Yazıldı ömürlüyüm. Arada su saldı göz yaşları o xatirələrin üstünə. Ömrün küləkləri



Yüklə 0,65 Mb.
səhifə1/9
tarix16.02.2017
ölçüsü0,65 Mb.
#9075
növüYazı
  1   2   3   4   5   6   7   8   9

Bir Xışma Xəyalam-Qoşu Esmira MEHİ Tebriz-Turuz-1012






Bir Xışma Xeyalam


Qoşu

Esmira
Tebriz-Turuz-1012

TİTRLƏR KİMİ...
Xatirələrin dəftəridir gözlərim.
Ağına qara,
qarasına ağ həriflərlə
yazıldı ömürlüyüm.
Arada su saldı
göz yaşları
o xatirələrin üstünə.
Ömrün küləkləri
suçəkən kimi
çəkdilər bir dəftər nəmi.
Bütün ömrüm su ilə
suçəkənin arasında keçdi.
O aralıqda vərəqlər 
kiprik-kiprik səhifələnir.
Gözlərimin ağı-qarası
hüsnüxətt kimi yazılır.
Elə tez yazılır ki...
Lap könə filmlərdəki
oxuya bilmədiyim
titrlər kimi...
Oxuya bilmirəm daha,
oxuya bilmirəm gözlərimi.
Oxuya bilən varmı
köhnə filmlərin titrlərini?
Onda oxuyun gözlərimdən
bir köhnə film kimi-
MƏN adlı xatirəni.
O QƏDƏR UZAQSAN...
O qədər uzaqsan, o qədər yaxın
Əlimi uzatsam, çata-çatmaya.
Adın yağış kimi ömrümə yağır-
Yağıb ürəyimdə yata-yatmaya.
Bir yolu olmayan yoldu bu yollar,
Qırılmış qanaddı, qoldu bu yollar,
Daha şirinlikdən çıxıb xəyallar_
Bir də şirinliyə bata-batmaya.
Mən həsrət qaldığım Söz dəlisiyəm,
Adımı ağlayan göz dəlisiyəm,
Bu yerdə Allahın Söz ölüsüyəm-
SÖZümü göylərə ata-atmaya.
DİLİMİN UCUNDA...
Dilimin ucunda qalıb bu şeir
Dilimin ucundan asmışam onu.
Çəkib ürəyimdən sözləri bir-bir
Dilimin ucuna yazmışam onu.
Hələ oxunmamış Sözdü bu ömür,
Bir ucu burdadır, bir ucu harda.
Məni şair edən bir şeir ölür-
Dilimin ucundan asdığım darda.
O şeri heç zaman yazmayacağam,
Oxuyan deyiləm, eşidə kimsə.
O şeri özümə oxuyacağam-
Son nəfəs dilimin ucuna gəlsə.
Məni o şeirlə aparsın ölüm,
Şeirdən başlasın elə son yolum.
Hərə bir sevginin şairi olur-
Mən də ölümlərin şairi olum.
GÖZÜMƏ BİR ÇÖP DÜŞÜB
Gözümə bir çöp düşüb
Üfür, ay külək, üfür.
Gəl, gözümün içini
Süpür, ay külək, süpür.
Çıxart çöpü gözümdən
Gözlərim ağrımasın.
Su boğaza çıxanda
Ümid çöpə qalmasın.
Silənsən, süpürənsən
Zamanı da anında.
Bir çöp kimi dəyəri
Yoxdu bu dünyanın da.
Ömür də kibrit çöpü
Yandımı, qurtarandı.
Sel gələndə ağzında
Çör-çöpü aparandı.
Çıxsa bu çöp gözümdən
Ağrım çöplə çıxacaq.
Bəs qəlbimin gözündən
Çöpü kim çıxaracaq.
Gözümə bir çöp düşüb
Üfür, ay külək, üfür.
Gəl, məni də çöp kimi 
Süpür, ay külək, süpür.
ƏGƏR SORUŞSAYDINIZ...
Əgər həyətimizdən soruşsaydınız-
məni adax-adax, diz-diz,
ayaq-ayaq tanıtdırardı.
Ya həyətimizin ortasından axan
kəhrizdən xəbər alsaydınız-
məni dalğa-dalğa, ləpə-ləpə
ovuc-ovuc anladardı.
Ya da o arxın qırağındakı
şivərək söyüdə desəydiniz-
məndən budaq-budaq, yarpaq-yarpaq
xatirələr danışardı.
Və o xatirələrin içində
bir boş həyət qaldı,
susuzluqdan kəhrizi quruyan
bir arx çatladı,
bir söyüd qurudu.
O söyüdün budağından
bir uşaqlıq asıldı.
O xatirələrin hamısı ölüm adlı.
Ölümlər yaşayır o xatirələrdə,
o xatirələr də ölümlərdə yaşayırlar.
Ən yaxşısı siz məni
ölümlərdən xəbər alın
Məni ölümlər yaxşı anladarlar.
KEÇƏNLƏRDƏ...
HURİYYƏ...
...əmimin nəmli xatirəsinə
Keçənlərdə...
Bir nəmli melodiya vardı...
Su kimi süzülərdi,
yağış kimi yağardı,
içimizə axardı.
Hər gecə onu
qonşu binanın arxasında,
şam ağacının altında,
gitarada cavan oğlan çalardı.
Çaldıqca da arada
işıqlı evlərin birinə baxardı.
O evlərin birində
Huriyyə adında
bir dəlicə qız yaşayardı.
Oğlan ona baxdıqca
dilini çıxardardı,
gözünü bərəldərdi,
nə bilim eyy...
yüz hoqqa verərdi.
Gah da oğlanın başına
ovuc-ovuc su atardı.
Oğlan suya batardı,
oğlan heyyy islanardı,
gitaranın simlərindən
sanki yaşlar damardı,
gitara ağlayardı.
Qızsa elə gülərdi,
uğunardı, gedərdi...
Gitaranın nəmi qurumamış
yuxarıdan yenə su tökərdi.
Hər gecə su içində
oğlan evə dönəndə
anası deyinərdi.
Hər gecə gecəyə 
bir nəmli melodiya yayılardı,
gitara ağlayardı.
Keçənlərdə...
Bir nəmli melodiya vardı...
Onu bir oğlan çalardı...
Əsgər gedib döndüyündə 
sevdiyi qız yoxuydu,
sevdiyi qız yuxuydu.
Taa eyvandan baxmırdı,
oğlana su atmırdı,
gitaranı ağlatmırdı.
Taa o qız orda yaşamırdı.
O qız yüngül həyatlarda,
əyri-üyrü yollarda qalmışdı.
O qız siqaret tüstülərində,
maşın sürətlərində yaşayırdı.
Taa o qız ölmüşdü...
Taa oğlan da gitara çalmırdı...
Heç gitaranı əlinə də almırdı.
Sonra da oğlan günün birində
uşaqlıq dostunu, gənclik dostunu
nəmli gitarasını sulara atdı.
O melodiyanı sular uddu...
Mən onda çox uşağıydım...
O qədər çənəmi o oğlanın
dizinə söykəyib
o melodiyaya qulaq asmışdım ki...
O oğlan mənin əmim idi.
Həyatda yoxdu indi.
Of, əmi o bəstə mənim içimdədi....
O melodiya məndədi.....
Sən gitaranı sulara atıb evə dönəndə
bütün gecəni yatmadın haaa...
Bax, mən də yatmadım onda.
Sən ağlaya-ağlaya, göynəyə-göynəyə,
barmaqlarını bir-birinə döyə-döyə
qırıq-qırıq sözlər deyirdin gecəyə:
-Səni bir daha çalmayacağam Huriyyə,
Mən səni necə çalım Huriyyə?
Mən o zaman bildim ki, bildim ki....
Sənin bəstələdiyin
o nəmli notların adı Huriyyədi...
Keçənlərdə...
Bir gitara qərq oldu sularda.
İndi inləyə-inləyə
yosun-yosun həsrət çalır gecəyə.
Xatirələrdə bir nəmli melodiya
köklənib bir qəmli sevgiyə, nəmli sevgiyə..
Yayılır o ötən günlərə, itən günlərə.
Yayılır yaddaşımı döyə-döyə.
Bir qız xatirə, bir oğlan xatirə,
Huriyyə, Huriyyə....
Keçənlərdə....
bir nəmli melodiya.... 


BİR UCDAN...

Bir ucdan ələnib gedir
Bu dünyanın ələkləri...
Corab hörür, papış tikir
Bu dünyanın kələkləri...
Hey oynadıq quru adla
Var olmadıq yox umudla
İndi qırıq qol-qanadla-
Ta neynirik lələkləri...
Söz deyirik, sözdən yazır
Üzdən yazır, gözdən yazır
Çiynimizdə bizdən yazır
Çiynimizin mələkləri...
Yol gedirik, yol süpürür
Sağ kürüyür, sol süpürür
Öl gətirir, ol süpürür-
Bu dünyanın küləkləri...
ANAM-BACIM, TUT AĞACI
Kəsmə-kəsmə tellərinə,
budam-budam qollarına,
qırım-qırım əllərinə
baxım, baxım-
qoy ağlayım acı-acı-
Tut ağacı.
Baharına qış düşdümü,
qar yağdımı?
Nübarının çiçəyinə
qor yağdımı?
İndi sənin kötük bəxtin
mənim kötük ürəyimə
bir dağdımı?
Anam-bacım,
Tut ağacım.
Bir də sənin yarpaqların
açmayacaq.
Quşlar səndə yuva qurub,
o yuvadan uçmayacaq.
O dev kölgən olmayacaq,
dev kölgəndə o cırtdan qız
qaçmayacaq.
İndi sənin dev həsrətin 
mənə qucaq açır, açır-
Tut ağacı.
Bir kötüyün qalıb daha-
daha söz yox, deyim sənə.
məndə üz yox deyim sənə.
Sən də kötük, mən də kötük -
nəyim var ki, verim sənə-
xatirələr xıncım-xıncım
xəyallara qapı açır-
Tut ağacı.
Biz illərin itiyiyik,
edamların kötüyüyük-
Anam-bacım,
Qoy ağlayım acı-acı-
Tut ağacı, tut ağacı.
UŞAQLIQ ŞƏKLİM
Mən uşaq olanda
bizim kənddə
şəkilçəkən yoxuydu.
Və mənim uşaqlıq 
şəklim yoxdu.
Goyləri, yerləri gözümə
şəkil kimi çəkirdim.
İndi həmin şəkillərə
baxıram bir-bir.
Bu dağlardı,
ağaclardı, quşlardı.
Bu buludlardı,
küləklərdi, yağışlardı.
Hara baxıram
hər yerdə
uşaqlığımın 
şəkillərini görürəm.
Ağlı qaralıyam,
gah da göyqurşağı kimi
rəngbərəngəm.
Lap indi, lap indi
bilmişəm ki,
Dünya mənim
UŞAQLIQ şəklimdi.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin