heyvanlarda piy ehtiyatı bədənin ayrı-ayrı hissəsində yerləşərək
ümumi səthdən istiliyin xaric olunmasına mane olmur.
Bitkilər aşağı temperatura morfoloji cəhətdən uyğunlaşaraq
həyati formalar yaradır. Məsələn, epifitlər – ayrı bitkilərin
üzərində bitərək torpaqda kökləri olmur; fanerofitlər (ağac, kol,
lianlar) tumurcuqları qarın səthində qalır və pulcuqlu örtüklə
mühafizə olunur; kriofitlər – çoxillik ot bitkiləri olub, bərpa
tumurcuqları kökümsovlarda, kök yumrularında, soğanaqlarda
yerləşir və torpağın (geofitlər) altında olur; terofitlər – birillik
bitkilər, əlverişsiz mövsümün başlanğıcında məhv olur, onların
yalnız toxum və sporları ölmür.
Heyvanların həyatında fizioloji adaptasiya daha böyük
əhəmiyyət daşıyır, onlardan ən sadəsi akklimatizasiya
(iqliməuyğunlaşma), yəni istiyə və ya soyuğa dözümlülüyə
fizioloji uyğunlaşma hesab olunur.
Soyuqdan qorunmaq üçün daha radikal mühafizə forması
mövcuddur: isti ölkələrə miqrasiya (quşların köçməsi, yüksək
dağ keçisi qışda aşağı yüksəkliklərə enir və s.), qışlama – qış
dövründə yuxuya gedir (marmot, dələ, boz ayı, yarasa-bunlar
bədənlərinin temperaturunu sıfır dərəcəyə qədər endirərək
metabolizmi və bununla da qida maddələrindən istifadəni
ləngidir). Heyvanların əksəriyyəti isə inkişafını dayandıraraq
hərəkətsiz olur. Bu hadisə diapauza adlanır və həşəratların
müxtəlif inkişaf mərhələsində (yumurta, sürfə, barama, hətta
kəpənək) baş verir, lakin mülayim enliyin bir çox orqanizmləri
(canavar, maral, dovşan və s.) bu dövrdə daha aktiv həyat
fəaliyyətində olur, bəziləri isə hətta çoxalır (şahzadə pinqvini).
Beləliklə, temperatur mühüm limitləşdirici faktor olub orqanizm
və populyasiyalarda adaptasiya proseslərinə əhəmiyyətli
dərəcədə təsir göstərir.
Dostları ilə paylaş: