuma gəlmədiyi üçün xalamdan, heç olmasa, yad
adamın şəxsiyyəti, kimliyi-nəçiliyi, hansı məqsədlə gəldiyi haqda nələri bildiyini soruşdum. Sən
demə, mən çıxıb gedəndən sonra yanında lap azacıq qaldığına baxmayaraq, xalam onun
haqqında artıq bəzi şeyləri öyrənibmiş. Deyib ki, bir neçə ay bizim şəhərdə qalmaq fikrindədir.
Kitabxanalara gedəcək, tarixi yerlərlə tanış olacaq. Əslində, belə qısa vaxta kirəkeş götürmək
xalam üçün sərfəli deyildi, ancaq bu qəribə hərəkətlərinə baxmayaraq, kişi onu açıq-açığına
yoldan çıxarmışdı. Qısası, mənzil kirələnmişdi, mənim etirazım da yersiz idi.
– Axı o nə söz idi danışırdı? Buradan nə yaxşı iy gəlir? – deyə soruşdum.
Bəzi hallarda kifayət qədər bəsirətli olan xalam belə cavab verdi:
– Niyə elə dediyini dəqiq bilirəm. Bizim evdən səliqə-sahman, dinclik, rahatlıq ətri gəlir, ona
görə də gözü tutdu. Görkəmindən bu cür həyata öyrəşməyənə oxşayır, ancaq ürəyindən beləsi
keçir.
Fikirləşdim ki, «Ola bilsin... həqiqətən də elədir...», ancaq yenə də dilləndim:
– Əgər belə səliqəli, rahat yaşamağa adət eləməyibsə, onda necə? İşdi, pinti çıxsa, natəmizlik
eləsə, gecələr evə kefli qayıtsa, neyləyəcəksən?
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
552
– Orasına baxarıq, – deyə xalam güldü və mən də daha sözü çevirmədim.
Sən demə, şübhələrim yersizmiş. Hamı kimi adi, səliqə-sahmanlı həyat sürməsə də, kirəkeş kimi
bizi çox incitmədi, əngələ çevrilmədi. Hətta indi də onu tez-tez xatırlayırıq. Ancaq daxilən,
mənən ikimizi də – məni də, xalamı da – yerimizdən oynatdı, sanki, ağır bir yükə çevrildi və
sözün düzü, mən hələ də canımı ondan qurtara bilməmişəm. Bəzən gecələr yuxuma da girir, ona
heyran olsam da, belə bir şəxsiyyətin yer üzündə mövcudluğu, əslinə baxsan, mənə rahatlıq
vermir, yerimdən oynadır.
İki gündən sonra bir faytonçu Harri Haller adlı o naməlum şəxsin şeylərini gətirdi. Qəşəng dəri
çamadanı çox xoşuma gəldi. Şumal üzlü, iri kofru uzaq-uzaq səfərlərdən xəbər verirdi, üstündə
müxtəlif ölkələrin, hətta okeanın o tayındakı otellərin, nəqliyyat agentliklərinin saralmış
yarlıqları vardı.
Sonra özü gəlib çıxdı və yavaş-yavaş həmin qəribə adamla tanış olmağa başladım. Əvvəlcə buna
heç can atmırdım. Halleri gördüyüm ilk andan məni çox maraqlandırsa da, bir neçə həftə onunla
rastlaşmağa, söhbətə girişməyə cəhd göstərmədim. Amma boynuma almalıyam ki, ilk günlərdə
onu uzaqdan-uzağa müşahidə etdim, evdə olmayanda, otağına girib, adicə maraq xətrinə ora-
bura «göz gəzdirdim».
Yalquzağın xarici görkəmi haqda artıq bəzi şeyləri dedim. Ancaq elə ilk baxışdan adlı-sanlı,
qeyri-adi, çox nadir istedada malik bir adam təsiri bağışlayırdı. Üz-gözündən müdriklik yağırdı
vəhəddən artıq zərif cizgilərinin tez-tez dəyişməsindən bilinirdi ki, çox maraqlı, son dərəcə
dəyişkən, zərifdən də zərif, həssas mənəvi dünyası var. Söhbət edəndə və o da hərdən şərtiliyin
hüdudlarını pozaraq tərki-dünyalığından ayrılıb özü haqqında danışanda, hər sözünə mütləq
inanmalı olurdun.
Adama elə gəlirdi ki, o, hamıdan çox düşünüb-daşınır, söhbət mənəvi məsələlərdən gedəndə isə
elə soyuqqanlı olur, elə inamlı, elə ağıllı mülahizələr yürüdürdü ki, yalnız yüksək mənəvi aləmi
olan, özünü gözə soxmağa, kimisə yoldan çıxarmağa, həmişə haqlı görünməyə çalışmayan
adamlar bu cür danışa bilərdi.
Belə ağıllı mülahizələrdən birini lap son günlərdə eşitdim. Daha doğrusu, söyləmədi, baxışları ilə
dedi. Onda bütün Avropada tanınan məşhur filosof və mədəniyyət tarixçisi akt zalında mühazirə
oxumalıydı və Yalquzağı da birtəhər dilə tutub ora apardım. Bir yerdə gedib yanaşı oturduq.
Natiq kürsüyə qalxıb sözə başlayanda, peyğəmbərsayağı bir adam görmək ümidilə gələn bəzi
dinləyicilər onun bər-bəzəkli üst-başından, lovğalığından yamanca pərt oldular. Əvvəlcə
tamaşaçılara bir az yarındı, zəhmət çəkib zalı doldurduqlarına görə onlara təşəkkür elədi. Həmin
anda Yalquzaq dönüb bircə anlığa mənə baxdı: yəni bu nə sözlərdir, bu necə adamdır? Of, elə
zəhmli, elə dəhşətli baxışdı ki, mənasından bir kitab bağlamaq olardı! Bu baxış təkcə o alimdən
narazılıq etmir, o məşhur adamı öz zəhmli, incə kinayəsi ilə iki yerə bölmürdü. Yox. Bunlar nə
idi ki! Onda kinayədən çox kədər vardı – ümidsiz, nəhayətsiz bir kədər! O baxışın mənası,
bəlkə də, nə vaxtdansa adətə çevrilən, indisə bu şəkildə özünü büruzə verən lal bir ümidsizlik idi.
Həmin baxış özünün bu ümidsiz işığı ilə yalnız lovğa natiqin iç üzünü açıb göstərmir, həmin
anın özünü, tamaşaçıların ümidlərini, ovqatını, oxunan mühazirənin gurultulu adını alt-üst
eləmirdi. Xeyr! Yalquzağın o baxışı zəmanəmizin dərin qatlarına işləyərək oradakı bütün
keşməkeşləri, şan-şöhrət həvəsini, mənasızlığı, dayaz bir mənəvi aləmin zahiri parıltısını
qamçılayırdı. Ah, hələ bu az imiş kimi, daha dərinlərə, daha uzaqlara baş vurur, bütün
eyiblərimizə, mənəvi dünyamıza, mədəniyyətimizə qədər gedib çıxırdı. Həmin baxış bütün
bəşəriyyətin qəlbinə işləyir, bircə saniyənin içində o mütəfəkkirin, bəlkə də, insan həyatının
mənasına vaqif olan ləyaqətli bir dahinin ümidsizliyini ifadə edirdi. O baxış deyirdi: «Bax gör bir
necə heyvanıq! Bax insan bu cürdür». Və həmin anda adına şan-şöhrət deyilən hər şey, bütün
idraki və mənəvi zəfərlər, təkamül və kamilliyə canatmalar, bəşəri ucalıq və əbədiyyət bir heçə
döndü, gülünc bir meymun hoqqabazlığına çevrildi…
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
553
Deyəsən, qeyri-ixtiyari çox qabağa getdim, məqsədim necə tanış olduğumuzu danışa-danışa
Halleri tədricən təsvir etmək olsa da, onun haqqında ən vacib şeyləri dedim. Bir halda ki, belə
qabağa getdim, onda Hallerin o sirli «qəribəliyi» haqqında təzədən söhbət açmaq, həmin
qəribəliyin, qeyri-adi, dəhşətli yalqızlığın səbəbini, mənasını tədricən necə öyrəndiyimi
xırdalamaq artıq şeydir. Belə daha yaxşıdır, çünki mən öz münasibətimi, imkan daxilində, arxa
plana çəkmək istəyirəm. Məqsədim nəyisə etiraf etmək, nağıl açmaq, psixoloji dərinliyə varmaq
deyil; sadəcə olaraq, bir şahid kimi, Yalquzaq haqqındakı traktatın əlyazmasını qoyub gedən o
qəribə adamın portretinə bəzi cizgilər əlavə eləməkdir.
Artıq elə ilk görüşümüzdə – şüşəli qapıdan içəri girib, başını quş kimi irəli uzada-uzada evdən
gələn ətri tərifləyəndə, gördüm ki, bu adamda nəsə qeyri-adilik var və ilk sadəlövh təəssüratım
da yaxşı olmadı. Hiss etdim ki, (elmdən-savaddan uzaq xalam da bunu o dəqiqə duyubmuş) –
bəli, hiss etdim ki, o, xəstədir – özü də nəsə ya ruhi xəstədir, ya da buna bənzər başqa bir azara
tutulub və mən sağlam bir adam instinkti ilə geri çəkildim. Ancaq zaman keçdikcə bu
çəkingənlik məhəbbətə çevrildi və səbəbi də o oldu ki, gözümün qabağındaca günbəgün
yalqızlaşan, daxilən ölən bu əbədi əzabkeşə yazığım gəldi. Həmin vaxt ərzində tam əmin
oldum ki, bu əzabkeşin xəstəliyi təbiətində nəyinsə çatışmazlığı ilə bağlı deyil, əksinə, ona bəxş
olunmuş istedadı ilə bacarığının ümumi dil tapa bilməməsindən irəli gəlir. Gördüm ki, Haller
əzab çəkmək dahisidir. Nitsşenin bəzi tezislərində olduğu kimi özündə dahiyanə, nəhayətsiz bir
əzabkeşlik istedadı tərbiyə eləyib. Eyni zamanda, onu da bildim ki, bədbinliyinin əsas səbəbi
dünyaya deyil, məhz özünə nifrətidir, çünki yer üzündəki təsisatdan, yaxud ayrı-ayrı şəxslər
haqqında son dərəcə amansızcasına danışanda, heç vaxt yaxasını kənara çəkməz, ilk oxu özünə
tuşlayar, əvvəlcə özünü inkar edər, özünü lənətləyərdi. Burada bir psixoloji anı da qeyd etmək
lazımdır. Yalquzağın həyatı haqqında mənə az şey bəlli olsa da, tam əsasla deyə bilərəm ki, o,
mehriban, amma eyni zamanda da, çox ciddi və dindar, həm də «iradəni sındırmağı» tərbiyənin
əsası sayan valideynlərdən, müəllimlərdən dərs almışdı. Ancaq bu şagirdin iradəsini sındırmaq
onlara qismət olmamışdı, çünki o, həddən artıq güclü, möhkəm, son dərəcə məğrur və ağıllı
doğulmuşdu.
Şəxsiyyətini əzməsələr də, özünə nifrət etməyi öyrədə bilmişdilər. Ona görə də ömrü boyu dahi
fantaziyasını, idrakının bütün gücünü özünə qarşı – o günahsız, nəcib varlığa doğru
yönəltmişdi. Xasiyyətindəki qəribəliklərə baxmayaraq, xalis xristianlığı, xalis şəhidliyi onda idi
ki, əlindən gələn hər bir amansızlığı, hər bir qərəzi, hər bir nifrəti ilk növbədə özünə aid edirdi.
Söhbət başqalarından, yadlardan gedəndə isə rəşadətlə, təmkinlə hamını sevməyə, onlara qarşı
ədalətli olmağa çalışar, heç kəsi incitməyə qıymazdı, çünki İncildəki «Bəşər övladını sev»
kəlamını da özünənifrət bacarığı ilə bərabər beyninin lap dərinliklərinə yeritmişdilər və beləliklə
də, bütün həyatı «özünü sevmədən başqalarını sevə bilməzsən – elə özünə nifrət etmək də onun
kimi» məsələsində bir nümunəyə çevrilmiş, axırda da bunlara tən gələn o dəhşətli tənhalıq,
ümidsizlik, aşkar sezilən eqoizm yaranmışdı. Ancaq vaxt gəlib yetişib, indi öz mülahizələrimi
bir tərəfə qoyub, olanlardan danışmaq lazımdır. Bəli, bir az «casusluq»la, bir az da xalamın
dediklərindən cənab Harri Haller haqda öyrəndiyim ilk şey onun həyat tərzi oldu. Heç yerdə
işləmədiyi, yazı-pozu adamı olduğu lap tez bilindi. Vaxtın çoxunu çarpayısında uzanar, adətən
günortaya yaxın durar, elə gecə köynəyində də yataq otağı ilə iş otağı arasında bir az gəzişərdi.
İri çardaqda yerləşən ikipəncərəli, rahat yataq otağı iki-üç gündən sonra görkəmini tamam
dəyişdi, əvvəlki kirəkeşlər qalan otağa heç oxşamadı. Dolduqca doldu. Gündən-günə də dolurdu.
Hər yerdən tablolar asıldı, divarlara müxtəlif jurnallardan kəsilmiş cürbəcür şəkillər vuruldu. Bir
yanda cənub mənzərəsi, digər tərəfdə hansı əyalət şəhərininsə – çox güman ki, öz vətəni idi –
fotoşəkilləri, onların arasında parlaq, işıqlı rənglərlə işlənmiş akvarellər düzüldü. Axırda bildik
ki, bu akvarelləri özü çəkibmiş. Sonra da gənc, qəşəng bir xanımın, ya da qızın fotoşəkli. Xeyli
vaxt divardan Siam Buddasının şəkli asıldı, sonra onu Mikelancelonun «Gecə» kompozisiyasının
reproduksiyası, daha sonra da Mahatma Qandinin portreti əvəz elədi. Yarımçıq qaldığı yeri
nişanlamaq üçün arasına kağız qoyduğu kitablar təkcə iri dolabı yox, hər yeri tutdu, hətta qəşəng
qədimi yazı masasının, divanın, stulların, döşəmənin üstündə də qalaqlandı. Həmin kağızlar da
|