Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


 Tələbələrin müstəqil işi və elmi yaradıcılığı



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə43/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

4. Tələbələrin müstəqil işi və elmi yaradıcılığı
Tələbələrin müstəqil işi ali məktəbdə təlim prosesinin mühüm komponentini təşkil 
edir. Müasir həyat müstəqil və yaradıcı düşünən, dərin bilikli, müasir təfəkkürlü və 
rəqabət qabiliyyətli mütəxəssis-kadrlar tələb edir. Cəmiyyət üçün bu cür 
mütəxəssislərin formalaşmasında müstəqil işlərin rolu böyükdür. Müstəqil işi 
tələbələrin təlim-idrak fəaliyyətinin təşkili forması kimi səciyyələndirmək olar; bu 
halda tələbə qarşıya qoyulmuş didaktik vəzifəni müəllimin müdaxiləsi, bilavasitə 
köməyi olmadan yerinə yetirir. Təlimdə müstəqil işin mahiyyətini belə ifadə etmək 
olar: təlimdə müstəqil iş tələbinin qarşıya qoyulmuş təlim məqsədini dərk edərək (1), 
müəyyən təhriklə zehni və əməli fəallıq, səy göstərərək (2), zəruri bilikləri və səmərəli 
yolları seçib tətbiq etməklə (3), bilavasitə kömək olmadan öz gücü ilə yerinə 
yetirməsində (4), habelə özünə nəzarət və qiymətləndirmədə (5) təzahür edən təlim-
idrak fəaliyyətinin təşkili formasıdır (6). Göründüyü kimi, müstəqil iş bir çox (6) 
xüsusiyyətlərə malikdir. Bu işlərə rəhbərlikdə həmin xüsusiyyətlər nəzərə alınmalı və 
təmin edilməlidir. Müstəqil işin icrasında tələbə nəyi və nə məqsədlə edəcəyini, necə, 
hansı yollarla (priyomlarla) edəcəyini bilməli, daxili təhriklə (motivasiya) fəallıq və 
səy göstərməli, özünə nəzarət etməli, səhvlərini tapıb düzəltməli, öz işini 
qiymətləndirməyi bacarmalıdır. Bu ünsürlərdən hər hansı birinin çatmaması müstəqil 
işin mahiyyətinə xələl gətirir və onun səmərəsinə mənfi təsir edir. Məsələn, hər hansı 
tapşırığın icrasında tələbədə müsbət motiv olarsa, lakin lazımi bilik və bacarıqlar 
çatmadığı halda o, işi müstəqil yerinə yetirə bilməz və əksinə, lazımi biliklərə malik 
olsa da müsbət motiv yaranmadıqda o, kənar kömək olmadan işin öhdəsindən gələ 
bilməz. Eləcə də tələbə işin məqsədini dərk etmədikdə, iradi səy göstərmədikdə, 
müstəqil iş priyomlarına yiyələnmədikdə həvəssiz işləyir, ya işə girişmir, ya da onu 


yarımçıq qoyur və s. Bunu nəzərə alaraq müəllim təlimdə tələbələrin müstəqil işinin 
bütün struktur ünsürlərinə yiyələnmələrinə, onlarda müstəqil iş bacarıqlarının 
formalaşmasına çalışmalıdır. Yalnız bu halda tələbə tam müstəqil fəaliyyət göstərə 
bilər. Təlimdə müstəqil işlərin növləri və tipləri çoxsahəli və rəngarəngdir. Pedaqoji 
ədəbiyyatda bu işlər müxtəlif məntiqi əsaslara görə təsnif edilir:
- müstəqil işin mənbələrinə görə: kitabla iş, əlavə mənbələr üzrə iş, məsələ həlli, 
çalışmalar üzrə iş, əyani materiallarla iş, əlavə cihazlarla iş, qrafik işlər və s.; 
- tələbələrin əhatə dairəsinə görə: frontal, qrup, cüt və fərdi işlər; 
- icra formasına görə: yazılı, şifahi, əməli, qrafik işlər;
- icra yerinə görə: auditoriyada müstəqil iş (mühazirə və məşğələlərdə tələbələrin 
mühakimə yürütməsi, plan və icmal tərtibi, çalışmaların icrası və s.), auditordankənar 
müstəqil işlər (referat, kurs işi, tədris-tədqiqat işi, elmi-tədqiqat işi, klub və dərnək 
işləri, kitabla iş, internetlə iş, özünütəhsil və s.);

müstəqil 
işin 
funksional 
cəhətinə 
görə: 
biliklərin 
mənimsənilməsi, 
möhkəmləndirilməsi, tətbiqi və yoxlanılması məqsədi güdən işlər;
- zehni fəaliyyətin xarakterinə görə: nümunə üzrə, yenidənqurma xarakterli işlər
evristik (qismən-axtarış tipli) müstəqil işlər, tədqiqatçılıq işləri. Bu qəbildən olan digər 
təsnifatlar da vardır: reproduktiv-bərpaedici müstəqil işlər (biliklərin təkrarını, onlar 
üzərində əməliyyat aparmağı nəzərdə tutur); idrak-axtarıcılıq (evristik) işləri (yeni 
biliklərin mənimsənilməsi); yaradıcı müstəqil işlər (biliklərin yeni hallara yaradıcı 
tətbiqi);
- fəlsəfi-qnoseoloji əsasa görə: hissi-perseptiv xarakterli müstəqil işlər (müşahidə, 
keçmiş təcrübə və biliklərin bərpası, yeni hallara tətbiqi); zehni xarakterli müstəqil 
işlər (təfəkkür əməliyyatları, zehni məsələ ‒ problem həlli, zehni-tətbiqi və zehni 
təşkilati işlər); praktik xarakterli müstəqil işlər (əməli, təcrübi-eksperimental, layihə-
konstruksiya və bədii-qrafik işlər).


Göstərilən müstəqil iş növləri və tiplərindən təlimin müxtəlif formalarında geniş 
istifadə edilməlidir. Müstəqil işlərin səmərəli təşkili üçün bəzi şərtləri gözləmək 
lazımdır:
1. Tələbə müstəqil işləri bütün fənlərdə və təlim formalarında sistemli və ardıcıl 
şəkildə tətbiq olunmalıdır;
2. Auditoriya və auditoriyadankənar müstəqil işlər sıx əlaqələndirilməli, yaradıcı işlərə 
diqqət artırılmalıdır;
3. Tələbələrə müstəqil işin səmərəli yolları (priyomları) öyrədilməlidir;
4. Müstəqil işlərə keyfiyyətli pedaqoji rəhbərlik həyata keçirilməli (məsləhət, nəzarət, 
kömək, uçot və qiymətləndirmə), müəllimlər müstəqil iş nəzəriyyə və metodikasına 
yiyələnməlidirlər.
Tələbələrin müstəqil işinin bir istiqaməti də elmi işlərdir. Tələbə elmi işləri ali 
təhsildə iki başlıca fəaliyyətə ‒ tədris və elmi fəaliyyətə əsaslanır. Gələcək mütəxəssis 
həm dərin elmi biliklərə yiyələnməli, həm də yaradıcı fəaliyyətə hazırlanmalıdır. Buna 
görə də tələbələri hələ aşağı kurslardan elmi fəaliyyətə cəlb etmək lazımdır. Vaxtilə 
Zaqafqaziya Müəllimlər Seminariyasında bu sahədə müsbət təcrübə əldə edilmişdir. 
F.B.Köçərli, U.Hacıbəyli, R.B.Əfəndiyev və başqaları hələ tələbə ikən ciddi elmi-
tədqiqat işi ilə məşğul olmuş, bir çox əsərlərini seminariyada oxuyarkən yazmağa 
başlamışlar. Müasir şəraitdə tələbələrin elmi fəaliyyəti iki yolla həyata keçirilir:
a) auditoriya məşğələləri ilə bağlı işlər;
b) auditoriyadankənar elmi işlər.
Birinci halda tələbənin elmi fəaliyyəti tədris prosesinin tərkib hissəsi kimi özünü 
göstərir. Belə elmi axtarıcılıq işləri tələbə tədris tədqiqat işləri (TTTİ) adlanır. Buraya 
kurs işləri və layihəsi, diplom işləri və layihəsi, buraxılış işləri, habelə mühazirə, 
seminar, laborator və praktik məşğələlərlə, istehsalat və pedaqoji təcrübə ilə əlaqədar, 
habelə xüsusi kurs və seminarlar üzrə tədqiqat xarakterli tapşırıqların icrası və s. 


daxildir. Tədrislə bağlı tədqiqat işləri fənn və mövzudan, qarşıya qoyulan təlim 
məqsədindən asılı olaraq tələbələri çox müxtəlif elmi fəaliyyətə cəlb etməyi nəzərdə 
tutur. Məsələn, müəyyən bir problem üzrə müxtəlif mənbələri oxuyub təhlil etmək, 
ümumiləşdirmək, təsnifat aparmaq, eyni problemlə bağlı müxtəlif konsepsiyaları 
müqayisə etmək, qruplaşdırmaq, onlara tənqidi münasibət göstərmək və s. Kurs, 
buraxılış və diplom işləri, elmi-tədqiqat xarakterli iş formaları mümkün qədər nəzəri 
və təcrübi eksperimental səciyyə daşımalıdır.
Ali məktəbdə tələbələri elmi işə cəlb etməyin ikinci yolu auditoriyadankənar elmi 
fəaliyyətin təşkilidir. Bu cür elmi işlər tələbə elmi-tədqiqat işləri (TETİ) şəklində 
özünü göstərir. Hazırda universitetlərdə TETİ-nin müxtəlif formaları fəaliyyət 
göstərir: tələbə elmi dərnəkləri, elmi klublar; tələbə elmi laboratoriyaları; elmi 
konfranslar, seminar və simpoziumlar; fənn olimpiadaları; tələbə elmi işlərinin 
müsabiqəsi; yay elmi məktəbləri; tələbə konstruktor bürosu; təsərrüfat müqaviləsi üzrə 
tədqiqat işləri və s. Elmi fəaliyyətlə məşğul olan tələbələr tələbə elmi cəmiyyətində 
(TEC) birləşirlər. Tələbə elmi işinə kafedranın rəhbərliyi müxtəlif istiqamətlərdə 
təmin olunur: 
a) kafedra nəzdində tələbə elmi dərnəklərinin təşkili;
b) kafedra və laboratoriyaların elmi-tədqiqat mövzularının işlənməsində tələbələrin 
iştirakı; 
c) istehsalat və pedaqoji təcrübə dövründə tələbələrin elmi-tədqiqat xarakterli 
tapşırıqları yerinə yetirmələri;
ç) ümumi tədqiqat planı və ya xüsusi tematika üzrə kurs, diplom və laborator işlərinin 
icrası və s. TTTİ və TETİ gələcək mütəxəssislərin yaradıcı şəxsiyyətlər kimi 
formalaşmasına kömək göstərir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin