Kapitalın mahiyyəti - muzdlu əməyin istismar edilməsi nəticəsində izafi dəyər gətirən avanslaşdırılmış dəyərdir.
Kapitalın natural forması müxtəlif şəkildə: pul, əmtəə, məhsuldar (xammal və avadanlıq, həmçinin muzdlu iş qüvvəsi şəklində) - ola bilər.
İstehsal vasitələri, əmtəə və ya pul heç də həmişə kapital rolunda çıxış etmir, heç də həmişə özgənin əməyinin nəticələrinin mənimsənilməsinə xidmət etmir. Başqa sözlə, kapital pul, avadanlıq və s. formasında ola bilər, lakin hər bir pul, dəzgah, alət və s. kapital olmur. Onların kapitala çevrilməsinin meyarı, Marksa görə, onların muzdlu kimi bilavasitə işçilərə qarşı duran işçilərdən təcrid edilməsidir. Belə özgə- ninkiləşdirmə (yəni iş qüvvəsinin əmtəəyə çevrilməsi) Avropada ilkin kapital yığımının gedişində baş verirdi ki, bu zaman kəndli şəxsi azadlıq əldə edir, lakin əsas istehsal vasitəsindən - torpaqdan məhrum olurdu (ingiltərədəki məşhur «çəpərləmə»). Beləliklə, kapital əşyanı deyil, ictimai münasibətlərin müəyyən tipini ifadə edən spesifik iqtisadi kateqoriyadır. Kapital həmişə muzdlu əməyi, muzdlu əmək isə kapitalı müşayiət edir. Kapitalın meydana gəlməsinin tarixi zəmini ümumi xarakter almış, inkişaf etmiş əmtəə istehsalı və tədavülüdür. Kapital iqtisadi həyatın bütün sahələrini Özünə tabe edir, mənfəət cəmiyyətin inkişafının hərəkətverici səbəbi olur.
Qeyd etmək Lazımdır ki, tarixən kapital kapitalizmdən xeyli əvvəl, pulun ticarət dövriyyəsinə və ya sələmə (faizlə) yönəldilməsi hesabına mənfəət gətirən tacir və sələm kapitalı şəklində mövcud olmuşdur. Tacir mənfəətinin və sələm faizinin mənbəyi qullar və təhkimli kəndlilərin yaratdıqları izafi məhsul, həmçinin azad kəndlilər və sənətkarların yaratdığı məhsulun bir qismi idi. Bu kapital formaları bir əldə çoxlu pulun və maddi sərvətlərin cəmlənməsinə səbəb olur və bilavasitə sənaye kapitalı üçün ilkin yığımı sürətləndirirdi. Kapitalın sənayeyə gəlməsi yeni ictimai münasibətlər tipinin yaranmasından xəbər verdi, çünki iki tamamilə yeni sinif yarandı: muzdlu fəhlələr və sənaye kapitalistləri.
«Sənaye kapitalı* məfhumu yalnız bilavasitə sənaye sahələrinin özlərinə deyil, həm də kənd təsərrüfatına, tikintiyə, nəqliyyata aiddir, əgər iqtisadiyyatın bu sahələri iqtisadi cəhətdən kapitalist prinsiplərinə əsaslanırsa, yəni əgər onlarda istehsal vasitələrinin mülkiyyətçilərinin qarşı durduğu muzdlu əmək istifadə olunursa.
Kapitalist istismarının mahiyyəti və mexanizmini və kapitalist mənfəətinin mənbəyini izah etmək üçün Marks kapitalı sabit və dəyişənə bölür.
Sabit kapital əmək vasitələrində əks olunandır. İstehsal prosesində onun dəyəri dəyişmir, yalnız hazır məhsula ötürülür. Belə ki, pambığın və əyirici dəzgahın dəyəri ipliyin dəyərinin tərkib hissəsinə daxil olur. Lakin nə pambıq, nə də dəzgah ipliyə özlərinin malik olduqları dəyərdən artıq dəyər verə bilməzlər.
Dəyişən kapital iş qüvvəsində əks olunandır. İşçi öz iş qüvvəsinin dəyərindən artıq dəyər yaratmağa qabildir. Bu artıqlıq izafi dəyər adlanır və kapitalistin mənfəətinin mahiyyətini təşkil edir.
Belə ki, hazır məhsulun dəyərinə üç komponent daxildir: C - sabit kapitalın (istehsal vasitələrinin) keçirilmiş dəyəri; V - dəyişən kapitalın (iş qüvvəsinin) dəyərinin təkrar istehsal olunmuş ekvivalenti; M - izafi dəyər (yeni yaradılmış dəyərin iş qüvvəsi dəyərindən artıqlığı). Kapitalın sabit və dəyişənə bölünməsi kapitalın hamısının deyil, yalnız onun dəyişən hissəsinin yeni dəyər yaradılmasında iştirak etdiyini göstərməyə imkan verir. İş qüvvəsini dəyərinə görə ödəməklə, yəni mübadilənin ekvivalentlik qanununu pozmadan, kapital bununla belə fəhlə əməyinin bir qismini ekvivalentsiz mənimsəyir. Kapitalist istismarının mahiyyəti də bundadır. Kapitalı səciyyələndirən Marks göstərirdi ki, hərəkətsiz o mümkün deyil. Hərəkətini dayandıran kapital artıq kapital deyil, o, ya müəyyən məbləğdə pul və ya boş dayanan avadanlıq, xammal və materiallar ehtiyatı, məşğul olmayan iş qüvvəsi, satılmamış hazır məhsuldur. Yalnız daim hərəkətdə olub, natural-maddi formalarını dəyişərək kapital öz funksiyasını realizə edə, yəni istehsalın təşkilinə avanslaşdırılmış- dan daha artıq dəyər yaratmaq məqsədilə istehsal vasitələrini işçilərlə birləşdirə bilər. Kapitalizm inkişaf etdikcə sənaye kapitalı daxilində özünəməxsus ixtisaslaşma və əmək bölgüsü baş verir ki, nəticədə onun ayrı-ayrı funksional formaları (əmtəə və pul) ayrılmağa və kifayət qədər müstəqil mövcud olmağa başlayırlar. Bu, birinci növbədə ticarət və borc kapitalına aiddir. Ticarət kapitalı ticarət mənfəəti əldə etmək məqsədilə yalnız ticarətin təşkili ilə məşğul olmağa başlayır. Sırf ticarət sahəsində fəaliyyət göstərən xüsusi kapitalın ayrılması sənayeçiyə istehsal və dövriyyə xərclərini azaltmağa, hazır məhsulun satışını və xammal alışını, bütövlükdə kapital dövriyyəsini sürətləndirməyə və bununla da mənfəət kütləsini artırmağa imkan verir. Kapitalın sənaye və ticarət kapitalına bölünməsi mənfəətin iki təcrid olunmuş formaya - sahibkar gəliri və ticarət mənfəətinə bölünməsinə səbəb olur. Ticarət mənfəətinin sənaye mənfəətindən təcrid olunmasına aşağıdakılar səbəb olur: ticarətçi əmtəəni sənayeçidən dəyərindən bir qədər aşağı olan istehsal qiymətinə alır, satanda isə orta hesabla dəyərinə bərabər bazar qiymətinə satır. Yaranan qiymət fərqi ticarətçiyə ticarət işlərinin aparılmasına çəkilən xərcləri ödəməyə və özünə ticarət mənfəətini təmin etməyə imkan verir. Mövcud sahələrarası rəqabət bununla nəticələnir ki, ticarət və sənaye kapitalı avans edilmiş kapitaldan eyni qazanc əldə edirlər, onların mənfəətinin həcmi isə müvafiq olaraq ticarət və sənaye kapitalının həcminə uyğundur. Borc kapitalı kapitalın qaytarmaq və faiz ödəmək şərtilə borc verilən pul kapitalının tədric olunmuş formasıdır. Borc kapitalı kimi cəmiyyətdə mənfəət, dövriyyə vəsaitlərinin bir qismi (əmək haqqının ödənişi, xammal və materiallar alışı vaxtının gəlib çatmasım gözlədikdə), amortizasiya fondunun bir hissəsi, şəxsi yığımlar və toplamalar kimi müvəqqəti sərbəst pul vəsaitləri cəmləşir. Borc kapitalı bu pul ehtiyatlarının həm bir yerə cəmləşməsinə kömək edir, həm də fəaliyyət göstərən və özü-özünə artma qabiliyyətinə malik olan kapitala çevrilməsinə imkan verir. Borc kapitalı sənaye və ticarət kapitalistlərinə fəaliyyət miqyaslarım genişləndirməyə, avadanlığı yeniləşdirməyə, əmtəə satışı prosesini, bütövlükdə kapitalın dövriyyəsini sürətləndirməyə və bir qismi börc faizinin ödənilməsinə sərf olunacaq mənfəətlərini artırmağa kömək edir.
Borc kapitalının təcrid olunması zamanı kapital-mülkiyyətin kapital-funksiyadan ayrılması baş verir. Belə təcrid olunma istehsal amillərinin üçamilli modeli daxilində dördüncü amilin də - sahibkarlıq qabiliyyətinin (bəzi şərhlərdə - sahibkarlıq) ayrılmasına əsas vermişdi. Bir tərəfdən, bu sanki əmək qabiliyyətinin bir növüdür. Digər tərəfdən, sahibkarlıq kapital-funksiyanın başqa ifadəsidir. Müasir şəraitdə çox vaxt kapital birinin olur, başqaları isə onu hərəkətə gətirirlər. Bundan başqa, çox vaxt kapital-funksiyadan kapitalın idarə edilməsi ayrılır, yəni istehsalı sahibkar özü idarə etmir, bunun üçün mütəxəssis-menecerlər dəvət edir. Belə əmək bölümü o qədər tipik olub ki, menecerial inqilab (idarəçilər inqilabı) nəzəriyyəsinin yaranmasına səbəb olub, bu nəzəriyyəyə görə real hakimiyyət kapitalın formal sahiblərinə deyil, məhz idarəçilərə məxsusdur.
Kapital çərçivəsində əmək bölgüsü gəlir formalarının da təcrid olunmasına səbəb olub. Sənayedə yaradılmış bütün mənfəət kapitalın funksiyalarına müvafiq olaraq bir neçə tərkib hissəsinə bölünür. Kapitalı borc verən kapital sahibi borc faizi şəklində gəlir götürür. Sahibkar, yəni istehsalı təşkil edən və bütün istehsal amillərini birləşdirən, sahibkar gəliri və ya mənfəəti əldə edir. İstehsalı və kapitalı idarə edən muzdlu qulluqçunun bir növü olub maaş, yəni əmək haqqı alır. Bir şəxsin bir deyil, bir neçə sosial rol ifa etməsi, yəni öz kapitalını öz istehsalında istifadə etməsi və özü də onu idarə etməsi istisna deyil. Bu halda o, mənfəətin iki-üç funksional növünü əldə edə bilər.
Borc kapitalının təcrid olunması zamanı borc faizi irrasional adlandırılması mümkün olan özünəməxsus qiymət şəklində çıxış edir, çünki o, xüsusi növ əmtəə kimi borc kapitalının dəyərini ifadə etmir. Borc faizi daha çox borc kapitalının istehlak dəyərini, yəni müəyyən və sabit gəlir gətirmə qabiliyyətini ifadə edir. İstehsal və tədavül sahisində fəaliyyət göstərən kapital-funksiyadan fərqli olaraq borc kapitalı spesifik bazarda - borc vəsaitləri bazarında dövr edir. Borc faizi bu bazarda tələbin və təklifin həcmini müəyyənləşdirdiyindən borc kapitalının qiyməti rolunda çıxış etdir. Bütün başqa şərtlərin eyniliyi şəraitində borc faizlərinin yüksək dərəcələri kapital mülkiyyətçilərini borca daha çox vəsait təklif etməyə, sahibkarları isə, əksinə, börc götürməkdən çəkinməyə təhrik edəcək. Buna görə də tələb əyrisi mənfi meylli, borc vəsaitlərinin təklif əyrisi isə müsbət meylli olacaq (şəkil 23.1).
Tələb əyrisilə təklif əyrisinin kəsişməsi borc kapitalı bazarında tarazlığı şərtləndirir və borc faizinin tarazlı bazar faizini müəyyənləşdirir.
Borc faizi kapital-funksiyanın gəlirini təşkil edən sahibkarlıq mənfəətindən fərqli olaraq, kapital-mülkiyyətdən gələn gəlirdir. Bununla belə, bu iki gəlir növü sıx əlaqədardır. Borc faizinin kəmiyyəti borc vəsaitlərinə olan tələb və təklifdən asılı olaraq dəyişə bilir. Bununla belə borc faizinin aşağı həddi sıfırdır: aydındır ki, kapital mülkiyyətçisi onu sahibkara müftə borca verməyəcək. Borc faizinin yuxarı həddi qismində sahibkar mənfəətinin həcmi çıxış edir, çünki bütün mənfəəti borc faizi kimi vermək lazım gələrsə, borc almağın mənası olmur.
Əməyin belə bölgüsü kapitala bütövlükdə istehsal və dövriyyə xərclərində qənaət etməyə, əmtəənin daha tez çatdırılması və satılması hesabına kapitalın dövriyyə vaxtını tezləşdirməyə, müvəqqəti sərbəst pullardan daha səmərəli istifadə etmək və bütövlükdə kapitalın hərəkətindəki arzuolunmaz fasilələrdən qaçmaq imkanı verir. Bu və bir sıra digər məqamlar izafi dəyərin məcmu kütləsinin artmasına səbəb olur ki, bu da sahibkara mənfəətinin bir qismini ticarət və borc kapitalı ilə nisbətən ağrısız bölüşməyə imkan verir. Beləliklə, Marks sübut etmişdir ki, dəyər qanununu pozmadan ticarət mənfəəti və borc faizinin alınmasını izah etmək olar. Sənaye mənfəəti də, ticarət mənfəəti də, eynən borc faizi də sənaye fəhlələri tərəfindən yaradılmış izafi dəyərin hissələridir. XIX və XX əsrlərin hüdudunda kapital yığımı və təmərküzləşməsi həmçinin rəqabətin güclənməsi kapitalın funksional formalarının ixtisaslaşması və təcrid olunması meyli mərkəzləşmə və universallaşma meyli ilə əvəzləndi. Sənaye və bank sahəsində inhisar birliklərinin yaranması zəminində onların maliyyə kapitalı şəklində qovuşması və birləşməsi baş verdi. Maliyyə kapitalı fenomeni alman alimi Hilferdinq tərəfindən dərindən təhlil olunmuşdu. Hilferdinqlə mübahisəyə girən V.l.Lenin bu məsələyə böyük diqqət yetirmişdi. Sənaye və bank kapitalının birləşməsi və qovuşması qiymətli kağızlar (səhmlər, istiqrazlar, bonlar və s.) şəklində təmsil olunan və yalançı kapital adlandırılan kapitalın sürətli inkişafı hesabına mümkün olmuşdur. Həqiqətən də, fabrik və bankın öz istehsalatlarını birləşdirib bir binada yerləşmələrini təsəvvür belə etmək olmaz. Sənaye və bank kapitallarının birləşməsi səhmdarlar cəmiyyətlərinin yaranması, sənayeçilər və banklar arasında səhm zərflərinin qarşılıqlı mübadiləsi, idarəetmədə birgə iştirakları, nəhayət sülalə əlaqələrin yaradılmasına (Morqanlar, Rokfellerlər, Düponlar, Rotşildlər və b. qrupları) səbəb olmuşdur. Maliyyə kapitalı həm sənaye müəssisələrini (çox vaxt müxtəlif sahələrə aid olan), həm də bankları, sığorta cəmiyyətlərini, ticarət şəbəkəsini, nəqliyyat şirkətlərini, elmi-tədqiqat və hətta tədris və səhiyyə müəssisələrini özündə birləşdirən güclü maliyyə-sənaye qruplarının formalaşmasına səbəb olmuşdur. Beləliklə, iqtisadiyyatın və ictimai həyatın bütün sahələri kapitalın nəzarəti altına düşdülər. Qərbi Avropa və Amerikada maliyyə kapitalının formalaşması prosesi on illərlə getmişdi. Müasir Rusiyada XX əsrin 90-cı illərinin iqtisadi və hüquqi özbaşınalığı şəraitində bu proses cəmi 5 il çəkmişdi. Qərb və ölkə informasiya vasitələrinin verdiyi məlumatlara görə 1996-cı ilin yanvarında Davosdakı Beynəlxalq İqtisadi forumda Rusiya maliyyə oliqarxlarmın 1996-cı il prezident seçkilərində B.N.Yeltsini dəstəkləməklə bağlı qeyri-rəsmi toplantısı olmuşdu. Qeyd olunmuşdu ki, Çubays, Potanin, Berezovski, Qusinski, Smolenski, Xodorkovski və bir neçə başqasının başçılıq etdiyi 6-7 qrup ölkə sərvətinin 50%-dən çoxuna nəzarət edir. V.l.Leninin hələ XX əsrin əvvəllərində qeyd etdiyi kimi, maliyyə kapitalı yalnız iqtisadi hökmranlıqla kifayətlənmir, o həm də, ya bilavasitə dövlət vəzifəsi tutmaqla, ya da öz adamlarını hakimiyyətə gətirməklə siyasi hakimiyyətə can atır.