1. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti. Dövlətin anlayışı



Yüklə 3,16 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix07.06.2020
ölçüsü3,16 Mb.
#31822
  1   2   3   4   5   6   7   8   9   ...   27
KY0000391


Mövzu 1.     DÖVLƏT VƏ SİYASİ HAKİMİYYƏT 
P L A N 
1. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti. 
 2. Dövlətin anlayışı. 
 3. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti. 
 4. Dövlətin formaları.
 
1.  Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti.      
 
Hər hansı bir cəmiyyətin sistemli idarə olunmağa ehtiyacı var. 
Hakimiyyət  -  mürəkkəb,  çoxcəhətli  bir  hadisədir  ki,  onun  tədqiqinə  təbii 
olaraq,  müxtəlif  cür  yanaşmalar  mövcuddur.  Hüquq  ədəbiyyatında  hakimiyyətə 
yalnız  insanların  birgə  fəaliyyəti  kimi  baxılmır.  O,  cəmiyyətdə  sosial  qurumların 
vahid  fəaliyyətini  və  möhkəm  qaydaları  təmin  edən  mütəşəkkil  bir  qüvvə  kimi 
xarakterizə  olunur.  Bundan  əlavə,  hakimiyyət  ayrı-ayrı  adamların,  sosial 
qurumların,  bütünlükdə  xalqın  öz  iradəsini  xüsusi  metodların  köməyi  ilə  həyata 
keçirməyə,  bunu  başqalarına  qəbul  etdirməyə  olan  real  qabiliyyəti  kimi  də  başa 
düşülür.  «Hakimiyyət»  anlayışının  mahiyyətinə  başqa  cür  yanaşmalar  da 
mövcuddur  ki,  o  da  bu  çoxcəhətli  sosial  hadisənin  bu  və  ya  digər  tərəfini  əks 
etdirir. 
Ən  ümumi  şəkildə  hakimiyyəti,  insanların  davranış  və  fəaliyyətini  bütün 
cəmiyyətin,  ayrı-ayrı  sosial  qrupların  iradəsinə  tabe  etdirmək  vasitəsi  kimi 
xarakterizə etmək olar. 
Hakimiyyət - sosial hadisə olmaqla insan cəmiyyətinin meydana gəlməsi ilə 
birlikdə yaranıb. Onu ibtidai icma quruluşu dövründə cəmiyyətə xas olan ümumi 
işləri  görmək  tələbatı  zəruri  etmişdir.  Onun  meydana  gəlməsinə  tayfa  və 
qəbilələrdə  insanlar  arasındakı  münasibətlərin  qaydaya  salınması,  müxtəlif  növ 
ümumi  əhəmiyyətli  funksiyaların  icrası:  qidanın  bölünməsi,  ailə-nikah 
münasibətlərinin nizamlanması, əməyin cinsə, yaşa görə bölünməsi və s. zərurətin 
yaranması səbəb olmuşdur. Öz təbiətinə görə bu, hər şeydən əvvəl ictimai rəyin - 
yığıncağın  qərarı,  ağsaqqallar  şurası,  rəhbər,  qəbilə  başçısı  və  s.  ictimai 
hakimiyyətin nüfuzuna söykənməklə mövcud olmuşdur. İbtidai icma cəmiyyətində 
insanların  yaşamaq  uğrunda  amansız  mübarizəsi  şəraitində  meydana  gələrək 
bərqərar  olmuş  qadağa  və  davranış  qaydalarına  riayət  etməsinin  ciddi  vacibliyi, 
hakimiyyətin tələblərinin könüllü icrasına səbəb olmuşdur. Əlbəttə, zəruri hallarda 
məcburetmə  də  tətbiq  olunurdu  (məsələn,  qəbilədən  qovma,  həyatdan 
məhrumetmə  və  başqa  tədbirlər).  Lakin,  ibtidai  icma  cəmiyyətində  hakimiyyətin 
həyata  keçirilməsinin  xüsusiyyəti  hakimiyyətin  tələblərini  yerinə  yetirməyi  təmin 
edən  xüsusi  məcburetmə  aparatının  olmamasıdır  ki,  bu  da  yalnız  siyasi  təşkilat 
KitabYurdu.az 
1
 

olan dövlətdə mövcud olur. 
İbtidai  icma  quruluşunun  dağılması  və  dövlətin  meydana  gəlməsi  ibtidai 
icma  cəmiyyətinin  ictimai  hakimiyyətinin  dövlət  hakimiyyətinə,  yəni  siyasi 
hakimiyyətə  çevrilməsinə  səbəb  olmuşdur.  Dövlət  hakimiyyəti  hər  şeydən  əvvəl 
dövlətin mecburetmə qüvvəsinə, xüsusi aparatların köməyi ilə (dövlət orqanları və 
idarələri, məhkəmə, hüquq-mühafizə orqanları və s.) belə məcburetmə imkanlarına 
arxalanır,  baxmayaraq  ki,  dövlət  hakimiyyəti  başqa  metod  və  vasitələrin  köməyi 
ilə də həyata keçirilir. 
Hakimiyyətin, onun həyata keçirilməsində vasitə olan xüsusi aparata ehtiyacı 
vardır.  İbtidai  icma  cəmiyyəti  şəraitində  belə  xüsusi  aparat  qismində  qəbilə 
yığıncağı, ağsaqqallar şurası və s. icma qurumları çıxış etmişdir. 
İnsanların ictimai həyatına dövlət hakimiyyəti öz nizamlayıcı təsirini dövlət 
orqanları vasitəsilə göstərir, sanki o, bu fəaliyyətdə öz maddi təcəssümünü tapır. 
Bütün hakimiyyətin xalqa məxsus olduğu cəmiyyətlərdə dövlət hakimiyyəti 
cəmiyyətin  bütün  üzvlərinin  iradəsini  ifadə  etməyə  və  onların  köklü  maraqlarmı 
təmin  etməyə  qadir  olmalıdır.  Bu  halda,  hakimiyyət  elə  təşkil  olunmalıdır  ki,  o 
dövlət  və  cəmiyyət  işlərinin  idarə  olunmasında  xalqın  iştirakını  (bilavasitə  və 
nümayəndələr vasitəsilə) təmin etsin. 
Hakimiyyətin  xalqa  məxsus  olması  onun  demokratik  metodlarla  həyata 
keçirilməsini, dövlət hakimiyyətinin xalq qarşısında hesabat verməsini qabaqcadan 
müəyyənləşdirir. 
Dövlət  hakimiyyətinin  başlıca  vəzifəsi  -  insanın  hüquq  və  azadlıqlarının, 
şərəf  və  ləyaqətinin  tanınması,  onlara  riayət  olunması  və  müdafiəsidir.  Belə  ki, 
demokratik dövlətdə insan, onun hüquq və azadlıqları - ali dəyərlərdir. 
 
2.  Dövlətin anlayışı. 
Dövlət  necə  meydana  gəlib?    Dövlətin  meydana  gəlməsi  haqqında  məsələ 
min illər boyu uzunmüddətli elmi müzakirələrin predmeti olmuşdur. Bununla bağlı 
müxtəlif  fərziyyələr və nəzəriyyələr irəli sürülmüşdür. 
Dövlətin  meydana  gəlməsinin  ən  qədim  izahlarından  biri  -  teokratik 
(ilahidən meydanagəlmə) nəzəriyyənin müəllifləri tərəfindən irəli sürülmüşdür. Bu 
nəzəriyyəyə görə, müvafıq olaraq dövlət insanlara Allahın hökmü ilə verilmişdir. 
Belə bir hüquqi formula məlumdur ki, hər hansı dövlət hakimiyyəti Allahdan gəlir 
və  bütün  hökmdarlar  öz  hakimiyyətlərini  ilahi  iradənin  icraçısı  kimi  həyata 
keçirirlər. 
Dövlətin  meydana  gəlməsi  haqqında  digər  bir  nəzriyyə  hesab  olunan 
patriarxal  nəzəriyyəyə  müvafiq  olaraq  dövlət  bilavasitə  ailə  hakimiyyətinin 
məntiqi  davamıdır.  Atanın  -  ailə  başçısının  hakimiyyəti  tədricən  böyüyərək 
monarxın hakimiyyətinə çevrilir. 
Dövlətin  müqavilə  ilə  meydana  gəlməsi  nəzəriyyəsi  baxımından  ona  başqa 
cür  izahat  verilir.  Cəmiyyət  təbii  dövlətəqədərki  vəziyyətdən  dövlət  vəziyyətinə 
dərhal  keçir  -  razılaşma  yolu  ilə,  müqavilə  bağlamaqla  insanlar  bir  qurumda 
birləşir, həmin andan etibarən qurulmuş vahid dövlət hakimiyyətinə tabe olurlar. 
KitabYurdu.az 
2
 

Elmə dövlətin əmələ gəlməsi haqqında başqa nəzəriyyələr də məlumdur ki, 
bunlar  da  yuxarıda  adı  çəkilən  nəzəriyyələr  kimi,  dövlətə  tarixi  inkişafın 
qanunauyğun nəticəsi kimi baxan tarix elminin məlumatları ilə təsdiq olunur. 
Dövlət,  cəmiyyətin  daxili  təkamülünün  məhsulu  olub,  obyektiv  olaraq, 
təşkilati  yetkinliyə  məruz  qalmışdır.  Müxtəlif  zamanlarda  və  müxtəlif  şəraitdə 
dövlət  cəmiyyəti  idarə  edən  təşkilati,  hökmranlıq  mexanizmi  kimi  çıxış  edir. 
Dövlətin  daimi  mahiyyəti  yoxdur,  o,  deyildiyi  kimi  ibtidai  icma  cəmiyyətində 
olmamış,  yalnız  ibtidai  icma  cəmiyyətinin  final  mərhələsində  müxtəlif 
səbəblərdən,  hər  şeydən  əvvəl  yaşamağın  yeni  təşkilati-əmək  formaları  və 
insanların  təkrar  istehsalı  ilə  əlaqədar  yaranmışdır.  Söhbət  təsərrüfat  həyatının 
təşkilinin  yeni  formasına  keçiddən  gedir  ki,  bu  da  cəmiyyətin  sosial 
təbəqələşməsinə,  siniflərin  meydana  gəlməsinə,  dövlətin  cəmiyyət  həyatının  yeni 
təşkilati forması kimi təşəkkül tapmasına gətirib çıxarır. 
Dövlət, cəmiyyətin təşkilati forması kimi bir sıra əlamətlərə malikdir. 
Bu əlamətlər aşağıdakılardır: 
1.  Dövlət  orqanlarında  təmsil  olunan,  dövlət  hakimiyyəti  kimi  çıxış  edən 
ictimai  hakimiyyətin  xüsusi  olaraq  mövcudluğu.  Onu  idarəetmə  və 
məcburetmə vəzifələrini yerinə yetirən insanların xüsusi təbəqəsi həyata 
keçirir. İnsanların bu xüsusi təbəqəsi dövlət hakimiyyətinin səlahiyyətləri 
verilmiş  dövlət  aparatını  təşkil  edirlər,  yəni  icra  üçün  məcburi  olan 
aktları  yaratmaq,  zəruri  hallarda  insanların  davranışlarını  dövlət 
orqanlarının  qəbul  etdiyi  qərarlarda  öz  ifadəsini  tapan  tələblərə  tabe 
etdirmək üçün dövlət təsirinə əl atmaq imkanları olur. 
2.  Əhalinin  ərazi  üzrə  bölünməsi.  Dövlət  hakimiyyəti  müəyyən  ərazi 
çərçivəsində həyata keçirilir və bu ərazidə yaşayan bütün insanlara şamil 
edilir. İbtidai icma cəmiyyətində insanların hakimiyyətə tabeliyi onların 
müəyyən qəbiləyə məxsusluğu, yəni qan qohumluğu əlaqələrindən asılı 
olmuşdur.  Dövlətin  əlaməti  həmin  dövlətin  ərazisində  olan  bütün 
insanlara onun hakimiyyətinin təsirilə xarakterizə olunur. 
3.  Dövlətin suverenliyi, yəni dövlət hakimiyyətinin daxildə və xaricdə hər 
hansı digər hakimiyyətdən asılı olmaması. Dövlət suverenliyi dövlətə öz 
işlərini sərbəst və azad surətdə həll etmək hüququ verməklə onu başqa 
əlamətləri ilə bərabər cəmiyyətin digər təşkilatlarından (məsələn, siyasi 
partiyalar) fərqləndirir. 
4.  Bütün dövlət orqanlarının fəaliyyəti hüquq normalarına əsaslanır. Dövlət 
cəmiyyətdə  yeganə  təşkilatdır  ki,  qanunvericiliyi  həyata  keçirir,  yəni, 
bütün əhali üçün məcburi olan qanunlar və digər normativ aktlar qəbul 
edir. 
Dövlətə - sosial qrupun, xalqın iradə və maraqlarını ifadə edən xüsusi dövlət 
aparatına  malik  olan  cəmiyyətin  siyasi  hakimiyyətinin  xüsusi  təşkilatı  kimi  tərif 
vermək olar. 
Dövlət,  onun  mexanizmi  (dövlət  orqanları  sistemi)  birdəfəlik  və  həmişəlik 
olaraq dəyişməz şəkildə qalmır. 
Dövlət  onun  təşkilatının  siyasi  forması  kimi  cəmiyyətin  dəyişməsi  ilə 
bərabər  dəyişir.  Biz  quldarlıq,  feodalizm,  burjua  cəmiyyətlərinin  və  s.  dövlət 
KitabYurdu.az 
3
 

mexanizminin xüsusiyyətlərindən danışa bilərik. Bu dövlətlərin təsnifatına bir növ 
yanaşmadır, bunlarla yanaşı başqaları da mövcuddur. Məsələn, avtoritar, totalitar, 
hüquqi dövlətləri də dövlət rejiminə görə təsnifləşdirmək olar. Əgər hüquqi dövlət 
mənən azad, səlahiyyətli insan şəxsiyyətini tanımağa əsaslanırsa, totalitar dövlətdə 
insanların şəxsi təşəbbüsü nəzərə alınmır. 
Totalitar  dövlət  hədd  qoyulmadan  vətəndaşların  şəxsi  həyatına  öz 
müdaxiləsini  genişləndirərək,  onların  bütün  fəaliyyətini  öz  hakimiyyətinin 
əhatəsinə  və  məcburi  qaydada  tənzimləməyə  düçar  edir.  «Totus»  sözü  latınca 
«tam,  bütöv»  deməkdir.  Totalitar  dövlət  vətəndaş  cəmiyyətini  udan  hər  cür 
rəzalətə  qadir  dövlətdir.  Belə  idarəetmə,  bir  qayda  olaraq,  hakimiyyət  bölgüsü 
mexanizminin  olmamasına,  sahibkarların  inhisarına,  təkpartiyalılığa  və  s. 
əsaslanan diktaturada mövcud ola bilər. 
Avtoritar dövlət onunla xarakterizə olunur ki, o, cəmiyyətin bütün sferalarına 
nüfuz  etmir,  onun  güclü  mərkəzləşdirilmiş  hakimiyyəti  totalitar  rejimdə  olduğu 
kimi hər şeyə qadir deyil. Lakin avtoritar dövlət cəmiyyətin həyat fəaliyyətinin elə 
sahələrinə müdaxilə edir ki, demokratik rejim şəraitində dövlət bu işlərə qarışmır. 
Avtoritarizm adətən, şəxsi diktatura elementləri ilə birləşir. 
Əgər  hüquqi  dövlət  tipi  haqqında  danışılsa,  onun  meydana  gəlməsi  və 
inkişafı  Avropa  ölkələrində  XVIII  əsr  və  XIX  əsrin  sonlarına  aid  edilir.  Hüquqi 
dövlət  quruculuğuna  bu  gün  respublikamızda  da  başlanılmışdır.  Azərbaycan 
Respublikasının  demokratik,  hüquqi,  dünyəvi  və  unitar  dövlət  kimi  inkişafı 
aşağıdakıları nəzərdə tutur: 
Azərbaycan 
Respublikasında 
suverenliyin 
daşıyıcısı 
və 
dövlət 
hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır; 
demokratiya  (xalq  hakimiyyəti)  siyasi  və  iqtisadi  cəhətdən  müxtəliflik, 
çoxpartiyalılıq əsasında həyata keçirilir; 
dövlət,  onun  orqanları,  idarələri,  vəzifəli  şəxslər  bütün  cəmiyyətə  xidmət 
edirlər, onun hər hansı bir hissəsinə yox, insan və vətəndaş qarşısında məsuliyyət 
daşıyırlar. 
insan, onun hüquq və azadlıqları - ali dəyərdir. 
dövlət  hakimiyyəti  sistemi  qanunverici,  icraedici  və  məhkəmə 
hakimiyyətinin bölgüsü ilə səciyyələnir. 
Dövlətin sosial təyinatı, onun fəaliyyətinin xarakter v məzmunu öz ifadəsini 
dövlətin  funksiyasında  tapır  ki,  bu  da  onun  fəaliyyətinin  əsas  istiqamətləri  ilə 
əlaqədardır. 
Funksiyanın  təsnifatının  əsasında  dövlətin  fəaliyyət  sahəsi  durur,  yəni 
ictimai  münasibətlərin  o  sahəsi  ki,  dövlət  ona  təsir  edir.  Bundan  asılı  olaraq 
dövlətin funksiyaları daxili və xarici funksiyalara ayrılır. 
1.   Daxili funksiya - bu ölkə daxilində dövlət fəaliyyətinin başlıca istiqaməti 
olub, dövlətin daxili siyasətini xarakterizə edir. Bunlara aiddir: qoruyucu 
və nizamlayıcı funksiya. 
Qoruyucu  funksiyaların  həyata  keçirilməsi  bütün  maddiləşmiş  və  hüquqla 
nizamlanan  ictimai  münasibətlərin  müdafiəsi  və  təmini  üzrə  dövlət  fəaliyyətini 
nəzərdə tutur: 
a) vətəndaşların  hüquq  və  azadlıqlarının  müdafiəsi,  qanunçuluğa  və  hüquq 
KitabYurdu.az 
4
 

qaydalarına riayət etməsi; 
b) bütün mülkiyyət formalarını bərabər şəkildə müdafiə etmək; 
c) ətraf mühitin mühafizəsi və s. 
Azərbaycan  Respublikası  Konstitusiyasına  uyğun  olaraq  insan  və 
vətəndaşların hüququnun tanınması, onlara riayət olunması və müdafiəsi - dövlətin 
ali məqsədidir. İnsan doğulduğu andan ona məxsus, ayrılmaz olan təbii hüquq və 
azadlıqlara  malikdir.  Dövlət  hər  kəsin  hüquq  və  azadlığının  məhkəmədə 
müdafiəsini  təmin  edir.  Cinayətdən  və  hakimiyyətin  özbaşınalığından  zərər çəkən 
vətəndaşın hüququ qanunla qorunur. Hər bir şəxsin dövlət hakimiyyəti orqanları və 
ya onun vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (yaxud hərəkətsizliyi) nəticəsində 
ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ var. 
Azərbaycan  Respublikasında  xüsusi,  dövlət  və  bələdiyyə  mülkiyyət 
formaları eyni cür tanınır və müdafiə olunur. 
Dövlət  hər  bir  şəxsə  ətraf  mühitdən  faydalanmaq,  ekoloji  hüquqpozmalar 
nəticəsində  onların  əmlakına  və  səhhətinə  dəyən  ziyanın  ödənilməsinə  hüquq 
verir. 
Nizamlayıcı  funksiya  ictimai  istehsalın  təşkilində,  ölkə  iqtisadiyyatının 
inkişafında, şəxsiyyətin formalaşması üçün zəruri şəraitin yaradılmasında dövlətin 
rolunu xarakterizə edir. Bu məqsədlə dövlət insanların maddi rifahının və mənəvi 
inkişafının  qayğısına  qalaraq,  insanların  və  cəmiyyətin  maraqları  naminə 
təsərrüfat həyatını nizamlayır. 
Nizamlayıcı  funksiyalara  iqtisadi,  sosial  funksiyaları,  vergiqoyma 
funksiyasını və vergilərin yığılmasını və s. aid etmək olar. 
Dövlətin iqtisadi funksiyası aşağıdakı müddəalarla xarakterizə olunur: 
a)  iqtisadi siyasətin işlənib hazırlanmasına; 
b)  dövlət müəssisə və təşkilatlarının idarə edilməsi; 
c)  qiymət  siyasətinin  və  bazarın  hüquqi  əsaslarının  müəyyən 
edilməsi; 
ç)  dövlətin xarici iqtisadi münasibətlərinin nizamlanması. 
Azərbaycan  Respublikası  demokratik  dövlət  kimi  iqtisadi  məkanın 
vahidliyinə  uyğun  olaraq  maliyyə  vəsaitlərinin,  malların  və  xidmətlərin  sərbəst 
hərəkətinə,  rəqabətin  həvəsləndirilməsinə,  iqtisadi  fəaliyyətin  sərbəstliyinə 
təminat verir. 
Dövlətin sosial funksiyası insanın layiqli həyat şəraitinin inkişafını və onun 
təmin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasına uyğun 
olaraq  Azərbaycan  Respublikasında  insanların  əmək  və  sağlamlığı  mühafizə 
olunur, təminatlı minimum əmək haqqı müəyyən olunur, ailələrə (analara, atalara 
və  uşaqlara),  əlil  və  ahıl  vətəndaşlara  dövlət  himayəsi  göstərilir,  sosial  xidmət 
sistemləri inkişaf edir, dövlət müavinət və pensiyaları müəyyən edilir. 
Vergiqoyma  və  vergilərin  yığılması  -  dövlətin  mühüm  funksiyası  hesab 
olunur.  Bu  onunla  əlaqədardır  ki,  dövlət  büdcəsi  müxtəlif  növ  vergilərdən, 
rüsumlardan,  yığımlardan  və  başqa  məcburi  ödəmələrdən  təşkil  olunur. 
Azərbaycan  Respublikasında  vergi  xidməti  yaradılmış  və  fəaliyyət  göstərir. 
Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə uyğun olaraq hər kəs 
qanunla müəyyən olunmuş həddə vergi və rüsumlar ödəməlidir. 
KitabYurdu.az 
5
 

2.   Xarici  funksiya  dövlətin  xarici  fəaliyyətində,  onun  başqa  dövlətlərlə 
qarşılıqlı  münasibətində  təzahür  edir.  Xarici  funksiyalara  aiddir: 
qarşılıqlı  faydalı  beynəlxalq  əməkdaşlıq,  xarici  hücumlardan  dövlətin 
müdafiəsinin təminatı və başqaları. 
Beynəlxalq əməkdaşlıq iki əsas istiqamətdə həyata keçirilir: 
a) xarici siyasi fəaliyyət; 
b) humanitar  sahədə,  təbiətin  mühafizəsi  və  digər  sahələrdə  beynəlxalq 
iqtisadi fəaliyyət və əməkdaşlıq. 
Azərbaycan  Respublikasının  xarici  siyasi  fəaliyyəti  bütün  ölkələrin  dövlət 
suverenliyinin,  suveren  bərabərliyinin  tanınması  və  bunlara  hörmət  edilməsinə; 
bərabərhüquqluluq  və  onların  daxili  işlərinə  qarışmamağa;  ərazi  bütövlüyünə  və 
mövcud  sərhədlərin  pozulmazlığına  hörmətə;  zor  tətbiq  etmək  və  zorla 
hədələməkdən, iqtisadi və başqa metodlarla təzyiq tətbiq etməkdən imtinaya; azlıq 
təşkil  edən  xalqlar  da  daxil  olmaqla  insanların  hüquq  və  azadlıqlarına  hörmətə; 
götürdüyü öhdəliklərə  və hamılıqla qəbul edilmiş beynəlxalq hüququn prinsip və 
normalarının vicdanla yerinə yetirilməsinə əsaslanır. 
Azərbaycan  Respublikası  -  1991-ci  ildən  BMT-nin,  2001-ci  ildən  etibarən 
Avropa  Şurasının  üzvüdür.  O,  bir  çox  digər  beynəlxalq  təşkilatlarla  qarşılıqlı 
fəaliyyət göstərir. 
Azərbaycan  Respublikasının  müdafiə  funksiyası  Azərbaycanın  milli 
təhlükəsizlik  tələblərinə  cavab  verən  ölkənin  müdafiə  qabiliyyətinin  lazımi 
səviyyədə saxlanılması prinsipinə, onun ərazisinin tamlığının və toxunulmazlığının 
təminatı prinsipinə əsaslanır. 
Dövlətin  daxili  və  xarici  funksiyaları  qarşılıqlı  əlaqələndirilir  və  bir-birini 
şərtləndirir. 
 
3. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti 
Dövlət və dövlət hakimiyyəti anlayışları bir-birilə sıx qarşılıqlı əlaqədə olan 
anlayışlardır.  Dövlət  hakimiyyəti,  onu  insan  cəmiyyətinin  digər  sosial 
strukturlarından,  qeyri-hökumət  təşkilatlarından:  partiyalardan,  dini  birliklərdən, 
həmkarlar təşkilatlarından və s. fərqləndirən çox mühüm əlamətdir. 
Geniş  fəlsəfı  planda  dövlət  və  dövlət  hakimiyyətinin  qarşılıqlı  əlaqəsinə 
forma  və  məzmunun  qarşılıqlı  nisbəti  kimi  baxmaq  olar.  Dövlət  hakimiyyətin 
maddi  qüvvəsini  təmsil  edir  ki,  bunu  da  müvafiq  mexanizm  olmadan  həyata 
keçirmək  mümkün  deyil.  Ona  görə  də  dövlət  orqanları  hakimiyyətin  əsas  aləti, 
onun maddi ifadəsidir. 
Hüquqi  dövlətdə  dövlət  hakimiyyəti  sistemi  hakimiyyətin  bölgüsü,  hüquqi 
qanunların  aliliyi,  hamının  qanun  qarşısında  bərabərliyi  prinsiplərinə  əsaslanır. 
Hüquqi  qanunun  aliliyi  o  deməkdir  ki,  dövlət  orqanları  qanuna  bağlıdırlar,  yəni 
qarşısında  duran  vəzifələri  yerinə  yetirmək  üçün  onlara  ayrılmış  dövlət 
hakimiyyəti  səlahiyyətləri  həddində,  öz  səlahiyyətləri  çərçivəsində  ciddi  surətdə 
konstitusiyaya və qanunlara riayət edərək fəaliyyət göstərirlər. Qanunlar isə haqqa 
və ədalətə, bərabər mənafelərə bərabər münasibət prinsipinə əsaslanır. 
Demokratik  dövlətdə  dövlət  hakimiyyəti  xalqdan  bəhrələnir.  Yalnız  xalq, 
KitabYurdu.az 
6
 

hakimiyyətin  əsas  mənbəyi  sayılır.  Lakin  xalqın  iradəsinin  ifadəçisi,  xalq 
hakimiyyətinin daşıyıcısı olaraq dövlət, bütün cəmiyyətin rəsmi nümayəndəsi kimi 
çıxış edir. Bununla bərabər xalqın bilavasitə öz iradəsini ifadə etmək, ona məxsus 
olan hakimiyyəti bilavasitə həyata keçirmək hüququ vardır (məsələn, dövlət və ya 
ictimai həyatın hər hansı bir məsələsi üzrə ümumxalq səsverməsi olan referendum 
yolu ilə). 
Dövlət  və  dövlət  hakimiyyəti  özünün  norma  yaratma,  nizamlayıcı  təsirini 
əməli olaraq cəmiyyət həyatının bütün əsas sahələrinə göstərir. Düzdür, cəmiyyət 
yalnız  onun  dövlət  təşkilatı  formasıyla  məhdudlaşa  bilməz.  Cəmiyyətdə  dövlət 
strukturları  ilə  yanaşı  insanların  birgə  fəaliyyət  və  başqa  birlik  formaları  da 
mövcuddur  ki,  bu  da  onların  həyatına  mühüm  təsir  göstərir.  Söhbət  vətəndaş 
cəmiyyətindən  gedir  ki,  bunlara  ictimai  qurumların,  siyasi  partiyaların, 
həmkarların,  yaradıcı  birliklərin,  dini  birliklərin  təşkilat  və  fəaliyyətləri,  habelə 
iqtisadiyyat  sahəsi  (mülkiyyət,  əmək,  sahibkarlıq),  elm  və  texnika,  təhsil,  tərbiyə 
sahəsi, cəmiyyətin ilkin əsası olan ailə, kütləvi informasiya vasitələri daxildir. 
«Vətəndaş  cəmiyyəti»  -  dövlətdən  asılı  olmayan,  elə  ictimai  institutlar  və 
münasibətlər  (sosial,  mənəvi,  mədəni  sahələr)  sistemidir  ki,  bunun  vasitəsilə 
insanların  həyat  fəaliyyəti,  onların  yaradıcılığı  və  bunların  nəsildən-nəsilə 
ötürülməsi  üçün  fərdlərin  və  kollektivlərin  xüsusi  maraq  və  tələbatlarının 
reallaşmasında lazım olan şərait təmin edilir. 
Nəzərə  almaq  lazımdır  ki,  «vətəndaş  cəmiyyəti»  anlayışı  sadəcə  olaraq 
«vətəndaş» və «cəmiyyət» terminlərinin şərti birləşməsi kimi çıxış etmir. Vətəndaş 
cəmiyyətinin  mövcudluğu  o  zaman  mümkündür  ki,  sosial  əlaqələrin  bütün 
sahələrində, o cümlədən, iqtisadi, siyasi, mənəvi sferalarda şəxsiyyətin yaradıcılıq 
imkanlarının aktiv təzahürü şəraitində münasibətlər yaranır. 
Sovet  dövründə  «vətəndaş  cəmiyyəti»  anlayışından  istifadə  edilməmişdir. 
Güman  edilirdi  ki,  dövlət  sosializm  quruculuğu  prosesində  ümumi  maraqların 
qarantı və ifadəçisinə çevrilir, sinfi fərqlərin ləğv edilməsi ilə vətəndaş cəmiyyəti 
və  dövlət  arasındakı  fərq  də  itir.  Kommunist  təliminə  görə  dövlət  tədricən 
ölməlidir.  Praktiki  olaraq  sosialist  dövləti  mahiyyət  etibarilə  bütün  cəmiyyəti 
özünə tabe etdirmiş fərdi maraqların təzahürünün qarşısını almışdır. 
Dövlət  vətəndaş  cəmiyyətinə  onun  strukturlarının  hüquqi  çərçivəsini 
müəyyən  etməklə  təsir  edir  və  bununla  bərabər  o,  vətəndaş  cəmiyyəti  tərəfindən 
əks-təsirə  məruz  qalır.  Məsələn,  dövlətin  qanunvericilik  fəaliyyəti,  xalqın 
nümayəndəli orqanlarının işi siyasi partiyaların, ictimai təşkilatlarının fəaliyyəti ilə 
sıx  qarşılıqlı  əlaqədədir.  Belə  nəticəyə  gəlmək  olar  ki,  dövlət  mexanizminin, 
cəmiyyətin  siyasi  hakimiyyətinin  bütün  təşkilatlarının  normal  və  səmərəli  işi, 
şəxsiyyətlə  dövlət  arasındakı  mühüm  həlqə,  özünəməxsus  şəkildə  vasitəçi  olan 
vətəndaş cəmiyyətinin inkişafı olmadan mümkün deyil. Vətəndaş cəmiyyəti elə bir 
sosial  mühitdir  ki,  burada  vətəndaş  və  onların  birliklərinin  əsas  hüquq  və 
azadlıqları həyata keçir. 
4. Dövlətin formaları 
Dövlətin  forması  onun  xarici  əlamətlərinin  məcmusu  kimi  bu  dövlətdə 
hakimiyyətin  təşkilinin  necəliyini,  hakimiyyətin  necə,  hansı  orqan  və  metodlarla 
KitabYurdu.az 
7
 

həyata  keçirildiyini  göstərir.  Dövlətin  forması  onun  ibarət  olduğu  üç  elementlə 
xarakterizə  olunur:  idarəetmə  forması,  dövlət  quruluşu  forması  və  siyasi  rejim, 
yaxud dövlət rejimi. 
1.  İdarəetmə  forması  dedikdə,  dövlətin  dövlət  başçısının  hüquqi  statusu  və 
ya ali dövlət hakimiyyəti orqanları arasında hakimiyyət səlahiyyətlərinin bölgüsü 
ilə  xarakterizə  olunan  təşkili  forması  başa  düşülür.  Bu  baxımdan  bütün  dövlətlər 
monarxiya və respublikaya bölünür. 
Monarxiyada  ali  hakimiyyət  tam  şəkildə  və  ya  qismən  təkhakimiyyətli 
dövlət başçısının (kral, çar, şah və s.) əlində birləşir. Bu ali hakimiyyət adətən irsi 
olur.  Monarxiya,  bir  qayda  olaraq  orta əsrlərin  son  dövrləri  üçün  xarakterik  olan 
mütləq monarxiyaya (belə dövlətdə monolit hakimiyyət heç nə ilə məhdudlaşmır) 
və məhdud monarxiyaya (burada isə dövlət başçısı (monarx) ilə bərabər başqa bir 
ali orqan məsələn, parlament olur) bölünür. Məhdud monarxiyanın müasir forması 
parlamentli  monarxiyadır.  Burada  monarxın  rolu  ancaq  formal  xarakter  daşıyır, 
dövlətin idarə olunmasında aparıcı rol parlament tərəfindən formalaşan hökumətə 
məxsusdur. Parlamentli monarxiyaya tipik misal olaraq müasir Böyük Britaniyam 
göstərmək olar. 
Respublikada hakimiyyətin bütün ali orqanları müəyyən müddət üçün seçilir 
və ya təşkil olunur. Respublikalar parlamentli və ya prezidentli ola bilər. 
Parlamentli  respublikada  dövlət  başçısı  -  prezident  seçkili  vəzifəli  şəxsdir. 
Hökumətin  təşkilində  də  ölkənin  idarə  edilməsi  kimi  onun  rolu  nominal  xarakter 
daşıyır. Baş nazirin başçılıq etdiyi hökumət parlament tərəfindən formalaşdırılır və 
onun  qarşısında  siyasi  məsuliyyət  daşıyır  (məsələn,  parlament  hökumətə 
etimadsızlıq göstərə bilər ki, bu da hökumətin istefasına gətirib çıxarır). Bununla 
bərabər parlamentli respublikada dövlət başçısı parlamenti vaxtından əvvəl buraxa 
bilər. Lakin bu bir qayda olaraq prezidentin şəxsi təşəbbüsü ilə deyil, hökumətin 
tələbi  ilə  baş  verir.  Belə  ki,  Italiya  prezidenti  (parlamentli  respublika)  ölkənin 
Konstitusiyasına  müvafiq  olaraq  iki  müxtəlif  pilləli  parlamentlərin  sədrlərini 
dinləyərək  hər  iki,  yaxud  bir  palatam  buraxa  bilər.  Bu  hal  onların  mövqelərində 
qarşısıalınmaz  ziddiyyətlərin  mövcud  olduğu  halda  mümkündür.  Hal-hazırda 
parlamentli  respublika,  artıq  adı  çəkilən  İtaliyadan  başqa,  Türkiyə,  Almaniya, 
Avstriya və s. bu kimi ölkələr hesab olunur. 
Prezidentli  respublika  ilk  növbədə  onunla  səciyyələnir  ki,  prezident  dövlət 
başçısı  və  hökumət  başçısı  səlahiyyətlərini  daşıyan  ali  vəzifəli  şəxsdir.  Dövlət 
başçısı xalq tərəfindən birbaşa seçilir və odur ki, onun mandatının hüquqi qüvvəsi 
parlamentin mandatının hüquqi qüvvəsinə bərabər olur. Belə respublikada hökumət 
prezidentin özü tərəfindən təşkil olunur və parlament qarşısında siyasi məsuliyyət 
daşımır.  Hökumət  prezident  qarşısında  məsuliyyət  daşıyır  və  ona  hesabat  verir, 
yalnız  prezident  qarşısında  istefa  verir.  Xalq  tərəfindən  seçilən  prezidentin, 
bununla bərabər parlamenti buraxmaq hüququ yoxdur. Prezidentli respublika kimi, 
məsələn, Amerika Birləşmiş Ştatlarını, Azərbaycan Respublikasını göstərmək olar. 
Bəzi ölkələrdə qarışıq xarakter daşıyan respublika idarə forması mövcuddur, 
yəni prezidentli respublikanın əlamətləri ilə yanaşı (dövlət başçısı əhali tərəfindən 
seçilir,  icra  hakimiyyətinin  başçısıdır,  hökuməti  təşkil  edir  və  s.)  parlamentli 
respublikanın  (hökumət  parlament  qarşısında  cavabdehlik  daşıyır,  prezident 

Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin