AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati


Romanlarının bədii xüsusiyyətləri



Yüklə 2,78 Mb.
səhifə13/40
tarix02.12.2016
ölçüsü2,78 Mb.
#673
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

Romanlarının bədii xüsusiyyətləri. Süleyman Rəhimovun devizi “çox yazmaq, yaxşı yazmaq” idi. O, öz ünvanına səslənən tənqidləri, xüsusilə əsərlərinin uzunluğu, dilinin ağırlığı barədə iradları qəbul etmirdi. O, bunu öz üslubu adlandırırdı və müəyyən mənada o, haqlı idi.

Uzun yaradıcılıq illəri ərzində yazıçı öz təfərrüatlı, sözlə yüklənmiş olan yaradıcılıq üslubunu formalaşdırmışdı. Bu üslub bir tərəfdən yazıçının yaxşı bildiyi canlı xalq dilinə, onun şifahi ləhcəsinə, o biri tərəfdən isə onun öz yaradıcı fantaziyasına söykənirdi. Böyük dövlət və partiya vəzifələrində işlədiyinə görə onun ərəb əlifbası ilə yazdığı əsərləri demək olar ki, redaktə edilmir və yazıldığı şəkildə çap edilirdi. Onun romanlarının uzun və iki-üç cilddən ibarət olmasının bir səbəbi də bu idi. Bu xüsusiyyəti ilə yazıçı özünü dünya ədəbiyyatında epopeyalar yazmış klassiklərə bənzədir və bununla fəxr edirdi. Lakin onun romanlarının çox uzun olmasına tənqidi yanaşanlar, bunu qüsur və uzunçuluq sayanlar da olmuşdur. Süleyman Rəhimov isə onun üslubunu tənqid edənlərə qarşı həmişə sərt mübarizə aparmış, öz üslubunu bədii bir hal kimi müdafiə etmişdir.

Süleyman Rəhimov həyatı yaxşı bilsə də, onun süjetlərində həmişə uzunluq müşahidə olunmuşdur. O, hadisələri bir-birinə bağlayıb iri əsərlər yazır, lakin bu əsərlərin kompozisiyası səliqəsiz və ağır olur, ikinci dərəcəli epizodlar romanların əsas xəttini ağırlaşdırırdı. Lakin buna baxmayaraq, Süleyman Rəhimovun yaradıcılığı 1930-1950-ci illərdə nəsrimizin inkişafında özünəməxsus yer tutur. O, ədəbiyyatı həyatdan gələn zəngin tiplər qalereyası ilə zənginləşdirmiş, kənd mövzusunun, bir sıra folklor süjetlərinin işlənməsində böyük xidmətlər göstərmişdir.
Ədəbiyyat:

Seyidov Yəhya. Süleyman Rəhimov, Azərnəşr, 1971.

Xəlilov Qulu. Azərbaycan romanının inkişaf tarixindən, B., Elm, 1973.

Müasir Azərbaycan ədəbiyyatı, Bakı, 2007, I cild.

Əhmədov Teymur. Azərbaycan yazıçıları XX-XXI yüzillikdə, B., 2011.

ƏBÜLHƏSƏN

(1906-1986)

Həyatı və fəaliyyəti. Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə 1904-cü ildə Şamaxı qəzasının (indiki İsmayıllı rayonu) Basqal kəndində doğulmuş, oradakı dörd siniflik rus-tatar məktəbini əla qiymətlərlə bitirmişdir. Digər proletar kadrları kimi, onun da yüksəlişində rus dilini bilməsi əsas rol oynamışdır. O zaman fəhlə kadrlarının əksəriyyəti nəinki rus dilini, heç yazıb-oxumağı da bilmirdilər. Rus dilini bildiyi üçün gənc vaxtlarından bu dildə olan mərkəzi, yerli bolşevik qəzet və jurnallarını oxuyan Əbülhəsən kasıb ailədən çıxdığına görə həm də səmimi olaraq proletar ədibləri hərəkatına qoşulmuşdu.

Bakıda sovet hakimiyyəti qurulan kimi Azərbaycan İnqilab komitəsinin sədri Nəriman Nərimanovun imzası ilə verilən Dekretə əsasən ölkədə Azərbaycan dilində orta təhsil sistemi yaradılmağa başladı. Müəllim kadrları çatışmadığı üçün bütün ölkədə üç aylıq müəllim kursları təşkil edildi. 1920-ci ildə Əbülhəsən də üç aylıq müəllimlik kursunu bitirib ibtidai məktəbdə dərs demək hüququ qazandı. Həmin il o, Şamaxı qəzasının Nuran kəndində müəllimliyə başladı. 1921-ci ildə isə Bakı Darülmüəlliminə (pedaqoji texnikum) təhsilini davam etdirməyə göndərilən Əbülhəsən dörd il burada təhsil aldıqdan sonra 1925-ci ildə Dərbənd Pedaqoji Texnikumuna müəllim təyin edildi.

O zaman təhsil ocaqları mədəni inqilabın, o cümlədən proletar ədəbiyyatının yaradılması planlarının əsas mərkəzləri idi. Burada iki il dərs dediyi müddətdə Əbülhəsən bütün dərnəklərlə maraqlanır, onların işində iştirak edir, komsomol hərəkatına qoşulur, yeni quruluşu himayə edən çoxsaylı yığıncaqlarda çıxışlar edir, özünü bolşevik ideyalarının, sinfi mübarizənin tərəfdarı, varlı siniflərin düşməni kimi göstərir.

O zaman Dərbənddə “Maarif yolu” adlı jurnal dərc olunurdu. Yaradıcılığa şeirlərlə başlayan Əbülhəsənin ilk mətbu şeirləri və yazıları da bu jurnalda çap edildi. Burada o, yerli ziyalılarla, həmçinin Dağıstanın məşhur el şairi Süleyman Stalski ilə tanış olur.

Gələcək yazıçının doğulub böyüdüyü Şamaxı qəzasının kəndlərində Dağıstan mənşəli ailələr çox idi, buna görə də Dərbənd mühiti ədib üçün doğma bir yer idi. “Yoxuşlar” və “Dünya qopur” romanlarının həyat materialının bir qismini də yazıçı burada toplamışdı.

Dərbəndin bolşevik rəhbərliyinin diqqətini cəld edən Əbülhəsən 1926-cı ildə Bakıya, Lenin adına Pedaqoji İnstituta ali təhsil almağa göndərilir. 1927-ci ildə Əbülhəsən fəal və etibarlı komsomolçu kadr kimi Bakıya çağırılır. O, Balaxanada və Tovuz rayonunda maarif şöbəsinin müdiri işləyir, bütün gücünü və bacarığını mədəni inqilab hərəkatının reallaşdırılmasına verir. Bolşevik mətbuatında jurnalist kimi imzası görünəndə onu Azərnəşrdə redaktor işinə təyin edirlər. O zaman bolşevik mühitində köhnə müəllim, ziyalı və yazıçı kadrlarına qərəzli münasibət, bəzən açıq nifrət vardı. Onları işlədikləri yerlərdən “burjua kadrı” deyib qovurdular. Direktivləri Moskvadan gələn bolşevik mədəni inqilabının məqsədlərindən biri mənşəcə fəhlələrdən ibarət olan kadrlardan proletar ədibləri və proletar ədəbiyyatı yaradılması idi. Əbülhəsən bu tələblərə cavab verən və bu işə yarayan kadrlar siyahısına daxil edilmişdi. Bu siyahıda onunla birgə Süleyman Rüstəm, Ruhulla Axundov, Süleyman Rəhimov, Əli Vəliyev, Sabit Rəhman, Məmməd Rahim, Mehdi Hüseyn, Rəsul Rza və başqaları vardı. Bu insanlarda mühitin təsiri ilə köhnə müəllimlərə, ədiblərə nifrət və qərəz hissləri formalaş­mışdı. Onların hamısı köhnə ədibləri – C.Məmmədqulu­zadəni, Ə.Haqverdiyevi, M.Hadini, H.Cavidi, C.Cabbarlını və başqalarını aşağılayan, “burjua millətçisi” və sair adlarla tənqid edən məqalələr də yazmışdılar. Bu, ədalətsiz və mədəniyyətin əsaslarına zidd olsa da, gerçəklik idi, bolşevik ədəbi siyasətinin nəticəsi idi.

Əbülhəsənin ədəbi yüksəlişi belə bir ədəbi-siyasi mühitdə gedirdi. Onun Azərnəşrə redaktor təyin olunması yazıçılıq yolunda böyük uğur idi. Burada o, başqalarının əlyazmalarını oxuyub onlara rəy verir, qovluğun yeni proletar ədəbiyyatının tələblərinə uyğun olub-olmadığını müəyyən edirdi. O biri tərəfdən, nəşriyyatda işləmək oranın nəşr planlarına düşməyi qat-qat asanlaşdırırdı. Məsələn, 1930-cu ildə Azərnəşrdə Əbülhəsənin hekayələrdən ibarət iki kitabı çıxdı. Bunlar balaca kitablar idi: “Araz” cəmi 39 səhifə, “Boşandı” isə 89 səhifə idi. Ən mühümü o idi ki, bolşeviklər proletar yazıçılarına böyük məbləğdə qonorar verirdilər. Bu qonorar elə yüksək idi ki, çox halda istedadsız adamların ədiblik karyerası seçməsinə səbəb olurdu.

Amma Əbülhəsən belələrindən deyildi. O təvazökar, ob­yektiv bir insan idi, ədəbi əsərlərin və qovluqların qiymətlən­diril­məsinə çox məsuliyyətlə yanaşırdı. Əbülhəsən bir müddət Dövlət Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində də çalışmışdı. O, Azərbaycan Yazıçılar İttifaqını təsis edən cavan proletar kadrlarının kiçik dəstəsinə daxil olduğuna görə yaradıcılıqla bağlı məsələlərin həllində yaxından iştirak edirdi. Yazıçı 1934-cü ildə Sovet Yazıçılarının birinci qurultayında da iştirak etmişdi.

Bolşevik hökuməti hər şeydə olduğu kimi ədəbi quruculuqda da ardıcıl idi. Əgər Moskva cavan proletar mənşəli yazıçıların ədəbi prosesdə hegemon rolunun təmin edilməsini tələb edirdisə, deməli bu, icra edilməli idi və rəhbər partiya orqanları buna nəzarət edirdilər. İlk hekayə kitablarından sonra 1933-cü ildə Azərnəşrdə buraxılan “Yoxuşlar” romanı müəllifin ciddi uğuru idi. Bundan sonra 1934-cü ildə Əbülhəsən Yazıçılar İttifa­qına üzv qəbul edildi. O zaman cavan bolşevik tənqidi bu hadisəni bayram kimi qarşıladı: cavan fəhlə-yazıçı kolxoz qurucul­uğundan roman yazmışdı. Siyasi həyatda kollektiv­ləş­mənin qızğın çağında, kənddə mülkiyyətin ictimailəşməsi uğrunda çətin mübarizə getdiyi bir vaxtda bu hadisələri göstərən əsərin ortaya çıxması maraqlı hadisə idi. Yəni yuxarı bolşevik orqanlarının tələblərinin praktik şəkildə icrası idi. Bu əsər sonralar bütün sovet ədəbiyyatı tarixi kitablarında da tərifləndi.

Əbülhəsənin sosialist realizmi cərəyanındakı mövqeyi də onun ilk Azərbaycan sovet romanının müəllifi olması ilə bağlıdır. Romanda kolxoz quruculuğu prosesi ucqar bir kəndin timsalında qələmə alınmışdır. Bu əsər çap olunarkən müəllifin 29 yaşı var idi. Onun ədəbi bioqrafiyası da, yazdığı romanın süjeti də o dövr sosialist realizmi cərəyanı üçün təzə deyildi. 1928-ci ildə bu mövzuda C.Cabbarlının “Almaz” pyesi tamaşaya qoyularaq böyük uğur qazanmışdı. Rus ədəbiyyatında isə kəndə kolxoz qurmağa gedən inqilabçı fəhlə haqqında M.Şoloxovun “Oyanmış torpaq” romanı çıxmışdı. C.Cabbarlıda kəndə gedən gənc müəllimə Almaz adlı qadındır, Əbülhəsəndə isə kənddə kolxoz quran fəhlə Bakıda toxuculuq fabrikində işləmiş Bünyaddır.

Əbülhəsən çox cavan ikən - iyirmi doqquz yaşında fəhlə kadrlarından olan həmkarlarını - S.Rəhimovu, M.Hüseyni, Mir Cəlalı, Ə.Vəliyevi qabaqlamışdı. Bunun əsas səbəbi onun doğulduğu kənddəki rus-tatar məktəbində yaxşı oxuması və rus dilini yaxşı bilməsi idi. Cavan ədib rus dilində Moskvada çıxan ədəbi jurnalları mütaliə edərkən onların təcrübəsini mənimsəmişdi. O biri tərəfdən, onun yaxşı müşahidə qabiliyyəti və həyat biliyi var idi. Ona görə Əbülhəsən kolxoz quruculuğu haqqında əsəri yazarkən uydurma yolu ilə getmədi, öz doğma kəndində baş verən hadisələrdən, insan talelərindən və münasibətlərindən istifadə etdi. İctimai sifarişi həyat həqiqətləri ilə, konkret adamlarla bağladı. Nəticədə o, kolxoz kəndinin yenidən qurulması mövzusunda əsəri birinci yazıb çap etdirdi. Lakin tənqid əsərdə tələskənlik olduğunu görüb qeydlərini yazıçıya bildirdi. Nəticədə Əbülhəsən əsərə qayıdıb onu işlədi və genişləndirdi. O, “Yoxuşlar”ı iki dəfə təkmilləşdirib yeni variantda çap etdirdi. 1933-cü ildə çap olunan birinci variant cəmi 158 səhifə, 1938-ci ildə çıxan “Yoxuşlar” isə 219 səhifə idi. Əsərin 1962-ci ildə çap edilən əsaslı şəkildə işlənmiş üçüncü variantı isə 546 səhifə idi, yəni həcmi iki dəfə artırılmışdı.

“Yoxuşlar”ın uğurundan ilhamlanan Əbülhəsən ikinci “Dünya qopur” adlı romanını yazdı. Bu əsər də 1933-cü ildə kitab şəklində çıxdı. Bu roman da sosialist realizmi üçün səciyyəvi olan inqilabi-tarixi mövzuda idi. Əsər Azərbaycanın 11-ci Qızıl Ordu tərəfindən istila edilməsindən əvvəl və sonra baş verən hadisələrə həsr olunmuşdu. Bu hadisə kitab çıxan vaxtdan cəmi 13 üç il əvvəl baş vermişdi. “Şamo”da olduğu kimi, bu romanda da milli Demokratik Cümhuriyyət hökuməti eyni mövqedən, yəni istis­marçı bəy-kapitalist hökuməti kimi tənqid olunurdu. Bu tənqidlər sifarişli idi və 1930-cu illərin əvvəllərində kollektivləşmə böyük müqavimətlə rastlaşdı. Bunun nəticəsi olaraq ölkədə aclıq başlandı.

Bu vəziyyətdə ortaya yeni siyasi tezis - kolxozlaşmaya keçid dövründə sinfi mübarizənin kəskinləşməsi söhbəti atıldı və o, geniş siyasi kampaniyaya çevrildi. Əslində, “Dünya qopur” romanı bu kampaniyaya cavab kimi yazılmış, əsərdə sovetlərə müqavimət göstərmiş sinfi düşmənlərin “ifşası”na geniş yer verilmişdi.

Amma həyatın özündə nə kolxozlaşmanın “Yoxuşlar”da göstərilən uğurları, nə də “Dünya qopur” əsərində göstərilən inqilab olmamışdı. Sosialist realizmi ədəbiyyatının vəzifəsi bolşe­viklərin sifariş və arzularının reallıq kimi göstərilməsi idi. Ədəbi əsərin bədii səviyyəsi bolşevik ideoloqları üçün maraqlı deyildi. Onlar ədəbiyyata öz siyasətlərinin təsdiqi və himayəsi üsullarından biri kimi baxırdılar. O zaman cavan və təcrübəsiz bir yazıçı olan Əbülhəsən də buna riayət etmişdi.

Yazıçının yaradıcılığının ən qiymətli mövzusu Böyük Vətən Müharibəsi ilə bağlıdır. O, öz həmkarlarından fərqli olaraq müharibənin birinci günündən qələbəyədək hərbi qulluqda olmuş, Şimali Qafqazda gedən qanlı döyüşlərdə iştirak etmişdi. Yazıçı 416-cı Milli Azərbaycan Diviziyasının kapitanı rütbəsində olan rota komandiri kimi Şimali Qafqazda Kerç yarımadası uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Onun azərbaycanlı əsgərlərdən ibarət rotası Sevastopol şəhərinin faşistlərdən müdafiəsi üçün vuruşmuşdu. Yazıçı burada hərbi əməliyyatları öz gözü ilə görmüş və gələcək əsərləri üçün material toplamışdı. Lakin tarixdən məlum olduğu kimi, faşistlər Kerç yarımadasını son nəticədə ələ keçirə bilmiş və milli diviziyamız orada faciəyə uğramışdı.

Müharibədən sonra Əbülhəsən 1960-cı illərin sonlarına qədər əsasən müharibə mövzusunda əsərlər yazdı. O, 1950-1953-cü illərdə Yazıçılar İttifaqının orqanı olan “Azərbaycan” jurnalının baş redaktoru vəzifəsində işlədi. Obyektiv bir redaktor kimi bu vəzifədə məsuliyyətlə çalışdı. Bu, hələ İosif Stalinin sağ olduğu və total ideoloji nəzarətin çox güclü olduğu illər idi. Adi bir siyasi cümləyə görən vəzifəli adamı, redaktoru vəzifədən çıxarır, sayıqlığı itirmiş adam kimi müzakirəyə qoyurdular. Lakin Əbülhəsən bu vəzifədə məsuliyyətlə işlədi, xüsusilə müharibə mövzusunda, Mingəçevirin tikintisi haqqında qiymətli oçerklərin dərc edilməsinə çalışdı.

Ədib ikinci dəfə “Azərbaycan” jurnalında redaktor vəzifəsində 1960-1963-cü illərdə işlədi. Bu da mürəkkəb bir dövr idi. Stalinin cinayətləri və repressiyaları Xruşşov tərəfindən ifşa olunduqdan sonra ədəbiyyat mühitində mürəkkəb mübarizələr gedirdi. Qoca, iki-üç sinif savadı olan mühafizəkar kadrlar Stalini müdafiə edir, onun ifşasını partiyanın ziyanına olan bir iş sayırdılar. Lakin mütərəqqi qüvvələr Stalinin şəxsiyyətə pərəstişinin ifşasının ölkədəki ideoloji təpkinin aradan aparılması üçün tarixi əhəmiyyətini dərindən anlayırdılar. Əbülhəsən də onların sırasında idi və o, 1960-cı illər ədəbi nəslinin ərsəyə gəlib özünü təsdiq etməsi üçün böyük xidmətlər göstərdi. Yazıçı açıq yazıb danışmasa da, əməldə cavan nəsli, Stalinin tənqidinə müsbət baxan yaradıcıları himayə edirdi. Onun bir üstünlüyü də ədəbi dəstəbazlıqdan, kampaniyalarda iştirak etməkdən uzaq olması uzaq idi.

Lakin yazıçının öz yaradıcılığı Xruşşov reformalarından sonra da dəyişmədi. Bunun bir səbəbi də yazıçının müharibə mövzusuna XX Partiya Qurultayından çox əvvəl, həm də uğurla müraciət etməsi idi. Yaşca ondan daha cavan olan gənc yazıçılar isə müharibə mövzusuna yeni tərzdə yanaşmağa çalışırdılar. Əbülhəsən üçün isə bu, həyat həqiqətinə daha da yaxınlaşmaq idi.

1970-1980-ci illərdə artıq yaşlanan ədib nisbətən az yazırdı. Ədəbi prosesin mövzu mənzərəsindəki yeniliklərə qoşulmaq onun üçün çətin idi. Buna görə yazıçı öz üslubuna sadiq qalır, yaxşı tanıdığı insanların xarakteri və yaşantısı barədə hekayə və povestlər yazırdı. 1967-ci ildə çıxan “Tərs adamlar” adlı povestlər toplusu, 1973-cü ildə çıxan “Tamaşa qarının nəvələri”, eyniadlı povestdən ibarət “Utancaq” (1975) kitabları bu qəbildən idi.

Əbülhəsən hərbi əməliyyatlarda iştirakına görə üç dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmiş, 1979-cu ildə Azərbaycanın Xalq Yazıçısı fəxri adını almışdır. Yazıçı 1986-cı ildə vəfat etmiş və öz vəsiyyətinə əsasən doğma kəndi Basqalda torpağa tapşırılmışdır.



Müharibə mövzusu. Əbülhəsən operativliyini, həyat hadisələrini qabaqlamaq bacarığını müharibənin ağır illərində də itirmədi. Orduda olmasına baxmayaraq, onun hadisələrin isti izi ilə qələmə aldığı hərbi hekayələri, əvvəlcə ədəbi mətbuatda, sonra isə kitab şəklində çıxırdı. 1943-cü ildə, müharibənin ən ağır dövründə Azərnəşrdə yazıçının 56 səhifəlik “Krım hekayələri” kitabı çap edildi. Bu kitabdakı və müharibə illərində çıxmış digər kitablarındakı hərbi hekayələr ədəbiyyatımız üçün bəlkə də “Yoxuşlar”dan daha qiymətli idi. Bu hekayələrdə azərbaycanlı döyüşçü obrazı yaradılır, həmvətənlərimizin döyüş bacarığı göstərilirdi. Dövrün tənqidi bunu hələ müharibə illərində qeyd edir və qiymətləndirirdi. Çünki müharibənin ilk illərində azərbaycanlı əsgərlər haqqında mənfi şayiələr yayılmışdı.

Lakin məsələ təkcə bunda deyildi. Əbülhəsən müharibə illərində Böyük Vətən Müharibəsini əks etdirən Azərbaycan müharibə nəsrinin əsaslarını yaratdı. Sonralar Süleyman Vəliyev, Yusif Əzimzadə, Hüseyn Abbaszadə, Bayram Bayramov, İsmayıl Şıxlı kimi cəbhəçi yazıçılar da insan həyatının ən mürəkkəb mövzularından biri olan müharibə mövzusunda yazdılar. Amma Əbülhəsən yenə birinci oldu. Adı çəkilən yazıçılar isə əsasən 1960-cı illərdə bütün sovet ədəbiyyatında müharibə mövzusuna qayıdış prosesi çərçivəsində yazırdılar. Bəziləri isə heç müharibədə iştirak etmədən bu barədə yazırdı. Əbülhəsən isə ədəbiyyatımıza müharibənin az qala sənədli ab-havasını, qanlı-qadalı gerçəkliyini gətirdi. Bu, ədəbiyyatımızda yenilik və ona böyük xidmət idi. Yazıçı vətəndaş müharibəsinin yox, doğma torpağı yadelli düşməndən qoruyan fədakar Azərbaycan əsgərinin obrazını yarada bildi və ədəbiyyata gətirdi. Bu obraz yazıçının müharibə illərində buraxdığı daha iki kitabında mühüm yer tuturdu: “Görüş yeri” 1943-cü ildə, “Atalar və oğullar” isə 1944-cü ildə çap olundu. Həcmcə böyük olmayan bu kitablar bədii sanbalca əhəmiyyətli idi.

Müharibə mövzusunda bir sıra hekayələrdən sonra 1946-cı ildə Əbülhəsənin “Müharibə” adlı romanı çıxdı. O, yenə həmkarlarını qabaqladı. Çünki müharibənin bitməsindən az sonra bu mövzuda yazan az idi. Bu, asan deyildi, hadisələrin düzgün dərk olunması üçün zaman məsafəsi lazım idi. Sosialist realizmi məcrasında çalışan yazıçı kimi Əbülhəsən birinci olmağın, aktual mövzuda birinci yazmağın xeyrini bilirdi. Birinci cild çıxandan sonra yazıçı “Müharibə” romanı üzərində on il də işlədi. İkinci kitab “Dostluq qalası” adı ilə 1955-ci ildə, üçüncü kitab isə 1956-cı ildə çapdan çıxdı.

Son variantda “Dostluq qalası” adlandırılmış bu üç kitablıq roman ədəbiyyatımızda Böyük Vətən Müharibəsi haqda yazılmış ən qiymətli əsərlərdən biridir və bu gün də öz bədii-tarixi əhəmiyyətini saxlayır. Əsərin ən qiymətli cəhətlərindən biri burada 416-cı Azərbaycan Milli Diviziyasının döyüş yolunu az-çox əks etdirməsidir. Azərbaycanın öz ordusu olmadığı üçün bu diviziya milli hərbi kadrlardan ibarət yeganə hərbi qurum idi, milli dövlətçilik idealları baxımından bu diviziyanın böyük tarixi mənası var idi.

Müharibə romanı, ilk növbədə, milli diviziya hissələrinin Sevasto­polda ağır müdafiə döyüşlərindəki mərdliyini, hünərini gös­tərməklə Azərbaycan əsgərinin döyüşçü nüfuzunu möh­kəmləndirir və gələcək nəsillərə ötürürdü. Romanda həm hərbi əməliy­yatlar, döyüşən ordu, həm də sovet-alman cəbhəsinin Şimali Qafqaz istiqamətindəki ümumi vəziyyəti, tərəflərin möv­qeləri, bütün cəbhə istiqamətindəki hadisələr dəqiqliklə göstə­rilirdi. Roman xalqımızın Böyük Vətən Müharibəsindəki iştira­kını epik genişliklə göstərən bir epopeya kimi düşünülmüşdü. Bu­na baxmayaraq, romanda müxtəlif millətlərdən olan döyüşçülərin dostluğu, cəbhə qardaşlığı inandırıcı boyalarla qələmə alınmışdır. Əsərdə bir sıra mətin, sadiq rus zabit və generallarının obrazları da vardır.

“Dostluq qalası”nda xalqların dostluğu, əsgər qardaşlığı qələbənin əsas şərtlərindən biri kimi göstərilirdi. Bu stalinizmin ifşasına qədər sosialist realizmi cərəyanının əsas fikir motivlərindən biri idi. Ümumiyyətlə, Əbülhəsən öz romanının üç hissəsini yazıb çap etdirdiyi dövrdə bütün sovet ədəbiyyatında müharibənin qəhrəmanlıq kimi təqdimi dövrü idi. 28 milyon insan həyatını aparmış, milyonlarla uşağı yetim qoymuş, ev-eşikdən məhrum etmiş bir hadisəni kütləvi qəhrəmanlıq kimi qələmə vermək nə tarixi həqiqətə uyğun idi, nə də insafa sığırdı. Lakin Əbülhəsən özü bu məsələdə heç bir yenilik edə bilməzdi. Romanın əsas qüsurları da buradan irəli gəlirdi: qəhrəmanlıq səhifələri çox idi, amma insanların dörd ildə çəkdikləri iztirab və dözdükləri faciələr az yer tuturdu. Bu, Stalin rejiminin tələb etdiyi müharibə obrazı idi.

Romanda müharibə və arxa cəbhə həyatı növbəli surətdə təsvir olunur. Burada sənaye Bakısı, neftçilərin cəbhəyə kifayət qədər yanacaq yollamaq üçün göstərdikləri dözüm və çəkdikləri zəhmətlər də əksini tapmışdır. Əsərin bir sıra epizodlarında hadisələr yazıçı üçün doğma olan dağ kəndinə keçirilir, insanların orada keçirdikləri müharibə illəri də özünə yer tapırdı. Əbülhəsən burada hadisələrin tarixi əhatəsini bacardıqca genişləndirir, fəhlə, kəndli, ziyalı, məmur və əsgərə qədər bütün insanların müharibə dövründəki çətin həyatını bədii şəkildə işıqlandırmağa çalışırdı.

Romanın qiymətli cəhətlərindən biri də burada azərbaycanlı döyüşçülərin obrazlarının yaradılması idi. Bölük komandiri Kəyan Hacıyevin obrazı xüsusilə canlı alınmışdır. İxtisasca aqronom olan bu insan torpaq üzərində öz işini qoyub onu müdafiəyə gəlib. O, torpağın müqəddəsliyini yaxşı anlayır və öz əsgərlərinə də izah etməyə çalışır. O, iradəli, lakin ədalətli bir komandirdir. Hər bir əsgər kimi o da səbirsizliklə qələbəni gözləyir, onun uğrunda vuruşur. Əsərdə starşina Kərim, Tapdıq, Aşıq Səmim kimi döyüşçü obrazları da rəğbət doğurur, milli xarakterimizin ən yaxşı keyfiyyətlərini təmsil edirlər. Yazıçı onlarda sadə əsgər nikbinliyini, alov və ölüm içində qorunan həyat eşqini inandırıcı boyalarla qələmə almışdır.

Əbülhəsənin sosialist realizmi prinsipləri əsasında yazdığı əsərlər içərisində “Dostluq qalası” ciddi tərbiyəvi məna və əhəmiyyət daşıyan bir əsərdir. Burada Azərbaycan xalqının müharibə dövrü həyatı barədə geniş bədii informasiya vardır. Əsəri qiymətli edən cəhətlərdən biri də onun yazıçının müharibə barədə geniş həyat biliyini və həyat həqiqətlərini əhatə etməsidir.

1960-cı illərdən sonrakı yaradıcılığı. Yazıçının mü­haribədən sonrakı illərdə yazdığı “Tamaşa qarının nəvələri”, “Utancaq”, “Hələ gec deyil” kimi povestlər həyat materialının dolğunluğu, xarakterlərin inandırıcılığı baxımından “Dostluq qalası” romanı səviyyəsindən aşağıdır.

Sədaqət” (1979) adlı romanda isə yazıçı Azərbaycanda üzümçülüyün inkişafı kampaniyasını göstərməyə çalışır, sosialist realizminin əsas mövzusu olan əmək adamlarını tərənnüm edir. Bu əsər həm də yazıçının sonuncu romanı idi.

Əsər sosialist realizmi baxımından yazıldığı üçün yazıçının əsas yaradıcılıq xüsusiyyətlərinin davamı idi. Əbülhəsənin bütün digər əsərlərində olduğu kimi, “Sədaqət” romanında da şəhər və kənd həyatının paralel təsvirini görürük. Onun doğma Basqal kəndi Bakıdan çox uzaq olmadığı üçün o, ömrü boyu bu kəndlə əlaqələrini qorumuş, bu böyük və qədim kəndin adamlarını öyrənərək əsasən onları təsvir etmişdir. Bu qəhrəmanların çoxu canlıdır, dəqiq ştrixlərlə qələmə alınmışdır. Lakin süjet və kom­pozisiya cəhətdən “Sədaqət” tipik bir istehsalat romanıdır. Əsərdə üzümçülüklə məşğul olan istehsal müəssisələri üç səviy­yədə təsvir olunur. Baş idarə, trest və üzüm əkən sovxoz.

Bu üç səviyyə arasında əlaqə yaradan müsbət qəhrəman Əh­məd Nuriyevdir. Roman onun şərəfinə “Sədaqət” adlanıb. Söh­bət avtomobil qəzasında ölən dosta sədaqətdən gedir.

Qəza üzümçülərin rayonlararası müşavirəsindən qayıdar­kən üzüaşağı gələn “Volqa”nın sağ qabaq təkəri buraxdığına görə baş vermişdir. Dörd nəfər sərnişindən arxada oturan iki nəfəri yün­gülcə zədələnmiş, sükan arxasında olan trest rəisi, aqronom Xalıq İmanov xəstəxanaya gətiriləndən bir neçə saat sonra keçinmişdir. Əhməd Nuriyevin üç qabırğası və sol qıçı sınmışdır. İki aydan çox xəstəxanada yatandan sonra o, ağacla, axsaya-axsaya gəzir.

Əhməddən olsa, xəstəxanadan çıxan günü sovxoza, işinə gedərdi. Nümunəvi müsbət qəhrəman kimi, “əmək” adamı kimi o istehsalata can atır. Ancaq həkimlər təkid ediblər ki, iki həftə rayon mərkəzində qalıb yaralarını sarıtdırmalıdır. Əhməd Nuriyev hansı səbəbə görə tezliklə sovxoza getməli idi? Ona görə ki, Əhməd əmək adamı kimi sosializm yarışında iştirak edir. Yarışda iştirak, yarışda qələbəyə can atmaq da əmək adamı obrazının ümdə xüsusiyyəti idi. Axı qəzada ölən dostu və çalışdığı trestin müdiri Xalıq İmanov sağ olanda ona deyib ki: planı birinci yerinə yetirən sən olacaqsan.

Əhməd Nuriyev sədaqətli dostdur, ona görə Xalıqın ölüm xəbərini eşidəndə Əhməd ağlaya-ağlaya öz-özünə deyir: “Xalıq, sözümüz sözdür, vəsiyyətini yerinə yetirmək üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Xəstəxanadan çıxdığı gündən Əhməd Nuriyev qəzaya uğrayıb həlak olmuş aqronomun arvadı Nabata rast gəldikcə ondan hey bu sözləri eşidirdi: “Baxın, uşaqlar, atanızı güdaza verən bu qocadır. Özü sağ-salamat durur, amma cavan atanız bədbəxt oldu getdi.”

Bunlar adi sözlər deyil, romanın konfliktinin əsas bir xəttini ölmüş dostun arvadı Nabatın Əhməd Nuriyevə qarşı düşmənçiliyi təşkil edir. Bu düşmənçilik ancaq əsərin sonunda bitir və əsərə yekun vurmuş hesab edilir.

Əhməd Nuriyevin həyat yolu enişli-yoxuşlu olmuşdur. İllər uzunu böyük vəzifələrdə olub yaxşı əməkçi kimi bütün respublikada tanınmış Əhməd Nuriyevin vəzifəsində böyüyəcəyi gözlənildiyi halda, gözlənilməz bir əngəl törəyir və o, yaddan çıxır. Amma Əbülhəsənin müsbət qəhrəmanı ruhdan düşməyib həvəslə öz işinə davam edir.

Keşməkeşli həyat yolu keçib əlli yaşı ötəndə, onu istəməyənlər bəhanə tapıb “qocalırsan” - deyib onu öz rayonlarına aqronom göndərmək söhbətini ortaya atırlar. Bu vaxt Əhmədin dostu, baş idarənin şöbə rəisi Əlihüseyn Çaylıyev məzuniyyətdə idi. Əhməd məsələni yəqin bilmək üçün baş idarəyə gedir. Orada rəisi Rəfiyevlə görüşür. Rəfiyev qorxur ki, Nuriyev çox səs-küy salar. Amma arxayın olandan sonra sakitcə onunla üzbəüz oturub insanın yaşının yüksək vəzifəyə, tərəqqiyə təsiri barədə Nuriyev üçün uzun-uzadı söhbət açır. Bu nitqindən sonra Rəfiyev susur. Əhməd Nuriyev isə soruşur:

- Məni aqronom göndərmək barədə əmr vermisən?

Rəfiyev canını dişinə tutub əlavə edir:

- Sən nə danışırsan, sənin kimi mütəxəssisi adi aqronom gön­dərim? Sabir adına sovxoza direktor. Öz rayonumuza gön­dərirəm. Bu saat əmri verib imzalayaram. Get başını aşağı sal işlə.

Əhməd Nuriyevin sovxoz direktoru keçirilməsi tarixçəsi belə verilir. Bu həm də qəhrəmanın öz saxtakar rəhbərliyi ilə konfliktidir. Əhməd bu konfliktdə ardıcıllıq göstərir.

Müsbət qəhrəman başqa işə keçiriləndə sınmır, əmək cəb­həsində həvəslə çalışır. İndi onun ən ümdə arzusu dostu Xalıq İma­novla birgə gələcək üçün qurduqları planları həyata keçir­məkdir. Onun digər işi macal varkən Xalıqın qəbrinə gedib dəy­mək­dir. O, dostunun qəbrinin üstünü öz hesabına düzəltdirmək istə­yir. Çalışır ki, qəbir üstünə getdiyindən bu dəfə də Nabatın xə­bəri olmasın.

Lakin qəbir üstə gəlişlərinin birində Nabat onu yaxalayıb acıla­yır. Nabatın səsi qəfildən onu diksindirir:

- Rədd ol burdan get. Cavan adamı məhv eləyib, sonra da qəb­rinin üstünü götürmək xəyalına düşmüsən?! - deyib, Əhmədi daş qalağının üstünə itələyir. Lakin Əhməd səbirlidir, əsəbi ar­vada görə dostuna sədaqətini itirmir, başladığını axıra çatdırır.

Epizodların birində Bakıya gəlmiş Əhməd Nuriyev dostu Əlihü­seyn Çaylıyevlə görüşüb söhbətləşirlər. Söhbət yaxşı işçilərin saxtakar baş idarə rəhbəri Rəfiyevi ifşa etmək istək­lə­rin­dən gedir. Əhməd baş idarədə şöbə rəisi olan yoldaşının yazılı rapor­tunu təkrar oxuyub, narazılıqla soruşur:

- Bu neçə ayda yazdıqlarını saxlayıb qurudursan, nə özün tərpənirsən, nə də bizim xəbərimiz olur. Özümüz də iki dostuq. Rəfiyev dedi düzəldərik nöqsanlarımızı, sən də inanıb oturdun?

Burada söhbət müsbət qəhrəmanların ədalət və düzlük uğrunda mübarizəsindən gedir. Əlihüseyn niyə ehtiyatlı olduğunu izah edir: guya şayiə yayıblar ki, Nabat qəza söhbətini təzədən qaldırır, bu dəfə işi respublika prokurorluğuna verməyə hazırlaşır. Amma əlavə edir ki, bunlara inanmır.

Sonra iki müsbət qəhrəman məhsulun keyfiyyəti məsələsinə keçirlər. Sovxozun konyakının dadına baxmaq üçün içəndə yenə Nabat peyda olur, onlara hücum edib deyir:

- Qanı batırıb kefə oturmusunuz? - Bunu deyib, stolun üstündə nə vardı, sivirib döşəməyə xalçanın üstünə tökür. Sonra Əhmədin üstünə cumub onu döyəcləməyə başlayır. Nabat usanmaq bilmir. Romanın sonunda görəcəyik ki, o, pis adam deyil, müsbət qəhrəman üçün səciyyəvi olan “səmimi xəta”ya yol verir. Lakin bu, romanın sonluğunda aydınlaşır.

Növbəti epizodlarda saxtakar baş idarə rəisi Rəfiyevə qarşı mübarizə motivi əsərin mərkəzinə gəlir. Məlum olur ki, o, qərəzli olaraq müsbət qəhrəman Əhmədə töhmət verib, halbuki onun xəstəxanada olduğunu bilir. Növbəti epizodlarda digər işçilər - katibə Sədaqət, Talıbov və başqaları da saxtakar baş idarə rəhbəri Rəfiyevə qarşı mübarizəyə qalxırlar. Burada sosialist realizminin əsas tələbi - müsbət qüvvələrin mənfi qüvvələrdən üstünlüyü ortaya gəlir, Rəfiyev ifşa edilir. Məlum olur ki, yığılan üzümün şəkərinin aşağı olmasında günahkar odur. Çünki üzüm hələ göy olanda onun yığılması barədə əmr verir, sonra isə öz nöqsanını başqalarının üstünə atır.

Romanın sonunda hətta onun gəlininə atılan böhtanların da mənfi qəhrəmanların işi olduğu bəlli olur. Onlar Əhmədin dul qadın Fitatla evlənməsinə də əngəl törədirlər. Lakin sosialist realizminin tələb etdiyi nikbin sonluqda bütün maneələr aradan qalxır. Hətta Nabat da öz səhvini başa düşür, Əhməd Nuriyevin müsbət insan, ərinin həqiqi dostu olduğunu anlayır və peşmançılıq çəkir. Əsər Nabatın bu peşmançılıq hisslərinin təsviri ilə bitir.

Sonda Əhməd ölmüş dostunun oğlu Yaşarın əlindən tutub üzüm sahələrinə girirlər. Bu sonluq əsərin bütün problemlərini əslində həll etmir. Amma ədalətin bərpasına, pis adamların ifşasına işarə vurur. Bu, maarifçi nikbinliyinə yaxın bir sonluqdur. “Sədaqət” romanı təsdiq edir ki, Əbülhəsən ömrünün sonunacan onu ədəbiyyata gətirən proletar ədəbiyyatı prinsiplərinə sadiq olmuşdur.



Ədəbiyyat:

Mütəllimov Təhsin. Ə.Əbülhəsənin yaradıcılığı, B.,1969

İsmayılov Yaqub. Əbülhəsənin yaradıcılığı, B., Eım, 1986.

Azərbaycan yazıçıları XX-XXI yüzillikdə, Nurlar, 2011.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin