3-OSMAN İBNİ ƏFFAN
O üçüncü xəlifədir. Ömər ibni Xəttab və Əbdürrəhman ibni Ovfun qurduğu plan əsasında xilafətə çatmışdır. Əbdürrəhman ibni Ovf ondan Allahın Kitabı, Peyğəmbərin sünnəti və ondan qabaqkı iki xəlifənin yolu ilə xalqla rəftar etməsi haqqında əhd-peyman aldı.
Mənim şəxsən ikinci şərtdə, yəni Peyğəmbər (s)-in sünnəti əsasında əməl etmədə şəkkim vardır. Əbdürrəhman ibni Ovf hamıdan artıq bilirdi ki, Əbu Bəkr və Ömər Peyğəmbər (s)-in sünnəti əsasında hökumət etməmiş, yalnız öz şəxsi nəzər və ictihadlarına arxalanaraq əməl etmişlər. Əgər imam Əli (ə)-ın zəhmətləri olmasaydı, Peyğəmbərin sünnəti o iki şeyxin vaxtında təqribən məhv olub, aradan getmə təhlükəsi altına düşmüşdü.
Elə bilirəm ki, həmin şərti – “Allahın Kitabı və iki şeyxin sünnətinə əməl etməni” Əli ibni Əbi Taliblə də etmiş olsun. İmam bu təklifi qəbul etməyərək “mən yalnız Allahın Kitabı və Peyğəmbərin sünnəti əsasında hökumət edəcəyəm” dedikdə, xilafəti əldən vermişdi. Əli (ə) Peyğəmbər (s)-in sünnətini diriltmək istəyirdi. Amma udan Osman oldu. O, Əbu Bəkr və Ömərin əyri sünnətini davam etdirdi. Onların Peyğəmbərin sünnətinə ehtiyacları yox idi. Yalnız Quranın kafi olmasını iddia edirdilər!!
Bizim yəqinimizi artıran budur ki, Osman da bu şərti belə başa düşmüşdü: O özünün həmin iki dostu kimi hökmlərdə ictihad etməlidir. Bu səbəbdən də ictihada başlamış və bu yolda iki dostundan da qabağa keçmişdi. İş o yerə çatmışdı ki, səhabələr ona etiraz etmiş, Əbdürrəhman ibni Ovfun yanına gələrək onu danlamış və demişdilər: Bu işi sən öz əlinlə etmisən!
Osmandan narazılıq artdığı zaman o, səhabələr arasında nitq söyləyib dedi: Nə üçün Ömər ictihad etdiyi zaman ona etiraz etmədiniz, yoxsa onun şallağından qorxurdunuz?!
İbni Qüteybədən olan rəvayətdə deyilir: Camaat Osmana etiraz etdiyi zaman o, minbərə qalxıb dedi: Ey Müaviyə və ənsar! Siz elə şeylərdə etiraz və düşmənçilik edirsiniz ki, onları Ömərdən qəbul etmisiniz. O sizi dağıdıb sakit edirdi. Heç kəsin ona altdan-altdan baxmağa cürəti çatmırdı. Bilin ki, mənim köməkçilərim onunkundan da çoxdur!!1
Mənim şəxsi nəzərim budur ki, mühacir və ənsardan olan səhabələr Osmanın ictihadı ilə müxalif olmamışlar. Çünki elə ilk gündən ictihada adət etmiş və onu bəyənmişdilər. Etirazlarının əsl səbəbi onların qüdrətdən uzaqlaşdırılmaları olmuşdu. Çünki o, vəzifələri və dövlət işlərini öz xain qohumlarına vermişdi. O kəslərə ki, dünənə qədər İslam və müsəlmanlarla vuruşmuşdular.
Mühacir və ənsar Əbu Bəkr və Ömərin qarşısında isə susmuşdular. Səbəbi də bu idi ki, o iki nəfər onları hökumətdə şərik etmiş, adı-sanı və pulu olan məqamları onlara vermişdi.
Osman isə onların çoxusunu işdən çıxarmış, Bəni-Üməyyəyə çoxlu hədiyyələr vermişdi. Bu vaxt ondan narahat olmuş, ixtilaf baş vermiş və nəticədə onu öldürmüşdülər.
Bu, Peyğəmbər (s)-in əvvəlcədən xəbər verdiyi bir həqiqət idi. O buyurmuşdu: “Mən sizin – məndən sonra – müşrik olmanızdan qorxmuram, qorxum dünya üstündə bir-birinizlə rəqabətə girməyinizdir.”
Əli (ə) buyururdu: Elə bil Allahın bu sözünü eşitməmişdilər ki:
تِلْكَ الدَّارُ الْآخِرَةُ نَجْعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّا فِي الْأَرْضِ وَلَا فَسَادًا وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ
“Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edirik. (Ən gözəl) aqibət yalnız Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!”1
Bəli, Allaha and olsun! Onu eşitmişdilər və bilirdilər. Amma dünya onların gözündə gözəlləşmiş, qəşəngliyi qəlblərini almışdı.
Bu, bir həqiqətdir. Əgər onların Peyğəmbər (s)-in sünnətinin ayaq altına düşməsinə görə ona etiraz etmələrini demiş olsaq, yanılmış olarıq. Çünki Əbu Bəkr və Ömərə etiraz etməyənlər niyə görə ona etiraz edirlər? Halbuki Osmanın adamları Əbu Bəkr və Ömərin adamından daha çox idi. Bir sözlə, o, Bəni Üməyyənin rəhbəri olmuşdur. Bəni Üməyyə (Əbu Bəkr və Ömərin) qəbilələri olan Tim və Ədidən Peyğəmbər (s)-ə daha yaxın idi. Böyük hörmətə nail olub, əsl və nəsəb baxımından o iki qəbilədən daha yuxarı sayılırdılar.
Digər bir tərəfdən, səhabələr Əbu Bəkr və Ömərə etiraz etməyib onların sünnətinə iqtida edirdilər. Bilə-bilə Peyğəmbərin sünnətini ayaq altına qoyurdular. Beləliklə, belə deyildi ki, bəzi şeyləri Əbu Bəkr və Ömərdən qəbul etsinlər, amma Osmandan qəbul etməsinlər. Buna şahid Osmanın bir çox Peyğəmbər sünnətini dəyişdirdiyi zaman onların orada olmasıdır. Məsələn, səfər zamanı namazı tamam qılması və xalqı “ləbbeyk” deməkdən çəkindirməsi, namazda təkbir deməməsi, həccdə təməttönün qarşısını almasını misal gətirmək olar. Qeyd olunan yerlərdə (Peyğəmbər sünnətinin xilafına olmasına baxmayaraq) heç kəs ona etiraz etmədi. Yalnız Əli (ə) onun qarşısında dururdu. Buna sonralar işarə edəcəyik.
Səhabələr Peyğəmbərin sünnətini bilirdilər, lakin Osmanı razı salmaq üçün sünnətlə müxalifətçilik edirdilər.
Beyhəqi “Sünəni-kubra” kitabında Əbdürrəhman ibni Yeziddən rəvayət edib deyir: Abdullah ibni Məsudla birgə idik. O, Mina məscidinə gəlib dedi: Əmirəl-möminin (yəni Osman) neçə rükət namaz qıldı? Dedilər: Dörd rükət. O da dörd rükət namaz qıldı.
Ravi deyir: Ona dedik: “Məgər sən Peyğəmbər (s)-dən rəvayət etməmişdinmi ki, o həzrət burada iki rükət namaz qıldı və Əbu Bəkr də iki rükət qıldı?” O dedi: Bəli, elə indi də sizin üçün o cür rəvayət edirəm. Amma Osman imamdır, mən onunla müxalifət etmirəm. İxtilaf pisdir!!1
Oxu və təəccüb et! Gör bu kişi (ki, özü böyük səhabələrdəndir) necə də Osmanla müxalifətçiliyi pis, Allah Peyğəmbəri ilə müxalifətçiliyi isə yaxşı bilir! Bütün bunlardan sonra demək olarmı ki: “Onlar onun Peyğəmbərin sünnəti ilə müxalifətçilik etməsinə görə ona etiraz etmişdilər?!”
Süfyan ibni Üyeynə Cəfər ibni Mühəmməddən rəvayət edir ki, o dedi: Osman Minada xəstələndi. Əli (ə) onun yanına gəldi. Ona dedilər: Sən camaat üçün pişnamaz ol. Əli (ə) buyurdu: Əgər istəyirsinizsə, məni sizin üçün Peyğəmbərin namazını qılacağam, yəni iki rükət. Dedilər: Yox, yalnız Əmirəl-möminin Osmanın qıldığı kimi qıl, yəni dörd rükət. Əli (ə) onlarla namaz qılmağı qəbul etmədi.2
Yenə də oxu və təəccüb et, gör necə də minlərlə səhabə həcc mövsümündə – Minada açıq-aydın Peyğəmbər (s)-in sünnətini ayaq altına qoyub Osmanın bidətindən başqa heç nəyi qəbul etmirlər?! Abdullah ibni Məsudun Osmanla müxalifətçiliyi pis bilib dörd rükət namaz qılmasını və eyni halda da Peyğəmbər (s)-dən namazın iki rükət olmasını rəvayət etməsini gördükdə, zehnə belə gəlir ki, ola bilsin bu neçə min adamdan qorxaraq Osmanın sünnətinə əməl etmiş və Peyğəmbərin sünnətini kənara qoymuşdur!!
Beləliklə, bundan sonra həmişə Peyğəmbər (s) və Əmirəl-möminin Əli ibni Əbi Talib (ə)-a salam göndərməyi yaddan çıxarma. O, Peyğəmbər (s)-in namazından başqa heç bir namazı qılmağa razı olmadı. Bu yolda camaatın çoxluğu və danlağından belə çəkinmədi.
Qeyd etmək lazımdır ki, Abdullah ibni Ömər demişdir: Səfərdə namaz iki rükətdir, hər kəs sünnətlə müxalifətçilik etsə, kafir olmuşdur.1
Belə isə, xəlifə Osman və onunla səfərdə namazını tam qılan, bidətində şərik olan bütün səhabələr kafirdirlər. (Baxmayaraq ki, bu fəqihin – Abdullah ibni Ömərin – də sorağına gedəcəyik və başqalarının haqqında verdiyi hökmü onun haqqında da çıxaracağıq.)
Buxari öz “Səhih” kitabında gətirmişdir: Eşitdim ki, Osman və Əli (Allah ondan razı olsun) Məkkə və Mədinə yolunda söhbət edirdilər. Osman təməttö həccini, həcc və ümrə üçün “ləbbeyki” qadağan edirdi. Əli (ə) belə gördükdə, hər ikisi üçün “ləbbeyk” dedi və buyurdu: “Ləbbeyk” ümrə və həcc üçün.
Osman dedi: Görürsən ki, mən bu işi qadağan edirəm, amma sən yenə də onu edirsən?
Əli (ə) dedi: Mən heç kəsin sözünə görə Allah Peyğəmbərinin sözünü tərk etmərəm.2
Müsəlmanların xəlifəsinin açıq- aşkar sünnətlə müxalifət etməsi, eyni zamanda xalqı da onunla müxalifət etməyə çağırması, yalnız Əli ibni Əbi Talib (ə)-ın ona itaət etməməsi və sünnətə bağlı qalması təəccüblü deyilmi? Əli (ə) heç vaxt Peyğəmbərin sünnətindən əl çəkmədi, – hətta onun üstündə öldürülmüş olsa da belə.
Səni Allaha and verirəm! De görək Əli (ə)-dan başqa kim Peyğəmbər sünnətinin həqiqi nümayəndəsi olmuşdur? Həmçinin qüdrətin və səhabənin onunla olmasına baxmayaraq Əli (ə) heç vaxt sünnətdən çıxmamışdır. Əhli-sünnətin “Sihah” kitabları bu sözə şahiddir ki, o (Allahın salamı ona olsun) Peyğəmbər (s) sünnətini diriltmək üçün çox zəhmət çəkmişdir, xalqı ona tərəf yönəltməyə çalışmışdır. Amma özünün dediyinə görə “bir kəsin sözə qulaq asanı və itaət edəni olmasa, yolu və çarəsi yoxdur.”
O zaman onun sözünə qulaq asıb buyurduğuna əməl edən bir kəs yox idi. Yalnız şiələr idi ki, ondan havadarlıq edir, sözünə itaət edib, hər şeydə ona müraciət edirdilər.
Buradan məlum olur ki, səhabə Peyğəmbərin sünnətində dəyişiklik etdiyi üçün Osmana etiraz etmədilər. Onların “Səhih” kitablarında gördük ki, nə cür Peyğəmbər (s)-in sünnəti ilə müxalifət etdilər. Amma Osmanın bidətləri ilə heç vaxt müxalifətçilik etməyib yalnız o vaxt onun əleyhinə etiraz səslərini ucaltdılar ki, alçaq dünyaları təhlükə altına düşmüşdü. Ad-san və dünya malı üstündə onunla ixtilaf etdilər.
Onlar həmin o adamlardır ki, amansızcasına Əli (ə) ilə müharibə etdilər. Çünki onlara məqam verməmişdi. Əksinə, nahaq surətdə beytül-maldan ələ gətirdikləri pulları geri qaytarmalarını istəmişdi. Bu yolla ehtiyacı olan insanların ondan istifadə etməsini bildirmişdi. “İndi əgər insafın varsa, özün hökm et!”
إِنَّ اللّهَ يَأْمُرُكُمْ أَن تُؤدُّواْ الأَمَانَاتِ إِلَى أَهْلِهَا وَإِذَا حَكَمْتُم بَيْنَ النَّاسِ أَن تَحْكُمُواْ بِالْعَدْلِ إِنَّ اللّهَ نِعِمَّا يَعِظُكُم بِهِ إِنَّ اللّهَ كَانَ سَمِيعًا بَصِيرًا
“Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allah bununla sizə necə də gözəl öyüd-nəsihət verir! Əlbəttə, Allah eşidəndir və görəndir!”1
Allah düz buyurmuşdur.
Dostları ilə paylaş: |