İqtisadi nəzəriyyədə tələb və təklifin dörd qaydası olduğu göstərilir.
Tələbin artması həm tarazlıq qiymətinin, həm də tarazlıq əmtəə miqdarının artmasına səbəb olur.
Tələbin aşağı düşməsi tarazlıq qiymətinin və tarazlıq əmtəə kəmiyyətinin aşağı düşməsinə səbəb olur.
Təklifin artması tarazlıq qiymətinin azalmasına və tarazlıq əmtəə kəmiyyətinin artmasına səbəb olur.
Təklifin azalması tarazlıq qiymətinin artmasına və tarazlıq əmtəə kəmiyyətinin azalmasına səbəb olur.
Bu qaydaları tətbiq etməklə tələb və təklifin istənilən dəyişmə hallarında tarazlıq nöqtəsini tapmaq mümkündür.
İstənilən əmtəənin rəqabət bazarında tələb və təklifin tarazlığı məhz bu sxem vasitəsilə əldə olunur. Tarazlıq hər bir rəqabət bazarının qanunudur.Hər bir bazardakı tarazlıq bütövlükdə iqtisadi sistemdə tarazlığın saxlanılmasının səbəbidir.
Qeyd etmək lazımdır ki, tarazlıq qiyməti bazarın rəqabət şəraitində müəyyənləşir. Lakin bütün rəqabət şərtlərini gözləmək mümkün deyil. Bazarın qiymət tarazlığı mexanizmi təkmilliyə yaxınlaşmaq mexanizmdir ki, buna da tam nail olmaq mümkün deyildir.
Bununla belə, tələb və təklifin tarazlıq qanununa uyğun olaraq həyatda istənilən əmtəənin qiyməti formalaşır. Bazar mexanizminə rəqabət tarazlıq vəziyyətini dəyişən inhisarçı müdaxilə elementləri təzahür etməzsə, bütün əmtəə bazarları rəqabət tarazlığına yaxındır.
Mövzu 6. Bazar iqtisadiyyatında iqtisadi institutlar və mülkiyyət 6.1. İqtisadi institutların mahiyyəti 6.2. Mülkiyyət iqtisadi və hüquqi kateqoriya kimi 6.3. Mülkiyyət nəzəriyyələri 6.4. Müasir iqtisadiyyatda mülkiyyətin növ və formaları 6.5. Dövlətsizləşdirmə və özəlləşdirmə
6.1. İqtisadi institutların mahiyyəti
«İqtisadi institutlar» anlayışı elmə iqtisadi nəzəriyyənin institusional-sosioloji cərəyanı tərəfindən daxil edilmişdir. İnstitusionalizmin baniləri Torsteyn Veblen və onun şagirdi, sənaye tsikli sahəsində mütəxəssis olan Uesli Mitçell, publisist və siyasi xadim Con Helbreyt, iqtisadçı və qlobal problemlərin tədqiqatçısı Yan Tinbergen və başqaları hesab edilirlər. İnstitutlar insanlar tərəfindən yaradılmış formal və qeyri-formal qaydaların məcmusudur ki, iqtisadi agentlər üçün məhdudiyyət, eləcə də onların yerinə yetirilməsi və qorunmasının müvafiq nəzarət mexanizmi kimi çıxış edir. Nəzarət mexanizmi dedikdə qaydaların riayət olunmasını və ya pozulmasını eyniləşdirməyə, həmçinin həvəsləndirici və ya qeyri-həvəsləndirici tədbirlərin tətbiqinə kömək edən vasitələr dəsti nəzərdə tutulur. İnstitutlar həm formal qanunlardan (konstitusiya, qanunvericilik, mülkiyyət hüququ), həm də qeyri-formal qaydalardan (ənənələr, adətlər, əxlaq qaydaları) ibarətdir. İnstitutlar insanlar tərəfindən qaydalara riayət edilməsi və mübadilədə qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə yaradılırdı. Bu cür institutlar iqtisadiyyatda qəbul olunmuş standart məhdudiyyətlərlə birgə alternativlər dəstini təyin edirdilər, bu yolla da istehsal və tədavül xərclərini, müvafiq mənfəətliyi və iqtisadi fəaliyyətə cəlb olunma ehtimalını müəyyənləşdirirdilər. Son iyirmi il ərzində çoxlu araşdırmaların aparılmasına baxmayaraq institutların müasir iqtisadi nəzəriyyəsi rüşeym halındadır. 1993-cü ildə Duqlas Nort yeni institusional iqtisadiyyatın pionerlərindən biri kimi Nobel mükafatı ilə təltif olunmuşdur. İnstitutlar olduqca mübahisəli konsepsiyadır. Bu mövzuda yazan alimlər institutların nə olduğu barədə dəqiq izahat verməyiblər. Hələ üstəlik institutlar iqtisadi perspektivlər nöqteyi-nəzərindən müxtəlif şəkildə müəyyən olunurlar. Məsələn, Elster yazır ki, institutu qanuna vadar edən mexanizm kimi xarakterizə etmək olar ki, bunun da ən heyrətamiz cəhəti davranışın güc işlətməklə dəyişdirilməsidir. Cek Nayt hesab edir ki, institutlar qarşılıqlı ictimai münasibətləri xüsusi tərzdə strukturlaşdıran qaydalar dəstidir ki, bunları bilməklə həmin birliyin bütün üzvləri razılaşmalıdır. K.Mengerin hazırladığı terminologiyadan istifadə etməklə institutları daha yüksək qəbildən olan ictimai nemətlər kimi müəyyən etmək olar. Bu isə aşağıdakı kimi izah olunur: əgər institutlar ayrı-ayrı iqtisadi müvəkkillərin hərəkət əlaqələri üçün zəruri olan informasiyaların istehsalını təmin edirlərsə, onda məhz bu informasiya ictimai nemət olur. Beləliklə, bazar qiyməti informasiya daşıyıcısı olmaqla iqtisadi müvəkkillərin müəyyən qaydalar əsasında təşkil edilən qarşılıqlı təsiri əsasında formalaşır. İnstitutlara qiymətdən düşmə və yeni investisiyalar vasitəsilə dəyişə bilən ictimai kapital kimi baxmaq olar. Formal qanunlar sürətlə dəyişilə bilir, lakin məcburetmə və qeyri- formal qaydalar ləng dəyişilir. Nümunə kimi kapitalizmin iqtisadi institutlarının bazar modelinə münasib olanlarını uyğunlaşdıran Rusiyanı göstərə bilərik. Qeyri-formal qaydalar, normalar, adətlər hökumət tərəfindən yaradılmır, onlar kortəbii surətdə inkişaf edirlər. İnstitutlar ətraf mühitin dəyişikliklərinə ləng uyğunlaşırlar. Vaxtilə səmərəli olmuş bir çox institutlar səmərəsiz olurlar və uzun müddət bu cür qalırlar, yəni cəmiyyəti bir çox illər bundan əvvəl müəyyən edilmiş tarixi yolundan döndərmək çətindir. İnstitutların iqtisadi həyatda rolu olduqca böyükdür. İnstitutlar gündəlik həyatı müəyyən quruluşa salaraq qeyri- müəyyənliyi azaldırlar. Onlar insanlar arasındakı qarşılıqlı münasibətləri təşkil edirlər. İnstitutlar hər bir insanda olan iqtisadi davranışda alternativlər dəstini müəyyənləşdirir və məhdudlaşdırırlar. İnstitutlar adamlar tərəfindən qarşılıqlı insani münasibətlərə nizam vermək üçün yaradılmış məhdudiyyətlərin bütün formalarını özlərində birləşdirirlər. İnstitutlar formal və qeyri-formal olurlar. Formal institutlar insanlar tərəfindən düşünülmüş qaydalardır, qeyri- formal institutlar isə hamı tərəfindən qəbul edilmiş davranış (adətlər, ənənələr və s.) şərtiliyi və kodeksləridir. Onlar şüurlu insan düşüncəsinin məhsulu (məsələn, konstitusiya) ola və ya sadəcə olaraq tarixi inkişaf prosesində yarana bilərlər. Formal institutlar qismən də bazar iqtisadiyyatında ins- titusional dəyişikliklərə nəzarət edənlərin maraqlarına xidmət etmək üçün yaradılırlar. Bəzilərinin şəxsi maraqlarının dalınca getməsi digərlərində mənfi təsir yarada bilir. İnstitutlarla istehsalın səmərəliliyi arasındakı əlaqəni başa düşmək üçün transaksion xərclər konsepsiyası mövcuddur. «Transaksion xərclər» məfhumu elmi dövriyyəyə Nobel mükafatı laureatı R.Kouz (1910-cu ildə doğulub) tərəfindən daxil edilmişdir. Bu xərclər bilavasitə istehsalın özü ilə deyil, onları müşayiət edən məsrəflərlə: qiymətlər, təsərrüfat müqavilələri tərəfdaşları haqqında informasiya axtarışları, təsərrüfat müqavilələrinin bağlanması ilə əlaqədar məsrəflər, onlann həyata keçirilməsi üzərində nəzarət və s. bağlıdır. Mübadilənin şəxsləndirilmiş sadə modelində iştirakçılar dəfələrlə bir-biri ilə eyni tipli sövdələr aparırlar, bir-birinin əlamətlərini, xassə və xüsusiyyətlərini yaxşı bilirlər. Belə cəmiyyətdə ölçülmüş transaksional xərclər olduqca aşağıdır. Yalan, öhdəliklərin pozulması, prinsipsizlik faydalı olmadığı üçün ya zəif təzahür edir, ya da ümumiyyətlə sərfəli deyil. Belə şəraitdə davranış normaları qanunda öz əksini nadir hallarda tapır. Rəsmi müqavilələr bağlanmır, müqavilə şərtləri özü-özlüyündə olmur. Bununla belə ölçülən transaksional xərclər belə cəmiyyətdə aşağı (bununla yanaşı ölçülməyən xərclər icma quruluşunda yüksək ola bilər) olsa da, istehsal xərcləri yüksəkdir, çünki əməyin ixtisaslaşması və bölgüsü fərdləşdirilmiş mübadilə ilə şərtlənmiş bazar hüdudları ilə məhdudlaşdırılır. İnstitutların cəmiyyətdə oynadığı əsas rol qeyri-müəyyənliyi insanlar arasında qarşılıqlı əlaqənin dayanıqlı (lakin səmərəli olması çox da vacib deyil) quruluşunun yaradılması yolu ilə azaltmaqdan ibarətdir. Lakin institutların sabitliyi onların dəyişikliklərə məruz qalması ilə heç də ziddiyyət yaratmır. Bütün institutlar eyni şəkildə, yəni ənənəvi şərtilikdən, kodekslərdən və davranış normalarından yazılmış hüquqa, adi hüquqa və fərdlər arasındakı müqavilələrə kimi inkişaf edirlər. İnstitusional dəyişikliklər mürəkkəb prosesdir, çünki son həddəki dəyişikliklər qaydalarda, qeyri-formal məhdudiyyətlərdə, qaydalara və məhdudiyyətlərə əməl etməyə məcbur etmənin üsulları və səmərəliliyində olan dəyişikliklərin nəticəsi ola bilər.Keçid iqtisadiyyatı şəraitində cəmiyyət institusionalist- lərin araşdırmalarına görə, əsasən aşağıdakı üçlükdən ibarət məsələni həll etməlidir: birincisi - dəyişiklikləri və yeni mexanizmləri mənimsəmək, ikincisi - dəyişikliklərin və səhvlərin neqativ nəticələrini aradan qaldırmaq, nəhayət, keçmiş irsin qiymətli olanlarını saxlamaq. Duqlas Nortun bu irsə aid olan mövqeyi əsaslandırılmış və ağlabatan görünür: sizin keçmişə olan münasibətinizdən asılı olmayaraq insanların adət elədikləri ilə hesablaşmaq lazımdır, islahatların strategiyası və taktikası bunu nəzərə almaya bilməz. İnsan biliklərinin əsasında bir insanın və ya bir nəslin həyatı boyu qazandığı ayrı-ayrı biliklər deyil, onların uzun müddət ərzində yığılmış məcmusu durur. Təəssüf ki, onun qiymətini minimallaşdırmağı nəzərdə tutan transformasiya dinamikası nəzəriyyəsi yoxdur.