AZƏrbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi



Yüklə 1,21 Mb.
səhifə3/17
tarix17.04.2017
ölçüsü1,21 Mb.
#14285
1   2   3   4   5   6   7   8   9   ...   17

Bilməlidir: istehsalın planlaşdırılması və operativ idarə edilməsi məsələləri üzrə yuxarı təşkilatların əmr, qərar və sərəncamlarını, normativ, metodiki və başqa rəhbər materialları; müəssisənin texniki inkişaf perspektivlərini, istehsal gücünü; sexlərin, sahələrin, xidmətlərin ixtisaslaşmasını və onlar arasındakı istehsal əlaqələrini; görülən işlərin növlərini; istehsalın texnologiyasının əsaslarını; istehsalın texnika və texnologiyası sahəsində yerli və xarici müəssisələrin qabaqcıl təcrübəsini; əməyin, istehsalat və idarəetmənin təşkilini, iqtisadiyyatın əsaslarını; mövcud standartları; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi haqqında qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və neft sənayesində ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 7 il iş stajı.

14-cü dərəcə: II qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə.

 

Quyuların əsaslı və yeraltı təmiri üzrə istehsalat şöbəsinin rəisi

 

            Əmək funksiyası. Quyuların əsaslı və yeraltı təmiri üzrə planların yerinə yetirilməsini təmin edir. Quyuların əsaslı və yeraltı təmiri üzrə perspektiv və cari planların işlənib hazırlanmasında iştirak edir. Quyuların yeraltı və əsaslı təmirinin aparılması qrafiklərinin işlənib hazırlanmasına və yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Təmirlərarası müddətin uzadılması və quyuların təmirinin tezliyinin azaldılmasına yönəldilmiş tədbirlərin işlənib hazırlanmasını təşkil edir. Quyuların yeraltı və əsaslı təmirinin texnika və texnologiyasının təkmilləşdirilməsi məsələləri üzrə elmi-tədqiqat işlərinin planlaşdırılmasında iştirak edir. Quyu fondunun fəaliyyətsizliyi və dayanması səbəblərinin, həmçinin yeraltı təmirin zəruriliyinin aşkar edilməsi üzrə təhlillərin aparılmasını təşkil edir. Quyuların təmirində yeni texnika və texnologiyanın, layların neft veriminin artırılmasının yeni metodlarının tətbiqi üzrə işlərin təşkilində iştirak edir. Quyuların yeraltı və əsaslı təmiri üçün lazım olan ehtiyat hissələri, material və avadanlığı istehsalat bölmələri arasında bölüşdürür. Quyuların yeraltı və əsaslı təmiri sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi üzrə işləri təşkil edir. Quyuların təmiri zamanı baş verən qəzaların tədqiqində və onların qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Quyuların yeraltı və əsaslı təmirini və layların neft veriminin artırılmasını yerinə yetirən istehsal bölmələri üçün əmək şəraitinin sağlamlaşdırılması və yaxşılaşdırılması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir.



Zəruri hesabatların vaxtında tərtib olunması və müvafiq orqanlara təqdim edilməsini təmin edir. Quyuların təmiri sahəsində istehsal bölmələrinin fəaliyyətlərini əlaqələndirir. Şöbənin işçilərinə rəhbərlik edir.

Bilməlidir: quyuların təmirinin operativ idarə edilməsi və planlaşdırılması məsələləri üzrə yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, metodiki, normativ və başqa rəhbər materialları; müəssisədə (sexdə) quyuların təmiri üzrə istehsalat tapşırıqlarının planlaşdırılmasının təşkilini; müəssisənin istehsal gücünü, birliyin bölmələrini; müəssisələrin ixtisaslaşmasını və onların istehsal əlaqələrini; quyuların təmirinin aparılma texnologiyasının əsaslarını; quyuların təmiri gedişinin operativ uçotunun təşkilini; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və neft sənayesində ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 7 il iş stajı.

14-cü dərəcə: II qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə.

 

Quyuların möhkəmləndirilməsi sexinin rəisi

 

            Əmək funksiyası. Sexin istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirir, plan tapşırıqlarının yerinə yetirilməsini təşkil edir. Quyuların sementlənməsi üzrə sifarişlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir. Sementləmə işləri yerinə yetirilən zaman avadanlıqlardan və nəqliyyat vasitələrindən düzgün istifadə edilməsi, texnoloji intizama riayət edilməsinə nəzarəti həyata keçirir. İstehsalın təşkilinin təkmilləşdirilməsi üzrə işləri yerinə yetirir. Sexin avadanlıq, ehtiyat hissələri və materiallarla təmin olunmasını təşkil edir. İstehsal planlarının yerinə yetirilməsinin təmin edilməsi, payız-qış və daşqın dövrlərində işlərə hazırlıq üzrə təşkilati-texniki tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Əməyin qabaqcıl metod və üsullarının öyrənilməsi, ümumiləşdirilməsi və yayılmasını təşkil edir. Sexdə səmərələşdiriciliyin və ixtiraçılığın inkişafına kömək edir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Ustaların və sex xidmətinin işini əlaqələndirir. Təhlükəsiz və sağlam əmək şəraitini təmin edir. Kadrların seçilməsi, yerləşdirilməsi və onlardan səmərəli istifadə olunmasını həyata keçirir. İşçilər tərəfindən istehsalat və əmək intizamına, əmək nizam-intizam qaydalarına riayət edilməsinə nəzarət edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam qaydasında cəzalandırılması haqqında təkliflər təqdim edir. Sex üzrə təyin edilmiş hesabatların vaxtında tərtib və təqdim olunmasını təmin edir. Yüksək iş nəticələrinə nail olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Yaradıcılığı, təşəbbüskarlığı və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.



Bilməlidir: sexin istehsal-təsərrüfat fəaliyyətinə aid olan qərar, sərəncam, əmr və başqa rəhbər materialları; quyuların möhkəmləndirilməsi texnologiyasını; sexin avadanlıqlarını; onların texniki istismar qaydalarını; iqtisadiyyatın, istehsalın planlaşdırılması və təşkilinin əsaslarını, əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; kollektivin sosiologiya və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

13-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə II qrup sex rəisi vəzifəsini icra etdikdə;

14-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə I qrup sex rəisi vəzifəsini icra etdikdə.

 

Quyuların əsaslı və yeraltı təmiri sexinin rəisi



 

            Əmək funksiyası. Sexin bütün istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Quyuların yeraltı və əsaslı təmiri üzrə operativ planların işlənib hazırlanmasında iştirak edir. Vurucu quyuların qəbuletmə qabiliyyətinin artırılması və neft hasilatının intensivləşdirilməsi üzrə işləri həyata keçirir. Qurğu və avadanlıqların düzgün texniki istismarını, avadanlıqların təmiri, sınağı və onlara profilaktiki baxış qrafiklərinin yerinə yetirilməsini təmin edir. Quyuların yeraltı və əsaslı təmirə hazırlanması və keçirilməsinə, baş verən qəzaların ləğvi ilə əlaqədar plan tapşırıqlarının və işlərin təyin olunmuş müddətdə yerinə yetirilməsini və onlara nəzarəti həyata keçirir. Sexin avadanlıqlar, alətlər, materiallar, xüsusi texnika ilə vaxtında təmin olunmasını təşkil edir və onlardan səmərəli istifadə edilməsini təmin edir. Quyuların təmirlərarası işləmə dövrünün durmadan yüksəldilməsi, təmirlərin tezliyi və maya dəyərinin aşağı salınmasına, təmirin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş təşkilati-texniki tədbirlər işləyib hazırlayır və onların yerinə yetirilməsini təmin edir. Çoxtəmirli quyuların və yeraltı təmirin yaranma səbəblərinin aşkar edilməsi üzrə təhlillərin aparılmasını təşkil edir. Quyuların keyfiyyətsiz təmirinin və qəzaların səbəblərinin təhqiq edilməsində iştirak edir və onların aradan qaldırılması üzrə tədbirlər görür. İstehsalatda zəruri olan avadanlıq, alət və maddi-texniki vasitələr üçün sifarişlərin vaxtında tərtib olunmasını təmin edir. Materialların, yanacağın və elektrik enerjisinin sərfinə nəzarəti həyata keçirir. Zay və yararsız hala düşmüş alət və avadanlıqların seçilib ayrılmasında və hesabdan silinmə aktlarının hazırlanmasında iştirak edir. Yeni texnika və texnologiyanın tətbiqini, böyük əmək tutumlu proseslərin mexanikləşdirilməsini və ilkin tövsiyələrin verilməsini təmin edir. Quraşdırılmamış avadanlığın saxlanması və konservasiyasının düzgünlüyünə nəzarət edir. Quyuların təmiri texnologiyasının təkmilləşdirilməsi üzrə iş görür. Təhlükəsiz və sağlam iş şəraitini təmin edir. Ustaların, briqadaların işini əlaqələndirir. Kadrların seçilməsi, yerləşdirilməsi və onlardan səmərəli istifadə olunmasını həyata keçirir. İşçilər tərəfindən əməyin mühafizəsi, istehsalat sanitariyası, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi norma və qaydalarına; istehsalat və əmək intizamına, daxili əmək nizam-intizam qaydalarına riayət olunmasına nəzarət edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Sex üzrə təyin edilmiş hesabatların vaxtında tərtib və təqdim olunmasını təmin edir.



Bilməlidir: sexin fəaliyyətinə aid olan qərar, əmr, sərəncam və başqa rəhbər materialları; quyuların yeraltı və əsaslı təmir texnologiyasını və onun təşkilini; neft və qaz yataqlarının işlənməsi texnologiyasının əsaslarını; quyuların yeraltı və əsaslı təmirində istifadə olunan avadanlıqların və alətlərin texniki xarakteristikalarını; sexin işlədiyi neft yataqlarının geoloji xarakteristikasını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını, istehsalın operativ idarə edilməsi və planlaşdırılması məsələləri üzrə rəhbər materialları; texniki-iqtisadi və istehsal planlaşdırmasının əsaslarını, təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

14-cü dərəcə: I-II qrup müəssisədə əsas sexdə II qrup sex rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I-II qrup müəssisədə əsas sexdə I qrup sex rəisi vəzifəsini icra etdikdə.

 

Qazma avadanlıqlarının kirayə-təmir sexinin



alət meydançasının müdiri

 

Əmək funksiyası. İstehsalat briqadalarının alınmış sifarişlər və daşıma qrafiki üzrə vaxtında və komplekt şəkildə material, avadanlıq, alət və ehtiyat hissələri ilə təmin edilməsini təşkil edir. Maddi-texniki ehtiyatların iş obyektlərinə çatdırılması üçün nəqliyyat vasitələri və yükqaldırma mexanizmlərinə olan gündəlik tələbatı təyin edir. Maddi-texniki ehtiyatların istehsalatda istifadəsi üçün hazırlanmasını və komplektləşdirilməsini təşkil edir. İstehsalat briqadaları üçün zəruri alət və başqa məmulatların hazırlanması və təmiri üzrə istehsalat xidməti bazasının sexlərlə daimi qarşılıqlı əlaqəsini təşkil edir. İdarənin mərkəzi anbarından və başqa tədarük məntəqələrindən zəruri maddi-texniki ehtiyatların alınmasını təşkil edir, müəyyən olunmuş operativ texniki sənədləşmənin aparılmasını, istismarda olan endirmə-qaldırma və başqa alətlərin, onların hərəkətinin, texniki vəziyyətinin və işinin uçota alınmasını,stropların, elevatorların vaxtında defektoskopiyadan keçirilməsini, həmçinin yararsız hala düşmüş alətlərin brak edilməsi və hesabdan silinməsini təşkil edir. Alət meydançasının fəaliyyəti haqqında müvafiq hesabatların tərtib olunmasını təmin edir. Qara və əlvan metal tullantılarının yığılması və təhvil verilməsini, alət meydançası işçilərinin ixtisaslarının müntəzəm olaraq artırılmasını, onlar tərəfindən təhlükəsiz və sağlam iş şəraitini, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına riayət olunmasını təmin edir. Kadrların seçilməsi, yerləşdirilməsi və onlardan səmərəli istifadə olunmasını həyata keçirir. İstehsalat və əmək intizamına, daxili əmək nizam-intizam qaydalarına riayət olunmasına nəzarəti həyata keçirir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Meydança üzrə müəyyən olunmuş hesabatların vaxtında tərtib və təqdim olunmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır



Bilməlidir: qazma işləri idarəsinin fəaliyyətinə aid olan qərar, əmr, sərəncam və başqa rəhbər materialları; istehsalat briqadalarına göndərilən avadanlıq və alətlərə qoyulan texniki tələbləri və konstruktiv xüsusiyyətləri; meydançanın avadanlığını və onun texniki istismar qaydalarını; avadanlıq və alətlərin təmirə təhvil verilmə və təmirdən sonra qəbulu qaydalarını; təchizat və anbar təsərrüfatının işinin təşkilini; nəqliyyat və materiallar üçün sifarişlərin tərtib olunma qaydalarını; qazma işləri istehsalatının texnologiyasını; iqtisadiyyatın və istehsalatın təşkilinin əsaslarını, işlər üzrə norma və qiymətləri; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və mühəndis-texniki vəzifələrdə ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı.

11-12-cı dərəcələr: I-II qrup müəssisədə qazma avadanlıqlarının kirayə-təmir sexinin alət meydançasının müdiri vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 

Qazma qurğusunun rəisi

 

            Əmək funksiyası. Qazma briqadasının işini təşkil edir. Quyuların qazılması və mənimsənilməsi üzrə bütün işlərə texniki rəhbərliyi həyata keçirir. Briqada tərəfindən istehsalat tapşırıqlarının vaxtından əvvəl yerinə yetirilməsini təmin edən konkret tədbirlər işləyib hazırlayır və onların yerinə yetirilməsinə nəzarət edir. Qurtarmış işləri qəbul edir. Quyuların tikintisi üçün layihə tələblərinə, geoloji - texniki naryada, texnoloji-rejim xəritəsinə və qazma işlərinin plan qrafikinə ciddi riayət olunmasını təmin edir. Qazma üzrə istehsal tapşırıqlarını müəyyən edir və onların vaxtında qazma növbələrinə, briqadanın ayrı-ayrı fəhlələrinə çatdırır.



Çətinliklərin və quyu xəttinin əyilməsinin qarşısının alınması, ayrı-ayrı əməliyyatların aparılma planına uyğun olaraq quyuların qazma texnologiyasına ciddi riayət edilməsi üzrə tədbirlər görür. Yuyucu məhlulun keyfiyyətini yoxlayır. Əmək məhsuldarlığının, işlərin keyfiyyətinin yüksəldilməsi, qazma işlərinin maya dəyərinin aşağı salınmasına yönəldilmiş tədbirləri tətbiq edir. Tələb olunan qazma avadanlığı, alət, qaldırıcı-nəqliyyat maşınları, ehtiyat hissələri və başqa texniki vasitə və materiallarla təmin olunmaq üçün vaxtında sifarişlər verilir. Avadanlıq, mexanizm və alətlərin düzgün istismarı və saz vəziyyətdə olmasına daimi nəzarəti həyata keçirir. Detalların, ehtiyat hissələrinin, materialların və kimyəvi reagentlərin düzgün yığılmasını və saxlanmasını təmin edir. Vışkaquraşdırma sexinə verilən ərazinin və qazma avadanlıqlarının işə hazırlanmasını həyata keçirir. Əvvəlcədən işlənib hazırlanmış plan və ya tapşırıq üzrə təhlükəli və mürəkkəb işlərə rəhbərlik edir. Təhlükəsiz və sağlam əmək şəraitini təmin edir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət edilməsinə nəzarət edir. Briqadada fəhlələrin yerləşdirilməsi və səmərəli işini təmin edir. Briqadanın istehsal-təsərrüfat fəaliyyətini təhlil edir, təsərrüfat hesabı metodlarını tətbiq edir. Qabaqcıl təcrübənin yayılmasına, yaradıcı təşəbbüslərin inkişafına, səmərələşdirici təkliflərin və ixtiraların tətbiqinə kömək edir. Əmək haqqı və mükafatlandırma sistemlərinin düzgün və səmərəli tətbiqini təmin edir. İstehsal ehtiyatlarının tətbiqi üzrə işlərin həyata keçirilməsində iştirak edir. İşçilər tərəfindən istehsalat və əmək intizamına, daxili əmək nizam-intizam qaydalarına riayət olunmasına nəzarət edir. Kollektivdə qarşılıqlı yardım və tələbkarlıq şəraitinin yaradılmasına, istehsal planlarının yerinə yetirilməsinə görə fəhlələrdə yüksək məsuliyyət hisslərinin inkişafına kömək edir. Müəyyən olunmuş hesabatların vaxtında tərtib və təqdim olunmasını təmin edir. İşdə fərqlənən briqada fəhlələrinin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Fəhlələrin ixtisaslarının və peşə ustalıqlarının artırılması üzrə işləri, onların ikinci və bir-birini əvəz edən bir neçə peşənin öyrənilməsini, təcrübə mübadiləsinin inkişafını təşkil edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: qazma qurğusunun fəaliyyətinə dair əmr, sərəncam və başqa rəhbər sənədləri; qazma avadanlıqları, mexanizm və qurğularının alətlərinin texniki xarakteristikalarını və onların istismar qaydalarını; qazma işlərinin texnologiyasını; əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; təsərrüfat hesabı metodlarını; briqadalar tərəfindən yerinə yetirilən işlərin qiymətlərini və vaxt normalarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; quyuların qazılması (mənimsənilməsi) zamanı sərf olunan enerji və materialların, texniki vasitələrin qiymətlərini, istehsalat xidməti bazası sexləri, tamponaj, vışkaquraşdırma, geofizika və avtotraktor idarələri tərəfindən briqadaya göstərilən xidmətlərin dəyərini; əmək qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və qazma üzrə ən azı 2 il iş stajı və ya orta ixtisas təhsili və qazma üzrə ən azı 3 il iş stajı.

13-14-cü dərəcələr: I-II qrup müəssisədə layihə dərinliyi 3500-4000 metrə qədər olan qazma qurğusunun rəisi vəzifəsini icra etdikdə;

14-15-ci dərəcələr: I-II qrup müəssisədə layihə dərinliyi 4000-dən 6000 metrə qədər olan qazma qurğusunun rəisi vəzifəsini icra etdikdə;

15-16-cı dərəcələr: I-II qrup müəssisədə layihə dərinliyi 6000 metrdən yuxarı olan qazma qurğusunun rəisi vəzifəsini icra etdikdə.



 

Qazma ustası

 

            Əmək funksiyası. Quyuların qazılması üzrə işlərə rəhbərliyi həyata keçirir. Qazma texnologiyasının tələblərinə uyğun olaraq qazma alətlərinin və materiallarının qazmaya vaxtında daxil olmasını təşkil edir və buna nəzarət edir. Briqada tərəfindən geoloji-texniki tapşırıqların, texnoloji rejim xəritəsinin və qazma işlərinin plan-qrafikinin tələblərinə riayət edilməsini təmin edir. Qazma briqadası tərəfindən plan tapşırıqlarının yerinə yetirilməsini, avadanlıqların tam yüklənməsini və onların səmərəli istifadəsini, materialların qənaətlə işlədilməsini, qazmanın maya dəyərinin aşağı salınmasını təmin edir. Qazma alətlərinin düzgün istismarına nəzarət edir. Quyuların qazılması, qəzaların və çətinliklərin qarşısının alınması və aradan qaldırılması üzrə ən mürəkkəb və məsuliyyətli işləri yerinə yetirir. Quyuların qazılmasında qabaqcıl texnologiyanın və optimal qazma rejiminin, yüksək əmək tutumlu proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılmasının qabaqcıl əmək metod və üsullarının, iş yerlərinin attestasiyası və səmərələşdirilməsinin, əməyin elmi təşkilinin başqa ünsürlərinin tətbiqini təmin edir. İstehsalatın işini vaxtında təşkil edir, fəhlələrin yerləşdirilməsini təmin edir. Texnoloji proseslərə riayət edilməsinə nəzarət edir, onların pozulması səbəblərini operativ surətdə aşkara çıxarır və aradan qaldırır. Brakın qarşısının alınması və işin keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlər həyata keçirir. Qurtarmış işlərin qəbulunda iştirak edir. Briqadaları formalaşdırır. Briqadada fəhlələrin müntəzəm işini təmin edir. Briqadaya səmərəli xidmət göstərilməsi üzrə tədbirlər həyata keçirir. Xidmət briqadalarının fəaliyyətini əlaqələndirir. Briqadada təsərrüfat hesabını tətbiq edir. Təsdiq olunmuş istehsal planına və qrafikinə uyğun olaraq istehsal tapşırıqlarını müəyyən edir və onları vaxtında fəhlələrə, manqalara (briqadalara) çatdırır. Qazma alətləri və avadanlıqlarının işi haqqında müəyyən olunmuş sənədləşməni aparır. Briqada üçün material, alət və avadanlıqların alınmasına sifarişlər tərtib edir. Materialların dəyərinin qeydiyyatını aparır, onların saxlanılması, vaxtında və düzgün hesabdan silinməsi üzrə tədbirlər görür. Fəhlələrə istehsalat təlimi keçir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi, avadanlıqların və alətlərin texniki istismarı qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər həyata keçirir, onlara riayət olunmasına nəzarət edir. Peşələrin qarşılıqlı əvəz edilməsinin inkişafı, xidmət zonasının genişləndirilməsi və əməyin təşkilinin başqa mütərəqqi formalarının tətbiq olunmasına kömək edir. Say normativləri və qiymətlərə yenidən baxılması, həmçinin fəhlələrin dərəcələrinin artırılması haqqında təkliflər verir. İşlərə tarif təyin edilməsində iştirak edir. İstehsal fəaliyyətinin nəticələrini təhlil edir, briqada üçün təyin edilmiş əmək haqqı fondunun sərfinə nəzarət edir. Əmək haqqı, iş vaxtı boşdayanmaların uçotu üzrə ilkin sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin edir. Qabaqcıl təcrübənin, yaradıcı təşəbbüskarlığın yayılmasına, səmərələşdirici təkliflər və ixtiraların tətbiqinə kömək edir. Əmək haqqı və mükafatlandırma sistemlərinin düzgün və səmərəli tətbiq edilməsini təmin edir. İstehsalat ehtiyatlarının aşkar edilməsi üzrə işlərin həyata keçirilməsində, əlverişli əmək şəraitinin yaradılması, iş vaxtından səmərəli istifadə edilməsi, istehsalat mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Fəhlələr tərəfindən istehsalat və əmək intizamına, daxili nizam-intizam qaydalarına riayət edilməsinə nəzarət edir. Fəhlələrdə istehsal planının yerinə yetirilməsinə görə yüksək məsuliyyət hissinin inkişafına, kollektivdə qarşılıqlı yardım və tələbkarlıq şəraitinin yaradılmasına kömək edir. Briqadaların işdə fərqlənən fəhlələrinin mükafatlandırılması və ya istehsalat və əmək intizamını pozan fəhlələrin intizam məsuliyyətinə cəlb edilməsi haqqında təkliflər verir. Fəhlələrin ixtisaslarının və peşə ustalıqlarının artırılması, onların ikinci peşəyə yiyələnməsi və peşələrin qarşılıqlı əvəz edilməsi, həmçinin təcrübə mübadiləsinin inkişafı üzrə işləri təşkil edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: qazma briqadasının istehsal-təsərrüfat fəaliyyətinə dair qərar, əmr, sərəncam və başqa rəhbər materialları; qazma işlərinin texnologiyasını; qazma avadanlıqları və alətlərinin texniki xarakteristikalarını, onların istismarı və təmiri qaydalarını; geoloji və texniki çətinliklərin əmələ gəlmə səbəblərini, onların qarşısının alınması və ləğv edilməsi üsullarını, həmçinin sənədlərin rəsmiləşdirilməsi qaydalarını; texniki normalaşdırma və briqadada təsərrüfat hesabı metodlarını; qazma zamanı işlədilən materialları və onların saxlanma qaydalarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsasları.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin