5.2. Şifahi ifadan yazıya alınmış oğuznamələr. Deyildiyi kimi, Oğuznamə mətnlərinin bir hissəsi birbaşa şifahi ifadan, yəni ozan dilindən yazıya alınmışdır. Belə mətnlər müəyyən dərəcədə Oğuznamənin şifahi ənənədəki təbii halını əks etdirir. Onlar təkcə Oğuznamənin deyil, ümumiyyətlə, folklor tariximizin öyrənilməsi baxımından çox böyük əhəmiyyət daşıyır. “Kitabi-Dədəm Qorqud ala lisani-taifeyi-oğuzan”, Topqapı Oğuznaməsi və “Hazihi-r-risaləti-min kəlimati Oğuznamə əl-məşhur bi-Atalar sözü” adı ilə təqdim olunan əlyazmalardakı oğuznamələr şifahi ənənəni əks etdirir.
5.2.1. Dədə Qorqud oğuznamələri. “Kitabi-Dədə Qorqud ala lisani-taifeyi-oğuzan” adlanan əlyazma öyüd məzmunlu giriş və 12 oğuznamədən ibarətdir. Bu əlyazma, məlum olduğu kimi, Drezden Kral Kitabxanasında saxlanılır. Buradakı oğuznamələrdən yalnız altısının var olduğu başqa bir əlyazma isə Vatikan kitabxanasından tapılmışdır. “Dedem Korkudun kitabı” (O.Ş.Gökyay), “Kitabi-Dədə Qorqud” (H.Araslı, F.Zeynalov və S.Əlizadə), “Dede Korkud Kitabı” (M.Ergin) adı ilə oxuculara təqdim olunan kitablar bu əlyazmalara söykənir. Onların nəşri ilə də Oğuznamə haqqında elmi təsəvvürlər formalaşmağa başlayır. Bu proses bu gün də davam edir. Sözügedən əlyazmalar əsasında Dədə Qorqud oğuznamələrini nəşrə hazırlayan mətnşünasların giriş və on iki boy haqqındakı fikirləri bu günə qədər aparıcı rol oynayır.
Demək lazımdır ki, mətnşünasların dastan mətni üzərində fədakarcasına çalışmaları şübhəsizdir və onların bu yöndə olan gərgin əməyi ancaq hörmətə layiqdir. Onların Dədə Qorqud oğuznamələrinin bir çox problemlərinə doğru yanaşdıqları da unudulmamalıdır. Bununla yanaşı, bəzi alimlər abidəni yazılı ədəbiyyat faktı, yoxsa şifahi yaradıcılıq məhsulu olması məsələsində tərəddüd edir, ona gah o, gah da bu müstəvidən yanaşırlar. Belə görünür ki, araşdırıcı şüurunda mətn haqqında aydın bir təsəvvür yoxdur. Bu baxımdan F.Zeynalov və S.Əlizadənin mətnə münasibəti tipik örnək sayıla bilər. Müəlliflər nəşrə hazırladıqları mətnin ön sözündə katibin adını çəkərkən mötərizə içərisində “bəlkə də müəllifin?!” sözlərini işlədirlər (63, 22). Ancaq bu “müəlliflərin” dastan mətni üzərindəki haqqı qaranlıq qalır. Əlbəttə, bu münasibət dastanla bağlı məsələlərin dəyərləndirilməsində özünü göstərməsəydi, onları ağartmamaq da olardı. Təəssüf ki, belə hallara tez-tez rast gəlirik. Nəşrin girişində “Kitabi-Dədə Qorqud” dilində şifahi nitq elementlərinin sıxlığı, ümumiyyətlə, hər hansı dastana (nağıla, əhvalata) məxsus təhkiyə xarakterinin hiss olunması vurğulanır (63, 20). Zahirən hər şey yerindədir. Ancaq sual olunur: əgər Dədə Qorqud boyları şifahi şəkildə ifa olunubsa və şifahi ifadan yazıya alınıbsa, onda mətndə “şifahi nitq elementlərinin sıxlığı” hansı səbəbdən vurğulanmalıdır və ya hansı səbəbdən “dastana (nağıla, əhvalata) məxsus təhkiyə xarakteri” hiss olunmamalıdır? Burada ozandan yazıya alınan mətnin işlənərək “gözəlləşdirilməsi” nəzərdə tutulmurmu? Əslində məsələ başqa müstəvidə qoyulmalıdır. Yəni “katib əlavəsi” olaraq dastana yazılı düşüncədən gələn elementlərdən və ya təhkiyə xarakterindən danışmaq olardı. Məqalədə işlənən “müəllif” sözünün əsl anlamı özünü belə hallarda büruzə verir. Bununla yanaşı, yazıda bir tərəfdən “qədim ozanın nitqini təmsil edən ifadələr”dən, başqa tərəfdən D katibinin “özündən əvvəlki katibin” “fərdi dil üslubunu saxlamağa cəhd etməsindən” söz açılır (63, 21-22). Buradan görünür ki, mətnin meydana çıxmasında ozanın yeri ilə katibin yeri (onun müəllif olacağı da zənn olunur) mətnşünasların şüurunda aydın təsəvvür olunmur. Görəsən, ozan yaradıcılığının məhsulu olan Dədə Qorqud boylarında hansı səbəbdən katibin “fərdi dil üslubu” olmalı idi? Burada ozanla katib arasında mətnin hazırkı vəziyyətə gəlməsində xidməti olan üçüncü bir şəxsin – “müəllifin” varlığı nəzərdə tutulmurmu? Əgər belədirsə, onda bu üçüncü şəxsin mətnin ərsəyə gəlməsində rolu aydınlaşdırılmalı idi. Bütün bunlar mətnin mahiyyətinin aydın şəkildə dərk olunmamasından doğur və burada Dədə Qorqud oğuznamələrinə yuxarıda toxunduğumuz yazılı ədəbiyyat faktı kimi yanaşma meyli müəyyən rol oynayır.
Dədə Qorqud boylarında anaxronizmdən çox yazılıb. Hətta bəzi müəlliflər dastanı xroniki ardıcıllıqla düzmə təşəbbüsünə də baş vurublar. S.Əlizadə ilkin nüsxədə “anaxronizmin” olmamasına inanaraq, bu hadisəni D nüsxəsinin ilkin olmamasının səbəblərindən biri olduğunu vurğulayır (27, 37). Göründüyü kimi, burada D nüsxəsinin “ilkin nüsxəyə” münasibətinə folklor müstəvisindən yanaşılır və bu zaman boyların epik strukturu nəzərə alınmır.
Dədə Qorqud oğuznamələrinin hər biri müstəqil dastandır və onlar arasında xronoloji münasibət yoxdur. Boylar arasında əlaqə bütün parametrləri ilə epik sosium və ona məxsus olan ənənəvi qəhrəmanlar vasitəsilə qurulur. Oğuznamələr arasında ziddiyyət fikri onların “Kitab”dakı düzülüşündən doğur və boylar arasındakı bəzi xroniki ünsürlər də burada az rol oynamır. Yada salmaq istərdik ki, şifahi mətn yazıya alınmaq və ya kitabdan oxunmaq üçün yox, auditoriya qarşısında ifaya hesablanmış mətndir. Ozan məclisdən asılı olaraq müxtəlif sayda, müxtəlif ardıcıllıqla, müxtəlif oğuznamələr söyləyə bilərdi. Ona görə də “Kitab”dakı boylar, onların sayı və ardıcıllığı çoxsaylı variantlardan biridir. Ozan bir məclisdə üç, başqa məclisdə beş oğuznamə söyləyə bilərdi və “Kitab”a düşən oğuznamələrdən heç biri söylənən oğuznamələr içərisində olmaya bilərdi. Yaxud da “Kitab”dakı oğuznamələrdən üçünü bir məclisdə, beşini başqa bir məclisdə söyləyə bilərdi. Bununla yanaşı, ozan ifa zamanı boylar arasında müşahidə olunan bəzi xroniki ünsürləri nəzərə almaya bilərdi. Məsələn, ozan məclisin istəyinə uyğun şəkildə Beyrəyin öldüyü XII boyu Beyrəyin boyu deyə biləcəyimiz III boydan öncə söyləyə bilərdi. Auditoriya isə Beyrək haqqında boyun varlığını yadda saxlayaraq sakitcə Beyrəyin öldüyü boyu dinləyə bilərdi. Uruzun IV boyda 16 yaşında, XI boyda isə uşaq olması da Oğuznamə məclisini təəccübləndirmirdi. Çünki onun şüurunda boyların sırası anlayışı yox idi. Araşdırıcı “Kitab”dakı XII oğuznaməni sonuncu oğuznamə və ya Oğuz eli haqqında dastanın sonu kimi anlayır. Ancaq Bögdiz Əmənlə Yetim Qozan arasında qan düşmənçiliyi haqqında oğuznamə ilə XII boy arasında özünü göstərən xronoloji ardıcıllıq “Kitab”dakı sonuncu boyun sonuncu oğuznamə olmadığını göstərir. Həmin boyda Kozan İç Oğuz, Əmən isə Taş Oğuzun sırasında yer tutur. Ancaq Hafiz Dərviş Əli Cənginin təsvir etdiyi oğuznamədə Bögdiz Əmən ailəsi ilə Qozan ailəsi arasında qan düşmənçiliyindən və Oğuznamənin bu iki adlı-sanlı qəhrəmanının ölümündən bəhs olunur. Deməli, sonuncu oğuznamə düşüncəsi “Kitab”dakı sonuncu oğuznamədən qaynaqlanır.
Boyların “müxtəlif zamanlarda” “müxtəlif ozanların nitqindən qələmə alınması” fikrinə də münasibət bildirmək istərdik (27, 39). Bu məsələ də irəlidə görəcəyimiz kimi, “Dədə Qorqud” mətninin anlaşılması üçün əsas nöqtələrdən biridir. Hər hansı bir dastanı bir söyləyicinin ifasında belə iki dəfə eyni şəkildə yazıya almaq mümkün deyil. Belə ki, söyləyici yeni ifa zamanı əvvəlki ifanı sözbəsöz təkrarlamır. O, nəyisə unudur və nəyisə əlavə edir. Bununla bərabər, söyləyicinin variantlaşdırma imkanları məhduddur. Yəni o, müəyyən ənənə daxilində variantlaşdırır. Şifahi epik mətn yalnız variant formasında maddiləşir və bu variantlar onun yeganə varlıq formasıdır (255; 256). Variantlaşma mətnin ən müxtəlif sferalarında özünü göstərə bilər. Epik təhkiyənin leksikasından, qrammatikasından tutmuş, formul, motiv, süjet, personaj kimi epik vahidlərə qədər hər şey variantlaşa bilər. Mətn “müxtəlif zamanlarda” bir ozandan yazıya alınarsa, dərin variantlaşmaya (və ya versiyaya) ümid etmək olmaz. Əgər epik mətn “müxtəlif zamanlarda” “müxtəlif ozanlardan” yazıya alınıbsa, onda vəziyyət dəyişir. Bu halda epik mətnin dərin variantlaşma ehtimalı artır. Müxtəlif ifaçılıq məktəblərinin epik mətnə redaktələr, dəyişikliklər, əlavələr etməsi adi haldır. Əgər boylar müxtəlif ozan məktəbini təmsil edən ozanlardan yazıya alınsaydı, “Kitab”a düşən boylar öz aralarında bir çox variant fərqləri ilə ziddiyyət yaradacaqdı. Bu ziddiyyət nəinki müxtəlif ozan məktəblərindən yazıya alınmış mətnlərdə, hətta mətnlərin yazıya alınmasında böyük zaman fasiləsi varsa, bir ifaçılıq məktəbindən yazıya alınmış mətnlərdə də özünü büruzə verə bilərdi. Ümumiyyətlə, variantlaşma son dərəcə mürəkkəb bir folklor hadisəsidir və biz bu məsələyə mövzumuz çərçivəsində toxunduq.
Öz-özlüyündə sual doğur. Bir halda ki, boylar “Kitab”da variantları ilə verilməyib, onda “müxtəlif zamanlarda” və “müxtəlif ozanlardan” yazıya alınan bu epik mətnlərdə variantlaşma hansı səviyyədə özünü büruzə verə bilərdi? Bu suala cavab vermək üçün Topqapı Oğuznaməsi ilə “Kitab”a düşən boylar arasında özünü göstərən bəzi variant fərqlərinə diqqət yetirək.
Dədə Qorqud boylarından bizə tanış olan Baybörə oğlu Bamsı Beyrək adı Topqapı Oğuznaməsində Baybura oğlu Bəy Barı variantı ilə verilir və aşağıdakı epik titullarla səciyyələndirilir:
Van həsarından parlayub uçan,
Altı batman som dəmürü ayağında qıran…
On altı yıl Bayburt həsarında dutsaqlıq çəkən,
Baldırı uzun Baldırşadın haqqın alan… (35, 78)
Həm qəhrəmanın adından, həm də ona aid edilən epik titullardan görünür ki, söhbət Bamsı Beyrək boyunun başqa variantından gedir. Epik titullardan bəlli olur ki, bu variantda “Baldırı uzun Baldırşad” adlı personaj olmuş və ya Beyrək ayağına keçirilmiş “Altı batman som dəmürü” qırmışdır. Əgər qəhrəmanın bu variantdan irəli gələn adı və epik titulları onun iştirak etdiyi başqa boylarda əks olunsaydı, onda “Kitab”da gedən variantla ziddiyyət yaradacaqdı. Oxşar halla başqa bir Oğuznamədə də qarşılaşırıq. Topqapı Oğuznaməsində Basat boyunun maraqlı bir variantı təsvir olunur:
Yeddi yıl Elbürzə səfər qılan,
Qayıb dönən Qıyan Büsat qardaş qanın alan,
İt Dəpəgözü öldürüb Qalın Oğuzda ad qoyan
Urılmış xan (35, 78).
Epik titullardan göründüyü kimi, bu variantda Qıyan Selcük Qıyan Büsatla əvəz olunur. “Kitab”dakı Basatın funksiyası Urılmış xana keçir. Əgər XII boyu bu variantın yaradıcısı olan ifaçılıq məktəbinin ozanı söyləsəydi, onda XII boyda “Aruz oğlu Basat” əvəzinə “Aruz oğlu Urılmış” işlənəcəkdi. Ona görə də “Kitab” “müxtəlif zamanlarda” “müxtəlif ozanlardan” yazıya alınmış olsaydı, belə ziddiyyətlərdən yaxa qurtara bilməzdi. Deməli, oğuznamələr “müxtəlif zamanlarda” “müxtəlif ozanlardan” yox, əgər bir deyilsə, onda eyni ifaçılıq məktəbinin nümayəndəsi olan bir neçə ozandan qısa müddətdə yazıya alınmışdır.
“Kitabi-Dədə Qorqud” folklor abidəsidir. Deməli, abidə ilə bağlı problemlər şifahi epik yaradıcılıq müstəvisində araşdırılmalıdır. Yəni mətni dəyərləndirərkən şifahi epik mətn, şifahi ifa və şifahi mətnin yazıya alınması məsələləri ilə bağlı biliklər əsas götürülməlidir. Bunlar olmadan “Kitab”dakı oğuznamələrin mahiyyətini, onun özündə nələri ehtiva etməsini bütün tərəfləri ilə anlamaq mümkün deyil. Ona görə də irəlidə “Kitab”ın mətninə sözügedən müstəvidən yanaşıb onun problemlərinə aydınlıq gətirməyə çalışacağıq.
Şifahi mətn yalnız onun söyləyicisinin canlı ifası və ya diqtəsi ilə yazıya alına bilər. Onu yazıya almanın başqa forması yoxdur. Deməli, katib dastanı birbaşa söyləyici dilindən yazıya alıb. Görəsən, dastanın yazıya alınması prosesi hansı şəkildə gerçəkləşdirilib?
Mətnin sirri mətnin özündədir. Gəlin, mətnin bizə dediklərinə inanaq. “Kitab”ın girişindən sonuncu boyuna qədər səpələnmiş “xanım”, “sultanım” müraciətlərindən görünür ki, ozan boyları hansısa bir xanın, sultanın hüzurunda söyləyir. V.M.Jirmunski, F.Sümer də məsələyə bu şəkildə yanaşır (196, 535; 115, 381). Burada təəccüblü heç nə yoxdur. Ozanlar oğuzlar haqqında dastanların – oğuznamələrin professional söyləyiciləri idilər və onlar, “Kitab”ın girişində deyildiyi kimi, “eldən-elə, bəgdən-bəgə” gəzərək oğuznamələr söyləyirdilər. Belə məclislərin birində xan və ya sultan əcdadları olan oğuzlar haqqında boyları yazıya aldırıb kitab bağlatmaq fikrinə düşür. Bu üzdən yanında olan katibə buyruq verir ki, ozanın söylədiyi oğuznamələri yazıya alsın. Bununla yanaşı, mətn katibə yox, xan başda olmaqla auditoriyaya deyilir. Ozanın “xanım”, “sultanım” müraciətləri başqa cür düşünməyə imkan vermir. Deməli, mətn canlı ifa zamanı yazıya alınmışdır. Boyların belə canlı, təbii olması da elə buradan doğur. Nəzərə alaq ki, epik mətnin ünvanı canlı auditoriyadır və o, canlı auditoriya qarşısında ifa olunarkən təbii halında olur. Ozan qopuzun müşayiəti ilə xanın yuxarı başda oturduğu məclisdə boyları ifa etmiş, katib isə ifanın mətnini yazıya almışdır.
Qeyd edək ki, folklorşünaslığın tarixində epik (ümumiyyətlə, poetik) mətnin canlı ifadan yazıya alınması faktı çox azdır. XX əsrdə yazıya alınmış (və ya diktafona köçürülmüş) epik mətnlər folklorçu ilə söyləyicilərin üz-üzə qaldığı vəziyyətdə yazıya alınmışdır. Bu vəziyyətdə söyləyicinin sərbəst olduğuna və deməli, mətni təbii şəkildə deməsinə bel bağlamaq olmaz. Söyləyici bu vəziyyətdə ifa etməyə alışmayıb. Mətnin maksimum şəkildə təbii söylənməsi söyləyicinin alışdığı vəziyyətdə ifa etməsindən asılıdır (234, 144-146). Bu baxımdan mətn ən təbii şəraitdə yazıya alınmışdır. Mətnin canlı auditoriyaya deyilməsi katibin ozana təsir imkanlarını aradan qaldırmışdır. Mətnin yazıya alınmasından xəbərdar olması ozanı təbii halından çıxara bilərdi. Ancaq mətnin canlı auditoriyaya söylənməsi katib şəxsiyyətinin neytrallaşmasına səbəb olmuşdur. Katibin ozanın sözünü kəsib yaxşı eşitmədiyi və ya çatdırıb yaza bilmədiyi yerləri soruşmaq imkanı da ola bilməzdi. Heç şübhəsiz ki, belə bir cəhd ifanı təbii halından çıxartmaqla mətnin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edərdi. Ancaq biz əminik ki, belə bir hal olmamışdır. İfanın şirin yerində ozanın sözünü kəsən şəxs, ozanla birgə bütün auditoriyanın əsəbləri ilə oynamaq cəsarətinə sahib olmalı idi. Ömründə bircə dəfə canlı dastan ifasına qulaq asan şəxs bizim nə demək istədiyimizi anlayar. Bu üzdən ozanın katib müdaxiləsindən azad olmasına şübhə yeri ola bilməz. Deməli, ozan boyları sərbəst şəkildə ifa etmişdir.
Katib sürətli yazı bacarığına, iti yaddaşa sahib olsaydı belə, aşağıdakı səbəblər olmadan bu işin öhdəsindən gələ bilməzdi. Birincisi, dastan qaçaraq şəkildə deyilməmişdir. Onun ağır, ləngərli ritmi bunu aydın şəkildə göstərir. Bunun səbəbini boyların həcmcə kiçik olmasında axtarmaq lazımdır. Adətən, həcmcə kiçik dastanlar ağır, böyük dastanlar isə auditoriyanı yormamaq üçün qaçaraq şəkildə ifa olunmuşdur (234, 142). İkincisi, ərəb əlifbasında sait səslərin buraxılması katibin işini asanlaşdırmışdır.
“Kitab”ın mətni onun canlı ifadan yazıya alınmasını göstərən faktlarla doludur.
1. Mətnşünasların da etiraf etdiyi kimi, mətndə çoxlu defektlər var. Defektləri öz səciyyəsinə görə iki yerə bölmək olar:
a) Buraxılmış sözlər, ifadələr, cümlələr, formullar.
b) Sözlərin səhv yazılışı, hərəkələrin yanlış qoyulması.
Hər iki qəbildən olan defektlərdən mətnşünaslar kifayət qədər bəhs ediblər. Belə defektlərdən birinə münasibət bildirən S.Əlizadə yazır: “Sanki kimsə dastanı ya nəql edir, ya da mövcud əlyazmasından oxuyur. Eşitdiyini qələmə alan D katibi isə sürətli yazı prosesində bəzi sözləri hiss etmədən ötürür” (26, 235).
2. Bir sözün iki cür yazılışı: məs., Dirsə-Dərsə, marə-mərə və s. Belə hallar canlı ifa zamanı katibin səsin səciyyəsini tuta bilməməsindən irəli gəlmişdir. Bu vəziyyət səsin i-ə və a-ə səslərinin məxrəcinə yaxın deyilməsi ilə bağlı olmuşdur. Ona görə də katib səsi iki şəkildə (gah i, gah ə, gah a, gah ə) ifadə etmişdir.
Deyildiyi kimi, boylar yazıya alınan zaman ozan üçün maksimum təbii şərait yaradılmışdır. O, öz sənətinin mahir bilicisi kimi onun üçün yaradılmış şəraitdən istifadə edərək, xanın və məclisin qarşısında məsuliyyət hissi ilə boyları yüksək səviyyədə ifa etmişdir. Bunun əksinə olaraq, boyları yazıya alan katib çətin vəziyyətdə qalmışdır. Katibin düşdüyü çətinliklər aşağıdakılardan ibarətdir:
1. Hər şeydən öncə, katibin çətinliyi onun mətni şifahi ifadan yazıya alması ilə bağlı olmuşdur. Bu vəziyyətdə boylar ancaq tələsik şəkildə yazıya alına bilərdi. Tələsik şəkildə yazıya alınan mətni hər hansı bir yanlışlıqdan qorumaq mümkün deyil. Katib tələsdiyi üçün sözləri səhv yaza bilərdi, ifadələri, hətta cümlələri buraxa bilərdi, dumanlı şəkildə yadında qalanları özü bildiyi kimi yaza bilərdi və s. Qeyd olunduğu kimi, “Kitab”ın mətnində belə hallar müşahidə olunur.
2. Boyların yazıya alınması işinin məhz katibə tapşırılması. Unutmayaq ki, orta əsr katibinin gördüyü iş əlyazmaların üzünü köçürmək, onları redaktə etməkdən ibarət olub. Bu üzdən işin səciyyəsi ilə bağlı olaraq katibin sürətli yazı bacarığı olmaya da bilərdi. Boyları canlı ifadan keyfiyyətli şəkildə yazıya almaq üçün sürətli yazı bacarığına sahib olmanın nə demək olduğunu xüsusi şəkildə vurğulamağa ehtiyac yoxdur. Bununla yanaşı, katibin alışmadığı bir işlə məşğul olması şübhəsizdir. Yəni o, hər hansı bir əlyazmanın üzünü köçürməklə yox, şifahi ifanı yazıya almaq işi ilə məşğul olmuşdur. Orta əsrlərdə şifahi xalq yaradıcılığı örnəklərinin yazıya alınması ənənəsinin geniş yayılmadığı məlumdur. Əks təqdirdə bu gün əlimizin altında Dədə Qorqud boyları kimi canlı ifadan yazıya alınmış yüzlərlə əlyazmalar olardı.
3. Katibin çətinliyi həm də onun yazıya almalı olduğu mətnin xarakteri ilə bağlı olmuşdur. Dədə Qorqud boyları qəhrəmanlıq dastanı olmaqla şifahi epik mətndir. Şifahi epik mətnin xüsusi epik dili olur. Bu dil yalnız epik mətnin özünə xasdır. Deməli, Dədə Qorqud boylarına yanaşarkən aşağıdakılar nəzərə alınmalıdır:
a) Dastan qəhrəmanlıq məzmunu daşıyır. Dastanın məzmunu özünəməxsus leksikanın varlığını tələb edir. Bu üzdən boylar nəzəri baxımdan leksikasına görə dastanla sinxron şəkildə mövcud olan başqa məzmunlu şifahi epik mətnlərdən fərqlənirdi.
Qəhrəmanlıq üslubunu formalaşdıran epik leksika (toponimik, etnoqrafik, sosial, tarixi, dini səciyyə daşıyan leksik vahidlərlə birgə) yalnız boylara məxsusdur. Burada qarşılaşdığımız poetik formullar sistemi başqa heç bir mətn tipində, demək olar ki, müşahidə olunmur. Bu cəhət dastanın arxaik olması ilə bağlıdır. Bu arxaiklik təkcə müasir mətnşünas və ya oxucu üçün yox, müəyyən mənada öz müasirləri üçün də qüvvədədir. Unutmayaq ki, epik mətn dəyişməyə meyilli olduğu qədər də konservativdir və bu konservativlik onun ən müxtəlif laylarında, o cümlədən leksikasında özünü göstərir. Buna inanmaq üçün Dədə Qorqud boylarına nisbətən müasir olan “Koroğlu” dastanının mətninə (xüsusən, qoşma və gəraylılarına) sözügedən kontekstdən yanaşıb, müəyyən müşahidələr aparmaq kifayətdir. Başqa tərəfdən, boyların yazıya alındığı dövr Azərbaycanda və Anadoluda ozan auditoriyasının kifayət qədər daraldığı dövr idi. Sosial sistemin dəyişməsi ilə bağlı olaraq əhalinin daha çox hissəsinin kitab və ya yazı mədəniyyəti ilə təması güclənmişdi. Yazı və kitabla ünsiyyətdə olan şəxs kimi katiblə oğuznamələr arasında ögeyləşmə olduğunu güman etmək tamamilə təbiidir. Bundan başqa, boyları ifadə edən epik vasitələr, epik formullar sistemi yüz illər boyu ozanlar nəsli tərəfindən yaradılaraq formalaşır. Hər hansı bir ozan bu epik vasitələr sisteminin əksəriyyətini hazır şəkildə ənənədən alır və bir çox hallarda mexaniki şəkildə işlədir. Bu halda epik leksika epik ənənəni yaşadan ozan üçün belə bəzi hallarda arxaikləşir. Bu baxımdan epik leksikanın zədələnməsi, aşınması halları da təbii sayılmalıdır. Sözümüz odur ki, mətnşünas, katibin alışmadığı və müəyyən hallarda onun üçün anlaşılmaz olan bir mətn tipini yazıya aldığını nəzərə almalıdır. Deməli, boyların mətnində qarşılaşdığımız “mənasız sözlər” təkcə bu günün mətnşünası üçün deyil, onu yazıya alan katib və hətta müəyyən hallarda mətnin “sahibi” olan ozan üçün də qaranlıqdır. Ona görə də mətndəki “mənasız sözlərin” mənası ayrıca araşdırmadan sonra aydınlaşa bilər. Ancaq problem təkcə bundan ibarət deyil.
b) Söyləyici dövriyyədə olan dastanı özünün mənsub olduğu şivədə söyləyir. Bu üzdən hər bir mətn onu söyləyən söyləyicinin mənsub olduğu şivənin xüsusiyyətlərini əks etdirir. Deməli, katib ozan şivəsinin xüsusiyyətlərini də yazıda əks etdirmək problemi qarşısındadır. Katibin şivə də daxil olmaqla şifahi epik mətnin fonetik xüsusiyyətlərini yazıda əks etdirərkən çətinliklərlə qarşılaşacağı şübhəsizdir. Şifahi mətnin fonetik xüsusiyyətlərini yazıda əks etdirmək nəinki orta əsrin katibi üçün, hətta filoloji biliyə sahib olan folklorçu üçün də bir çox hallarda çətinlik törədir. Bəllidir ki, heç bir əlifba dilin fonetik xüsusiyyətlərini bütün incəlikləri ilə əks etdirmir. Bu üzdən şifahi mətnin fonetik xüsusiyyətlərini yazıda əks etdirmək üçün xüsusi yardımçı işarələrdən istifadə olunur. Ərəb əlifbası ilə yazılmış mətnə gəldikdə isə vəziyyət daha da mürəkkəbləşir və burada katibin ozan nitqinin fonetik xüsusiyyətlərini yazıda əks etdirmək imkanına malik olmaması şübhəsizdir.
Mətnə katib müdaxiləsindən də söz açmaq istərdik. Orta əsrlərin katibi müasir anlamda filoloq deyildi və ona görə də o, şifahi mətnin saflığı naminə ona müdaxilə etməkdən özünü saxlamaya bilərdi. Şifahi mətnin üzərində müəyyən düzəlişlər etmək duyğusundan nəinki orta əsrlərin katibi, hətta şifahi mətnin mahiyyətini anlayan folklorçu belə azad deyil. Bu səbəbdən az-az folklor mətni göstərmək olar ki, ona tərtibçi qələmi dəyməsin. Tərtibçi ən yaxşı halda “xırda düzəlişlər” edərək mətni “gözəlləşdirir”. Şifahi mətnin bütövlükdə ədəbi dilin normalarına salınması halları daha geniş yayılmışdır.
Mətnə əl gəzdirib onu “gözəlləşdirmək” əməliyyatı birbaşa yazılı ədəbiyyatın təsiri ilə bağlıdır. Yazının kəşf olunması ilə şifahi söz özünün hakim mövqeyini tədricən yazıya güzəştə getməli oldu. Bu mədəniyyət hadisəsinin cəmiyyətin geniş kütlələrinə sirayət etməsi şifahi ənənənin yerinin daralması ilə müşayət olunur. Bu prosesdə şifahi ənənə yazılı ənənəyə təsir etməklə yanaşı, onun təsirinə də məruz qalmışdır. Bu təsir özünü müxtəlif səviyyələrdə göstərir və biz bu yazının çərçivəsində bir məsələnin üzərində dayanmaq istərdik. Yazılı ədəbiyyatın yarandığı ilkin dövrlərdə şifahi ədəbiyyatı təqlid etməsi məlumdur. Yazının cəmiyyətdə hakim mövqeyə keçməsi ilə bağlı olaraq şifahi ənənəyə münasibət dəyişir. Bu dəyişmə nəticəsində şifahi ənənə özünün əvvəlki urvatını itirməli olur. Şifahi ənənəyə belə münasibət müəyyən hallarda onun özünü yazılı ənənəyə bənzətməsi ilə müşayiət olunur və beləliklə, əks proses baş verir (258; 260). Dədə Qorqud oğuznamələrinin “Dədə Qorqud Kitabı” adı ilə təqdimi şifahi ənənəyə katib münasibətidirsə, oğuzlar haqqında qəhrəmanlıq dastanlarının “Oğuznamə” adlanması şifahi ənənəni yaşadan ozanın münasibətidir. Hər iki adın yazı ənənəsindən gəlməsi şübhəsizdir. Oğuzlar haqqında söylədiyi nəğmələrə (ozmaqlara) “namə” adı verərkən ozan yazılı ədəbiyyat ənənəsini təqlid etmiş, bununla da söylədiyi mətnin urvatını “artırmışdır”. Bu halda yazı və kitab mədəniyyətinin qoynundan çıxmış katibin yazıya aldığı şifahi mətni “gözəlləşdirmə” təşəbbüsündə olmamasına heç kim zəmanət verə bilməz. Ən nəhayət, unutmaq olmaz ki, boyların yazıya alınması qərarı məhz yazı mədəniyyətinin təsiri ilə verilmişdir.
Həqiqətən də, katibin bir neçə yerdə ozan mətninə kobud şəkildə müdaxilə etməsi inkarolunmazdır. Belə müdaxilələrdən ikisi “Kitab”ın girişində özünü göstərir. Ozan Dədə Qorqud dilindən söylədiyi soylamaları qurtarır. Bundan sonra qarıların “dür”lərinə keçir. Qarıların “dür”lərini sadalamazdan öncə mətndə “ozan aydır” cümləsi qeyd olunur. Məlumdur ki, ozan şifahi ifa zamanı “ozan aydır” cümləsini işlədə bilməzdi. Bu yerdə katib müdaxiləsi ozanı danışdığı mətnin qəhrəmanına çevirir. Ozan qarıların “dür”lərini sadalayandan sonra, onların hər birinin ayrılıqda səciyyəsini verir. Cümlə belə başlayır: “Ozan, evinı, tayağı oldır ki ...” (41, 33). Yenə də cümlənin əvvəlində ozan sözü işlənir və təhkiyənin ozana məxsus olması vurğulanır. Katibin mətnə müdaxiləsi təhkiyədə qırıqlıq görməsindən doğur. Ozan Dədə Qorqud dilindən söylədiyi soylamalar qurtarandan sonra, təhkiyənin sonrakı hissəsinə keçir. Katib bu hissənin Dədə Qorquda yox, ozana məxsus olmasını vurğulamaq üçün “ozan aydır” cümləsini işlədir. Növbəti cümlədə ozan sözünün təkrar olunması yenə də oxşar ehtiyacdan törəyir. Beləliklə, katib mətnin içərisində təfsir verir. Vatikan nüsxəsinin katibi Drezden nüsxəsinin katibinin “səhvini” düzəldərək sözügedən hissənin də Dədə Qorquda aid olduğunu vurğulamaq üçün “ozan aydır” cümləsinin əvvəlinə “Dədə Qorqud dilindən” ifadəsini əlavə edir (72, 74). Bundan sonrakı cümlədə ozan sözünün əvvəlinə sözügedən ifadəni artırmağa ehtiyac qalmayıb. Xatırlatmaq istərdik ki, H.Araslı, O.Gökyay və M.Ergin də V katibinin mövqeyində dayanaraq “Dədə Qorqud dilindən” ifadəsini əsas mətnə çıxardıblar. İstər katiblərin, istərsə də mətnşünasların əlavələrinin artıq olduğunu vurğulamağa ehtiyac yoxdur. İfaçı ozan lazım bilsəydi, katiblərin yazılı düşüncədən doğan əlavəsini şifahi epik ənənədən gələn formullarla (Məsələn, “Dədə Qorqut bir dəxi soylamış”, “Dədə Qorqut genə soylamış, görəlim, xanım, nə soylamış” şəklində) ifadə edərdi. Deməli, sözügedən hissə, D katibinin qeyd etdiyi kimi, ozan dilindən deyilir. Ancaq D katibinin “ozan aydır” əlavəsi olmasaydı da, mətnin quruluşundan bunu anlamaq olardı.
Katibin mətnin içərisində təfsirlə məşğul olması bununla bitmir. Birinci boyda üç yerdə katib təfsiri olaraq soylama sözü işlənir. Birinci dəfə boylarda soylamaya ənənəvi keçid səciyyəsi daşıyan “soylar, görəlim, xanım, nə soylar” və “aydır” formullarının, ikinci dəfə “Xan qızı, yerimdən turayınmı?” komponenti ilə başlayan soylamadan öncə gedən “soyladı” və “aydır” formullarının arasında işlənir. Həmin söz üçüncü dəfə “salqum-salqum tanı yelləri əsdigində” soylamasından öncə işlənir (41, 35, 37). Bu soylama həmin boyda təkrar olunur. Birinci dəfə “soylamış, görəlim, xanım, nə soylamış” formulundan sonra işlənir. İkinci dəfə bu formulu, sadəcə olaraq, soylama sözü əvəz edir (41, 34, 37). Sonuncu halda katib ya şifahi ənənədən gələn “soylamış, görəlim, xanım, nə soylamış” formulunu ataraq onu soylama sözü ilə əvəz etmiş, ya da ozanın və ya mətni şifahi ifadan yazıya alan ilk katibin buraxdığı boşluğu doldurmuşdur. Hər üç yerdə soylama sözü yazı düşüncəsindən gəlmişdir. Bu əlavə orta əsrlərə aid müxtəlif məzmunlu əsərlərdə şeir parçasından öncə mətndə şeir sözünün yazılmasına bənzəyir və birbaşa orta əsr nəsrinin təsiri ilə bağlıdır. “Soylar, görəlim, xanım, nə soylar” və “aydır” formulunun arasında soylama sözünün işlənməsi açıq şəkildə şifahi təhkiyənin strukturuna ziddir. Katib bu əlavə ilə ozan təhkiyəsinə təfsir verməklə irəlidə deyiləcək hissənin şeir olduğunu anlatmaq istəyir. Görünür, ifa prosesində soylamaya giriş formulunun az-çox davamlı olduğunu görən və ya ifanın və mətnin formasından baş çıxara bilməyən katib oxucuya bələdçilik etmək iddiasından əl çəkmişdir.
Yuxarıdakı qeydlər kontekstində katibin mətnə kobud şəkildə müdaxilə etdiyi aydın görünür. Əgər aydın müşahidə olunan müdaxilə faktı varsa, mətnin başqa yerlərində də katibin qələmi farağat qoymasına zəmanət yoxdur. Məsələn, katib epik mətnin dili üzərində özünün dünyagörüşünə və ya “Kitab”ın auditoriyasının dil-şivə xüsusiyyətlərinə uyğun dəyişikliklər apara bilərdi. Bəlkə sözlərin yazılışındakı mən-bən, min-bin, axşam-aqşam, ox-oq, kimi-kibi və s. fərqlərə (63, 28) bu müstəvidən baxaq? Ozanın mətni iki şivədə deməsi mümkün deyil. Bu fərqlər katibin mətni mənsub olduğu auditoriyanın şivəsinə uyğunlaşdırma cəhdindən doğmurmu? İnanırıq ki, dastan mətnində qarşılaşdığımız fonetik variantlılıq, leksik və morfoloji sinonimlik məsələsi bu müstəvidən araşdırılsaydı, maraqlı elmi nəticələr ortaya çıxardı.
Burada V.M.Jirmunskinin mətnə katib əlavələri ilə bağlı bir fikrinə münasibət bildirmək istərdik. Müəllif “mətn boyu səpələnmiş bayağı izahların” mətnin “tərtibçisinə” məxsus olmasını güman edir (196, 629). Söhbət “Ol zəmanda, bəglərinı alqışı alqış, qarğışı qarğış idi. Duaları müstəcəb olurdı”, “Oğuz zəmanında bir yigid ki, evlənsə, ox atardı. Oxu yerdə düşsə, anda gərdək dikərdi” və s. kimi mətnin içərisində özünə yer alan haşiyələrdən gedir. Qeyd edək ki, belə haşiyələr dastan mətnində çox işlənir. “At ayağı külük, ozan dili çevik olur”, “Dərin olsa, baturdır, qalabalıq qorxudır”, “At işlər, ər ögünür”, “Yayan ərinı umırı olmaz” və s. kimi formullar bu qəbildəndir. Qeyd edək ki, belə haşiyələr epik təhkiyə üçün qanunauyğun haldır. Onları “tərtibçi” qələmi ilə bağlamaq epik mətnin canlı ifası ilə təmasda olmamaqdan irəli gəlir. Məsələ bundadır ki, belə haşiyələr folklorşünaslıqda uzun müddət “artıq” sayılmış və nəşr zamanı mətndən çıxarılmışdır. Onların epik təhkiyədə az-az görünməsinin səbəbini də burada axtarmaq lazımdır…
“Kitab”dan danışarkən D nüsxəsinin qaynağı məsələsindən yan keçmək olmaz. Qeyd etmək istərdik ki, D nüsxəsinin ozandan deyil, ozan ifasından yazıya alınmış qaralamadan köçürülməsi ehtimalı çox yüksəkdir. Məsələyə bu şəkildə yanaşma, hər şeydən öncə, mətndə açıq şəkildə müşahidə olunan kobud katib müdaxilələrinə əsaslanır. Bununla yanaşı, mətnə katib müdaxilələrinin yalnız qeyd olunanlardan ibarət olduğunu düşünmürük. Ozan ifasından yazıya alınan mətndə katib müdaxilələrinin olmasını düşünmək inandırıcı deyil. Sürətli yazı prosesində katibin mətn üzərində müəyyən düzəlişlər etməyə zaman baxımından imkanı ola bilməzdi. Belə düzəlişlər etmək üçün mətni diqqətlə oxumaq və onun “yanlışlıqlarını” görmək lazım idi. Bəzi sözlərin qalın hərflərlə yazılışı da buraya daxil edilməlidir. Bəllidir ki, sözlərin qalın hərflərlə yazılışı xüsusi səy tələb edir. Ən nəhayət, əlyazmanın kifayət qədər səliqəli olması da belə düşünməyə əsas verir.
Bu fikrin əleyhinə olan yeganə fakt canlı ifa zamanı yazıya alınan ilkin nüsxədə katibin yaza bilmədiyi yerlərin D katibi tərəfindən düzəldilməməsidir. Doğrudan da, giriş və birinci boyda düzəlişlər etmiş katib hansı səbəbdən açıq müşahidə olunan defektləri düzəltməmişdir? Bu suala cavab vermək çətindir. D mətninin necə tərtib olunması haqqında bizim heç bir təsəvvürümüz yoxdur. Gəlin nəzərə alaq ki, D nüsxəsini, qaralamadan bir katib deyil, bir neçə katib köçürmüşdür. Bu halda hər katibin öz səviyyəsinə uyğun şəkildə mətnə yanaşması təbiidir. Düşünmək olar ki, açıq katib müdaxiləsinin hiss olunduğu hissələr bir katib, defektli hissələr başqa katib (və ya katiblər) tərəfdən köçürülmüşdür. Bununla yanaşı, düşünmək olar ki, D katibi, irəlidə görəcəyimiz kimi, V katibindən fərqli olaraq, ozan ifası zamanı katibin yaza bilmədiyi yerləri düzəltmək məqsədini qarşıya qoymayıb. Unutmayaq ki, mətn üzərində düzəlişlərin xarakteri qarşıya qoyulan məqsəddən asılıdır. Ən nəhayət, sözügedən məsələ barədə M.Erginin mətnə sonradan edilən əlavələr haqqında fikrini də nəzərdən qaçırmaq olmaz (79, 68). Bu barədə olan sözümüzü tamamlayarkən, onu da deməyi lazım bilirik ki, D nüsxəsinin qaralamadan deyil, qaralamadan köçürülmüş nüsxədən yazıya alınması ehtimalı da unudulmamalıdır. Bu halda D nüsxəsi katibinin dayandığı qaynağa sadiq qalması və ya ona sərbəst yanaşması haqqında aydın bir təsəvvürümüz yoxdur. D nüsxəsində özünü göstərən katib müdaxilələrinin onun dayandığı qaynaqdan gəlməsi də mümkündür. Bu problemlərin aydınlaşdırılması xüsusi araşdırma tələb edir. Onların folklor müstəvisindən öyrənilməsi qorqudşünaslığın inkişafına əhəmiyyətli dərəcədə yardım edərdi.
V nüsxəsinin şifahi qaynağı məsələsinə də toxunmaq istərdik. Qeyd edək ki, epik yaradıcılıq müstəvisindən yanaşdıqda V nüsxəsində variant fərqi yoxdur. Beyrəyin kafir qızını alıb gətirməsini variant fərqi kimi götürmək olardı. Ancaq toy mərasimində kafir qızına “yer verilməməsindən” görünür ki, sözügedən cümlə V katibinin qələminə məxsusdur. Bununla yanaşı, V nüsxəsinə katibin etdiyi əlavə və dəyişiklikləri çıxmaq şərti ilə nüsxələrdə epik təhkiyənin leksik və qrammatik baxımdan eyniliyi hər iki nüsxənin eyni ifaya dayandığını göstərir. F.Zeynalov və S.Əlizadə “Kitabi-Dədə Qorqud”un 1988-ci il nəşrinin girişində V nüsxəsinin şifahi qaynağa malik ola biləcəyi ehtimalını irəli sürərək yazırlar: “V-də bəzən elə ifadələrə rast gəlinir ki, onlar katibin deyil, qədim ozanın nitqini təmsil edir. Yəni düşünmək olmaz ki, “hər bir əlavə söz və ifadə” V katibinin öz qələminin məhsuludur. Məgər bu faktın özü sübut etmirmi ki, V nüsxəsi D-dən köçürülməmişdir. Yaxud hər iki nüsxə üçüncü bir nüsxədən köçürülə bilməzdi…” (63, 21). Göründüyü kimi, cümləsini üç nöqtə ilə bitirməsinə baxmayaraq, müəlliflərin fikrini anlamaq olur. Aydın olur ki, onlar V nüsxəsinin başqa bir ozandan yazıya alınması fikrindədirlər. Müəllifləri belə düşünməyə vadar edən V nüsxəsində olub, D nüsxəsinin uyğun yerində olmayan poetik formullardır. İrəlidə bu formulların qaynağından bəhs olunacaq. Hələlik, onu xatırladaq ki, S.Əlizadə başqa bir məqaləsində hər iki nüsxənin üçüncü nüsxədən köçürülmə olduğunu göstərməklə bu fikrindən imtina etmişdir (27, 42-43). Deməli, mətnşünaslar V nüsxəsinin şifahi qaynağa malik olmaması məsələsində israrlıdırlar. Bu baxımdan O.Ş.Gökyayın V nüsxəsinin D nüsxəsindən qədim olması haqqında fikrinə də toxunmaq istərdik. Məsələnin bu şəkildə qoyuluşu dolayısı ilə V-nin şifahi qaynağa malik olduğunu təsdiq etməkdir. Müəllif V-nin poleoqrafik xüsusiyyətlərini nəzərə alaraq bu fikri söyləmişdir (82, 3-4). M.Ergin V-nin hərəkəli yazısının hərəkəsiz yazı dövrünün (XVI əsrin) məhsulu olduğunu göstərməklə məsələyə aydınlıq gətirmişdir (79, 68). Bununla birgə, məsələyə belə yanaşma şifahi epik yaradıcılığın xüsusiyyətlərini nəzərə almamaqdan törəyir.
M.Ergin V nüsxəsinin D nüsxəsindən köçürülməsini ehtiyatla dilə gətirərək yazır: “Gerçəkdən Vatikan nüsxəsinin Drezden nüsxəsi ilə çox yaxından bağlı olduğu anlaşılmaqdadır. Nüsxələrin qarşılaşdırılması zamanı ortaya çıxan ip ucları iki nüsxənin bir-biri ilə bağlı olduğuna şübhə yeri qoymur. Ən azı hər iki nüsxənin ortaq bir nüsxəyə dayandığını qəbul etmək gərəkdir. Biz daha irəli gedərək Vatikan nüsxəsinin Drezden nüsxəsindən alındığını irəli sürə biləcəyimizi söyləyəcəyik” (79, 68). Bizim şifahi mətnə katib əlavələri ilə bağlı müşahidələrimiz müəllifin tamamilə haqlı olduğunu göstərir.
Biz yuxarıda D katibinin şifahi mətnə beş yerdə əlavələr etdiyini göstərdik. D nüsxəsində sözügedən katib əlavələri V nüsxəsində də təkrar olunur. Birinci halda V katibi məsələyə adəti üzrə, “orijinal yanaşaraq” “ozan aydır” cümləsinin önünə “Dədə Qorqud dilindən” ifadəsini artırır və bununla da özünəməxsus şəkildə D katibinə qarşı çıxır. Yəni həmin epizodun ozana yox, Dədə Qorquda aid olduğunu vurğulayır. Növbəti cümlədə ozan sözü D nüsxəsində necə gedibsə, V-də də eləcə təkrar olunur (72, 76). V katibi D katibinin mətnə yamadığı soylama sözünün ikisini lazımsız bilərək atır (72, 79). Hər iki halda D nüsxəsindəki soylamaya keçid formulunu da öz zövqünə uyğun şəkildə dəyişir. Üçüncü halda D nüsxəsində soylamaya keçid formulu işlənmir. Bu formulu soylama sözü əvəz edir. Bu üzdən V katibi D-nın təklif etdiyi variantı qəbul edərək soylama sözünü işlətməyə məcbur olur (72, 84).
Beləliklə, Drezden nüsxəsində olan beş katib əlavəsindən ikisinin Vatikan nüsxəsində də təkrar olunması, birinin isə redaktəyə məruz qalmış şəkildə təqdim olunması bu nüsxənin Drezden nüsxəsindən və ya onun surətindən köçürüldüyünü göstərir.
V nüsxəsinin D-dən köçürülməsi haqqında istər M.Erginin, istərsə də bizim göstərdiyimiz dəlillər hələ problemin həll olunması demək deyil. Bunun üçün yalnız V nüsxəsinə məxsus sözlərin, ifadələrin, formulların, cümlələrin qaynağı tapılmalıdır. M.Ergin onları katib qələmi ilə bağlayır (79, 68). Məsələnin bu şəkildə qoyuluşu bizi ortaya çıxan müəyyən sualların qarşısında aciz qoyur. Məsələn, şifahi ənənədən gələn formullar araşdırıcının qarşısında dayanır və o, haqlı olaraq onların katib qələmi ilə bağlı olmasına şübhə ilə yanaşır (63, 21). Problem katib əlavələrinin şifahi ənənədən gələn elementlərinin qaynağı üzərindədir. Onu öyrənmədən məsələ həll olunmuş sayılmaz. Ancaq biz, ümumiyyətlə, V nüsxəsindəki katib əlavələrinin səciyyəsinə diqqət yetirmək istəyirik. Bizi maraqlandıran məsələ də bu kontekstdə izah olunacaq.
V nüsxəsindəki katib əlavələrini, əsas etibarilə, aşağıdakı kimi qruplaşdırmaq olar:
1. V katibinin əlavələri bir çox hallarda yazı təfəkküründən (müəllif təhkiyəsindən) irəli gəlir. Katib öz düşüncəsinə görə mətnin yarımçıq olan yerlərini tamamlayır, əlavə cümlələr artırmaqla təsviri genişləndirir, epik formullara əlavə sözlər və ya ifadələr artıraraq konkretləşdirmə işi aparır və ya “ritmi bərpa edir”, müəllif təhkiyəsi ilə formulu birləşdirir və s. Belə hallar şifahi epik təhkiyənin strukturu ilə ziddiyyətə girir. Bu qəbildən olan bəzi örnəklərə diqqət yetirək.
Boylarda təsvir olunan hadisəyə “kənar müdaxilə” əksər hallarda “bu məhəldə” ifadəsi ilə başlayır (41, 49, 66, 91, 120). D nüsxəsinin III boyunda “Bu məhəldə Qalın Oğuz bəgləri yetdi, xanım, görəlim, kimlər yetdi” formulundan öncə, V nüsxəsinin katibi yazı düşüncəsindən gələn “Məgər bu tarafda oğuz begleri Kazanın kaziyyesini işidib Kazanun ardına düşmüşlerdi” cümləsini əlavə edir (72, 111-112). (Vatikan nüsxəsindən verilən misallar M.Erginin transkripsiyasına əsaslanır). Belə sadə geniş cümlələr boylara məxsus epik təhkiyənin üslubuna ziddir. Bundan başqa, boylarda ənənəvi olaraq sözügedən vəziyyətdə “bu məhəldə” ifadəsi ilə başlayan formul (və ya onun variantı) işlənir. Burada yazı düşüncəsindən gələn müdaxilə üzdədir. Təsadüfi deyil ki, IV boyda V katibi sözügedən formuldan öncə mətnə müdaxilə edərək mürəkkəb quruluşa malik ağır bir cümlə işlətmişdir: “Bunlar bunda bu yanada oğuz begleri işitdiler kim, Kazan begün (oğlı) kafirde tutsaq olmış, Kazan ardınca gitmiş, begler dahi Kazanun ardına düşdi” (72, 174). Belə ağır cümlələrin boyların üslubuna uyğun olmamasını görmək o qədər də çətin deyil.
III boyda Beyrəyin adqoyma mərasimi D nüsxəsində “Qalın oğuz bəglərini çağırdı, qonaqladı” cümləsi ilə başlayır (41, 54). V katibi cümlənin mübtədasını (“Baybörə”) və zərfliyini (“haman”) bərpa edəndən sonra belə bir cümlə işlədir: “Oğlınun kıssasını arz eylədi, cümlə bəgler istihsān itdiler” (72, 121). Bu cümlənin yazı düşüncəsindən gəlməsi və deməli, epik təhkiyənin üslubuna yad olması aydın görünür. Bundan başqa, bu təfsilatlar epik təhkiyənin təbiətinə xas deyil. Belə yamaqlar istər-istəməz orta əsr nəsrini xatırladır.
D nüsxəsində “Öyləyədəncə gəzdi” (41, 33) cümləsi V nüsxəsində “Sabahdan öyleye degince gezdi” şəklində düzəldilmişdir (72, 76). Katib sabahdan sözünü artırmaqla cümlədə ifadə olunan fikri guya konkretləşdirmişdir. Yenə də “Dirsə xan yerindən uru turdı” (41, 34) cümləsinə V nüsxəsində Dirsə xan sözündən sonra haman zərfliyi artırılmışdır (72, 79). Burada haman sözünün yamaq olması uru turdı felinin anlamı ilə təsdiq olunur. Həmin boyda “Səndənmidir, məndənmidir tənıri-təala bizə bir yetman oğıl verməz, nədəndir? – dedi” (41, 35) parçasının önünə V-də eyle olsa ifadəsi artırılmışdır (72, 80). Bu ifadə də şifahi epik təhkiyənin təbiətinə ziddir. Katib öndəki epizodla bu epizod arasında əlaqə yaratmaq istəyib. Ancaq şifahi təhkiyədə belə əlaqə intonasiyanın hesabına yaranır. Ümumiyyətlə, cümlənin “buraxılmış üzvlərinin” bərpası V nüsxəsində sıx şəkildə özünü göstərir. Şifahi epik təhkiyənin strukturu və onun ritmik səciyyəsi sözügedən cümlə üzvlərinə zərurət yaratmır.
Katib bir çox hallarda boylara məxsus epik təhkiyənin üslubuna uyğun şəkildə əlavələr etməyə çalışır. Birinci boyda Buğacın anasının dilindən “Qara qıyma gözlərin uyxu almış, açğıl, axı!” komponenti ilə başlayan tirada D nüsxəsində bütöv şəkildədir (41, 39). Həmin tiradanın “Qara başım qurban olsun, oğul, san1a!” formulundan sonra paralelizmin quruluşu dəyişir:
Nə Qazlıq tağı aqar sənını sularını ,
Aqar kibi aqmaz olsun!
Belə hallarda növbəti tiradaya giriş kimi “Bir dəxi soylamış, aydır” formulundan istifadə olunur. Bu formul mətndə müəyyən variant fərqləri ilə əks olunur. Məsələn, “Dəpəgöz genə aydır” (41, 102), “Dəpəgöz dəxi burada soylamış, aydır” (41, 103), “Qazan bəg burada bir dəxi soylamış, aydır” (41, 118), “Qazan genə soylamış, aydır” (41, 119) və ya “Andan ayıtdı” (41, 62) və s. V katibi birinci tiradanı didi xəbəri ilə qapayır (boylarda tiradanın bu sözlə qapanması geniş şəkildə özünü göstərir) və ikinci tiradaya keçmək üçün “xatun gene soylamış burada” formulunu əlavə edir (72, 89). Qeyd edək ki, katib formulu leksik baxımdan doğru ifadə etsə də, burada sözünü axıra keçirməklə ritmi pozmuşdur. Yenə də birinci boyda “Xan qızı yerimdən turayınmı?” formulu ilə başlayan soylamadan sonra (41, 35) V katibi aşağıdakı əlavəni etmişdir: “Dirsə xanunı hatunına kahır geldi, kara kuyma gözleri kan-yaş toldı, aydur: hanım ne bendendür, ne senden üstümizde kāyim duran Allahdandur diyüp” (72, 80). Burada “kahır geldi”, “kara kuyma gözler”, “kan-yaş toldı” formulları (xüsusilə ikinci və üçüncü formul) boylarda sıx şəkildə işlənir. “Ne bendendür, ne senden” ifadəsi “səndənmidir, bəndənmidir” sualının cavabıdır. “Üstimizde qāyim duran Allah” ifadəsi isə boyların mətnində qarşılaşmadığımız üçün formulluqdan çıxır. Deməli, mətnə kənardan gətirilmişdir. Boyların üslubuna az-çox bələd olan hər hansı bir katibin bu üsluba uyğun əlavələr etməsi çətin deyil. Xatırladaq ki, dastan təhkiyəsində sözügedən katib əlavəsinin şifahi epik təhkiyə üçün səciyyəvi olan qarşılığı elə həmin boyda aşağıdakı şəkildə verilir: “Qara bağrı sarsıldı. Düm yürəgi oynadı. Qara qıyma gözləri qan-yaş toldı” (41, 38). Bu formullar IV boyda da özünü göstərir (41, 72).
2. V katibi bəzən dastanın “pozulmuş ritmini” (paralelizmi) bərpa edir. Məsələn, III boyda Beyrəyin aparılması hadisəsi məlum olunca “Ah etdilər” formulu işlənir (41, 57). V katibi bu formuldan sonra “yaqaların çak etdilər” ifadəsini işlədərək ritmi bərpa edir (72, 130). Oxşar hadisə, S.Əlizadənin də qeyd etdiyi kimi, “xanım, hey” xitabının, V nüsxəsində “Xanım, hey! Bəgüm, hey!” şəklinə salınmasında özünü göstərir (27, 42). Yaxud da IV boyda oxşar səciyyəli “Bəru gəlgil, a bəg baba!” ifadəsindən sonra (41, 74) V katibi “Xanım babam, canım babam” paralelizmini yaradır (72, 168) və s.
3. V nüsxəsinin müəyyən yerində olub D nüsxəsinin həmin yerində olmayan poetik formulları V katibi D nüsxəsinin başqa boyundan və ya həmin boyun mətninin başqa hissəsindən götürərək formulları bərpa edir. Onu mətnlə belə rəftar etməyə sövq edən arxaik dastanın poetikasıdır. V katibi (eləcə də dastanın mətninə az-çox bələd olan hər hansı bir şəxs) bu formulların mətnin müxtəlif yerlərində uyğun vəziyyətlərdə təkrar olunduğunu görür. Mətnin uyğun yerində həmin formulun təkrar olunmaması V katibinə nöqsan kimi görünür. Deməliyik ki, belə halları təkcə şifahi ifa zamanı katibin çatdırıb yaza bilməməsi ilə yox, həm də ozanın həmin formulları mətnin uyğun yerində təkrar etməməsi ilə izah etmək olar. V katibinin bu məsələdə az-çox israrlı olması həm də D katibinin şəksiz-şübhəsiz ozanın canlı ifası zamanı yaza bilmədiyi yerlərdir. İrəlidə görəcəyimiz kimi, canlı ifa zamanı katibin yaza bilmədiyi yerləri (və ya yazılı mətnin defektlərini) görmək xüsusi diqqət tələb etmir. Aşağıdakı faktlara nəzər salaq:
Başqa boylardan fərqli olaraq, D nüsxəsinin III boyunda Dəli Dondarın epik titulları sadalanarkən onun “Qazan kibi pəhləvanı üç kərrə atından yıqan” titulu deyilmir (41, 49). Bu titul IV boyda xatırlanır (41, 77). V katibi bu “boşluğu” dolduraraq əlavə edir: “Kazan kibi pehlevanı üç kez atından yıkan” (72, 112). Belə əlavələr etmək üçün V katibi D nüsxəsinin başqa boylarından istifadə etmişdir. I boyda Dirsə xanın, IV boyda isə Qazan xanın ovdan qayıtması epizodunda oxşar vəziyyət təsvir olunur. Hər iki halda xanımlar soylama şəklində oğullarını soruşurlar. Birinci boydakı tiradanın mətni müəyyən fərqlərlə burada da təkrar olunur. V katibi IV boyda çatışmayan komponentləri D nüsxəsindəki I boyun köməyi ilə bərpa edir. Bu üzdən, “Göksi gözel kaba tağlar önünə ava çıkdun” (72, 163), “Azgun dinlü kafirə ben varayın” (72, 165) kimi formullar D nüsxəsinin I boyundan gətirilmişdir (41, 38). Qeyd edək ki, katib sonuncu formulu D nüsxəsində olduğu şəkildə yox, düzəltdiyi şəkildə təkrarlamışdır. Yəni I boyda formula ben əvəzliyi əlavə etmiş, IV boyda isə bu şəkildə təkrarlamışdır. V katibi cümlənin təkcə mənsubiyyət şəkilçisi ilə ifadə olunmasını qəbul etmir. Ona görə də cümlələrə (formullara) əvəzlik artırır. Katibin belə cəhdləri, deyildiyi kimi, şifahi təhkiyəyə yazı düşüncəsinin müdaxiləsindən doğur. Bəzi boyların sonunda Dədə Qorqudun oğuznamə düzüb-qoşmasından sonra (yumvermədən öncə) Dədə Qorquda aid formul səciyyəli epik təkrar kimi soylama işlənir. Sözügedən soylama “Qanı dedigim (və ya ögdügimiz) bəg ərənlər” komponenti ilə başlayır. Bu soylama D nüsxəsinin III boyunda işlənmir. V katibi həmin boyun sözügedən yerində bu soylamanın ögdügimiz sözü işlənən variantının bəzi yerlərinə əl gəzdirərək işlədir (72, 153). Qeyd edək ki, bu variant yalnız V nüsxəsinə də düşən XI boyda işlənir. V katibi bu variantı ancaq XI boydan götürə bilərdi. Yenə də D nüsxəsindən fərqli olaraq V nüsxəsində Beyrəyin ova çıxma epizodu təsvir olunarkən “Ala Tağa ala leşker ava çıqdı” formulu işlənir (72, 121). Bu formul eyni ilə II boyda da işlənir (41, 42). Deməli, V katibi həmin formulu II boydan III boya keçirmişdir. Xatırladaq ki, Oğuz elinin ov təntənəsini tərənnüm edən bu formulun başqa variantları da var. Məsələn, “Köksi gözəl kaba tağa ava çıkdı” (41, 37), “… kara tağlar üzərinə ava çıqdı” (41, 69). Sözümüz ondadır ki, V katibinin bu düzəlişi dəqiq deyil. Bununla yanaşı, başqa boylarda ova getmə formul səciyyəsi daşımayan sözlərlə də ifadə olunur. Məsələn, “ava çıqdı”, “ava getdi” (41, 37, 105). Sözügedən boyda ov yürüşü “Bəglər həp ava bindi” şəklində ifadə olunur (41, 54). V katibi məhz bu cümlədən sonra sözügedən formulu II boydan götürərək əlavə etmişdir.
4. V katibi D katibinin canlı ifa zamanı yaza bilmədiyi yerləri mətnin strukturuna söykənərək bərpa etmişdir. Bəzirganlarla Beyrəyin deyişməsi bu baxımdan maraqlıdır. D nüsxəsində deyişmə həbsxanada olan Beyrəyin Oğuz elindən gələn bəzirganlara sorğusu və bəzirganların ona cavabı şəklində qurulmuşdur. Deyişmədə Beyrəyin “sorğu siyahısında” olan şəxslərin bir qismi bəzirganların cavabında yoxdur. Cavablarda adı keçən şəxslər isə sorğuda yoxdur (41, 58-59). Bu hadisə ancaq katibin mətni çatdırıb yaza bilməməsi ilə izah oluna bilər. V katibi tiradanın strukturuna uyğun şəkildə mətni bərpa etmişdir. Aşağıdakı parçada V katibinin bərpa etdiyi formullar mötərizə içərisində verilir:
…Qalın Oğuz içində Ulaş oğlu Salur Qazanı
Sorar olsam, sağmı, arğış?
Qıyan Səlcük oğlı Dəlü Tondaz
Sorar olsam, sağmı, arğış?
[Kara Göne oğlı Kara Budağı
Sorar olsam, sağmı, argış?]
Ağ saqqalu babamı, ağ birçəklü anamı
Sorar olsam, sağmı, arğış?
[Benüm yidi kız karındaşım
Sorar olsam, sağmı, argış?]…
* * *
[Kalın Oğuz içinde Kazan bigi
Sorar olsanı sağdır, Bamsı!]
Kıyan Səlcük oğlı Tondazı
Sorarsan, sağdır, Bamsı!
Kara Göne oğlı [Kara] Budağı
Sorar olsan, sağdır, Bamsı!
Ağ saqqalu atanı,
[Sorar olsan, sağdur, Bamsı!]
Ağ birçəklü ananıı
Sorar olsanı , sağdır, Bamsı!
Ağ çıqarıb qara geydilər səninıçün, Bamsı!
Yedi qız qarındaşını yedi yol ayırdında ağlar
gördüm, Bamsı!... (72, 149).
Göründüyü kimi, tiradanın strukturuna uyğun şəkildə sorğulara görə cavablar, cavablara görə sorğular bərpa olunur. Mətni bu şəkildə düzəltmək üçün üçüncü nüsxəyə ehtiyac yoxdur. Deyişmə şəklində qurulan tiradanın poetik strukturuna söykənərək D katibinin canlı ifadan yazıya ala bilmədiyi yerləri asanlıqla bərpa etmək mümkündür. Oxşar vəziyyət Beyrəklə Banuçiçəyin deyişməsində də özünü göstərir. D katibi Beyrəyin söylədiyi tiradada “Qara gözdən acı yaş dökdünmi qız?!” sualını cavabsız qoymuşdur (41, 65). V katibi yenə də tiradanın poetik strukturuna söykənərək “Kara gözden acı yaşum dökdügüm çok” (41, 149) şəklində tiradanın komponentini bərpa edir (72, 149).
Nöqsanların V katibi tərəfindən aradan qaldırılması təkcə verdiyimiz örnəklərdən ibarət deyil. V mətninin başqa yerlərində də şifahi ifa zamanı buraxılmış yerlərin bərpası halları ilə qarşılaşırıq.
5. V katibi D nüsxəsindəki müəyyən sözləri mənaca ona yaxın olan başqa sözlərlə əvəz etmişdir. Bu hadisə, M.Erginin göstərdiyi kimi, həm katibin sözü anlamamasından, həm də mətni öz zövqünə görə dəyişməsi ilə izah oluna bilər (Ergin, 68-69). Bununla yanaşı, sözügedən hadisə mətnin ünvanlandığı auditoriyanın şivəsinə və zövqünə uyğunlaşdırılması cəhdi kimi də yozula bilər. Katib sözləri və ifadələri dəyişdirərkən aşırı sərbəstliyə yol verməmiş, onları boyların mətnində oxşar semantik funksiya daşıyan başqa söz və ifadələrlə əvəz etmişdir. Məsələn, “Arqırı söyləmə, mərə, itüm kafir” (41, 43) soylamasında arqırı sözünün yerinə hərzə-mərzə sözü işlədir (72, 98). “Hərzə-mərzə söyləmə” formulu XII boyda olduğu kimi işlənir. Aruz Beyrəyə deyir: “Mərə, hərzə-mərzə söyləmə. Qanınıa susama, gəl and iç! – dedi” (41, 124).
6. V katibi bəzən D nüsxəsində olan təbii dilin metaforasını onun variantı ilə əvəz edir və ya ənənə insanı olaraq bildiyi paremioloji vahidləri, onların variantını boyların mətninin ritmik strukturuna uyğunlaşdırır. Belə dəyişdirmə və ya artırma mətnə kənardan gətirilir. Məsələn, III boyda Baybörə elçilikdən gələn Dədə Qorqudun hansı xəbərlə gəldiyini canlı dilin metaforası ilə “oğlanmısan, qızmısan” şəklində soruşur (41, 56). Bəllidir ki, bu ifadə bu gün də xalq arasında yaşayır. Sözügedən ifadənin variantı sual məzmunlu “qurdsan, qoyun?” şəklindədir. V katibi sonuncu varianta üstünlük verərək ifadəni “kurtmısın, koyunmısın?” şəklinə salır (72, 127) və s. Müqəddimədə “Dövlətlü oğul qopsa, ocağının közidir”dən sonra V-də “terkeşində tiridür” ifadəsi əlavə olunur. Bundan sonra “Devletsüz oğlı kopsa, ocağının küridür” paremisi əlavə olunur (72, 74). Bununla da V katibinin düşüncəsinə görə, paralelizm tamamlanır. Belə əlavələr etmək üçün etnik ənənənin içərisindən çıxmaq kifayət edər. Nəzərə alaq ki, V nüsxəsi boyların yaşadığı dövrlərdə yazıya alınıb. Bu mənada V katibinin ozan ifasından boyları eşitməsi mümkün idi. Katib ozanın ifasına qulaq asmasaydı belə, boylarla təmasdan yaxa qurtara bilməzdi. Yüzillər boyu ifa olunan boyların nəinki süjeti, habelə personajları, poetik formullar və məcazlar sistemi xalq arasında kifayət qədər yayılmışdı. “Kitab”a daxil olan boyların personajları ilə birgə süjetinin son dövrlərə qədər yaşaması bunu aydın şəkildə göstərir. Ona görə də əlavələrdən danışarkən V katibinin yazılı qaynaqdan (D nüsxəsindən) başqa, şifahi qaynağa da sahib olduğunu unutmaq olmaz.
Xatırladaq ki, biz V nüsxəsində müşahidə olunan katib əlavələrinin bir hissəsinə toxunduq. Bu məsələ ayrıca araşdırma tələb edir.
5.2.2. Topqapı Oğuznaməsi. Daha çox Topqapı Oğuznaməsi adı ilə təqdim olunan bu əlyazma Yazıçıoğlu Əlinin Sultan II Murad dövründə (1421-1451) İbn Bibidən yaradıcı şəkildə tərcümə etdiyi Səlcuqnamə adı ilə tanınan “Tarixi-Ali-Səlcuq” əsərinin başına sonradan şikəstə qırması xətti ilə əlavə edilmiş üç səhifəlik oğuznamədir. F.Kırzıoğlu mətnin 65 sətirdən ibarət olduğunu müəyyən etmişdir. Mətndəki “qırıqlığı” nəzərə alan müəllif onun ən azı bir səhifəsinin düşməsi fikrindədir. Müəllifə görə, bu əlyazma Sultan Muradın taxta çıxmasından öncə, Ədirnəyə yaxın bir bölgədə yazılmışdır (94, 85).
Mətn Oğuz elinin, oğuz bəylərinin şərəfinə söylənən öygülərdən, alqışlardan və atalar sözlərindən, eləcə də Qazan bəyə məxsus söyləmələrdən ibarətdir. Artıq deyildiyi kimi, mətn Oğuznamənin poetik formasına uyğun şəkildədir. Yəni sintaktik paralelizm şəklində qurulan tiradalardan təşkil olunub. Bu tiradaların bir çoxu “Kitabi-Dədə Qorqud” və “Atalar sözü”ndə də var, ancaq onlardan fərqli şəkildədir. Bu fərqlilik birbaşa şifahi ənənədən gəlir və variant fərqi kimi özünü göstərir. Bununla yanaşı, mətndə “Kitabi-Dədə Qorqud”da olmayan Oğuznamə qəhrəmanlarının adı çəkilir və onlar haqqında öygülər verilir. Bu baxımdan Topqapı Oğuznaməsi “Kitabi-Dədə Qorqud”dakı oğuznamələrin şifahi ənənədəki halı, eləcə də “Kitab”a salınmayan bəzi oğuznamələr haqqında təsəvvür yaradır.
Fikrimizcə, mətnin müxtəlif oğuznamələrdən seçilmiş toplu şəklində olması şifahi ənənədən gəlir. Ozan auditoriyanın xarakterinə görə (məsələn, döyüş ərəfəsində) bildiyi oğuznamələrdən ən yaxşı parçaları seçib əlyazmadan bizə məlum olduğu şəkildə ifa edə bilərdi. Aşıqların da auditoriyanın xarakterinə uyğun şəkildə böyük bir dastanı qısaltması və ya məlum dastandan müəyyən parçaları ifa etməsi ilə tez-tez qarşılaşmaq olar. Şifahi epik ifanın tərkib hissəsi kimi Oğuznamə də epik ifaçılığın ümumi qanunauyğunluqlarından kənara çıxmır.
Dostları ilə paylaş: |