Zülalın nəqli. Normada yumaqcıqlarda filtrasiya olunan zülalın
(17 – 20 q/gün) hamısı proksimal kanalcıqlarda reabsorbsiya olunur
və gündəlik sidiklə cüzi miqdarda – 10 mq-dan 80 mq qədər zülal
ifraz olunur. Zülalların kanalcıq transportu aktiv prosesdir və bu işdə
proteolitik fermentlər iştirak edirlər. Zülalın reabsorbsiyası proksi-
mal kanalcıqlarda pinositoz nəticəsində baş verir. Bu zaman zülal
hüceyrə xovunda əmələ gələn mikroskopik batıqlığa daxil olur.
Batıqlıq mikroskopik qovuğa (qovuq - pinos) çevrilir. Qovuq hərəkət
edərək hüceyrə lizosimi ilə birləşir. Lizosimdə olan proteolitik
fermentlərin təsirindən zülal amin turşularına parçalanır. Zülal hü-
ceyrənin əsas zarından keçərək hüceyrəarası mayeyə keçir. Zülalın
yumaqcıqdan artıq miqdarda filtrasiyası zamanı, kanalcıq epitelisinin
reabsorbsiya qabiliyyətinin aşağı düşməsi nəticəsində zülal tam reab-
sorbsiya olmur və sidikdə peyda olur (proteinuriya).