Fransa inqilab ərəfəsində. 1777-ci ildə tamamilə müflisləşmiş adamların rəsmi sayı 1100 min nəfər müəyyən edilmişdir. Kəndli kütlələri müflis olurdu. Kiçicik quraqlıq aclığa səbəb olurdu. Ac kəndlilərin kütlələri şəhərlərə axışırdı. O biri tərəfdən, harınlamış zadəganlar eyş-işrətə yüzminlərlə pul sərf edirdilər. zadəganların bir çoxu da müflisləşməkdə idi, amma onlar bunu büruzə verməmək üçün daha da eyş-işrətə qapılırdılar. Lakin əyalətlərdə vəziyyət ikili idi, bəzi kəndlilər əksinə, öz yoxsullaşan qonşularının hesabına varlanırdılar. Kəndlərdə kənd burjuaları yaranır onlar inqilab ərəfəsində feodal qaydalarına qarşı birinci etiraz edirdilər. Məhz onlar feodal hüquqların, zadəgan hüquqların, zadəgan mülklərinin müsadirəsi və bölünməsi yolu ilə təmannasız ləğvini tələb edirdilər. 1786-cı ildən kəndli üsyanları getdikcə çoxalmaqda idi. Taxta çıxmasından iki ay sonra XVI Lüdovik, yazıçı-iqtisadçı Türqonu nazirliyə cəlb etdi, bir aydan sonra isə onu maliyyənin əsas nəzrətçisi təyin etdi. İlk vaxtlar kral hətta israfçı zadəganlara qarşı Türqonun mövqeyini müdafiə etdi. 1774-cü ildə azad çörək ticarətinin elan olunması, 1776-cı ildə isə biyarın və şəhərlərdə sex korporasiyalarının ləğv edilməsi xalqda müəyyən ümid yaratmalı idi. Daha varlı kəndlilər isə vergi yığılmasında qarşılıqlı məsuliyyətin ləğv edilməsinə xüsusilə sevinirdilər. 1779-cu ildə kralın xüsusi mülklərində və təhimçilik hüququ, sonrakı ildə isə 1670-ci ildən-cinayət işlərində tətbiq olunan işgəncə praktikası ləğv edildi. Lakin Tyürqo əyalət təmsilçilik yığıncaqları və zümrələrdən seçilənlərin parlamentin haqqında danışmağa başlayanda kral onu istefaya göndərdi. Amma konstitusiya məsələsində qurtulmaq artıq mümkün deyildi və 1777-ci ildə Nekkerin nazir təyin edilməsi ilə bu məsələ yenə gündəmə gəldi. Nekker qüvvələr arasında müvazinət saxlamağa çalışdı. O, parlament məsələsini uzaq gələcəyin işi olduğunu vurğulayaraq, ilk növbədə əyalət təmsilçiliyi barədə danışdı, ancaq kral bundan qətiyyətlə imtina etdi. Lüdovik ancaq Berri və Yuxarı Qiyendə(1778-1779) əyalət yığıncaqları kimi, əhəmiyyətsiz güzəştlərə getdi. 4 iyul 1776-cı ildə Şimali Amerika ingilis müstəmləkələri öz müstəqilliklərini elan etdilər, 1778-ci ildə Fransa onların müstəqilliyini tanıdı və bu, İngiltərə ilə 1783-ci ilə qədər çəkən müharibəyə gətirdi. Bunun Fransada inqilab öncəsi vəziyyətə təsiri çox güclü idi. Birincisi ona görə ki, Amerika Ştatlarında elan olunan "İnsan hüquqları bəyannaməsi" fransız inqilabçılarına böyük təsir göstərmişdi, o biri tərəfdən isə Fransa iqtisadiyyatı İngiltərə ilə olan müharibə səbəbindən ağır vəziyyətə düşmüşdü. 1775-1777-ci illər arasında, zəif məhsil səbəbindən, bir sıra üsyanlar baş vermişdi. Parisdə sex məhkəmələrinin ləğv olunmasından sonra üsyanlar bir sıra əyalətlərə yayıldı.
1782-1783-cü illərdə üsyanlar yenidən qızışaraq və bütün ölkəni bürüdü: Puatye(1782), Vizil(1786), 1783-cü ildən 1787-ci ilə qədər Sevenna, Vivar və Jevadanda. 1787-ci ildə Paris parlamenti saraya pul verməkdən imtina etdi. Bunun əvəzində kral Paris parlamentini Truaya sürgün etdi, lakin Parisdə üsyan başladı və kral zümrə parlamentini geri qaytarmağa məcbur oldu. 1788-ci ildə Bretanda üsyan qalxdı. Dofinedə, xüsusi ilə Qrenobolda vəziyyət daha da-ciddiləşdi. Qanlı toqquşmalar oldu, çoxlu ölən vardı. Bununla əlaqədar Mariya-Antuanettanın 24 avqust 1788-ci ildə qraf Mersiyə, onun Nekkeri qaytarmaq haqqında çalışdığı barədə yazdığı məktubu maraqlıdır. Bu məktubdan bəlli olur ki, küçə yığıncaqları saraya necə təsir edirmiş.
XVIII əsrin 80-ci illərinin sonlarından etibarən Fransada feodal-mütləqiyyət quruluşunun böhranı olduqca kəskinləşdi. Fransanın dövlət borcu 1774-cü ildəki 1. 5 milyard livrdən, 1778-ci ildə 4. 5 milyard livrə çatmışdı. Milli büdcənin kəsiri 126 milyon livr təşkil edirdi. Yaranmış böhrandan çıxmaq üçün kral XVI Lüdovik 1614-cü ildən sonra çağırılmayan Baş Ştatların çağırılmasına razılıq verdi. Baş Ştatlar maliyyə və vergi islahatlarının keçirilməsində krala yardımçı olmalı idi. 1788-ci ilin ortalarından etibarən güclənməkdə olan xalq hərəkatı 1789-cu ilin yazı üçün ən yüksək nöqtəyə qalxmışdı. Bu dövrdə xalq kütlələrinin 450 çıxışı olmuşdur. Xalq kütlələrinin təzyiqi altında 1789-cu il mayın 5-də Versalda Baş Ştatlar işə başladı. Seçilmiş 1139 deputatın 578 nəfəri üçüncü silkin, 561 nəfəri isə birinci və ikinci silkin nümayəndələri idilər. Mütləq monarxiya dövründə Fransa xarici işlər nazirliyi ərazi prinsipi üzrə bölünən iki siyasi idarəyə ayrılmışdı: birinci idarə Qərbi və Mərkəzi Avropa dövlətləri, habelə Amerika ilə diplomatik münasibətlərə rəhbərlik edirdi. İkinci isə- Şərqi və Cənubi Avropa və Skandinaviya dövlətləri ilə münasibətləri həyata keçirirdi.
XVIII yüzilliyin sonlarında Fransız mütləqiyyət aparatında xarici işlər idarəsi müstəqil nazirliyə çevrilmiş və ona uzun müddət Şarl de Verjen rəhbərlik etmişdir. İnqilab ərəfəsində Fransa Avopanın bütün ölkələri və bir sıra şərq ölkələri ilə diplomatik əlaqələrə malik idi. Fransız kralları diplomatik münasibətlərin normal saxlanılması üçün bir sıra vasitələrdən istifadə edirdilər ki, bunların içərisində nigah və sülalə müqaviləsi mühüm yer tuturdu. Fransa 1761-ci ildə sülalə müqaviləsini İspaniya ilə bağlamışdır. İlk ziddiyyət bilavasitə sülalə müqaviləsinin üstündə baş vermişdir. 1789-cu il 14 iyul üsyanından və Bastiliya qalası alındıqdan sonra, özünü Milli Məclis elan etmiş üçüncü silkin deputatları xarici siyasət məsələlərinə müdaxilə etməyə başladı. 1790-cı ilin mayında İngiltərəyə müharibə elan etmək məsələsi üstündə krallla Milli Məclis ilk dəfə kəskin şəkildə toqquşdu. 1790-cı ildə İspaniya ilə İngiltərə arasında müharibə ehtimalı ortaya çıxdı. 1761-ci il sülalə müqaviləsinə görə Fransa İspaniyaya yardım etməli idi, lakin Milli Məclis qəti şəkildə buna qarşı çıxdı və xarici siyasət məsələləri ilə yaxından məşğul olmaq üçün başda qraf Mirabo olmaqla daimi "Diplomatik komitə" yaratdı. 1791-ci ilin dekabrında qəbul edilmiş xüsusi dekretə görə, "Fransız xalqı həmişəlik işğalçılıq müharibələrindən əl çəkir və başqa xalqların azadlıqlarına qarşı hərbi qüvvədən istifadə etməyəcəyini" bəyan edirdi. Xarici siyasət məsələləri əvvəllər bilavasitə kral sarayının əlində olduğu üçün səfir göndərilməsi məsələsini də saray həll edirdi. Həmin səfirlər isə yaranmış şəraitdə kralın göstərişi ilə Fransaya xarici müdaxilənin təşkili ilə məşğul olur, intriqa aparırdılar. Təsadüfi deyildi ki, kralla gizli əlaqədə olan qraf Mirobo özü də etiraf edirdi ki, xarici dövlətlərdəki Fransa səfirlərinin hamısı dəyişdirilməlidir.
Mövcud tədqiqatlara görə, Fransa Burjua inqilabının tarixi və diplomatiyası 3 mərhələdən keçir: I mərhələ - 1789-cu ilin iyunundan 1792-ci il 10 avqust üsyanına qədər. Bu mərhələdən xarici siyasət məsələləri bilavasitə kralın səlahiyyətində olsa da, Baş Ştatlar və ya qanunverici məclislə kral arasında xarici siyasət sahəsində səlahiyyətlərin bölgüsü baş verir. II mərhələ - 1792-ci ilin 10 avqustundan 1793-cü ilin 31 may üsyanına qədər davam etmişdir. Bu mərhələ I respublikanın jirondist mərhələsi adlanır. Xalq siyasəti məsələləri jironda nümayəndələri tərəfindən həyata keçirilir. III mərhələ - 1793-cü il 2 iyunundan - 1794-cü ilin iyulun 27-ə qədər davam edir. III mərhələ inqilabın yakobin diktaturası dövrünün mərhələsi hesab olunur. Xarici siyasət məsələləri əvvəllər kralın tam şəkildə səlahiyyətlərinə daxil olduğuna görə səfirlərin, göndərilməsi məsələsi də sarayın əlində idi. Bu mərhələdə xaricə göndərilən səfirlər yalnız kralın göstərişini həyata keçirirdi. Qraf Mirobo təsadüfi olaraq demirdi ki, Fransanı xaricdə təmsil edən səfirlərin hamısı olmasa da heç olmasa yarısı edam olunmağa layiqdir. 1791-ci ilin martında 7 ölkədəki səfir dəyişdirilmişdir. İnqilabın I mərhələsində xarici siyasət məsələləri ilə diplomatik komitə məşğul olurdu. Milli Məclisdə aparılmış müzakirələrdən sonra qərara alındı ki, xarici siyasətlə bağlı təkliflər diplomatik komitə tərəfindən hazırlanmalı, kral tərəfindən təsdiq edilməlidir. 1792-ci ilin avqustuna qədər sol qüvvələrin monarxiyanı devirmək fikri olmamışdır. Çünki bu, Avropa dövlətlərinin Fransaya qarşı müharibəsinə səbəb olardı. Diplomatik komitədə başlıca yeri Mirobo və Toleyran tuturdu. Sonradan məlum oldu ki, hər ikisi XVI Lüdovikin göstərişlərinə əsasən hərəkət edirlər. Fransa ilə Roma Papası arasında münasibətlərin qırılmasına da məhz bu zaman start verilmişdi. Dini vəzifələrin bir sıra mərhələlərini keçmiş Toleyran kilsə torpaqlarının milliləşdirilməsi haqqında xüsusi qanun hazırlamışdı. Buna görə də Roma Papası Fransa ilə diplomatik münasibətləri kəsmiş və Toleyranı lənətləyərək kilsədən xaric etmişdir. Roma Papası ilə Fransa arasında münasibətlər 1801-ci ildə bağlanmış konkordata əsasən qaydaya salınmışdı. Toleyran 1789-cu ildən 1792-ci ilin iyununa qədər Milli Məclisin deputatı olmuş, sonra isə öz təşəbbüsü ilə İngiltərəyə I koalisiya qüvvələrini diplomatik yolla dağıtmaq üçün göndərilmişdi. Toleyranın təkrar Fransaya qayıdışı 1796-cı ilin ortalarına aiddir. I Napoleonun konsulluğunun yaradılmasında təşkilatçılardan biri kimi Toleyran konsulluq və imperiya dövrünün əvvəllərində (1799-1807) Fransanın xarici işlər naziri postunu tutmuşdur. İnqilabın I dövründə Fransanın qəbul etdiyi qərarların içərisində "İnsan və vətəndaş hüquqlarına dair bəyannamə" xüsusi yer tuturdu. Həmin bəyannamədə Fransa xarici siyasət vasitəsi kimi müharibələrdən imtina etmək öhtəliyi götürürdü. Bu ideya ABŞ-da qəbul olunmuş “İstiqlaliyyət bəyannaməsi”nin nəticəsi kimi ilk Fransız konstitusiyasında öz əksini tapmışdır. Fransada hadisələrin gərginliyini artıran əsas məsələlərdən biri XVI Lüdovik və Mariya Antuanettanın qaçması ilə əlaqədar "Varen" böhranı adı almış epizod olmuşdur. İnqilabın hadisələrin ilk günlərində Fransız ordusu kralın itaətindən çıxmış, Anrinin başçılıq etdiyi Milli qvardiya isə inqilabın tərəfinə keçmişdir. Yaranmış şəraitdə kral yalnız xarici dəstəklə Fransada hakimiyyətini bərpa edə bilərdi. Bu məqsədlə 1791-ci il iyunun 20-dən 21-nə keçən gecə kral və arvadı Mariya Antuanettanın paytaxdan qaçmalar təşkil olundu. Sonradan məlum oldu ki, krala və arvadına xarici pasportu rus səfiri vermişdir. Lakin kralın ehtiyatsızlığı ucbatından Varen şəhərində poçt müdiri Jan Dürye onları tanıdı və hər ikisi tutularaq geri qaytarıldı. Doğrudur, kral özünün zorla qaçırılması haqqında Qanunverici məclisə xəbər versə də, yaranmış gərginliyi azaltmaq mümkün olmadı. Kralın qaçışını pozmuş poçt müdiri isə mükafatlandırıldı və Paris perfekturalarından birinə rəis təyin olundu. Bu hadisədən sonra Milli Məclis xarici siyasət məsələlərini bütünlüklə öz əlinə aldı.
XVIII əsrin sonları üçün Avropa diplomatiyasında başlıca rolu iki dövlət- İngiltərə və Rusiya oynayırdı. İngiltərədə xarici siyasət məsələlərinə 1783-cü ilin dekabrından etibarən lord Çatamanın oğlu kiçik Uilyam Pitt rəhbərlik edirdi. O, bu vəzifədə 1783-1801 və 1804-1806cı illər arasında olmuşdur. Pittin başlıca məqsədi İngiltərəni blokadadan qurtarmaq, Fransa və Rusiya əleyhinə Avropa dövlətləri ilə ittifaq yaratmaq idi. Məhz onun səyi nəticəsində 1787-1791-ci illərdə rus-türk müharibəsi baş verdi. 1788-ci ildə İsveç kralı III Qustav Peterburqa hücum etdi. Fransa burjua inqilabı kontinentdə qüvvələr nisbətini pozduğu üçün İngiltərə Fransaya qarşı koalisyaların təşkilatçılarından biri oldu. Rusiya imperatoru III Yekaterinanın hakimiyyəti illərində xarici işlər kollegiyasına qraf Osterman başçılıq edirdi. Kraliça xarici siyasət məsələlərində knyaz A. A. Bezborodko, Potyomkinə daha çox üstünlük verirdi.
XVIII əsrin sonlarından etibarən Rusiyanın başlıca diqqəti Fransa inqilabına yönəldilmişdi. II Yekaterina Fransada inqilab xəbərindən sonra 2 həftə xəstə yatmış, sonralar XVI Lüdovik və arvadının Parisdən qaçışını təşkil etmək üçün Fransadakı rus səfiri Simolinə müvafiq göstərişlər vermişdir. II Yekaterina Müəssislər məclisini 1200 başlı əjdaha adlandırır və göstərirdi ki, Fransaya sərsəm və canilər dəstəsi başçılıq edir. Varen böhranı eyni zamanda Fransanın ətrafında hərbi diplomatik mühasirə həlqəsinin güclənməsinə səbəb oldu. Məlum olduğu kimi, Fransa inqilabının ilk dövrləri də daxil olmaqla, Avropada İngiltərə-Prussiya bloku ilə İspaniya, Fransa, Rusiya, Avstriya bloku arasında ziddiyyətlər güclü idi. Fransa burjua inqilabının monarxiya mərhələsində Rusiyanın Fransaya münasibəti dəyişməmişdi. Rus knyazı olan Potyomkin, Bezborodko və başqaları II Yekaterinanın Fransada baş verən hadisələrin daimi olmadığına inandırmağa çalışırdılar. Buna baxmayaraq Fransız mühacirləri Rusiyada hörmətlə qarşılanır, dövlətin himayəsinə götürülür, vəzifə də verilirdi. Bir qədər sonra vəziyyət-ciddi şəkildə dəyişdi. Rusiya-Prussiya və Avstriya-Rusiya ziddiyətlərinin mövcudluğuna baxmayaraq, tədricən o, 2 dövlətlə münasibətlərin yaxşılaşmasına çalışırdı. Bəhs etdiyimiz dövr İngiltərə-Rusiya ziddiyyətlərinində kəskinliyi ilə səciyələnir. Hətta vəziyyət dəyişməsəydi, əgər İngiltərənin sənaye burjuaziyası işə qarışmasaydı müharibə aparacaqdı. İngiltərə burjuaziyası Rusiya ilə ticarətdən, Rusiya vasitəsi ilə Şərq ölkələriyl aparılan ticarətdən çox gəlir götürürdü. Buna baxmayaraq Böyük Pit nəyin bahasına olursa olsun, Rusiyanın Qara dəniz sahillərində möhkəmlənməsini istəmirdi. Bu dövrdə Rusiyanı İngiltərədə istedadlı səfiri qraf Vorontsov təmsil edirdi. Vorontsov İngiltərədəki parlament müxalifətinin üzvləri ilə yaxın əlaqədə idi. II Yekaterina arxayın idi ki, İngiltərənin Rusiyaya müharibə elan etməsi baş tutmayacaq. Bəhs olunan dövrdə ingilis-rus zidiyyətlərinin kəskinləşməsi Türkiyə ilə sıx bağlı idi. Cənuba və cənub-şərqə doğru irəliləyən Rusiya artıq Qara dənizin şərq sahilinə və Cənubi Qafqaza nüfuz etməkdə idi. İngiltərə isə Cənubi Qafqazın Rusiyanın əlinə keçməsinə razı deyildi. Məhz İngiltərənin təhriki ilə 1787-1791-ci illərdə II rus-türk müharibəsi baş vermişdi. Lakin İngiltərənin hərbi-siyasi köməyinə baxmayaraq, Rusiya Oçakov qalasını ələ keçirmiş, Qara dəniz sahillərinə çıxış yaratmış və burada donanmanın yerləşməsi üçün konkret tədbirlər görməyə başlamışdı. 1791-ci ilin yayında imzalanmış Yassı sülh müqaviləsi Rusiyanın Krımda mövqelərini gücləndirmiş, Rusiya Şimali Qafqaza sahiblənməyə başlamışdı. Şərqi Gürcüstanla Georgiyevsk traktatı imzalanmışdı. Fransada monarxiyanın devrilməsi İngilis-rus rəqabətini arxa plana keçirdi. II Yekaterinanın dövründə Rusiya-Prussiya münasibətləri də gərgin vəziyyətdə idi. Prussiyanın İngiltərə ilə yaxınlığı Polşanın I bölgüsündə iştirak etmiş dövlətləri bir-birinə qarşı qoymuşdur. Rusiya-Avstriya münasibətləri istiləşmişdi. Buna baxmayaraq təkrar bölgüsü ərəfəsində Rusiya diplomatik çeviklik göstərmiş, Avstiya-Polşanın II bölgüsündən kənarlaşdırılmışdı. Monarxiya dövründə xarici siyasət məsələləri ilə qraf Mirabonun başçılıq etdiyi diplomatik komitə məşğul olurdu. Komitə 12 üzvdən təşkil olunmuş, lakin üzvlərinin 1/3-i bir neçə aydan bir dəyişilirdi. Smolinin qraf Mirabo ilə yaratmağa çalışdığı münasibətlər Mirabonun ölmü üzündən yarımçıq kəsildi.
1792-ci il fevralın 7-də Avstriya və Prussiya Fransaya qarşı ittifaq müqaviləsi bağladılar. Fransaya qarşı bununla da koalisiya meydana gəldi. Müqayiləyə görə tərəflərin hər biri Fransaya qarşı 20 min nəfər əsgər çıxarmalı idi. I koalisyanın yaranması qanunverici məclisi qəti qərarlar qəbul etməyə sövq edirdi. 1792-ci il 15 martda kral məclisin tələbi ilə general Dumuryeni(jirondistlərə yaxın idi) xarici işlər naziri təyin etdi. Yepiskop Taleyran koalisyaya qarşı yardım əldə etmək ümidi ilə İngiltərəyə göndərildi, lakin nəticəsiz qaldı. Qanunverici məclis (1791-ci ilin oktyabrında açılmışdı) 12 nəfərdən ibarət Diplomatik komitə yaratdı. Ona jirondist Briesso başçılıq edirdi. 1791-ci ilin sonlarına doğru Rusiya-Türkiyə müharibəsi başa çatdıqdan sonra Avropa dövlətlərinin Fransaya qarşı koalisiyası təşkilati xarakter almağa başlamış və 1792-ci ilin 7 fevralında Avstriya-Prussiya hərbi ittifaqını şərtləndirmişdi. Hərbi sazişin şərtlərinə görə tərəflərin hər biri Fransaya qarşı 20 minlik ordu çıxarır, Prussiya ordusunun təchizatını isə Avstriya öz üzərinə götürürdü. Mövcud tədqiqatlarda bu, Fransaya qarşı birinci koalisiyanın yaradılması kimi təqdim olunmuşdu. Avstriya-Prussiya hərbi ittifaqının yaranmasından dərhal sonra Rusiya, İspaniya və İngiltərənin bu ittifaqa cəlb olunması ətrafında diplomatik mübarizə yarandı. Lakin Fransa Avstriya, Prussiya hərbi ittifaqının qüvvələrinin təşkil olunmasına imkan verməmək üçün özü hadisələri qabaqlamaq qərarına gəldi. Fransa konventi 1792-ci il aprelin 20-də, Avstiya iyunun 6-da Prussiyaya müharibə elan etdi. Ancaq Fransa ordusunun vahid hərbi komandanlığa malik olmaması müharibə cəbhələrindəki uğursuzluqları şərtləndirdi. Fransız diplomatiyası Avstriya-Prussiya ittifaqına İngiltərənin qoşulmasına imkan verməmək üçün Taleyranı xüsusi missiya ilə İngiltərəyə göndərdi. Vəziyyətin ağırlığı 1792-ci il 10 avqust üsyanı ilə nəticələndi. Kral və ailəsi həbs edilib Templ qalasına salındı. Sentyabrın 22-də Fransa Respublika elan edildi. Jirondist Lebren xarici işlər naziri təyin edildi. Ədliyyə naziri Danton xarici siyasət məsələlərində başlıca rol oynayırdı. 1792-ci ilin sonları üçün Fransa ərazisi müdaxiləçilərdən təmizləndi. Bu, Fransa əleyhinə koalisiyanın güclənməsinə səbəb oldu. 1793-cü ilin martında koalisiyaya İngiltərə, Avstriya, Prussiya, Rusiya, İspaniya, Hollandiya, bir neçə alman knyazlığı, Sardiniya və Neapol daxil idilər. Rusiya ilə Prussiya Polşanın ərazisini 1793-cü ilin yanvarında ikinci dəfə bölüşdürdülər. Fransanın hərbi uğursuzluqları. 1792-ci ilin 10 avqust üsyanını şərtləndirdi. Lakin bu zaman təsadüfən kral sarayındakı gizli arxiv aşkarlandı. Arxivdə parlamentin ayrı-ayrı üzvləri ilə kral arasındakı əlaqələrin olmasını müəyyənləşdirən sənədlər üzə çıxdı. O, cümlədən qraf Mirabonun krala bir, Taleyranın isə iki məktubu tapıldı. Konvent onları vətən xainləri adlandırsa da, Mirabo ölmüş, Taleyran İniltərəyə getmişdi. Konvent Taleyranın geri çağırılmasına nail olsa da, Taleyran Hollandiyadan sığınacaq istədi. Ancaq buna nail olmayaraq 1792-ci ildə Amerikaya köçdü. 10 avqust üsyanından sonra Fransa ətrafında həm daxili, həm də xarici vəziyyət gərginləşdi. Doğrudur, monarxiyanı ləğv etmək üçün kifayət qədər sübutlar toplanmışdı. Ancaq qanunverici məclis və ya konvent bütün Avropa ilə müharibə aparmaq iqtidarında deyildi. Lakin konventdəki siyasi mübarizə respublika tərəfdarlarının üstünlüyü iıə nəticələndi. 1792-ci il sentyabrın 21-də monarxiya devrildi, 22-də isə Fransada I Respublika yaradıldı(1792-1804).
Artıq Respublika elan olunduqdan sonra xarici siyasət məsələləri tam şəkildə konventin əlində cəmləşdi. Jirondist respublikası 1792-ci ilin sonlarında üçün müdaxiləçilərin Fransa sərhədlərindən uzaqlaşdırılmasına nail oldu. 1793-cü ilin əvvəllərindən etibarən Fransaya qarşı koalisiya qüvvələrinin sıraları da genişləndi. İngiltərə və Rusiya Fransaya qarşı hərbi əməliyyatlardan daha çox siyasi mübarizəyə, diplomatik danışıqlara üstünlük verirdi. Təsadüfi deyildi ki, Jirondistlərin dövründə xarici siyasət məsələlərinə rəhbərliyi öz əlinə alan Ədliyyə naziri Danton bütün danışıqları şəxsən həyata keçirirdi. Xarici işlər naziri Levren Dantonla yaxın əlaqəli şəkildə fəallıq göstərirdi. Lakin siyasi sabitliyi pozulmuş Fransada ölkənin siyasi həyatına tez-tez müxtəlif qüvvələr çıxırdı ki, bunlardan biri də Yakob monastrının yetirmələri olan yakobinçilər idi. Fransanın siyasi həyatında inqilabi terror, siyasətin zor gücünə davam etdirilməsi yakobinçilərin adı ilə bağlıdır. 1792-ci ilin hərbi əməliyyatlarının uğursuzluğu I koalisiya qüvvələrinin daha da güclənməsini şərtləndirdi, eyni zamanda bu, Rusiya-İngiltərə, Rusiya-Prussiya arasındakı ziddiyyətləri tam şəkildə arxa plana çəkdi. Rusiyanın Fransa sərhədlərinə daha çox yaxınlaşmaq niyyəti bu dövrdə Fransada başlamış inqilabi hadisələri diqqətlə izləyən və onun təsiri ilə yeni iğtişaşların məkanına çevrilən Polşada baş verən hadisələr II bölüşdürməni şərtləndirdi. Polyak şlyaxtasının fəallaşması Polşanın müstəqilliyi ilə bağlı olmuşdu. Lakin bu fəallaşma Polşaya ikinci faciəni gətirdi, və Rusiya-Prussiya diplomatiyası Avstriyaya bildirmədən Polşa ərazisinin II bölüşdürülməsini həyata keçirdi. Rus qoşunları Polşanın cənub-qərb vilayətlərinə daxil oldular. Yalnız bundan sonra Avstriya Polşanın ikinci bölüşdürülməsindən xəbər tutdu. 1792-ci ilin mart-aprel aylarında qüvvətlənmiş koalisiya qüvvələrinin yenidən Fransanın ərazisinə daxil olması Jirondist hakimiyyətinin ömrünü qısaltdı. 1793-cü il 31 may-2 iyun hadisələri nəticəsində Jirondist hakimiyyəti devrildi və yakobin diktaturası yarandı. İlk tədbir ümumi hərbi mükəlləfiyyətin tətbiq edilməsi oldu. Diktaturanın əvvəlləri xarici hərbi müdaxilənin yenidən uğursuzluğu ilə səciyyələnir. Belə ki, bir sıra yüksək vəzifəli şəxslərin xəyanətinə və onların qiyamçıların tərəfinə keçmələrinə baxmayaraq ümumi hərbi mükəlləfiyyətlər Yakobin diktaturasına yarım milyonluq ordu yaratmasına imkan verdi. Yakobin diktaturasının əvvəllərində bir sıra dəyişikliklərin içərisində xarici siyasətlə bağlı dəyişikliklər mühüm yer tuturdu. Belə ki, diktaturanın ilk günlərindən liberal görüşlü Xarici işlər naziri Lebren həbs edildi və dövlətə xəyanətdə günahlandırılaraq gilyotinə verildi. Daha radikal görüşlərə malik Dantonun yaxın adamı Deforq Xarici işlər naziri təyin olundu. Diktatura XVI Lüdovikin tərəfdarı olan adamların da dövlətə xəyanət məsələsinə xüsusi yer ayırdı. Hələ 1793-cü il yanvarın 21-də yakobinçilərin adbaad səsverməsindən sonra XVI Lüdovik də gilyotinə verildi. Oktyabrın 16-da Mariya Antuanetta başda olmaqla bir qrup dövlət adamı da dövlətə xəyanətdə ittiham edildi. Yakobinçilər inqilabi terrora elə vüsət verdilər ki, bu da onların ətrafında boşluğun yaranmasına səbəb oldu. Yakobinçilərin xarici siyasət sahəsindəki uğurları I koalisiyanın qüvvələrini də artırdı. 1793-cü il sentyabrın 3-də antifransız koalisiyasının tərkibində Avstriya və Prussiya ilə yanaşı, İngiltərə, Rusiya, Hollandiya və bir neçə alman knyazlıqlarının, İtaliya knyazlıqları Sardiniya və Neapolun hərbi qüvvələrindən istifadə edildi. 1793-cü ilin sonlarından etibarən koalisiya qüvvələrinin üstünlükləri yenidən özünü göstərməyə başladıqda, Jirondist deputatların bir çoxu öz vəzifə və həyatları ilə vidalaşmalı oldular. Xarici siyasət tam şəkildə ictimai Nicat komitəsinin əlində idi. Bilavasitə xarici siyasət məsələləri ilə Robespyer və Barrer şəxsən məşğul oldular. Robespyer XİN-in stukturlarında da dəyişikliklər etdi. 1794-cü ilin əvvəllərində nazirlik komissar Byuşo başda olmaqla 12 komissiya ilə əvəz olundu. Komissiyanın hər biri konkret fəaliyyət sahələri ilə məşğul olurdu ki, bu da xarici siyasətə dinamik xarakter verirdi. Diktatura dövründə Fransa yalnız 8 dövlətlə, o cümlədən, Türkiyə, İsveç, ABŞ, Danimarka, İsveçrə, Əlcəzair, habelə iki şəhərlə: Genuya və Cenevrə ilə diplomatik əlaqələrə malik idi. Yakobin diktaturasının süqutu yakobinçilərin keçirdiyi terror əməliyyatı nəticəsində şərtlənmişdi. Fransada fəaliyyət göstərən xarici kəşfiyyat ayrı-ayrı yakobin liderlərinin ləkələnməsi üçün şantajdan məharətlə istifadə edirdi. Elə liderlər məhv edildi ki, bunlar diktaturanın sosial dayağını zəiflətdi. Artıq 1794-cü ilin mayında diktaturanın İniltərədəki nümayəndəsi öz əlaqə kanalları vasitəsi ilə Robespyerə Fransada hazırlanmış qəsd haqqında məlumat çatdırmış, onun reallığı isə 9 termidor çevrilişi ərəfəsində özünü göstərmişdi.
Dostları ilə paylaş: |