zənginləşdirir, nəcib hisslər və keyfiyyətlər aşılayır. Estetik tərbiyənin mühüm bir
vasitəsi insan gözəlliyi, insani münasibətlərdə gözəllikdir. Xeyirxahlıq, humanizm,
mədənilik, sadəlik və təvazökarlıq, həssaslıq, başqalarının sevincinə və kədərinə şərik
olmaq – insanın estetik mədəniyyətinin, daxili gözəlliyinin mühüm göstəriciləridir.
Əksinə, kobudluq, ədalətsizlik gənclərdə emosional və estetik "gönüqalınlıq"
(V.A.Suxomlinski) doğurur. Onların qəlbində xeyirxahlıq və insan ləyaqəti hisslərinin
kütləşməsinə gətirib çıxarır. Gəzəlliyi görmək üçün insan gözəl qəlbə malik olmalıdır.
Estetik tərbiyədə estetik mühitin, gözəllik mühitinin yaradılması böyük əhəmiyyətə
malikdir. Təhsil müəssisəsinin təmiz, səliqəli, gözoxşayan həyəti, tədris binasının,
otaqların təmizliyi, bədii tərtibi, müəllimlərin geyimi, danışığı, davranışı, müəllim-
tələbə münasibətlərinin və ali məktəb həyatının estetik-mənəvi tələblər əsasında
qurulması gənclərin estetik zövqünün formalaşmasında mühüm rol oynayır. Ali
məktəbdə hər şey, ilk növbədə, insanların qarşılıqlı münasibətlərinin gözəlliyi, insana
ən qiymətli sərvət kimi yanaşılması, tələbəyə yüksək qayğı və diqqət göstərilməsi
estetik mühitin yaranmasının vacib şərtini təşkil edir. Tələbələrin məişət, geyim,
davranış mədəniyyəti də bu sahədə az rol oynamır. Tələbə gənclərin estetik
inkişafında ədəbiyyat və incəsənət aparıcı yer tutur. Bədii ədəbiyyat ideya-mənəvi və
estetik tərbiyənin qüdrətli vasitəsidir. O, həyatı, insan münasibətlərini, insan
gözəlliyini və əzəmətini dərk etməyə kömək göstərir. V.A.Suxomlinskinin sözləri ilə
desək, ağıllı kitabla, musiqi və təsviri sənətlə – bu incə vasitələrlə idrakın və
emosiyaların bütün həyat boyu tərbiyəsi davam etməsə, neqativ hallara qarşı heç bir
mübarizə vasitəsi kömək etməz. Estetik tərbiyə vasitələrinin sistemli və kompleks
tətbiqi şəxsiyyətin emosionalestetik və mənəvi inkişafına, həyata və insanlara estetik
münasibətin formalaşmasına kömək göstərir.
Dostları ilə paylaş: