Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci il tarixli, 2062 №-li əmri ilə təsdiq edilmişdir



Yüklə 3,72 Mb.
səhifə25/47
tarix28.11.2016
ölçüsü3,72 Mb.
#313
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

İkinci problem məzmunun nəzəri və abstrakt olması, həyati ba­ca­rıqlara əsaslanmaması və nəticə etibarilə şəxsiyyətyönümlü ol­ma­ması idi. Məzmun faktoloji xarakter daşıyırdı, məlumatların yad­da saxlanması bacarığına üstünlük verilirdi. Bu da şagirdləri əz­bər­çiliyə sövq edirdi, onların təfəkkür və düşüncə qabiliyyətini in­ki­şaf etdirmirdi. Əlbəttə, bilik inkişafın hərəkətverici qüvvəsidir, la­kin şa­girdə məhz o biliklər aşılanmalıdır ki, gələcək həyatında ona la­zım olsun. Əgər verilən biliklərin təcrübi və tətbiqi əhəmiyyəti yox­dur­sa, onun səmərəsindən danışmağa dəyməz. Müasir dövrün tələbi bu­dur ki, təlimin məzmunu təriflərin, düsturların, tarixi gün və hadi­sə­­lərin əzbərlənməsindən, nəzəri materialların mənimsənilməsindən da­­ha çox, şagirdlərdə yaradıcı düşünmə, müstəqil öyrənmə və qərar qə­buletmə, təşəbbüskarlıq, tətbiq və tədqiqatçılıq bacarıqlarının, ira­di keyfiyyətlərin formalaşmasına yönəlməlidir.

Üçüncü problem məzmunda şaquli və üfüqi inteqrasiyanın ol­maması idi. Məzmunda siniflərarası və fənlərarası bağlılıq zəif idi. Asandan daha çətinə keçid və bir-biri ilə bağlı olan mövzuların in­teq­rasiyası təmin edilmirdi.

Məhz bu və ya digər səbəblərdən son illərdə dünya Bankının ma­liyyə yardımı ilə həyata keçirilən islahatyönümlü tədbirlərin bö­yük əksəriyyəti məhz ümumi təhsilin məzmununun yeniləşdiril­mə­si­nə və mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəld­il­miş­dir. Əsas məqsəd şagirdlərin idrak fəallığını, ümumi inkişa­fını lən­gidən mövcud “yaddaş məktəbi”ndən “təfəkkür və dü­şün­cə mək­təbi”nə keçmək və bu əsasda ümumi təhsilin mü­asir modelini qur­maq­dan ibarətdir.

1999-cu ildən başlayan islahatlar çərçivəsində həyata keçirilən təd­birlər mərhələli xarakter daşıyırdı və hər mərhələnin öz məq­səd­ləri, vəzifələri var idi. Keçən on ilin yekunları göstərir ki, dövrün, za­manın tələblərinə görə müasir dünya təcrübəsi əsas tutulmaqla ümu­mi təhsilin yeni konsepsiyasının işlənib hazırlanması, məqsəd və vəzifələrin yeni təfəkkür baxımından formalaşdırılması, fənlərin məz­mununun konseptual müddəalarının müəyyənləşdirilməsi və fənn kurikulumlarının yaranması, məzmunda standart məfhumunun re­al­lığa çevrilməsi mühüm nailiyyətlərdir.

Azərbaycanda 2004-cü ildən başlanan məzmun dəyişiklikləri tə­lim-tədris prosesinin sistemli planlaşdırılmasını özündə əks et­di­rən kurikulum islahatları adı altında aparılır. Azərbaycan Hökuməti tə­rə­findən 30 oktyabr 2006-cı ildə təsdiq olunmuş “Azərbaycan Res­publikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)” sə­nə­dində ümumtəhsil üzrə təlim nəticələri və məzmun standartları, ümumi təhsilin hər bir pilləsində tədris olunan fənlər, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı, pedaqoji prosesin təş­ki­li, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsiplər kompleks şəkildə öz əksini tapmışdır. Bu konseptual sə­nə­din tələblərinə uğun hazırlanıb təsdiq edilmiş fənn kurikulum­la­rın­da isə hər bir sinif üzrə təlim nəticələri, məzmun və qiymətlən­dir­mə standartları, müvafiq təlim strategiyaları əhatə olunmuşdur.

Təhsilin əvvəlcədən müəyyən olunmuş nəticələr və bunların əsa­sında formalaşdırılmış dövlət tələbi olan məzmun standartları məhz yeni pedaqoji təfəkkürün təcəssümüdür. Milli Kurikulumda təs­bit olunmuş ümumi təhsilin hər bir pillədə tədris olunan fənlər üz­rə nəticələr fənn kurikulumlarının müəyyənləşdirilməsində bir növ, açar rolunu oynayır, məntiqi ardıcıllığın gözlənilməsinə möh­kəm zə­min yaradır. Təlimin nəticələri, başqa sözlə desək, məq­səd­lər­dir və onların konkret məzmun standartları formasında ifadə edil­məsi, əl­də olunması nəzərdə tutulan bilik və bacarıqların minimum həd­dini özündə ehtiva edir. Xarakterik cəhət həm də odur ki, məz­mun stan­dartları özündə iki əsas komponenti - bilik və fəaliyyət kom­­po­nent­lərini birləşdirir. Bu standartların fəaliyyət hissəsinin ba­carıqlar şək­lində verilməsi isə biliklərin şagirdlər tərəfindən həqi­qə­tən mə­nim­sənilməsini nümayiş etdirmək zərurəti ilə bağlıdır. Bilik­lərin nü­mayişi prosesində şagirdlərin tələb edilən bacarıqlara, mə­sələn, id­ra­ki (təhliletmə, müqayisəetmə, planlaşdırma...), informa­tiv-kom­mu­n­ikativ (izahetmə, şərhetmə, təqlidetmə, təsviretmə, ün­siy­yət­qur­ma...), psixomotor (oxumaq, yazmaq, saymaq, dəyiş­mək, ha­zırla­maq, tərtib etmək, qurmaq...) bacarıqlara yiyələnməsi sə­viy­yəsi real su­rətdə üzə çıxır. Əgər biliklərin mənimsənilməsi müvafiq bacarıq­la­r­ın qazanılması ilə müşayiət olunarsa, təhsil artıq mahiyyət eti­ba­rilə dəyərlər kompleksinə çevrilir. Müasir kurikulum­ların şəxsiyyət­yö­nümlüyünü şərtləndirən başlıca amil də məhz bu cəhətdir. Fənn ku­rikulumlarında hər bir əsas standart alt standart­larla müşayiət edi­lir. Bu, bir neçə məqsədə nail olmağa imkan verir. Kifayət qədər ümu­mi formada ifadə olunan altstandartlar müxtəlif təlim məqsəd­lə­ri­ni reallaşdırmaq üçün onlara dönə-dönə müraciət etmək imkanı ya­radır. Bir qayda olaraq əsas standart bir neçə si­nif­də və hətta bü­tün təhsil pilləsi ərzində eyni formada ifadə olunur. Bu zaman si­nif­dən-sinifə keçdikcə əhatə olunan bilik və baca­rıq­ların miqyası alt stan­dartlar vasitəsilə müəyyən olunur. Bu, həm də sinifdən-sinifə bi­li­yin və fəaliyyətin necə inkişaf etdiyini izləməyə imkan verir.

Eyni zamanda hazırlanmış kurikulumlarda inteqrasiya xüsusi tə­ləb kimi irəli sürülmüş məzmunun inteqrativliyi, fənnin in­teq­ra­tiv­liyi, standartların inteqrativliyi, bacarıqların inteqrativliyi, pro­sesdə inteqrativlik nəzərə alınmışdır.

Yeni kurikulumlarla tədrisə başlanılmışdır. Ölkəmizdə hə­ya­ta keçirilən kurikulum islahatı mərhələli proses olmaqla, innova­si­ya­lara əsaslanan və əvvəlcədən müəyyən edilmiş real nəticələrə isti­qa­­mətlənmiş geniş fəaliyyət sahəsinə çevrilmişdir.

Fənn kurikulumlarında təlim nəticələri və məzmun stan­dart­ları ilə yanaşı, eyni zamanda təlim strategiyaları, fəndaxili və fənlər­ara­sı inteqrasiya cədvəlləri, qiymətləndirmə standartları öz əksini tap­mış, fənnin məqsədləri açıqlanmış, fənnin tədrisinin zəruriliyi əsas­lan­dırılmışdır. Bununla da həmin kurikulumlar təlim fəaliyyə­tin­də ən vacib hesab olunan parametrləri özündə birləşdirməklə kon­septual xarakterli bir sənəd kimi meydana çıxmışdır.



Əlbəttə, köhnə təhsil ideologiyasından ayrılaraq yenilikləri bir­dən-birə qəbul etmək çox çətindir. Ancaq həyat inkişafdadır və za­manın nəbzini tutub onun tələblərinə uyğunlaşma zərurəti ya­şan­mış dövrlərdə təqdirəlayiq keyfiyyət hesab olunmuşdur. Əslində, bü­tün yeniliklərə, islahatlara aparan yol insanların təfəkküründən ke­çir. Meydana çıxan yeni ideyalar dünyagörüşünə çevrilməzsə, on­ların həyata keçirilməsi mümkün ola bilməz. Bu mənada Azərbay­ca­nın ümumi təhsil sistemində islahatlara başlanandan indiyədək ku­ri­kulum anlayışının, təhsilin məzmununa verilən müasir tələb­lərin, yeni təlim strategiyalarının və qiymətləndirmə mexanizm­lə­ri­nin mahiyyətinin pedaqoji ictimaiyyət arasında izahı və təbliği pro­sesi mühüm əhəmiyyət daşımışdır.
***
Araşdırmalar göstərir ki, şəxsiyyətin formalaşmasında müs­təsna əhəmiyyət daşıyan müasir təlim yanaşmaları təhsilimiz üçün göründüyü qədər də yeni məsələlər deyil. Bu yanaşmalar N.Gən­cəvi, Ə.Marağalı, N.Tusi, M.F.Axundzadə, F.Köçərli, H.Zər­dabi, Ü.Hacıbəyov və başqa mütəfəkkirlərin, maarifçi demokratların dünyagörüşləri baxımından təd­qiq edilərkən aşkar olmuşdur ki, əslində, bu gün yeni hesab edilən mə­sə­lə­lərin Şərqin təhsil tarixində dərin kökləri mövcuddur. Təbiətin və insanın kəşfi kimi qiymət­ləndirilən intibah dövründə N.Gəncəvi insanın “özünü dərk etməsi” mülahizəsini irəli sürür. İnsanın özünü dərk etməsini şair “həyatda, cəmiyyətdə yerini bilməsi, xeyirlə şəri ayırd etməsi, mü­rək­kəb ziddiyyətli hadisələr axarında düzgün yol seçməyi bacarması” kimi dəyərləndirir .

N.Gəncəvi “Yeddi gözəl” poemasında özünü dərk edənləri “əbə­diyaşayanlar”, dərk etməyənləri isə “bir qapıdan girib, o biri qapıdan çıxanlar" hesab edir. Mütəfəkkir şair şəxsiyyətin ictimai bacarıqlara, məntiqi və tənqidi təfəkkürə, problem həll etmək kimi yüksək idraki baca­rıqlara malik olmasını vacib hesab edir və gözəl rəqqasə və musiqiçi olan, ağıllı və cəsarətli kəniz qız Fitnənin simasında göstərir ki, “insan məşq və vərdişlə möcüzələr yaradar, mühüm bacarıqlara malik ola bilər”. Ə.Ma­ra­ğalıya görə, əgər insan müəyyən biliklərə malikdir və onları tətbiq et­mirsə, deməli, həmin insan ya “tətbiqi ağıldan məhrumdur, ya da onun tətbiqi ağlı “kamil” deyil. O düşünürdü ki, insanın savadının yeganə sübutu onun praktik fəaliyyəti, davranış və hərəkətləridir. Tətbiqi elmsiz ümu­mi elm bəhərsizdir, ölüdür, faydasızdır. Ə.Marağalının fikirləri bu gün təlim prosesinə olan yeni yanaş­ma­lar­la üst-üstə düşür. ^^ [

H.Rayl (1949), M.Conson (1977), C.Posner və A.Radnit­ski­nin (1994) də araşdırmalarında biliyin iki növünün mövcud olduğu vurğu­lan­mış, bu məsələlər "nəyi bilmək" və "necə bilmək" kimi təq­dim edilmişdir. Yəni biliklər yalnız əldə edilən fakt və məlumatlar olmayıb, həm də onları əldə etməyin yollarını, eləcə də nümayiş etdirməyin üsullarını – bacarıq və vərdişləri əhatə edir. Bu baxım­dan müasir texnologiyalaşmış cə­miy­yətimizdə dəyişiklikləri başa düşən, informasiyaları tətbiq edən, prob­lem­ləri təhlil edən, onların həl­li yollarını tapan və əldə edilmiş nəticələri də­yər­ləndirən insanların təlimini təşkil edərkən həm nəzəri, həm də praktik biliklər böyük əhəmiyyət daşıyır.

Müasir kurikulumlar demokratizm, humanizm kimi prinsip­lər­dən çıxış edən, şagirdlərin maraq və ehtiyaclarına cavab verən, mütəxəs­sis­lə­rin elmi yanaşmalarına söykənən, dövlətin təhsil siyasətini əks etdirən, təh­sil sahəsində sınanmış mütərəqqi meyar­lar, milli və ümumbəşəri də­yər­lər əsasında müəyyən edilən dövlət təhsil standartlarına uyğun olmaqla bü­tün mühüm məsələlərlə bağlı uzunmüddətli proqnozlaşdırma və plan­laşdırmaları özündə əks etdirir və bu sənəd o zaman əhəmiyyət kəsb edir ki, düzgün tətbiq edilsin, nəzərdə tutulduğu şəkildə tətbiq edilsin. Tətbiqin yolları, üsulları və vasitələri kimi mühüm məsələlər müasir kuriku­lumların “Təlim strategiyaları” bölməsində öz əksini tapmışdır. Sənədin bu bölməsində xüsusilə vurğulanan yeni müəllim-şagird münasibətləri, problemli təhsil yanaşması və fəal təlim üsulları neçə ildir ki, mək­təblərimizdə tətbiq edilir. Təhsil islahatının birinci və ikinci mər­hə­lə­lə­rində təhsil ictimaiyyətinin bu iş üsuluna məqsədyönlü şəkildə addım-addım hazırlanması istiqamətində böyük işlər gorül­müşdür. Lakin, “isla­hatın başlanmasından xeyli müddət keçmə­sinə baxmayaraq cəmiyyətdə bu prosesə ikili münasibət hələ də qalmaqdadır”.

Didaktikanın görkəmli nümayəndələrindən hesab olunan İ.Y.Lerner və M.N.Skatkinə görə, “təhsilin başlıca sosial funksiyası – əvvəlki nəsillər tərəfindən toplanmış təcrübənin yeni nəslə ötürülməsidir”. Bu funksiyanın əsas mənası və vəzifəsi konsep­siyanın, fənn proqramlarının, dərsliklərin başlıca hissələrinin məz­­mu­­­nunun layihələndirilməsinin əsasını təşkil edir. Təhsilin məzmunu bu kontekstdə əvvəlcədən xüsusi olaraq seçilmiş və təhsilalanlar tərəfindən mənimsənilən bilik, bacarıq və vərdişlərin həcmini müəyyənləşdirir. Bilik almağa istiqamətlənmiş təlimin bu tipində qəbul edilir ki, “öyrənənlər tərəfindən reallığın müəyyən fraqmentlərinin ba­şa düşülməsinin dərinliyi (keyfiyyəti, səmə­rəliliyi) öyrənilən materialın miqdarı (kəmiyyəti) ilə mütəna­sib­dir”. Belə yanaşmalar artıq infor­ma­si­yalı cəmiyyətin müasir tələblərinə cavab vermir və təhsil sistemində ağır nəticələrlə müşa­hidə olunan problemlər yaradır.

Təlimin şəxsə, onun inkişafına istiqamətlənmiş tipində təhsilin məz­mu­nuna olan münasibət dəyişir. Bu halda təhsil öyrənənə biliyin veri­lməsindən daha çox onun təhsillilik səviyyəsinin yüksəldilməsinə, kamil insan kimi formalaşmasına, özünü özündə tapmasına istiqamətlənir. Təd­ris materialı bu halda mənimsəmənin obyekti kimi meydana çıxmır, öyrə­nə­nin fəaliyyəti üçün təhsil mühitinin yaradılmasına, təhsilin xarici kompo­nent­lərinin tərkib hissəsinə çevrilməsinə xidmət edir. Göründüyü kimi, birinci halda məzmun öyrənənə mənimsənilməsi üçün verilirsə, ikinci halda şəxsə istiqamətlənmiş məzmun öyrənənin təhsil məhsulu kimi çıxış edir və fəaliyyətin təşkilini tənzimləyir. Deməli, müəyyən mənada qəbul etmək olar ki, təhsilin məzmunu öyrənənin fəaliyyətinin məzmunu kimi çıxış edir, onun atributuna çevrilir və nəticədə bacarıqların forma­laş­­masına şərait yaradır.

Təhsilin məzmununun belə iki bir-birinin əksi olan mənada başa düşülməsinə münasibətini ifadə edərək akad. A.O.Mehrabov yazır: “Əgər təlim prosesi təhsilin məzmununa daxil edilmirsə, təh­si­lin məzmunu uşaq­lara müəllim tərəfindən verilən özgəninkiləş­diril­miş material kimi qəbul edilir. Əgər təlim prosesi məzmuna daxil edilirsə, onda təlimin fəaliyyətlə bağlı məzmununa daha geniş məna­da baxmaq lazımdır. Fəaliyyətin təhsilin məzmununda olan rolundan didaktik sistemin bütün səviyyələri, yəni təlimin məzmunu və məq­sədindən tutmuş, öyrənənlərin onun nəticələri əsasında özünüdərk və özünüqiymətləndirməsinədək olan proseslər qidalanır.” Fəa-liyyətin psixoloji nəzəriyyəsində (A.N.Leontyevin elmi məktəbinin nüma­yən­dələri tərəfindən interpretasiya olunan psixoloji yanaşma) fəaliyyət şəxsin fəaliyyətinə reduksiya (mürəkkəb bir prosesin sadə prosesə keçməsi və keçirilməsi) olunur, onun atributu kimi izah edilir, yəni subyektin keyfiyyət göstəricisi kimi qəbul olunur. Bu nöqteyi-nəzərdən təhsilə bir-birini əvəz edən fəaliyyətlər sistemi kimi baxılır və bu halda fəaliyyətin subyekt, proses, fənn, vasitə, nəticə kimi komponentləri bir-birindən ayrı­lır, yəni fəaliyyətin özü tərkib hissə­lərinə ayrılır, proses məqsədin qoyu­lması ilə başlayır. Qoyulmuş məsələnin dəqiqləşdirilməsi aparılır, plan hazırlanır, qurğular, sxemlər seçilir, bundan sonra öyrənən müvafiq üsul və yanaşmalar seçərək əməliyyatları yerinə yetirir, işin gedişini və aralıq nəticələri qoyulmuş məqsədlə müqayisə edərək gələcək fəaliyyətdə müəy­yən düzəlişlər aparır.

Məlum olduğu kimi, ümumtəhsilin məzmun standartlarının struk­turunda “Ümumtəhsilin təhsil standartlarının məcburi mini­mu­mu­­nun məzmunu” və “Məzunların hazırlıq səviyyəsinə qoyulan tələblər” kimi iki səviyyənin qoyuluşu durur. Təhsil stan­dartlarının komponentləri olan “minimum” və “tələblər” bir-biri ilə əlaqə­dardır. Bu əlaqə biliyin qaza­nıl­ması prosesinin paradiqmasında – “minimum” məktəbin təhsil alana verəcəyi biliklər sisteminin səviyyəsini, “tələblər” isə təhsil alanın mənim-sədiyi, qəbul etdiyi biliklər sistemi əsasında formalaşan bacarıqların sə­viy­yəsini müəy­yən­ləşdirir. Standartın komponentləri arasındakı belə mü­na­sibətlər klassik, “ötürücü” xarakter daşıyan pedaqogikanın, yəni bi­likləri “məktəb verir”, təhsil alan isə "qəbul edir" kimi əsas prinsipləri üzə­rində qurulmuş olduqda arzuolunan nəticə alınmır. Yəni insanın bir fərd kimi xüsusiyyətlərini, onun inkişaf dinamikasını nəzərə almadan hərə­kət etmək təhsilin son nəticəsi kimi qarşıya qoyulmuş məqsədi təmin edə bilmir, yəni məktəb yaradıcı şəxsi, həqiqi vətəndaşı tərbiyə etmək əvəzinə, tənbəli, müftəxoru və tüfeylini tərbiyə edir. Şəxsə, təhsilalana istiqamətlənmiş təhsilin paradiq­masında “minimum” və “tələblər” ara­sındakı münasibətlər başqa xarakter daşıyır, fəaliyyət məhsuldar əsasda inkişaf edir. Belə münasibət şəxsi keyfiyyətlərin inkişafını, hadisələrə yaradıcı yanaş­manı, öyrənilən sahədə təhsilin son məhsulu olan müvafiq bacarıq­ların formalaşmasını təmin edir.

Təhsilin məzmunu ilə fəaliyyət arasındakı münasibətlərin həlli birinci növbədə tədris-təlim prosesində idraki, informasiya-kommuni­ka­si­ya və refleksiv (qeyri-iradi) fəaliyyətlərin inkişafına imkan yaradan yeni təhsil şəraitinin, ən başlıcası nəticəyönümlü təhsil standartlarının hazırlanmasını təmin edir.

Təhsilin yeni məzmununa keçidi təkamül-axtarış və informasi­yalı olmaqla iki qrupa (mərhələyə) ayırmaq olar. Birinci qrupda çoxlu sayda məktəblərdə hazırda da saxlanılan və ayrı-ayrı fənlərin dərindən öy­rənil­məsinə imkan verən sinif-dərs sisteminin tələblə­rinə müvafiq fəaliyyətin qurulması əsas tələb kimi götürülür. İkinci qrupda isə şəxsə istiqa­mətlənmiş, fəaliyyətyönümlü, kamil insanın, rəqabətə davamlı şəxsiyyətin formalaşdırılması üçün nəticəyönümlü təhsilin qurulmasını, yeni yanaşmaların, interaktiv təlim üsullarının tətbiqi əsas tələb kimi qəbul edilir. Araşdırmalar təsdiq edir ki, təhsilin məzmununun müəyyən­ləşdirilməsi məqsəd əsasında aparıl­malıdır. Ümumiyyətlə, təhsildə məq­sədin üstünlüyü bir prinsip kimi həmişə gözlənilməlidir. Bu prinsip təhsil standartlarında dəyişik­lik­lərin elə ardıcıllıqla aparılmasını tələb edir ki, tədris planı, tədris prosesinə qoyulan minimum tələblərin həcmi, bilik səviyyəsi və təhsil şəraiti, eyni zamanda təşkilati və idarəetmə məqsədin dəyişdirilməsinin nəticəsi kimi çıxış etsin.

Təhsildə təhsilalanın maraqlarının üstünlüyü saxlanılmalıdır. Belə ki, təhsilin məzmununun müəyyənləşdirilməsində cəmiyyətin və dövlətin maraqları ilə bərabər, təhsil sahəsindəki istənilən proq­ram­lara şəxsin özünü dərk etməsinə, özünü ifadə etməsinə, öz mü­qəd­dəratını təyin etmə­sinə imkan verən elementlərin daxil edil­məsinə üstünlüyün verilməsi mü­hüm tələbdir və təhsilin məz­mu­nunda mədəniyyətyönümlü məsələlər diq­qət mərkəzində sax­la­nıl­malıdır, yekun nəticələr tamamilə və dəqiq müəy­yən olunmalıdır. Vacibdir ki, təhsilin məzmununun müəyyənləş­diril­mə­sin­də sosial-mədəni mühitdə həyat fəaliyyəti ilə bağlı təcrübəyə istinad olun­sun, şagirdin fəaliyyəti onun şəxsi təhsilinin subyekti kimi qəbul edilsin, şəxsiyyətin strukturunun tamlığı, onun idrak prosesinin, emosional-iradi, mənəvi-əxlaqi sferasının xüsusiyyətləri nəzərə alınsın.

Öyrənənin və onu əhatə edən mühitin iştirak etdiyi təhsil prosesinin təhlili göstərir ki, təhsilin məzmununu daxili və xarici olmaqla iki kom­ponentə ayırmaq olar. Təhsilin məzmununun xarici komponenti şəxsiy­yətin inkişafını təmin edən təlim mühiti ilə xarakterizə olunur. Təhsilin məzmununun xarici komponenti iki tərkib hissədə – real həqiqətlər və ona dair biliklər sistemindən ibarət olan “təhsil sahəsi” anlayışında cəmlənir. Ona görə də xarici təhsil sahəsi qarşılıqlı təsirdə olan iki – real dünya və tədris olunan kursların məzmununu özündə cəmləşdirən tərkib hissələrdən ibarətdir. Təhsilin məzmununun daxili komponenti təhsil alan şəx­sin ayrılmaz cəhətidir. Ona görə də təhsilin daxili məzmunu təhsil alanın təhsil ehtiyaclarının ödənilməsi ilə uyğunlaşdırılmalıdır. Məzmu­nun xarici və daxili komponentlərə bölünməsi ilə bağlı konsepsiyanın qəbul olunması, hər iki yanaşmanın fəaliyyətə inteq­ra­siya olunduğunu göstərir. Onlardan birincisi tədris prosesini fərdi­ləşdirməyi, yəni təlim-tərbiyə prosesinin, təhsilalanların psixo­loji xüsusiyyətlərini nəzərə alaraq qurmağı nəzərdə tutursa, ikinci ümummədəni fəaliyyət prosesində təhsil alan şəxsin özünün fərdiləşdirilməsini nəzərdə tutur. Belə yanaşma, yəni təhsil alanın reallığın əsas xüsusiyyətlərini mənimsəyərək özünün daxili inkişafı­na və oradan da mədəni-tarixi nailiyyətlərin mənim­sə­nil­məsinə istiqamətlənmiş fəaliyyəti, təhsilin məzmunu ilə bağlı fəaliyyətlərin əsasını müəyyən edir.

Problemlər içərisində evristik təhsil fəaliyyəti (zəkalı fəaliy­yətin mühüm elementi) ilə bağlı məsələlər xüsusi yer tutur. Evristik (nəzəri tədqiqatın məntiqi və metodik üsulları sistemi kimi qəbul olu­nan rakursda) təhsil fəaliyyətinin əsas məqsədi təhsil alanın özü­nün şəxsi təhsilinin bütün elementlərinin, yəni məqsədin mənasını, məz­mununu, təlimin optimal forma və metodlarının seçilməsini, təhsil sahələrinin mənimsənilməsi ilə bağlı şəxsi fəaliyyət tra­yek­to­ri­yasının qabaqca­dan layihələndirilməsində iştirakı­nın təmin olun­ma­sıdır.

Yeri gəlmişkən qeyd edək ki, ümumtəhsil məktəblərində “yaradı­cılıq fəaliyyəti”, “evristik fəaliyyət” anlayışlarından istifadə edərək evristik təli­min əsas parametrlərini müəyyənləşdirmək olar. Evristik fəaliyyət yara­dıcılıq fəaliyyətindən başqa metodoloji və koq­nitiv fəaliyyətləri də özündə birləşdirir. Evristik təhsil fəa­liy­yətində eyni zamanda evristik və reproduktiv komponentlər iştirak edir. Öyrədənin bu halda əsas vəzifəsi tədris prosesinin tamlığının təmin olunmasında bu məsələlərin nəzərə alınmasıdır. Evristik fəaliyyətin əsas məqsədi təhsil alanın, tədris prosesində qarşıya çıxan prob­lemlərin səmərəli həlli üçün əvvəllər onun fəaliyyətində dəqiq müəy­yən edilməmiş məqsədlərin yenidən formalaş­dırıl­ma­sıdır.

Aparılmış tədqiqatlar göstərir ki, öyrənənin imkanlarının, fərdi xü­susiyyətlərinin dəyərləndirilməsinə dayanaraq təhsilin məzmu­nu­nun layihələndirilməsi və strukturlaşdırılmasının müxtəlif üsul­larını aşağıdakı kimi sistemləşdirmək məqsədəmüvafiqdir:

  • tədris materialının məzmununun xətti qurulması. Belə st­ruk­­­­turda tədris materialının məzmunu ardıcıl və fasiləsiz olaraq verilir.

  • tədris materialının məzmununun konsentrik sistem üzrə qu­­rul­­ması. Belə strukturda eyni bir məsələ bir neçə dəfə araşdırılır, təkrarlanır. Təkrar zamanı məzmun genişləndirilir, yeni informa­si­yalarla zənginləşdirilir və yeni səviyyədə həll edilir.

  • tədris materialının məzmununun spiralvari sistem üzrə qurul­ması. Bu halda öyrənən və öyrədən qoyulmuş problemə, insanın fəaliyyət sferası ilə bağlı biliklər sisteminə və fəaliyyət üsul­la­rına dair məlumatları genişləndirərək və zənginləşdirərək onlara daim qayıdır və inkişaf etdirir.

  • tədris materialının məzmununun modul sistemi üzrə qu­rul­­ması. Bu halda hər bir mövzu üzrə tədris modulunun məz­mu­nu, bü­tövlükdə baxılan bölməyə (təhsil vahidinə) daxil olan möv­zu­lar üzrə mü­vafiq istiqamətlərdə paylanır:

    • oriyentasiyalılıq (fəaliyyəti müəyyən istiqamətə yönəlt­mə), meto­do­loji istiqamət;

    • məzmun – təsviri xarakterli istiqamət;

    • əməliyyat – fəaliyyət xarakterli istiqamət;

    • nəzarət – yoxlama xarakterli istiqamət.

Təhsilin məzmununun dəyişməsini onun humanistləşmə, hu­ma­­ni­tarlaşma, diferensiallaşma, diversifikasiya, standartlaşma, çox variant­lılıq, çox səviyyəlilik, fundamentallıq, kompyuterləşmə, infor­­mat­laşma, fər­di­ləşmə, fasiləsizlik kimi prinsiplərə istinad et­məsi əsasında inkişafı şərtləndirir, hansı ki, bu prinsiplər bəşər təcrübəsinin inkişaf səviy­yə­sin­dən, cəmiyyətin inkişafı ilə bağlı tə­ləb­lərdən qaynaqlanır. Hər dönəmdə siyasi cəmiyyətlərin öz təhsil sistemi və müvafiq kurikulumları olmuşdur, təbii ki, müxtəlif cəmiy­yətlərin mövcud tələbləri və inkişaf səviyyəsi, əsasən, ona məxsus olan təhsil kurikulumlarında ifadə olunur. Təhsilimizə gətirilən müasir kurikulumlar tərbiyəyönümlülük, nəticə­yö­nüm­lülük, şa­gird­­yö­nüm­lülük, bütün şagirdlərə öz idrak potensialından istifadə etmək, şəxsi qabiliyyətlərini inkişaf etdirmək üçün əlverişli şəraitin yaradılması kimi prinsiplərə əsaslanır.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, müasir kuriku­lumların istinad etdiyi prinsiplərin yerinə yetirilməsinə yeni peda­qo­ji texnolo­gi­yalardan sistemli istifadə etməklə nail olmaq müm­kün­dür (təlim prosesini konkret nəticəsi olan texnoloji-istehsalat pro­se­si­nə çevirməklə). Çünki həmin prinsiplər yeni pedaqoji texno­lo­gi­yaların mahiyyət və məzmununda əks olunmuşdur.



Yeni pedaqoji texnologiyalar, ümumilikdə təlimin yeni kon­sep­siyası dörd əsas prinsip ətrafında cəmləşdirilə bilər:

  • şagirdyönümlülük;

  • fəal, müstəqil və birgə təlim fəaliyyəti imkanlarının yara­dıl­ması;

  • təlimin inteqrativliyi;

  • təlimin məzmun və nəticələrinin təlim alanların məktəb­dən sonrakı həyat fəaliyyəti və cəmiyyətlə əlaqəli olması.

Yeni pedaqoji texnologiyaların mahiyyət və məzmunu ilə yaxın­dan tanışlıq, məktəb praktikasında müxtəlif təlim texno­lo­gi­ya­la­rının tətbiqi nəticələrinin araşdırılması deməyə əsas verir ki, onların ənənəvi təlim texnologiyalarından əsas üstünlükləri bun­lar­dır: gözlənilən nəticələrin əsasən alınması; şəxsiyyətyönümlülük (şagirdyönümlülük); inkişafetdi­rici­lik. Təhsil texnologiyaları sahə­sin­də tədqiqatları təhlil etməklə yeni peda­qoji texnologiyaların tət­bi­qində gözlənilən nəticələrin alınması aşağıdakı­larla şərtlənir:


  1. Təlim prosesində didaktik vahidlərdən böyüdülmüş şə­kil­də isti­fadə edilməsi;

  2. Təlim prosesi və onun nəticələrinin düzgün planlaş­dırıl­ma­sı (la­yi­hə­ləndirilməsi);

  3. Təhsil prosesinin emosionallaşdırılması;

  4. Təhsilin diferensiallaşdırılması;

  5. Müasir informasiya-kommunikasiya texnologiyalarından (kom­pyu­ter, audio-vizual texnika və s.) istifadənin geniş­lən­di­ril­mə­si.

Şəxsiyyətyönümlülük və təlim prosesində şagirdin inkişaf et­di­rilməsi yeni təlim texnologiyalarının mahiyyət və quruluşundan do­ğur. Müasir təfəkkürlü pedaqoqlar hesab edirlər ki, təlimin şəx­siyyətyönümlü olması üçün o (təlim), şəxsiyyətin (şagirdin) aşağı­dakı keyfiyyətlərinə yönəldilməlidir: a) öyrənilən sahə (fənn) üzrə şəxsiyyətin mövcud bilik və bacarıq səviyyəsi, ümumi inkişaf səviyyəsi və mədəniyyəti (indiyədək həmin sahə üzrə əldə edilən təcrübə); b) şəxsiyyətin psixi xüsusiyyətləri (yaddaşı, təfəkkürü, qav­rama qabiliyyəti, öz emosiyalarım idarəetmə bacarığı və s.); c) xa­rakterindəki xüsusiyyətlər, temperamenti .

Anlamaq çətin deyildir ki, şəxsiyyətyönümlü təlim mahiy­yət­cə dife­rensial və inteqrativ xarakterdə olmalıdır. Belə təlim növ­lə­rinin həyata keçirilməsi, həmçinin təlim alanların intellektual inkişaf sə­viyyəsinin nəzərə alınmasını tələb edir. Pedaqoq-psixoloq N.D.Le­vitov uşaqların intellektual inkişaf səviyyəsini aşağıdakı me­yar­larla ölçməyi təklif edir:

  • müstəqil düşünmə qabiliyyəti;

  • tədris materialının qavranılması sürəti və möhkəmliyi;

  • qeyri-standart məsələni (problemi) həll etdikdə əqli yö­nəl­mənin sürəti (hazırcavablılıq);

  • öyrənilən hadisələrin mahiyyətinə dərindən nüfuzetmə (mü­hüm olanları qeyri-mühümlərdən fərqləndirmək) bacarığı; f

  • əsaslandırılmamış mühakimələrə meyilli olmamaq, tənqidi tə­fək­kürlü olmaq.

İnkişafetdirici xarakterli tex­no­lo­­giyalarda hər şeydən öncə bilik­lə­rin müstəqil olaraq qaza­nılması nəzərdə tutulur. Yalnız bu halda şa­gird­lərin qabiliyyətləri inkişaf edir, humanist meylləri və sferası formalaşa bilir.

Müasir məktəb praktikasında daha geniş tətbiq olunan yeni, şəx­siy­yətyönümlü – inkişafetdirici təlim texnologiyaları sırasında aşağıdakılar da vardır:

  1. Əməkdaşlıqla təlim (və ya kollektiv təlim) texnologiyası;

  2. Layihələr metodu ilə təlim texnologiyası;

  3. Modullarla təlim texnologiyası;

  4. Müxtəlif səviyyəlilərin təlimi texnologiyası;

  5. Biliklərin tam mənimsənilməsi texnologiyası.

Şəxsiyyətyönümlü – inkişafetdirici təlim texnologiyalarından səriş­təli istifadə imkan verir ki, şagirdin şəxsiyyəti formalaşsın. Sözü­ge­dən texno­lo­giyalar imkan yaradır ki, şagirdlər fərd, təbiət və cə­miy­yətlə bağlı müvafiq biliklərə malik olsun, həmin biliklərdən istifadə etməyi bacarsın, malik olduğu biliklərdən istifadə etmək is­tə­sin, buna maraq göstərsin.

Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin