6.1.1. Türkmən etnik mühitində Oğuznamə. Böyük türkmanların dağılması ilə etnosun düşdüyü hala uyğun olaraq onu ifadə edən etnonimin anlamı dəyişir. Superetnosun Xəzəryanı bölgədə məskunlaşan hissəsi danışdıqları ləhcənin təbiətinə uyğun olaraq etnonimin türkmən variantını işlədir və bu adla özünü ətraf etnik aləmdən fərqləndirir. Elə ona görə də böyük türkmən şairi Məxdumqulu milli birlik və dövlətçilik duyğularını dilə gətirərkən məhz Xəzəryanı bölgədə yaşayan türkmən ellərinə səslənir:
Türkmənlər qoysalar bir yerə əli,
Qurudar Qulzumu, dəryayi-Nili,
Təkə, Yomut, Göklən, Yazır, Əmrəli,
Bir dövlətə qulluq etsək binimiz (118, 108).
Türkmanların bir etnos olaraq dağılmasından sonra onun əsasında yaranan yeni xalqlar birdən-birə Oğuznamədən imtina etmədilər. Oğuznamə hələ uzun müddət bu xalqlar içərisində öz həyatını davam etdirdi. Onun yeni etnik mühitlərdə yaşaması əcdadların irsinə sevgidən daha çox bu xalqların sosial və siyasi-ideoloji institutları ilə funksional baxımdan ünsiyyətə girməsi hesabına mümkün olmuşdu. Bununla belə, yeni etnik mühitlərdə epik fondun hamısı deyil, onun məlum etnosistemlə ünsiyyətə girə bilən hissəsi yaşadı. Başqa sözlə, hər bir etnos epik fonddan özünə lazım olan hissəni götürdü. Türkmən etnik mühitində Oğuznamə bu baxımdan xüsusi maraq doğurur.
Məlum olduğu kimi, Əbülqazi “Şəcəreyi-tərakimə” əsərini yazarkən yazılı qaynaqlarla yanaşı, o dövrdə yaşayan Oğuznamə bilicilərinin məlumatlarından da yararlandığını etiraf edir. Müəllif onları “keçmiş baxşılar və türkmənin ömrünü döyüşlərdə keçirən tanınmış adamları”, “türkmənin tanınmış adamları”, “türkmənin tarix bilən baxşıları və tanınmış adamları” şəklində yada salır (221, 52, 70, 78). Buradan aydın olur ki, türkmənlər Oğuz haqqında dastanı və Oğuz elinin tarixi haqqında oğuznamələr silsiləsini ən azı XVIII əsrin əvvəllərinə qədər şifahi şəkildə yaşatmışdılar. Oğuznamənin türkmən etnik mühitində yaşaması, şübhəsiz ki, onun burada öz aktuallığını saxlaması ilə bağlı olmuşdur. Bu baxımdan Əbülqazinin aşağıdakı qeydləri xüsusi əhəmiyyət daşıyır. Müəllif yazır: “... türkmən mollaları, şeyxləri və bəyləri (mənim yanıma) gəldilər və dedilər: Bizdə (xalqda) çoxlu Oğuznamə (nüsxələri) var. Ancaq yaxşısı yoxdur. Onların hamısı səhvdir və biri-birinə uyğun gəlmir, hərəsi bir cürdür. Əgər doğru, etibarlı bir tarix olsaydı, yaxşı olardı” (221, 36). Müəllifin deməyindən bir daha bəlli olur ki, sözügedən əsrdə türkmən cəmiyyətində Oğuznamə öz aktuallığını qoruyub saxlamışdır, Xivə xanının “Şəcəreyi-tərakimə” əsəri də məhz türkmən cəmiyyətinin sifarişi ilə yazılmışdı.
Oğuz tarixi haqqında oğuznamələrin türkmən etnik mühitində öz aktuallığını saxlaması müəyyən səbəblərlə bağlı idi. Birinci, türkmən xalqı cığatay, ardınca özbək xanları ilə mübarizə şəraitində milli dövlətçiliyə can atır və buna haqqı çatan xalq kimi cahangir əcdadlar haqqında Mübarək Tarixə müraciət edirdilər. İkinci, türkmən etnik sisteminin əsasında, əcdadları türkmanlar kimi, tayfalar dayanırdı və bu etnik sistemin təbii davamı olaraq soy düşüncəsi öz aktuallığını saxlayırdı. Sonuncu isə, deyildiyi kimi, Oğuznamə əsasında müəyyən olunurdu.
Ancaq türkman dünyasının etnik və sosial sifarişinə uyğun olaraq formalaşan Oğuznamənin türkmən kimliyi haqqında mübarək mətnə çevrilməsi, demək olar ki, mümkün olmadı. Problem birinci növbədə türkmənlərin etnik tərkibindən qaynaqlanırdı. Məsələ ondadır ki, Kaşğarlıda, Rəşidəddində, Yazıçıoğlu Əlidə adı çəkilən boyların bir hissəsi türkmənlər arasında yox idi. Deməli, həmin boyların türkmən əcdadları kimi, Oğuz törəmələri sırasına düşməsi öz mənasını itirmişdi. Bunun əksinə olaraq, onların tərkibinə müxtəlif etnik birliklərdən olan obalar və oymaqlar qatılmışdı. Əbülqazi onları “türkmənlərə qoşulub, sonradan türkmən adı götürən ellər” adlandırır (221, 37). Bu ellər etnosun tam hüquqlu üzvü olduqlarını sübuta yetirmək üçün özlərini Oğuz törəməsi kimi tanıtmağa cəhd etməli idilər. Fikrimizcə, Əbülqazi zamanında mövcud olan Oğuznamə nüsxələrindən narazılıq, əsas etibarilə, deyilən səbəblərlə bağlı olmuşdur. Əbülqazi məsələni həll etmək üçün qaynaqlara əsasən öncə məlum oğuz boylarının adlarını sadalayır, ardınca türkmən gerçəkliyini nəzərə alaraq “sonradan türkmən adı götürən elləri” iki yerə bölüb onların əksəriyyətini Oğuzun övladlarının cariyələrdən doğulan uşaqları kimi təqdim edir. Cariyələrdən doğulan uşaqların qul kateqoriyasına daxil olduğunu nəzərə alsaq, Əbülqazinin onları əsl türkmənlərdən ayırdığını görərik. Biz bu kitabın elat dünyasına necə təsir etməsi haqqında bir şey deyə bilmərik. Bildiyimiz odur ki, Oğuznamə cəmiyyətin sosial sifarişinə uyğun şəkildə dəyişərək tanınmaz hala düşürdü.
Məlum olduğu kimi, Salır tayfa birliyi Xəzəryanı türkmənlər arasında aparıcı rol oynamışdır. XIV – XVI əsrlər arasında mövcud olması ehtimal olunan Salır tayfalar birliyinin hesabına salırlar türkmən etnik birliyinin formalaşmasında dominant rol oynamışdır (193, 33). İçki Salır – Daşki Salır şəklində təşkil olunan Salır birliyinə ən müxtəlif tayfalar qatılmışdı. Salır birliyinə qatılan bu tayfalar bir müddətdən sonra özlərini salır boyunun mənsubları kimi təqdim etməyə başladılar. Onların içərisində təkə, yomut, sarıq və s. kimi qədim türkmən tayfaları da var idi. Onlar kök etibarilə salır boyundan deyildilər, ancaq birliyə daxil olmalarının hesabına salır adı ilə tanınmağa başladılar. Bununla yanaşı, “Salır tayfa birliyində, demək olar ki, tayfaların Oğuz adı tamamilə silinir. Onların yerini enerjili və bacarıqlı rəhbərlərin başçılıq etdiyi yeni tayfa birləşmələrinin adları tutur” (193, 8). Elə ona görə də türkmənlər Oğuznamədən Salır Qazanı götürərək onu türkmənlərin əcdadına çevirir (193, 11-12) və burada onun ən məşhur Oğuznamə qəhrəmanı olması öz işini görür. N.N.Yomudski Karaşxan oğlu ötən əsrin əvvəllərində bu məsələyə diqqət yönəldərək yazır: “Rəvayət deyir ki, başqa türkmən uruqları – təkə, sarıq, salır, göklən, emreli, eymur, karadaşlı, dieci və başqları kimi yomut türkmənləri də oğuz tayfasından olan türklərdir. Rəvayət və xalq dastanları türkmənlərin hamıya məlum yaxın əcdadının Salır Qazan olduğunu bildirir və onun ağıllı, dahiyanə şəxsiyyət olduğunu söyləyir. Salır Qazan Tauxan türkün nəslindəndir. Belə ki, o, Oğuz xanın oğlu Taq xanın nəslindəndir. Türkmənlər arasında onun Süün xan və Esen xan adlı iki oğlunun adı böyük populyarlıq qazanıb və yaddaşlara möhkəm həkk olunub. Bütün müasir türkmənlər özlərini Salır Qazanın məhz bu iki oğlunun yaxın törəmələri sayırlar” (204, 317). Məsələyə münasibət bildirən A.Cikiyev yazır: “Salır Qazanın adı təkcə salırlar deyil, demək olar ki, bütün türkmənlər arasında yayılıb. O, hər şeyə qadir övliya kimi təsəvvür olunur. Dara düşəndə onu yardıma çağırırdılar” (193, 11-12).
Türkmənlər arasında Qazan haqqında soykötüyü mahiyyətində mətnlər də mövcuddur. Bu mətnlər yalnız türkmən etnik mühitinə bəllidir və bu etnik mühitdə yaranmışdır. Etnoqraf A.Cikiyevin 1966-cı ildə Türkmənistanın Tecen rayonunun sakini Muxata Karrıyevadan yazıya aldığı aşağıdakı mətn xüsusi maraq doğurur:
Əvvəllər bizim obada Berde ağa adlı bir qoca var idi. O, nağıl edirdi ki, bu torpaqlarda qabaqlar kalmıklar yaşayırdı. Kalmık xanın Salır Qazan baba adında təhsilli bir oğlu var idi. Günlərin birində o, çoxsaylı ordunun başına keçdi. Bir gün gecə onun yuxusuna Məhəmməd peyğəmbər girdi və onu yeni dinə dəvət etdi. Sabah açılanda o, yuxusunu atasına nağıl edib soruşdu ki, o, Məhəmmədin kim olduğunu bilirmi? Atası cavab verdi ki, Məhəmməd yalançı və dinsizdir. Salır Qazan heç bir cavab vermədən atasının yanından getdi. Növbəti gecə Məhəmməd yenidən onun yuxusuna girib onu yeni dini qəbul etməyə çağırdı. Salır bu hadisəni yenidən atasına nağıl etdi. Ancaq atası onu eşitmək istəməyib yanından qovdu. Salır Qazan üçüncü dəfə də bu sualla atasının yanına gəldi. Atası onu cəzalandırmaqla hədələdi. Bu hadisədən sonra Salır Qazan atasından ayrılıb yeni dini təbliğ etməyə başladı. O, islam dinini qəbul edən tərəfdarlarını başına toplayıb qonşu ölkəni fəth etdi və onlara islam dinini qəbul etdirdi. O, bu ölkədə evləndi və bu evlilikdən sonra Sarık adlı bir oğlu dünyaya gəldi. Salır ailəsini orada qoyub yeni bir ölkə fəth etdi və onları da yeni dinə gətirdi. Burada yenidən evlənən Qazanın Sarı adlı oğlu oldu. Bir ölkə də fəth edən Qazan əvvəlki ölkələrdəki kimi hərəkət etdi. Üçüncü evlilikdən Qazanın Canmamed adlı oğlu oldu. Bu vaxtdan sonra Salır Qazan qocalmışdı və vətəninə – Köpetdağın ətəyinə qayıtmaq qərarına gəldi. Salır Qazan vətəndə yeni dini qəbul etmək niyyəti ilə atasını dilə tutdu. Bir gün səyahətə çıxanda quldurlar onu tutub öldürdülər. Bir neçə il keçdi. Sarı küçədə uşaqlarla oynayırdı. Onların arasında mübahisə düşdü. Uşaqlardan biri Sarıya dedi ki, o, bic doğulub və atasının kim olduğu bəlli deyil. Evə qayıdan Sarı bikef halda anasından atasının kim olduğunu soruşdu. O, anasının yeganə oğlu idi və anası oğlunun qisas ardınca gedəcəyindən qorxub atasının ölümünü ona demək istəmirdi. Nəhayət, oğlunun inadı qarşısında davam gətirə bilməyərək Salır Qazanın kim tərəfindən öldürüldüyünü oğluna açıb danışdı. O, oğluna başqa ölkədə yaşayan və atasının ikinci arvadından olan qardaşının da olduğunu dedi. Sarı qardaşı Sarıkı axtarmağa gedir və onu tapır. Onlar bir yerdə atasının düşmənini soraqlamağa başlayır. Qoyunlarını itirən adamlar kimi onlar çox yerdə olub, müxtəlif söhbətlərə qulaq asırdılar. Elə həmin vaxtlarda üçüncü qardaş Canmamed də atasını axtarmaq üçün səfərə çıxmışdı. Onlar bir alaçıqda ev sahibinə qonaq oldular. Sarı və Sarık soruşub öyrəndilər ki, Canmamed onların üçüncü qardaşıdır. Onlar tapışdıqlarına görə çox sevindilər. Sarı və Sarık Canmamedə dedi ki, o, onların dayağı, yəni “təkyə”sidir. Ona görə də Canmamedin törəmələrini təkəli adlandırırlar.
Qardaşlar müxtəlif istiqamətə dağıldılar. Yolda Sarı bir qoca ilə qarşılaşdı. Qoca ona dedi ki, cavan vaxtı quldur olub və Salır Qazan adlı bir adam öldürüb. O, Qazanın qəbrini göstərdi. Sarı qocadan xahiş etdi ki, şəhadət kəlməsini oxusun. Şəhadət kəlməsini oxuyandan sonra Sarı sirri açıb qocaya danışdı ki, o, Salır Qazanın oğludur və atasının qisasını almalıdır. Sarı qocanı öldürdü. Qardaşlar axşam görüşdülər. Sarı atasının qatilini necə tapdığını və necə qisas aldığını qardaşlarına nağıl etdi. Onlar Sarıgilə gələrək olanları Sarının anasına nağıl elədilər. Anası oğlunun igidliyini eşidib dedi: “Sarım ərdir”. O vaxtdan Sarının adının qabağına “ər” artırırlar və o, Ərsarı adlandı. Bundan sonra anası qardaşlara dedi ki, onlar evdən gedəndən sonra kazak Nedirbay onların bacısını qaçırdıb. Bunu eşidən qardaşlar atlarına minib Nedirbayı təqib etməyə başladılar. Onlar Nedirbayın obasına çatanda Nedirbay evdə yox idi, ova getmişdi. Qardaşları bacı qarşıladı və məsələhət gördü ki, onu burada qoyub Nedirbayın qızını aparsınlar. Qardaşlar belə də elədilər. Onlar Nedirbayın qızını Sarının tərkinə qoyub yola saldılar. Özləri isə tələsmədən atlarını onların ardınca sürdülər. Qardaşlar gedərkən bacılarını başa salmışdılar ki, Nedirbay gələndə ona desin ki, qızı üç qərib atlı aparıb. Kazak ovdan qayıdıb həqiqəti öyrənən kimi onları təqib etdi. Sarı və Təkə Nedirbayın qarşısını almaq üçün bərədə gizləndilər. Bir müddətdən sonra Nedirbay göründü. Qardaşlar Nedirbaya təklif etdilər ki, atdan düşüb onların yanına gəlsin. Nedirbay atdan düşüb yaxına gəldi. Qardaşlar onu başa saldılar ki, yaxşılıqla evlərinə qayıtsın. Onlar onun qızını bacılarının əvəzinə aparmaqla doğru və ədalətli hərəkət ediblər. Kazak çox düşünmədən onlarla razılaşıb evinə qayıtdı.
Qardaşlar geriyə qayıdıb qızın kimə çatacağını müzakirə edirlər. İş bu yerə çatanda Sarık gəlinin yolda onun arvadı olduğunu boynuna alır. Sarı və Təkə çox pərt olurlar və hesab edirlər ki, o, bu işi ilə atası Qazan xanın adını batırmışdır. Sarıkla kazak qızının izdivacından sarıklar əmələ gəlib. Son dövrlərə qədər sarıklarla təkəlilər arasında mübahisə olanda təkəlilər onları zinadan əmələ gələnlər adlandırırdılar (193, 25-27).
Mətnin etnoqonik mahiyyətini anlamaq çətin deyil. Burada sarı, sarık və təkə tayfalarının salır mənşəyindən bəhs olunur. Onun Salır Qazanla bağlı hissəsi Oğuz haqqında dastanın Oğuznamə versiyasından bizə bəllidir. Burada Salır Qazan Oğuzun, Kalmık xan isə Qara xanın yerində durub. Yeni dinin tərəfdarı kimi Salır Qazanla atası Kalmık xan arasında konflikt yaranır. Qazan Oğuz kimi ölkələr alıb onlara yeni dini qəbul etdirir. Sarık, Sarı, Təkə adlı üç oğul dünyaya gətirir. Bu uşaqlar eyniadlı tayfaların əcdadlarıdır. Göründüyü kimi, etnoqonik mahiyyət daşıyan mətn Oğuz haqqında dastanın proyekti əsasında qurulmuş və bu şəkildə Oğuznamə “Türkmənnamə”yə çevrilmişdir. Haqqında danışdığımız mətnin başqa variantlarında Salır Qazan “alp pehlevan” kimi təqdim olunur. Aşağıdakı mətn onların tipik nümunələrindən biridir:
Salır Qazan alp pəhləvan idi. O, qonşu ölkələrə gedib toylarda alp pəhləvanların yarışında iştirak etməyi sevirdi. Bir gün o eşitdi ki, İranda bir qadın padşah var. O, əhd eləyib ki, kim onu yensə, o adama ərə gedəcək. Əgər qalib gəlsə, o adamı öldürəcək. Uzun yol gələn Qazan xan sarayın yanına çatır. Yorulduğu üçün hovuzun qırağındakı ağacın kölgəsində yıxılıb yatır. Padşah onu görüb xidmətçilərə göstəriş verir ki, qonağa hörmət eləsinlər, yuxudan durandan sonra yedirtsinlər. Salır Qazanın istəyi ilə ona keçi ətindən nahar və başqa yeməklər verirlər. Yaxşıca dincələndən sonra, o, padşaha niyyətini açıb onunla güləşmək istədiyini bildirir. Salır Qazana qədər padşah otuz pəhləvana qalib gəlib başlarını bədənlərindən ayırmışdı. Onların birinci qarşılaşması heç-heçə ilə nəticələnir. İkinci görüşdən öncə, padşah öz-özünə düşünür: “Mən bu günə qədər otuz pəhləvanı yıxıb onları öldürmüşəm. Bunu da onlar kimi etsəm, ola bilər ki, bir daha özümə layiqli bir ər tapa bilməyəm”. İkinci dəfə Salır Qazan qələbə çalır və şərtə görə padşahla evlənir. Onlar altı ay ər-arvad kimi yaşayırlar. Bir gün Salır Qazan eşidir ki, özbəklər ölkəsində İt-Beçen adlı pəhləvan peyda olub. O, qərara gəlir ki, bu ölkəyə getsin… İt-Beçen Salır Qazanı tanıyırdı və onunla mərdanə mübarizədən yayınmaq üçün hiylə işlədir. O, Salır Qazana təklif edir ki, yarışa qədər gecəni hovuzda keçirtsin. Gecə su hovuzda donur və Salır Qazan buzun içərisində qalır. Salır Qazanın bu əlacsız vəziyyətindən istifadə edən İt-Beçen onun öhdəsindən gəlmək üçün bir vasitə axtarır. Ancaq Salır Qazan bu vəziyyətdə də qorxulu idi. O, düşməni yaxına buraxmırdı. İt-Beçen ona yaxınlaşmaq istəyəndə ovurdlarını hava ilə doldurub üfürərək onu uzaqlaşdırırdı. İt-Beçen məsləhət üçün cadugər qarının yanına gedir. Cadugər qarı məsələhət görür ki, o, dəmirçiyə üç ayaqlı qazan sifariş verib ayağına qılınc bərkitsin. İt-Beçen belə də eləyir. O, qazanın ayağına qılınc bərkidib buzun üstündə sürüşdürür və Salır Qazanı öldürür. Ardınca süjet birinci varianta uyğun şəkildə davam edir: Salır Qazanın oğlanları (Təkə Məhəmmədəli, Ərsarı, Baytal) atasının qisasını İt-Beçendən alırlar... Qardaşlar öyrənirlər ki, tatar padşahı onların bacılarını qaçırdıb. Buna qarşılıq olaraq onlar tatar padşahının qızını qaçırdırlar. Ancaq qardaşlar arasında qız üstə mübahisə düşur və o vaxtdan da onlar biri-birilə düşmənçilik edirlər (193, 22-25).
Mətnin müxtəlif variantlarında Salır Qazanın oğlanlarının adı Salır tayfa birliyinə daxil olmuş tayfaların adını ifadə edir: Sarı (Əsrarı), Sarıq, Baytal, Yomut, Salır, Təkə, Əmrəli, Qaraca və s. Qardaşlar arasında nifaq motivi isə Salır tayfa birliyinin dağılmasını əks etdirir.
“Şəcəreyi-tərakimə”də Yomut, Əsrarı, Yemir, Burkas, Təkə və Sarıkın Salır övladları kimi təqdim olunmasından görünür ki, türkmən etnik mühitində oğuznamənin salırlaşması erkən dövrlərdən başlayıb. Ancaq Salır tayfalar birliyinin dağılması başlanan prosesin sona çatmasına, yəni Salır Qazanın tam mənası ilə əcdad olaraq türkmən etnik mühitində oturuşmasına imkan vermədi. Elə ona görə də o, bu yeri bəzən Alp Ata, bəzən də Oğuz xanla bölüşdürməli olur.
Alp Ata haqqında türkmənlər arasında aydın bir təsəvvür yoxdur. O, bir çox hallarda yomut, təkə və s. kimi tayfaların əcdadı olan Süün xanla eyniləşdirilir (204, 318). Belə görünür ki, Alp Ata adı tabulaşmış hər hansı bir əcdadın (ehtimal ki, Oğuzun) ləqəbi olmuş, sonradan mücərrədləşərək müstəqilləşmişdir.
Türkmən şüurunda Oğuzun unudulması prosesi müşahidə olunsa da, onun şüurlardan tamamilə silinməsini söyləmək olmaz. Ancaq şüurlarda yaşayan Oğuz kifayət qədər türkmənləşmişdir. “75 yaşlı söyləyici Bayramqulu Allaberənin dediyinə görə, onun babası söyləyirdi ki, Oğuz xanın dörd oğlu var idi. Böyük oğlu Söyün xandan salır və sarık türkmənləri törəmişdir. Oğuzun ikinci oğlu olan Esen xandan təkəlilər törəyib. Yomut tayfasının əcdadı Oğuzun üçüncü oğlu Əli xan idi. Qereyli və xıdıreyli tayfaları isə Oğuzun dördüncü oğlundan əmələ gəlib. Atek Mexenlilərinin əcdadı olan Qereyli Savır xanın (ehtimal ki, Salur Qazan) oğlu, Oğuz xanın nəvəsi sayılır” (193, 13). Beləliklə, ehtimal ki, türkmən ellərinin başında dayanan şəxslər Oğuz xanın oğlanlarına çevrilir və deməli, yazılı qaynaqlardan bizə bəlli olan Oğuz xanın oğlanları və nəvələri haqqında təsəvvürlər itir. Ancaq 75 yaşlı söyləyicinin, A.Cikiyevin söylədiyinə görə, öz babasından eşitdiyi bu mətnin XIX əsrə aid olması da unudulmamalıdır. Bu misalların sayını artıra bilərik. Ancaq mahiyyət dəyişməyəcəkdir: Oğuznamə türkmən cəmiyyətinin sosial sifarişinə uyğun olaraq dəyişir və özünün klassik simasını itirməyə başlayır. Bu hadisəni türkmən etnik sisteminin Oğuznaməni sıxışdırıb sıradan çıxarması kimi də dəyərləndirmək olar.
6.1.2. Qızılbaş mühitində Oğuznamə və müasir mətnlərdə oğuzlar haqqında təsəvvürlər. Qızılbaş birliyi öz mahiyyətinə görə türk tarixində yeni hadisə idi. Belə ki, bu etnosiyasi birlik, adətən olduğu kimi, soy kimliyi əsasında deyil, inanc kimliyi əsasında təşkil olunmuşdu. Elə ona görə də burada etnik kimlik inanc kimliyinə əsaslanırdı. Bu səbəbdən də bir etnosiyasi sistem olaraq qızılbaş mühitində soy kimliyi inanc kimliyinə münasibətdə arxada dayanırdı. Bu, o deməkdir ki, qızılbaş mühitində imam soyu Oğuz soyundan üstün tutulurdu və deməli, on iki imamçılıq Oğuznamənin fövqünə qalxmışdı. Ona görə də bu etnik mühit öz bədii ehtiyacını ilk vaxtlar təsəvvüf məzmunlu nəfəslər, mərsiyələr, qəsidələr, Əli və tərəfdarları – qırxlar, Kərbəla şəhidləri və imamlar, Ərdəbil ocağının kəramətləri, Şeyx Səfi soyu və müridlərinin qəzaları haqqında hekayələr və qissələrlə ödəməli idilər. Bənzər bədii məhsulların bir çoxu, məlum olduğu kimi, XX əsrə qədər yaşamışdır. Bununla yanaşı, oğuznamələrin qızılbaş auditoriyasına tamamilə yad olduğunu söyləmək doğru olmazdı. Qızılbaş türkmanlar hələ uzun müddət Oğuz ərənlərinin şanlı qəzaları haqqında dastanlara qulaq asacaqdılar. Onlar qızılbaş türkmanların əcdadları idilər. Bununla yanaşı, qızılbaş ruhunun qəzavatla yoğrulduğunu nəzərə alsaq, onların eyni ruhla yoğrulan oğuznamələrə biganə qalması mümkün deyildi. Bu baxımdan qızılbaş mühitində yaşayan və A.Oleari tərəfindən təsviri verilən bir oğuznamə xüsusi maraq doğurur. “Qədim zamanlarda, Məhəmməddən sonra Midiyada Oğuz soyundan Kassan adlı şah yaşayırdı”. “Onun bu yerdə ləzgi adlandırdıqları Dağıstan tatarları ilə şiddətli müharibəsi olub. O, bir neçə min adam öldürərək qələbə çalıb”. Ardınca deyilir ki: “İmam Kurkud peyğəmbərin səhabəsi və Kassanın məsələhətçisi olub və peyğəmbərdən sonra üç yüz il yaşayıb. O, Kassanın yanına gələrək qopuzun müşayiəti ilə oxuyur və bu yolla Kassanı ləzgilərlə müharibəyə təhrik edir. Bütpərəst ləzgiləri və ya Dağıstan tatarlarını dinə gətirmək üçün açıq təbliğat aparanda onu öldürürlər” (94, 51-52).
Öncə onu deyək ki, bu oğuznamə günümüzə çatan yeganə oğuznamədir ki, onun qəhrəmanının yurdu Güney Azərbaycandır. Kassanın öz əcəli ilə ölümü və Təbriz yaxınlığında Acı çayda dəfn olunması, arvadı Burlenin isə qırx qulac uzunluğu olan qəbrinin Urmuda (mətndə Uruniyi) olması barədə müəllifin verdiyi məlumat bu baxımdan maraq doğurur (94, 52-54). Ancaq A.Olearinin mətni ilə bağlı bizim diqqətimizi tamamilə başqa bir məsələ cəlb edir. Söhbət Qazan xanın bütpərəst ləzgilər üzərinə qəza yürüşü və “İmam Kurkud”un onlar içərisində missioner fəaliyyətindən gedir. Türkman elini Dağıstan üzərinə qəza yürüşünə səsləyən bu oğuznamənin qızılbaş auditoriyasının maraqlarına nə qədər uyğun olmasını anlamaq baxımından bu oğuznamə xüsusi əhəmiyyət daşıyır. Öncə onu deyək ki, A.Olearinin fraqmentar şəkildə təsvir etdiyi oğuznamə Ağqoyunlu təsiri ilə formalaşmış oğuznamədir. Əgər unutmamışıqsa, yuxarıda Bayburtlu Osmanın oğuzlar haqqında verdiyi məlumatın bayandurlaşmış oğuznamələrə söykənməsindən bəhs etdik. Dədə Qorqudun Dəmürkapuya Şeyx təyin olunması haqqında qeyd də həmin mətnin bir parçasıdır. A.Olearinin təsvir etdiyi oğuznamədə isə “peyğəmbərin səhabəsi”, “İmam Kurkud”un məhz həmin bölgədə missioner fəaliyyəti və bu yolda şəhid olması əks olunur. Bu oğuznamənin qızılbaş auditoriyası üçün nə qədər aktual olduğunu anlamaq üçün Şeyx Cüneydin və Şeyx Heydərin həmin bölgəyə qəza yürüşlərini və bu yolda şəhid olduqlarını xatırlamaq kifayətdir. Bu müstəvidə A.Olearinin təsvir etdiyi oğuznamənin qızılbaş auditoriyasının ruhuna uyğun olduğunu anlamaq o qədər də çətin deyil. Burada, başqa xalqlarda olduğu kimi, qızılbaşlar arasında da Oğuznamənin bu mühitin ruhuna uyğun olan hissəsinin yaşadığını söyləsək, yanılmamış olarıq. Bu baxımdan Allahın qüdrətindən bəhs edən Dəli Domrul boyunun ələvilər arasında yaşaması xüsusi maraq doğurur. Həmin mətn, irəlidə görəcəyimiz kimi, müxtəlif variantları ilə Azərbaycanda da yaşayır.
Qazan xanın ləzgilər üzərinə qəza yürüşü haqqında oğuznamənin qızılbaş auditoriyasına uyğun olaraq dəyişdiyini də müşahidə etmək mümkündür. Ata, dədə kimi tanıdığımız Qorqudun A.Oleari mətnində imam görkəminə salınması gözdən yayına bilməz. Təsadüfi deyil ki, V.V.Bartold bu məsələyə münasibət bildirərək “Qorqud haqqında əfsanənin şiə rəngi aldığını” ehtimal edir (144, 485).
Ən nəhayət, A.Olearinin 1638-ci ildə Azərbaycana gəldiyini yada salsaq, Oğuznamənin XVII əsrdə də qızılbaş mühitində yaşamasına şübhə yeri qalmaz. V. V.Bartold bu hadisəni “Qorqud XVII əsrdə də epik söyləyici kimi yaşamaqda davam etmişdir” şəklində ifadə etmişdir (144, 485).
A.Olearinin sözügedən əsrdə Oğuznamədən bəhs etməsi həmin əsrin Oğuznamə zamanı olması anlamına gəlmir. Deyildiyi kimi, qızılbaş auditoriyası Oğuznamə auditoriyası deyildi. Onun bir müddət qızılbaş auditoriyasında yaşaması həm də yeni etnosistemin hələ oturuşmaması və uyğun mədəniyyət tipinin formalaşmaması ilə bağlı olmuşdur. Yeni etnosistemin oturuşması ilə qızılbaş kimliyi türkman kimliyini və onunla birlikdə oğuznamələri sıxışdırıb sıradan çıxarır. Bu prosesin nəticəsində oğuzlar haqqında təsəvvürlərin nə hala gəlməsi öz əksini müasir mətnlərdə tapır.
A.Olearinin “Səyahət”ində oğuzlar haqqında maraqlı bir məlumata da rast gəlirik: “Qızılbaşlar (mətndə persiyalılar) nağıl edirlər ki, bu xalqlar (oğuzlar) indiki adamlardan boyuna görə çox böyük və güclü olublar” (94, 53). Məlum olduğu kimi, oğuznamələrdə oğuzlar ya birbaşa, ya da dolayısı ilə azman, cantaraq insanlar kimi təsvir olunur və müəllifin verdiyi məlumat birbaşa Oğuznamədən gəlir. Oğuzlar haqqında bu təsəvvür bu günə qədər yaşamaqdadır. Belə ki, Azərbaycanın müxtəlif bölgələrində uğuz sözü “yekəpər” və ya “çoxyatan adam” anlamında işlənir. “Hündürboylu, yekəpər adam” anlamında uğuz, uğuz ölüsü, “böyük məzar” anlamında uğuz qəbri, “dərin və ya uzunmüddətli yuxu” anlamında uğuz yuxusu ifadələri bu gün də işlənməkdədir. Oğuzlar haqqında dastanlardan qopub günümüzə çatan təsəvvür bunlardan ibarətdir.
Azərbaycanda qəhrəmanı uğuz və uğuzlardan ibarət olan bəzi mətnlər də yaşayır. Ancaq onlar Oğuznamə mətnləri deyil, insanlığın əcdadı haqqında mifoloji təsəvvürlərlə bağlı mətnlərdir. Sadəcə olaraq, oğuzlar haqqında epik təsəvvürlərlə insanlığın əcdadı haqqında mifoloji təsəvvürlər arasında müştərək cəhətlər olduğu üçün oğuzlar haqqında təsəvvürlər bu mətnlərə qovuşaraq özünü günümüzə çatdırmışdır. Haqqında danışdığımız mətn ilk dəfə keçən əsrin 20-ci illərinin sonunda etnoqraf Q.Qaraqaşlı tərəfindən yazıya alınmışdır. Müəllif mətnin bir neçə variantının olduğunu qeyd edərək, nəşr etdirdiyi kitabında Gədəbəy rayonu Musayalı kənd sakini Əfkərə Məmmədəli oğlundan yazıya aldığı variantı vermişdir:
Bizim kəndin şimalında dağ var. O, Qalaça adlanır. Ona görə ki, bu Qalaça uğuzların zamanından qalır. Uğuzlar çox qədim zamanda yaşayıblar. Ayrım dağlarındakı qalaçaları onlar tikiblər. Onlar nəhəng idilər. Boyları 60 ərəş idi. Bizi, adi adamları onlar əcinnə adlandırırdılar.
Bir gün uğuz əcinnə tutur. O, onu çəkməsinin boğazına qoyub evə gətirir. Evdə o, çəkməsinin boğazından onu çıxardır, əlinin içinə qoyub anasına göstərir. Sonra onu tövləyə aparıb deyir: “Bu atı doyuzdur”. Uğuzun atı da böyük idi və ona görə də yeyimcil idi. At əcinnənin gətirdiyi ot bağlamasını bir göz qırpımında yedi. Adam görür ki, o, uğuzun atını doyuzdura bilməyəcək. Onda o, otu murdarlayır. At otu iyləyib yeməyi kəsir. Uğuz gəlib görür ki, atın qabağında ot var, ancaq yemir. Uğuz təəccüb eliyir. Anasının yanına gedib nağıl eliyir ki, bu balaca məxluq onun acgöz atını doyuzdurub. “Ana, mən bir dəfə də olsun bu atı doyuzdura bilmədim, ancaq əcinnə doyuzdurdu. Ana, dünyanı bu əcinnələr yeyəcəklər”. Uğuz bunu deyib əcinnəni azad edir (206, 29-30).
Mətnin başqa variantları da çap olunub. M.Əhmədovun Daşkəsən rayonunun Dəstəfur kənd sakini Cəlal Alməmməd oğlundan yazıya aldığı variant da maraq doğurur:
Qavaxlar Uzuxlar oluflar. Çox hündür iymişlər. Hər biri bir çinar kimi. Ona görə də indinin özündə də bir uca boylu adam görəndə deyərlər ki, uzuxdu. El arasında timsaldı də. Uzuxlar bizim əjdadlarımız oluflar. Özü də çox yaşamışlar, yüz il, iki yüz il, üç yüz il.
Belə eşitmişəm ki, günnərin bir günündə uzuxlardan biri meşəyə odun qırmağa gedifmiş. Orada gözünə qəribə bir şey dəyir. Bapbalaca. Oyucuna alıf evə gətirir. Bütün uzuxlar da onun başına toflaşırlar. Başlayırlar bu əcayib şeyə baxmağa. Birdən onnarın bir ağsaqqalı qabağa gəlif deyir:
– Bu əcayif şey deyil. İnsandı. Vaxt gələcək, bunnar yer üzünü götürəjəy. Bizi də əvəz edəjəylər.
İnsanı tutuf gətirən uzux bərkdən gülür. Deyir:
– Bu özü nə şeydi ki, bizi də əvəz edə bilsin. Boyu heş mənim bir qarışım qədər döyül. Elə oycumu yumsam, əlimdəcə canı çıxar.
Qoca uzux deyir:
Yox elə döyül. Bunnar bizdən çox-çox ağıllıdırlar. Özü də vaxt gələjəy, bizi əvəz edəjəhlər.
-
İnsanı gətirən uzux deyir:
– Yaxşı, indi ki belə oldu, mən onu imtahan edərəm. Əgər sözümü yerinə yetirsə, inanaram, özü də buraxaram gedər. Yox, əgər yerinə yetirməsə, onda cüc-mücdür. Ovcumu yumaram, əzilib ölər.
Qoca uzux deyir:
– Yaxşı, onu necə imtahan etmək istəyirsən?
İnsanı gətirən uzux deyir:
– Özüm bilərəm, indi görərsən.
Uzuğun bir atı varmış. Dam boyda. Elə hündürüymüş ki, adam baxanda papağı düşərmiş. Uzux töyləyə gedif atı çəkə-çəkə gətirir insanın yanına. Sonra da bir torvaya bir az arpa töküf deyir:
– Ey insan, bax bu torvada arpa var, keçir atın başına, qoy yesin.
İnsanın boyu atamı çata bilərdi? Heç ayağının yarısı boyda da deyildi. Amma o, torvanı baş tərəfindən başlayıb arpaya çatınca qatdıyır. Sonra da torvadakı arpanı ata göstərib yırğalayır, başlayır muşqurmağa. At səs eşidib aşağı baxır. Arpanı görən kimi başını torvaya salıb arpanı yeməyə girişir. İnsan tez torvanı başına keçirir.
Bunu belə görən Uzux əlini əlinə vurub bərkdən gülür. Deyir:
– Bir buna bax, bunun boyuna bax, gör torbanı atın boynuna necə keçirdi. Bir qarış boyu ilə torvanı dam boyda atın başına keçirdisə, deməli, bizi də əvəz eliyəcəh.
Doğrudan da, vaxt keçdi, vədə gəldi, insannar bütün dünyaya yayıldılar. Uzuxlardan da yalnız üç-dört metrəlik qəvirlər qalıb (13, 44-45). Maraqlıdır ki, bu mətnin başqa bir variantı “Gürcü xalq əfsanə və ravayətləri” kitabına salınıb (178, 106-108).
Qeyd edək ki, bu mətnin qəhrəmanı uğuz-uzuq olsa da, o, azman insanlar haqqında mifoloji təsəvvürlərlə bağlı onlarla mətnlərin variantlarından biridir. Azmanlar (nəhənglər) haqqında miflər dünyanın bir çox xalqlarının mifologiyası üçün xarakterikdir və fərqli cizgilərə malikdir. Onlar bəzi mifoloji ənənələrdə insanlığın əcdadı kimi təsəvvür olunur (269, 228). Yazıya alınmış bir çox mətnlər göstərir ki, azmanların insanlığın əcdadı olması türk mifoloji inanışları üçün də səciyyəvidir. Bu mətnlərin bir çoxunda azmanlar Ucubulux / Ucubılıx (Ucuqulu, Uzunbılıx, Gumulux və s.) adı ilə təqdim olunur (8, 33-35, 37, 41; 9, 62-63; 11, 43-45; 12, 15, 17). Sözügedən mətnlərdə ucubılıxlar insanlıqdan əvvəlki epoxanın sakini kimi təqdim olunur, onların “cılızlaşıb adi insanlar kimi” olmasından bəhs olunur (8, 34, 41). Maraqlıdır ki, uğuzlar/uzuqlar haqqında mətnin variantı azmanlar haqqındadır. Öncə mətnə diqqət yetirək:
Sədərək kəndi yaxınlığında Şərur adında bir şəhər olup. Bı şəhərin qırağında bir nəhəng yaşıyırmış, adı da Ucuqulu imiş. Ucuqulu o qədər yekəymiş ki, adi adamlar onun topuğundan ancax olarmış.
Ucuqulu ətraf dağların, bir də Qaraağac meşəsinin ixtiyarını almışdı öz əlinə. Heç kəsin gücü çatmazmış ki, meşədən bir tikə odun qırsın. Lazım olanda Ucuqulunun özü odun yığıp gətirərmiş şəhərə, paylayarmış camahata. Əvəzində də Şərur əhli Ucuqulunu, anasını, bir də onun atını dolandırarmış. Əmə Ucuqulu hər dəfə şəhərə odun gətirəndə bir xata törədərmiş. Ya adamlar onun ayağı altda qalıp əzilərmiş, ya da Ucuqulu çiynindəki odun şələsini yerə qoyanda ev-zad uçarmış.
Axırı camahat zinhara gəlir. Yığışıp danışıllar, Ucuqulunun yanına bir neçə ağsaqqal göndərillər. Ağsaqqallar gəlip Ucuquluya deyillər ki, bə sən odun yığıp şəhərə gətirəndə əziyyət çəkirsən. Biz bına irazı ola bilmarıx. İcazə ver bı əziyyəti biz özümüz çəkək, amma səni də, ananı da, atını da hər gün doyuzdurax.
Ucuqulu irazı olur. Camahat Ucuquluynan anasına gündə neçə mal-davar, nə qədər əppək verillər, onları yedizdirillər. Amma Ucuqulunun atı çox yeyimcilmiş, onun ot-ələfini çatdıra bilmirmişlər. Camahat görür ki, belə getsə ətrafdakı bütün ot-ələf qutaracax, bınların öz heyvanlarına bir şey qalmayacax. Gənə yığışıb danışıllar, ağsaqqallar deyir ki, innən belə Ucuqulunun atına yem aparanda o yemi mındarlamaq lazımdı.
Belə də eliyillər. Otun xeyli hissəsini mındarlayırlar, üstünə də bir az təmiz ot qoyup aparıllar Ucuqulunun atına. At təmiz otu yeyip, mındarlanmış ota çatanda durur, ta yemir. Ucuqulu bını görəndə duruxur. Çağırıp anasından soruşur ki, ay ana, bı cırtdanlar (yanı adamlar) nə biclik eliyillər ki, mənim atım yem yemir? Anası da deyir ki, a bala, bı cırtdanlarnan işin olmasın. Bınlar dünyanın bicidirlər. Elə bicliklərindən də belə cırtdan oluplar... (8, 35-36).
Bu mətnin uğuzlar/uzuqlar haqqında mətnin variantı olması ortadadır. Deməli, Oğuznamədən qopub gələn azman oğuzlar haqqında təsəvvürlər yaddaşlarda yaşayır. Ancaq Oğuznamə unudulduqda bu təsəvvürlər öz “ünvanını” itirir və bu zaman azman insanlar haqqında mifoloji təsəvvürlərlə qarışır. Azman insanlar haqqında mətnlərdə görünən uğuz və ya uzuq adı bu prosesin nəticəsidir.
F.Kırzıoğlunun Ərdahanda oğuzlar haqqında yazıya aldığı əfsanədə də Oğuzlar “kitab əhli olmayan”, bacıları ilə evlənən, Tanrıya qəsd etmək istəyən kimsələr kimi təsvir olunur (93, 509-513). Əfsanənin oğuzlar haqqında təsəvvürünün Oğuznaməyə zidd olduğundan xüsusi şəkildə söz açmağa ehtiyac yoxdur. Oğuz əcdadlar haqqında təsəvvürlərin hansı şəkildə dəyişməsini görmək baxımından əfsanə maraqlı nümunədir.
Ən nəhayət, oğuz sözünün Güney Azərbaycanın Ucan bölgəsində “ruh”, “qaniçən ruh” anlamında işlənməsi barədə XIX əsrə aid məlumat da bəhs etdiyimiz məsələ baxımından az şey demir (222, 103). C.Bəydili bu fakta başqa müstəvidən yanaşır və haqlı olaraq “oğuz” adının hələ XIX yüzilliyə qədər ruhla bağlı semantikasını qoruduğunu söyləyir (18, 58). Bununla yanaşı, əcdad və ya əcdadlar ruhunun, sadəcə, “ruh” və ya “qaniçən ruh” anlamında işlənməsini oğuzlar haqqında təsəvvürlərin sıradan çıxması ilə bağlı olmasını da nəzərə almaq lazımdır. Müasir dövrdə yazıya alınmış mətnlər içərisində yalnız Basat və Dəli Domrul haqqında boyun süjetləri ilə qarşılaşmaq mümkündür (10, 158-161; 12, 320-321; 14, 216-225; 15, 227-231; 42, 314-316 və s.). Təpəgöz haqqında süjet, məlum olduğu kimi, türk xalqları arasında geniş yayılmışdır (296, 36-43). Onun Azərbaycanda yazıya alınmış bəzi variantlarının motivləri ilə uyğun Oğuznamənin motivləri arasında oxşarlıqları nəzərə alıb bu variantları Basat haqqında boyun nağıllaşmış şəkli saymaq mümkündür. Bununla yanaşı, can əvəzinə can vermə və ya hər hansı xeyirxah əməlin əvəzinə ömrün ilahi tərəfindən uzadılması motivi üzərində qurulan müxtəlif janrlı çoxlu mətnlər də yazıya alınmışdır. Ancaq onların Dəli Domrul boyu ilə əlaqəsi ayrıca araşdırma tələb edir.
Deyilənlərdən görünür ki, oğuznamələrin nağıllaşma, rəvayətləşmə və ya lətifələşmə imkanı olan hissəsi günümüzə qədər yaşaya bilmişdir. Etnosun həyatı və tarixi ilə sıx bağlı olan oğuznamələr isə yaddaşlardan silinmişdir.
Son olaraq, onu deməyi lazım bilirik ki, folklor toplularında ayrı-ayrı kitab və jurnallarda çap olunmuş mətnlər içərisində bəzən oğuzlar haqqında mətnlərə də təsadüf olunur. Bu mətnlərdə Oğuznamədən gələn ad və ifadələrdən gen-bol istifadə olunur. Qeyd edək ki, belə mətnlər şəksiz-şübhəsiz saxta mətnlərdir və onların şifahi ənənə ilə heç bir əlaqəsi yoxdur.
Dostları ilə paylaş: |