Mövzu 7. Şəxsiyyətin fəallığı və istiqaməti
Qısa icmal:
1. Tələbat və onun növləri
2. Davranış motivləri haqqında anlayış
3. Maraqlar
4. Əqidə və cəhdlər
1.Tələbat və onun növləri
Şəxsiyyətin fəallığı və onu təmin edən amillər. Əvvəl qeyd edildiyi kimi, şəxsiyyət
gerçəkliyi dərk edib dəyişdirməyi bacaran, fəaliyyət göstərən konkret canlı insandır. Deməli,
şəxsiyyət ictimai münasibətləri dərk edən, həmin münasibətlər qovuşuğunda formalaşan
subyekt, daha doğrusu fəal varlıqdır. Məhz onun fəallığı onun üçün fərqləndirici əlamət rolunu
oynayır. Şəxsiyyət fəaliyyətin köməyi ilə gerçək aləmlə fəal qarşılıqlı təsir prosesində təşəkkül
tapır.
Bəs insan şəxsiyyətinin fəallığı nə ilə bağlıdır, onu təmin edən amillər nədən ibarətdir?
Bu sual uzun illər ərzində kəskin mübahisələrin meydana gəlməsinə səbəb olmuşdur. Yuxarıda
şəxsiyyət haqqında nəzəriyyələrdən danışarkən qeyd olunduğu kimi, şəxsiyyətin davranışını,
onun fəallığını təmin edən amillər müxtəlif istiqamətdə öz əksini tapmışdır. Bunu aydın
görmək üçün görkəmli psixoloq K.Levinin təklif etmiş olduğu formulaya nəzər salaq
1
.
K.Levin şəxsiyyətin davranışını təmin edən amilləri təhlil etmək üçün B=F (P, E)
formulunu təklif etmişdir. Burada B-davranış; F-funksional asılılıq işarəsi; P- şəxsiyətin daxili
subyektiv xassələri; E- sosial mühiti bildirir.
K.Levinə görə şəxsiyyətin davrvnışını, fəallığını psixodinamik istiqamətdən izah edən
istiqamətin baxışlarını həmin formulaya tətbiq etdikdə B= F(P) alınır. Bu isə o deməkdir ki,
psixodinamik istiqamətdə şəxsiyyətin davranışı faktiki olaraq yalnız fərdin daxili subyektiv
psixoloji xassələri ilə əlaqələndirilir və onunla izah olunur. Burada sosial mühitin rolu nəzərə
alınmır.
Şəxsiyyət haqqında sosiodinamik istiqamətə gəldikdə, həmin nəzəriyyə tərəfdarları
şəxsiyyətin davranışını xarici mühitin təsiri ilə bağlayır, şəxsiyyətin daxili xassələrinə
əhəmiyyət vermirlər. Başqa sözlə B = F (E) formulu əsas götürülür.
İnteraksionistik istiqamətin tərəfdarları isə B=F (P,E) formulunu əsas götürürlər. Bununla
da onlar şəxsiyyətin davranışını, fəallığını daxili və xarici amillərin qarşılıqlı təsiri ilə
bağlayırlar. Bu ideyadan çıxış edən psixoloqlar şəxsiyyətin fəallığının mənbəyinin onun
tələbatlarından ibarət olduğunu irəli sürürlər.
Şəxsiyyətin istiqamətinin xarakteristikası. Yuxarıda şəxsiyyətin strukturundan danışarkən
onun ən mühüm bloklarından biri kimi istiqamətini qeyd etdik və buraya onun tələbatlarının,
davranış motivlərinin, maraq və meyllərinin, dünyagörüşünün, əqidə və ideallarının və s. daxil
olduğunu qeyd etdik.
Tələbat orqanizmin və ya şəxsiyyətin nəyə isə obyektiv ehtiyacını əks etdirən psixi
hadisədir. Tələbatlar həm insan, həm də heyvana mənsub olmaqla bioloji, yalnız insana
mənsub olmaqla sosial və ya mənəvi xarakter daşıya bilər. Bununla belə insanların və
heyvanların bioloji tələbatlarını eyniləşdirmək mümkün deyildir. Dərk olunma və ödənmə
xüsusiyyətlərinə görə insan tələbatları bir- birlərindən əsaslı şəkildə fərqlənir. İnsan tələbatları
onun dərk olunmuş ehtiyacları ilə bağlı olur. Hər hansı bir dərk olunmuş ehtiyac adamı o
ehtiyacın ödənilməsi ilə əlaqədar şəraitdən asılı edir. Bu asılılığın psixi təəssüratdan
keçirilməsi nəticəsində adam fəallaşır.
Tələbatların ödənilməsi, görülən iş, istifadə edilən alətlər yeni tələbatlar doğurur. İnsanın
tələbatları olduqca müxtəlifdir. Adətən mənşəyinə görə tələbatları iki yerə bölürlər: təbii və
mədəni tələbatlar.
Təbii tələbatlar – fərdin yaşayışını və nəslini davam etdirmək üçün şərait və ehtiyacların
inikası əsasında yaranır. Təbii tələbatlara qida, təmizlik, isti və soyuqdan mühafizə, istirahət,
nəsli davam etdirmək və s. ehtiyaclar misal ola bilər.
Mədəni tələbatlar – fərdin daxil olduğu sosial qruplarda mövcud mədəniyyətin psixi
inikası nəticəsində yaranır. Mədəniyyət, sosial qrupda, tarixi inkişaf prosesində insanların əli
və dühası ilə yaradılmış cisim, hadisə və münasibətlər mövcuddur. Hər konkret tarixi
cəmiyyətin özünəməxsus geyim, ünsiyyət, məişət və s. dəbləri və onların inikası əsasında
yaranan tələbatlar sistemi vardır. Fərd cəmiyyət daxilində ən kiçik yaşlarından real gerçəkliyi
dərk etmə prosesində adət və ənənələrə, yaşayış və davranış tərzinə yiyələnir, sosiallaşma
prosesi keçirir. Sosiallaşma prosesində fərd sosial qrupun tələbatlar sistemini, onların
ödənilməsi yol və vasitələrini də mənimsəyir. Mədəni tələbatlar öz məzmunu etibarı ilə sosial
tələbatlardır. Ona görə də şəxsiyyət ən təbii ehtiyaclarını belə daxil olduğu sosial qrupun
mədəniyyəti çərçivəsində ödəyir. Beləliklə, cəmiyyətin tarixi inkişaf səviyyəsindən asılı
olaraq, orada yaşayan adamların tələbatlar sistemi istər məzmun, istərsə də forma nöqteyi-
nəzərindən bir-birindən fərqlənirlər.
Tələbatları, onların məzmunlarının səciyyəsinə görə təsnif edərkən maddi və mənəvi
tələbatları müəyyənləşdirirlər. Maddi tələbatlar-maddi ehtiyaclardan doğur. Mənəvi tələbatlara
insanların siyasətə, əxlaqi davranışa, dinə, elmə, incəsənətə və s. olan tələbatları daxildir.
Maddi və mənəvi tələbatlar bir-birilə ayrılmaz surətdə bağlıdır. Mənəvi tələbatların təmin
olunması üçün daima maddi şeylərin olması tələb edilir ki, bunlar da öz növbəsində maddi
tələbatların predmetini təşkil edir.
Buradan isə aydın olur ki, mənşəyinə görə təbii olan tələbat, eyni zamanda predmetinə
görə maddi tələbat ola bilər. Mənşəyinə görə mədəni olan tələbat predmetinə görə ya maddi,
ya da mənəvi ola bilər. Deməli, həmin təsnifat tələbatların olduqca müxtəlif növlərini əhatə
edir və onların insan şüurunun inkişaf tarixinə və yönəldikləri obyektlərə münasibətini ifadə
edir.
2.Davranış motivləri haqqında anlayış
Şəxsiyyətin davranış motivləri. Qeyd etdiyimiz kimi, tələbatlar şəxsiyyətin davranışının,
fəallığının mənbəyini təşkil edir. Məhz buna görə də onlar insanı fəaliyyətə təhrik edən
səbəblər, başqa sözlə motivlər rolunu oynayır. Motiv (latınca movero-hərəkətə gətirən) insanı
hər hansı bir məqsədəyönəlmiş işə, fəaliyyətə təhrik edən səbəbdir.
Təcrübə göstərir ki, motivlər bir-birindən onlarda təzahür edən tələbatların növünə,
onların kəsb etdiyi formalara, genişliyinə və ya məhdudluğuna, onların reallaşdığı fəaliyyətin
konkret məzmununa görə fərqlənir. Fəaliyyətin mürəkkəb növləri, bir qayda olaraq bir motivə
deyil, eyni vaxtda bir necə təsir göstərən və qarşılıqlı təsirdə olan motivə cavab verir ki, bunlar
da insanın hərəkət və əməllərinin şaxələnmiş motivləşmə sistemini təşkil edir. Motivləşmə elə
motivlər birliyidir ki, şəxsiyyətin istiqamətini, yönəlişliyini müəyyən etməklə onun
fəaliyyətinin səmərəliliyini də şərtləndirir.
Əvvəlki fəsildə qeyd etdiyimiz kimi, motivləri dərk edilən və dərk edilməyən olmaqla iki
yerə bölürlər. Psixoloji ədəbiyyatda dərk edilən motivlərə tələbatlarla yanaşı maraqları,
dünyagörüşünü, əqidə və idealları; dərk edilməyən motivlərə isə ustanovkanı, həvəsi və s. aid
edirlər.
3.Maraqlar.
Maraqlar. Maraqlar insanın idrak tələbatlarının emosional təzahürləridir. Başqa sözlə,
maraq şəxsiyyətin, gerçək həyatın müəyyən bir sahəsinə, müəyyən bir fəaliyyətə, bu və ya
digər biliyi əldə etməyə az və ya çox yönəlməsində ifadə olunan fərdi psixi xüsusiyyətdir.
Şəxsiyyətin istiqaməti onun maraqlarında ifadə olunur.
Maraqların insanın həyat və fəaliyyətində rolu olduqca böyükdür. Şagird nə iləsə
dərindən maraqlandıqda, yerinə yetirdiyi iş, dinlədiyi dərs onun üçün maraqlı olduqda həmin
sahələrdə yüksək müvəffəqiyyət qazanır. Əksinə onlara qarşı maraq olmadıqda həmin işlər
cansıxıcı olur, şagirdi cəlb etmir.
Maraq bizdə müəyyən hisslər doğuran cisim və hadisəyə daha artıq və gərgin diqqət
yetirilməsini təmin edir. Maraq hər hansı bir obyekti daha dərindən və dəqiq dərketmə
meylindən doğur. Maraqların fizioloji əsasını bələdləşmə- tədqiqat refleksləri təşkil edir.
Gerçək aləmdə baş verən hər bir yeni, gözlənilməz dəyişiklik zamanı bələdləşmə refleksi baş
verir və qıcıqlandırıcının daha tam və aydın inikasını təmin edir. Ətraf mühitdə ən kiçik bir
dəyişiklik, yenilik baş verdiyi zaman insanda müvafiq reseptor aparatı bu dəyişikliyi törədən
qıcığa doğru yönəlir.
Bələdləşmə refleksini bəzən «tədqiqat refleksi», bəzən də «bu nədir?» refleksi
adlandırırlar.
Maraqlar idrakın daimi təhrikedici mexanizmi kimi meydana çıxır.
Maraqları məzmununa, məqsədinə, genişliyinə və davamlılığına görə təsnif etmək olar.
Məzmununa görə maraqları təsnif edərkən insanın idrak tələbatlarının obyektləri əsas
götürülür. İdrak tələbatları obyektlərindən hansının insanı cəlb etməsi bu sahədə onun
marağının məzmununu müəyyənləşdirir. Bu baxımdan maraqların əhəmiyyətlilik dərəcəsi
onun məzmununun nə dərəcədə düzgün seçilməsindən asılı olur.
Məqsədinə görə maraqlar vasitəsiz və vasitəli ola bilir. İnsan üçün əhəmiyyətli olan
obyektin emosional cazibədarlığı vasitəsiz marağın meydana gəlməsinə səbəb olur. Bu zaman
həmin obyektin özü bilavasitə bizi özünə cəlb edir. Onunla maraqlanmağa başlayırıq. Vasitəli
maraqlara gəldikdə bunlar qarşıya qoyulmuş məqsədə çatmaq üçün zəruri olan vasitələrlə
əlaqədar meydana gəlir. Vasitəli maraqların insanın əmək və tədris fəaliyyətinin təşkilində
əhəmiyyəti olduqca böyükdür.
Maraqları özlərinin genişliyinə görə də təsnif edirlər. Həyat təcrübələri göstərir ki, bəzi
adamlarda maraqlar yalnız bir sahə üzrə mərkəzləşdiyi halda, bəziləri isə bir çox obyektlərlə
maraqlanırlar, başqa sözlə onlarda maraqların əhatə dairəsi geniş olur. Əgər bu maraqların
genişliyi onların dərinliyi ilə uzlaşarsa daha səmərəli xarakter daşımış olar. Maraqların dərinlik
səviyyəsi şəxsiyyətin mühüm keyfiyyəti kimi qiymətləndirilir. Bu cür maraqlara malik olan
insanlar bu və ya digər fəaliyyət sahəsində həmişə yüksək müvəffəqiyyətləri ilə fərqlənirlər.
Özlərinin davamlılığına görə maraqlar davamlı və davamsız ola bilir. Bəzi adamlarda
maraqlar davamlı olduğu halda, başqalarında davamsız, keçici xarakter daşıyır. Davamlı
maraqları insanın formalaşmağa başlayan qabiliyyətlərinin göstəricilərindən biri kimi qeyd
edirlər.
Maraqları passiv və fəal olmaqla da təsnif edirlər. Heç bir iş görmədən, nəiləsə sadəcə
olaraq maraqlanmaq insanın həmin obyektə passiv maraq bəslədiyini göstərir. Passiv maraqlar
mənfi hal olmaqla şəxsiyyətin ümumi inkişafına heç bir dəyərli təsir göstərmir. Fəal maraqlara
gəldikdə, əksinə, bu cür maraqlar bizi fəaliyyətə təhrik edir, bu zaman bizə qüvvə verir, işi ruh
yüksəkliyilə, axıra qədər davam etdirməyimizə, əldə etdiyimiz nəticələrin yüksək keyfiyyətdə
olmasına müsbət təsir göstərir.
4.Əqidə və cəhdlər.
Dünyagörüşü, əqidə və ideallar. Şəxsiyyətin dərk olunan davranış motivləri içərisində
dünyagörüşü, əqidə və idealların da özünəməxsus yeri və rolları vardır.
Dünya və onun qanunauyğunluqları, təbiət və cəmiyyət hadisələri haqqında müəyyən
baxışlar sistemi insanın dünyagörüşünü təşkil edir. Dünyagörüşünün formalaşması insanın ona
müvafiq davranış tərzini həyata keçirməsinə təkan verir. Dünyagörüşü tarixi xarakter daşıyır.
Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq insanların dünyagörüşü də dəyişilir. İnsanlar elmi, dini,
mütərəqqi, mürtəce, materialist, idealist və s. dünyagörüşünə malik ola bilirlər.
İnsanın dünyagörüşü onun əqidəsinə çevrilə bilir və bu zaman şəxsiyyətin tamlığını
təmin edir. Əqidə – şəxsiyyətin onu öz baxışlarına, prinsiplərinə, dünyagörüşünə müvafiq
olaraq hərəkət etməyə yönəldən dərk olunmuş tələbatlar sistemidir. Əqidə insana öz həyat
yolunu tam aydınlığı ilə müəyyən və təsəvvür etmək imkanı verir, onu şərtləndirir.
İdeallar da şəxsiyyətin dərk olunan davranış motivləri hesab olunur. İdeal insanın nail
olmağa can atdığı ən yaxın məqsəddir. Başqa sözlə, ideallar insanın həyat və fəaliyyətində nail
olmağa can atdığı ən yüksək məqsəd hesab olunur. İdeallar müsbət hissi boyalarla zəngin olur
və şəxsiyyətin istiqamət və fəaliyyətinə aydınlıq, müəyyənlik verir. İdeallar fəal və passiv ola
bilir. Əgər ideallar fəal və həyatidirsə, insanı mübarizədə qorxmaz edir, onun iradəsinə
möhkəmlik, xarakterinə qüvvət bəxş edir.
Sadəcə olaraq bu və ya digər ideala malik olmaq, bu və ya digər bir şəxsiyyəti özünə
ideal qəbul etmək və bununla kifayətlənmək çox azdır. Bu, adamın ümumi inkişafına heç bir
müsbət təsir göstərə bilməz. Əsl və həlledici cəhət seçilən idealın fəal olması, mütərəqqi və
müsbət ideal uğrunda, ona çatmaq uğrunda yorulmadan mübarizə etmək əzminə malik
olmaqdır.
Maraqlar – insanın idrak tələbatlarının emosional təzahürləridir.Onların təmin olunması
biliklərdəki çatışmamazlıqları aradan qaldırmağa əhəmiyyət kəsb edən faktlara yaxşı bələd
olmağa onları anlamağa onlarla tanış olmağa kömək edir.Maraqlar subyektiv olaraq insanın
özü üçün idrak prosesinin kəsb etdiyi müsbət emosional tonda əhəmiyyət kəsb etmiş obyektlə
dərindən tanış olmaq onun haqqında daha çox bilmək onu başa düşmək arzusuna təzahür edir.
Maraqlar idrakın daimi təhrikedici mexanizmi kimi meydana çıxır. Maraqlar məzmununa
məqsədinə,genişliyinə və davamlılığına görə təsnif oluna bilər.İnsanın əsasən nəyə maraq
göstərməsi və onun idrak tələbatları obyektinin ictimai dəyərinin necə olması psixoloji
cəhətdən mühümdür.Məqsəd əlamətinə görə maraqlar vasitəli və vasitəsiz olur.Vasitəsiz
maraqlar əhəmiyyətli obyektin emosional cazibədarlığı ilə yaranır (adam deyir ki,mənim üçün
bunu bilmək görmək anlamaq maraqlıdır)Obyektin real əhəmiyyəti ilə onun şəxsiyyət üçün
əhəmiyyəti uyğun gəldikdə vasitəli maraqlar meydana çıxır (belə hallarda adam deyir ki,bu
mənim üçün maraqlıdır,çünki mənim mənafeyimə uyğundur.Maraqlar özünün genişliyinə görə
də fəqlənir.Burada nələrəsə qarşı azakeşlik,ehtiras və həvəs oyanır.Məsələn kolleksiya
yığmaq,numizmatika,fotbola azarkeşlik.Maraqların davamlılıq dərəcələrinə görə də
ayrılır.Maraqların davamlılığı qabiliyyətlərinin göstəriciləridir.Məsələn bir insan bütün
həyatını bir elmi axtarışa və yaxud bir sahəyə həsr edir.Davamsız maraqlar isə qısamüddətli
hansısa sahələrə qarşı yaranıb sonar sönən maraqlardır.Məsələn hər hansı bir dili,elmə və
sənətə qarşı qısamüddətli maraqların yaranması.
Əqidələr-Əqidələr şəxsiyyətin onu öz baxışlarına prinsiplərinə dünyagörüşünə müvafiq
olaraq hərəkət etməyə təhrik edən dərk olunmuş tələbatlar sistemidir.
Mövzu 8. Şəxsiyyətlərarası münasibətlər
Qısa icmal:
1. Qrup haqqında anlayış;
2. Qrupun təsnifatı
3. Kollektiv qrupun yüksək forması kimi
4. Liderlik və rəhbərlik
1.Qrup haqqında anlayış
İnsan cəmiyyət daxilində doğulub yaşayır.Hər bir fərd nəinki bioloji, eyni zamanda
sosial irsə sahib olub, konkret mühitdə və cəmiyyətdə mövcud yaşayış tərzini, görüşləri, adət
və ənənələri təkrar edir.Bu baxımdan hər bir şəxs konkret cəmiyyətin məhsulu, öz dövrünün
övladıdır.Burada insan birliyi xüsusi rol oynayır.Əgər insan tək, tənha yaşasaydı nə onun bir
şəxsiyyət kimi formalahması, nə də öz tələbatlarını ödəməsi işi istənilən səviyyədə gedə
bilməzdi.Məhz buna görə də bəşər tarixində insanlar daima müəyyən qruplarda birləşir və
fəaliyyət göstərirlər.
Bəs hər cür insan birliyini qrup adlandırmaq olarmı?Qrupları səciyyələndirən əsas
amillər nədən ibarətdir?Bu kimi suallara cavab vermədən qruplar, onların rolu və
funksiyalarını da düzgün dərk etmək mümkün deyildir.
Hər şeydən əvvəl hər cür insan birliyini, məsələn, təsadüfən avtobusda, metroda,
küçədə birgə gedən adamları qrup adlandırmaq düzgün deyildir.Bu adamlar fiziki cəhətdən
birləşmiş fərdlər olmaqla, bir-birlərinə qarşılıqlı təsir göstərmirlər.Hər hansı bir insan birliyini
qrup adlandırmaq üçün həmin adamların vahid məqsəd uğrunda birgə fəaliyyətə girişməsi
tələb olunur.Bu cür ümumi mənafe və birgə fəaliyyət olmadıqda insanların birliyinin son
məqsədi də məlum olmur.Bu cür təsadüfi birləşmədə insanların bir-birinə qarşılıqlı təsiri,
onların bir-birini qavraması halları da aradan çıxır.Bu baxımdan görkəmli amerika psixoloqu
D.Mayersin qrupa verdiyi tərif diqqəti cəlb edir.« Qrup bir-birinə qarşılıqlı təsir göstərən, bir-
birinə uzun müddət təsir göstərməklə özlərini «biz» kimi qavrayan iki və daha artıq insan
birliyidir»
2
.Məhz buna görə də qrupları sosial mənsubiyyətə, birgə fəaliyyətin və ünsiyyətin
xarakterinə görə birləşən insan birliyi kimi səciyyələndirmək lazım gəlir.
Tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış, ümumi mənafe, sərvətlər və
davranış normalarına malik olan adamların nisbətən sabit birliyi qrup adlanır.
Adamların qeyri-mütəşəkkil yığımından, təsadüfü birliyindən fərqli olaraq qrup
üzvləri qrup üçün tipik olan fəaliyyət növlərinə daxil olurlar. Məsələn, ali məktəbin tələbə
qruplarında gələcəyin mütəxəssisi kimi formalaşmalı olan insanlar birləşirlər. Onlar üçün tipik
fəaliyyət növü təlim fəaliyyəti olub, bu prosesdə müvafiq peşə bilik, bacarıq və vərdişlərinin
formalaşması baş verir.
Adətən hər bir adam müxtəlif qrupların üzvü ola bilir. Lakin hər hansı adam bütün
qruplarda eyni statusa malik olmur, müxtəlif qruplarda müxtəlif rolları yerinə yetirir. Məsələn,
uşaq ailədə övlad (oğul və ya qız), məktəbdə şagird, voleybol komandasında idmançı rolunu;
yaşlı adam ailədə valideyn, işdə müdir və ya adi işçi və s. rolunu yerinə yetirə bilər.
Sosial qruplar. Qeyd olunduğu kimi, adi insan biriliklərində adamlar ümumi
mənafe, sərvət və davranış normalarına malik olmurlar. Yalnız sosial qruplarda hər cür sosial
münasibətlər mövcud olur.Sosial qruplar cəmiyyətin qəbul etdiyi, özünün məqsəd və vəzifələri
onun xeyrinə olan qruplardır. Bu cür qruplara ailəni, orta və ali məktəb qruplarını, təşkilat və
idarələrdə toplanmış insan qruplarını, hərbi və idman qruplarını və s. aid etmək olar. Həmin
qrupların strukturu, normaları cəmiyyətin mövcud tələblərinə uyğun olmaqla, bir növ cəmiyyət
tərəfindən idarə olunur.Təsadüfü insan biliklərində isə çox vaxt bu cür idarə olunma mövcud
olmur.Bu cür insan birlikləri bir növ kütlə xarakteri daşıyır. Kütlə aydın dərk olunmuş ümumi
məqsəddən məhrum olan, lakin bir-biri ilə öz emosional vəziyyətinin oxşarlığı və ümumi
diqqət obyektinə görə bağlı olan, xüsusi strukturuolmayan insan toplusudur.Sosial qruplarda
isə aydın dərk olunmuş ümumi məqsədlər mövcud olur.Qrup üzvlərinin hamısı həmin
məqsədin həyata keçirilməsinə çalışırlar.Burada qarşılıqlı anlama, əvvəlcədən düşünülmüş
struktura uyğunluq, müvafiq funksiyalar həyata keçirilir. Bu cəhəti nəzərə alaraq Ə.Bayramov
və Ə.Əlizadə yazır: «Sosial qrup mədəniyyət meyarları, sərvət meylləri, həyat fəaliyyəti
vasitələri və ya şəraiti ilə bir-biri ilə bağlı olan insanların nisbətən sabit birliyidir»
3
.
Psixoloji ədəbiyyatda (Ə.Bayramov, Ə.Əlizadə) sosial qrupların aşağıdakı
funksiyaları qeyd olunur:
◼ sosializasiya funksiyası;
◼ instrumental funksiya;
◼ ekspressiv funksiya;
◼ müdafiəedici funksiya;
Qrupun sosializasiya funksiyası-burada qrup üzvlərinin sosiallaşması, sosial
təcrübəni mənimsəməsi, bir şəxsiyyət kimi formalaşmasını nəzərdə tutur. İnsanın sosiallaşması
onun düşdüyü ilkin sosial qrupdan başlayır. Ailənin ilkin sosial qrup kimi uşağın
sosiallaşmasında oynadığı rol hamıya məlumdur. İnsanın daxil olduğu sonrakı sosial qruplar
da onun sosial təcrübəni mənimsəmək məktəbi rolunu oynayır.
Sosial qrupların instrumental funksiyasına gəldikdə bu, qrupda insanların birgə
fəaliyyətinin bu və ya digər şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu, xüsusilə kollektiv
şəkildə həyata keçirilən fəaliyyət növlərində özünü daha aydın şəkildə göstərir. Buna voleybol,
futbol komandasının və birgə fəaliyyətə əməl olunmadan həyata keçirilməsi mümkün olmayan
digər fəaliyyət növlərində birləşən insan qruplarını aid etmək olar.
Sosial qrupların ekspressiv funksiyasına gəldikdə buna psixoloqlar qrupda
insanın rəğbətləndirmə, hörmət və etimada tələbatının təmin olunmasında ifadə olunmasını aid
edirlər. Başqa sözlə sosial qruplar insanların qeyd olunan tələbatlarını ödəmək vəzifəsini də
yerinə yetirirlər.
Sosial qrupun müdafiəedici funksiyasına gəldikdə elə həmin funksiyanın adı
onun mahiyyətini başa düşməyə imkan verir. Sosial qrup öz üzvlərinin hərtərəfli müdafiəsi
üçün əsaslı şərait yaradan bir birlik kimi fəaliyyət göstərir.
2. Qrupun təsnifatı
Qrupları müxtəlif əsaslara görə təsnif edirlər. Hər şeydən əvvəl qrup üzvlərinin
miqdarına, tanışlıq və yaxınlıq səviyyəsinə görə qrupları böyük və kiçik olmaqla iki yerə
bölürlər.
Böyük qrup 30-40- dan artıq insan birliyidir.Böyük qrupun üzvləri bir-birini tanımaya, bir-biri
ilə görüşməyə bilirlər. Bu cür qruplara çoxsaylı tələbə və müəllim kollektivi olan
Universitetləri, böyük şirkətləri, dövlətləri, millətləri və s. aid etmək olar. Ən böyük insan
birliyi bəşəriyyətdir.
Kiçik qrupa gəldikdə bu 2-dən 30-40 qədər insan birliyidir.Kiçik sosial qruplarda insanların
bir-birilə təması daha yaxın və daimi xarakter daşıyır.Kiçik sosial qrupun üzvləri ümumi bir
işlə məşğul olur və bir-birilə birbaşa qarşılıqlı əlaqədə olurlar.İnsan öz həyatının çox hissəsini
bu qrupun daxilində keçirir.Ona görə də bir-birlərini yaxşı tanıyırlar.
Kiçik qrupların üzvlərinin sayı 7 nəfərdən artıq olmadıqda belə qrupları ilkin kiçik qrup
adlandırırlar.Məsələn, yeni yaranmış ailəni ilkin qrup adlandırırlar.İnsan adətən bir ilkin
qrupun iştirakçısı olur.Hər hansı mikro sosial qrup onun iştirakçıları üçün ilkin qrupa çevrilə
bilər.Bütün ilkin qruplar eyni zamanda kiçik qrup olub uzun müddət, bəzən insanın ömrü boyu
davam edən qruplar olaraq qalır.İlkin qrupun iştirakçıları daimi təmas nəticəsində bir-birini
yaxşı tanıyır, bir-birinə bələd olurlar.
İlkin qrupun iştirakçıları arasında məhrəmlik və ümumi məxvilik mövcud olduğundan, onların
dünyaya «özlərinə» məxsus baxışları və xüsusi qiymətləndirmə sistemləri yaranır. Qarşılıqlı
maraqların anlaşılması və eyni qrupa mənsub olmaq hissi ilkin qrupun iştirakçılarını daha
həmrəy hərəkət etməyə məcbur edir. İlkin qrupda sosial nəzarət olub, iştirakçılar öz hüquq və
vəzifələrini könülllü anlayır və yerinə yetirirlər.
Qeyd etmək lazımdır ki, ilkin qruplarda baxışlar, təsəvvür və motivlər birgə yaşayış və
fəaliyyət şəraitində tədricən formalaşır və təkrar nəticəsində müxtəlif stereotiplər yaranır.İlkin
qrupun yaşayış tərzi, adət və ənənələri mövcud olur ki, onlar tədricən formalaşır və sosial
ünsiyyət şəklində yeni iştirakçılara keçir.
İlkin qruplar özləri eyni zamanda kiçik qrup olmaqla, kiçik qrupda olan ilkin
qruplardan birinə çevrilə bilir. Başqa sözlə, bəzən bir kiçik qrupda bir neçə ilkin qrup mövcud
ola bilir.
Sosial psixologiyada qrupların mövcudluq dərəcəsinə görə iki növünü: real və şərti qrupları
qeyd edirlər.
Şərti qruplar, adından məlum olduğu kimi müəyyən şərtlər, adamların müəyyən
xüsusiyyətlərə (cins, yaş, həmkarlıq və s.) əsasən müəyyən qrupa daxil edilməsi nəticəsində
yaranır.Məsələn, Universitetin tələbələrini oğlan və qız olmalarına, idman və musiqi ilə
maraqlanmalarına, yaşlarına görə qruplaşdırmagı buna misal göstərmək olar.Şərti qrup bəzən
statik qrup da adlandırılır.Şərti qrup iştirakçıları eyni zaman və məkan daxilində yaşamaya və
bir-biri ilə rabitədə, təmasda olmaya da bilirlər.Bununla yanaşı olaraq şərti qrupların
yaradılmasından müvafiq eksperimentlərin nəticələrini təhlil edərkən də istifadə olunur.Bu
zaman tədqiqatçı üzərində tədqiqat apardığı yoxlananları bu yolla qruplaşdıra bilir. Məsələn,
prof. Ə.Bayramov müxtəlif məktəblərdə və siniflərdə apardığı müəyyənedici eksperimentlərə
əsasən aglın tənqidiliyinin səviyyəsinə görə şagirdləri 4 qrupa bölmüşdür: təhriksiz olaraq
tənqidi düşünənlər; qismən təhriklə tənqidi düşünənlər; tam təhriklə tənqidi düşünənlər; heç
cür tənqidi düşünə bilməyənlər.
Real qruplara gəldikdə bunlara müəyyən zaman və məkan daxilində real münasibətlərlə
birləşmiş insan birliyini aid edirlər.Məsələn, ailə, bir sinfin şagirdləri, məktəbin pedaqoji
kollektivi və s. Real qrupların üzvləri daima bir-birləri ilə təmasda olurlar.
Sosial psixologiyada kiçik qrupların məqsəd və xarakterinə görə daha iki növünü
qeyd edirlər: rəsmi (formal) və qeyri – rəsmi (qeyri formal).
Rəsmi qruplar rəsmi sənədlər əsasında yaradılmış qruplardır.Bu cür qruplarda münasibətlər
inzibati-hüquqi yolla müəyyən olunur və tənzim edilir.Rəsmi qruplarda qrup üzvlərinin
mövqeyi və davranışı ciddi qaydalarla reqlamentləşdirilir.Bu cür qruplar daima mütəşəkkil
qrup olub, onun üzvlərinin hüquq və vəzifələri müvafiq təlimat və sənədlərdə öz əksini tapır.
Özünün şəxsi töhfəsi və özünün xidməti və ictimai funksiyalarını yerinə yetirməsindəki
məsuliyyət dərəcəsindən asılı olaraq rəsmi qrupun bütün üzvləri burada müvafiq yer, mövqe
tuturlar. Bu cür rəsmi qruplara orta məktəbdəki sinifləri, ali məktəb tələbə qruplarını,
kafedraları, hərbi qrupları və s. misal göstərmək olar.
Qeyri-rəsmi qruplara gəldikdə, adından göründüyü kimi, rəsmi sənədlər əsasında
yaradılmayan insan birliyidir.Bu cür qrupun üzvlərinin dəqiq qeyd edilmiş məqsədi olmur.Bu
cür qruplar ünsiyyət prosesində təbii yolla yaranır.Burada qrup üzvlərinin bir-birinə qarşı
emosional-psixoloji münasibətləri qrupun yaranması üçün əsas rol oynayır.Qeyri – rəsmi qrup
da özünün müvafiq strukturu və qarşılıqlı münasibət normalarına malik olur.Lakin bu
münasibətlər ilk növbədə yazılmamış qaydalar və insanların şəxsi keyfiyyətlərindən doğan
münasibətlərdən ibarət olur. Bu cür qruplara öz maraqlarına görə birləşən həyət
kompaniyalarını, yaxın iş və təhsil dostlarını aid etmək olar. Çox vaxt rəsmi qrupların
daxilində də bu cür qeyri-rəsmi qruplar yarana bilir.Belə ki, rəsmi qrupun üzvləri bir-birinə
yaxınlıq, dostluq münasibətlərinə görə qruplaşa bilirlər. Həmin qrupların mövqeyi, norma və
məqsədi bütövlükdə rəsmi qrupun mövqe, norma və məqsədinə uygun gəldikdə qrupun
fəaliyyətinin müvəffəqiyyətlə həyata keçməsinə imkan yaradır. Bu baxımdan psixoloqlar
rəsmi kiçik qrupun müvəffəqiyyətlə fəaliyyət göstərməsinin, onun rəsmi və qeyri-rəsmi struk-
turlarının bir-birinə uyğun gəlməsindən asılı olduğunu qeyd edirlər.
Referent qruplar.Psixoloji ədəbiyyatda kiçik qrupların bir növü kimi referent qrupları da qeyd
edirlər (latınca referens sözündən götürülmüşdür).Özünün normaları, fikirləri, qiymətləri
fərdin davranış motivlərinə çevrilən sosial birlik referent qrup adlanır. Bu termin ilk dəfə
olaraq 1942- ci ildə Q.Xaymen tərəfindən irəli sürülmüş və sonralar R. Merton, Q. Nunkom,
M.Şerif və b. tərəfindən istifadə olunmuşdur.
Məlum olduğu kimi hər bir adam müxtəlif qrupların üzvü olur. Ayrı- ayrı adamlar üçün daxil
olduğu həmin qrupların sırası özünəməxsus şəkildə, müxtəlif olur. Lakin bütün hallarda həmin
sıranın müəyyənləşdirilməsi eyni prinsipə əsaslanır: birinci yerdə mütləq o qruplar
dayanacaqdır ki, həmin qrupun normaları fərdin cəhd etdiyi normalara uyğun olsun. Sonrakı
yerlərdə qruplar fərd üçün əhəmiyyətlilik dərəcəsi olan yerləri tutacaqdır.Yüksək ranqa malik
olan qrup fərd üçün bir növ daxili forum təşkil edir (Q.Midin obrazlı ifadəsinə görə), fərd öz
davranışını həmin normalarla tutuşdurur, tənzim edir.
Qaydaları və normaları şəxsiyyətin qayda və normalarına çevrilən, fərdin statusunun artması
üçün daimi imkanları olan bu cür referent qrupları çox vaxt etalon qrup adlandırırlar.
V.B.Olşanskinin verdiyi tərifə görə etalon qrup real və ya təsəvvür olunan elə qrupdur ki,
şəxsiyyət həmin qrupa cəhd göstərir və onun standartlarını öz davrvnışı üçün etalon qəbul
edir.Bu baxımdan etalon qruplar real və təsəvvür olunan xarakter daşıya bilər.
Kiçik qrupların fenomenologiyası və strukturu
Kiçik qrupların fenomenologiyasında aşağıdakı anlayışlar da özünəməxsus yer
tutur: kiçik qrupların həcmi, strukturu, psixoloji uyuşma, qrup təzyiqi, norma və funksiyalar,
qrupun qütbləşməsi, rəhbərlik və liderlik və s.
Qrup üzvlərinin mövqelərianlayışı altında insanın hər hansı bir münasibətlər
sistemində tutduğu yer başa düşülür.Həmin mövqe insanın qrupun digər üzvləri ilə əlaqəsi ilə
müəyyənləşdirilir.İnsanın qrupun digər üzvlərinin hərəkət və davranışına potensial təsiri həmin
adamın qrupdakı mövqeyindən asılıdır.Mövqeyin hansı səviyyədə olması bu təsirin
səviyyəsini müəyyənləşdirmək imkanı verir.Qrup üzvlərinin statusuna gəldikdə o, qrup
üzvlərinin mövqelərindən fərqli anlayışdır.Qrup üzvünün statusundan danışarkən onun
qrupdaxili münasibətlər sistemində qrupun digər üzvlərinə nisbətən əldə etdiyi həqiqi nüfuz
dairəsi nəzərdə tutulur.
Fərdin kiçik qrupdakı vəziyyətini səciyyələndirən anlayışlardan biri də
daxiliyönəlişlik (ustanovka) anlayışıdır.Bu fərdin öz statusunu şəxsən, subyektiv şəkildə
qavramasından ibarətdir.Burada fərdin öz real vəziyyətini, nüfuzunu və qrupun digər üzvlərinə
təsir dərəcəsini necə qiymətləndirməsi nəzərdə tutulur.
Fərdin qrupdakı vəziyyətini səciyyələndirməkdə rol anlayışı da xüsusi yer
tutur.Sosial psixologiyada rol qrupda müvafiq mövqe tutan insanın müəyyən normalarla bağlı,
kollektiv şəkildə bəyənilmiş, icrası gözlənilən davranış tərzi kimi nəzərdə tutulur.Rol rəsmi
vəzifə kimi müəyyənləşdirilə, yaxud qrup üzvləri tərəfindən seçilə bilər.Müəyyən qrupda
müvafiq rola girən insan tədricən həmin rola alışır və qrup üzvləri ondan həmin rola uyğun
davravnış tərzini gözləməyə başlayırlar.
Kiçik qruplarda psixoloji uyuşma.Kiçik qruplarda birgə fəaliyyətin müvəffəqiyyətlə
getməsi, səmərəliliyi qrup uyuşmasından, başqa sözlə qrup üzvlərinin həmrəyliyindən çox
asılıdır.Bunu həyatı faktlar da təsdiq edir.Tez- tez hər hansı bir qrupun dağılmasının, onun
fəaliyyətinin səmərəsizliyinin qrup uyuşmasının olmaması ilə bağlı olması barədə söhbətlərin
şahidi oluruq. Hər hansı bir qrupda, məsələn, ailədə, istirahət qruplarında, biznesdə, idman və
s. qruplarında adamların bir- birinə uyuşa bilməməsini qrup fəaliyyəti üçün ciddi maneə hesab
edirlər. Başqa sözlə, çox vaxt bu cür kiçik qruplarda heç də bütün adamların hamısının həmin
qrupda mürəkkəb və məsuliyyətli birgə işi həyata keçirməyə hazır olmadıqları özünü
göstərir.Kiçik qrupların fəaliyyətinin səmərəliliyinə müsbət və ya mənfi təsir göstərən
amillərdən biri məhz qrup uyuşması fenomeni ilə əlaqədardır.
Müasir psixologiyada psixoloji uyuşmanın üç istiqamətdə – struktur, funksional və
adaptiv istiqamətlərdə öyrənildiyi göstərilir.Psixoloqlar struktur uyuşmanı «qrup üzvlərinin
xarakteristikalarının optimal uyuşmasının» araşdırılması ilə baglayırlar. Buraya qrup
üzvlərinin dünyagörüşü, tələbatları, motivləri, maraqları və s.- nin oxşarlığı və yaxınlığını aid
edir və bu cür oxşarlıq və yaxınlığın qrup üzvlərinin bir-birinə psixoloji cəhətdən uyuşmasına
kömək etdiyini göstərirlər (Ə.Bayramov, Ə.Əlizadə).
Funksional psixoloji uyuşmaya gəldikdə burada idraki, emosional-iradi cəhətdən
yaxınlıq, xüsusilə temperament və xarakter səviyyəsində uyuşma əsas götürülür.Həyati faktlar
göstərir ki, qrup üzvləri arasında xarakterlərinə görə uyğunsuzluğun olması çox vaxt qrupda
ciddi mənfi psixoloji hadisələrin baş verməsinə, xüsusilə qrupda psixoloji iqlimin pozulmasına
gətirib çıxarır.Hətta qrup üzvlərinin tək birində xarakterin ciddi uyğunsuzluğu qrup
fəaliyyətinin pozulmasına əsaslı təsir göstərə bilir.Bu cür faktlar göstərir ki, qrupda
şəxsiyyətlərarası rolların bir-biri ilə uyuşması psixoloji uyuşmanın zəruri şərtlərindən birinə
çevrilir. Əksinə, rollararası münaqişələrin yaranması isə qrup uyuşmasını çətinləşdirməklə
onun fəaliyyətinin səmərəliliyinə mənfi təsir göstərir.
Psixoloji ədəbiyyatda qeyd olundugu kimi, qrup uyuşmasının adaptiv planda təhlili
pozitiv şəxsiyyətlərarası münasibətlərin formalaşdırılmasını nəzərdə tutur.Psixoloqlar qrup
uyuşmasının adaptiv planda həyata keçirilməsini təmin etmək üçün işgüzar oyunlar
metodundan geniş istifadə olunmasını məsləhət görürlər.Psixoloqların apardıqları tədqiqatlar
göstərmişdir ki, işi birlikdə icra edən və ya yanaşı yaşayan adamların uyuşan və uyuşmaz
olması qrupların sosial-psixoloji tədqiqi üçün ən aktual vəzifələrdən biridir.
Qrup uyuşmasının eksperimental tədqiqi qomeostat adlanan xüsusi qurğunun
köməyi ilə həyata keçirilir. Qomeostat elə bir cihazdır ki, burada eyni vaxtda bir neçə adam
işləyə bilir. Bu zaman birgə fəaliyyətin müvəffəqiyyəti bütün qrupun fəaliyyətinin
uzlaşdırılmasından və uygunlaşdırılmasından asılı olur.Bu cihazın köməyi ilə qrupun birgə
fəaliyyətə nə dərəcədə hazır olduğunu aşkara çıxarmaq mümkün olur.Bu baxımdan
qomeostatdan müəyyən qrupları yaratmaq məqsədi ilə müvafiq qrup üzvlərini
müəyyənləşdirmək üçün onun imkanlarını şişirtməyə imkan vermədən istifadə etmək
mümkündür.
Qrup təzyiqi fenomeni.XX əsrin 50 və 60- cı illərində sosial psixologiyada
şəxsiyyətin davranışının onun fərqli sərvət meylləri və normaları qrup normalarına uyğun
gəlmədiyi şəraitdə ziddiyyətli xarakter daşıması problemi diqqət mərkəzində olmuşdur.Bu cür
psixoloji konfliktlər qrupun şəxsiyyətə təsiri şəraitində təzahür edə bilirdi ki, bu qrup təzyiqi
hadisəsi kimi qeyd olunurdu.Fərd və qrup arasındakı konflikti həll etməyin yollarından biri
kimi konformizm özünü göstərməyə başlamışdır.
Konformizm(və ya konformluq) fərdin qrupla zahirən razılaşması, ixtilafı daxilən
dərk etdiyi halda onun hər bir təsirinə tabe olması, hər bir şəraitdə uyğunlaşmasından
ibarətdir.Bu baxımdan sosial psixologiyada konformluq dedikdə fərdin qrupla zahirən
razılaşması, ixtilafı daxilən dərk etdiyi halda onun hər bir təsirinə tabe olması, hər bir şəraitə
şüurlu uyğunlaşması, insanların öz davranışlarını dəyişmək meyli başa düşülür.Bu zaman istər-
istəməz psixoloji cəhətdən fərdin mövqeyinin qrupun təzyiqinə məruz qalması baş verir.
Ona görə də bu cür konformluğu bir növ qrupdaxili təlqin adlandırmaq mümkündür.
Təcrübə göstərir ki, qrup üzvləri arasında konformizmin əksinə olan hallara da rast
gəlmək mümkündür.Bu zaman fərd qrupun təzyiqinə müxtəlif formalarda müqavimət göstərir,
bir növ neqativ mövqe tutur.Fərdin nə olursa olsun əksəriyyətin fikirlərini rədd etməsi və heç
nəyə məhəl qoymadan onlara əks çıxması nonkonformizm adlanır.Nonkonformizm bir növ
«neqativizm» anlayışına sinonim, «konformluq» anlayışına antonimdir.
Qrup qütbləşməsi.Kiçik qruplarda özünü göstərən hadisələrdən biri də qrup
qütbləşməsi hadisəsidir.«Qrup qütbləşməsi fenomeni» anlayışı ilk dəfə olaraq 1969- cu ildə
S.Moskoviçi və M.Zavolloni tərəfindən irəli sürülmüşdür.D.Mayersə görə qrup qütbləşməsi
qrupun təsiri altında onun üzvlərinin əvvəl mövcud olan ənənələrinin güclənməsi, qrupun
rəyinin
parçalanması
əvəzinə
orta
ənənənin
öz
qütbünə
köçürülməsindən
ibarətdir.
4
D.Mayersin fikrincə, qrup qütbləşməsi fərziyyəsi belə bir qənaətə gəlməyə imkan
verir ki, qrupda aparılan müzakirə hər bir yarımqrup üzvləri üçün ümumi olan ilkin
ustanovkanın güclənməsinə səbəb olur.Əgər adamlar əvvəlcədən nəyinsə «lehinə» fikir
söyləməyə meyllidirlərsə, müzakirə onların mövqelərini yalnız möhkəmləndirir.Əgər onlar
nəyinsə «əleyhinə» gedirlərsə, müzakirədən sonra öz etirazlarını daha güclü şəkildə
göstərəcəklər.
3.Kollektiv qrupun yüksək forması kimi
İnkişaf etmiş qrupun ən yüksək forması kollektivdir. Hər bir kollektiv qrup hesab olunur. Hər
bir qrup isə kollektiv deyildir. Kollektiv cəmiyyətin bir hissəsi olan, birgə fəaliyyətin ümumi
məqsədlərinə tabe olan insan qrupudur. Qrup adamları yalnız cəmiyyət üçün tamamilə faydalı
fəaliyyət vəzifələri ətrafında birləşdirəndə killektiv kimi formalaşır. əmək, uşaq, hərbi, idman
və b. kollektivləri fərqləndirirlər. Tədris müəssisələrində pedaqoji kollektivi və şagird
kollektivlərini fərqləndirirlər. Kollektivlər eyni zamanda özlərinin inkişaf səviyyəsi etibarilə
bir-birindən fərqlənirlər.Kollektiv üzvlərinin qarşılıqlı münasibəti və qarşılıqlı təsirinin sosial-
psixoloji fenomenləri: kollektivin yekdilliyi, onda psixoloji iqlim, kollektivin onun iştirakçıları
4
tərəfindən qavranılması, şəxsiyyətin kollektivdə əhvalı və özünəhörməti, kollektivin özünün
perspektivləri ilə əlaqədar olaraq onun perspektivləri psixoloji tədqiqatın obyekti kimi
meydana çıxır.Kollektivdə şəxsiyyətlərarası münasibətlər çoxcəhətli struktura malikdir. Onları
ayrı-ayrılıqda təhlil etsək, kollektivin nüvəsini və üç layını- stratasını fərqləndirə bilərik.
Latınca “stratum” lay, təbəqə, qat deməkdir.Kollektivin ictimai-iqtisadi və sosial-siyasi
xarakteristikası onun mərkəzi nüvəsini təşkil edir.Kollektivin bütün psixoloji xarakteristikaları
onun fəaliyyətinin məzmunundan, ictimai-iqtisadi və sosial-siyasi xarakteristikalarından
asılıdır. Psixoloji xüsusiyyətlər sosial-tarixi amillərlə şərtlənir və müəyyən olunurlar-müddəa
stratometrik konsepsiyanın əsasını təşkil edir.
Kollektivin
mühüm
keyfiyyətlərindən
biri,
məlum
olduğu kimi,onun
yekdilliyidir.Yekdil kollektiv çətinlikləri asanlıqla aradan qaldırmağa,mehriban işləməyə,hər
kəsin şəxsiyyətinin inkişafı üçün ən əlverlşli imkan yaratmağa müxtəliv o cümlədən əlverişli
olnmayan şəraitdə özünün bütövlüyünü saxlamağa qabildir.
Kollektivdə şəxsiyyətlərarası münasibətlərin ən mühüm xüsusiyyətlərin ən mühüm
xüsusiyyətlərindən biri də hər bir şəxsiyyətin bir tam kimi kollektivə emosional cəhətdən
qovuşmasında özünü onunla şüurlu və ya dərk olunmamış şəkildə eyniləşdirməsində ifadə
olunan psixoloji fenomendən ibarətdir.Kollektivin üzvlərinin qarşılıqlı münasibətləri yüksək
əxlaqi sərvətlər insanpərvərlik yoldaşa qayğı insan insanın dostudur əxlaq prinsipi vasitəsilə
ifadə edilir.
4.Liderlik və rəhbərlik
Qrupda rəhbərlik və liderlik problemi.Sosial qrurların strukturunu nəzərdən
keçirdikdə onların daxilində şəxsiyyətlərarası münasibətlərin bərabərlik (paritet) əsasında
qurulmadığı aydın olur.Hər bir qrupda şəxsiyyətlərarası münasibətlər bir növ qrup üzvlərinin
sosial- psixoloji statusunu əks etdirir. Hər hansı qrupda kim isə hökm verir, müəyyən
tələblərin yerinə yetirilməsinə nəzarət edir, onun tələb və tapşırıqları isə başqaları tərəfindən
danışıqsız yerinə yetirilir. Başqa sözlə hər bir qrupda ona rəhbərlik edən «rəhbər işçi», «lider»
və onun tapşırıqlarına əməl edən adamlar: «tabe işçilər» mövcud olur. Qrupun fəaliyyətinin
səmərəliliyində ona düzgün rəhbərliyin rolu olduqca böyükdür.Buradan isə qrup rəhbəri və
liderinin həmin sahədəki peşəkarlığı, başqa sözlə qrupa düzgün rəübərlik etmək məsələsi
ortaya çıxır.
Rəhbərlik üslubu.Təcrübə göstərir ki, qrup fəaliyyətinin səmərəliliyi rəhbərlik
üslubundan əsaslı şəkildə asılıdır. İdarəetmə ilə bağlı olaraq sosial psixologiyada beş cür
rəhbərlik üslubu qeyd olunur :avtokratik, avtoritar, demokratik, laqeyd (etinasız, liberal) və
qeyri-sabit (ardıcıl olmayan) rəhbərlik üslubu.
Avtokratik rəhbərlik üslubuna malik olan liderlər (rəhbərlər) bir növ müstəbid
olur.Adətən avtokratik və avtoritar rəhbərlik üslubuna malik olan liderlər qrup üzvlərinin fikir
və ideyalarını nəzərə almadan, müstəqil hərəkət edirlər.Əmr, göstəriş, təlimat, töhmət,
təşəkkür onların qrup üzvləri ilə əsas əlaqə forması olur. O hər cür məlumatı bir növ özündə
gizlədir, heç kəsin bundan xəbəri olmur, ona görə də ona tabe olanlar, adətən güman və şayiə
aləmində
olurlar.
Avtoritar lider qrup üzvlərinin imkan və qabiliyyətlərini aşağı qiymətləndirir. Bu cür rəhbərlər
qrup üzvlərinin təşəbbüslərini boğur, ya da sadəcə olaraq onlardan istifadə etmirlər. Bu cür
rəhbərlər belə hesab edirlər ki, onlar «hər şeyi özləri bilirlər», onsuz da heç kim bu işi onun
kimi yaxşı yerinə yetirə bilməz. Məhz buna görə də bu cür qruplarda qrup üzvlərinin
hamısında ümumi işə qarşı məsuliyyət hissi zəifləmiş olur, əmək onlar üçün sanki formal bir
işə, vəziyyətə çevrilir.
Adətən avtoritar lider rəhbərlik etdiyi qrup üzvlərindən kiminsə müəyyən səhvə yol
verdiyini gördükdə onu necə düzəltməyi məsləhət görmək əvəzinə ona gülür, onu ələ salır.
Avtoritar lider iştirak etmədikdə onun qrupunda aparılan iş ləngiyir, bəzən dayandırılır.
K.Levinin təcrübələri göstərmişdir ki, avtoritar lider otaqdan çıxan kimi qrup üzvləri işi kənara
qoymuş, onu davam etdirməmiş, ya da fəaliyyətin səviyyəsi kəskin şəkildə aşağı
düşmüşdür.Bu cür lider uzun müddət qrupdan uzaq düşdükdə qrup öz işini müstəqil yerinə
yetirmək və ya onu səmərəli təşkil etmək imkanından məhrum olmuşdur.
Avtoritar liderdən fərqli olaraq demokratik üsluba malik olan lider qrup üzvləri
tərəfindən rəğbətlə qarşılanır.Bu cür rəhbərlik üslubuna malik olan lider daima qrup üzvləri ilə
razılaşır.Qərar qəbul edərkən qrup üzvlərinin təkliflərini nəzərə alır.Demokratik rəhbərlik
üslubuna malik olan lider öz fəaliyyətini təkcə qrup fəaliyyətinə nəzarət və onu tənzim
etməklə məhdudlaşdırmır, onların tərbiyəsi və təliminə də ciddi diqqət yetirir.Demokratik
rəhbərlik hslubuna malik olan liderlərlə qrup üzvləri arasında olduqca səmərəli təmas yaranır.
Aparılmış müşahidə və tədqiqatlar göstərmişdir ki, laqeyd rəhbərlik üslubuna malik
olan liderlərin qrup üzvləri ilə ynsiyyəti kortəbii xarakter daşıyır.Çox vaxt onların arasında
yaranan ünsiyyət qrup üzvləri tərəfindən diktə olunur.Bu cür liderlər qrupa müəyyən
tapşırıqlar verməklə məhdudlaşır, onun necə yerinə yetirilməsinə əhəmiyyət vermirlər.Laqeyd
rəhbərlər qrupun ayrı-ayrı üzvlərinin işinə qarışmamağa çalışır, bir növ qrupdan təcrid olunur,
neytrallığa can atırlar.
Qeyri-sabit rəhbərlik üslubuna malik olan liderlərə gəldikdə onlar dəyişgən
olurlar.Onların necə hərəkət edəcəklərini qabaqcadan müəyyənləşdirmək mümkün olmur.Bir
dəfə avtoritarlıq göstərən bu cür liderlər, başqa vaxt yerli-yersiz ya demokratik, ya da laqeyd
rəhbərlik üslubuna yer verirlər.Bütün bunlar isə onunla qrup üzvləri arasında anlaşıqsızlıq
yaradır.Nəticədə qrup fəaliyyətinin səmərəliliyi üçün zəruri olan şərait yaranmır.
Dostları ilə paylaş: |