Qiymət güzəştləri. İstehlakçılar qiymət güzəştləri edilməklə məhsul satışına çox həssasdırlar. Onları məhsulun qiymətində edilən güzəştlər daha tez cəlb edir. Qiymətin aşağı salınmasına əsaslanan stimullaşdırma tədbirlərini üç yerə bölmək olar:
Qiymətin birbaşa azaldılması.
Qiymət güzəştlərilə məhsul alınmasına hüquq verən kuponların yayılması.
Güzəştlərin təxirə salınmaqla əldə edilməsini nəzərdə tutan qiymət azaldılması.
Qiymətin birbaşa azaldılmasını iki hissəyə bölmək olar:
- ticarət müəssisəsi tərəfindən azaldılma;
- istehsalçı tərəfindən həyata keçirilən azaltma.
Malların kreditlə satılması.Mallar müəyyən müddətə (6 ay,1 il və s.) kreditlə satılır. Bu zaman üç və ya altı ay müddətinə %-siz kreditlər tətbiq olunur ki, bu da istehlakçılarda daha çox maraq doğurur, onları mal almağa həvəsləndirir.
Xüsusi qiymətlər və yaxud xırda topdansatış. Qiymətin aşağı salınması tək bir məhsula deyil, xırda məhsul partiyasına şamil edilir. Bu zaman xırda məhsul partiyasının alınmasına görə nəzərdə tutulan ciddi qiymət güzəştləri istehlakçını daha çox maraqlandırır. Bu cür qiymət azaldılması ucuz mallara tətbiq edildikdə daha effektli olur. Xırda partiyalarla satılan mallar bir kisəyə qablaşdırılır və üzərində onun stimullaşdırıcı satış obyekti olması göstərilir.
Qarışıq malların satışı. Bir-birini tamamlayan bir neçə məhsulun komplekt şəkildə güzəştli qiymətlə satılması nəzərdə tutulur. Bu zaman komplektin qiymətinin komplektə daxil olan məhsulların ayrı-ayrılıqda qiymətlərinin cəmindən aşağı səviyyədə müəyyən olunması istehlakçılarda həmin komplektə əlavə maraq doğurur.
Məhsulun qiymət fərqi ödənilməklə istifadə edilmiş köhnə məhsullarla dəyişdirilməklə satışı. Bu metod adətən yüksək qiymətli texnika və avadanlıqların satışı zamanı tətbiq edilir və geri alınan mal təkrar satılmaq üçün deyil xammal kimi istifadə olunmaq məqsədi ilə əldə edilir.