Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)


NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78)



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix03.02.2017
ölçüsü4,48 Mb.
#7360
1   2   3   4   5   6   7   8   9   ...   37

 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
 
 
 
         GÜLMİRA HACIYEVA  
                                                              Naxçıvan Dövlət Universiteti 
UOT:82 
ƏLİQULU QƏMKÜSAR YARADICILIĞINDA 
MAARİFÇİLİK MƏSƏLƏLƏRİ 
 
 
Açar sözlər:  yaradıclıq, pedaqoji mühit, mübarizə aparmaq, müsəlman aləmi, ədəbi mühit 
Key words: creativity, pedagogical medium, to struggle, moslem world, literaru medium 
Ключевые слова: творчество, ведение борьбы, мусульманский мир, литературная 
среда 
“Molla  Nəsrəddin”  jurnalının  əvəzedilməz  əməkdaşı  və  yeri  gəldikcə  Cəlil 
Məmmədquluzadə tərəfindən “Molla Nəsrəddin” jurnalına baş redaktor vəzifəsinə qədər  yüksələn 
maarifçi  qələm  sahibi  Əliqulu  Qəmküsar  Azərbaycan  məktəb  və  pedaqoji  fikir  tarixində 
özünəməxsus yer tutur. O, bütün yaradıclığı boyu tərəqqipərvər ideyaları ilə mövhumat və cəhalət 
aləminə qarşı nakam ömrünün sonuna qədər mübarizə aparmışdır. 
Hələ  mollaxana  məktəbində  ərəb  və  fars  dillərini  mükəmməl  öyrənən  Əliqulu  Qəmküsar 
Məhəmməd Tağı  Sidqinin  yeni  üsullu  “Məktəbi-Tərbiyə” məktəbində təhsilini davam  etdirmiş və 
bir maarifçi kimi yetişməsində Məhəmməd Tağı Sidqinin əvəzsiz xidməti olmuşdur.  
Xəstə atasını müalicə üçün Təbrizə aparan və dörd ay atasının yanında qalaraq ona diqqət və 
qayğı ilə yanaşsa da müalicə nəticə vermir və Əliqulu atasını itirir. Artıq ailəninin bütün təminatının 
öz  üzərinə  düşdüyünü  görən  Qəmküsar  məktəbi  həmişəlik  buraxmaq  məcburiyyətində  qalır  və 
Culfaya köçüb əmək fəaliyyətinə başlayır. 
Təbii  ki,  Qəmküsar  əmək  fəaliiyəti  ilə  məşğul  olsa  da  baş  verən  ictimai-siyasi  hadisələr 
gözündən yayınmır fikir və düşüncələrini “Şərqi-Rus” qəzeti vasitəsilə xalqa çatdırırdı.  
 
Əliqulu  Qəmküsarın  ədəbi  yaradıcılığını  tədqid  edən  Lətif  Hüseynzadə  yazır  ki,  Əliqulu 
Qəmküsar  keçən  əsrin  doxsanınçı  illərindən  ədəbiyyat  aləminə  qədəm  atsa  da,  bir  çox  müasirləri 
kimi,  onun  da  əsl  bədii  yaradıcılığı  1905-ci  il  inqilabının  məhsulu  olan  “Molla  Nəsrəddin” 
jurnalının  nəşrindən  sonra  başlayır.  “Sabirləri,  Əli  Nəzmiləri  köhnə  qəzəl,  qəsidə  ədəbiyyatının 
təsiri  altından  çəkib  çıxaran  “Molla  Nəsrəddin”  Əliqulu  Qəmküsarın  da  yaradıcılığına  yeni 
istiqamət  verdi.  “Molla  Nəsrəddin”  jurnalının  nəşrindən  sonra  Qəmküsar  onun  döyüşkən 
mühərrirlərindən biri, böyük Sabirin şagirdi və davamçısı kimi tanındı” (1, s.10). 
 
Cəlil  Məmmədquluzadə  Əliqulu  Nəcəfovun  mollanəsrəddinçi  kimi  ictimai  xidmətini 
xatırlayarkən yazır: “Molla Nəsrəddin”  – tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddi” bir 
neçə  mənim  əziz  yoldaşlarımın  qələmlərinin  əsərinin  məcmuəsidir  ki,  mən  də  onların  ancaq 
ağsaqqal yoldaşıyam.  
 
Bu əziz yoldaşlarımızın biri də mərhum Əliqulu Nəcəfovdur” (3, s.252). 
 
Ə.Qəmküsar  yaradıcılığını  araşdırdıqda  görürük  ki,  elmsizlik,  savadsızlıq  nəticəsində 
yaranan mövhumat, cəhalət, nadanlıq və din pərdəsi altında gizlənənlər onun satirasının əsas hədəfi 
olmuşdur. 
 
Maarif carçısı “Statistika” adlı felyetonunda yazır: “Hər hansı bir məmləkətdə ki, sabun və 
kağız çox istehsal oluna, o dəlildir o məmləkətin mütəməddin və əhalisinin əhli-maarif olduğuna. 
Həqiqətdə mən bu mətləbi oxuyub çox şad oldum ki, əgər vaqedə-əlaməti tərəqqi sabun ilə kağızı 
artıq  işlənməyində  olsa,  əlhəmdüllillah,  biz  müsəlmanlardan  yer  üzündə  maarfmənd  bir  tayfa 
yoxdur. ...İndi kecək kağız işlətmək məsələsinə. 1909-cu ilin statistikasına görə həmin ilə yalnız bir 
İranda doqquz milyon doqquz yüz doxsan min batman mərənddaşı üst-üstə kağız işlənmişdir...”. 
 
Görkəmli maarifpərvər 1909-cu ildə İranda işlənən kağızların istifadə olunma məqsədlərini 
də  qeyd  etmişdir.  Bu  məqsədlərə  mərsiyə  və  möcüzə  kitablarının,  köhnə  sinəzən  dəftəçələrinin 

26 
 
hazırlamnasını,  ilan,  əqrəb,  qorxu,  bədnəzər,  məhəbbət,  cadu  və  kaftarküş  dualarının  yazılmasını, 
bayramda zəfəranlı su ilə yazılan dualara, kəbin, təlaq, siğə, təməssük, icarənamə və iqrarnamələrə 
sərf  olunduğunu  yazmışdır.  Və  sonda  belə  bir  nəticəyə  gəlmişdir  ki,  “indi  lap  arxayın  ol  ki,  yer 
üzündə əhli-maarif millətlərin birincisi müsəlmandır və mədəni ölkələrin də əvvəlincisi İrandır” (1, 
s.112). 
 
Ə.Qəmküsar  “Dindar olanın halı pərişan  gərək  olsun” adlı satirik şeirində müsəlmanın bir 
neçə dili yarımçıq öyrənməsinin nəticəsini  belə vurğulayır:  
 
 
Hər kəs ki, gedir rus dilini qılmağa təhsil, 
 
 
Az-maz qonuşur türki lisanın bir-iki il
 
 
Bəs ki qarışır bir-birinə sonra bütün dil, 
 
 
Kim zənn edəcəkdir bu müsəlman gərək olsun (2, s.27). 
 
“Molla Nəsrəddin” jurnalının maarifçi görüşlərinə yaxın olan “Kəlniyyət” jurnalının da əsas 
missiyası  xalqı maarifləndirmək, əhalini  cahillikdən, xurafatdan qurtarmaq olmuşdur. “Kəlniyyət” 
məçmuəsinin  ruhuna”  adlı  şeirində  Ə.Qəmküsar  bu  məçmuənin  xalqın  təhsillənməsindəki 
məqsədini, amalını bu şəkildə qələmə almışdır: 
 
 
Derdin ki, gərək, elm oxuyub tərbiyə tapmaq,  
 
 
Hər millət ilə ülfəti  ünsiyyəti qatmaq, 
 
 
Fikr eyləmiyirdin heç özün bircə, ay axmaq, 
 
 
Murdarla təmiz müşkül olur qılsalar ülfət. 
 
 
 
Qoymaz, nə qədər vardı gücü, jurnal açılsın, 
 
 
Çıxsın qəzetə, şöləsi ətrafa saçılsın, 
 
 
Lazımdı maarif görünən yerdə qaçılsın, 
 
 
Ta dərs oxunub basmasın islamı qəramət (2, s.40). 
 
Görkəmli  maarifçi  Ə.Qəmküsar  özünün  və  digər  qələm  yoldaşlarının  maarifləndirici 
düşüncələrinə, fikirlərinə, xüsusilə də “Molla Nəsrəddin”in fəaliyyətinə mane olan qüvvələrə cavab 
olaraq “Kefsiz” təxəllüsü ilə tanınan mollanəsrəddinçi Əli Nəzmiyə ithaf etdiyi “Qələm arkadaşım 
Kefsizə” adlı şeirində yazır: 
 
 
Gələsən, dilbir edib xəlqə mətəl yazmıyalım, 
 
 
Tapalım kəndimizə başqa əməl, yazmıyalım. 
 
 
Atalım, boşluyalım, şerü qəzəl yazmıyalım, 
 
 
Hər kəsin öz ürəyi, hər necə istər etsin, 
 
 
Nəyi xoşlarsa onun qoy dalısınca getsin. 
 
 
Sənlə mən nə edə billik bu qədər məxluqə, 
 
 
Ya sözü ciddi yazaq, ya çevirək şuxluqə, 
 
 
Hey çalış, hey çabala, baxma vara, yoxluqə,  
 
 
Yazasan, yazmıyasan, bir kəsə təsir eləməz, 
 
 
Çox soyuqdur bu dəmir, döymə ki, təğyir eləməz. 
 
 
 
Belə yazdıq ki, cəmaət bizə bədxah oldu, 
 
 
Həmi bizdən, həmi məcmuədən ikrah oldu, 
 
 
Dalımızca o qədər qarğış olub ah oldu, 
 
 
İrəvanda bir igid indi çıxıb meydanə,  
 
 
“Molla Nəsrəddin”i qoymur ki, gedə İrəvanə (2, s.46). 
 
Ə.Qəmküsar müsəlmanların elmə olan marağının digər xalqlardan az olduğunu vurğulayır, 
onların ancaq qumara, içkiyə və divanəliyə olan meylini ifadə edir: 
 
 
Özgələr dərs oxuyur, alimi-fərzanə olur, 
 
 
Özünə, millətinə qövli-həkimanə olur, 
 
 
Student olsa bir leyk bizim millətdə
 
 
Ya qumaqbaz, ya piyan, ya da ki, divanə olur (2, s.80). 
 
Şair  xalqın  biliklənməsində,  cahilliyə  qarşı  mübarizədə  xüsusi  rol  oynayan  qəzet  və 
jurnalların mahiyyətini anlayır, zəhmətkeş xalq kütlələrinin qəzetə və məcmuəyə olan etinasızlığını 

27 
 
“Niyə  qəzetə  və  məcmuə  satılmır”  felyetonunda  geniş  izah  edir:  “Hər  kəs  istəsə  bilsin  ki,  hansı 
şəhərin mömin və müqəddəs adamları çoxdur və harada çox ixlasi- iradəti kamildir? Daha dağ-daşa 
düşmək  lazım  deyil,  gəlsin  junal  idarələrinə  orada  bu  mühüm  məsələni  başa  düşə  bilər.  ...“Molla 
Nəsrəddin”in abunə dəftərini açım qabağına gör hansı dindar müsəlman çoxdur və hansı məmləkə-
tin əhli bədəməldirlər ki, onların adı bu şeytan karxanasında sərti zəbtdir?” (3, s.183).  
 
Böyük maarif carçısı Əliqulu Qəmküsar xalqda milli təfəkkürün inkişafını, bu mənada onları 
oyatmağı,  ayağa  qaldırmağı,  hərəkətə  gətirməyi,  düşündürməyi,  zülm  və  əsarətə  qarşı  mübarizəyə 
ruhlandırmağı,  “camaatın  bəsirət  gözünü  açıb  dost  ilə  düşmənini  ona  tanıtmağı”  qarşısına  məqsəd 
qoymaqla öz ölməz əsərləri ilə xalqı oyanışa səsləmişdir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Əliqulu Qəmküsar. Tərtib edəni: L.Hüseynzadə. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1959, 
165 s. 
2.
 
Əliqulu Qəmküsar. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2006, 168 səh. 
3.
 
Kazımova F. Azərbaycan ədəbiyyatının “Cüvəllağısı”. Bakı: Mütərcim, 2012, 324 səh. 
4.
 
Mir  Cəlal,  F.C.Hüseynov.  XX  əsr  Azərbaycan  ədəbiyyatı.  “Maarif”  nəşriyyatı,  1974,  390 
səh. 
 
 
ABSTRACT 
Haciyeva Gulmira                                                       
Educational issues in Aligulu 
Gamkusar creativity 
 
İn the article educational ideas of Aligulu Gamkusar involved to research. İt is noted that, 
he  considered  the  main  reason  of  folling  behind  progress  in  pregudice,  considered  the  ways  of 
clearing  prejudice  form  vague  minds  in  adducing  convincing  İcientific  proofs  in  formation  of 
scientific world autlook. Aligulu Gamkusar had peculiar services in implementing educational aims 
and deeds, criticized all reflection forms of fanatism, formed mutual unity of thought and deed on 
the way of progress. 
 
РЕЗЮМЕ 
                                                                       Гаджиева Гюльмира 
Задачи просвещения в творчестве Алигулу Гамгусара 
 
       В  статье  идеи  просвещения  Алигулу  Гамгусара  были  превращены  в  объект 
исследования. Отмечается, что главную причину отставания от прогресса  Алигулу Гамгусар 
искал  в  фанатичности,    он  видел  пути    стирания  фанатичности  из  туманных  умов    в 
приведении  убедительных  научных  доводов,  в  формировании  научного  мировоззрения. 
Алигулу  Гамгусар  показал  своеобразные  заслуги  по  претворению  в  жизнь  его  идей    и 
действий, подверг критике все формы проявления фанатизма, сформировал взаимодействие 
мнениями и союз действий на пути к прогрессу.  
 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni  çapa  təqdim  etdi:  Filologiya  üzrə  elmlər  doktoru, 
professor  H.Həşimli 
 
 
 

28 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
MEHPARƏ ƏHMƏDOVA 
Naxçıvan Dövlət Universiteti 
e-mail:ehmedova mehpare69@gmail.com 
UOT:82 
 
YENİYETMƏLƏRİN VƏTƏNƏ MƏHƏBBƏT RUHUNDA TƏRBİYƏ EDİLMƏSİNDƏ 
MƏMMƏD ARAZ ŞEİRLƏRİNİN ROLU 
 
Açar sözlərMəmməd Araz, Vətən, şair, tərbiyə, yetişən nəsil 
Key words: Mammad Araz, Motherland, poet, upbringing, growing generation 
Ключевые словаМамед Араз, Родина, поэт, воспитание, подрастающее паколение 
 
 
Yetişən nəsli vətənə məhəbbət və sədaqət ruhunda tərbiyələndirmək baxımından Məmməd Araz 
yaradıcılığında  geniş  təəssüratlar  vardır. Bu  gün  hər  bir  Azərbaycan  övladını  itirilmiş  torpaqlarımızın 
düşməndən  azad  edilməsi,  ərazi  bütövlüyünün  bərpası,  Azərbaycanın  qüdrətli  dövlət  kimi 
möhkəmləndirilməsi  və  inkişafı  məsələləri  düşündürür.  Bu  baxımdan  Məmməd  Araz  irsi  zəngin 
mənbədir. 
Şairin  şeirlərində  həyat  hadisələrinə  fəal  münasibət,  vətən  torpağının  gözəlliklərinə  həqiqi 
övlad  məhəbbəti,  böyük  vətəndaşlıq  qüruru  qızğın  ehtirasla  tərənnüm  olunur.  Bunun  səbəbi  isə 
özünün etiraf etdiyi kimi, “Vətən ilə böyüyüb başa çatdığı el ilə, oba ilə bağlı” olmasıdır. Şair bu 
fikri  təbliğ  edir  ki,  o  vətəninə,  torpağına,  elinə-obasına  hansı  sevgi,  hansı  məhəbbətlə  yanaşırsa 
yetişən nəsil də vətənə, torpağa, doğma yurd-ocağa eyni sevgi ilə yanaşmalıdır: 
                         
 Azərbaycan - qayalarda bitən bir çiçək, 
 
                         
 Azərbaycan - çiçəklərin içində qaya. 
                         
 Mənim könlüm bu torpağı vəsf eləyərək, 
                        
 Azərbaycan dünyasından baxar dünyaya [1, s.12]. 
Məmməd Araz Vətəni necə sevmək gərəkliyini, başqa sözlə, hansı  dərəcələrdə duymaq və 
vəsf  etmək  zərurətini  vurğulayır.  Şair  Vətən  təsəvvürünü  formalaşdırmaq,  Vətən  duyğusunu 
oyatmaq, dərinləşdirmək məqsədi ilə ana yurdun təbiətini bütün varlığı ilə vəsf və təsvir edir. Şairin 
Azərbaycan  dünyasından  dünyaya  baxması  qəlbinə  hakim  kəsilən  yurd  istəyi,  torpağa  bağlılıq, 
vətən sevgisi, ona vurğunluqdur. 
Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. “Mənim ana yurdum hardan başlar? 
-  ürəyimin  kandarından...”  [2,  s.17]  deyən  şair  haqlı  olaraq  vətəndaş  şair  adlandırılır  .  Onun  
“Azərbaycan, dünyam mənim”,  “Vətən mənə  oğul desə”,  “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim 
Naxçıvanım”, “Ana torpaq”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum”, “Vətən desin”, “Yerlər” 
kimi şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi hər bir oxucunun dillər əzbəridir.  
Şair  “Ana  torpaq”  şeirində  yeniyetmələrdə  Vətən  duyğusunu  oyatmaq,  Vətən  təsəvvürünü 
dərinləşdirmək  və  formalaşdırmaq  məqsədilə  bütün  varlığı  ilə  ana  yurdun  təbii  portretini 
gözlərimizin önündə canlandırır: 
                         
 
Çox elləri görməmişəm, 
 
                                      Görməmişəm bir də nə qəm
 
                                               Bu torpağı çox sevirəm, 
                                      Öz qəlbimdən, öz canımdan [3, s.54]. 
Şair Vətənin adi dağını da, daşını da, bulaqlarını da, bir udum havasını da, axar çaylarını da, 
qışını da, yazını da, adi bir çiçəyini də, ağacdan düşən bir yarpağını da təsvir edib onlara elə sevgi 
ilə  yanaşır  ki,  o  dağ  da,  daş  da,  o  çiçək  də,  o  ağacdan  düşən  yarpaq  da  ruhumuza,  canımıza, 
qanımıza çiçək, yarpaq, su kimi deyil bir Vətən kimi hopur. 

29 
 
Məmməd  Araz  yaradıcılığı  boyu  yetişən  nəsli  Azərbaycan  torpaqlarını,  xalqın  mənəvi 
sərvətlərini göz bəbəyi kimi qorumağa, təbiətə məhəbbət və bu məhəbbətdən zövq almağa səsləyir. 
Filologiya elmləri doktoru, professor Yavuz Axundlu “İstiqlal şairləri” kitabında “Məmməd Araz” 
adlı  məqaləsində  yazır:  “Məmməd  Araz  yaradıcılığında  Vətən  sevgisi  də  ata,  ana  sevgisi  qədər 
ülvidir, müqəddəsdir. Hətta bunların sərhəddini müəyyənləşdirmək çətindir. Onun yaradıcılığından 
Vətən məhəbbəti qırmızı xətlə keçir” [4, s.100].                            
             
 
     Vətən mənə oğul desə nə dərdim, 
                 
 
     Mamır olub qayasında bitərdim. 
                 
 
     Bu torpaqsız hada, nə vaxt, nə dərdim 
                 
     
     Xəzanımdır, xəzanımdır, xəzanım [2, s.13]. 
Şübhəsiz ki, belə şeirlərin güclü tərbiyəvi əhəmiyyəti vardır. Şair yaxşı bilir ki, vətən yalnız 
mənəvi cəhətdən pak və yetkin olanlara oğul deyir. Odur ki, vətənə layiqli oğul olmaq arzusu şairin 
yaradıcılığından qırmızı xətlə keçir.  
Qeyd edək ki, tərbiyənin ali məqsədi cəmiyyət üçün vətəndaşlar tərbiyə etməkdir. Vətəndaşlıq 
əsl  mənada  insanın  özündə  ideya  inamı,  həyata  şüurlu  baxış,  əmək  işlərində  fəal  iştirak  etmək, 
ünsiyyət və davranışda yüksək mədəniyyət və s. nümayiş etdirmək bacarığında özünü büruzə verir. 
Vətəndaşlıq  şüurunun  yüksək  olması  tərbiyənin  düzgün  qurulmasından  çox  asılıdır.  Tərbiyənin 
terminoloji-lüğəvi mənasını açarkən onu yetişdirmə, alışdırma, böyüdüb yetişdirmə, vərdiş etdirmə, 
hazırlama  və  s.  kimi  sinonimləri  ilə  müqayisədə  izah  edirlər.  Halbuki  tərbiyə  “vospitanie”  ilə 
səsləşən ruhi qidadır ki, vətəndaşlıq tərbiyəsi də insanın ruhi qidasıdır. Vətəndaşlıq tərbiyəsinin əsas 
məqsədi isə böyüməkdə olan nəslin ahəngdar inkişafı prosesində vətəndaşlıq duyğuları yaratmaq, o 
cümlədən vətəndaş olduğunu ona dərk etdirməkdən ibarətdir [5, s.401].  
Şeirlərin təhlilindən də göründüyü kimi, yeniyetmələrin vətənə məhəbbət ruhunda tərbiyə 
edilməsində şairin şeirlərinin rolu əvəzedilməzdir: 
                             
 
  …Öz şöhrəti heykəlinə dəmir əridən 
                         
 
Vətəndaşın vətəni də bir evdir ancaq. 
                         
 
Vətən üçün can əridən, ömür əridən - 
                         
 
 Bir daşa da minnət qoyub, pay ummayacaq [6, s.212-213]. 
  Bu  şeirdə  yeniyetmələrə  aşılanacaq  mənəviyyat  bütövlüyünü  asanlıqla  görmək  olur.  Şairin 
“Vətən  üçün  can  əridən,  ömür  əridən-bir  daşa  da  minnət  qoyub,  pay  ummayacaq”  misralarında 
Vətənə olan belə hədsiz sevgi hər bir yeniyetmə və gəncə mənəviyyat bütövlüyünü dərindən dərk 
etdirən keyfiyyətdir.  
 
Vətəndaş tərbiyəsində söhbət təkcə vətəni, torpağı, insanları sözdə fanatikcəsinə sevməkdən 
getmir.  Vətəndaş  öz  sənəti,  peşəsi  sayəsində  qazandığı  uğurları  ilə  insanlara  xidmətinə,  vətənə, 
torpağa  xeyir  gətirməsinə  görə  bütöv  şəxsiyyətə  çevrilir.  Ümummili  lider    Heydər  Əliyev  tərbiyə 
haqqında  demişdir:  “Tərbiyə  geniş  məna  daşıyır.  Tərbiyə  təkcə  o  deyil  ki,  gedib  Vətəni  silahla 
müdafiə edəsən. İnsan gərək həyatının hər dövründə, fəaliyyətinin bütün sahələrində öz Vətəninin, 
ölkəsinin  qayğısı  ilə  yaşasın,  onun  həm  iqtisadiyyatının,  həm  siyasətinin,  həm  də  mədəniyyətinin 
qayğısı  ilə  yaşasın.  Bunlar  hamısı  tərbiyədən  doğan  şeydir.  İnsan  öz  mədəniyyətinin  də, 
iqtisadiyyatının da, öz dilinin də, təhsilinin də inkişaf etməsini istəyir” [7]. 
Məmməd  Araz    yetişən  nəslə  belə  bir  fikiri  təbliğ  edir:  vətən  nəğmələri  olmadan  heç  bir 
könüldə gül açıb yaz olmaz, nəğməsi olmayan, şeiri olmayan xalqın tarixi olmaz. Eyni zamanda şair 
onları  milli-mənəvi  dəyərlərimizi,  milli  ədəbiyyat  və    mədəniyyətimizi  qoruyub  saxlamağa  və 
onlara sahib çıxmağa səsləyir:  
                         
 
   Vətən nəğmələri olmasa bir an  
                         
 
   Könüldə gül açıb yaz ola bilməz. 
                         
 
   Nəğməsi olmayan, şeiri olmayan   
                           
 
   Bir xalqın tarixi yazıla bilməz!   [8, s.42]. 
Bu cür misralar  yeniyetmələrdə vətənə olan sevgi hissini, milli ruhu oyadır. Çünki hər bir 
insanın öz ölkəsi, vətəni haqqında, vətənin tarixi haqqında nə qədər çox məlumatı olsa, torpağını da 
bir o qədər sevər, onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz tellərlə bağlanar. 

30 
 
Şairin şeirlərini oxuyan hər kəs şairin vətənə dəlicəsinə olan sevgisinin şahidi olur və eyni 
zamanda bu misraların təsiri ilə onlarda Vətənə olan sevgi  hissləri  yüksəlir, vətən  uğrunda canla-
rından  keçmək  kimi  duyğuları  oyanır,  onları  mənəvi  cəhətdən  zənginləşdirir.  Çox  tozanaq  atlını 
təmkin atınla keçdin, 
                         
 
  Sel boğan dərələri bir mərd qadınla keçdin. 
                                                 Bütün keçilməzliyi, Vətən, adınla keçdim... 
  Haqqın var, Məmməd Araz, 
                                                 Haqqın var yaşamağa! [9, s.97]. 
 Şair Vətəni sevməyin zəruriliyini qeyd etməklə yanaşı, onun düşmənlərdən qorunmasını və 
azad edilməsini dönə-dönə xatırladır. Bu məqsədlə “Yerlər” şeirində Vətən torpağının  hər şeydən 
müqəddəs olduğunu, onun qanımıza, canımıza hopduğunu, lazım gələrsə onun yolunda canını belə 
əsirgəməməyi dilə gətirən şair yazırdı: 
                                                 Vətən sevgisində birinci ada 
 
                                                 Birinci çatmağa pay yetər mənə. 
 
                        
              Burda birincilik: Vətən yolunda 
                         
 
  Birinci ölməyi öyrədər mənə! [6, s.165]. 
 
Yeniyetmələrimizin  dilindən  düşməyən  və  tez-tez  səslənən  belə  şeirlər  vətən  oğullarının 
ruhuna  hopmuş,  onlarda  yüksək  əxlaqi-mənəvi  keyfiyyətlərin  -  xüsusilə  vətənpərvərlik  hislərinin 
yaranmasında və üzə çıxarılmasında müstəsna əhəmiyyəti olmuşdur. 
Məmməd  Araz    bir  daha  xatırladır  ki,  xalq,  cəmiyyət,  milli  dövlətçiliyimiz  qarşısında  öz 
məsuliyyətini  dərindən  dərk  edən  yetişən  nəsil  Vətən  torpağını  qorumalı  və  onun  keşiyində 
dayanmalıdır. Fikrimizi əsaslandırmaq üçün konkret misallara müraciət edək: 
Bu gün gərək 
Hər anımız Vətən! – desin. 
Qılıncımız, qalxanımız 
Vətən! – desin! 
Təxminimiz, gümanımız, 
Vətən! – desin. 
Ölənlərin əvəzinə 
 
 
Qalanımız Vətən! – desin! [10, s.55] 
Göründüyü kimi, şair qeyd edir ki, vətənin dar günündə, ağır günündə hamı bir nəfər kimi 
ayağa  qalxaraq  Vətən  deməlidir.  Hamı  Vətəni  sevməli,  onu  sevməklə  yanaşı  düşmənlərdən 
qorumalı və lazım gələrsə onun uğrunda canını fəda etməlidir. 
 “Araz ordan, Kür də burdan aşıb-daşdı”, “Son sözü də ya Vətən, ya vətəndaşdı”- deyən  şairin 
bu kimi vətənpərvər ruhlu şeirləri bu gün  də ideya dəyərini, tərbiyəvi əhəmiyyətinin ali dərəcəsini 
saxlamaqdadır. Bu da yetişən nəslin vətənə məhəbbət ruhunda yetişməsində və tərbiyə olunmasında 
böyük rol oynayır. Bu mənada şair Məmməd Araz öz söz yükü, məna dərinliyi və mövzu əhatəsi ilə 
Azərbaycan məktəb və pedaqoji fikir tarixinə liman salan bir gəmidir.  Şübhəsiz ki, müasirlərimiz 
kimi  gələcək  nəsillər  də  görkəmli  xalq  şairinin  əsərlərini  sevə  -sevə  oxuyacaq,  onun  vətəndaşlıq 
qayəsi ilə zəngin olan yaradıcılıq irsindən mənəvi qida, estetik zövq və tərbiyə alacaqlar. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Araz M.İ. Oxucuya məktub. Bakı, Gənclik, 1978, 229 s. 
2.
 
Araz M.İ. Seçilmiş əsərləri (Şeirlər və poemalar). Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1986, 480 s. 
3.
 
Araz M.İ. Seçilmiş əsərləri. İki cilddə, I cild, Bakı, Lider nəşriyyatı,  2004, 224 s.  
4.
 
Axundlu Y.İ. Məmməd Araz. “İstiqlal şairləri” kitabında. Bakı, Elm, 1998, 126 s. 
5.
 
Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Mühazirə kursu. Bakı, 2003, 535 s. 
6.
 
Araz M.İ. Seçilmiş əsərləri. Dörd cilddə, II cild, Bakı, Ozan, 2003, 332 s. 
7.
 
Əliyev H.Ə. Təhsil millətin gələcəyidir. “Azərbaycan müəllimi” qəzeti, 7 may 1998  
8.
 
Araz M.İ. Seçilmiş əsərləri. Dörd cilddə, IV cild, Bakı, Ozan, 2003, 356 s. 
9.
 
Araz M.İ. Seçilmiş əsərləri. Dörd cilddə, III cild, Bakı, “Ozan”, 2003, 368 s. 
10.
 
Araz M.İ. Vətən desin. Bakı. Adiloğlu, 2003, 150 s. 

31 
 
Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin