Kral titulunun Gödək Pipinə keçməsi.
Karl Martellin oğlu və xələfi mayordom Gödək Pipin (741-768) atasının zamanında kilsə torpaqlarıının müsadirə olunması nəticəsində kilsə ilə kəskinləşmiş münasibətləri sahmana saldı. Benefisi olaraq paylanılmış bütün kilsə torpaqları kilsə mülkiyyəti hesab edildi. Benefisi sahibləri buna görə də, kilsəyə müəyyən ödəniş verməli idilər. Belə torpaqlar “kralın buyuruğu ilə verilən prekarilər” (precariya verbo regis) adlanırdı. Lakin benefisi sahibləri ancaq dövlətə hərbi xidmət göstərməli idilər və kralın icazəsi olmadan kilsə onların torpaqlarını əlindən ala bilməzdi.
Bu saziş vaxtından başlayaraq Karolinqlər həmişə katolik kilsəsi və onun başçısı-Roma papası sıx ittifaqda oldular.
Lanqobardlar tərəfindən sıxışdırılan papa özünün bütün ümidlərini frankların köməyinə bağladı,buna görə də Pipinin kral titulu götürməsinə icazə verdi.751-ci ildə papanın razılığı ilə frank əyanlarının və vassallarının Suassonda keçirilən yığıncaqda Pipin rəsmi olaraq frankların kralı elan olundu. Axrıncı merovinq kralı III Xilderinq monastıra salındı,orada da öldü.
Papa dövlətinin yaranması
Pipin papanın qulluğuna qulluqla cavab verdi.Papa II Stefanın çağırışı ilə Pipin lanqobard kralı Aystulfa qarşı iki dəfə (754 və 757-ci illərdə ) İtaliyaya hücum etdi.O, Aystulfu əvvəllər ələ kecirdiyi Roma vilayətinin şəhərləri və Ravenna mahalını (keçmiş Bizans mülkü ) Papaya verməyə məcbur etdi. Orta İtaliyadakı bu torpaqlarda 756-ci ildə Papaların dünyavi dövləti meydana gəldi ki,bu da sonralar papaların daim bütün İtaliya və hətta bütün Avropa üzərində dünyavi hakimiyyət iddiaları üçün əsas oldu. Hələ o zaman papalar özlərinin ərazi iddialarında elə bu vaxtdan tərtib olunmuş Konstantin bəxşişi adlanan saxta sənədə istinad etdilər. Görünür,papa dəftərxanasının VIII əsrdə uydurduğu bu sənəddə təsdiq olunurdu ki,hələ IV əsrdə,imperator Konstantin guya papaya imperator hakimiyyəti nişanələri-“Roma şəhəri,İtaliya və bütün Qərb ölkələri və şəhərlərini”bəxş etmişdir.
“Konstantin bəxşişi”nin saxta olduğunu XV əsrdə italyan humanisti Lorenso Valla subuta yetirdi. Papaların dünyəvi dövlətinin qalığı Roma şəhərinin içərisində yerləşən müasir Vatikandır.
Dostları ilə paylaş: |