Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə111/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   107   108   109   110   111   112   113   114   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

629 


heç biri Hermine deyildi. Hündür kətildə oturmuş qəşəng oğlan yenə rişxəndlə mənə tərəf baxdı. 

Fikirləşdim ki, növbəti fasilədə Hermine gəlib məni rəqsə dəvət edəcək. Rəqs sona yetdi, ancaq 

gələn olmadı. 

Balaca, alçaq otağın bir küncündə düzəldilmiş bara tərəf getdim. Qəşəng oğlanın yanındakı boş 

yerdə oturub viski aldım. İçə-içə yan tərəfdən bu cavan oğlana baxdım: yaman tanış gəlirdi, 

sanki, uzaq bir keçmişin şirin xatirəsi idi, üstünə illərin narın tozu qonmuşdu. Ah, birdən 

diksindim: axı, bu, Herman idi, gənclik dostum Herman! 

– Herman! – tərəddüdlə dilləndim. 

O gülümsədi: 

– Harri? Məni tapdın? 

Hermine idi, yalnız saçını bir az başqa cür vurdurmuşdu, azacıq da rənglətmişdi. Avazımış ağıllı 

sifəti son dəbli dik yaxalığının arasından çox cazibədar görünürdü. Ağ manjetli qara frakın gen 

qolları onun  əllərini bapbalaca göstərirdi. Əynindəki uzun, qara şalvarından çıxan ayaqları ipək, 

ağlı-qaralı kişi corabında çox incə idi. 

– Hermine, bu həmin libasdır ki, geyinib məni əsir etmək istəyirsən? 

Başını tərpətdi: 

– Bu vaxtacan artıq bir neçə qadını  əsir etmişəm. İndi növbə sənindir. Gəl  əvvəlcə bir qədəh 

şampan içək. 

Elə də elədik. Yan-yörəmizdə rəqs edən  camaata baxa-baxa, simli alətlərin qızğın, coşqun 

musiqisinə qulaq asa-asa hündür bar kətillərində oturub içdik. Hermine heç bir əziyyət çəkəsi 

olmadı, tezliklə ona vuruldum. Kişi paltarında olduğu üçün nə rəqs edər, nə ona nəvaziş göstərər, 

nə də toxuna bilərdim. Ancaq bu kişi qiyafəsində nə qədər uzaq, laqeyd görünsə də, öz baxışları, 

şirin ləhcəsi, işvəli hərəkətləri, min cür qadın cazibədarlığı ilə məni məftun etmişdi. Əlim 

dəyməsə də, onun sehrinə düşmüşdüm. Bu sehir oynadığı rol idi: gah oğlan olurdu, gah da qız. 

Çünki mənə Hermandan, hər  

ikimizin uşaqlıq illərindən, cinsi yetkinlikdən  əvvəlki dövrlərdən, yeniyetmə çağlarındakı çılğın 

məhəbbətdən danışırdı. O məhəbbətdən ki, hələ cinsi ayrılıq tanımır, hər şeyi, hamını öz 

qoynuna alır, hisslərlə ağıla fərq qoymur və hər şeyi elə sehrləyir, elə əfsanəvi şəkildə 

dəyişdirirdi ki, yalnız nadir istedadlar, şairlər ixtiyar çağlarında həmin anları təzədən bir də 

yaşamağa qadir olurlar. 

Oğlan rolunu çox yaxşı oynayır, siqaret çəkir, sərbəst, ağıllı danışır, tez-tez də yüngül kinayəyə 

keçirdi. Ancaq hər hərəkətindən ehtiras yağır, hər hərəkəti hisslərimi yenidən oynadır, ağlımı 

başımdan alırdı. 

Mən də elə bilirdim, onu lap yaxşı tanıyıram, yaxından bələdəm. Ancaq bu axşam qarşımda 

tamamilə ayrı bir Hermine canlandı! Məni də şirin-şirin, gizli-gizli çoxdan həsrətində olduğum 

tora saldı, o şirin zəhəri su pərisi kimi nazlana-nazlana mənə necə içirtdi! 

Xeyli oturub ordan-burdan çərənlədik, şampan içdik. Baxa-baxa zalları gəzdik, macəra eşqinə 

düşdük, qadınların ürəyini ovlamağa başladıq. Mənə bir neçə qadın göstərib dedi ki, onlarla 

oyna, sonra da hansı qadını necə yoldan çıxartmaq barədə məsləhətlər verdi. Bəzən də rəqib 

olduq, ikimiz də eyni qadının arxasınca düşdük, növbələşə-növbələşə onunla rəqs etdik, hər 

ikimiz ona sahib olmaq istədik.  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

630 


Ancaq bunların hamısı maskarad oyunu idi, öz aramızda oynayırdıq və oynadıqca da bir-birimizə 

daha çox bağlanır, bir-birimizin ürəyinə od salırdıq. Hər şey nağıla dönmüş, hər şey bir əndazəyə 

minmiş, yeni bir mənaya bələnmiş, oyuna, rəmzə çevrilmişdi! Çox cavan, gözəl bir qadına rast 

gəldik. Xəstəhal, narazı görünürdü. Herman onunla rəqs etdi, oynada-oynada təravətləndirdi, 

sonra da hər ikisi şərab köşklərindən birində gözdən itdi. Qayıdanda dedi ki, onun ürəyini kişi 

kimi deyil, qadın kimi – lesbos məhəbbətinin sehri ilə fəth eləynb. Bu səs-küylü bina, rəqs 

musiqisinin başına götürdüyü zallar, məst olmuş maskalı adamlar getdikcə mənim üçün sərsəm 

xəyali bir cənnətə dönürdü. Buradakı hər çiçəyin ətrindən sehrlənir, sığallaya-sığallaya hər 

meyvənin gözlərini axtarır, yarpaqların yaşlı kölgəsindən boylanan ilanların felinə düşmüşdüm. 

Qapqara bataqlıqda şanagüllər bərq vurur, budaqların arasındakı əfsanəvi quşlar adama gəl-gəl 

deyirdi. Ancaq bütün bunların hamısı məni yalnız və yalnız arzusunda olduğum məqsədlə aparır, 

yenə də həsrətində olduğum o yeganə şeyə doğru səsləyirdi. Bir dəfə də tanımadığım qızla rəqs 

etdim. Həddən artıq çılğın, cazibədar olan bu qız lap sərməst olmuşdu və ikimiz də öz 

dünyamızdan qoparaq ayrı bir aləmdə süzəndə, qəflətən gülüb dedi: «Səni heç tanımaq olmur.  

Axşamüstü elə səfeh, çansıxıcı görünürdün ki...» O dəqiqə tanıdım: bir neçə saat bundan əvvəl 

mənə «qoca kaftar» deyən qız idi. İndi elə bilirdi ki, ürəyimi fəth eləyib, ancaq növbəti rəqsdə 

artıq başqasının qoynunda əriyib gedirdim. İki saat, bəlkə, daha çox rəqs etdim, heç 

dayanmadım, hamısını, hətta öyrənmədiklərimi də oynadım. Hər dəfə də Herman – o təbəssümlü 

oğlan böyrümdə peyda olur, başını tərpədir, sonra da izdihamın arasında yoxa çıxırdı. 

Bu bal axşamında  əlli illik ömrümdə görmədiyim, ancaq hər yeniyetmə qıza, hər tələbəyə lap 

yaxşı tanış olan bir gün gördüm: bayram təəssüratı, ümumi şənlikdən vəcdə gəlmək, camaata 

qarışaraq sirli-sirli itib-batan şəxsiyyət, «Unio mystika» sevinci... Hamısının  haqqında çox  

eşitmişdim, adicə qaravaş da bilirdi bunları. Həmişə də bu haqda danışanların gözlərində bir 

parıltı görür, bir az ötkəmliklə, bir az da paxıllıqla onlara gülürdüm. Tərkidünyaların, özü öz 

xilaskarına çevrilənlərin sərxoş gözlərindəki o parıltını, ümumi sərxoşluqdan yaranan təbəssümü, 

yarısərsəm vurğunluğu həyatda yüz dəfə istər nəcib, istərsə də iyrənc  əməllərdə, istər kefli 

çağırışçıların, istərsə də bayram  

tamaşalarından vəcdə gəlmiş sənətkarların, hətta müharibəyə gedən gənc  əsgərlərin də 

gözlərində görmüşdüm. Lap bu yaxınlarda isə orkestrdə çalmağından məst olaraq öz kərənayını 

zilə qaldıranda və ya vurğun-vurğun, heyran-heyran dirijora, barabançıya, bancoçalana baxan 

dostum Pablonun şəxsində xoşbəxt bir vurğunun necə nur saçdığını, necə gülümsədiyini görmüş, 

valeh olmuş, sevmiş, lağ eləmiş, paxıllığım tutmuşdu. Bəzən fikirləşirdim ki, bu cür təbəssüm, 

bu cür uşaq sevinci yalnız çox gənc olanlara və bir də öz səciyyəvi  əlamətləri ilə seçilməyən, 

ayrı-ayrı fərdlər arasında fərq qoymayan xalqlara qismət ola bilər. Ancaq bu gün, bu bəxtiyar 

gecədə mən özüm də – yəni yalquzaq Harri də həmin təbəssümə qərq olmuşdu, həmin əfsanəvi 

uşaq səadətinə bələnmişdim, həmin ümumi şənlikdən ləzzət ala-ala, məst ola-ola özümü 

musiqinin, rəqsin, şərabın, naməhrəmliyin ixtiyarına buraxmışdım.  

Halbuki bir zamanlar hansı tələbəsə bal şənliyini tərifləyəndə, ona rişxəndlə, miskin təkəbbürlə 

qulaq asardım. İndisə mən heç özüm deyildim, şəxsiyyətim  əriyə-əriyə şənlik səadətinə elə 

qarışmışdı ki, deyərdin duz suda həll olunub. Gah bu qadınla, gah da o biri ilə oynayırdım. 

Ancaq təkcə qollarım arasına alıb oynadıqlarım, saçları üz-gözümü qıdıqlayan,  ətrindən məst 

olduqlarım deyil, eyni zalda, eyni musiqi altında süzən, bərq vuran sifətləri iri, əfsanəvi güllər 

kimi gözlərim önündəcə açılan bütün qadınlar mənimki idi, mən də onlarınkı. Hamının bir-

birində payı vardı. Kişilər də buraya aid idi.  

Əriyib həm də onlara qarışmışdım, hamısı doğmalaşmışdı, təbəssümləri mənim təbəssümüm, 

səyləri mənim səyim, mənimki də onların idi. 

Həmin qış «Həsrət» adlı fokstrot rəqsi bütün dünyaya səs salmışdı. Bu «Həsrət» dalbadal çalındı 

və hər dəfə də ləzzət verdi. Hamımız onun sehrindən məst olmuşduq, hamımız onun 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

631 


melodiyasını birlikdə zümzümə edirdik. Oynamağa ara vermir, bütün rastıma çıxanlarla  – 

cavan-cavan qızlarla, təravətli gənc xanımlarla, yaylıq alma kimi yetişmiş qadınlarla, qüssə-

kədər içində solub gedənlərlə heyranlıqla, gülə-gülə, şənlənə-şənlənə, nur saça-saça rəqs 

eləyirdim. Və mənə həmişə bədbəxt bir bəndə kimi baxan Pablo nur saçdığımı görəndə, gözləri 

səadət sevinci ilə parıldadı, vəcdə gələrək ayağa durdu, kərənayı lap zilə qaldırdı. Sonra kətilin 

üstünə çıxdı, ovurdları şişdi, özü də, əlindəki aləti  

də «Həsrət»in təqtlərinə uyğun yırğalandı, qıvrıldı və mən də, rəqs etdiyim qız da  əlimizlə ona 

öpüş göndərdik, ucadan oxumağa başladıq. Həmin anda fikirləşdim ki, qoy nə olur-olsun, axır ki, 

mən də bir dəfə xoşbəxt oldum, nur saçdım, özümdən ayrıldım, Pablonun qardaşına, uşağa 

çevrildim. 

Vaxt-vədənin ölçü hissini itirmişdim. Şənlik səadətinin neçə saat, neçə an çəkdiyindən xəbərim 

olmamışdı. Heç onu da hiss eləməmişdim ki, şənlik qızışdıqca bapbalaca bir zala toplaşırıq. Çox 

adam çıxıb getmiş, dəhlizlərə sakitlik çökmüş, işıqların çoxu sönmüş, pilləkənlərə ölüm sükutu 

qonmuş, yuxarı zallardakı orkestrlər də bir-birinin ardınca susmuşdu. Yalnız  əsas zalda və bir də 

aşağıdakı cəhənnəmdə bayram şənliyi davam edir, getdikcə də qızışırdı. Hermine oğlan 

qiyafəsində olduğuna görə onunla rəqs edə bilməsəm də, fasilələrdə oğrun-oğrun görüşür, hal-

əhval tuturduq. Ancaq axırda  

nəinki gözümdən itdi, hətta yadımdan da çıxdı. Ümumiyyətlə, indi nəyisə yadda saxlamaq vaxtı 

deyildi. Əriyib sərxoş rəqqaslar izdihamına qarışmışdım, cürbəcür  ətirlərin, səslərin, ahların, 

sözlərin qoynunda süzürdüm. Tanımadığım gözlər salam verə-verə canıma od salırdı. 

Tanımadığım üzlərin, dodaqların, qolların, sinələrin, dizlərin əhatəsinə düşmüşdüm, musiqinin 

ritmi altında dalğalanırdım... 

Bircə anlığa alayarımçıq ayılıb özümə gələndə, içəridə qalmış adamların arasında – yalnız balaca 

otaqda musiqi çalınırdı və otaq ağzına kimi də dolu idi – qəflətən gözümə qara bir Pyere sataşdı. 

Sifəti dümağ rənglənmiş bu qəşəng şux qız yeganə adam idi ki, üzünə maska taxmışdı. Belə 

cazibədar boybuxunu bu gecə heç kəsdə görməmişdim. İçəridəkilərin görkəmi, allanıb qızarmış 

sifətləri, qırış-qırış olmuş paltarları, əzilmiş yaxalıqları, büzməli krujevaları artıq gec olduğundan 

xəbər verdiyi anda, qara  

Pyerenin dümağ təravətli sifəti maska arxasından boylanır, büzməli krujeva ilə haşiyələnmiş şax 

paltarı işıldayan krujevalı manjetləri, yenicə daranmış saçları isə heç əl dəyənə oxşamırdı. Qeyri-

ixtiyari ona tərəf getdim, qollarım arasına alıb, rəqs etməyə başladım,  ətir saçan büzməli 

krujevası çənəmi qıdıqladı, saçları yanaqlarımı sığalladı,  təravətli şax bədəni bu gecə oynadığım 

qızlarınkına nisbətən daha nəvazişlə, daha həvəslə gah mənə tərəf uçundu, gah geri çəkildi, gəl-

gəl dedi, işvələnə-işvələnə 

yeni bir ülfətə səslədi. Oynaya-oynaya bir az əyilib dodaqlarımla dodaqlarını axtaranda, qəflətən 

onun təşəxxüslə, doğma bir təbəssümlə gülümsədiyini hiss etdim və o dəqiqə də sərt çənəsini, 

çiyinlərini, dirsəyini, əllərini tanıdım, sevindim: Hermine idi! Artıq Herman deyildi, paltarını 

dəyişmiş, yüngülcə ətirlənmiş, təravətlənmişdi. Odlu dodaqlar bir-birinə yapışdı, bircə anlığa 

bütün bədəni dizlərinə qədər həsrətlə, vurğunluqla bədənimə sarıldı. Sonra dodaqlarını 

dodaqlarımdan ayırdı, səbirlə, məsafə saxlaya-saxlaya, qaçarqı oynamağa başladı. Musiqi 

kəsiləndə, qol-boyun dayanmışdıq.  

Ətrafımızdakılar vəcdə gələrək əl çalırdılar, ayaqlarını yerə döyə-döyə qışqırır, heydən düşmüş 

orkestri «Həsrət»i yenidən çalmağa həvəsləndirirdilər. Qəflətən hamımız səhərin nəfəsini 

duyduq, pərdələrin arasından süzülən zəif işığı gördük, şənliyin sona çatdığını hiss etdik, bizi 

gözləyən yorğunluğu duyduq, gözümüzü yumaraq gülüşə-gülüşə, kədərlənə-kədərlənə özümüzü 

təzədən rəqsin, musiqinin, işıq selinin qoynuna atdıq. Gurultu sala-sala, musiqinin ritmində bir-



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

632 


birimizə sığına-sığına süzməyə başladıq. Hiss etdik ki, səadət dalğası bizi yenə də öz qoynuna 

aldı. Bu rəqsdə Hermine təkəbbürdən,  

kinayədən, soyuqluqdan əl çəkdi. Bilirdi ki, özünü mənə sevdirmək üçün daha heç nə lazım 

deyil. İndi büsbütün onunku idim. Rəqsdə də, baxışında da, öpüşündə, də, təbəssümündə də 

özünü tamamilə təslim etmişdi. Bu titrətməli gecədə ürəyimə köz salan qadınların hamısı  – 

qəlbini ovladıqlarım da, arxasınca məhəbbətlə, həsrətlə baxdıqlarım da  əriyib bir-birinə 

qarışmış, indi qollarım arasında çiçəklənən təkcə bir qıza çevrilmişdi. 

Bu toy rəqsi çox çəkdi. Arada musiqi iki-üç dəfə kəsildi, kərənayçılar alətləri yerə qoydu, 

pianoçu royalın arxasından durdu, birinci skripkada çalan oğlan heydən düşmüş halda başını 

buladı, ancaq hər dəfə də axıra qalanların yalvarış dolu şövqlü baxışlarından qızışıb təzədən 

başladılar, daha bərkdən çaldılar, daha da coşdular. Sonra  – biz hələ də qol-boyun dayanıb 

qalmışdıq və axırıncı rəqsi çox acgözlüklə oynadığımızdan güclə nəfəs alırdıq  – pianonun 

qapağı şaqqıltı ilə örtüldü, qollarımız kərənayçıların, skripkaçıların əlləri kimi yanımıza düşdü, 

fleytaçı göz vuraraq fleytasını qabına qoydu,  

qapılar açıldı, soyuq hava içəri doldu, xalatlı xidmətçilər gəldi, barmen işığı söndürdü. Hər şey 

dəhşətli bir xəyal kimi çəkilməyə başladı, bayaq od-alov saçan rəqqaslar üşüyə-üşüyə paltoların 

içinə girib yaxalıqlarını qaldırdılar. Herminenin rəngi avazısa da, gülümsəyirdi. Asta-asta 

qollarını qaldırıb saçını geri sığalladı, qoltuğunun altı işıqda parıldadı, oradan ani, həddən artıq 

zərif bir kölgə qopub örtülü sinəsinə doğru getdi və mənə elə gəldi ki, bu zərif, ani kölgə 

təbəssüm kimi onun gözəl bədənindəki bütün cazibədarlığı, işvələri, imkanları özündə əks 

etdirdi. 

Dayanıb bir-birimizə tamaşa edirdik. Zalda da, binada da yalnız ikimiz qalmışdıq. Haradasa lap 

aşağıda bir qapı şaqqıldadı, şüşə sındı, istehzalı gülüşlər yenicə işə salınan avtomobillərin kəskin, 

qəzəbli uğultusuna qarışıb eşidilməz oldu. Haradansa lap uzaqlardan, yüksəklərdən gülüş səsləri 

eşidildi. Həddən artıq cingiltili, şaqraq, sevinc dolu, həm də dəhşətli, yad bir gülüş idi; büllur 

kimi, buz kimi cingiltili, parıltılı, ancaq soyuq, amansız bir gülüş! Niyə bu qəribə gülüş mənə 

belə doğma görünürdü? Bilmədim... 

Dayanıb bir-birimizə tamaşa edirdik. Bircə anlığa ayrıldım, ayazıdım. Hiss etdim ki, tərdən 

tamam yaş olmuş paltarım kürəyimə yapışıb,  əllərim qızarıb, damarlarım şişib, manjetlər  əzik-

əzik olub, tərə bələnib. Ancaq hamısı keçib getdi. Herminenin bircə baxışı hər şeyin üstündən 

xətt çəkdi.  

Sanki, öz qəlbim onun baxışı ilə özümə baxdı və bütün gerçəklik,  hətta ona qarşı yaranmış 

ehtiras aləmi də həmin baxışların qarşısında darmadağın oldu. 

Sehrlənmiş kimi dayanıb bir-birimizə tamaşa edirdik. O zavallı körpə qəlbim özümə baxırdı. 

– Hazırsanmı? – Hermine soruşdu və təbəssümü də sinəsində gözdən itən kölgə kimi yox oldu.  

Haradasa lap uzaqlarda, yüksəklərdə, naməlum bir məchulluqda o qəribə gülüş yenə cingildədi. 

Başımı tərpətdim. Əlbəttə, hazır idim! 

Həmin anda musiqiçi Pablo qapıda göründü, şən-şən gülümsəyən gözlərini bizə zillədi. Əslində, 

o gözlər heyvan gözləri idi, ancaq heyvanların gözü həmişə ciddi olur, bununku isə həmişə 

gülürdü və həmin gülüş də onları insan gözlərinə çevirirdi. Səmimiyyətlə, mehribanlıqla bizə əl 

elədi. Əynində güllü ipəkdən gödəkçə vardı və onun qırmızı yaxalığının fonunda köynəyinin 

süzülmüş yaxalığı, yorğun, avazımış sifəti həddən artıq solğun, ölgün görünürdü, amma 

parıldayan qara gözləri həmin eybi örtürdü. Onlar həm də gerçəkliyin üstünü örtür, hər şeyi 

sehrləyirdi. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

633 


Yanına getdik, qapıdan çıxanda mənə tərəf pıçıldadı: 

– Qardaşım Harri, sizi qısa bir tamaşaya dəvət edirəm. Giriş yalnız dəlilər üçündür, haqqı da – 

ağıldır. Hazırsınızmı? 

Başımı tərpətdim. 

Əziz dostum! Nəvazişlə, ehmalca qolumuza girdi. Herminenin sağ, mənimsə sol qolumdan tutub 

pilləkənlə aşağı düşürtdü, tavanından mavi işıq süzülən dəyirmi bir otağa gətirdi. Demək olar ki, 

otaq boş idi, balaca bir dəyirmi stoldan, üç kreslodan başqa heç nə yoxdu. Həmin kreslolara 

oturduq. 

Harada idik? Yatmışdımmı? Evdəmi idim? Yoxsa maşına oturub harayasa gedirdim? Yox, mavi 

işığa qərq olmuş dəyirmi bir otaqda oturmuşdum. Havası seyrək idi və hansı layındasa gerçəklik 

getdikcə gözdən itirdi. Bəs Herminenin rəngi niyə belə qaçmışdı? Pablo niyə belə çox danışırdı? 

Bəlkə, onu danışdıran elə mən özüm idim, onun dili ilə danışırdım? Herminenin qonur gözləri 

kimi onun da qara gözlərindən mənə tamaşa edən öz qəlbim – o perikdirilmiş hürkək quşcuğaz 

deyildimi? 

Dostumuz Pablo öz alicənab, bir az da təntənəli, mehriban baxışlarını bizə zilləyərək elə hey 

danışırdı. Ömründə heç bir rabitəli söz danışmayan, heç bir müzakirəyə, lakonikliyə meyil 

etməyən, fikirləşməyə qabil olmayan Pablo indi hərarətlə, rəvan, səlis danışırdı: 

– Dostlar, sizi Harrinin çoxdan arzuladığı, həsrətində olduğu bir tamaşaya dəvət etmişəm. Ancaq 

bir az gecdir və çox güman ki, hamımız yorulmuş olarıq. Ona görə də gəlin  əvvəlcə burada bir 

az dincələk, qüvvə toplayaq. 

Əlini atıb divardakı taxçadan üç qədəh və balaca, məzəli, qəribə bir şüşə, rəngbərəng taxta qutu 

götürdü. Qədəhləri ağzınacan doldurdu, qutudan üç dənə nazik, uzun, sarı rəngli siqaret götürdü, 

ipək gödəkçəsinin cibindən alışqan çıxarıb onları yandırdı. Hərəmiz bir kresloya çöküb tüstüsü 

buxur tüstüsü kimi qalın olan siqaretləri asta-asta sümürür, qurtum-qurtum o kəmşirin, ömrümdə 

duymadığım bir dad verən mayedən içirdik. Və içdikcə də, doğrudan da, həvəsə gəlir, kefimiz 

durulurdu, elə bil, adamın içinə hava dolur, getdikcə yüngülləşirdi. Beləcə oturub siqaretə hərdən 

qullab vura-vura,  

qurtum-qurtum içə-içə yüngülləşir, şənlənirdik. Pablo da öz hərarətli səsi ilə astadan danışırdı: 

– Əziz Harri, çox şadam ki, sizi bu gün nəyəsə qonaq edə bildim. Siz tez-tez öz həyatınızdan 

bezirsiniz. Çox vaxt da ondan  əl çəkmək istəyibsiniz, elə deyilmi? Bu zəmanəni, bu dünyanı, bu 

gerçəkliyi tərk edib, özünüzə bab olan ayrı bir gerçəkliyə, vaxt ölçüsü olmayan bir aləmə getmək 

həsrətindəsiniz. Əziz dost, indi istəyinizə çata bilərsiniz, mən sizi buna dəvət edirəm. Axı özünüz 

həmin dünyanın harada gizlənib qaldığını bilirsiniz. Bilirsiniz ki, axtardığınız dünya öz 

qəlbinizdədir.  

Həsrətində olduğunuz o ayrı gerçəklik də öz içinizdədir. Mən sizə yalnız öz içinizdə olanları 

verər, yalnız öz qəlbinizdəkiləri göstərə bilərəm. Yalnız və yalnız şərait yaradar, həvəsləndirər, 

açar verərəm.  

Öz daxili aləminizi görməyə kömək edərəm, vəssalam. 

O, yenə də əlini əlvan gödəkçəsinin cibinə salıb, dəyirmi bir güzgü çıxartdı: 

– Baxın: özunüzü həmişə belə görübsünüz!Güzgünü gözlərim önünə tutdu (yadıma bir uşaq şeri 

düşdü: «Güzgücük, əlimdəki güzgücük...») və mən dalğın-dalğın, dumanlı gözlərlə ona baxanda 

qorxunc, daxilən narahat, yerində qərar tuta bilməyən, gah köpən, gah səngiyən bir şəkil  – 

özümü, Harri Halleri və həmin Harrinin də içindəki Yalquzağı – o qəşəng, ancaq yazıq-yazıq, 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

634 


qorxa-qorxa baxan canavarı gördüm. Gözlərindən gah qəzəb, gah da kədər yağırdı. Bu canavar 

surəti elə hey Harriyə qarışırdı. Sanki, hansı çayasa başqa bir rəngdə olan qol qarışır, sular 

bulanır, çarpışma başlayır, biri digərini udur, öz rəngini saxlamaq uğrunda amansız döyüş 

gedirdi. Yarıya qədər formalaşmış canavar o gözəl hürkək gözlərini kədərlə mənə zilləmişdi. 

– Necə olduğunuzu özünüz gördünüz,  – deyə Pablo həzin bir səslə təkrar etdi və güzgünü 

təzədən cibinə qoydu. 

Minnətdarlıqla gözlərimi yumub ab-həyat suyundan bir qurtum aldım. 

– Axır ki, dincimizi aldıq,  – Pablonun səsi eşidildi,  – qüvvə topladıq, bir az da çərənlədik.  

Yorğunluğunuz çıxıbsa, sizi öz panoramama aparıb, kiçik teatrımı göstərmək istəyirəm. 

Razısınızmı? 

Ayağa durduq, Pablo gülümsəyə-gülümsəyə qabağa düşdü, qapılardan birini açdı, pərdəni yana 

çəkdi və biz həmin teatrın dəyirmi, nalşəkilli dəhlizinə çıxdıq. Düz ortada dayanmışdıq: hər iki 

tərəfdə lojaların həddən artıq dar qapıları sıralanmışdı. 

– Bu bizim teatrdı, – deyə Pablo izahata başladı. – Özü də əyləncəli teatr. Çox güman ki, xeyli 

gülməli şeylərə rast gələcəksiniz.  – Bunu deyib ucadan güldü. Bu gülüş bircə an çəksə də, bütün 

bədənimə işlədi. Bayaq yuxarıda eşitdiyim həmin cingiltili, qəribə gülüş idi.  – Mənim teatrımda 

istədiyiniz qədər loja var: on dənə, yüz dənə, min dənə… Hər qapının arxasında sizi axtardığınız 

şey gözləyir. Bura gözəl bir şəkil qalereyasıdır,  əziz dost, ancaq onu bu cür gəzsəniz, xeyri 

olmayacaq.  

«Şəxsiyyət» adlandırdığınız şey mane olacaq, gözlərinizi qamaşdıracaq.  Şübhəsiz ki, zamanın 

axarından qopmaq, gerçəklikdən ayrılmaq – bu həsrətə nə ad qoyursunuz-qoyun – əslində, yalnız 

və yalnız «şəxsiyyət» adlandırdığınız şeydən can qurtarmaq arzusu olduğunu çoxdan 

duyubsunuz. Həmin «şəxsiyyət» içində oturduğunuz həbsxanadır; əgər siz teatra elə beləcə də 

girsəniz, hər şeyi Harrinin gözləri, hamısını Yalquzağın eynəyi ilə görəcəksiniz. Ona görə də 

xahiş edirəm, həmin eynəyi atın getsin. O möhtərəm şəxsiyyəti də lütfən həmişə qulluğunuza 

müntəzir olan asılqana təhvil verin. İştirak etdiyiniz gözəl rəqs gecəsi, Yalquzaq haqqında traktat 

və nəhayət, yenicə içdiyiniz qızışdırıcı dərman  

sizi buna yaxşı-yaxşı hazırlayıb. Harri, «şəxsiyyət»inizi təhvil verəndən sonra teatrın sol tərəfi 

sizin ixtiyarınızda olacaq, sağı da Herminenin. İçəridə istədiyiniz vaxt görüşə bilərsiniz. 

Hermine, xahiş edirəm, hələlik pərdənin arxasına keç, əvvəlcə Harrini içəri aparmaq istəyirəm. 

Hermine arxa divardakı nəhəng, döşəmədən tavana qədər uzanan güzgünün yanından keçib sağ 

tərəfdə gözdən itdi. 

– Belə, Harri, indi yaxın gəlin, yaxşı-yaxşı şənlənin. Sizi şənləndirmək, gülməyi öyrətmək bu 

tamaşanın yeganə məqsədidir və inanıram ki, məni çox çətinə salmayacaqsınız. Özünüzü yaxşı 

hiss edirsiniz? Bəli? Qorxmursunuz ki? Elə isə, lap yaxşı! İndicə qorxusuz-hürküsüz, ürəkdən 

ləzzət ala-ala bizim xəyali dünyaya qədəm qoyacaq, qaydaya görə, həmin dünyada yalandan 

özünüzü öldürəcəksiniz. 

Yenə də balaca cib güzgüsünü çıxarıb mənə tərəf tutdu. Güzgüdən o qarmaqarışıq, dumanlı, 

daxilindəki Yalquzaqla didişən Harri baxırdı. Bu xoşagəlməz şəkil mənə lap yaxşı tanış idi, onu 

çox asanca məhv edərdim... 

– Bu mənasını itirmiş  əksi indi yox edəcəksiniz,  əziz dost, daha lazım deyil. Ovqatınız 

yaxşılaşanda, ürəkdən gülə-gülə bircə dəfə ona baxmağınız kifayətdir. Siz indi yumor məktəbinə 

gəlib çıxıbsınız, gülmək öyrənməlisiniz. Ən böyük yumor da o vaxt yaranır ki, insan daha öz 

şəxsiyyətini ciddi qəbul etmir. Diqqətlə balaca güzgüyə – «əlimdəki güzgüyə» baxdım. Harri-



Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin