İqtisadi amillər. Bu amillər ölkənin iqtisadi vəziyyətini xarakterizə edir və bütünlükdə bazarın tutumuna təsir edən ən mühüm amilddir. Bu amillərə ölkənin təsərrüfat tipi; ümumi daxili məhsulun və milli gəlirin həcmi; adam başına ümumi məhsulun və milli gəlirin həcmi; ölkənin iqtisadi inkişaf tempi; qiymətin səviyyəsi; inflyasiya səviyyəsi; işsizlik səviyyəsi; kredit alma imkanı; ölkə iqtisadiyyatına investisiya qoyuluşu və s. iqtisadi göstəricilər aiddir.
Ölkənin təsərrüfat tipi. Bu amil ölkənin iqtisadi inkişaf səviyyəsini xarakterizə edir və əhalinin gəlirlərinin səviyyəsi və alıcılıq qabiliyyəti bilavasitə bu göstəricidən asılıdır. Bu göstəriciyə görə dünya ölkələri 4 qrupa:
1) natural təsərrüfat tipli ölkələrə,
2) xammal ixrac edən ölkələrə,
3) inkişaf etməkdə olan ölkələrə və
4) inkişaf etmiş ölkələrə bölünür.
Son illərdə postsovet ölkələrinin iqtisadiyyatının bazar münasibətlərinə keçidi ilə əlaqədar olaraq bazar iqtisadiyyatına keçid dövrünü yaşayan ölkələr ayrıca təsərrüfat tipi kimi qeyd olunur.
Ölkənin təsərrüfat tipi bazarın tutumuna və bazarın məhsul quruluşuna ciddi təsir edir. Məsələn, natural təsərrüfat tipli ölkələrdə əsasən ərzaq məhsullarına tələbat olduğu halda, xammal ixrac edən ölkələrdə ərzaq məhsulları ilə yanaşı müəyyən texnika və avadanlığa da tələbat yaranır. İnkişaf etmiş ölkələrdə isə bütün növ istehsal və istehlak təyinatlı məhsullara tələbat mövcuddur və bu ölkələrin bazarının tutumu digər ölkələrin bazarlarının tutumuna nisbətən daha böyükdür.
Marketinqin siyasi-hüquqi mühiti Siyasi-hüquqi mühit amilləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və tənzimlənməsi qaydalarını, bazar subyektləri arasındakı əlaqələrin təşkili və istehlakçıların hüquqlarının müdafiəsi qaydalarını, həmçinin ölkədəki siyasi vəziyyəti xarakterizə edir. Bura siyasi amillər; hüquqi amillər və istehlakçıların hüquqlarının müdafiəsi amilləri aiddir.
Siyasiamillərə siyasi stabillik; valyuta məhdudiyyətləri; xaricdən məhsul alınmasına münasibət: dövlət aparatı; ayrı-ayrı siyasi və dövlət xadimləri ilə qarşılıqlı münasibətlər və digər siyasi amillər aiddir.