1
Ramiz Dəniz
Əsrləri qabaqlamış alim
– Nəsirəddin Tusi
Bakı - 2014
2
Elmi redaktor - MEA-nın müxbir üzvü, professor E. Mehrəliyev
Ön söz - MEA-nın həqiqi üzvü, akademik Ramiz Məmmədov
Rəyçilər - MEA-nın müxbir üzvü, akademik Eyyub Quliyev
- MEA-nın müxbir üzvü professor Rəhim Hüseynov
- MEA-nın müxbir üzvü professor Rafiq Əliyev
- professor Əjdər Ağayev
- dosent Vidadi Bəşirov
Bədii redaktor - filoloq Qənirə Əmircanova
Kompüter dizaynı - Sevinc
Kompüterdə yığan – Sinay
Ramiz Dəniz. “Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi”.
Bakı, “MM-S” müəssisəsi, 2014, 416 səh.
ISBN – 978-9952-8230-8-0
Tarixdə öz əməli bədii irsi ilə dərin iz buraxmış görkəmli Azərbaycan
alimi Nəsirəddin Tusi barəsində yazmaq həm məsuliyyətli, həm də şərəfli
işdir. Tanınmış fenomenal alimlərələ yanaşı dünya ensiklopediyasının qızıl
səhifələrində layiqli yer tutmuş Nəsirəddin Tusi bizim xalqın ən şərəfli
şəxsiyyətlərindən biridir. Onu yalnız Şərqin Elmlər Akademiyasının
tacında parlayan ən iri qiymətli qaşa bənzətmək olar. Ona görə ki,
Nəsirəddin Tusi riyaziyyata, həndəsə-yə, astronomiyaya, coğrafiyaya,
etikaya dair şah əsərlər yazaraq, bir çox unikal kəşflərin və ixtiraların
banisi kimi Azərbaycanın adını Dünya elminin ən yüksək zirvəsinə
qaldırmışdır. Alimin əsaslandırılmış qənaətinə görə, Amerika qitəsinin
kəşfi bir neçə yüz il baş vermişdir. Təəssüflər olsun ki, bu həqiqətlə əksər
xalqlar tanış deyil. Bu əsəri yazmaqla mən Tusinin dünya miqyasında necə
bənzərsiz alim olduğunu oxuculara çatdırmaq istəyirəm.
D 4702060103 © R.Dəniz 2014
M 087-2014
3
Əsərin nəşr olunmasında mənə maddi
və mənəvi yardım göstərdiyi üçün
Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin rəhbərliyinə təşəkkür və
minnətdarlığımı bildirirəm
Kitab Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin ayırdığı
qrant hesabına “Partnyor Elmin
İnkişafina Dəstək” İctimai Birliyinin
sifarişi əsasında çap olunmuşdur
4
Ön söz
Bu kitabın müəllifi ilə bizim tanışlığımız 2002-ci ilin
iyun ayında olmuşdur. Belə ki, “Təhsil” Cəmiyyəti məni
“Nəsirəddin Tusinin elmi xidmətləri və Nəsirəddin Tusi
Ramiz Qasımov yaradıcılığında” mövzusunda keçirəcəyi
elmi-praktiki konfransa dəvət etdi və onun “Xristofor
Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi
kəşfi” kitabı haqqında rəylə çıxış etmək təklifini verdi.
Açığını deyim ki, kitabın adı ilə müəllifin kim olduğunu
müqayisə etdikdə mən bir qədər təəccübləndim və bəlkə də
heyrətləndim.
Yəqin oxucu Ramiz Dənizin (Qasımov) SOKAR-ın
“Azərneftyağ” zavodunda fəhlə işlədiyini və ali təhsili
olmadığını bilir, amma mən onun avtobioqrafiyasını nəql
etmək fikrində deyiləm. Baxdım ki, mövzu çox ciddi və
böyükdür, ona görə də təbii olaraq, belə iddialı müəllifin
əvvəlki yaradıcılığı məni maraqlandırdı və məlum oldu ki,
o artıq bu istiqamətdə yazılmış bir neçə kitabın, xüsusilə də
qeyd edək trilogiyanın müəllifidir. Mənə rəy üçün verilmiş
kitabı və əvvəlki nəşrləri oxuduqdan sonra özüm üçün
qoyduğum belə suala cavab vermək istədim, kimdir Ramiz
Dəniz? Bu şəxs yazıçıdır, yoxsa tədqiqatçı və nəyə nail
olmaq istəyir? Məlum oldu ki, o yeni üsulda çalışan, zən-
5
gin Azərbaycan ədəbiyyatında yazıçı və tədqiqatçı anlayış-
larını simbiozlaşdırmağa çalışan və müəyyən mənada buna
nail olmuş ilk novator müəlliflərdəndir. Məsələn, yuxarıda
adını çəkdiyim əsərdə o birinci növbədə tədqiqatçı kimi
çıxış etmişdir, bunu əsərdə istinad edilmiş çoxlu sayda
ədəbiyyat siyahısı da təsdiq edir. Əlbəttə, müəllifin toxun-
duğu məsələlər və onlara verdiyi izahların bir çoxu
mübahisəlidir. Ancaq, buna görə ona irad tutmaq düzgün
olmazdı, heç olmasa ona görə ki, tədqiqatın mənası diskus-
siyalar, araşdırmalar və bu yollarla həqiqəti tapmaqdır.
Ramiz Dənizin digər məharətlərindən biri müəyyən
dövrlər üçün, tarixi və məkanı birgə təsvir etməyə cəhd
göstərməsidir. Bu baxımdan, onun yazdığı kitablar, elm
səlnaməsinə, tarixi-sərgüzəştlər romanlarına bənzəyir. Elə
bu da bizim ədəbiyyatda yeni istiqamətlərdən biri kimi
qəbul oluna bilər.
Əlbəttə, ön sözdə kitabı yenidən nəql etməyə ehtiyac
yoxdur. Ancaq, nəzərə alsaq ki, kitabla tanışlıq ön sözdən
başlayır, burada onun məqsəd və strategiyasına qısa aydın-
lıq vermək, bəzi məqamları qeyd etmək yerinə düşərdi.
Əsasən, Tusi yaradıcılığına həsr etdiyi bu əsərində müəllif
qədim dövrlərdə - bizim eramızdan əvvəldən başlayaraq
bizim eranın orta əsrlərinə qədər – elmin coğrafiya, tarix,
fəlsəfə, astronomiya, riyaziyyat, fizika və s. sahələrində
6
alınmış mühüm nəticələri, ixtiraları, onların yarandığı
tarixi, ictimai və sosial şəraiti, müəllifləri haqqında yığcam
məlumat verir. Azərbaycan səyyahı və tədqiqatçısı Şeyx
Məhəmmədəli Babakuhi Bakuvinin həyatı və yaradıcılığı-
na xüsusi yer ayrılır. Bu çox düzgün yoldur, heç olmasa
ona görə ki, Tusi dühasını başa düşmək üçün oxucu
minimum belə məlumalara malik olmalıdır. Yəni, məqsəd
Tusi yaradıcılığıdırsa, onu oxucuya çatdırmaq üçün strate-
giya qədim və orta əsrlər tarixində elmi ictimai şəraiti,
bəşər tarixinin inkişafında şərq alimlərinin oynadığı rolu
göstərməkdir. Fikrimcə bu çox çətin və sərfəli işə müəllif
müəyyən dərəcədə nail ola bilmişdir.
Müəllif Tusi dövrünün tarixi şəraiti, Hülaku xanın
devrilməz Abbasilər xilafətinə necə qalib gəldiyini, Bağ-
dad üzərinə hücum etməzdən əvvəl alim və üləmalarla necə
məsləhətləşdiyini canlı surətdə təsvir etmişdir. Hülaku
xanın hökmdarlığından sonra məhbusluqdan azadlığa çıxan
Tusinin başqa qabiliyyətləri meydana çıxır. Məlum olur ki,
o, həm yaxşı elm təşkilatçısı və həm də dövlət xadimidir.
Marağada böyük rəsədxananın tikilməsinə monqol hökm-
darını inandırmaq və sonradan dünyavi səviyyədə onun
işini təşkil etmək, necə məharətli siyasətçi və təşkilatçı
olmağa yaxşı sübutdur. Əlbəttə, bunların hamısının istinadı
və əsası dahi Tusinin əvvəl nail olduğu elmi kəşflərdir.
7
Kitabda Marağa rəsədxanasının quruluşu, yaradıcılıq
fəaliyyəti və orada işləyən alimlər haqqında daha ətraflı
məlumat verilir. “Zic Elxani” əsəri məşhur “Zic Uluqbəy”
əsəri ilə müqayisə olunur və onların müqayisəsində birinci-
nin heç də geridə qalmadığı sübut olunur.
Kitabda Tusinin dünya elminə verdiyi töhfələr xüsusi
vurğulanmışdır. Onun həndəsə sahəsində yazdığı “Təhrir
Öqlidis” kimi şah əsəri bir çox məşhur Avropa alimləri
üçün qaynaq olmuşdur. Triqonometriyanın ayrıca bir elm
kimi əsasını qoymaq məhs Tusi dühasının məhsuludur.
Maraqlıdır ki, Tusinin çox dəqiq olmayan astronomik
alətlərlə təyin etdiyi coğrafi koordinatlara elmin sonrakı
inkişafı ancaq dəqiqlik gətirə bilmişdir. Onun “Zic Elxani”
əsərində verdiyi coğrafi koordinatlar əsasında dünya-nın
xəritəsinin tərtib etdiyi və orada Amerika qitəsinin yerini
göstərdiyi yaxşı məlumdur. Ramiz Dəniz bu kitabında da
Xristofor Kolumbun Amerikanı kəşf etdiyi zaman Tusinin
xəritəsindən istifadə etdiyini sübut etməyə çalışır.
Oxucu tərəfindən sual çıxa bilər - Tusi haqqında belə bir
kitabın yazılmasına ehtiyac varmı? İlkin və tez cavab odur
ki, - yox. Ancaq bir qədər fikirləşsək, bunun düşünülməmiş
cavab olduğunu görərik. Belə ki, maraqlıdır nə qədər
azərbaycanlı və Azərbaycan vətəndaşının dahi Nəsirəddin
Tusi haqqında, heç olmasa, ümumi məlumatı vardır? Əgər
8
sorğu aparsaq bu nəticənin daha neqativ olacağını xüsusi
təəssüf və ürək ağrısı ilə qeyd etmək lazımdır.
Araşdırmalar H. Məmmədbəylinin kitabının Azərbaycan
bədii və elmi kütləvi ədəbiyyatında Tusi haqqında yazılmış
yeganə samballı əsər olduğunu göstərir. Belə məlum olur
ki, Tusi haqqında ən ətraflı məlumatı ancaq “Kembrincin
İran tarixi” ensiklopediyasından almaq olar. Bu Azərbay-
can tədqiqatçısı üçün şərəf gətirməyən bir boşluqdur. R.
Dəniz öz kitabında Tusi haqqında, sadə və hamının qavraya
biləcəyi şəkildə məlumat verir, onun yaradıcılığını araşdı-
rır. Yaddan çıxarmaq lazım deyil ki, o həm də yazıçıdır və
heç kimə bənzəməyən öz üslubu vardır. Çoxrəngli dünya-
mızda, Azərbaycan dahisini daha bir prizmadan oxucuya
ünvanlandırmaq, fikrimcə normal və bəlkə də zəruri bir şey
kimi qəbul olunmalıdır.
Yuxarıda qeyd olunduğu kimi, müəllifin iddiası böyük-
dür, o, Kolumbun Amerikanı kəşf eləməsində Tusinin tərtib
etdiyi xəritənin mühüm rol oynadığını sübut etməyə çalışır.
Hələlik, nə qədər şübhəli olsa da bu fikrin yaşamağa və əla-
və tədqiqatlar aparmaqla sübut olunmasına ehtiyac vardır.
Yəni, müəllifin əsas peşəsi yazıçı olmağına baxmayaraq, o
tədqiqatçılar qarşısında yeni məsələ qoyur.
Müəllifin stili, cümlələrin morfologiyası qənaətbəxşdir,
oxucunu yormur, kitab asan oxunur. Bunların hamısı, ali
9
təhsili olmayan adamın böyük həcmli kitablar yazması,
şübhəsiz onun istedadlı şəxs olduğuna dəlalətdir. Bununla
birlikdə, sistemli təhsilinin olması müəllifin daha çətin və
mürəkkəb mövzularla məşğul olmasına zəmin yaradardı.
Ramiz Dəniz məhsuldar işləyən müəlliflərdəndir və bu
bizə onun yeni kitablarını gözləməyə əsas verir. Ona
yorulmamaq və uğurlar arzu edirəm.
Ramiz Məmmədov akademik,
AMEA-nın həqiqi üzvü,
AMEA-nın H. Əliyev adına
Coğrafiya İnstitutunun direktoru,
Texniki elmlər doktoru, okeanoloq
10
Böyük məqsədə doğru cəsarətli addım
Qarşımda cavan yazşıçının yeni əsərinin əlyazmasını bir
redaktor kimi oxuyuram. Bu əsər müəllifin Nəsirəddin Tusi
yaradıcılığının onlarla sahəsinin bir hissəsinə, əsasən
astronomiyaya gətirdiyi yeniliklərin yaratdığı elmi sensas-
siyanın xalqına bəxş etdiyi bədii-elmi izahıdır.
Müəllif əvvəlki trilogiyadan sonra yaratdığı “Xristofor
Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi
kəşfi” adlı əsərində Azərbaycanın elm korifeyi olan Nəsi-
rəddin Tusinin elmi yaradıcılığının böyük coğrafi kəşflərin
başlanmasında və yerinə yetirilməsində nə kimi rol oyna-
masını sübut etməyə çalışmışdı. O, göstərmişdi ki, Tusinin
yaradıcılığı hansı yollarla Xristofor Kolumbun vətəni İtali-
yaya çatmış, onu Kolumb tədqiq etmiş və Hindistana səya-
hətini təşkil etmək üçün bu məlumatlarla birlikdə İspaniya-
ya getmişdir. Müəllifin həmin əsərində Tusinin Qərbi
Avropa elminə, o cümlədən ümumibəşəri kəşfələrə yol
açmağa imkan yaradan yaradıcılığından bəhs edilmişdir.
Ramiz Qasımovun indiki redaktə etdiyim kitabı – “Əsr-
ləri qabaqlamış alim – Nəsirəddin Tusi” əsəridir. Onu bu
işə sövq edən hansı qüvvədir? Müəllif alim haqqında olan
bu əsərin yazılmasına başlayaraq onun yaradıcılığına o
qədər dərindən bələd olmuşdur ki, özünün topladığı məlu-
11
matlar müəllifi narahat etməli olmuş, Tusi haqqında ikinci
əsərini yazmağa məcbur olmuşdur. Bu əsərin ümumi məna-
sını ümumiləşdirərək onu qısaca olaraq “Əsrləri qabaqla-
mış alim – Nəsirəddin Tusi” qoymuşdur. Axı bu alimin
astronomiya, riyaziyyat, həndəsə, etika, pedaqoqika, fəlsəfə
və sair elmlər sahəsində yaratdığı əsərləri əksər əhaliyə,
xüsusilə onun soydaşları olan bizim yaddaşımıza lazımınca
çatdırılmayıb. Ona görə də redaktə etdiyimiz əsərdə müəllif
haqlı olaraq yazır: “...mən bir azərbaycanlı kimi millətimin
nümayəndəsi olan alimlərin elmi irsini ön cərgəyə çəkərək,
onların elmi fəaliyyəti ilə maraqlanmağa başladım... Azər--
baycanın görkəmli şəxsiyyəti... Mühəmməd Nəsirəddin
Tusinin elmi, dövrü fəaliy-yəti mənim marağıma səbəb
oldu... O, dünya əhəmiyyətli elmi ixtiraların sahibi ola-ola
müasir dövrdə nəinki dünya miqyasında, hətta yaşadığı
regionda kifayət qədər tanınmamış bir alim kimi qalır”.
Müəllif özünün ürək ağrısı ilə preambula seçdiyi bu
girişdən sonra Tusi yaradıcılığının bir çoxları tərəfindən
insafcızcasına istifadə edib öz adlarına keçirilməsinə acıyır.
Oxucu diqqət yetir! Qərb dünyasının fəxr etdiyi Polşa
astronomu Nikolay Kopernik özündən 250 il əvvəl yaşamış
Tusinin aşağıdakı “birinin diametri o birinin diametrinin
yarısına bərabər iki dairə bir müstəvi üzərindədir” teore-
masına istinad etmədən olduğu kimi özünün “Göy
12
sferasının fırlanması” adlı əsərində vermişdir. Halbuki bu
teoremi Tusi ilk dəfə isbat etmiş və “Astronomiya xatirə-
ləri” kitabına daxil etmişdir. Danimarkalı astronom Tixo
Bragenin rəsədxanasında Marağada ilk dəfə icad olunmuş
“divar kvadrantının” bir neçəsi Marağa rəsədxanasında
yaradılmışdır. Tusinin cihazları və əsərlərinin elmi ideya-
ları Qərbi Avropada, Çində, Hindistanda astronomiyanın,
riyaziyyatın inkişafına təsir etmişdir.
Bax, bunlar bizə, Tusinin soydaşlarına məlum olmaya-
raq qalır. Ona görə də nəşr üçün hazırlanan bu əsərdə yazıçı
Ramiz Qasımov Tusi haqqında bu samballı əsəri yazmaqla
onu öz xalqına layiqincə tanıtmağa çalışmışdır.
Bu məqsədlə müəllif Nəsirəddin Tusinin dünya elmində
kimliyini tanıtmaq üçün tarixin dərinliyinə baş vurmalı
olmuşdur. Dünyada kosmoqrafiyanın inkişafına qısa təhlil
vermiş, bu işdə Azərbaycan alimlərinin, xüsusilə Tusinin
yaradıcılığına geniş baxmışdır. Əsasən onun astronomiya
və riyaziyyat, həm də doplomatiya sahəsindəki fəaliyyətinə
daha dərindən baxmışdır. Müəllif sübut etmişdir ki, Tusinin
yaratdığı cihazların qalıqları dünyanın bir çox elmi
mərkəzlərində və muzeylərində qalmaqla, onlar o yerlərə
aparılan vaxtdan sonra uzunmüddət oralardakı alimlərin
elmi təfəkkürün inkişafına kömək etmişdir. Bu cəhətdən
müəllif əsərinin bir başlığını “N. Tusinin dünya miqyasın-
13
dakı elmi nailiyyətləri” adlandırması təsadüfi deyildir.
Onun N. Tusinin “Təhrir Öqlidis” (“Evklidin izahı”) və
“Şəklül-qita”, “Hesablamalar məcmusu” və s. əsərləri
özündən sonra həndəsənin öyrənilməsi və inkişafı üçün
əsas olmuşdur. Müəllif onu sübut etmək məqsədilə profes-
sor B. A. Rozenfeldin belə bir fikrini misal gətirir: “Nəsi-
rəddin paralellik postulatını iki aksioma və postulatlar
vasitəsilə sübut etməkdən boyun qaçırması və həmin
postulatı əvəz edəcək daha sadə postulat işləməsi Loba-
çevski kəşfinin hazırlanması işində irəliyə doğru atılmış
mühüm addımdır”.
Əsərin sonunda müəllif onun məzmununu 24 bənddən
ibarət ümumiləşdirilmiş nəticələrlə Nəsirəddin Tusinin
əsrləri necə qabaqlaması sübut edilir.
Yazıçı Ramiz Qasımovun əsəri hədsiz dərəcədə zəngin
məlumatlar əsasında yazılmış, astronomiya, riyaziyyat,
geodeziya, etika, coğrafiya, fəlsəfə və s. elmlərin inkişafına
Azərbaycan aliminin elmi təsiri zəngin araşdırmalarla izah
edir.
Müəllifin əsəri əvvəldən axıra kimi vətənpərvərlik ruhu
ilə yoğrulmuş ideyalar və ümumiləşmələrdən ibarətdir.
Oxucular yazıçının əsərində çox məzmunlu elmi yaradı-
cılıq səhnələrini sadə və mənalı oxuya biləcəklər. Amma,
14
onu müəllifin istədiyi kimi canidildən oxumaq, xalqımızın
şöhrət dünyası ilə ətraflı tanış olmaq lazımdır.
Biz cavan novator yazıçımız Ramiz Qasımovun bu
beşinci tarixi-araşdırma əsərini qarşısına qoyduğu “Böyük
məqsədə doğru cəsarətli addım” adlandırıb, ona böyük
yaradıcılıq gələcəyi arzulayırıq.
professor Eybali Mehrəliyev
AMEA-nın müxbir üzvü,
coğrafiya elmləri doktoru
Bundan sonra yüz illər keçsə belə, Nəsirəddin Tusinin elmi
irsi tədqiqatçılar üçün zəngin elmi dəfinə kimi görünəcək.
İndiyənə qədər Azərbaycan aliminin ərsəyə gətirdiyi elmi
işlərinin demək olar ki, azacıq bir hissəsi araşdırılaraq tam
tədqiq edilmişdir. Acınacaqlı haldır ki, Nəsirəddin Tusinin
həyatından bəhs edən bir çox sənədlərin səhifələri hələ də
acılmamışdır. Güclü idrak sahibi olan alimin ensiklopedik
biliyə malik olması, onun elmi-bədii irsinin zənginliyi ondan
xəbər verir ki, o, Azərbaycan ölkəsi tərəfindən bəşəriyyətə
bəxşiş edilən bir elmi incidir. Zamanına görə Elmlər
Akademiyasının binasını özündə cəmləşdirən N. Tusinin necə
bir fenomenal alim olduğunu, bizlər bütün dünyaya bəyan
etməliik. Bir çox elmlərin arxeoloqu sayılan N. Tusi nəinki
Azərbaycanın, Yaxın Şərqin və ya Türk dünyasının, hətta
bütün Yer kürəsinin istedadlı və bənzərsiz dühalardan biridir.
Müəllif
Dostları ilə paylaş: |