Durulaşdırma sınağı. Səhər acqarına xəstəyə 30-45 dəqiqə
ərzində 1-1,5 l su və ya açıq rəngli çay verilir. Sonra 4 saat ərzində
hər yarım saatdan bir sidik yığılır. Sidiyin hər porsiyasının miqdarı
və nisbi sıxlığı yoxlanılır. Sağlam adamlarda 4 saat ərzində 75%
içilmiş su xaric olur və nisbi sıxlığı 1,003-1,001-ə düşür, birinci
porsiya daha aşağı olur. Bədən kütləsinin hər kq-na 22 ml məhlul
yeritməklə bu sınağın dəqiqliyi daha da artırılır. Böyrəyin funksiyası
pozulduqda sidiyin nisbi sıxlığı 1,006-1,007 üzərində «monoton»
olaraq qalır, çıxan sidik isə bədənə daxil edilmiş məhluldan xeyli az
olur. Ağır böyrək çatışmazlığında sidiyin nisbi sıxlığı 1,009-1,011
olur, bu da ultrafiltratın nisbi sıxlığına bərabərdir. Yüksək arterial
təzyiq və ödemlər olduqda sınağın aparılması əks göstərişdir.