Dəqiq yazma deyəndə elmi işin tərtibi zaman formal aspektlərə nəzər yetirmək başa düşülür. Ədəbiyyatlarda bu həm də elmi işin yerinə yetirilmə yollarının texnikası sırasına aid eidlir. Ayrılıqda buraya işin strukturu, istifadə olunmuş ədəbiyyatların siyahısı, yazma dilinin stili və qrammatikası daxildir.
Strukturun işlənməsi
Hər bir elmi işin tərtib olunmasında müəllifin əsas fikri işin əvvəlindən sonuna qədər bir xətt kimi göz qabağında canlanmalıdır. Buna görə də, elə ilk gündən bütün görülən işlər müəyyən struktur əsasında sənəd- ləşdirilməlidirlər (şəkil 1). Elmi işin strukturu onun ayrı-ayrı hissələri arasındakı məntiqi müəyyənləşdirir və ilk baxışda işin məzmunu haqqında ilkin fikir yürüdülməsinə imkan verir.
Elmi işə uyğun struktur vermək üçün onu fəsillərə, alt fəsillərə və bölmələrə bölürlər. Belə bir struktur elmi işin yerinə yetirilməsində veril- miş formal tələbləri özündə əks etdirir. Ümumi şəkildə işin struktur tərkibi aşağıdakı elementlərdən ibarət olur:
Hər bir iş „Üz vərəqi“ ilə başlayır. Bu vərəqdə işi bir mənalı səciy- yələndirmək üçün bütün vacib verilənlər: ali məktəb, fakültə, ixtisas və eləcə də tələbənin adı və soyadı göstərilir. Bundan əlavə titul vərəqində işin növü, onun təhviledilmə tarixi, həmçinin elmi rəhbərin adı və soyadı da qeyd edilir. Görülən işlərin növündən asılı olaraq üz vərəqləri müxtəlif cür tərtib olunur. Bunun üçün Təhsil Nazirliyinin uyğun göstərişlərinə əməl etmək lazımdır.
Şəkil 1. Elmi işin formal təşkilediciləri.
İşin qısa təsviri çox vaxt 10 sətr həcmində olub, oxucularda qısa mütaliə zamanı iş haqqında təsəvvür yaratmağa xidmət edir. Burada işin məqsədi, problemin həll yolları və işdə əldə olunmuş nəticələr qısa təsvir tapır. Bu məlumatlar kitabxanalarda ədəbiyyatın kataloqlara və ya kartotekalara daxil edilməsi zamanı biblioqrafik informasiya kimi geniş istifadə edilir. Bəzi işlərdə qısa təsvirə ehtiyac duyulmur və ya bu başqa şəkildə aparılır (məsələn: dissertasiyaların referatları).
Elmi işin növbəti tərkib hissəsi onun mündəricatıdır. O, işin ayrı–ayrı hissələrinin ümumi işdəki yerini göstərir. Səhifələrin sayını qeyd etməklə işdə lazımi mövzunun axtarılması istiqamətləndirilir.
Giriş işdə toxunulan problemlər və suallar haqqında ümumi təsəvvür yaratmağa xidmət edir. O, elmi işdə yazılı mətni və nəticə ilə birlikdə onun özəyini təşkil edir. Bu hissələr elmi işin uğurla yerinə yetirilməsində önəmli yer tutduğundan növbəti bölmədə bu mövzulara geniş yer ayrılır.
İstifadə olunmuş ədəbiyyatların siyahısı elmi–tədqiqat işinin planlanması, icrası və qiymətləndirilməsi zamanı istifadə olunan bütün elmi mənbələri əhatə edir. Elmi işçi hər hansı bir faktdan istifadə etdikdə və ya digər müəlliflərdən sitat gətirdikdə istifadə olunmuş materialın mənbələri mütləq göstərilməlidir. Siyahıda olan bütün ədəbiyyatların mətndə öz əksini tapmaları vacibdir. Siyahının tərtib olunmasında dövlət standartına riayət etmək lazımdır.
İşin əsas məzmununu anlamaq üçün elə də vacib rol oynamayan, amma dəlillərin isbatı üçün önəmli olan məlumatlar elmi işin sonuna əlavələr şəklində daxil edilir. Formasına görə onlar mətn, qrafika, cədvəl və kart şəklində ola bilərlər. Əsas hissə ilə əlavədə olan məlumatlar arasında əlaqə “Bax” sözü ilə yaradılır (məsələn: Bax: Əlavə 1). Elmi işin həcmini qiymətləndirdikdə əlavələrin səhifələrinin sayı hesaba alınmır. İşin sonunda çoxlu sayda əlavə yerləşdirildikdə onların siyahısını da ümumi mündəricata daxil emək və ya da onlar üçün ayrıca mündəricatın tərtibi məqsədəuyğundur.
Çox vaxt əsas mətndə tez–tez təkrarlanmanın qarşısını almaq üçün ixtisarlardan istifadə edilir. Buna görə də, işin sonunda bu ixtisarların izahatını vermək tələb olunur. İxtisarlar ayrıca vərəqdə əlifba sırası ilə düzülür və orada onların geniş izahı yer alır. İxtisarların tətbiqi zamanı onun məqsədyönlü olmasına fikir vermək lazımdır. Hər yetən sözü ixtisar kimi göstərmək olmaz. Məsələn, “Maşın” sözünü “M” həfi kimi ixtisar etmək işin stilistikasına xələl gətirir. Bəzi beynəlxalq ölçü vahidlərinin mətndə qısaldılmış şəkildə göstərilməsi də mütləq onun ixtisarlar siya- hısında izahlı verilməsini tələb edir. Çünki, heç də bütün beynəlxalq ölçü vahidəri hamıya məlum deyil.