Mühazirə. Mühazirə ən çox ali məktəblərdə müəyyən fənn üzrə
materialın konkret faktlara əsaslanan, geniş nəzəri mühakimə və ümumi-
ləşdirmələrdən ibarət şərhidir: Nitqin bu formasından digər elmi idarələrdə,
kütləvi tədbirlərdə və s. yerlərdə də istifadə olunur. Məsələn; ölkənin iqtisadi və
siyasi vəziyyəti ilə bağlı mühazirə, sağlamlığın (və yaxud ekologiyanın)
qorunmasına həsr olunmuş mühazirə və s. Mühazirənin məruzədən bir fərqi
ondadır ki, birincidə dialoqa yol verilə bilər. Yəni şərhin gedişində dinləyicilər
109
natiqə sualla müraciət edə bilərlər. Mühazirəçi elə oradaca suala müvafiq cavab
verib şərhini davam etdirir. Yaxud dinləyicilərin replikalarla mühazirənin
gedişində onları maraqlandıran məsələlərin daha ətraflı izah olunmasını xahiş
etməsi mümkündür. Bütün hallarda verilən cavablar aydın, məntiqli, qısa, lakonik
olmalıdır. “Mühazirə oxumaq” ifadəsi şərti olaraq işlədilir. Burada mühazirə
materialı heç də üzündən oxunmur, o söylənilir. Mühazirəçi ehtiyac hiss etdikdə
(məsələn, sitatlar vermək, danışıqda ardıcıllığı gözləmək lazım gəldikdə və s.)
mətnə müraciət edə, həmin sitatları üzündən oxuya, qeydlərə baxa bilər.
Monoloji nitqin digər formalarında olduğu kimi, mühazirə o vaxt effektli
şərh üsulu sayılır ki, lektor ona yaxşı hazırlaşsın, nəyi, necə, harada deməyi
bacarsın, şərhi auditoriyanın səviyyəsinə uyğun qurulsun. Nitqi səlis və aydın
olsun, fikrini əsaslandırmaq üçün göstərdiyi sübutlar, faktlar, çıxardığı nəticələr
reallığı əks etdirsin, incə mətləbləri dinləyiciyə çatdırmaq, onların marağını ələ
almaq, hisslərinə təsir etmək məqsədilə müvafiq nitq nümunələrindən, dil
vasitələrindən, şifahi şərhin bir sıra formalarından (təsvir, xarakteristika, izah,
mühakimə və s.) daha münasib şəkildə istifadə etməyi bacarsın və s. Mühazirəçi
dinləyicilərin görmə qavrayışını da nəzərə almalı, mümkün olduqca eksponatlar,
illüstrasiyalar, diaqramlar, onları təsdiq edən şəkillər və s. nümayiş etdirməlidir.
Mühazirə idraki əhəmiyyət daşımalı, elmi dərinliyi və məntiqi şərhi ilə fərqlən-
məlidir. Orada elmi ümumiləşdirmələrə, faktiki materialın təhlilinə geniş yer
verilməlidir. Xüsusən, ali məktəb auditoriyasında edilən mühazirələrdə tərbiyə,
əxlaq məsələləri, milli ideologiyanın, elmi dünyagörüşünün formalaşdırılması,
təfəkkürün inkişafı ön plana çəkilməlidir.
Mühazirəçi mövzuya aid bütün məsələləri əhatə etməli, yadda qalan
misallar gətirməli, inandırıcı sübutlar göstərməli, onu dinləyicilərin işi, həyatının
konkret məsələləri ilə bağlamağı bacarmalıdır.
Mühazirə prosesində elə şərait yaradılmalıdır ki, dinləyici mövcud məsə-
ləyə, ən kiçik təfərrüata belə münasibətini, həmrəy olduğunu və ya etiraz etdiyini
söyləyə bilsin. Bu yolla natiq dinləyicilərin fikri fəallığını artıra, onlara təsir
110
göstərə bilər. Dinləyici hiss etməlidir ki, mühazirəçi duyğuları vasitəsilə ona nə
isə ötürür, ürəyindəkiləri ona yetirir.
Hal-hazırda ali məktəb auditoriyalarında yüksək səviyyədə mühazirə
oxuyan müəllimlərimiz çoxdur. Təəssüf ki, onların natiqlik məharəti öyrənilib
ümumiləşdirilmir, yazılmır, başqaları bundan faydalana bilmir.
Məruzə. Bir mövzu haqqında əvvəlcədən hazırlanıb söylənilən nitqə
deyilir. Məruzə müxtəlif mövzu və şəraitdə aparıla bilər: görülmüş işlərin yekunu
ilə bağlı hesabat məruzəsi, yaranmış vəziyyət barədə yüksək vəzifə sahibinin
qarşısında məruzə, elmi-praktik konfranslarda məruzə və s. mövzudan asılı olaraq
məruzə qısa və geniş ola bilər. Məsələn; hər hansı bir kriminal vəziyyətlə bağlı
yuxarı təşkilat qarşısında edilən məruzə bir qədər konkret və yığcam olmalıdır.
Beynəlxalq vəziyyətə dair, yaxud elmi mövzuda auditoriyada, kütlə qarşısında
edilən məruzələr öz əhatəliliyi, genişliyi ilə əvvəlkindən fərqlənməlidir.
Məruzə giriş, əsas və nəticə olmaqla üç hissəyə bölünür. Birinci hissədə
bəhs açılan məsələnin əhəmiyyətindən, aktuallığından danışılır, qarşıya qoyulan
məqsədə çatmaq üçün hansı yollardan, üsullardan istifadə edildiyi göstərilir.
Məruzənin əsas hissəsində görülən işin məzmunundan bəhs olunur, münasibət
bildirilir. Sonda isə araşdırmalara yekun vurulur, müvafiq təkliflər söylənilir.
Məruzənin yüksək səviyyədə hazırlanması üçün birinci növbədə onun
əhatə edəcəyi mövzunun həcmi, sərhədi, mövzuya aid ədəbiyyat (eləcə də digər
mənbələr) müəyyənləşdirilməlidir. Bütün bunlar əsasında məruzənin mətni hazır-
lanmalı, oradan irəli gələn ideyalar formalaşdırılmalıdır. Məruzə oxunduqdan
sonra dinləyicilərin tənqidi qeydləri, sualları və təklifləri əsasında məruzə mətnin-
də düzəlişlər aparılmalıdır.
Çıxış. Rəsmi və ictimai tədbirlərdə (iclaslarda, yığıncaqlarda, müşavirə-
lərdə, nümayişlərdə, konfranslarda və s. yerlərdə) edilən məruzə ətrafında dinlə-
yicilərin öz fikrini, münasibətini bildirməsidir. “Çıxış” sözü hazırda bir qədər də
geniş dairədə işlədilir: müzakirə zamanı edilən çıxışlar, təşviqat xarakterli çıxışlar,
matəm çıxışları, məclis (stol) çıxışları, radio, televiziyada, qəzet vasitəsilə edilən
111
çıxışlar və s. Lakin çıxıĢ deyəndə daha çox adamların qarşısında söylənilən nitq
forması başa düşülür.
Çıxış sözünün ifadə etdiyi məna müəyyən cəhətdən nitqdən fərqlənir.
Çıxış edən şəxs bir qayda olaraq müzakirə olunan məsələ ilə əlaqədar şəxsi
mülahizələrini söyləyir. Bu şəxsi mülahizə, fikir çıxışın əsas əlaməti hesab edilir.
Nitqdə isə bundan fərqli olaraq şəxsi mülahizə deyil, rəhbər, istiqamətverici
göstərişlər üstünlük təşkil edir. Orada irəli sürülən məsələlər icra üçün əsas olur.
Dinləyicilər məruzədəki fikrə həmrəy olmaq, həmin fikrə nəyisə əlavə
etmək, nəyəsə münasibət bildirmək və s. məqsədlərlə çıxış etməli olurlar. Bu
çıxışlar o zaman effektli olur, dinləyiciləri razı salır ki:
a) yığcam olsun, çox vaxt aparmasın;
b) danışan müzakirə olunan mövzudan kənara çıxmasın;
c) məruzədə və ya əvvəlki çıxışlardakılar təkrar edilməsin;
ç) deyilənlərdə ardıcıllıq və rabitəlilik gözlənilsin;
d) sözlər, cümlələr aydın, hamının eşidə biləcəyi bir səs tonu ilə tələffüz
edilsin;
e) loru və tüfeyli sözlərə, ifadələrə, şivə tələffüzünə və s. yol verilməsin.
Nitq söyləmək. Adamlar müxtəlif şəraitdə müəyyən məqsədlə nitq
fəaliyyətində olurlar. Bu baxımdan nitq bir sıra növlərə ayrılır: ictimai-siyasi nitq,
məişət nitqi, məhkəmədə söylənilən nitq və s.
Ġctimai-siyasi nitq. İctimai-siyasi nitq digərlərinə nisbətən daha çox
inkişaf etmişdir. İctimai-siyasi hadisələrlə bağlı kütlə qarşısında, eləcə də radio və
televiziya vasitəsilə edilən çıxışlara tez-tez qulaq asırıq. Respublikamızın prezi-
denti möhtərəm İ.Əliyev cənablarının ölkənin daxili və xarici vəziyyəti, ölkə
daxilində gedən ictimai-siyasi hadisələrə həsr olunan çıxışları siyasi natiqliyin
dəyərli nümunələridir. İstər respublikamızda, istərsə də xarici ölkələrdə, ən
mötəbər məclislərdə onun yığcam və olduqca mənalı çıxışları, nitqləri çox böyük
razılıqla dinlənilir. Bu nitqlər dövlətimizin apardığı xarici və daxili siyasətə
qiymət verir, onu düzgün yola istiqamətləndirir.
112
Ulu öndərimiz H.Əliyevin nitqləri natiqlik sənəti baxımından xüsusilə
səciyyəvidir. O, ölkəmizdə siyasi natiqliyin əsasını qoymuşdur. Dövrün bu
görkəmli dövlət xadiminin natiqlik məharəti həm elmlik, həm linqvistik, həm də
publisistik cəhətdən təhlil olunmalı, öyrənilməlidir. Ali məktəblərdə tədris olunan
“Nitq mədəniyyətinin əsasları” fənninə bu barədə ayrıca bölmə daxil edilməlidir.
Qoy bizim gənclər Heydər Əliyev natiqliyinin sirlərinə bələd olsunlar, onun
məziyyətlərini əxz etsinlər, öz ixtisasları ilə yanaşı, həm də gözəl natiq, söz ustası
kimi yetişsinlər.
Məhkəmə natiqliyi. Bu nitq dilin bütün funksiyalarını (ünsiyyət, xəbər,
təsir funksiyalarını) yerinə yetirir. Ona görə natiqliyin bu növündə bütün dil
üslublarından, xüsusən elmi və rəsmi üslublardan – elmi terminlər, hüquqi kateqo-
riyalar, standart formulalar işlədilir ki, bu da təbiidir. Ona görə ki, məhkəmə
prosesində hüquqi təhsili və müəyyən hüquqi savadı olanlar danışır, fikir və
mülahizələrini söyləyirlər. Məhkəmə natiqliyində ehtiyac duyulduqda digər nitq
üslublarından – istimai-siyasi məlumat vermək, təbliğat və təşviqat məqsədilə
publisistik, nitqin təsirini artırmaq, onun mahiyyətini uğurlu bir tərzdə verə
bilmək üçün bədii üslublardan da istifadə etmək olar. Bu nitqə prokuror, vəkil,
müttəhim, şahid, hakim və xalq iclasçılarının nitqi daxildir. Həmin nitq forma-
larından bir qismi (prokuror və məhkəmənin nitqi) ittihamedici, digər isə (vəkil və
müttəhimin nitqi) müdafiəedici xarakterdə olur.
İttihamçının nitqi yüksək səviyyədə olmalıdır. O, səlis və aydın danışmağı
bacarmalıdır. Bu nitq dərin təhlilə, sübutlara, faktlara, obyektivliyə, əda-lətə,
qanun aliliyinə əsaslandığı təqdirdə təsirli və inandırıcı olur.
Müdafiəçinin (vəkilin) çıxışları da sübutlu, dəlilli olmalıdır. Məhkəmə
prosesində qaldırılan vəsadət hadisələrin dərin təhlilindən alınan məntiqi nəticə-
lərə əsaslanmalıdır. Vəkil dəqiqliyə, səmimiliyə, qanunun aliliyinə riayət etmə-
lidir.
Məhkəmə natiqliyi tarixi etibarilə daha qədimdir. Hələ eradan əvvəl
qədim quldarlıq dövləti olan Yunanıstanda natiqlik sənətinin bu növünə böyük
əhəmiyyət verilmişdi. Məşhur Solon qanunlarının müəyyən maddəsi öz şəxsi
113
mənafeyini müdafiə edə bilmək üçün məhkəmədə nitq söyləməyi hər bir afina-
lının borcu hesab edirdi. Bu qanun qədim Yunanıstanda, eləcə də Roma respub-
likasında məhkəmə natiqliyinin inkişafına böyük təkan vermişdir. Lisi, İsey,
Siseron Afinada məhkəmə natiqi kimi şöhrət qazanmışdılar.
XIX əsrin ikinci yarısında nitqin bu növünün gözəl nümunələrinə Qərbi
Avropanın bir sıra ölkələrində, həm də Rusiyada rast gəlinir. Rusiyada dövrün
qabaqcıl ziyalıları, alimlər və başqaları məşhur vəkillərin, ittihamçıların, bəzən də
müttəhimlərin nitqini dinləmək üçün məhkəmə salonlarına gedirlər. Azərbaycanda
da məhkəmə natiqliyinin müəyyən tarixi vardır. Məhkəmə salonlarında alovlu
nitqlər söyləyən, adamların hüquqlarını müdafiə etməyi bacaran vəkillərin nitqi
ictimaiyyət tərəfindən həmişə qiymətləndirilmiş, təqdir olunmuşdur. Uzun illər
xalq hakimi, sonra da vəkil işləmiş adlı-sanlı ədliyyə müşaviri İman İmanovun
natiqliyi barədə dəfələrlə eşitmişdik. Bir dəfə təsadüfən ali məhkəmə zalında bir
müdafiəçi kimi onun çıxışını dinləmək bu sətirlərin müəllifinə müyəssər oldu. Bir
qədər pafosla söylənilən bu nitq adamı valeh edirdi. O, söz alıb ayağa qalxdı, ani
olaraq susdu. Bu başlanğıc fasiləsində natiq auditoriya ilə əlaqə yaradır, diqqəti
cəlb edir, özü haqda ilk təəssürat yaradırdı. Natiq nisbətən yavaş, bir qədər asta
templə ifadə etdiyi “Möhtərəm hakimlər” müraciəti ilə nitqinə başladı. Natiq
fikrini aydın ifadə edə bilmək üçün olduqca münasib sözlər, ifadələr işlədir,
dediklərini əsaslandırmaq məqsədilə yeri gəldikcə faktlara, dəlillərə müraciət edir,
şərhini məntiqi əsasda qurmağa çalışırdı. Onun nitqi rabitəli idi, fikirlər bir-birini
tamamlayır, ikinci dərəcəli məsələlər əsas fikrin, mətləbin açılmasına, dinləyiciyə
çatdırılmasına xidmət edirdi. Natiq yeri gəldikcə obrazlı ifadələrdən, zərbi-məsəl-
lərdən, aforizmlərdən, rəngarəng müraciət formaları və sairdən istifadə edirdi. Bu
nitq intonasiya cəhətdən zəngin və xoşagəlimli idi. Nitqin sonu başlanğıcla
əlaqələndirildi ki, bu onun kompozisiya baxımından tamlığını təmin etdi. Natiqə
qulaq asan dinləyicilər hiss etdilər ki, daha hər şey aydındır.
Məhkəmə natiqliyindən söhbət düşəndə İ.İmanov onun uğurlu nəticələr
verməsi üçün aşağıdakıları əsas sayırdı:
114
1) natiq nitqin predmetini yaxşı bilməli, onun müsbət və mənfi cəhətləri
natiq üçün aydın olmalıdır;
2) natiq ana dilinin zənginliklərindən, ifadə vasitələrindən istifadə
etməyi bacarmalıdır;
3) yalan danışmamalıdır.
Məhkəmə praktikasında belə natiqlər çox olmuşdur. Təəssüf ki, onların
natiqlik məharəti ilə bağlı müəyyən bir vəsait yazılmamışdır. Hazırda ədliyyə
sistemində işləyənlərin, xüsusilə hüquq təhsili verən müəssisələrin məhkəmə
natiqliyinə dair vəsaitə böyük ehtiyac vardır. Bu gün universitetlərin hüquqşünas
fakültələrində tələbələr həm də mahir natiq kimi yetişməli, formalaşmalıdırlar.
Akademik natiqlik. Akademiya və elmi müəssisələr sistemində, beynəl-
xalq konfrans, simpozium, treninq və sairədə edilən məruzələr, çıxışlar, verilən
elmi məlumatlar və s. akademik natiqliyə aid edilir. Bu, elm adamlarının, alim-
lərin, yüksək hazırlıqlı ziyalıların, müəllimlərin elmi-praktik konfranslarda, ali
məktəb auditoriyalarında, radio və televiziya verilişlərində, müdafiə sovetlərində
və s. yerlərdəki nitqidir. Elmi nitq öz məntiqliyi, fikirlərin ardıcıllığı,
söylənilənlərin sübutla, dəlillərlə əsaslandırılması, ümumiləşdirmələri, nəticələri
və s. ilə digər nitq növlərindən fərqlənir. Nitqin bu növü vasitəsilə yaradıcı insan-
lar, alimlər və b. öz tədqiqatlarından, araşdırmalarından alınmış nəticələri həm
yazılı (məqalələr, əsərlər, monoqrafiyalar şəklində), həm də şifahi yolla
başqalarına çatdırırlar. Bu nitq o zaman yararlı sayıla bilir ki, insanlar onu başa
düşsünlər, orada şərh olunanlara inansınlar. Mühazirəçinin söylədikləri reallığa
əsaslanmalı, dinləyicilər tərəfindən qəbul olunmalıdır.
Akademik natiqliyin yaranmasında ali məktəblərin rolu xüsusilə
böyükdür. Belə müəssisələrdən biri Azərbaycan Dövlət Pedaqoji Universitetidir.
Universiteti müxtəlif illərdə bitirib respublikanın məktəblərində, digər tədris
müəssisələrində işləyənlərin çoxu eyni zamanda natiq kimi də fəaliyyət göstə-
rirlər. Şübhə yoxdur ki, bu keyfiyyətə yiyələnənlər elmi natiqliyi, bəlağətli nitqi
ali məktəb auditoriyalarında mühazirələr oxuyan müəllimlərindən (professor və
dosentlərdən) öyrənir, bu söz ustalarının danışığını, natiqlik məharətini – aydın
115
tələffüzünü, parlaq, qəti, kəsərli nitqini, güclü məntiqini, gözəl avazını, fikrin
ifadə tərzini və sairəni əxz edirlər. Belə müəllimlər mükəmməl elmi hazırlığı ilə
yanaşı, söz ustası, natiq kimi də yadda qalır.
İctimai-məişət natiqliyi. Bu nitqin geniş istifadə olunan növlərindən
biridir. Adamlar həyatda müxtəlif münasibətlə (yubileylərdə, toylarda,
bayramlarda, ad günlərində, dəfn mərasimlərində, stol arxasında və s.) başqaları
qarşısında çıxış etməli, tost deməli, nitq söyləməli olurlar. Məişət zəminində
söylənilən bu nitqlər digərləri ilə müqayisədə müəyyən xüsusiyyətlərinə görə
fərqlənir. Burada haqqında danışılan adamlar yalnız təriflənir, onların barəsində
xoş sözlər söylənilir, obrazlı ifadələrə, təmtəraqlı cümlələrə daha çox üstünlük
verilir.
Natiqliyin bu növündən yubiley tədbirləri, şənliklər keçirilən zaman
istifadə olunur. Bu tədbirlər, əsasən, iki formada aparılır. Birincisi, görkəmli
adamların – elm, maarif və mədəniyyət xadimlərinin, yazıçı, aktyor, əmək və
müharibə veteranları və başqalarının yubileyləri, həmçinin əlamətdar, tarixi
günlərin qeyd olunması; ikincisi isə kiçik kollektivlərdə, ailədə dostlarla,
yaxınlarla keçirilən yubiley şənlikləri. Yubileylərin forması və keçirilmə şəraiti
fərqli olduğu kimi, orada söylənilən nitqlərin, çıxışların ifadə tərzi də müxtəlif
olur. Birincidə bu tədbir, adətən, ciddi planda aparılır. Orada əvvəlcə bir nəfərin
(müəssisənin rəhbəri və ya orada çalışan mötəbər adamlardan birinin) giriş nitqi
dinlənilir. Onun ardınca əvvəlcədən müəyyənləşdirilmiş çıxışlar olur, xatirələr
söylənilir. Danışanlar daha çox yubilyarın işindən, əmək fəaliyyətindən söhbət
açırlar. Burada söylənilən nitq, işlədilən söz və ifadələr, cümlələr bir qədər
nizamlı – düzümlü olur, atmacalara, replikalara, zarafata yol verilmir.
Ailədə, kollektivdə dostlar arasında keçirilən yubiley şənliklərində
yubilyarın xarakteri, mənəvi keyfiyyətləri, insanlara münasibəti, cəmiyyətdə,
ailədə mövqeyi və s. haqda söhbətlər ön planda olur. Bu söhbətlərdə zərif-duzlu
atmacalara, incə yumora geniş yer verilir. Orada söylənilən xatirələr, bir növ,
ürək nəğmələrini xatırladır, yubiley tədbirlərinin təsirini artırır.
116
Məişət nitqinin çox geniş yayılmış forması toy mərasimlərində tamada –
masabəylərin nitqidir. Müxtəlif peşə sahibi olub, həm də tamada kimi fəaliyyət
göstərən bu natiqlərin nitqini məclis əhli maraqla dinləyir, ondan eşitdikləri
musiqi qədər həzz alır. Lakin həmişə belə olmur. Toy natiqlərinin bir qismi
çıxışında münasib söz və ifadələri tapıb işlədə bilmir, fikrini ardıcıl şəkildə ifadə
etməkdə çətinlik çəkir, şablon ifadələr işlədir,hamının dəfələrlə eşitdiyi şeirləri
söyləyir, əhvalatları danışır, uzunçuluq edir, eşidənləri yorur. Halbuki müasir
zövqlə bəzədilmiş toy salonlarında dilimizi yaxşı bilən, onun ifadə vasitələrindən
məqamına görə istifadə etməyi bacaran natiqlər çıxış etməlidirlər.
Məişət nitqinin digər forması hüzn mərasimində söylənilən vida nitqidir.
Bu nitq həcmcə qısa və yığcam olur, çox vaxt almır. Monoton ifadə tərzi bu nitqin
əsas əlamətidir. Nitqin bu növü də qədimdir. Vətən, xalq, dövlət qarşısında öz
borcunu ləyaqətlə yerinə yetirib həlak olanların, vəfat edənlərin dəfn mərasimində
bir qayda olaraq ən məşhur natiqlər, söz ustaları nitq söyləmiş, mərhumun
məziyyətlərindən danışmış, onu yüksək qiymətləndirmişlər. Son illərdə erməni
işğalçılarına qarşı vuruşlarda şəhid olanların hər birinin dəfn mərasimində vida
nitqləri söylənilmiş, onların vətən qarşısında xidmətləri qeyd edilmişdir. Belə
nitqlərin gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında təsiri böyükdür.
Dəfn mərasimlərində el ağsaqqallarının, ağbirçəklərin, dünyagörmüşlərin,
ziyalıların və b. qəbirüstü söylədikləri nitqlər, orada mərhumun fəaliyyətini qiy-
mətləndirmək, onun ideyalarının, işinin, əməllərinin, yaşayacağı haqda söz söylə-
mək, yas sahibini ovundurmaq, ona təsəlli vermək baxımından əhəmiyyətlidir.
Hal-hazırda yas yerlərində ictimaiyyətin bütün təbəqələrindən olan adam-
lar iştirak edirlər. Belə məclisləri aparanlar (şübhəsiz ki, bunlar daha çox din
xadimləri olurlar) söhbət açdıqları mövzular, ifadə tərzi, şərh üsulu, nitqi və s. ilə
adamları cəlb etməyi bacarmalıdır. “Burada yabançı, əfsanəvi nitqlər deyil, həyati,
insanları düşündürən problemlərdən, qəm və kədəri unutduran məsələlərdən,
həyatın doğurduğu problemlərdən, tərbiyə məsələlərindən və ya ölümə səbəb olan
xəstəliklərdən, ondan qorunma yollarından söhbətlər aparmaq lazımdır” (26, 118).
.
117
Ekran nitqi. Buna telenitq də deyilir. Ekran nitqi kütləvi informasiya
vasitələrindən ən dəyərlisidir. Bu nitq həm yazılı, həm də şifahi nitqin
xüsusiyyətlərini özündə birləşdirir. Telenitq monoloji və dialoji formalarda olur,
məzmun hərəki təsvir və səs ifadəsi ilə dinləyiciyə çatdırılır. Televiziya verilişləri
zamanı bəzən təsvir, bəzən də sözün rolu ön plana çəkilir. Şübhəsiz ki, hər bir
halda sözün, nitqin publisistik funksiyası daha geniş olur.
Çoxmilyonlu auditoriya üçün səsləndirilən bu nitqdə ədəbi dilin norma-
larına ciddi bir şəkildə riayət edilir. Danışan fikrini çatdırmaq üçün münasib
formaları tapmağa, dilin sinonimik vasitələrindən yerli-yerində istifadə etməyə,
cümlələri düzgün qurmağa çalışır. Burada orfoepik normaları - ədəbi tələffüz
qaydalarını gözləmək daha vacib sayılır. Teleekran ədəbi dilin, xüsusilə orfoepik
tələffüzün təbliğatçısı, yayıcısı, tənzimləyicisi olduğundan bu verilişlərdə həmin
qaydalara xüsusi qayğı və tələbkarlıqla yanaşılır, əməl edilir və tələb olunur ki,
danışanın nitqi diksiya baxımından aydın olsun, səslər öz məxrəcində deyilsin.
Hər bir söz, söz qrupu ədəbi tələffüz normalarına uyğun, aydın, emosional və
təsirli bir şəkildə tələffüz edilsin.
Ədəbi tələffüz təkcə səs və sözlərin düzgün deyiliş qaydalarından ibarət
deyildir. Vurğu, ritm, tembr, pauza kimi prosodik ünsürlər də bu anlayışa daxildir.
Bu mənalı səslənmə vasitələrindən düzgün istifadə telenitqin gözəlliyi, təsir
effekti baxımından olduqca əhəmiyyətlidir.
Tamaşaçılar televiziya verilişlərindən etalon səviyyəli nitqi eşidir və əxz
edirlər. Məktəblilərimizdə teleekranda səsləndirilən nitqdən, aktyor və ya diktor
oxusundan xarakter parçalar lentə köçürülərək nitq inkişafı məqsədilə aparılan
məşğələlərdə nümunəvi səsli vəsait kimi istifadə olunur. Həmin məşğələlərdə səsli
nitq nümunələri təhlil edilir, onların ədəbi dil, o cümlədən orfoepik tələffüz,
intonasiya normalarının gözlənilməsi baxımından məziyyəti göstərilir. Belə
vəsaitlər üzrə aparılan iş məktəblərimizdə ədəbi dilimizin öyrənilməsinə əhəmiy-
yətli dərəcədə kömək edir.
Çox təəssüf ki, teleekranlarda (xüsusən özəl kanallarda) çıxış edənlərin
nitqində ədəbi dildən, onun normalarından uzaqlaşma halları da müşahidə edilir.
118
Bu daha çox ədəbi tələffüz normalarının pozulmasında özünü göstərir.
Danışanların nitqində yerli şivəyə, adi danışıq dilinə xas olan qüsurlara (məsələn;
qabul, münasibat, avvam, məhşur, yani, sa`naye, təyyin, məsəlçin, belənçik,
nərazılıq, gorə, məytəf və s.) yol verilir. Belə qüsurların bir qismi söz vurğusunun
qüsurlu deyilməsindən irəli gəlir. Məsələn; şu`ra, si`pər, peda`qoq, mü`xtəlif,
dü`nya, nəzə`riyyə, psixolo`ji, sı`ğorta, ma`nevr, o`xu, da`ha, i`sim, si`fət və s.
Ekran nitqində müşahidə olunan digər qüsur orfoepiyası orfoqra-
fiyasından fərqli olan söz və qrammatik formaların yazılıdığı kimi deyilməsi və ya
oxunmasıdır. Məsələn; yarpa qlar (yarpa [x]lar əvəzinə), vətə ndən (vətənnən
əvəzinə) alı rlar (alıllar əvəzinə), qan lı (qannı əvəzinə), başl ayır (başlıyır əvəzinə),
alsa idi (alseydi əvəzinə ) və s.
Bir sözlə, televiziya verilişlərində (eləcə də radio verilişlərində) qüsursuz,
təmiz, etalon səviyyəli, canlı, təbii Azərbaycan dili səslənməlidir. Lakin bu tələbə
həmişə riayət olunmur. Məsələn, “Sizi ünsiyyətə dəvət edirik” adlı bir televiziya
verilişində ünsiyyətin vacibliyindən dönə-dönə bəhs olunurdu. Amma çox təəssüf
ki, verilişin iştirakçıları rusdilli idilər, azərbaycanca çətin danışırdılar. Belə veri-
lişlərə dilimizi yaxşı bilənlər, nitq qabiliyyəti olanlar cəlb edilsə, daha
məqsədəuyğun olar.
Ədəbi dilimizin, mədəni nitqin tənzimləyicisi, yayıcısı olan ekran nitqində
qüsurlara yol verməmək üçün televerilişlər ciddi redaktə olunmalıdır. Verilişin
hansı kanalda getməsindən asılı olmayaraq, orada ədəbi dilimizin qaydalarına, o
cümlədən orfoepik normalarına ciddi bir şəkildə riayət edilməlidir. Bu nitq aydın,
ardıcıl, düzgün, təmiz, rəvan, sadə, təsirli olmalıdır ki, geniş ünsiyyətə lazımi
səviyyədə xidmət edə bilsin.
Dostları ilə paylaş: |