“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
540
Həsən ağa deyən kimi oldu. Həyat tədricən axarına düşdü; səhərlər dükanları açmağa başladılar,
küçələr canlandı, bazarlar gurlaşdı... Restoranlar, kazinolar bir müddət əvvəlki qaydada işlədi.
İsmayıl bəy payıza yaxın işə düzəldi. Samuxa bir daha qayıtmadı. Janetin taleyindən ömrünün
sonunacan xəbər bilmədi. Məşədi Cəmilin köməyi ilə Kiçik Qafqaz səmtində işləməyə başladı;
artel sənədlərini qaydaya salırdı, dərman bitkiləri tədarüküylə məşğul olurdu, hərdən Gəncə
nəşriyyatlarının sifarişi ilə ruscadan ya ruscaya məqalələr və broşürlər tərcümə edirdi. Bir sözlə,
çox işləyirdi. İşindən razı idi, tez-tez evdə olurdu, bəzi keçmiş əlaqələrini də təzələmişdi.
İki-üç il belə ötdü, bolşeviklər bir az da güzəştə getdilər, ticarət genişləndi, kiçik şəxsi
müəssisələr meydana gəldi. Həsən ağa bu fürsətdən bacarıqla istifadə elədi, kiçik kontor açdı,
Bakıda daimi müştəriləri də vardı.
İsmayıl bəyin oğlu oldu. Bir yaşı olanda bu gözəl uşaq əməlli-başlı danışırdı, nədən xoşu gəlib-
gəlmədiyini başa sala bilirdi. İllər keçdikcə o deyirdi ki, bir yaşı olmamış, ata-anası öz aralarında
nə danışırdılarsa, hamısı yadındadır və detalınacan bu söhbətləri bizə söyləyirdi.
Həsən ağa təəccüblə deyərdi ki, düz deyir bu yaramaz, yadımdadır, İsmayıl bunları mənə də
danışıb.
Mən böyük qardaşıma inanırdım, bu gün də inanıram və bu əhvalatların hamısını da o danışıb
mənə. Qardaşım olmasaydı, bu kitab da olmazdı, yəqin...
Bu kitabda köklü gəncəlilər nəsə bir yanlışlıq görsələr, başa düşərlər: günah təkcə məndə deyil...
Evin ilki üç yaşına çatanacan ailə ən xoşbəxt günlərini yaşadı. Anamın başı sevimli ərinin,
oğlanlarının qayğılarına qarışmışdı. Altmış illik ömründə anam bu üç ili göz yaşları ilə xatırladı.
Bu göz yaşları o üç ilin hərarətini, istisini çatdırmaq üçün söz tapa bilmədiyindən axırdı...
Həyatın sərt sınaqları İsmayıl bəyi qəddar edə bilmədi, ömrünün keçən günlərini götür-qoy edib
bu yaşanmış həyatın əsl mənasını başqa cür dərk etməyə vadar etdi, ürəyində arvadının səssiz
sədaqətinə qarşı heç vaxt tanış olmayan çox zərif, həssas duyğular oyatdı. Bu üç ildə o çalışırdı
ki, bütün boş vaxtını arvadıyla birgə olsun. Yanında oturub, tikiş maşınının dəstəyini fırladan
əlinə baxır, ardınca mətbəxə gedir, axşamlar divanda oturub ona kitab oxuyurdu. Görünür,
anamın kitaba məhəbbəti də elə o vaxtlar oyanmışdı və bu məhəbbəti anam bütün sərgərdan
həyatı boyu özüylə gəzdirdi.
Anam heç vaxt İsmayıl bəyin onu sevdiyini dilinə gətirmədi.
- O sizi, balalarını çox istəyirdi, ələlxüsus səni, böyük oğlunu... Yadımdadır, bir dəfə sənin
yumşaq yerinə yüngülcə bir şapalaq çəkdi, sən bağırmağa başladın. Düzdü, əli ağırdı, elə
ağlayırdın, atan özünü itirdi, az qala özü ağlayacaqdı. Birdən qaçıb otaqdan çıxdı, beş dəqiqə
sonra qayıdıb səni qucağına alıb getdi. Sən demə, fayton tutub səni şəhərdə gəzdiribmiş.
Bir dəfə də evdən çıxanda soruşdu:
- Sənə nə alım, oğlum?
- Mənə heç nə lazım deyil.
Anam öyrətmişdi onu, heç kəsdən, atandan da heç nə istəmək olmaz. Görünür, mənim nəsihətlik
vaxtım deyildi hələ, tərbiyə etməyə macal tapmamışdı ya da, qardaşımın yerinə mən cəsarətlə
çığırmışam:.
- Sucuq...
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
541
Ata-anam mənim cəsarətimdən yaman heyrətlənmişdi. Mən cılız uşaq olmuşam, həkimlər
deyirmiş sağ qalsa, şükür... Ona görə adımı da gec qoyublar.
İyirmi altıncı ilin sonumu, iyirmi yeddinci ilin ortalarımı, atam da yoldaşlarının çoxu kimi
Bakıya köçmək qərarına gəlib. Həm də fikirləşib ki, Bakıda özünə, bəlkə, daha münasib bir iş
tapa bildi.
Bakıda kişi bacanağını axtarıb tapmalıydı. Bacanağı ya daxili işlər komissarlığında, ya da maarif
komissarlığında, dəqiqi yadımda deyil, məsul bir vəzifədəydi, ailəsi də Bakıda yaşayırdı.
Vağzalda İsmayıl bir anlıq fikirləşdi ki, bacanağının yanına işə getsin, yoxsa axşamı gözləsin,
evdə danışarlar. Sonra düşündü ki, ev yaxşıdır, özgə deyillər ki, bacanaqdılar da. Yaxşısı budur,
əvvəl şəhəri gəzsin, zarafat deyil, on ilə yaxındı Bakıda olmamışdı, həm də səhər yeməyi yeyər.
Yavaş-yavaş vağzal meydanını keçib sola - Telefonnıya gəlib çatdı və bu küçəni də axıra kimi
keçib sola – Bolşoy Morskoy tərəfə döndü. Ağlına gəldi ki, Torqovıda alman şirniyyat evinə
getsin, orda isti bir bulka ilə qəhvə içsin; orda da elə axşama kimi vaxtını necə keçirmək barədə
bir qərara gələr.
Alman qəhvəxanası heç dəyişməmişdi. Ləzzətlə qəhvəsini içdi, qalxıb çıxanda qapıda köhnə
tanışlarından biri ilə rastlaşdı. Tanışı görüşməklərinə çox sevindi, dedi ki, Bakıda Gəncə
hadisələrindən yaman danışırlar, İsmayıl bəyin də adı hallanır. Şükür, deyilənlər yalanmış və
bunu mütləq yumaq lazımdır. Sonra İsmayıl bəydən heç nə soruşmadan onu içəri dartıb xahiş
etdi ki, burda gözləsin, bu saat qayıdır. Doğrudan da, bir-iki dəqiqəyə qayıtdı, onun qoluna girib
"Novı Yevropa" restoranı tərəfə apardı.
Restoranda onları iki nəfər də gözləyirdi. Dörd nəfərlə daha maraqlı olar, - deyə İsmayıl bəy
ürəyində fikirləşdi və onların əlini bərk-bərk sıxdı.
Hər şey qaydasında və gözəl idi. Onlar restorandan çıxanda artıq gün əyilmişdi. Gəzə-gəzə
bulvara çatdılar. Dostlardan biri limonlu çay içməyi təklif etdi. İsmayıl bəy düşünürdü ki, hələ
tezdir, bacanağı hələ gəlməz evə, həm də restorandan çıxan kimi ayrılmaq da yaxşı düşməzdi,
özü də yeməyin üstündən çay heç də pis olmaz.
Bir saat da keçdi. İsmayıl üçmərtəbəli evin qapısına çatanda küçə fanarları yanırdı. Mərmər
pillələrlə qalxıb geniş palıd qapıya yaxınlaşdı və dəstəyə əl uzatdı. Elə həmin an avtomobil səsi
eşitdi. Əlini çəkib boylandı. Maşının qapısı açıldı, istisi yay günü olsa da, əyninə tünd qəhvəyi
mahud frenç geymiş alçaqboylu bir kişi arxayın-arxayın maşından düşdü. Sağ mahud furajka, sol
qoltuğunda sarı dəri portfel olan bu kişi onun yanından düz keçdi.
- Salaməleyküm, qohum, - İsmayıl bəy qabağa gəldi.
Kişi başını qaldırıb təəccüblə ona baxdı.
- A-a-a. Sənsən... Səni hələ güllələməyiblər?
Hər cür gözlənilməzliyə öyrəşmiş atamın nitqi qurudu. Məni? Güllələməyiblər? Nəyə görə? Və
bu adam - mənim bacanağımdır?!
- Görürsən də, hələ güllələməyiblər.
Portfelini bərk-bərk qoltuğuna sıxmış bacanaq istər-istəməz geri çəkildi, həmin anda da ağappaq
yanağına yağlı bir solaxay sillə dəydi.
Bacanağının nə deyəcəyini gözləmədən pillələri enib küçəyə çıxdı... Şükür elədi ki, nə yaxşı
Kəblə Qulamın çayxanasında bir-iki stəkan çay içib.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
542
Gecə ilə Gəncəyə çıxdı, bacanağının sözləri daş olub ürəyindən asılmışdı. Qatarda bütün gecəni
gözünü yummadı. İlk dəfə başa düşdü ki, tale ondan üz döndərib. Heç o çay kənarında oturub
Sulikonu gözləyəndə ağlına bu cür kədərli fikir gəlməmişdi. Vaqonda ağlına gətirmirdi ki, həyat
ona nələr hazırlayır.
Səhər qatardan düşən kimi fayton tutub əttarlar məhəlləsinə - Məşədi Cəmilin yanına gəldi.
Arvadının lal baxışlarından oxunacaq sözsüz suallara nə cavab verəcəyini bilmirdi.
İki gün sonra Məşədi Cəmilin evinə yaxın dükandan balaca oğluna sucuq, böyüyünə rəngli
karandaş və dəftər, arvadına da bir para xırda-xuruş şeylər alıb evə gəldi.
Bacanağının hərəkətini arvadından gizlətmədi, ancaq sillə barədə susdu. Bircə onu dedi ki,
bacanaqsız da keçinər, şükür, kömək eləyə biləcək dostları az deyil, bir də ki, bizə bir elə çox şey
də gərək deyil...Qardaşlarına da belə dedi, əslində, haqlıydı.
Bakıda münasib bir iş tapdı, yaxşı da qazanırdı; təki ailəsini dolandırsın. Hələlik, qardaşlarının
da işləri pis getmirdi. Məsti bazarın yanında dükan açıb, yavaş-yavaş işə başladı. Əvvəl satışa
ucuz çit parçalar çıxardı, sonra nisbətən bahalılarını da düzdü rəflərə. Az sonra həmişəki kimi
yenə üzü gülürdü...
- Əşşi, ticarətsiz dövlət olar? Bu bolşeviklər, axı, ağılsız deyillər, başa düşdülər...
Həsən ağa Bakının mərkəzində kontor açıb vasitəçilik fəaliyyəti ilə məşğul olmağa başladı.
İşgüzar dairələrdə onu işində son dərəcə səliqə-sahmanlı, təmiz adam kimi tanıyırdılar. Gəncədə
nahaq yerə ona Qırmızı Həsən demirdilər ki...
Bir dəfə axşamüstü Həsən kontoru bağlayıb evə getməyə hazırlaşanda şəriki qəfildən dedi:
- Həsən ağa, mənim sizdən bir xahişim var.
- Buyurun, eşidirəm sizi.
- Həsən ağa, hamı sizi dürüst, təmiz adam kimi tanıyır.
- Təşəkkür edirəm.
- Mənə də indi məhz belə bir adam lazımdır...
- Mən elə bilirdim, sizə belə bir adam bizim tanışlığımızın ilk günündən...
- Bağışlayın, siz Allah, elə demək istəmirdim... Qısası, evlənməyə hazırlaşıram.
- Neçənci dəfə?
- Haqlısız, Həsən ağa, bu dəfə, deyəsən, həqiqətən evlənmək istəyirəm.
- Allah xeyir versin, mənnik nə var burda?
Məlum olur ki, şəriki on altı yaşlı bir qıza evlənmək istəyir, qızın atası da təzə rəhmətə gedib...
- Bilirsizmi, rəhmətlik tanınmış həkim olub, siz də tanıyırdız, yəqin... Qəribə adam idi, pul
götürmürdü. İndi ailə bir qəpiksiz qalıb...
- Sizin qırxa yaxın yaşınız var...
- Həsən ağa, məgər bunun əhəmiyyəti var. Mən o qızcığazı sevirəm.
- Qulaq as, bəlkə, sən onun anasını alasan, məncə, sənin yaşına o uyğun olar.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
543
- Həsən ağa, kömək eləyin mənə. Öyrənmişəm, siz arvadla danışsaz, qızı verməyə razı olar.
- Qulaq as, sən mənim dostum, şərikimsən, yox deyə bilmirəm. Özünə başqa adam tap, mən
yalan danışa bilmərəm...
- Yox, yox, Həsən ağa, bacarmaram. Qızın anası ancaq sizə inanır, deyir o gəlsə, qızı verərəm...
- Neynək, olsun, ancaq mən sözümü dedim.
Müəyyən vaxtda geyinib-kecinmiş Həsən ağa şəriki ilə elçiliyə gəlir. Oturub ordan-burdan
danışırlar, elə bu vaxt qız otağa girir. Anası çay hazırlamağı tapşırır.
- Xanım... - Həsən ağa sözə başlayır, - yəqin, gəlişimizin səbəbini siz hiss edirsiz. Mənim
şərikim sizin qızınıza evlənmək istəyir. Nə deyə bilərəm. Diribaş adamdır, işini yaxşı bilir,
sözünə inanmaq olar...
Şərikin ürəyinə yağ kimi yayılır onun sözləri... Ancaq ona nahaq yerə Qırmızı Həsən demirdilər
ki.
- Ancaq onun qırxa yaxın yaşı var, baxmayaraq ki, çox yaşlı görünür. Bu da, necə deyərlər,
keçirdiyi həyat tərzindəndir. Dörd dəfə evli olub. Demirəm içki düşkünüdür, bu heç mümkün də
deyil, heç olmasa ona görə ki, o çox ciddi işlə məşğuldur, - ancaq işdən sonra bir-iki qədəh
içməyi sevir. Hər gün olmasa da, restorana-zada da gedir. Oralarda da, məlum məsələdir... qumar
da olur, qadınlar da...
- Bəsdir, Həsən ağa, kifayətdir, - şəriki birdən çığırıb yerindən elə sıçradı ki, az qala stul
aşacaqdı. - Elə deyilmi, xanım? Üzr istəyirəm, dostum tamam düz deyir; mən öz məğlubiyyətimi
etiraf edirəm.
Sonralar Həsən ağa deyirdi ki, həkimin evindən çıxanda şəriki ona hətta təşəkkür edib: "Haqlısız,
mən belə təmiz, mələk kimi qıza evlənə bilməzdim. Allah bağışlamazdı".
Belə abırlı, ləyaqətli kişilər olub.
Deyir, hər zərərin bir xeyir tərəfi də var. Sonralar, xüsusən də qızı ərə gedəndən sonra, Həsən
ağa tez-tez həkimgilə gedib-gəlirmiş.
Çox keçmədi Gəncənin göylərini qara buludlar aldı. Təhlükə birinci Məstini yaxaladı. Özü bu
barədə belə deyirdi:
- Əvvəl hər şey qaydasında idi, alver də pis getmirdi. Başladılar maraqlanmağa: parça hardandı?
İzah eləyirəm. Bir az keçir, yenə çağırırlar, aya nə qədər qazanc olub? Düzünü dedim. Vergi
ödəməlisən! Nə vergi? Vergi də, özü də filan qədər...Deyirəm axı, mən bundan az qazanıram...
Bizə dəxli yoxdur... İstədim naçalnikə görüm-baxım eləyim, yenə saxladım özümü. Barmağımı
dişlədim: burda nəsə var...
Düz çıxdı. Sərbəst ticarəti yığışdırdılar... Məsti özünü ora-bura vurdu, nə iş olur-olsun işləyərəm
dedi. Yox, olmaz, həmkarların üzvü deyilsən. Deyiləm, qəbul eləyin də... olmaz, sahibkarsan...
Evini satıb, həmkarlara üzv də oldu...
Atamın işi yaxşı idi. Həmkarlara-filana dartmırdılar, dükanı-zadı da yox idi, ev də elə böyük
deyildi. Bir sözlə, dəyib-dolaşmırdılar. İşlə özünçün, heç kəsə lazım deyilsən...
Ancaq ürəyindən asılan daşı ata bilmirdi, silləni də yaddan çıxarmırdı.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
544
Ürəyincə işi də olurdu, maaşı da yaxşı, adamlar da pis deyildi. Belə getsə, yarım ilə ailəmi də
Gəncədən gətirə bilərəm. Hayıf deyil, arvad-uşaq yanında, axşamlar hamı kimi sən də çıx
bulvara... Ancaq ürəyi səksəkədəydi... Dostlar da seyrəlmişdi...
Bir dəfə Kolodezni küçədə bir tanışıyla üz-üzə gəldi. Kiçik qaynı orda yaşayırdı, hərdən onlara
baş çəkirdi.
Görüşdülər...
- Mən elə bilirdim, sən çıxıb getmisən...
- Hara getməliydim ki?
- Bilmirəm, düzü. Ancaq təmiz, ləyaqətli adamların çoxu gedir... Bağışla, sən Allah..
Haqlıydı, çoxu getmişdi. Bəlkə... Bəs ailə, uşaqlar?
Bu arada Kazım bəyi tutdular; ikinci dəfə. Niyə? Bilən yoxdu, Məsti kimi xırda-xırda alverini
eləyirdi, hər şeyi də qanunla. Dəxli yoxdur, Xəzərin o biri üzündəki çöllərə göndərdilər. Ələsgər
bəysə vaxtında duyuq düşüb tərpəndi, çıxıb getdi. Biri deyirdi, Türkiyəyə, o biri deyirdi
İtaliyaya... Nəhayət, Həsən ağanı da apardılar!
Azadxanovların hamısını ilişdirdilər. Məlum oldu, mənsəbə görə tuturlar. Azadxanovlar,
Rəfibəylilər, Zülqədərovlar. Yaxşı fikirləşiblər. Nə deyəsən?!
İsmayıl bəy də başa düşdü. Başa düşdü ki, onu da bu aqibət gözləyir, neyləyir - eləsin, yayına
bilməyəcək. Aqibəti məlumdur.
Bir gün şam yeməyindən sonra anama dedi:
- Sən Bakıya getməlisən. Belə lazımdı. Qardaşınla danışmışam, o, razıdı. Başa düş, mənim
başıma hər şey gələ bilər.
1928-ci ilin axırları idi. Həsən ağa həbsdəydi, Məsti fabrikdə işləyirdi. Əhəd də böyümüşdü.
Qardaşları iki il əvvəl onu Daşkənddə Kənd Təsərrüfatı İnstitutuna düzəltmişdilər.
- Başa düşürsən, arxayın oturmağa əsas yoxdur. Məni rahat buraxmayacaqlar. Bacının əri elə
bəsdi, məni rahat buraxmayacaq. Allah lənət eləsin...
İsmayıl əbəs yerə arvadını dilə tuturdu. İyirminci ilin o qəmli payızında qadın hiss eləmişdi ki,
təzə hökumət ərini rahat buraxmayacaq. Əvvəlki hökumətdə elə bir böyük vəzifəsi-filanı olmasa
da, tanınırdı, üstəlik də hərbi geyimdə gəzməyi xoşlayırdı.
Cavan idi... Dilini dinc qoyaydı barı... bəziləri kimi, heç olmasa. Şükür Allaha, axır ki, gəldilər.
Vaxtında özlərini yetirdilər. İndi həqiqətən azadıq...
Özü də bərkdən, kimə lazımdı eşitdirəydi...
Yox, İsmayıl bəy bunları eləmədi, eləyə bilmədi. Bununla da həm özünü məhv elədi, həm də
övladlarını uşaqlıqdan məhrum etdi.
Harda danışmaq, harda susmaq, kimin yanında qışqırmaq, kimə pıçıldamaq... Böyük elmdir,
ancaq İsmayıl bəy bu elmi öyrənə bilmədi. Ona görəmi ki, bütün bu illər ərzində kənddən şəhərə,
şəhərdən kəndə yol ölçürdü, gecələr yuxuda inildəyirdi?!
Arvadı çox şeyi başa düşmüşdü, ərinə bunları demək istəyirdi. Başa düşmüşdü ki, əri bir də
evinə dönməyəcək. Fərqi yoxdu, bu ev Gəncədə, Bakıda ya başqa şəhərdə olsun. Ən əsası, nə
özü, nə də əri heç nəyi dəyişə, yaxınlaşan bədbəxtlikdən qurtula bilməyəcək.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
545
Və bunu başa düşəndə, ömründə ilk dəfə özündə inanılmaz güc-qüvvə hiss etdi. Bu, Allahın
işiydi. O idi ona bu gücü-qüvvəni, dözümü verən. O idi onu sonralar sınmağa, əyilməyə
qoymayan. Qardaşımla mənə isə başqa tale yazılmışdı; xoş olmasa da, çox da qəmli, ağır
deyildi...
* * *
Yarım ildir Bakıda, bir elə də uzun olmayan, qozbelə oxşar Kolodezni küçəsində yaşayırıq. Biz
bura necə gəlib çıxdıq, bizi kim qarşıladı, şəhərin Dağlıq hissəsinə yaxın bu ikimərtəbəli evə kim
gətirdi– xatırlamıram. Yadımda o qalıb ki, günəşli yay günüdür, küçəyə çıxıram, səkidə durub
daş döşənmiş küçədə yavaş-yavaş gedən dəmir çəlləkli qəribə arabaya baxıram.
- Kerosin...Nöyüt...
Bu, mənim böyük şəhərdə eşitdiyim ilk söz idi. Nə qışqırıqdı, nə də çağırış! Yorğun, etinasız kişi
elə özü kimi yorğun atın yanı ilə gedirdi. Araba bizim evin qapısının yanında dayananda kəskin,
heç vaxt hiss etmədiyim iy gəldi. Kerosin iyi... Mənim uşaq təxəyyülümdə bu iy xoş
assosiasiyalar doğururdu: bir azdan səhər yeməyi olacaq, ev isinəcək, parlaq mis çaydanımız
zərif səslə oxuyacaq.
Bax, elə o zaman, mənim üç-dörd yaşım olanda, ilk dəfə anamın gözündə yaş gördüm, başa
düşdüm ki, ağlayır. Tikiş maşınının arxasında oturub, dəstəyi fırlada-fırlada ağlayır. Ətraf hər
tərəf günəş işığı, ağ tyt ağacının yaşıl yarpaqları... bir də krantdan axan təmiz şollar suyunun
şırıltısı. Sonra yeni səslər, yeni iylər...
- Quru çörək, quru çörək alıram...
- Süd, qatıq.
- Köhnə paltar alıram...
Hərdən qarayanız bir kişi gəlirdi, iri əlləri ilə məni qucağına alıb başının üstə qaldırırdı.
- Ata gəldi!
Hamıdan çox ağ xalatlı kişini gözləyirdim, onun səsi hamınınkından çox xoşuma gəlirdi:
- Ma- rojnı!...
Atam divanda oturub bir əliylə məni, o biri əliylə qardaşımı özünə sıxırdı. Qardaşım üyüdüb
tökür, atam başını yırğalayırdı. Anam o biri otaqdadır, bu mənzilimizdə otaq çox idi, deyəsən,
dörddü, hələ dəhlizin sonunda mətbəx də vardı.
Anam, yəqin, mətbəxdə ağlayır. Atama onun ağlamağı pis təsir edir; çayını içmir. Qardaşımın
əlindən tutub gedir. Qayıtmaqları xeyli çəkir, mənsə onları gözləyirəm... gələndə qardaşım mənə
rahathulqum qutusunu uzadır. Çox vaxt o gələndə mən yatıram. Onda rahathulqumu səhər verir.
Atam məni aparmır. Balaca olduğuma görəmi, yoxsa, anam istəmirdi... Onlar qardaşımla çıxanda
anam məni qucaqlayır, öpür, xeyli yanımda oturur, göz yaşları üzünü isladır.
Çox-çox illər sonra, müharibə vaxtı, biz hər ikimiz evdən getdik; qardaşım dördilliyə, mən düz
altı il.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
546
Sonralar qardaşım o uzaq iyirmi doqquzuncu ilin yayında hara getdiklərini danışardı.
- Elə-belə gəzərdik.
Ancaq axırıncı gəzintilərini çox ətraflı xatırlayırdı.
- Anamızın əhvalı o zaman çox pis idi; yəqin, sən də hiss edərdin. Atamızınsa, mən hələ
Gəncədə hiss eləmişdim ki, ürəyindən qara qanlar axır...Hə, hə. Gülüb-eləmə... Amma, nə dəxli,
istəyirsən lap gül, hər şey indiki kimi yadımdadır.
Günorta vaxtı idi...Anam mənə göy yaxalıqlı matros köynəyi geyindirdi. Atamın bu köynəkdən
çox xoşu gəlirdi. Biz evdən çıxdıq, yaman da istiydi. Həmin gün atamın əhvalı niyəsə xoş idi,
hey gülür, məni cırnadırdı.
“Kommunist” küçəsinə çıxdıq. Mənimçün nə fərqi, hansı küçəydi, küçənin adı nəyimə gərəkdi?!
Atam birdən ayaq saxlayıb lövhəyə baxdı və üz-gözünü qırışdırdı.
- İndi də Kommunist oldu... Görəsən, bu bizi hara aparacaq?
Elə belə də dedi - görəsən, bu bizi hara aparacaq?
Sonra yenə zarafata, deyib-gülməyə başladı. Biz fotoatelyeyə yaxınlaşdıq.
- Bax, bu yaxşı oldu.
Elə bil dünən idi. Yekəburun fotoqraf təkid edirdi ki, o, otursun, məni də dizinin üstə alsın. Atam
qəti boyun qaçırdı və xahiş elədi ki, mənim tək şəklimi çəksin. Atelyedən çıxanda atam dedi:
- Oğul, gəlsənə adama bir krujka pivə içək?!
Olginski küçəsinin tinində pivə barı vardı.
- Olar, bir krujka olar, - dedim.
O güldü, biz içəri keçdik, o noxudu mənim qabağıma qoydu, özü pivə içməyə başladı. Kimsə
yanımızdan keçəndə salam verdi, atamsa fikir vermədi. Mən bunu ona deyəndə, təəccübləndi.
- Nə danışırsan? Kim idi salam verən?
Məni qoyub kişinin arxasınca getdi, ancaq tez də qayıtdı.
Sonra biz böyük bir mağazaya girdik.
- İndi biz burda sənə bir şey alarıq... Ürəyin nə istəyir sənə alım?
- Top.
- Top, yaxşı, nə deyirəm, top da alarıq.
Xeyli gəzdik. Axşamacan bu bağlama və qutuları gəzdirmək lazım gəldi. Əla bir restoranda
nahar elədik, sonra bulvarda oturduq. O mənə nəsə deyir, elə hey deyirdi. Mənsə qulaq
asmırdım. Bunu özümə heç vaxt bağışlamayacağam. Fikrim aldığımız şeylərin, ələlxüsus topun
yanında idi. Bir yanı qırmızı, bir yanı göy top idi. Qonşumuz Lyovanın belə topu vardı. Xoşum
gəlirdi o topdan, istəyirdim mənim də belə bir topum olsun...
O gün atamın bulvarda dediklərindən təkcə bu sözlər yadımda qalıb: "Mənim haqqımda pis
fikirləşmə", "Anandan muğayat ol".
O zaman başa düşmürdüm, necə muğayat olum, axı?
|