Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə31/34
tarix02.12.2016
ölçüsü3,51 Mb.
#622
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   34

*   *   *  

...Hüseyn Cavid! 

Elə adlar vardır ki, onları  eşidəndə  təqdim və  tərif gərək 

olmur. Onlar nə əlavə izahata, nə köməkçi bir əlamətə, nə də fəxri 

ada, nişana, təmtəraqlı ünvana möhtac görünmürlər. Rütbələr, 

vəzifələr, mənsəblər də onları bəlirtmir, bəzəmirlər. Əksinə, bəlkə 

onlar tutduqları yeri, mənsəbi, daşıdıqları rütbəni, vəzifəni bəzə-

yir, ucaldırlar. Belə adların, bu cür adamların şöhrəti təbii, hörmə-

ti qanuni olur. Belə şəxsiyyətlərin qazandıqları məhəbbət sonsuz, 

etimad isə misilsizdir. Onlara qarşı xalqın rəğbəti az qala pərəstiş 

rəsminə çevrilir. Onların yazdıqları, dedikləri insanı saflaşdıran, 

ucaldan, nəcibləşdirən təsir və təlqin qüvvəsi kəsb edir. 

20 və 30-cu illərdə Azərbaycan  ədəbiyyatının iki böyük nü-

mayəndəsi belə  təlqin qüvvəsinə malik idi: Cəfər və Cavid! 

Onların nə  fəxri adı, nişanı, nə  mənsəbi, nə  də  vəzifəsi vardı. 

Oilar dramaturq idilər. Pyeslər yazırdılar. 

Cəfərin pyesləri o vaxt repertuarda daha çox yer tuturdu, tez-

tez oynanırdı. Cavidin dramları, faciələri isə 30-cu illərin başlan-

ğıcında səhnədən demək olar ki, çıxmışdı, daha doğrusu, çıxarıl-

mışdı. Nəzəriyyə aləmindəki hərc-mərclik, saxta sosioloji tənqid, 

o vaxt qılıncının dalı da, qabağı da kəsən “proletkultçuluq” və 

proletkultçular Cavidin əsərlərinin səhnədən sıxışdırılıb çıxa-

rılmasında az iş görmürdü. Haqqında danışdığım illərdə oynanılan 

ancaq “Knyaz” faciəsi idi ki, onun da səhnə həyatı uzun sürmədi. 

Bir də  “Şeyx Sənan” gah oynanır, gah saxlanırdı  və  hər dəfə 

müəllifin istəmədiyi bir təshihə, bir islaha məruz qalırdı. 

Lakin bütün bunlara, belə  kəc, cahil rəftara baxmayaraq, 

Cavid də Cavid olaraq qalır, özünün sənətkar vüqarını itirmirdi. 

Müxtəlif nəsildən olan tamaşaçılar, oxucular onun səhnədə get-

məyən əsərlərini belə oxuyur, əzbərdən bilir, sevirdilər. Müəllifin 

özünü də dərin hörmətlə, atəşin məhəbbətlə sevirdilər. Ona qarşı 


Úàâèäè õàòûðëàðêÿí 

549 


irəli sürülən bir sıra tənqidi fikirlər haqlı olduqları üçün haqq 

üzünə  də qarşılanırdı. Haqsız hücumlar isə ancaq qəzəb oyadır, 

ancaq pərəstişkarların sayını  və onların məhəbbətini, sədaqətini 

artırırdı. Belə ki, gəncliyin, ziyalıların, xalqın Cavidə  bəslədiyi 

rəğbət, hörmət, məhəbbət o vaxtlar doğrudan da az qala pərəstiş 

rəsminə çevrilirdi. 



*   *   *  

Mən 1931/32 tədris ilində Hüseyn Cavidi onun şöhrətinin 

belə gur şölə saçdığı günlərdə ilk dəfə  dərs otaqlarında gördüm. 

Gördüm, amma gözlərimə inanmadım. Çünki mənim təsəvvürüm-

dəki Cavidlə,  əsərlərini oxuya-oxuya xəyalımda nəhəng surətini 

yaratdığım o qiyabi şəxsiyyətlə indi burda gördüyüm gerçək 

Cavid arasında kəskin təzad, ziddiyyətli bir təzad var idi. Təsəv-

vürümdəki tamam qeyri-adi, heç kəsə  bənzəməyən ecazkar bir 

sənətkar, bir sehrkar, gerçəklikdə gördüyüm isə heç kəsdən seçil-

məyən adi, lap adi bir şəxs idi. Nə mən, nə də tələbə yoldaşlarım 

onun görkəmində, geyimində, davranışında, rəftarında başqala-

rından, o biri müəllimlərdən fərqli bir əlamət görmədik. 

Onu adiləşdirən, sadələşdirən bir də onun danışıq tərzi, ləfzi, 

ifadəsi idi. Əsərlərindəki yüksək poeziyaya, nadir lirika və incə 

şeiriyyata, axıcı misralara, gözəl və gözlənməz qafiyələrə, mürək-

kəb, bəzən də  qəliz ifadələrə alışanlar elə bil həyatda, məişətdə 

onun mürəkkəb bir dillə, yaxud şeirlə, nəzmlə danışacağını gözlə-

yirdilər. Amma o, ən sadə, ən adi bir tərzdə, hamının danışdığı və 

başa düşdüyü bir dildə, tamam müasir leksikonda danışır,  şirin-

şirin söhbətlər eləyirdi. Mən onun tanınmış ədiblər haqqında şirin, 

maraqlı söhbətlərini yaxşı xatırlayıram. Ədəbiyyatın tarixindən və 

nəzəriyyəsindən sistemli tərzdə  və ardıcıl surətdə danışmasa da, 

ədəbi hadisələr və şəxsiyyətlər haqqında elə hərarətlə, elə ehtiras-

la bəhs edirdi ki, biz onu saatlarla yorulmadan dinləyirdik. To-

xunduğu məsələlərə, səciyyələndirdiyi  şəxsiyyətlərə öz münasi-

bətini heç vaxt gizlətməzdi. Buna görə onun kimi xoşlamadığını, 

kimi sevib əzizlədiyini, yüksək qiymətləndirdiyini biz dərhal və 

aşkar duyurduq. O, sevdiklərini sevdirməyi bacarırdı. 



Úàâèäè õàòûðëàðêÿí 

550 


Cavidin çox sevdiyi, sənətkarlıq qüdrətinə  pərəstiş etdiyi 

yazıçılardan biri F.M.Dostoyevski idi. Çəliyini döşəməyə, bar-

mağını mizə döyəcləyərək onun haqqında hərarətlə, daxili inamla 

elə danışırdı ki, biz böyük rus yazıçısının əsərlərini oxumadığımız 

halda onu müəllimimizin gözü ilə görür, duyğusu ilə duyur və 

sevirdik. 

Sonralar F.M.Dostoyevskinin əsərlərini oxuduqca, onun 

yaradıcılığı ilə bilavasitə tanış olduqca mən inandım ki, Cavidin 

təlqini tamamilə əsaslı imiş. “Zavallı insanlar”, “Cinayət və cəza”, 

“Alçaldılmış  və  təhqir edilmiş insanlar”, “Axmaq” və “Karama-

zov qardaşları”  əsərlərinin müəllifi, inandım ki, mahir psixoloq, 

müdrik insan, böyük insanpərvərdir, insan aşiqidir. 

Bizi valeh edən bir keyfiyyətin, heç gözləmədiyimiz bir 

xasiyyət cizgisinin də şahidi olduq. Böyük faciənəvis dərs prose-

sində, söhbət əsnasında bəzən qəşəng bir yumorist olurdu, duzlu-

məzəli, gülməli ifadələrlə danışırdı. Mən onun nadir hallarda 

acıqlı,  əsəbi, qəzəbli olduğunu xatırlayıram. Amma əsəbi və  qə-

zəbli olanda halı-təbiəti tamam dəyişir, müvazinətini itirir, saxlan-

maz olurdu. Mən Cavidin bir neçə dəfə əsəbiləşib adi, mülayim, 

təmkinli halından çıxdığını görmüşəm. Belə bir təsadüf haqqında 

bir az sonra vacib bir fikir ilə  əlaqədar olaraq demək istəyirəm. 

Ümumiyyətlə isə biz Cavid müəllimi  şən,  şux, həlim təbiətli, 

ciddi mövzuda danışdığı zaman belə yeri gəldikcə  lətifədən, 

zarafatdan, yumordan çəkinməyən xoşxasiyyət bir müəllim kimi 

tanıdıq. Tanıdıqca ona alışdıq, gündən-günə daha çox sevdik. 

O illərdə teatr texnikumu Kommunist küçəsində Elmlər 

Akademiyası ilə üzbəüz binada yerləşirdi. H.Cavidin mənzili də 

bura yaxın bir yerdə, indiki Ali Sovetin Rəyasət heyəti yerləşdiyi 

binanın üçüncü mərtəbəsində

*

 idi. Buna görə biz onu bu ətrafda 



tez-tez görürdük: dərsə  gələndə, evə gedəndə, habelə bir ailə 

başçısı kimi məişət və  təsərrüfat işləri ilə  məşğul olanda. Mən 

Cavid müəllimi dəfələrlə  əlində neft qabı neft almaq üçün 

                                                 

*

 İndiki İstiqlaliyyət küçəsi, Əlyazmalar İnstitutunun binası. – R.M. 



Úàâèäè õàòûðëàðêÿí 

551 


Ə.Qarayev küçəsi ilə Qasım  İsmayılov küçələrinin tinindəki 

dükana tərəf yollandığını, yaxud onun hamı ilə  bərabər orda 

dayanıb səbir ilə öz növbəsini gözlədiyini görmüşəm. O, heç bir 

vaxt, heç yerdə özünün şöhrətindən istifadə eləməz, camaatdan 

fərqlənməyinə razı olmazdı. O, həyatda, məişətdə, iclasda, məc-

lisdə son dərəcə təvazökar və iddiasız dolanardı. Bir dəfə mən bir 

iş üçün onun tapşırığı ilə evə, onun yanına getdim. İçəri girəndə 

onu dərin xəyala dalmış, yarı uzanmış vəziyyətdə yazan gördüm. 

Otağa nəzər saldım, heyrətləndim. O indiki cavan ziyalıların 

yaşadığından çox-çox sadə və kasıb şəraitdə yaşayırdı. 

Texnikum tələbələrinin yaşayışı, güzəranı, maddi vəziyyəti 

onu maraqlandırır və düşündürürdü. Görünür, zü məhrumiyyət və 

ehtiyac içində oxuduğu və yaşadığı üçün ehtiyacın nə demək 

olduğunu yaxşı bilirdi. Onun böyük tələbkarlığı, təhsil-təlim işinə 

ciddi münasibəti ilə yanaşı biz tez-tez onun qayğıkeşliyinin, meh-

riban rəftarının şahidi olurduq. O, şagirdlərin bir qisminin ancaq 

təqaüdlə dolandıqlarını bilirdi. Belələrinə qiymət yazarkən istər-

istəməz güzəştə gedirdi, təqaüddən kəsilməsinlər deyə üzlərini 

danlasa da qiymətlərini bəzən layiq olduqlarından artıq yazırdı və 

belə uyğunsuzluğa, bu “məcburiyyətə” özü də həm acıyır və həm 

də gülürdü. Amma belə “uyğunsuzluğa” yol verən Cavidlə bu 

rəftara, belə qərara gülən Cavid arasında ziddiyyət görünmürdü. 

Cavidi yaxşı tanıyanlar, yaxından bələd olanlar onun adi 

görkəmi, sadə dolanışığı ilə mürəkkəb və zəngin təbiəti arasındakı 

nadir ahəngi, bu əcaib əksliyin qəribə vəhdətini tezliklə duyurdu. 

İlk baxışda onun varlığında diqqəti cəlb edən, adamı maraqlan-

dıran, düşündürən bir şey tapmaq çətin idi. Ortaboylu, dolubə-

dənli Caviddə adətən bir sakitlik və sükunət duyulurdu. Yeriyən-

də  də sakit-sakit yeriyir, oxumaqdan, yazmaqdan yumrulanmış 

umuzlarını sanki əlindəki çəlik üzərində  gəzdirir, ağır və  ləng 

addımlarla o qədər ehmallı  tərpənirdi ki, uzaqdan baxan onun 

yerişini və duruşunu bir-birindən çətin fərqləndirə bilirdi. O, 

oturanda, var-gəl edəndə belə əl ağacından ayrılmırdı. Onun çox 

vaxt yerə, yaxud uzağa, naməlum bir nöqtəyə dikilmiş  nəzərləri 



Úàâèäè õàòûðëàðêÿí 

552 


ilk anda tamam rahat və sakit görünürdü. Amma diqqət yetirəndə 

gözlük ardından şəvə kimi parlayan zil qara gözlərinin gur işığını, 

adamın qəlbinə  işləyən iti şüasını, almas kəsərini, qaçılmaz 

nüfuzunu dərhal duyurdun. Onun sükunətində, sadə sakit 

görkəmindəki, mis-tunc rəngli simasındakı heykəl vüqarını  və 

səbatını, mənəvi böyüklüyünü və böyük zəkasını da duyurdun. 

Mən hər dəfə onu xatırlayanda onun başqa bir sənətkar haqqında 

yazdığı tanış  kəlmələr fikrimdə canlanır, xəyalımda səslənir: “O 

sadə, pək sadə bir insandır. Fəqət, o sadəlikdə bir böyüklük var ki, 

sənət feyzindən məhrum olanlar onu idrakdan acizdirlər. Onun 

özünəməxsus mümtaz bir zəkası  və  kəskin bir istedadı var. O 

istedad yalnız sənət üfüqlərində parlar...”

*

 

Cavidin böyük istedadı, mümtaz zəkası doğrudan da yalnız 



sənət üfüqlərində parlamışdır. Onun istedadını, bir sıra başqa 

sənətkarlar haqqında danışanda söylədiyimiz kimi, “çoxcəhət-

lidir” sözü ilə  səciyyələndirmək olmaz. O, ancaq şairdir və dra-

maturqdur. Sənətin tarixini, nəzəriyyəsini gözəl bilsə də nəzəriyyə 

ilə  məşğul olmamışdır.  İnqilabdan  əvvəl az miqdarda fəlsəfi-

publisistik məqalələr yazıbsa bu da ani, epizodik xasiyyət daşı-

mışdır. Onun nəsr əsərləri yoxdur. Tərcüməçilik də eləməmişdir. 

Pedaqoji fəaliyyətinə, müəllimliyinə  gəlincə  mən deyərdim ki, 

Cavidin istedadı bu sahədə də o qədər parlamamışdır. Lakin mən 

bu xüsusda nisbətən geniş yazmalıyam. Çünki onu ilk dəfə 

müəllim kimi tanımışam və xatirələrim də daha çox həmin 

şagirdlik illərimə aiddir. 



*   *   *  

Hər müəllimin özünəməxsus dərs üslubu, metodu, öz dəst-

xətti, pedaqoji rəftarı olur. Cavid müəllimin məşğələləri orijinal 

tərzdə keçir, başqa müəllimlərin dərslərindən fərqlənirdi. O, dərs 

deyərkən də  şair və dramaturq olaraq, sənətkar olaraq qalırdı. 

Odur ki, bizim dərslərimiz məşğələdən çox hər dəfə onunla 

maraqlı-məzmunlu görüşə  bənzəyir, sənətkarla sənət maraqlıla-

                                                 

*

 Fikir Abbasmirzə Şərifzadəyə aiddir. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

553 


rının şirin söhbətinə çevrilirdi. O illərdə indi olduğu kimi standart 

tədris planları, dərs proqramları, mövzu, təqvim və saat bölgüsü 

yox idi. Varsa da şərti, təxmini işlənir, mütləq və  məcburi 

sayılmırdı. Görünür ki, bir tərəfdən burası Cavidə sərbəstlik verir, 

ikinci tərəfdən isə, o, çoxcəhətli biliyə malik olduğu üçün dərin-

dən duyduğu ədəbiyyatı və teatrı və əlbəttə həyatı yüksək məhəb-

bətlə sevdiyi bir sözlə sinəsi dolu olduğu üçün plansız, proq-

ramsız, konspektsiz ötüşə bilirdi, asan və maraqlı surətdə, çox 

vaxt isə  hərarətlə, ilhamla danışırdı. O, planlı, tərtibli mühazirə 

oxumur, tezislər, düsturlar, rabitəli faktlar əsasında danışmırsa da, 

dinləyənlərin diqqətini vacib bir mətləbə, bədii yaradıcılığın 

köklü məsələlərinə yönəltməyi bacarır, həm də  məzəli haşiyələr 

açaraq, diqqəti yormamaq, marağı artırmaq məharəti göstərirdi. 

Onun  ədəbi-nəzəri söhbətlər silsiləsində bir neçə  məsələ 

əsaslı yer tutur, leytmotiv kimi, təkyəkəlam kimi təkrar olunurdu. 

Onlardan biri ədəbiyyatın, ümumiyyətlə, bədii yaradıcılığın 

spesifikası, indi işlətdiyimiz estetika istilahı ilə desək, incəsənətin 

idrak və inikas xüsusiyyəti, obrazlılıq spesifikası idi. Mən indi 

başa düşürəm ki, Cavid o vaxtın bir çox tənqidçilərindən daha 

düzgün mövqe tutur, öz opponentlərindən fərqli olaraq materialist 

estetikaya yaxın mövqedən danışırdı. Cavid haqqında o illər belə 

bir yanlış rəy yaranmışdı ki, guya, o, ədəbiyyatda siyasətin müasir 

məsələlərinin, xüsusilə  əmək mövzusunun əleyhinədir.  Əslində 

isə o, heç bir həyat məsələsini, heç bir temanı ədəbiyyata yabançı 

hesab eləmirdi. O, tema, siyasi aktuallıq xatirinə bədiiliyi qurban 

verməyin əleyhinə çıxırdı. Görünür ki, bədiiliyə bu dərəcədə əhə-

miyyət verməyi ara-sıra onun bu fikrini tərsinə yozmağa imkan 

yaradırdı.  Əsl fikir isə bundan ibarət idi ki, bədii yaradıcılıqda 

məzmun da, şəkil də, mətləb də, onun ifadəsi də, fikir də, söz də – 

hamısı  bədii və (Cavidin təxminən özünün dediyini xatırlayıb 

yazıram) bədii-ifadəli olmalıdır. Ədəbi-bədii əsərdə xüsusilə söz, 

cümlə, misra dərhal  əyani bir hadisəyə – mənzərəyə çevrilməli, 

qəlbə-hissə güclü təsir göstərməlidir. Bunu bizə başa salmaq üçün 

o, el ədəbiyyatından, klassik poeziyadan çoxlu misallar gətirərdi. 



Úàâèäè õàòûðëàðêÿí 

554 


Bənzətmə, təşbeh, obraz gücünə, mənzərə və hadisə canlandırmaq 

hünərinə nümunə kimi bu misraları tez-tez xatırlardı: 

 

Bir axşamdı, evimizdə əcəl qanad gərmişdi,  

Annəni bir cəllad kimi vurub yerə sərmişdi. 

 

yaxud: 



 

Qopdu evdən acı bir vaveyla 

Odalar inlədi: “Leyla! Leyla!” 

 

Cavid bu məsələ  ətrafında söylədiklərini eynilə  tərcüməçi 



işinə, tərcümə olunan əsərlərə də şamil edirdi. O, tərcüməni, xü-

susilə klassik ədəbiyyatın tərcüməsini son dərəcə  məsuliyyət, 

inam və  cəsarət tələb edən bir iş kimi qiymətləndirirdi. Bir dəfə 

bu barədə söhbət açılanda o, dedi ki, “Şekspiri tərcümə edənin 

özü gərək, heç olmasa, yarımşekspir olsun, ya onun əsərində oy-

nayan aktyor gərəkdir ki, heç olmasa Şekspirin yazdığının dörddə 

birini qavrasın və qavratsın”. Məlumdur ki, Cavid özü tərcümə-

çiliklə  məşğul olmamışdır

*

. Mənə elə  gəlir ki, bu da onun bu 



məsələyə  və özünə qarşı  tələbkarlığı ilə  əlaqəlidir, Firdovsinin 

1000 illiyi günlərində, özünün dediyinə görə, ona “Şahnamə”dən 

parçalar tərcümə eləmək təklif olunmuşdu. O isə bunun əvəzinə 

Firdovsi motivləri əsasında “Səyavuş” pyesini yazmağı öhdəsinə 

götürmüşdü. 

Cavid “Faust” faciəsini dünya ədəbiyyatının nəhəng  əsərlə-

rindən, ən qiymətli incilərindən biri hesab edir, onun Azərbaycan 

dilinə tərcümə olunmadığına heyfsilənirdi. Bu əsərin yalnız kiçik 

bir parçası (“İthaf” adlanan hissəsi) bir vaxt Əlibəy Hüseynzadə, 

axır vaxtlar isə Mikayıl Rəfili tərəfindən tərcümə edilmişdi. Cavid 

bir dəfə hər iki tərcümənin ilk misralarını özü səsləndirdi:  

                                                 

*

 Yalnız “Xəyyam” pyesi üçün şair fars dilindən türk dilinə onun 15-16 



rübaisini tərcümə etmişdi. – Tərtibçi. 

Úàâèäè õàòûðëàðêÿí 

555 


Birinci variant: 

“Ənzari-şəbabimdə pədidar olan ey zil!”  

Ey zil, tuluat olursan yenə peyda.” 

 

İkinci variant: 



“Gəncliyimdə gördüyüm ey dumanlı kölgələr!  

Yenə peyda oldunuz bu tutqun nəzərimdə...” 

 

O, hər iki variantı pafosla ucadan oxudu və dedi: 



– Birincisi, şeirin musiqisinə, misra vəzninə görə yaxşıdır, 

amma qəlizdir. Dili çətindir (Bu illər Cavidin özü artıq öz 

əsərlərinin dilinin sadələşdirməyə güclü meyl göstərirdi). İkincisi 

isə sadə  və aydın dildə  tərcümə olunub, amma təfəkkür tərzi 

Höteyə və “Fausta” o qədər də müvafiq deyil, – dedi.  

Cavidin ədəbiyyat dərslərində çox yer tutan məsələlərdən biri 

də ədəbi-bədii əsərlərdə “ideya və onun təcəssümü” məsələsi idi. 

Bu məsələ ətrafında danışarkən o, özünün opponentləri ilə tez-tez 

qiyabi polemikaya qoşulardı. Onların cərgəsində yerli tənqidçilər 

və o vaxt vəzifə daşıyan adamlar, o cümlədən Əli Nazim, Əhməd 

Trinç, Mustafa Quliyev və başqaları vardı. Ümumiyyətlə, Cavid 

razılaşmadığını bildirməkdən, fikirlərini aşkar və açıq söyləmək-

dən yox, əksinə, onları gizlətməkdən, ürəyində bir cür, dildə isə 

başqa cür danışmaqdan çəkinərdi. 

Yuxarıda yazdığım kimi (yaxud indi bizim hamımızın təsdiq 

elədiyimiz kimi), Cavid ədəbiyyata siyasi motivlər, ictimai-tarixi 

problemlər gətirməyin  əleyhinə olmamışdır. Bu qüsuru, daha 

doğrusu  əsassız ittihamı o vaxtın canfəşanlıq edən, “qulluq gös-

tərən” tənqidçiləri onun yaradıcılığına zorla yamamaq istəyirdilər. 

Cavid öz opponentləri ilə ideyanın və ideyalılığın bədii əsərlərdə 

təcəssüm üsulu, vasitəsi və sənətkarlıq məharəti məsələsində qar-

şılaşır, toqquşurdu. Cavid bədii  əsərlərdə  “şüarçılıq” və “siyasət 

carçılığını” qəbul eləmirdi. O, bu fikrini şərh eləmək üçün klassik 

yazıçılara,  Şekspirə, Füzuliyə, Tolstoya, Dostoyevskiyə, Tofiq 

Fikrətə,  Əbdülhəqq Hamidə müraciət eləyir, onların  əsərlərini 


Úàâèäè õàòûðëàðêÿí 

556 


misal göstərirdi. Misal üçün o, “Hind qızı” pyesini ingilis 

müstəmləkəçiliyini qəzəblə ifşa eləyən parlaq ideyalı  əsər kimi 

qiymətləndirir və deyirdi: “Halbuki, orda heç bir şüar-çağırış, 

“yavan təbliğat” yoxdur. Rayçaran və sürücü kimi hindli obrazları 

siyasi mübarizə ilə  məşğul olmur və bu xüsusda danışmırlar. 

Amma bunun əvəzində mübarizə arzusu, fikri və  əzmi tamaşa-

çıların qəlbində oyanır, mübarizə  şüuru tamaşa salonunda fəal-

laşır. Cavid bizim dərslərimizdə  Əbdülhəqq Hamidin “Əşbər” 

façiəsini də yaxşı bir misal kimi tez-tez xatırladırdı. O belə hesab 

edirdi ki, makedoniyalı İsgəndərin cahangir və hərbçi xarakterini, 

qanlar-qurbanlar, fəlakətlər bahasına yürütdüyü siyasəti ifşa üçün 

bu  əsərin finalındakı iki cümlə kifayətdir.  İsgəndər yandırıb, 

xaraba qoyub işğal etdiyi şəhəri və  şəhər qapısından asılan 

cənazələri Aristotelə göstərib qürurla soruşur: 

 

İsgəndər – Ərəstu! Nədir bu?  

Ərəstu – Zəfər və ya heç!.. 

 

Klassik irsə bəsit, cahil, vulqar münasibət bəslənən o illərdə, 



“Rapp” və “Azapp” cəngavərlərinin keçmişin böyük sənətkar-

larını irtica və gerilik damğası ilə damğaladığı o illərdə Dosto-

yevskinin yaradıcılığından danışmaq, onun əsərlərində huma-

nizm, yaxud mütərəqqi fikirlər axtarmaq, bəşəriyyətin taleyinə 

qayğı göstərmək hər adamın işi deyildi. Cavid belə  məqamda 

böyük rus yazıçısının bəyüklüyünü həssas qəlblə duyur və onun 

haqqında məhəbbətlə danışırdı. Dostoyevskinin əsərlərində irtica, 

mistika görənlər onu qəzəbləndirirdi. Cavid 1934-cü ildə yazıçı-

ların birinci qurultayından qayıdandan sonra

*

 M.Qorkinin məru-



zəsində Dostoyevskiyə verilən qiymətlə də heç cür razılaşa bilmir, 

bunu ədalətsiz rəftar hesab edirdi. Cavidin dediyinə görə, Fyodor 

Dostoyevski insana bəslədiyi eşqin, ehtiramın naminə  həyatın 

                                                 

*

 Həmin qurultay Moskvada keçirilmişdi. Cavid qurultayda iştirak etməmişdi. 



– Tərtibçi. 

Úàâèäè õàòûðëàðêÿí 

557 


dibsiz qaranlıqlarına, insan qəlbinin dərin guşələrinə baş vurur, 

cəmiyyəti və zehniyyəti bürüyən zülməti sənətin şüaları ilə kəsir. 

Cavidin dediklərini xatırlayanda indi mən daha dərin inamla deyə 

bilərəm ki, o böyük rus yazıçısını  həqiqətən gözəl duyur, onun 

insanpərvər ideyalarını düzgün dərk edir, buna görə  də M.Qor-

kinin məruzəsindən sonra Dostoyevskinin rus ədəbiyyatı tari-

xindən silinməsini dözülməz hal hesab edirdi. 

ÜİK(b) partiyası  Mərkəzi Komitəsinin sovet ədəbiyyatı haq-

qında 1932-ci ilin aprelində  qəbul elədiyi məşhur qərarından 

(Sovet yazıçılarını vahid sovet ədəbiyyatı platformasında birləş-

dirmək haqqındakı qərardan) sonra mətbuat orqanlarının ayrı-ayrı 

sol tənqidçilərin, sabit “Azapp”çıların Hüseyn Cavidə münasibəti 

xeyli dəyişmişdi. Cavidi inkar edənlər indi onun təsdiqi ilə 

məşğul olur, sənətkarlığını yüksək qiymətləndirirdilər. “Hücum” 

jurnalında çıxan bir məqalə çoxumuza həm qəribə, həm təəc-

cüblü, həm də xoş gəldi. Müəllif yazırdı: “H.Cavid olduqca böyük 

sənətkar və söz ustadıdır. “İblis” müəllifi şeirin musiqisi və gözəl-

liyi etibarilə Puşkinin əsərlərini xatırladır. İblisin monoloqları öz 

şiddətli həyəcanı və qüvvəsi ilə hər bir oxucunu özünə bağlayır”. 

Cavid indi Azərbaycan Sovet Yazıçıları  İttifaqının fəal üzvü-

lərindən, onun ağsaqqal nümayəndələrindən  hesab  olunurdu. 

Teatr da görünür ki, Cavidlə öz münasibətlərini bərpa eləmək, 

yaxşılaşdırmaq fikrinə düşmüşdü. “Şeyx Sənan” pyesini 1932-ci 

ilin sonunda yeni quruluşda tamaşaya qoymaq üçün hazırlıq 

gedirdi. Tamaşanı hazırlamaq dörd rejissora – R.Təhmasibə, 

R.Darablıya, İ.Hidayətzadəyə və Ə.Şərifova tapşırılmışdı (ümumi 

bədii rəhbərliyi səhv etmirəmsə teatrın direktoru Əhməd Trinç öz 

öhdəsinə götürmüşdü). 

Bu hadisə ilə  əlaqədar olaraq mən Cavidin ədəbiyyat dərs-

lərində  ətrafında tez-tez söhbət açdığı  və açmağa çalışdığı bir 

nəzəri-estetik problemi və ona dair müəllimimizin dediklərini də 

yaxşı xatırlayıram. Bu da ədəbiyyatda, başlıca olaraq drama-

turgiyada janr problemidir. O illər bu dolaşığa düşmüş, dolaş-

dırılmış problemlərdən biri idi. Bir sıra başabəla nəzəriyyəçilərin 



Úàâèäè õàòûðëàðêÿí 

558 


“kəramətindən” belə bir “nəzəriyyə” yaranmışdı ki, müasir teatrda 

komediya ola bilməz, güya ona görə ki, “sovet cəmiyyətində nəyə 

və kimə güləcəksən?!” Faciə  də ola bilməz. Ona görə ki, sovet 

tamaşaçılarını bədbinliyə düşürmək və ağlatmaq yaramaz. Görü-

nür, bu “nəzəriyyəyə” istinad və riayət edərək teatrın rəhbərliyi 

Caviddən tələb edirdi ki, “Şeyx Sənan” bu dəfə yeni quruluşda 

tamaşaçılara göstəriləndə onun qəhrəmanları  əsərin sonunda 

ölməsinlər, qaçıb qurtarsınlar. Müəllif isə buna razılıq vermirdi. 

Neçə gün davam edən mübahisələr Cavidi cana doydurmuşdu. Bir 

gün texnikuma dərsə  gələndə biz onu haldan-təbiətdən çıxmış, 

rəngi ağarmış, son dərəcə  əsəbi vəziyyətdə gördük (yuxarıda 

dediyim kimi belə hal, görkəm onun üçün heç də xas deyildi). Bir 

neçə yerdən cırılmış “Şeyx Sənan” pyesini mizin üstünə tullayıb 

əyləşdi, bir əlini çəliyinə, o birini geniş alnına söykəyib uzun 

sükuta daldı. Sonra sanki öz-özü ilə danışır kimi dodaqaltı  qırıq 

cümlələrlə dilə gəldi: 

– Başa sala bilmirəm... Qandıra bilmirəm ki, komediya ko-

mediyadır... Faciə də faciə... Başa düşmürlər ki, faciə faciə kimi 

də bitməlidir... Getdim, axtardım, tapdım... Axırda Marksdan da 

misal göstərdim, amma yenə başa sala bilmədim ki, bilmədim... 

“Cahilləşmiş beyinlər!” deyib çıxdım.  

O, başını qaldırıb, sinfi gözdən keçirdi. Uzun müddət özünə 

gələ bilmədi. Çox susdu. Hiss olunurdu ki, indi ürəyində danışır. 

Özü ilə danışır. Onun dərs deyə-deyə sanki özü ilə danışdığını 

mən ara-sıra sezirdim. Onun öz dərslərində söylədiklərinin, dediyi 

fikirlərin hamısını dərk eləməyə, açığını desəm, biz o vaxt hazır 

deyildik. Amma biz onları eşitməli idik. Düşünürəm ki, Cavid ya 

bunu vacib hesab edirdi, yaxud özünün dediklərini deməyə  və 

eşitməyə özü ehtiyac hiss eləyirdi. Həmin gün də biz onun 

dediklərinin hamısını axıra qədər başa düşmədik. Marksdan nəyi 

axtarıb tapdığını isə əlbəttə heç cür bilmədik. Lakin üstündən illər 

keçəndən sonra mən Moskvada teatr institutunda təhsil alarkən 

Marksın, Engelsin estetikaya və  ədəbiyyat nəzəriyyəsinə dair 

yazdıqlarını oxuyanda, onların komediya və faciə janrlarına 

verdikləri  şərhi, tərifi öyrənəndə Cavidin sözləri yadıma düşdü. 


Úàâèäè õàòûðëàðêÿí 

559 


Onda “barmağımı dişlədim”. O vaxt onun nəyi axtarıb tapdığı 

mənə indi aydın oldu. 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin