Odlar Yurdu Kolleci İstehsalat Təcrübəsi Hesabatı İxtisas: Marketinq Qrup: 21 MR Ad: Xanım Soyad: Məmmədzadə Ata adı: İlqar Mövzu: Marketinq mühiti. Təcrübə yeri: “İqtisadiyyat, Menecment və Biznes institutu” Təcrübə rəhbəri: B/m Yunusova Nuranə Ramiz
Bakı 2023
Hesabat Plan: 1) Marketinq mühitinin mahiyyəti. 2) Mikromühit və onu təşkil edən amillər. 3) Makromühit və onun əsas amilləri.
Marketinq mühitinin mahiyyəti. Müəssisənin marketinq fəaliyyəti, digər iqtisadi fəaliyyət növləri kimi, marketinq ətraf mühiti adlanan müəyyən mühitdə baş verir. Marketinqin ətraf mühitidedikdə müəssisənin bazar fəaliyyətinə, istehsal-satış fəaliyyətinə təsir edən subyektlərin və amillərin məcmusu başa düşülür.
Marketinqin ətraf mühit amillərinə verilən tərifdən göründüyü kimi, onun tərkibi çox rəngarəng və müxtəlifdir. Onların hər biri marketinqə müxtəlif cür təsir edir. Buna görə də həmin amillərin təsnifləşdirilməsi və onların marketinqə təsir dərəcəsinin aşkar edilməsi mühüm əhəmiyyət kəsb edir.
Müəssisənin marketinq fəaliyyətinə təsir edən subyektlərin və amillərin milli iqtisadiyyatın səviyyəsinə aid olmasına görə marketinqin ətraf mühiti makromühit amillərinə və mikromühit amillərinə bölünür.
Marketinqin makromühit amillərinə milli iqtisadiyyatın makro səviyyəsinə aid olan, yalnız müəssisənin bazar fəaliyyətinə deyil, bütün bazar subyektlərinin fəaliyyətinə təsir edən qlobal amillər aiddir. Bura sosial-iqtisadi mühit, siyasi-hüquqi mühit, təbii mühit, mədəni mühit, texnika və texnologiya mühiti və coğrafi mühit amilləri aiddir.
Marketinqin mikromühiti dedikdə bilavasitə müəssisə ilə iqtisadiyyatın eyni səviyyəsində yerləşən və onun fəaliyyətini təmin edən, onun fəaliyyətinə təsir edən bazar subyektləri və amilləri başa düşülür. Bu amillər də öz növbəsində müəssisə-daxili amillərə və müəssisədənkənar amillərə bölünür.