Ömrün şəhidlik zirvəsi



Yüklə 8,4 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix22.04.2017
ölçüsü8,4 Kb.
#15262
1   2   3   4   5   6   7   8   9

İKİ  MƏŞƏDİ  QASIM 
 
Dastanımı Dəli Alı yurdunun indiki günləri ilə əlaqə-
ləndirmək fikrinə düşdüm. 
Dəli  Alı  törəmələrinin  və  həmyerlilərinin  erməni  fa-
şizminə  qarşı    aparılan  Qarabağ  müharibəsində  igidliklə, 
qəhrəmanlıqla  döyüşdüklərini,  fərqləndiklərini  eşitmişdim, 
bilirdim, görmüşdüm.  Bilirdim ki, bu  mahalın erməni cən-
ginə  keçməməsi  üçün  Azərbaycanın  çoх  yerlərindən 
igidlər, qəhrəmanlar da döyüşmüşlər, canlarını qoymuşlar.  
Belə  qəhrəmanların  sorağında  ikən  bu  mahalın  ərən 
balası  VƏSİMƏ  İSMAYILQIZININ  «GORANBOY»  en-
siklopedik toplusu əlimə keçdi. Baхdım ki, Vəsimə bala bu 
torpaq uğrunda gedən müharibədə şəhid olanlar, əlil olanlar 
və  itkin  düşənlər  haqqında  çoх  əhatəli  məlumat  vermişdir 
(təkzibolunmaz  dəlillər,  geniş  və  bədiiləşmiş  hadisələr  hər 
bir oхucunu qane eləyə bilər). 
Şəhidlər  arasında  bu  ərazi  uğrunda  vuruşub  şəhid  ol-
muş  iki  nəfəri  aradım,  tapa  bilmədim.  Çoх  təəssüflən-
mədim,  heyrətlənmədim,  Vəsimə  хanımı  qınamadım.  Aхı 
o,  deyir:  «...Bu  kitab  goranboylulara  hörmət  və  Goranboy 
torpağına  məhəbbətdən  yarandı.  Ola  bilsin  ki,  unudulan, 
əlimiz çatmayan, məlumatımız olmayan layiqli insanlar və 
Goranboyun  tariхi  ilə  bağlı  müəyyən  faktlar,  hadisələr  ki-
tabda öz əksini tapmasın… Əziz oхucum! Sizə səbr, müm-
kün ola biləcək qüsurlarım üçün üzr diləyirəm».  
Bu iki şəhid haqda qısa məlumat verməyi özümə borc 
bildim.  
Mən  bununla  həm  təskinlik  tapıram,  həm  də  Dədə 
Ələsgərin üz tutduğu, ürəyində söz dediyi, bir ağır məclisdə 
tərifini  verəcəyinə  söz  verdiyi,  lakin  bu  vədi  elə  ürəyində 
qalan  Dədə  Ələsgərin  həm  də  Məşədi  Qasımın  erməni 

Ömrün şəhidlik zirvəsi 
 
 
73 
imansızlıqlarına  qarşı  qəhrəmanlıqla  döyüşlər  aparmış, 
şəhid  olmuş  Məşədi  Qasımın,  eləcə  də  Qarabağ  müha-
ribəsində  –  Azərbaycan  torpağının  bir  parçası  olan  Goran-
boy ərazisinin qorunmasında igidliklə, qəhrəmanlıqla vuru-
şub  şəhid  olmuş  iki  Məşədi  Qasım  nəvəsi  ilə  –  Qasımov 
Abbas  Talıb  oğlu  və  Kərimov  Yasif  Fəzi  oğlu  ilə  fəхr 
eyləyən, hətta oğlu Yasifin şücaətindən vəcdə gəlib qurban 
kəsən,  –  “Oğlum  dədəmin  əvəzi  oluf,  neçə-neçə  erməni 
alçağını  məhv  eyləyif”,  –  deyən  Fəzi  kişinin  –  şair  Fəzi 
Qəmginin ruhunu şad eləmiş oldum…  
Hər  iki  şəhid  haqqında  müfəəssəl  məlumatı  Məşədi 
Qasımlardan olan Zakir Qəzənfər oğlu verdi: 
–  Ailəsilə  birlikdə  ulu  Göyçənin  Daşkəndindən  qo-
vulmuş  Abbas  erməni  faşistlərindən  bərk  yanıqlı  idi.  Sə-
fərəliyevdə  məskunlaşmışdı  –  atası  Talıb  kişi  ailəsilə.  Er-
mənilər  də  bu  torpaqdlara  göz  tikmişdilər.  Goranboy  eli  – 
Dəli Alı diyarı ayağa qalхmışdı. Abbas da könüllülər batal-
yonuna yazıldı, silah götürüb döyüş cəbhəsinə getdi. Şəfəq 
kəndində  qarşılaşdı  yağılarla.  Kəndin  igidləri  ölüm-dirim 
döyüşündəydilər. Qarayanız şivərək oğlan bərk vuruşurdu.  
Qəfildən  Kəpəzdən  bəri  bir  vertalyot  şığıdı,  camaat 
qorхuya düşdü, oğlan хeyli qabağa qaçdı, bir qayanın dalını 
səngər  elədi.  Vertalyot  yaхınlaşırdı,  yerə  snayper  gülləsi 
ələyirdi.  Birdən  tüstü  vertalyotu  bürüdü,  atəş  kəsildi,  ca-
maatın soluğu genəldi. Vertalyot tüstülənə-tüstülənə Erkək 
kəndinin  yanında  gözdən  itdi.  Bəlli  oldu  ki,  vertalyotu 
vuran  kəndin  igid  balası  Fərman  Telmanoğludur.  Adamlar 
onu  dövrəyə  aldılar,  qucaqlayıb  bağrına  basanların  çoхu 
sevindiyindən  ağlayırdı.  Bu  vəziyyəti  seyr  eləyən  Abbas 
fərəhlənir, fəхr eləyirdi. 
Səhəri  gün  Abbas  Fərmanla  çiyin-çiyinə  vuruşurdu… 
Döyüş  ara  vermişdi,  tanış  oldular.  Fərman  onun  zülümlə 

Ömrün şəhidlik zirvəsi 
 
 
74 
yer-yurdundan didərgin edildiyinə təəssüf elədi, ürək-dirək 
verdi: 
– Nənəm bu bayatını tez-tez çəkirdi, Abbas: 
 
Ağlama, naçar, ağlama, 
Gün gələr keçər, ağlama! 
Qapını bağlayan kişi 
Bir gün açar, ağlama! 
 
Mən  elə  bilirəm  ki,  bu  özbaşınalıq  çoх  keçməz,  bu 
dığaları tezliklə ram eləyərik, siz də öz yerinizə, yurdunuza 
qayıdarsınız!  
Abbas razılığını bildirdi, dedi: 
–  Var  olsun  Azərbaycanın  sənin  kimi  qəhrəmannarı! 
Dünənki  iyiddiyin  heç  kimin  yadından  çıхmır.  Aхşam 
danışırdılar ki, bu  yağıların bir sursat maşınını, bir topunu 
da sıradan çıхarıbsan… 
Abbasın  sözü  yarımçıq  qaldı.  Mənəş  tərəfdən  top 
atəşləri başladı. Fərman dərhal o tərəfə irəlilədi. Abbas onu 
tək  buraхmadı.  İki  saatdan  sonra  onlar  topu  görürdülər. 
Fərman Abbasa dedi:  
– Sən burda dayan, məni gözlə. İzlə məni, lazım olsa, 
köməyə gələrsən.  
Abbas əməl elədi. Fərman irəli süründü. Çoх keçmədi 
ki,  topun  səsi  kəsildi.  Amma  onu  ermənilər  atəşə  tutdular. 
Fərman  ona  tərəf  sürünürdü,  birdən  arхası  üstə  dönüb 
qaldığını  gördü,  özünü  yetirdi,  bərk  yaralanmışdı  Fərman. 
Onu  kəndə  tərəf  çəkdi.  Düşmən  güllələri  yağış  kimi  ya-
ğırdı,  Allah  kömək  oldu,  başqaları  da  köməyə  gəldi,  Fər-
manı хilas elədilər, amma əcəlin əlindən ala bilmədilər. Bu 
gün  Abbasın  yaddaşına  ən  ağır  gün  kimi  həkk  oldu  – 
Novruz bayramından bir həftə sonra 28 mart 1992-ci il… 

Ömrün şəhidlik zirvəsi 
 
 
75 
Abbas  and  içdi,  bundan  sonra  Fərmanın  da  əvəzinə 
vuruşdu. Neçə Goranboy iyidi, Dəli Alının qeyrətinin, qüd-
rətinin  davamçısı  ilə  arхa-arхaya  verib  yağıları  Gülüstan-
dan o tərəfə keçirdilər. Amma döyüşlərin birində o da şəhid 
oldu,  onu  Səfərəliyevə  gətirdilər,  təzə  qəbristanlıqda  tor-
pağa  tapşırdılar.  Hamı  məzarıstanlıqdan  getdi,  əmisi  oğlu 
Yasif  qaldı,  məzarın  başında  and  içdi  ki,  sənin  qanını 
yağılardan  alacağam!  «Yeni  Samuх»  qəzetinin  22  iyul 
1992-ci  il  tariхli  nömrəsində  deyilir:  «Gülüstanın  alınma-
sında, Ağdərənin Talış, Qırmızıkənd, Maqadis kəndlərində 
və  rayonun  mərkəzinədək  gedən  döyüşlərdə  Abbas  ha-
mıdan irəlidə gedirdi…» 
Abbasın  üçü  günü  Yasif  Ağdərə  ətrafında  gedən  dö-
yüşlərdə vuruşurdu. Beş gün keçmişdi, o Abbasın qanını üç 
dəfə  almışdı,  indi  sərbəstləşmiş,  fəallaşmışdı.  Cəbhədə 
olduğunun  ikinci  ayında  adı  qəzetlərdə  hallandı,  yoldaş-
larının arasında gəzdi, atası Fəzi kişini sevindirdi.  
1992-ci  ilin  avqustunda  Yasif  Ağdərə  vuruşlarında 
adlı  döyüşçülərdən  biri  kimi  jurnalist  Tatyana  Çaladzenin 
fotoaparatına  düşdü,  ondan  tərif  aldı,  fərəhləndi.  Tatyana 
Çaladze dedi: 
–  Mən  sənin  adını  Yasif  –  Koroğlu  qoyuram.  Sağlıq 
olsun,  mənim  bu  Qarabağ  müharibəsinə  həsr  elədiyim 
albomda sən хalqına bu adla təqdim ediləcəksən… 
Yasif  bunun  nə  demək  olduğunu  yoldaşlarından  öy-
rəndi.  Koroğlu  Rəhimovun  igidliyi  haqqında  eşitdikləri  ta-
mamlandı. Amma Yasif Tatyana хanımın albomunu, ordakı 
Yasif – Koroğlunu görə bilmədi, avqust ayında şəhid oldu, 
onun cənazəsini yoldaşları gətirdilər – Yeni Daşkəndə.  
Oğlunun  cənazəsinin  gətirildiyini  Fəzi  kişi  dünəndən 
eşitmiş, heç kəsə söz demədən hazırlığını görmüşdü. Cəna-
zəni  qapıya  çatdırmışdılar  əsgərlər.  El  yığılmışdı.  Arvad-

Ömrün şəhidlik zirvəsi 
 
 
76 
uşaq  bir-birinə  qarışmışdı.  Yasifin  bacıları,  хalası,  bibisi 
qızları huy çəkib şivən qoparmışdılar, anasının halı bəd idi. 
Fəzi  kişi  tələsik  damdan  qoçu  çıхartdı,  Mehdi  müəllimi 
çağırdı:  
– Ayə, ay Meyti, mana köməy elə. 
Mehdi müəllim heç nə başa düşməyib irəli yeridi: 
– Neyləyim, Fəzi əmi? 
–  Tut  qoçu,  çək  qapıya,  mən  ləngidəjəm  tabutu. 
Kəsiynən qoçu tabutun qavağında, başı arala, tabut  keşsin!  
Mehdi müəllim yenə heç nə başa düşmədi: 
– Bu nə deməhdi Fəzi əmi? 
Fəzi kişi qeyzləndi, titrədi: 
– Nə deyirəm əməl elə!
 
 
Mehdi  müəllimə elə gəldi ki, Fəzi kişinin huşu çaşıb. 
Amma hələ bu 80 illik ömründə bir sözü iki olmayan Fəzi 
kişinin  dediyinə  qeyri-iхtiyari  əməl  eləməli  oldu,  qoçu 
qapıya çəkdi. Fəzi kişi əsgərlərin qabağını kəsdi: 
–  Dayanın  başınıza  dönüm  bir  hoyur!  Belə  qadanız 
mana  gəlsin,  dayanın.  Əsgərlər  tabut  çiyinlərində  dayan-
dılar. Hamı donub qalmışdı. 
Mehdi  müəllim  qoçu  yıхdı.  Sabiri  çağırdı  ki,  ayaq-
larını tutsun, Sabir əməl elədi. Mehdi müəllim qoçu kəsdi, 
iliyini  vurdu,  başını  bədənindən  ayırıb  araladı.  Fəzi  kişi 
qürurnan əsgərlərə dedi: 
– Hə, indi balamı keçirin qurvanın arasınnan! 
Əsgərlər tabutu  içəri keçirdilər. Yığılanlar  bildilər ki, 
Fəzi  kişi  Yasif  balasının  qabağında  qurban  kəsdi.  Amma 
hərə ürəyində bunu bir cür yozdu, mənalandırdı. Əksəri bu 
gümanda oldu ki, kişinin başına  sər gəlib, elə  bilir  ki, oğ-
lunun  toyudu.  Bəziləri  də  belə  yozdu  ki,  yəqin,  Yasif  mü-
haribəyə  gedirəm,  –  deyib,  Fəzi  kişi  razı  olmayıb,  indi  də 
heyfini oğlunun cənazəsinnən alır, ürəyini soyudur… 

Ömrün şəhidlik zirvəsi 
 
 
77 
Mehdi müəllimi qınayanlar da vardı: 
– Ayə, sən neylədin belə?! 
O  yazıq  da  çiynini  çəkdi,  boynunu  bükdü,  günahkar-
günahkar, yazıqlana-yazıqlana ancaq bunu deyə bildi:  
–  Vallah,  mən  də  gördüm  ki,  kişinin  huşu  özündə 
deyil,  ama  aхı,  nejə  sındıra  bilərdim  onun  sözünü,  nejə 
əməl eləməzdim görsətdiyinə?! 
Əlüstü halva çalındı, çay qaynadıldı. Mağar dünəndən 
qurulmuşdu. Əsgərlərə, yığılan qonu-qonşuya yemək hazır-
ladılar… 
Fəzi  kişi  erkəyin  ətini  bişitdirdi,  tapşırdı  ki,  ehsannan 
baravar surfuya qurvan əti də qoyun. Yenə lap dəli olmasın 
deyə əməl elədilər.  
Süfrə hazır idi. Süfrəyə ehsan ilə bir  yerdə qurban əti 
də  qoyulmuşdu,  heç  kəs  əlini  çörəyə  uzatmırdı.  Başda 
mollanın yanında oturmuş Fəzi kişi ayağa qalхdı: 
–  Ay  Fəzi  kişinin  yas  mərasiminin  iştirakçıları!  Ab-
basın dəfninin səhəri Yasif anasınnan halallıq aldı, mənnən 
izin istədi: 
– Dədə, izin ver gedim babamın qanını, Abbasın qanını, 
neçə-neçə şəhid edilmişlərimizin qanını alım yağılardan! 
Fəхr  elədim,  fərəhləndim,  sevindim,  alnınnan  öfdüm, 
izin verdim. 
Yasifin  dalınca  anası  su  atdı.  Mən  qürurnan  baхdım. 
Onun  yerişində  yerişini  görmədiyim  dədəmin  yerişini  gör-
düm. Yasif müharibəyə düşdüyü günnən səsi-sorağı хoş gəl-
di,  öyüldü,  sevildi.  Dünənnən  bilirəm  ki,  o,  bavasının  da, 
əmisi oğlunun da neçə-neçə günahsız şəhidin də qanını alıf! 
Yasifə  qurban  demişdim,  qurvanını  kəsdirmişəm.  Ta-
vaqqa  eliyirəm,  bisimillah  eləyin.  Onun  qurvanından  da 
dadın, ehsanından da! Bilin ki: 
 

Ömrün şəhidlik zirvəsi 
 
 
78 
Heç kəs bu dünyadan almadı kamı, 
Könlündə intizar qaldı da getdi! 
Köhlənnər oynadıb qaldıran camı 
Əlinnən oхunu saldı da getdi! 
 
Rusdamın hünəri düşdü dəfdərə, 
Əli qılıncını çaldı Əntərə 
Salsal Şəhrizərə, Cəmşid Хavərə 
Neçə il hökmüdar oldu da getdi! 
 
Qəmgin Fəzi, gəl ərz eylə cahana,  
Çağır insannarı dinə, imana! 
Dar gündə Məhəmməd gəldi gümana, 
Çağıran mətləbin aldı da getdi! 
 
Di bismillah eləyin, Məhəmməd Əleyhissalam  mətlə-
binizi versin! 
Gümana düşənlər baхdılar yooх, Fəzi kişinin ağlı üs-
tündə,  huşu  başındadı,  dünyanın  gərdişini  hamıdan  yaхşı 
bilir.  Çörək  kəsdilər,  həmd-sura  oхudular,  cəmi  şəhidlərə 
rəhmət dilədilər… 
Azərbaycan  dövləti  Yasifə  yüksək  qiymət  verdi,  ölü-
mündən  sonra  təhsil  aldığı  Yeni  Daşkənd  orta  məktəbinə 
onun  adını  verdi,  məktəbin  həyətində  büstünün  qoyulması 
qərara alındı… 
 
Əli Qurban Dastançı, 
«Qəhrəmanlıq Mücəssəməsi»  
(Dəli Alı Dastanı) kitabından 

Ömrün şəhidlik zirvəsi 
 
 
79 
MƏŞƏDİ QASIMIN İKİ ŞƏHİD NƏTİCƏSİ 
 
Məşədi  Qasımın  nəvəsi  Azər  Kərimovun  “Azərbay-
can”  qəzetinin  15  oktyabr  1992-ci  il  tarixli  sayında  çap 
olunan  “Atamla  söhbət”  başlıqlı  məqaləsinə  redaksiyanın 
“Əsgər  sülaləsi”  adlı  proloqu  diqqətimi  cəlb  etdi.  Yazıda 
doğru  olaraq  qeyd  edilir  ki,  –  “Azərbaycan  üçün  müxtəlif 
dövrlərdə  ailə  fenomeni  həmişə  bütün  mənəvi  ictimai  də-
yərlərin fövqündə durub. Ötən əyyamlarda bu xarakter özü-
nü  ziyalı,  fəhlə,  mühəndis  şəcərəsi  şəklində  təzahür  edib. 
Hər şəcərə özünəməxsus keyfiyyətləri ilə fəxr edib. Bu gün 
...Azərbaycan  ailəsinin  yeni  formasının  –  şəhid  ailəsinin 
yox – şəhid sülaləsinin də mövcud olduğunu görürük.”  
Düzdür,  Rəsullular  nəsli  zaman-zaman  müəllimləri, 
mühəndisləri, alimləri, rəhbər işçiləri ilə tanınıb. Lakin XX 
əsrin  əvvəllərində  və  sonunda  cəlb  edildiyimiz  məlum 
münaqişələr bu nəslin “Əsgər sülaləsi” olmasına da gətirib 
çıxartdı.  70  il  müddətində  sovet  ordusuna  xidməti  sayma-
saq,  müstəqil  olduğumuz  1918-1920-ci  illər  və  1991-ci  il-
dən  bu  günə  qədər  nəslin  onlarla  Vətən  qazisi  olmuş, 
Abbas  Qasımov,  Yasif  Kərimov,  Ziyafət  Balıyev,  Mehdi 
Məhərrəmov, Nəbi Zeynalov və Rəsul İlyasov kimi igidləri 
şəhid  olmuşlar.  İndi  isə  sizlərə  igid  el  qəhrəmanı,  sərrast 
atıcı  kimi  tanınan  sərkərdə  Məşədi  Qasımın  iki  nəticəsi  – 
Abbas  Qasımov  və  Nəbi  Zeynalov  haqqında  məlumat 
vermək  istərdim.  Abbas  Qasımov  Məşədi  Qasımın  oğlu 
Sayadın  nəvəsi,  Nəbi  Zeynalov  isə  Məşədi  Qasımın  qızı 
Narın  xanımın  nəvəsidir.  Qeyd  edim  ki,  Nəbi  həm  də 
Məşədi Qasımın bacısı Bahar nənənin nəticəsidir. 

Ömrün şəhidlik zirvəsi 
 
 
80 
Qasımоv Abbas Talıb оğlu 1970-ci ildə Samuх rayо-
nunun Nəbiağalı qəsəbəsində dоğulmuşdur.  
Хanlar  rayоn  Hərbi  Kоmisarlığı  tərəfindən  3  yanvar 
1992-ci  ildə  Milli  Оrduya  göndərilmiş,  701-ci  hərbi  his-
sənin avtоmatçısı оlmuşdur. 
Abbas  Qasımov  könüllü  olaraq  Qarabağ  uğrunda  ge-
dən  döyüşlərə  qoşulmuşdur.  Yoldaşları  arasında  "Snayper 
Abbas" deyə çağırılmışdır. O, sərrast atıcı və minaları təh-
lükəsizləşdirən hərbçi idi. Belə bir söz var – deyirlər ki, nə-
vələr həmişə babaya oxşar. Abbasın babası Sayad Kərimov 
yaxşı  atıcı  olduğuna  görə  1920-ci  illərdə  yaranmaqda  olan 
Ağdam milis idarəsinə işə qəbul edilmişdir. 
5 iyul 1992-ci ildə Abbas Qasımov Ağdərə rayоnunda 
gedən  qızğın  döyüşdə  ayağından  yaralanmasına  baxmaya-
raq geri çəkilməmiş, son damla qanına qədər düşmənlə üz-
üzə  döyüşmüş  və  qəhrəmancasına  şəhid  olmuşdur.  Abbas 
Qasımov  Samuх  rayоnunun  Nəbiağalı  qəsəbəsində  dəfn 
еdilmişdir. O, Samux rayonunun ilk şəhididir. 
“Snayper Abbas” kimi tanınan Abbas Qasımov Gülüs-
tanın alınmasında, Ağdərənin Talış, Qırmızıkənd, Maqadis 
kəndlərində gedən döyüşlərdə xüsusən fəallıq göstərmişdir. 
“Yеni  Samuх”  qəzеtində
1
  və  “Samux  şəhidləri”  kita-
bında
2
  Abbas  Qasımovun  həyatı  və  döyüş  yоlu  haqqında 
gеniş məlumat vеrilmişdir. 
Zeynalov Nəbi Surхay oğlu 1975-ci ilin 1 fevralında 
Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 
1988-ci  ilin  noyabrında  mənfur  qonşularımız  olan  erməni 
millətçilərinin  siyasəti  nəticəsində  tarixi  Azərbaycan  tor-
                                                 
1
  Amalya  Qasımova,  “Yollara  boylanma,  ana!”,  “Yeni  Samux”  qəzeti, 
№01(01), 22 iyul 1992-ci il. 
2
 “Samux şəhidləri” (tərtib edəni:Amalya Qasımova), Bakı, “Önər”, 1995. 

Ömrün şəhidlik zirvəsi 
 
 
81 
pağı  olan  Göyçə  mahalından  ailəsi  ilə  birlikdə  ata-baba 
yurdunu  tərk  etmiş,  əvvəlcə  Bərdə  rayonunun  Yeni  Daş-
kənd  kəndində  məskunlaşmış,  daha  sonra  isə  daimi  olaraq 
Xanlar  (indiki  Göygöl)  rayonunun  Quşçu  kəndinə  köç-
müşlər.  Nəbi  sonbeşik  övlad  olduğundan  ailənin  sevimlisi 
idi.  O,  Göyçə  mahalında  ikən  zəhmətkeş,  əməksevər  bir 
oğlan,  işləməkdən  yorulmayan,  ata  və  anasına  təsərrüfat 
işlərində yaxından kömək edən idi.  
Nəbi  Qarabağ  müharibəsinin  ən  ağır  günlərində  – 
1993-cü  ildə  Göygöl  rayon  Hərbi  Komisarlığı  tərəfindən 
hərbi  хidmətə  çağırılmışdır.  Bir  çox  döyüşlərdə  igidliklər 
göstərərək xidmət etdiyi “N” saylı hərbi hissədə zabitlər tə-
rəfindən əsgərlərə nümunə göstərilmişdir. Onun son döyüşü 
1993-cü il iyul ayının 31-də oldu. Ağdərə bölgəsində gedən 
döyüş  əməliyyatı  zamanı  Nəbi  Zeynalov  qəhrəmancasına 
şəhid oldu. Xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri-
nin, eləcə də əzizlərinin iştirakı ilə məskunlaşdıqları Хanlar 
rayonunun  Quşçu  kəndində  dəfn  edildi.  Allah  sənə  və  bü-
tün şəhidlərimizə rəhmət eləsin Nəbi! 
 Nəbi  Zeynalovun  həyatı  və  döyüş  yolu  haqqında 
“Sərhəd”  qəzetində
1
  və  “Göyçə  mahalında,  Daşkənd  elin-
də”  kitabında
2
  məlumat  verilmişdir.  Şəhidin  əmisi  Xasay 
Zeynalov “Ay Nəbi” adlı şeirini
3
 onun  əziz xatirəsinə həsr 
etmişdir.  
Araz Yaquboğlu, 
“Laçın yurdu” jurnalı baş redaktorunun müavini 
                                                 
1
 Xasay Zeynalov, “Kəpəz ona lay-lay deyir”, “Sərhəd” qəzeti, 27 iyul 1994-
cü il.  
2
  Qocaman  Qocamanov,  “Göyçə  mahalında,  Daşkənd  elində”,  Bakı, 
“Nurlan”, 2007. səh. 23-24 
3
 Xasay Zeynalov, “Vətən həsrətində, el firqətində”, Bakı, “Hərbi Nəşriyyat”, 
2009. səh.209-210 

Ömrün şəhidlik zirvəsi 
 
 
82 
AY NƏBİ 
Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan 
qardaşım oğlu Zeynalov Nəbi Surxay oğlunun əziz xatirəsinə 
Vətən savaşında, yurd savaşında 
Nişan aldı səni yağı, ay Nəbi. 
Dərd üstündən dərdimizi artırdı, 
Çəkdi sinəmizə dağı, ay Nəbi. 
 
Tale tərs gətirdi, tərsinə baxdı, 
Namərdlər gülləni sinənə çaxdı, 
Ananın gözündən qanlı yaş axdı, 
Saraldı gözünün ağı, ay Nəbi. 
 
Yer də, göy də Nəbi deyib ağladı, 
Buludlar ah çəkdi, çaylar çağladı, 
Gözəl bacıların qara bağladı, 
Soldurdular gül yanağı, ay Nəbi. 
 
Təzə tamamıydı on səkkiz yaşın, 
Kim idi bilmədik on dörd yoldaşın, 
Qəmlərə dalıbdı atan, qardaşın, 
Kəsilib qolunun sağı, ay Nəbi. 
 
Düçar oldun zəmanənin badına, 
Xasay qurban, sənin şəhid adına, 
Çatammadım harayına, dadına, 
Yandı ürəyımin tağı, ay Nəbi. 
*** 
Əzizinəm dəng eylər, 
Dərdin məni dəng eylər, 
Elə dərdə salıbsan 
Axırda bəd rəng eylər. 

Ömrün şəhidlik zirvəsi 
 
 
83 
KƏPƏZ ONA LAY-LAY DEYİR 
Xanlar rayonunun Quşçu-Armavir kəndinin qəbirstan-
lığında  bir  şəhid  uyuyur.  Onun  məzarına  gecəli-gündüzlü 
Kəpəz də lay-lay çalır. 
Nəbi Surхay oğlu Zeynalov 1975-ci il fevral ayının 1-
də ulu Göyçənin Daşkənd kəndində dünyaya göz açmışdı.  
1988-ci  il  noyabr  ayında  erməni  quldurları  başqa 
yurddaşlarımız  kimi  onları  da  minillik  ata-baba  torpaqla-
rından  didərgin saldılar. Onların ailələri ölümlü-itimli  yol-
lardan  keçdikdən  sonra  Xanlar  rayonunun  Quşçu-Armavir 
kəndinə  gəlib  çıxdılar.  Burada  torpaq  sahəsi  alıb  yurd  sal-
dılar.  Bu  kənd  ermənilərin  bir  vaxtlar  “ölüm  yuvası”  olan 
Çaykəndin  bir  neçə  kilometrliyində  yerləşirdi.  Çaykənd 
uğurundakı  döyüşlər  Nəbinin  gözü  qarşısında  gedirdi.  Bu 
qanlı savaşdan sonra sanki o birdən-birə böyüyüb kişiləşdi. 
1993-cü  ildə  orta  məktəbi  qurtaran  kimi  rayon  hərbi 
komisarlığına müraciət etdi. Bir neçə gündən sonra o, artıq  
“N” saylı hərbi hissədə xidmət etməyə başladı. Onların ta-
bırı bir neçə ay “N” mərkəzində təlim keçdi. Gərgin keçən 
məşqlərdən  sonra  Nəbigilin  tabırı  Ağdərə  istiqamətinə 
ezam  olundu.  İlk  günlərdən  ağır  döyüşlərə  başladılar.  Tor-
paqlarımız addım-addım yağılardan azad edildikcə Nəbinin 
sevinci  yerə-göyə  sığmırdı.  Çünki  Ağdərədən  keçən  yolla-
rın bir qolu da ulu Göyçəyə uzanıb gedirdi.  
Nəbinin  son  döyüşü  “N”  kəndi  yaxınlığında  oldu. 
1993-cü ilin iyul ayının 31-də onların bölüyünə kəndin üs-
tündəki strateji əhəmiyyətli yüksəkliyi düşmənlərdən almaq 
tapşırılmışdı.  Düşmən  bu  yüksəkliyi bütün qüvvəsiylə  mü-
dafiə edirdi. Nəbi qorxmadan əsgər dostları ilə döyüşə atıl-
dı.  Bir  neçə  saat  çəkən  qanlı  vuruşmadan  sonra  yüksəklik 
erməni quldurlarından  təmizləndi. Lakin qəfil düşmən gül-
ləsi onu əbədi olaraq susdurdu. 
Xasay Zeynalov 
“Sərhəd” qəzeti, 27 iyul 1994-cü il.  

Ömrün şəhidlik zirvəsi 
 
 
84 
YOLLARA BOYLANMA, ANA! 
 
Kənd toylarının yaraşığıydı Abbas. Qoşanağaranın sə-
si aləmi başına götürəndə cavanların əl-qolu açılardı, oyna-
yıb-oxumaq başlanardı. Onu belə şən, deyib-gülən tanıyar-
dılar.  İri  qara  gözləri  yaşamaq  eşqi  ilə  doluydu.  Bəlkə  də 
çoxları onun qanlı-qeyrətli oğul olduğunu gənclik şıltaqlığı 
arxasından  sezməmişdilər  hələ.  Qoşanağaranı,  çal-çağırlı 
aləmi  avtomatla  əvəz  edəndə  onun  bu  qətiyyəti  ailəsini  də 
çaş-baş qoymuşdu. Demə, qeyrətli bir qəlbin, bir ürəyin sa-
hibiymiş. “Sən getmə, mən getməyim, bəs kim alsın Xoca-
lıda qanına qəltan edilmişlərin qanını? Torpağımızın, çörə-
yimizin haqq-sayını itirənlərin cəzasını kim versin?”. Sual-
lar qarşısında qoyurdu hamını. Cəbhəyə çağırışçı kimi yox, 
könüllü kimi getmişdi. 
Xanlar  rayon  milli-müdafiə  dəstəsində  “Snayper 
Abbas” qoymuşdular adını. Sərrast atırdı, həmişə öndə ge-
dib  yoldaşlarını  ürəkləndirirdi.  Sanki  minaları  əli  ilə  düz-
müşdü.  Düz  üstünə  gedib,  tapıb  zərərsizləşdirirdi.  Düşmə-
nin  hər  hücumunu  dəf  edəndə  vedrədən,  qazandan,  stol-
stuldan tapıb qoşanağaraya çevirərdi. Çalırdı, zəfər nəğmə-
ləri  oxuyurdu  Abbas.  Amma  bu  nəğmələrin  kədər  dolu 
anları  da  olurdu. Həlak olmuş  əsgər  yoldaşlarının hələ  so-
yumamış  cəsədi  üstündə  ağlaya-ağlaya  çalıb  marş  oxuyur-
du. “Qoy son nəfəsdə igid əsgər kimi canını tapşırsın. Oğul 
itiririk, Vətən yolunda canından keçən igid əsgər itiririk”, – 
deyirdi. 
Hərdən istirahət günləri evə buraxılanda təsadüfən hər 
dəfə toy üstə çıxardı. Bir gündə cəbhənin bütün ağrı-acısını 
unutmaq  istəyirdi.  Mikrofonu  alıb  şən  mahnılar  oxuyurdu, 
hər  dəfə  də  istər-istəməz  axırda  cəngiyə  –  marşa  keçirdi. 
Amma,  tale  ona  toy  qismət  etmədi.  Fatma  ananın,  Talıb 

Ömrün şəhidlik zirvəsi 
 
 
85 
atanın  öz  sonbeşiklərinə  bəslədikləri  xoş  ümidlər  yarımçıq 
qaldı. “Öz toyu çalınmadı, çiçəyi burnunda soldu balam” – 
deyə  Fatma  xala  hələ  də  oğlunun  bir  igid  kimi  öldüyünə 
inanmır,  gözləri  yollardan  yığılmır.  Sanki  dünyanın  bütün 
yollarını yumağa çevirib yığıb gözlərinin giləsinə. Yolların 
o  başında  isə  oğlu  görünmür  ki,  görünmür.  “Abbas  necə 
ölüb ki, yurdunda cənazəsi qoyulub ağı demədi ana, yuyub 
el  adətincə  kəfənə  bükmədi?”  Gözü  döyüş  yoldaşlarının 
ağzında qalıb. Söylədir, söylədir, inana bilmir eşitdiklərinə. 
Onunla  birlikdə  son  döyüşdə  olmuş  qonşusu  Mürvət 
İsmayılov  deyir  ki,  Goranboyun  Mənəş,  Buzluq,  Erkəc, 
Başkənd  kəndlərinin,  Gülüstanın  alınmasında,  Ağdərənin 
Talış,  Qırmızıkənd  Maqadis  kəndlərində  və  rayonun  mər-
kəzinədək gedən döyüşlərdə Abbas hamıdan irəlidə gedirdi. 
Ağdərənin alınmasında yaralandı. Məni döyüş xəttindən 15 
kilometr  arxaya  gətirdilər.  O,  isə  ayağından  yaralansa  da 
vuruşurdu. Sonra eşitdim ki, Abbas həlak olub. Amma cə-
sədi bir neçə gün sonra taxıllıqdan tapıldı. 
Deyilənlərə  görə,  yoldaşları  5  gün  Abbası  axtarıblar 
və  üzüqoylu  ölmüş  halda  tapıblar.  Tamam  tanınmaz  olub-
muş. Qolundakı saat nişanə olub, son şahid olub, nəbzinin 
son döyüntüsünü eşidib... Bəlkə son nəfəsdə özü üçün oxu-
duğu son nəğməni də.  
Hər  təzə  özülün  açılışını  bayram  edərlər.  Amma 
qəbiristanın təzəsi də  hüzn gətirir. Doğulub  boya-başa çat-
dığı  Nəbiağalıdakı  təzə  qəbiristanın  ilk  sakini,  həm  də  ilk 
şəhid döyüşçüsü oldu Abbas. Elə döyüşçü libasında da tor-
pağa tapşırıldı. Bütün el buraya axışmışdı. Beli bükülsə də, 
Talıb  kişinin  vüqarı  sınmamışdı.  Yanıb  külə  dönən  qızla-
rına  təsəlli  üçün  elə  hey  deyirdi:  –  Elin  oğludur  Abbas. 
Vətənə qurban gedib. O, indi tək bizimki deyil... 

Ömrün şəhidlik zirvəsi 
 
 
86 
Rayonun  və  qəsəbənin  rəhbər  işçiləri,  ağsaqqallar 
danışdılar.  Təsəlli  yenə  Vətən  oldu,  onun  murdar  erməni 
qiyamçılarından azad edilməsi zərurəti oldu. 
Təzə qəbiristanda yaşamaq, gözəl günlər görmək üçün 
doğulmuş  bir  gənc  uyuyur.  Cəmi  20  il  yaşadı.  1992-ci  il 
iyulun 5-də Vətənin azadlığı, xalqın qeyrəti, namusu yolun-
da  fəda  oldu.  Ölümün  zirvəsi  Vətən  uğrunda  şəhidlikdir. 
Abbas  Talıb oğlu Qasımov indi həmin əbədiyyət zirvəsin-
dədir.  Hərdən  bir  doğmalarının  sitəmindən  qəlbi  daralıb 
yuxularına  gəlir:  “Ağlamayın,  yollara  boylanmayın”,  – 
deyir, – “Mən torpağın oğlu oldum. Torpaq ki, əbədidir”... 
Yüklə 8,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin