119
V F Ə S Ġ L
ƏDƏBĠ DĠL, ONUN NORMALARI
Nitq mədəniyyətinin nəzəri əsaslarından danışılarkən, adətən, ədəbi dilin
normaları öz plana çıxır. Dildə (eləcə də nitqdə) norma tənzimləyici, nizamlayıcı
funksiyanı yerinə yetirir. Nisbi sabitliyi yaradır. Ədəbi dilin normaları mütləq
deyil, dəyişkəndir, müəyyən tarixi şəraitdən asılı olaraq bu və ya digər dərəcədə
dəyişikliyə uğrayır. Bu hal dilin orfoqrafik və leksik normalarında daha çox özünü
göstərir. Orfoqrafiya qaydalarında dəfələrlə edilən dəyişikliklər, onlarla sözün
yeni qaydalara uyğun yazılması, eləcə də dilin lüğət tərkibində bir sıra sözlərin
ünsiyyətdən çıxması, yeni sözlərin dilə gəlməsi halları bu dəyişikliyə,
yeniləşməyə sübutdur.
Ədəbi dilin normaları kütləvi xarakterdədir. Yəni hamı tərəfindən
anlaşılan, hamının dil ünsiyyəti üçün yararlıdır. “Ədəbi dilin normalaşdırılması o
deməkdir ki, onun lüğət tərkibi ümumxalq dilinin zəngin söz xəzinəsindən seçilir,
ayrılır, sözlərin mənası və işlənmə məqamları, tələffüz tərzi və yazılış qaydası
müəyyən prinsiplərə tabe edilir, sözdüzəltmə ümumi ənənəvi qaydada aparılır,
ədəbi dil dialektlərə, loru dilə, jarqonlara qarşı qoyulur” (12, 104).
Ədəbi dilin normalarını pozanlar ictimaiyyət tərəfindən məzəmmət
olunurlar. Fransa, Latviya və digər inkişaf etmiş ölkələrdə dil qanunlarını pozanlar
hətta cəzalandırılır. Məhz bu normaların sayəsində nitqin bütün şəraitində -
məişətdə, istehsalatda, ictimai-siyasi mühitdə, təhsildə və s. yerlərdə dil özünün
müxtəlif ünsiyyət fəaliyyətini lazımi səviyyədə yerinə yetirə bilir.
Ədəbi dilin normaları onun bütün səviyyəsini əhatə edir: fonetik
normalar, leksik normalar, qrammatik normalar, orfoqrafik normalar, orfoepik
normalar, üslub normaları. Bu normalardan, xüsusilə dilin leksik vahidlərindən
yerində, məqamında məqsədəuyğun istifadə edildikdə mədəni nitqə nail olmaq
mümkündür.
“Danışan və yazan şəxs öz fikirlərinin ifadəsində dil vasitələrindən
məqsədəuyğun ifadə edirsə, onun nitqi aydın, dəqiq, məntiqi, təsirli, zəngin,
120
düzgün olacaqdır. Nitq fəaliyyətində dil normalarının və məqsədəuyğunluq
normasının ittifaqı nitqdə aşağıdakı üslubi keyfiyyətləri yaradır: düzgünlük,
dəqiqlik, aydınlıq, məntiqilik, ardıcıllıq, ifadəlilik, məqamlıq, ahəngdarlıq. Məhz
bu keyfiyyətlərə malik olmaqla dil öz funksiyasını (anlaşma, məlumat vermək və
təsir göstərmək) lazımi səviyyədə, üslubi meyarlara uyğun şəkildə yerinə yetirə
bilər” (48, 167).
Fonetik normalar. Ədəbi dilin səs sistemi də normalar əsasında
tənzimlənir. Səslərin sözlərdə müəyyən düzülüş forması və ünsiyyətdə məqbul
sayılan fonetik dəyişmələrə uyğun variantları və ənənəvi deyiliş forması norma
kimi qəbul olunur. Məsələn, dilimizin ahəng qanununa görə şəkilçilər sözlərin son
hecasının ahənginə uyğun olaraq onlara qoşulur. Əgər binalar, anam, almaq,
gəlmək kimi sözlərdə şəkilçilər bunalər, anəm, almək, gəlmax şəklində işlədilirsə,
bu, fonetik normaya görə qüsur sayılır. Başqa bir misal: dilimizdə şəkilçi
tərkibində e, o, ö saitləri işlənmir. Yerli dialektdə sözlər aton, nənön, gəler, alacek
kimi işlədilirsə, deməli, burada da fonetik norma pozulmuş olur. Azərbaycan
dilinə məxsus sözlərdə vurğu, əsasən, sözün son hecası üzərinə düşür. Bəzilərinin
danışığında sözlər o`xu, da`ha, ba`şla, a`rzu, i`sim, si`fət kimi tələffüz olunursa,
yaxud mənəvi, mavi, vadar (etmək) kimi sözlərin birinci hecasındakı qısa tələffüz
olunursa bu da fonetik normadan uzaqlaşmadır. Dilimizin orfoepik qaydaları
fonetik normalara əsaslandığından təkrara yol verməmək üçün bu barədə (fonetik
normalar barədə) ədəbi tələffüzlə bağlı hissədə bir qədər geniş söhbət açmağı
lazım bildik.
Leksik normalar sözlərin incəlik, zəriflik, rəvanlıq cəhətdən daha geniş
işlənməsi, mənasının asan dərk olunması və s. baxımından uyarlısının
müəyyənləşdirilməsi və ədəbi dilə gətirilməsinə xidmət edir. Bu normalara görə
sözlərin ədəbi dildə işlənməsi aşağıdakı hallarda məqbul sayılmır:
a) sözlərin yerli şivə və dialektlərdə işlənən və ümumiyyət tərəfindən az
anlaşılan variantları: məs.: cəviz (qoz), sərək (ağılsız), soruq (döşəkağı), qəlbi
(hündür), tumo (zökəm) və s.
121
b) köhnəlmiş, ünsiyyətdə az işlənən sözlər. Bura tarixizmlər və arxaizmlər
daxildir. Məsələn, çuxa, əba, xış, badya (qab), dünğ, kəndxuda, suç, çuar (su
çuarı) və s.
c) loru sözlər və ifadələr. Məsələn, zırpı (böyük), lələş, qağa, fışqırıq,
dürtmək, anqırmaq, bağırmaq, böyürmək və s.
ç) sözlərin yerində işlənilməməsi. Məsələn, Azərbaycan xalqı yaxşı
yaşamağa məhkumdur (layiqdir əvəzinə); Biz bunlara müdaxilə göstərməyə
(etməyə əvəzinə) çalışdıq; Adama necə də həzz verirdi (ləzzət verirdi əvəzinə). Bu
il havaların pis keçməsilə bağlı qəbahət (çətinlik əvəzinə) yaranmışdır; İcazə
verin sizdən bir sual soruşum (sual verim əvəzinə) və s.
e) söyüş xarakterli sözlər, ifadələr.
Qrammatik normalar. Dilin qrammatik quruluşunun nitq prosesində
fəaliyyətini nizamlayır. Bu normalara dilin öz təbiəti, qanunauyğunluğu, dildə
axıcılıq, rəvanlıq, ardıcıllıq və s. tələblərin gözlənilməsi baxımından məqbul
sayılan əlaqə formaları, şəkilçilərin ardıcıllığı, sözlərin sıralanması, qrammatik
kateqoriyaların işlənməsi və s. ilə bağlı qaydalar daxildir. Qrammatik normalara
aşağıdakıları misal göstərək. Söz kökündən sonra əvvəlcə sözdüzəldici (söz
yaradan), sonra isə sözdəyişdirici şəkilçi (qrammatik funksiyanı yerinə yetirən)
işlənir. Məsələn; arı-çı-lıq-dan, sənət-çi-lər və s. Miqdar və qeyri-müəyyən
sayından sonra işlənən isim cəm şəkilçisi qəbul etmir: beş qələm, xeyli adam, dörd
göz otaq əvəzinə beş qələmlər, xeyli adamlar, dörd göz otaqlar demək düzgün
sayılmır. Nitq kommunikasiyasında sözlər müəyyən düzülüş qaydasına malik
olur: mübtəda cümlənin əvvəlində, xəbər sonunda, təyin isim və isimlə ifadə
olunan üzvdən əvvəl, tamamlıq ismi və feli xəbərin, zərflik xəbər, xəbər qrupunun
əvvəlində işlənir.
Bir qrammatik qaydaya görə cümlədə və ya abzasın əvvəlində işlənilən
isimlər sonra gələn cümlədə (eləcə də abzasda) şəxs əvəzlikləri və ya münasib
sözlərlə, ifadələrlə əvəz olunmalıdır. Bu eyni söz və ya ifadənin təkrarını aradan
qaldırmaqla nitqin ahəngdarlığını təmin edir. Amma bu qaydaya həmişə əməl
olunmur. Məsələn, M.M.Nəvvabın pedaqoji görüşləri ilə bağlı yazılmış avtore-
122
feratda yanaşı gələn iki səhifədəki on beş abzasın hamısı “M.M.Nəvvab” sözü ilə
başlanır. Belə hal, heç şübhəsiz ki, yazılı nitq üçün qüsur sayılır.
Deyilənlərdən əlavə digər kateqoriyaların, məsələn, mənsubiyyət, hal,
dərəcə, zaman, şəxs və sairənin ədəbi dildə işlədilməsi ilə bağlı qrammatik
normalar mövcuddur.
Həm yazılı, həm də şifahi nitqdə qrammatik normalardan uzaqlaşma
halları tez-tez müşahidə olunur. Məsələn;
a) Uzlaşma əlaqəsinin pozulması ilə bağlı qüsurlar:
1. Bir neçə maşın torpaqları həyətə tökdülər.
2. G.Aslanov 12 nəfərlik ailəsi ilə beton döşəmənin üstündə yaşayırlar.
3. Hər bir ailə qurmaq istəyən gənclər uçota götürülür.
b) İdarə əlaqəsinin pozulması ilə bağlı qüsurlar:
1. Ustalar 1400 oturacaq stullar təmir etdilər.
2. Bir çox ölkələrin müşahidəçilər seçkidə iştirak etdilər.
Birinci cümlədə stullar, ikinci cümlədə müşahidəçilər sözləri müəyyən
təsirlik halında işlənməlidir.
c) Yanaşma əlaqəsinin pozulması ilə bağlı qüsurlar:
1. Azərbaycanın bütün həyatının sahələri Avropaya inteqrasiya olunur
(olmalıdır: həyatının bütün sahələri).
2. Bizim daha da dostluğumuz artdı (olmalıdır: daha da artdı).
ç) Eyni və ya yaxınmənalı sözlərin təkrar olunması ilə bağlı qüsurlar:
1. Ona müvəffəqiyyət uğuru arzu edirəm.
2. Bu fəaliyyət XX əsrin əvvəlində daha da fəallaşdı.
3. Kompüterdə kompüteri öyrənirəm
4. Yaşarın yazdığı yazını oxudum və s.
Orfoqrafik normalar. Orfoqrafiya yunan sözü olub orhos doğru,
düzgün, qraphos yazıram deməkdir. Bu, orfoqrafiyanın lüğəvi mənasıdır. Onun
bir termin kimi mənası söz və qrammatik formaların vahid və sabit yazı
qaydalarının məcmusu, toplusu deməkdir: “Orfoqrafiya – yazılı dil vahidlərinin
yazılışını təmin edən qaydalar sistemidir” (18, 226). Milli dilimiz üçün cəmiyyət
123
tərəfindən qəbul edilən orfoqrafik qaydalar xalqa, milyonlara xidmət edir. Bu
qaydalar dövlət tərəfindən təsdiq olunur, onun tələblərinə əməl etmək hamı üçün
vacib sayılır.
Dilimizin orfoqrafiyası cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrlə
bağlı dəfələrlə yeniləşmiş, köhnə, dildə əsası qalmayan ünsürlər atılmış, bu yolla
yazı qaydaları dürüstləşdirilmiş və təkmilləşdirilmişdir. Orfoqrafiyamızın təkmil-
ləşdirilməsi istiqamətində aparılan dəyişikliklər, yeniliklər hər dəfə layihə
şəklində respublikanın ali və orta məktəblərində, yazıçıların, mətbuat orqan-
larının və digər əlaqədar təşkilatların yığıncaqlarında geniş bir şəkildə müzakirə
olunmuş, bu müzakirələrdə söylənilən faydalı, elmi təkliflər nəzərə alınaraq,
orfoqrafiyada müəyyən dəyişikliklər aparılmışdır. Bu dəyişikliklərlə bağlı
orfoqrafiya lüğətlər də hər dəfə yenidən tərtib edilərək nəşr olunmuşdur. İlk
orfoqrafiya lüğəti 1929-cu ildə (1925-ci ildə qəbul edilmiş orfoqrafiya qaydaları
əsasında) nəşr edilmişdir. 1939-cu ildə yeni əlifbaya keçməklə əlaqədar orfo-
qrafiya qaydalarında xeyli dəyişikliklər edilmiş, həmin dəyişikliklər 1940-cı ildə
nəşr olunan orfoqrafiya lüğətində öz əksini tapmışdır. Bu lüğətə 21 mindən artıq
söz daxil edilmişdir. 1958-ci ildə qəbul olunmuş orfoqrafiya qaydaları əsasında
1960-cı ildə növbəti lüğət (üçüncü lüğət) nəşr olunmuşdur. Lüğət 58 minə qədər
sözü əhatə edir. Bu lüğət dilimizin müasir leksikasını əks etdirə bilmək
baxımından, təbii ki, köhnəlmişdir. Lüğətin tərtibindən keçən vaxt ərzində elm,
texnika və mədəniyyətin inkişafı, ictimai quruluşun dəyişilməsi, sosial həyatın
digər sahələrindəki tərəqqi və yeniliklərlə əlaqədar dilimizin lüğət tərkibi də xeyli
zənginləşmişdir. Dildə bunun əksinə də proses baş vermişdir: bir sıra söz və
terminin işlənmə tezliyi zəifləmiş, onların bir çoxu ünsiyyətdən çıxmışdır. Bütün
bu hadisələr yeni tərtib olunacaq orfoqrafiya lüğətində öz əksini tapmalı idi.
Azərbaycan Respublikasının Prezidentinin 26 may 2004-cü il tarixli qərarı
ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi yeni orfoqrafiya
qaydaları bu sahədəki ehtiyacı ödəmək baxımından olduqca önəmli bir rol oynadı.
Hal-hazırda yeni orfoqrafiya qaydaları əsasında tərtib olunmuş orfoqrafiya lüğəti
çapdan çıxmışdır. Lüğət öz həcminə, tutumuna, sözlərin sayına görə fərqlənir.
124
Belə ki, 1975-ci ildə kiril əlifbası ilə çap edilmiş sonuncu “Azərbaycan dilinin
orfoqrafiya lüğəti” (artırılmış və təkmilləşdirilmiş üçüncü nəşri) cəmi 58.000 sözü
əhatə edirdisə, latın qrafikası ilə nəşr olunan yeni orfoqrafiya lüğətində 80.000-ə
yaxın sözün düzgün yazılışı göstərilmişdir.
Dildə, xüsusilə onun lüğət tərkibində otuz ilə yaxın müddət ərzində baş
vermiş yeniliklər, dəyişikliklər yeni orfoqrafiya lüğətində öz əksini tapmışdır.
Şübhəsiz, dil daimi inkişaf edir, onda yeni sözlər yaranır və ünsiyyət prosesində
istifadə olunur. Bu sözlərin də tərtib olunacaq növbəti lüğətə salınması zəruri
hesab edilir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, ümum-
milli liderimiz H.Əliyevin 2 yanvar 2003-cü il tarixli fərmanı ilə qüvvəyə minmiş
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının
Qanunu”nun 13-cü maddəsinin 2-ci bəndində yazılır: “Müvafiq icra hakimiyyəti
orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsdiq edən lüğətin
(orfoqrafiya lüğətini) nəşr olunmasını təmin edir”.
Dilimizin tətbiqi dairəsinin günü-gündən genişləndiyi indiki zamanda
yeni orfoqrafik qaydaların təsdiqi, ona müvafiq təkmil lüğətin, dildə hər gün
yaranan və kənardan daxil olan söz və ifadələrin yazılışını göstərən yeni sorğu
kitabları “Yeni sözlərin orfoqrafiya lüğəti”, “Necə yazılmalıdır?”, “Bitişik, yoxsa
ayrı?”, “Biz düzmü yazırıq?”, “Orfoqrafiyamızda mübahisəli məsələlər” və s.
başlıqlar altında nəşr olunub istifadəyə verilməlidir. Belə vəsaitlər orfoqrafiyadakı
dəyişiklikləri, yenilikləri operativ şəkildə diqqətə çatdırmaq, göstərmək baxımın-
dan əhəmiyyətli, vacib sayılmalıdır.
Orfoqrafiya qaydaları tərtib olunarkən üç prinsip əsas götürülür: fonetik,
morfoloji və tarixi-ənənəvi prinsip.
Fonetik prinsip – Orfoqrafiyanın əsas və başlıca prinsipidir. Bu prinsipə
görə sözlər eşidildiyi kimi, tələffüzə uyğun şəkildə yazılır. Dilimizdəki sözlərin
böyük bir hissəsinin yazılışında bu prinsip əsas götürülür. Məs.: qardaş, bacı,
adam, idman, qərənfil, qalın, qırmızı, yaşıl, altı və s. Fonetik prinsip yazıda həm
asanlığı, həm də demokratikliyi təmin edən prinsipdir. Ona görə asandır ki, yazan
tələffüzü əsas tutur, sözü necə eşidir və ya deyirsə, elə də yazır. Demokratikdir,
125
ona görə ki, bu prinsip yazını canlı dilə, xalq dilinə yaxınlaşdırır, yazılışla deyiliş
arasındakı ayrılığa, uyğunsuzluğa yol vermir. Lakin bununla belə, təkcə fonetik
prinsipə əsaslanıb söz və qrammatik formaları tələffüzə uyğun, səsləndiyi kimi
yaza bilmərik. Çünki bir sıra söz, yaxud şəkilçi dildə müxtəlif şəkildə tələffüz
olunur. Məs.: asan, asand, hasan, hasant; ev, əv, öy; pendir, pəndir, pənir; deyil,
degil, dögül, dəyil; pəncərə, pencərə; darvaza, dərvaza və s. Eləcə də bəzi
şəkilçilər adi danışıq dilində yazıldığından fərqli şəkildə tələffüz edilir. Məs.; -
lar/-lər şəkilçisi: -zar/-zər (qızzar, dənizzər); -dar/-dər (atdar, işdər); -nar/-nər
(adamnar, gəlinnər) və s. Yaxud sifət düzəldən –lı, -li, -lu, -lü şəkilçisi qoşulduğu
sözün son səsindən asılı olaraq bir neçə formada tələffüz olunur. Məs.: -qarrı
(qarlı), addı (adlı), şannı (şanlı), qazzı (qazlı) və s.
Bu cür söz və şəkilçilər müəyyən bir orfoqrafik qaydada deyil, hər kəsin
tələffüz etdiyi şəkildə yazılarsa, bu, yazıda hərc-mərcliyə, anarxiyaya gətirib
çıxarar. Vaxtilə görkəmli metodist alim Mahmudbəy Mahmudbəyov bu məsə-
lədən danışarkən yazırdı: “Dilin orfoqrafiyası üçün tələffüz əsas ola bilməz, çünki
hər bir yerdə, hər bir rayonda bir cür tələffüz vardır. Əgər tələffüzü orfoqrafiya
üçün əsas tutsaq onda meydana 40-50 cür orfoqrafiyamız çıxa bilər ki, bu da az-
çox inkişaf tapmağa başlayan maarif, mətbuat və tədris işlərinə xeyli zərər vura
bilər” (M.Mahmudbəyov. “İmlamız”, Bakı, 1911, səh.2). Buna yol verməmək
üçün fonetik prinsipin çatışmayan cəhətini tamamlayan başqa bir prinsipə -
morfoloji prinsipə əsaslanmaq zərurəti meydana çıxır.
Morfoloji prinsip yazıda sözlərin qrammatik tərkibini əsas götürür, sözün
və ya şəkilçinin bir tələffüz forması yazı üçün düzgün sayılır, qalan formalar ona
tabe edilir, sözün kökü və şəkilçisi vahid bir formada yazılır. Məs.: adi danışıq
dilində ayaq-əyaq, qəbul-qabul, kənar-kanar, xəmir-xamır, pencək-pəncək, bıçaq-
pıçaq, bütöv-pütöv və s. kimi iki variantda işlənilən sözlərin birinci tələffüz
forması orfoqrafiyada düzgün sayılır. Yaxud, -lar/-lər, -dar/-dər, -zar/-zər, -nar/
-nər formalarında işlənən kəmiyyət şəkilçisinin bir şəkli –lar/-lər yazılı dildə əsas
götürülür.
126
Orfoqrafik qaydaların tərtibində nəzərə alınan başqa bir prinsip tarixi-
ənənəvi prinsipdir. Bu prinsipə görə sözün müasir danışıq dilində (ədəbi danışıq
dilində) səslənməsindən asılı olmayaraq, onun vaxtilə mövcud olduğu yazılış
şəkli saxlanılır, əsas götürülür. Dilimizdə yazılışı ədəbi tələffüzündən fərqli olan
sözlərin müəyyən bir qismi (məs.: dəftər, Səttar, səkkiz, doqquz, müəllim, növbə,
şənbə, vicdan, uşaq, palıd, ailə və s.) tarixi-ənənəvi prinsip əsasında yazılır. Belə
sözlərin vaxtilə ola bilsin ki, yazılışı ilə tələffüzü arasında fərq olmamışdır. Həmin
sözlərin tələffüz tərzi tədricən dəyişmiş, ünsiyyətə daha yararlı, asan olan bir şəkil
almış, bu səbəbdən də yazılı dildə bir sıra sözlərin orfoqrafiyası və orfoepiyası
arasında uyğunsuzluq yaranmışdır. Belə bir uyğunsuzluq sözlərin yazılışının
mənimsənilməsində müəyyən çətinliyə səbəb olur. Lakin bununla belə, bu prinsipi
kənara atıb müəyyən sözləri müasir tələffüzə uyğunlaşdırıb yazmaq da mümkün
deyildir. Belə dəyişiklik yazıda ümumi bir dola-şıqlığa, savadsızlığa gətirib
çıxarar.
Tarixi-ənənəvi prinsipin başqa bir tələbinə görə alınma sözlər mənbə dilin
orfoqrafiya qaydalarına uyğun şəkildə yazılmalıdır. Məsələn, protokol, motor,
konsert, komanda, orfoepiya və s. kimi sözlər alındığı dilin orfoqrafiya
qaydalarına uyğun şəkildə (yuxarıda göstərilən kimi) yazılır. Əslində isə bu sözlər
şifahi nitqdə həm alındığı dilin orfoepik qaydası, həm də dilimizin ümumi
ahənginə müvafiq olaraq yazıldığından fərqli şəkildə (pr(a)t(a)kol, m(a)tor,
k(a)nsert, k(a)manda, (a)rf(a)epiya şəklində ) tələffüz edilir.
Lakin bununla belə bir sıra alınmalar dilimizin fonetik sisteminə -
tələffüzünə uyğun olaraq mənbə dildən fərqli şəkildə yazılır. Məsələn, vokzal –
vağzal, nomer-nömrə, stakan-stəkan, çemodan-çamadan, metall-metal, şosse-şose,
proqramma-proqram və s.
Orfoqrafiyamızın tərtibi prinsipləri ilə bağlı deyilənlərdən belə bir nəticə
hasil olur ki, fonetik prinsip yazımızda əsas və başlıca, morfoloji prinsip isə
köməkçidir. Qalan digər prinsiplər (tarixi-ənənəvi və alınma sözlərin yazılışı
prinsipləri) orfoqrafiya qaydalarının bəzi maddələrində əsas götürülür. Yazılı
127
nitqdə orfoqrafiyamızın prinsiplərindən vəhdət şəklində istifadə olunur ki, bu,
yazımızın inkişafını, yeniləşməsini, qaydaların asan mənimsənilməsini təmin edir.
Nitqin yazılı formasından istifadə ilə bağlı bir sıra qüsurlar vardır ki,
onların böyük bir qismi düzgün tələffüzün təsiri ilə baş verir, başqa sözlə, yazılışı
düzgün tələffüzündən fərqli olan sözlər, qrammatik formalar deyildiyi kimi
yazılır. Bu qüsurları aşağıdakı şəkildə qruplaşdırmaq olar:
a) düzgün tələffüzün təsiri ilə baş verən orfoqrafik səhvlər;
b) qüsurlu tələffüzün – adi danışıq dili və yerli şivəyə məxsus tələffüzün
təsiri ilə baş verən səhvlər.
Birinci qrup səhvlərin özünü də aşağıdakı qruplara ayırmaq olar:
1. Hərfburaxma
a) sözün vurğusuz hecasında zəif tələffüz olunan ı, i, u, ü saitləri buraxılır.
Məsələn, inqlab (inqilab), qzmar (qızmar), məktəbmiz (məktəbimiz), əsəbləşmək
(əsəbiləşmək), hamsı (hamısı), öznü (özünü), səlqəli (səliqəli), ərzə (ərizə), iksi
(ikisi), yubley (yubiley), tsbağa (tısbağa), xalqmız (xalqımız) və s.;
b) eyni qoşasamitli bir sıra sözlərdə (vurğusu qoşa samitdən sonra vurulan
sözlərdə) həmin samitlərdən biri yazılmır. Məsələn, atestat (attestat), qramatika
(qrammatika), kəşfiyat (kəşfiyyat), teror (terror), ədəbiyat (ədəbiyyat) və s.;
c) ədəbi tələffüz qaydasına görə iki kar samitlə bitən sözlərə samitlə
başlanan şəkilçi artırıldıqda, sözün sonundakı qoşa samitdən biri düşür və ya
başqa səslə əvəz olunur. Bu tələffüz qaydasının təsiri ilə yazıda səhvə yol verilir.
Məsələn, güzəşsiz (güzəştsiz), dosluq (dostluq), nefççi (neftçi), növbəççi
(növbətçi) və s.
2. Hərfartırma
a) samitlə sonor samitin yanaşı işləndiyi sözlərdə. Məsələn, höküm
(hökm), hökümdar (hökmdar), rəhimdil (rəhmdil), dövür (dövr), kəsir (kəsr) və s.;
b) müxtəlif qoşasaitli sözlərdə qoşa samitlərin arasında. Məsələn, ayilə
(ailə), poyema (poema), duyet (duet), arteziyan (artezian) və s.;
128
c) müxtəlif samitin yanaşı işləndiyi sözlərdə. Məsələn, noyabır (noyabr),
kıran//krant (kran), Hüseyin (Hüseyn), pisxoloq (psixoloq), valideyin (valideyn),
Birtaniya (Britaniya), Şekispir (Şekspir) və s.
3. Hərflərin əvəz olunması ilə bağlı qüsurlar
a) alınma sözlərin vurğusuz hecasında o əvəzinə tələffüzə uyğun olaraq a
yazılması. Məsələn, fantan, paraxod, mantyor, prakuror, marfalogiya, kansert,
kamanda və s.;
b) sözün ikinci hecasında saitin tələffüzə uyğun yazılması. Məsələn,
mühüt (mühit), münbüt (münbit), müdür (müdir) və s.;
c) kar samitlərin cingiltili samitlərlə əvəzlənməsi. Məsələn, dəfdər, asdar,
hətda, əlbətdə, kəşviyyat, şafdalı, resbublika, Müşviq, bitgi və s.;
ç) sözlərdə cingiltili samitlərin kar samitlərlə əvəz olunaraq yazılması.
Məsələn, armut, palıt, qoçax, əhənk, həsət, kənt, qənt, aftomat, aftobus, şüphəsiz
və s.;
d) söz ortasında cingiltili samitlərin əvəzlənməsi. Məsələn, təmbəl, şəmbə,
gümbəz, görümməz, mümbüt (münbit) və s.;
e) sözlərin ortasında kar samitdən əvvəl gələn q samitinin k ilə yazılması.
Məsələn, rəks (rəqs), iktidar (iqtidar), məksəd (məqsəd), nöksan (nöqsan), Oktay
(Oqtay) və s.
Adi danışıq dili və yerli şivəyə xas olan qüsurlar:
a) adi danışıq dilinə məxsus qüsurlar. Məsələn; pılan, hərif, tərbiyyə,
heysab, haçar (açar), zülüm, məhşur, istəkan, hökmət, doğurdan, təcürbə, hasan
(asan), hindi (indi), əvəl (əvvəl), qüvət, işqaf, ustul (stul), telfun, şikil, sutun və s.
b) yerli şivəyə məxsus olan orfoqrafik səhvlər. Məsələn; mişar, aton,
nənön, ineg, boba, qalistok, kinova, alıtımış, tusbağa, midalyon, xüsüsi, manıt,
qırıx (qırx), tırp, hayva, dəyil, bajı, dəyşət, öysürmək, çərçin (gərqin), dəgirmi
(dəyirmi), səhrəd (sərhəd), ürdək, cüclü (güclü) və s.
Yuxarıdakı qəbildən olan və qeyd etmədiyimiz digər səhvlərə (məsələn,
xüsusi isimlərin, mürəkkəb sözlərin yazılışı, sözün sətirdən-sətrə keçirilməsi və s.)
yol verməmək, dilimizin yazılı formasından qüsursuz istifadə edə bilmək üçün
129
yazan orfoqrafiya normalarına – vahid və sabit yazı qaydalarına düzgün riayət
etməyi bacarmalıdır. Bu normalar barədə yığcam söhbət açaq.
Dostları ilə paylaş: |