Mövzu 6. Şəxsiyyət və onun psixoloji səciyyəsi
Plan:
1. Fərd, fərdiyyət və şəxsiyyət anlayışları
2. Şəxsiyyətin psixoloji xüsusiyyətləri
3. Şəxsiyyətin mənlik şüuru
4. Özünüqiymətləndirmə və iddia səviyyəsi
1. Fərd, fərdiyyət və şəxsiyyət anlayışları
Müasir psixologiyada şəxsiyyət problemi. Şəxsiyyət problemi elmin müxtəlif sahələrində
çalışan alim və mütəfəkkirlərin illərlə diqqət mərkəzində dayanan mühüm problemlərdən biri
olmuş və müasir dövrdə də öz aktuallığını saxlamaqdadır. Müasir psixologiyada şəxsiyyət,
onun fəallığı, formalaşması, strukturu kimi məsələlər, ümumiyyətlə şəxsiyyət anlayışının
mahiyyəti barədə müxtəlif fikirlər irəli sürülür. Bu bir daha həmin problemin mürəkkəb və
çətin olduğunu təsdiq edir.
İnsanlar təkcə gözlərinin rənginə, səslərinin tembrinə, barmaq izlərinə və s. görə deyil
şəxsiyyətlərinin xarakteristikasına görə də bir-birlərindən fərqlənirlər. İnsanları gözlərinin
rənginə, səslərinin tembrinə və ya digər biofiziki xüsusiyyətlərinə görə xarakterizə etməyə
nisbətən onları bir şəxsiyyət kimi xarakterizə etmək olduqca çətindir. Şəxsiyyət anlayışı
mürəkkəb anlayışdır. Onun adekvat şəkildə anlaşılmasının çətinliyi bir sıra amillərlə bağlıdır.
Həmin mühüm amillərdən bir neçəsini nəzərdən keçirək.
1. İnsan şəxsiyyəti maddi və toxunula bilən, hiss edilən deyildir. O, bir sıra amillərin,
şəraitin, imkanların və determinantların təsiri altında formalaşan psixoloji törəmədir.
2. İnsan şəxsiyyəti bir sıra amillərin təsirinə məruz qalsa da yalnız onlardan asılı bir
törəmə kimi şərh oluna bilməz, çünki o formalaşdığı həmin əsası dialektik olaraq rədd edir.
3. İnsan davranışının determinasiyasında şəxsiyyətin mühüm əhəmiyyət kəsb etməsi
barədə çoxlu nəzəriyyə və konsepsiya mövcuddur ki, bunların bir çoxunun «şəxsiyyət»
anlayışını şərh etməsi ziddiyyətlidir.
4. Nəhayət, şəxsiyyəti anlamaq insan fenomenini anlamaqla birbaşa əlaqədardır.
Şəxsiyyət yalnız o zaman insanın əsası, özəyi kimi, onun başlıca parametri, onun eyniləşdirmə
vasitəsi kimi şərh oluna bilər ki, antropologiya və insan haqqında biliklər insanın öz təbiətini
anlamaq səviyyəsinə yüksəlmiş olsun.
Lakin bütün bu qeyd olunanlar heç də şəxsiyyətin tədqiqi imkanlarının mümkün
olduğunu rədd etməyə imkan vermir. Əksinə, şəxsiyyət problemi barədə son nəzəri və
eksperimental tədqiqatlar onun öyrənilməsi imkanlarını artırır.
«Şəxsiyyət» sözü Azərbaycan, rus və ingilis dillərində maraqlı və faktiki olaraq eyni
etimologiyaya malikdir. Azərbaycan dilində «şəxsiyyət» sözü öz əsasını ərəb sözü olan «şəxs»
sözündən götürmüş və hər hansı bir konkret şəxsi, simanı bildirir. Rus dilində «şəxsiyyət»
(liçnostğ) sözü də «liüo», «liçina» (üz, sifət) sözləri ilə bağlıdır. İngilis dilində «şəxsiyyət»
mənasını ifadə edən «personality» sözü öz əsasını iki latın sözündən – «per» və «sona»
sözlərindən götürmüşdür ki, bu da bir növ «vasitəsilə danışır» mənasını ifadə edir. Sonralar
qədim Yunanıstanda və Rim imperiyasında bu söz teatr tamaşasında aktyorun «maskası»
şəklində özünü büruzə vermişdir. Adətən, səhnə hərəkətindən asılı olaraq «masqa» dəyişilir,
aktyor rola daxil olur. Lakin, yalnız xeyli vaxt keçdikdən sonra «persona» sözü hazırki dövrdə
daşıdığı məna yükünü daşımağa başlamış, «personality» – «şəxsiyyət» mənasında işlənməyə
başlanmışdır.
Qeyd edilənlərdən göründüyü kimi, insanın şəxsiyyəti birbaşa və dolayı mənada onun
siması, sifətidir. Birbaşa mənada insanın siması, sifəti onun başlıca identifikatorudur. Məhz
onun xətləri, formaları, çevrəsi və digər xüsusiyyətləri əsasında bir adamı başqasından
fərqləndirir, onun hansı yaş kateqoriyasına mənsub olduğunu müəyyənləşdirə bilirik. Təsadüfi
deyildir ki, şəxsiyyəti eyniləşdirməklə bağlı bütün sənədlərdə onun sifətinin (üzünün) şəkli
olması tələb edilir. Bununla yanaşı olaraq bizim sifətimiz emosiyalarımızın, hisslərimizin,
əhvalımızın, vəziyyətimizin, istəklərimizin ifadəçisinə çevrilir, o bizə təkcə verbal yolla deyil,
qeyri- verbal yolla da, zəngin mimiki imkanlarımızın köməyilə də ünsiyyətə girmək imkanı
verir. Dolayı mənada, insan şəxsiyyəti onun «ruhunun», başqa sözlə, onun bütün psixi
təzahürünün
«sifətidir».
İnsana məxsus olan fərdi-psixoloji xassələrin təzahür
xüsusiyyətlərinə, onun ünsiyyət üslubuna, davranışına, fikir və ideyalarına görə onu aydın
eyniləşdirməyimiz və onun gələcək davranışının istiqamətini proqnozlaşdırmağımız heç
kimdə şübhə doğura bilməz.
Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, şəxsiyyət fərdin özünü
cəmiyyətlə eyniləşdirməsinə imkan verən davamlı fiziki və psixi xarakteristikasının
məcmuundan ibarətdir.
Şəxsiyyət insanın psixoloji siması olub, şüura, mənliyə malik olan, öz hərəkətlərinə
cavabdeh, ictimai münasibətlərin fəal iştirakçısı olan adamdır. Şəxsiyyət müəyyən ictimai-
tarixi dövrdə yaşayıb fəaliyyət göstərən, gerçəkliyi dərk edib müəyyən istiqamətdə dəyişdirən,
ünsiyyətə girməyi bacaran konkret canlı insandır.
İnsan, fərd, şəxsiyyət və fərdiyyət
İnsan, fərd, şəxsiyət və fərdiyyət anlayışları bir- biri ilə müəyyən əlaqəyə malik olsa da
onları eyniləşdirmək olmaz. Onların içərisində ən geniş anlayış «insan» anlayışıdır. Həm fərd,
həm şəxsiyyət, həm də fərdiyyət eyni zamanda insandır (bax şəkil 3). İnsan həyata insan kimi
gəlir. İnsan dölünün genlərində insan üçün zəruri olan əlamət və keyfiyyətlərin inkişafı üçün
anadangəlmə zəmini qoyulmuş olur. Yeni doğulmuş uşağın bədəninin konfiqurasiyası düz
yerimək imkanı yaradır, beyinin strukturu intellektin inkişaf imkanını təmin edir, əlin quruluşu
gələcəkdə əmək alətlərindən istifadə prespektivləri yaradır. Bütün bunlar körpəni özünün
imkanlarına görə bir insan kimi heyvan balalarından fərqləndirir. Beləliklə körpənin insan
nəslinə aidliyi təsdiq olunur və fərd anlayışının aşkara çıxmasına gətirib çıxarır. «Fərd»
anlayışında insanın növə mənsubluğu öz əksini tapır. Belə ki, hər bir insan eyni zamanda fərd,
hər bir fərd isə eyni zamanda insandır. Ona görə də yeni doğulmuş uşaq da, ağlını itirmiş
səfeh də, yaşlı vəhşi insan da, mədəni ölkələrin yüksək intellektə malik olan insanları da fərd
hesab olunur. Deməli, bir konkret adamı fərd adlandırmaqla onun potensial insan olduğunu
təsdiq edirik.Lakin bütün fərdləri şəxsiyyət adlandırmaq olmaz. Yeni doğulmuş uşaq, ağlını
itirən səfeh şəxsiyyət hesab olunmur. Bir fərd kimi doğulmuş insan tədricən ictimai
münasibətlər qovuşuğunda, sosiallaşma nəticəsində şəxsiyyətə çevrilir. Nəticədə o təkcə
başqalarından fərqlənmir, eyni zamanda tarixi prosesin iştirakçısına çevrilir. Hər bir şəxsiyyət
cəmiyyətdə yaşayan konkret canlı insan olmaqla, gerçəkliyi dərk edib dəyişdirmək, fəallıq
göstərmək, başqaları ilə ünsiyyətə girmək imkanına malik olur.
«Fərdiyyət» anlayışına gəldikdə, hər bir adamın şəxsiyyəti yalnız ona məxsus əlamət və
xüsusiyyətlərin məcmuuna malik olur və onun fəaliyyətini təşkil etməklə həmin adamı
başqalarından fərqləndirir. Fərdiyyət insanın temperamentinin, xarakterinin əlamətlərində,
adətlərində, üstünlük təşkil edən maraqlarında, idrak proseslərinin keyfiyyətlərində,
qabiliyyətlərində, fərdi fəaliyyət üslubunda və s.- də təzahür edir. İki elə adam tapmaq
mümkün deyildir ki, onlarda qeyd etdiyimiz psixoloji xüsusiyyətlər eyni olsun. İnsan
şəxsiyyəti özünün fərdiyyətliliyinə görə təkrarolunmazdır. «Fərd» və «Şəxsiyyət»
anlayışlarında olduğu kimi, «fərdiyyət» və «şəxsiyyət» anlayışlarını da eyniləşdirmək
mümkün deyildir. Onlar yalnız vəhdət təşkil edirlər.
2.Şəxsiyyətin psixoloji xüsusiyyətləri
Şəxsiyyətin özünəməxsus psixoloji strukturu vardır. Psixoloji ədəbiyyatda qeyd
olunduğu kimi, insanın şəxsiyyətə çevrilməsi üç psixoloji kateqoriyanın nəticəsidir. Bunlar:
inikas – ünsiyyət – fəaliyyətdir. Bu baxımdan şəxsiyyətin psixoloji strukturunun əsasında
birinci növbədə onun idrak prosesləri durur. İnsan həyata gəldikdən sonra duyğu olqanları
vasitəsilə ətraf mühit cisim və hadisələrini əks etdirərək psixi inkişafa nail olur. Bu prosesdə
onu əhatə edənlərlə ünsiyyət xüsusi əhəmiyyətə malikdir. Şəxsiyyətin strukturunda onun idrak
prosesləri əsasında və onunla yanaşı aşağıdakı başlıca yarımstrukturları, komponentləri qeyd
olunur:
Şəxsiyyətin istiqaməti. Buraya onun dünyagörüşü, ictimai mövqeyi, tələbatları, maraq və
meylləri, əqidə və idealları, adət və ənənələri, ideya və praktik yönəlişlik sistemi və s. daxildir.
Bu zaman yönəlişliyin komponentlərindən biri dominantlıq təşkil edir və aparıcı olur.
Başqaları isə istinad rolunu oynayır. Dominantlıq təşkil edən istiqamət şəxsiyyətin bütün psixi
fəaliyyətini müəyyənləşdirir.
- Şəxsiyyətin strukturunda sonrakı mühüm yarımstrukturunu onun hazırlıq səviyyəsi
təşkil edir. Buraya şəxsiyyətin əldə etdiyi bilik, bacarıq və vərdişlər sistemi daxildir.
Şəxsiyyətin strukturunda mühüm yer tutan yarımstrukturlardan, komponentlərdən biri də
onun imkanlarını müəyyənləşdirən və fəaliyyətin müvəffəqiyyətini təmin edən qabiliyyətlər
sistemindən ibarətdir.
Şəxsiyyətin strukturunda mühüm yer tutan digər komponenti insanın həyatda qazandığı
davranış forması, başqa sözlə onun xarakteridir.
Nəhayət, bu komponentlərin hamısının üzərində şəxsiyyətin mənliyi, yəni özünü dərk
edib anlaması, öz davranışını nizama salıb idarə etməsi «hökmranlıq» edir.
Şəxsiyyətin strukturunun daha çox yayılmış bu cür ənənəvi təhlili ilə yanaşı onu digər
aspektlərdən də xarakterizə etmək mümkündür. Bunun üçün birinci növbədə şəxsiyyətin
strukturunun aşağıdakı qrafikinə nəzər yetirək
Şəxsiyyətin vəhdətini anlamaq üçün «şüurun istiqaməti» və «şüursuzluğun istiqaməti»
anlayışlarını aydınlaşdırmaq olduqca vacibdir. Bu məsələ bir çox psixoloji məktəb və
istiqamətlər tərəfindən qaldırılmış, görkəmli alim və tədqiqatçıların diqqətini cəlb etmişdir.
Lakin bu vaxta qədər həmin məsələ açıq qalmış, yönəlişlik onun istiqamətləndiyi obyekti
axtarmağa «səbəb olmuşdur». Daxili və xarici aləmdə mövcud olan nəhayətsiz müxtəliflik
sayəsində isə buna nail olmaq praktik olaraq mümkün deyildir. Məhz buna görə də biz insanın
şüur və şüursuzluğunu obyektə deyil, zamana «yönəltməyə» cəhd göstərməyi vacib bildik.
Nəticədə şüurun gələcəyə, şüursuzluğun isə keçmişə yönəlişliyinin mümkünlüyünü zənn
etmək imkanı yaranmışdır. Bununla da şüurun gələcəyə yönəlişliyi insanda hadisənin baş
verməsindən qabaq onun inkişafını görmə qabiliyyəti kimi antisipasiya fenomeninin olması ilə
də təsdiq olunur. Bununla yanaşı şüursuzluğun keçmişə yönəlişliyi tamamilə təbii haldır.
Çünki, sıxışdırılmış, unudulmuş və arxetipik elementlər yalnız keçmişə aid ola bilər.
Beləliklə insanda keçmiş və gələcəyin qarşılıqlı təsiri onun şüursuzluğu və şüurunun
qarşılıqlı təsirindən başqa bir şey deyildir. Bunun nəticəsi isə hal hazırda yaşayan konkret
şəxsiyyətdir.
Şəkildəki ikinci komponent şüursuzluq və şüurun strukturundan ibarətdir. İlk baxışda
belə görünə bilər ki, bu fenomenlərin strukturu üçlaylıdır. Şüursuzluq üçün bu laylar ümumi
nəsl arxetipi, etnos arxetipi, şəxsi şüursuzluq, şüur üçün isə ümumbəşəri qiymətlər, konkret
mühitin qiymətləri və şəxsi şüur laylarıdır. Lakin bu belə deyildir. Şüursuzluq və şüurun
strukturu identik xarakter daşımaqla, müvafiq olaraq kollektiv üstəgəl şəxsi şüursuzluğu və
kollektiv və şəxsi şüurluluğu özündə əks etdirir. Bu başqa məsələdir ki, kollektiv
şüursuzluğun, eləcə də kollektiv şüursuzluğun daxilində həm mütləq olanı («kölgə» - bizim
şəxsiyyətimizin heyvani əcdadlarımızdan gələn ən tutqun, arzuolunmaz cəhdlər və ən
arzuolunan davranış forması kimi ümumbəşəri qiymətlərin neotipləri), həm də nisbi olanı
(konkret növ, sotsium arxetipləri və konkret millətə, xalqa, sinfə, mədəniyyətə mənsub olan
qiymətlər) mövcuddur. Kontinuumda mövcud olan, özünə yer edən şüursuzluqdan irəli gələn
ən arzuolunmaz və şüurluluqdan irəli gələn ən arzu olunan elementlərə xüsusi ad vermək
mümkündür. Bunlara əsaslanmaqla şəxsiyyətin müxtəlif tiplərini xarakterizə etmək
mümkündür. Onları nəzərdən keçirək.
1. Şüursuzluqda mövcud olan heyvani instinktlər, eyibli, bizi insani sifətdən məhrum
edən ənənələr – İblis.
2. Bizdə nəsldən, etnosdan gələn, dərk etmədiyimiz, lakin bizi özünə cəlb edən ənənələr -
Yoldan çıxaran.
3. Şəxsi şüursuzluğun məzmununu təşkil edən unudulmuş, aktual olmayan, bizim
tərəfimizdən rədd edilən hadisələr, arzular, motivlər, biliklər – Qeyri mən.
4. Özümüz, bizi əhatə edənlər, yaşadığımız aləm haqqında şüurun koqnitiv elementləri -
Mən.
5. Mövcud sosial mühitdə, xalqda, cəmiyyətdə qəbul olunmuş qiymətlərin, əxlaq
normaları, mənəvi əsasların insan tərəfindən dərk edilməsi – Peyğəmbər.
6. Bütün insanlar üçün eyni olan və real şəkildə onların şüurunda bəşəriyyətin mədəni
irsi kimi möhkəmlənən ümumbəşəri keyfiyyətlər – Allah.
İnsan şəxsiyyətində yuxarıda qeyd olunan struktur yaradıcı elementlərindən birinin
olması onun tamlığının şərti hesab olunur. Lakin bunlardan birinin və ya bir hissəsinin
üstünlüyü xüsusi şəkildə müəyyənləşdirilir.
3.Şəxsiyyətin mənlik şüuru
İnsanın bir şəxsiyyət kimi formalaşmasında onda mənlik şüurunun inkişafı xüsusi
rol oynayır. Mənlik şüurunun formalaşması insana özü haqqında təsəvvürlərini, özünün zahiri
görkəmini, əqli, mənəvi, iradi keyfiyyətlərini qiymətləndirmək imkanı verir. Bu baxımdan
mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesindən ibarətdir.
Psixoloji ədəbiyyətda «mənlik şüuru» dedikdə insanın özünün tələbat və qabiliyyətlərinə, fikir
və hisslərinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibəti nəzərdə tutulur. İnsan başqa
adamlarla qarşılıqlı əlaqə və ünsiyyət prosesində özünü ətraf mühitdən ayırır, özünü fiziki və
psixi cəhətdən dərk etməyə başlayır, bir növ öz «mənini» başa düşür, anlayır. Öz məni
haqqında subyektiv təəssürat ilk növbədə onda ifadə olunur ki, insan özünün hazırda,
keçmişdə və gələcəkdəki eyniliyini anlayır.
İnsanın öz «mənini» kəşf etməsi şəxsiyyətin uzunmüddətli inkişaf prosesinin nəticəsidir.
Bunun əsası bir növ hələ körpəlik dövründən qoyulur. Hələ üç yaşlı uşaqda özü haqqında
təsəvvür yaranmağa başlayır. Bu dövrdə uşaq «mən» kəlməsini işlətməklə özünün
müstəqilliyə olan meylini büruzə verir. Onda mənlik şüurunun ibtidai forması müşahidə
olunur. Uşağın öz «mən»ini kəşf etməsi sonrakı dövrdə – yeniyetməlik və ilk gənclik yaş
dövründə özünü daha aydın göstərir. Yeniyetmədə özünə, öz şəxsi həyatına, şəxsiyyətinin
xüsusiyyətlərinə marağın yaranması onda özünüqiymətləndirmə tələbatı, özünü başqaları ilə
müqayisə etmək meyli yaradır. Nəticədə yeniyetmə özü üçün öz «mən»ini bir növ kəşf edir.
İlk gənclik dövründə məktəblilərdə böyüklük hissi yüksəlir. Onlar özlərinin artan imkanlarını
dərk etməyə başlayırlar. Bu dövrdə məktəblilərdə mənlik şüuru, özləri haqqında təsəvvürləri
dəyişir. Oğlan və qızlarda mənlik şüurunun məzmunu dəyişir, özləri haqqında təsəvvürləri
artır. Onlar özlərinin xarici görkəmini, simalarını tamamilə yeni şəkildə qavramağa başlayırlar.
Bütün bunlar böyük məktəblilərdə «mən» obrazının formalaşmasına gətirib çıxarır. «Mən»
obrazının əsasını insanın özü haqqında bilikləri təşkil edir. «Mən» obrazında insanın öz-özünə
münasibəti də xüsusi yer tutur. İnsan öz özünə başqalarına bəslədiyi kimi münasibət göstərə
bilər, hörmət və ya nifrət edər, sevər və ya zəhləsi gedər, hətta özünü anlaya və anlamaya bilər.
Həyati faktlar göstərir ki, insanda «mən – obraz» eyni vaxtda müxtəlif xarakterli ola bilir.
Bunlara «real mən», «ideal mən» və «sosial mən» obrazlarını aid etmək olar.
«Real mən» dedikdə insanın indiki anda özünü necə təsəvvür etməsi, özünün bacarıq və
qabiliyyətlərini, rollarını, statusunu necə qavraması, əslində necə adam olmasını təsəvvür
etməsi nəzərdə tutulur. Bu zaman insan özünə öz gözü ilə baxır, özünü obyektiv, necə varsa
elə də qiymətləndirir. Təcrübə göstərir ki, bəzən insan özünün bu obrazını başqalarından
gizlədə bilir.
«İdeal mən»ə gəldikdə burada insanın özündə görmək istədiyi keyfiyyətlərə malik obrazı
nəzərdə tutulur. Burada insanın özü haqqında idealları xüsusi yer tutur. «İdeal mən» obrazında
insanın yüksək qiymətləndirdiyi keyfiyyətlər öz əksini tapır. İnsan daima öz «ideal mən»inə
nail olmağa can atır.
«Sosial mən» digər mən – obrazlardan fərqlənir. Burada insan həmişə özünə başqalarının
gözü ilə baxır. «Sosial mən» obrazı aşağıdakı suallara uyğun yaradılır: başqa adamlar onu necə
görürlər? O, özünü başqalarına necə göstərmək istəyir? Özünü necə göstərsə başqalarının
rəğbətini qazana bilər? Məhz buna görə də insan başqa adamlarla ünsiyyətə girərkən özünün
«sosial mən»indən çıxış edir.
4.Özünüqiymətləndirmə və şəxsiyyətin iddia səviyyəsi.
Özünüqiymətləndirmə
şəxsiyyətin
özünü,
öz
imkanlarını,
keyfiyyətlərini,
qabiliyyətlərini, özünün başqa adamlarla münasibət sistemindəki yerini qiymətləndirməsindən
ibarətdir. Özünüqiymətləndirmə insanın özünüdərketməsi ilə sıx bağlıdır. Bu baxımdan
insanın mənlik şüurunun formalaşmasında özünüqiymətləndirmə xüsusi yer tutur.
Özünüqiymətləndirmə zamanı adətən qiymətin əxlaqi, estetik, intellektual, emosional və
s. növlərindən istifadə olunur. Lakin təcrübə göstərir ki, bütün hallarda onların içərisində
emosional qiymətlər əsas yer tutur. Bütün hallarda özünüqiymətləndirmədə emosional çalar
üstünlük təşkil edir. Özünüqiymətləndirmə səviyyəsində qiymətverən və qiymətləndirilən eyni
adam olduğuna, mən-mənə qiymət verdiyinə görə burada özünüsevmə, özünəhörmət, ləyaqət
hissi özünə geniş yer edir. Ona görə də burada subyektiv amillərin təsiri qaçılmaz olur.
Psixoloji tədqiqatlar özünüqiymətləndirmənin üç səviyyəsini müəyyənləşdirməyə imkan
vermişdir: 1) Adekvat özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə zamanı insan
özünün bütün keyfiyyətlərini olduğu kimi, imkanlarına uyğun qeyd etməklə özünü düzgün
qiymətləndirir. 2) Qeyri – real yüksək özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə
zamanı insan özünü onda olan keyfiyyətlərdən, imkanlardan yüksək qiymətləndirir. Adətən
bu cür özünüqiymətləndirmə şişirdilmiş xarakter daşıyır, insanın özündən bədgümanlığı ilə
nəticələnir. Ona görə də bu cür adamlar başqaları tərəfindən rəğbətlə qarşılanmırlar. 3) Qeyri-
real aşağı özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə zamanı insan özünün
keyfiyyətlərini, imkanlarını layiq olduğundan aşağı qiymətləndirir.
Qeyri-real yüksək və qeyri – real aşağı özünüqiymətləndirmə eyni dərəcədə ziyanlıdır.
Məsələn, öz imkanlarını qeyri-real yüksək qiymətləndirən şagird və ya tələbələrdə çox vaxt
özünəarxayınçılıq hissi yaranır. Nəticədə nəzərdə tutduqları məqsədlərinə nail ola bilmirlər.
Öz imkanlarını qeyri-real aşağı qiymətləndirən şagird və ya tələbələrdə isə mümkün olacaq
nailiyyətə çatmaq hissi və cəhdi olmur, nəticədə onlar mövcud imkanlarını təzahür etdirə
bilmirlər. Ona görə də ən cüzi nailiyyətlə kifayətlənməli olurlar.
Özünüqiymətləndirmədə şəxsiyyətin iddia səviyyəsi ilə də sıx bağlıdır. İddia səviyyəsi
dedikdə bu və ya digər fəaliyyət zamanı şəxsiyyətin seçdiyi və qarşısına qoyduğu məqsəd və
vəzifələrin çətinlik dərəcəsi ilə müəyyən olunan xarakteristikası nəzərdə tutulur. Başqa sözlə
iddia səviyyəsi fərdin qarşısına qoyduğu məqsədin çətinlik dərəcəsi ilə müəyyən olunan
şəxsiyyətin arzuolunan özünüqiymətləndirmə (mən obrazı) səviyyəsindən ibarətdir.
İnsan sonra yerinə yetirəcəyi işin çətinlik dərəcəsini sərbəst şəkildə seçərkən
özünüqiymətləndirməyə cəhd göstərməsi iki cür konfliktin yaranmasına səbəb olur: bir
tərəfdən maksimum müvəffəqiyyət əldə etmək üçün iddianı artırmaq cəhdi, digər tərəfdən
uğursuzluqdan yaxa qurtarmaq üçün iddia səviyyəsini aşağı salmaq. Müvəffəqiyyət əldə
edildikdə adətən iddia səviyyəsi artır, insan daha çətin məsələni həll etməyə hazır olduğunu
təzahür etdirir, uğursuzluq zamanı isə iddia səviyyəsini müvafiq şəkildə aşağı salır.
Şəxsiyyətin iddia səviyyəsi konkret fəaliyyət növündə özünü aydın göstərir. Bununla
əlaqədar bir fakta nəzər salaq.
İmtahana zəif hazırlaşmış tələbə 5 qiymət almağa cəhd göstərir və verilmiş 10 misaldan
yalnız 4-nü yerinə yetirdiyinə görə həmin qiyməti ala bilmədikdə ruhdan düşməyəcəkdir. O
eyni zamanda 3 qiymətə layiq görüldükdə də o qədər sevinməyəcəkdir. Çünki bu məqsədə nail
olmaq o qədər də çətin deyildir. Lakin tədricən misalların sayını 4-dən yuxarı artırmaqla yaxşı
qiymət almaq üçün ona neçə misal verilməsini istədiyini təklif etməklə onun iddia səviyyəsini
müəyyənləşdirmək mümkündür.
Bu sadə model göstərir ki, şəxsiyyət öz iddialarının səviyyəsini müəyyən edərkən özü
üçün müəyyən perspekti saxlamağa çalışır. Buna görə də o, elə tapşırıq və məqsədlər seçir ki,
onlar nə həddindən artıq çətin, nə də həddindən artıq asan olsun.
Aparılmış tədqiqatlar göstərmişdir ki, iddia səviyyəsinin formalaşması nəinki
müvəffəqiyyət və uğursuzluğu qabaqcadan görməklə, həm də hər şeydən əvvəl, keçmiş
müvəffəqiyyət və uğursuzluqların ağıllı surətdə, bəzən isə dumanlı dərk olunan şəkildə nəzərə
alınması və qiymətləndirilməsi ilə müəyyən edilir. Məktəblinin tədris işində, dərnəkdə məruzə
üçün mövzu, ictimai tapşırıq və s. seçərkən iddia səviyyəsinin formalaşmasını izləmək olar.
Dostları ilə paylaş: |